manera.az
manera.az

Türkiyəli rektor: “Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri arzuolunan səviyyədə deyil”

Türkiyəli rektor: “Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri arzuolunan səviyyədə deyil”

Manera.az saytımızın Baş redaktoru Şəhla Aslanın Ankara Hacı Bayram Vəli Universiteti Rektoru Prof. Dr. Yusuf Tekinlə müsahibəsini təqdim edir.


- Hörmətli rektor, ilk növbədə, müsahibə istəyimi qəbul edib söhbətimizə vaxt ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm! İstəsəniz, suallara başlayaq...

- Əvvəla, xoş gəlmisiniz. Sizin vasitənizlə qəlbən çox yaxın olduğum Azərbaycan türklərinə salamlarımı və sayğılarımı çatdırıram. İstər şəxsən, istərsə də qurum olaraq biz azərbaycanlı tələbələrimizi öz tələbələrimiz, öz övladlarımız kimi qəbul edirik və Azərbaycandakı təhsil adamlarını da öz həmkarlarımız kimi qəbul edirik, əlaqələrimizi də bu şəkildə inkişaf etdirməyə üstünlük veririk. Sizin vasitənizlə hisslərimi bir daha ifadə etmiş olum.

-Təşəkkür edirik. Hörmətli rektor, ilk sualım belə olacaq; Yeni bir universitet olan Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən ayrılaraq quruldu. Universitetin yaranma səbəbini dinləyək… Bu ehtiyac nədən yarandı?
- Tarixə nəzər saldıqda müəyyən tarixlərdə ali təhsil müəssisələrinin sayı artmağa başlamışdır. Dünyanın bütün ölkələrində belədir; Qurulmuş universitetin tərkibində çox fərqli strukturlara malik təhsil bölmələri meydana çıxır. Məsələn, Qərbdə universitetlərin institutlaşma tarixinə nəzər saldıqda da bunu görürsən. Türkiyədə universitetlərin institutlaşmasına baxanda da eyni şeyi görürsən. Bir çox fərqli fənnlərə aid tədris proseslərinin bir dam altında verildiyi universitetlər zamanla ixtisaslaşır və tematik olurlar. Yəni, hər bir universitet müəyyən sahələrdə imtiyazlı mövqeyə çatır və bu istiqamətdə fəaliyyət göstərir. Ali təhsildə də oxşar çərçivə mövcuddur; Qərbdəki müasir universitet strukturuna nəzər saldıqda onlar universitetdə müəyyən sahələrə fokslanmaya başlayırlar.
Bu gün Türkiyədə 200-dən çox universitet var; dövlət və özəl universitetlər. İndi dünyada baş verən prosesləri paralel olaraq izlədiyimiz zaman görürük ki, sayının artacağı təbiidir, amma say artdıqdan sonra bu dəfə keyfiyyətə diqqət yetirmək lazımdır. Keyfiyyətə fokuslanma prosesinin işləməsinə baxdığımızda müəyyən sahələrdə ixtisaslaşan universitet anlayışı ön plana çıxır. Əvvəlki vəzifələrimdə də bunu təmin etməyə çalışmışam; Yeni universitetlər yaradılmalıdır, lakin onlar müəyyən sahələrə fokslanmalıdırlar.

- Hocam, bir az da dəqiq ifadə etsək?..
- Məsələn, səhiyyə sahəsində, mühəndislik, texnologiya kimi fənlərdə ixtisaslaşma olsun. Sosial elmlərə ixtisaslaşan universitetlər olsun.
Düşünürəm ki, bu ixtisaslaşmanı ən azı ilkin səviyyədə reallaşdırmış ola bilərik. Başqa bir məsələ, təəssüf ki, şərq cəmiyyətlərində sosial elmlərə qarşı qərəz var. Dəqiq elmlər, mühəndislik və sağlamlıq kimi elm sahələri həmişə sosial elmlərdən irəlidə sayılır. Ancaq Qərb cəmiyyətlərinə nəzər saldıqda belə bir kateqoriya yoxdur. Orada sosial elmlər digər elm sahələri ilə bərabər qəbul edilir, resurslar ayrılır, tədqiqatlar aparılır.
Bizdə isə sosial elmlər universitet strukturu baxımından bir az geridə qaldı. Bu, təkcə bizim üçün belə deyil. Bizimlə eyni mədəniyyətə malik bir çox ölkələrdə oxşar vəziyyət var. Ona görə də, Ankarada sosial elmlərə əsaslanan bir universitetin olması çox vacib idi. Bölünmənin mühüm səbəblərindən biri də, tələbə və işçi sayı baxımından yüz minə yaxınlaşan bir böyüklüyün ortaya çıxması idi...

- Bəs bu vəziyyət nə kimi problem yaradırdı?
- Belə deyək; bu həm idarəçilər, menecerlər, həm də büdcə, işçi heyəti və buna bənzər planlaşdırma baxımından idarə edilən olmur. Ona görə də, universitetlərin bu şəkildə bölünməsi həm müəyyən sahələr üzrə ixtisaslaşmaq, həm də onları idarə oluna bilən ölçüyə salmaq baxımından ön plana çıxdı. Belə universitetlərdən biri də Qazi Universiteti idi.
Qazi Universitetində səhiyyə, mühəndislik və sosial elmlər bölmələri var idi. Tələbə sayı baxımından 80 minə yaxın tələbəsi və 5 mindən çox pedaqoji heyəti olan bir universitet idi. Vəziyyət belə olunca, Qazi Universitetini tematik hala gətirilməsi ön plana çıxdı. Bu mənada Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən Sosial elmlər və incəsənətlə bağlı bölmələrin alınaraq fərqli bir universitet yaradılması nəticəsində meydana gəldi.

- Universitet olaraq, qarşınızda nə kimi məqsədiniz var?
2018-ci ildə qurulan universitetimizin vizyonu və əsas məqsədi: Türkiyədə sosial elmlər və sənət baxımından öndə gedən bir universitet olması, ayrıca, bu sahədə akademik yeniliklərə öncülük etmək. Mən qurucu rektor kimi 2018-ci ildə burada işə başlamışam. Hazırda, bu vizyona uyğun olaraq universiteti daha yüksək səviyyəli mövqeyə daşımaq üçün səy göstəririk.
Türkiyəli rektor: “Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri arzuolunan səviyyədə deyil”

- Hörmətli rektor, necə düşünürsüz, universitetin keyfiyyəti tələbələrin sayı ilə bağlıdır, yoxsa fakültələrin sayı ilə? Bir az da konkretləşdirsəm, Sizcə keyfiyyətli universitet nədir?
- Çox sayda tələbəsi olan universitetin daha keyfiyyətli olması ilə bağlı yanaşma tamamilə yanlışdır. Eynilə, gözəl kampusu və gözəl tikilmiş binaları olan bir universitetin də ixtisaslı universitet olması fikrini qəbul etmirəm.

-Yaxşı, bir universitetin keyfiyyətli olmasını nədən anlayacağıq?
- İzah edim; Universitet ölkədə yaşanan problemlərə həll yolları istehsal etmək gücünə malikdirmi? Akademik olaraq hazırlanan məlumatlar ölkənin problemlərinin həllinə töhfə verirmi? - Mən buna baxıram. Universitetlərin keyfiyyəti onların cəmiyyətə, dövlətə, ölkəyə verdiyi əlavə dəyər və elmə verdiyi töhfələrlə ölçülür. Əgər o, əlavə dəyər yaradırsa, mənim fikrimcə, o universitet ixtisaslı universitetdir. Əlavə dəyər yaratmırsa, o universitet israfdır, ixtisaslı universitet deyil. Bu mənada, biz bir universitet olaraq təkcə akademik biliklər deyil, həm də istehsal etdiyimiz biliklərin cəmiyyətə, dövlətə, ölkəyə və regiona faydalı ola bilməsini hədəfləyirik. Mənim nəzərimdə keyfiyyətli universitet budur. Bundan başqa şeylər işin ikinci dərəcəli hissələridir; Beynəlxalq nəşrlərin sayından tutmuş tələbələrin sayına qədər - Bütün bunlar mənim gözümdə ikinci dərəcəli şeylərdir. Sizə nümunə olaraq deyim ki, məsələn, biz sosial elmlər universitetindən nə istəyirik? Türkiyənin qonşuları ilə münasibətləri, Türkiyə ilə qonşuları arasında olan problemlərin həlli üçün düsturlar və həll yolları çıxaracaq bir universitet olmalıyıq. Məsələn, Azərbaycan-Türkiyə münasibətlərini və ya ümumiyyətlə, Türk Cümhuriyyətləri arasındakı münasibətləri yaxşılaşdıra biləcək arqumentlər ortaya qoyarıqsa və bunu dövlətə, idarəçilərə təqdim edə biliriksə, biz ixtisaslı universitetik. Bir universitetin yaradacağı peşəkarlığı burada axtarmaq lazımdır. İstehsal etdiyimiz keyfiyyətli nəşrlərimiz ölkənin problemlərini həll etmək üçün bizə nəsə verir, yoxsa həll yolu göstərirmi? - Buna baxmaq lazımdır.

- Hörmətli rektor, Türkiyədə qədim tarixə malik çox nüfuzlu universitetlər var. Ankara Hacı Bayram Vəli Universiteti isə yeni yaradılıb. Hələ də tələbələr çaşqındırlar; Ankara Hacı Bayram Vəli Universitetinin Qazi Universiteti olduğunu düşünənlər var və s. Belə bir mühitdə universitetinizi tanıtmaq baxımından hansı işlər görürsünüz?

Türkiyəli rektor: “Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri arzuolunan səviyyədə deyil”

- İndi belə universitetlərin tanınması üçün 2-3 illik bir müddətdə universiteti tanıtdığımızı demək xəyaldır. Qazi Universiteti təqribən 40 illik bir müddətdə bu nüfuza sahib olub və tanınıb. 1989-cu ildə Ankara Universitetində tələbə idim. Qazi Universitetinə heç də tanınmış universitet kimi baxmırdıq. HBVU olaraq məqsədimiz on il ərzində maraq dairəmizdə olan bölgələrdən tələbələri cəlb etməkdir: Biri Orta Asiya Türk Cumhuriyyətləri, digəri isə Şimali Afrika. Biz buraya diqqətimizi yönəltdik və oradakı akademik dairələrlə də bir çox əməkdaşlıq protokolları imzaladıq. Məsələn, Azərbaycanın bir çox universitetləri ilə əməkdaşlıq protokollarımız, akademik əməkdaşlığımız, dəyişim proqramlarımız var. Biz bunu çox sağlam şəkildə edirik. Ayrıca, ölkə səfirlikləri vasitəsilə də təbliğat işlərimizi həyata keçiririk. Xaricdən Türkiyəyə tələbə gətirmək səlahiyyətinə malik olan Xaricdəki Türklər və Əqraba İcmaları Başkanlığı ilə (YTB) çox sıx əməkdaşlığımız var. Xeyli sayda əcnəbi tələbələrimiz var…

- Xarici tələbələr üçün DİLMER-iniz var...
- Bəli, biz “DİLMER”də çox şey edirik. Daha bir struktur var ki, onun missiyasını da öz üzərimizə götürmüşük (Red.: Türkiyə və Yaxın Şərq üçün Dövlət İdarəçilik İnstitutu) TODAİE bu bölgədəki ölkələr üçün idarəçilər hazırlamaq üçün nəzərdə tutulmuşdur. Biz də onun missiyasını öz üzərimizə götürdük. Demək istədiyim odur ki, biz tələbələrdən əlavə də bu cür işlər görürük. Bölgələrdən Türkiyəyə gələn idarəçilərə qısa və ya orta müddətli təlimlər veririk.

- Hocam, “TODAİE” nədir, bir az daha geniş bilgi vermənizi rica edirəm…
- Qısaca deyim. TODAİE - Türkiyənin Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu, ikinci dünya müharibəsindən sonra Türkiyədə qurulan strukturlardan biridir. Türkiyə öz hinterlandından, xüsusən də, Yaxın Şərq Orta Asiya bölgəsindən idarəedicilər müəyyən müddət ərzində buraya təlim keçməyə dəvət olunurdu. Təlimlər həm idarəetmə bacarıqları, həm də Türkiyə ilə əlaqələr baxımından xüsusi töhfə verirdi. Türkiyədə universitetlərin sayı artdıqda bu işlərin universitetə köçürülməsinin düzgün olacağı düşünüldüyü üçün TODAİE-nin missiyası bizə təhvil verildi. İndi Türkiyə Cumhuriyyəti adından bizim qardaşlarımız, oradan gətirdiyimiz icraçı paydaşlarımız əlaqələrimizi yaxşılaşdırmaq üçün qonaq edilir və müxtəlif proqramlarla təlim alırlar.

- Hocam, bildiyimə görə, HBVU-də Qazi Universiteti əsilli çox sayda pedaqoji və inzibazi heyyət var. Bu baxımdan Qazi Universitetinin “kadr ixracat” etmək missiyasının olduğunu söyləmək olarmı?
- Təbii ki, biz pedaqoji heyyəti Qazi Universitetindən aldıq. Qazi Universitetinin bəzi fakültələri bizə bağlananda professorlar da bizdə qaldılar. Ona görə də, yalnız fakültələrdəki professorların tabe olduqları rektorluqlar dəyişib. Biz Qazi Universitetindən çıxan bir universitetik...

- Hörmətli rektor, icazənizlə, bir az da təhsil siyasətindən danışaq; Bildiyimə görə, siz Türkiyə Təhsil Nazirliyində müşavir vəzifəsindəykən yeni təhsil siyasətinin yaradılması istiqamətində mühüm işlər görmüsünüz. İstərdim ki, bu layihələrdən bəhs edəsiz…
- Bəli. Mən universiteti bitirdikdən sonra elmi fəaliyyətə başladım. Sonra müəllim oldum. 2011-ci ildə universitetdən bürokratiyaya keçdim. İki ilə yaxın nazir müavini olmuşam. Daha sonra 2013-cü ildən 2018-ci ilin Avqust ayına kimi Təhsil Nazirinin müşaviri vəzifəsində çalışdım (Türkiyədə nazirliklərdə nazir siyasi işləri həyata keçirir, ondan əlavə inzibati işləri, politikaları həyata keçirmək və s. müşavir vəzifəsinin öhtəsində olur. Nazir siyasi səlahiyyət, müşavir isə inzibati səlahiyyətdir.) Mən Türkiyədə təhsil sisteminin əsas idarəçilərindən biri olmuşam. Təhsil siyasətlərinin yaradıldığı, həyata keçirildiyi, maraqlı tərəflərlə paylaşıldığı və təşviq edildiyi bir vəzifədə olmuşam. Bu, o zaman Türkiyə üçün çox kritik bir vəzifə idi...

- Səbəb?
- Çünki mənim müşavirlik dövrüm çox stresli bir şeylə, dərsanələrin transformasiyası prosesi ilə başladı. Əslində, FETÖ çevrilişi də elə bu nöqtədə başladı...

- Gəlin, bir az təfərrüata keçək...
- Belə deyim; dövlət büdcəni, vəsaitləri, kadrları ayırır, təhsil siyasətini həyata keçirir. Təhsil - dövlətin müasir dövlətlərdə sahib olmaq istədiyi vətəndaş profilini üzə çıxarmaq üçün istifadə etdiyi vasitələrdən biridir. Deməli, dövlət deyir ki, mən belə vətəndaş istəyirəm, mənim vətəndaşlarım bu bacarıqlara, dəyərlərə sahib olmalıdırlar. Sonra bir nəfər çıxıb deyir ki, mən dövlətin etdiklərini tanımıram. Əvəzində dövlət məktəbinə gedən uşağı alır, aparır dərsanələrə və orada beynini yuyur. Dövlətin həyata keçirməyə çalışdığı təhsil siyasətini qeyri-funksional hala gətirir. Yəni, dövlətin qurduğu sistemi sabotaj edir. Politologiya ədəbiyyatında bunun adı “qəyyumluq”dur. Yəni, qəyyumluq qurur. Mən Təhsil Nazirinin müşavirliyində işə başlayanda Türkiyə Cumhuriyyətinin dövlət büdcəsinin mühüm bir hissəsi təhsil büdcəsinə ayrılmışdı. Dövlət bu qədər vəsait ayırır, bu qədər iş görür, amma xain bir qrup dövlətin bütün bu işlərini bir kənara qoyub, sabotaj edirdi. Bu, təhsil siyasətini tamamilə pozan bir yanaşma idi. Təbii ki, ondan qurtulmaq, bunu bir şəkildə aradan qaldırmaq lazım idi.

- Yaxşı, Siz bununla bağlı nə etdiniz?
- Təhsil siyasətinin həyata keçirilməsi və uğurlu olması üçün şübhəsiz ki, məktəblər dominant olmalıdır. Burada verdiyiniz təhsil həyata keçirilməlidir. Əgər kimsə həyata keçirmək istədiyiniz siyasəti sabotaj edilirsə, buraya ayırdığınız resursun əhəmiyyəti yoxdur. Nümunə olaraq sizə bir misal verim; Hökumət təxminən 18 milyon şagirdə - ibtidai, orta və liseydə pulsuz kitab paylayır. Bu, AK Partiya hökuməti dövründə başladı. Hər il təxminən 450 milyon kitab çap edilir və paylanılır. O qədər vəsait ayrıldığı halda, bir qrup çıxıb deyir ki,bu kitablarda öyrədilən şeylər səhvdir, imtahanda çıxmır.
Türkiyəli rektor: “Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri arzuolunan səviyyədə deyil”
- Yəni?
- Yəni, ayrılan bütün resurslar, vaxt və səylər boşa gedir. Şagirdlər artıq bu kitabın üz qabığını belə açmır. Elmiliyi, ölkə siyasətinə uyğunluğu, ölkənin dəyər strukturuna uyğunluğu heç kimin tam nəzarətində olmayan material uşağın əlinə qoyulur. Bu xəyanətdir, Şəhla xanım. Cənab Prezident bunun qarşısını almaq üçün dərsanələrin özəl məktəblərə çevrilməsi prosesinə start verdi. Dedi ki, dərsanə açmaq əvəzinə özəl məktəblər açılmalıdır. Amma bu siyasət dəyişikliyini xain terror təşkilatı (FETÖ) qəbul etmədi.

- Hocam, dərsanə ilə özəl məktəbin nə fərqi var ki?
- Belə deyək, özəl məktəb yaradılarkən dövlətin təhsil siyasətinə sadiq qalmağı öhdəsinə götürür və ona riyaət edir. Yəni, deyir ki, mən belə bir özəl məktəb açacağam. Ona deyilir ki, əgər məktəb açmaq istəyirsənsə, bu şərtlərə uyğun hərəkət edəcəksən; Valideynləri, uşaqları, dövləti aldatmayacaqsan, dövlətin təhsil sistemini təxribat etməyəcəksən. Qarşısına bu şərtlər qoyulur, o da qəbul edir, məktəb açır. Dövlət nə edir? - Vaxtaşırı tədris müəssisəsində yoxlama aparır, görək bu şərtlərə uyğun fəaliyyət göstərirmi və s.

- Yaxşı, dövlət dərsanələrə baxış keçirilə bilməzdi?
- Dərsanələr tamamilə bunun xaricindədir. Onların istehsal etdiyi materiala dövlət nəzarət etmir; Bilinmir kim dərs deyir, müəllim nə öyrədir. Validenynlərdən nə qədər pul alınır, müqabilində şagirdə neçə saat dərs verilir, onu bilmirik. Belə şey olmaz! Ona görə də, o dövrdə görüləcək ilk işlərdən biri dövlətin həyata keçirmək istədiyi təhsil siyasətini sabotaj edən elementlərin sistemdən çıxarılması idi. Dərsanələrə zəng etdik. Sizə seçim təklif edirik dedik; Özəl məktəb olacaqsansız. Özəl məktəb olsanız, davam edin, biz də sizə töhfə verəcəyik. Özəl məktəb olmayacaqsıınız, belə davam edə bilməzsiz. Türkiyədə bəziləri bizi qəbul etdi, özel məktəb oldu, davam etdi. Amma bu gün FETÖ dediyimiz – 15 iyul çevrilişini həyata keçirən örgüt “biz bunu qəbul etmirik” dedilər.

- Bəs, niyə qəbul etmədilər?
- Çünki onların məqsədi başqa idi... Üstəlik, 2013-cü ildə dərsanələr haqqında qanun hazırladıq. FETÖ də hökumətə müharibə elan etdi. Dərsanə qanununu parlamentə göndərildiyi zaman, 17-25 dekabr 2013-cü il tarixlərində ədliyyə işçiləri vasitəsilə dövlət çevrilişinə cəhd etdilər. Prezidentimizi, bəzi yüksək vəzifəli nazirləri, prezidentimizin ailəsini mühakimə edib həbsə atmaq cəhdi başladı... Bunu ona görə anlatdım ki, doğru yerdən daxil olduğumuza əmin olduq; Dövlət hakimiyyətinə qarşı çıxmaq, dövlətin təhsil prosesinə qarşı çıxmaq istəyən strukturların dövlətin siyasətini təxribat etmək istədiyini demişik.

- Həmin müddətdə başqa nə işlər görüldü?
- Gördüyüm işlərdən başqa birini sizə deyim, bu da çox vacibdir. İndi dövlətlər qurularkən, təhsil fəlsəfəsini də qurur; dövlətin məktəblərdəki təhsildən istədiyi şey çəkdiyi profildə vətəndaş yetişdirməkdir. Bu məsələlər dünyada çox sürətlə inkişaf edən prosesdir. Müasir inkişafları izləmək lazımdır; Həm təhsil proqramları, vasitələr baxımından, material baxımından izləmək, həm də tez-tez transformasiya etmək lazımdır. Uzun illər bu məsələlərlə bağlı o fəlsəfə davam etdi. 2015-ci ildə bir prosesə başladıq və bu tədris proqramına yenidən baxacağımızı dedik. Tədris proqramına dəyişiklik etdik və 2017-ci ildə tətbiq etdik. Bu tədris proqramı dəyişikliyində aşağıdakıları proqnozlaşdırdıq; 1) Müasir inkişafların sistemə inteqrasiyası. 2) Vaxt keçdikcə uşaqlar üçün həddindən artıq yüklənmənin qarşısını alan bir kurikulum yaradıldı. Biz də Türkiyə dövlətinin vətəndaşı olmağın tələb etdiyi həssaslıqları və dəyərləri tədris proqramına daxil etmək üçün səy göstərdik. Bu da mənim üçün vacib məsələ idi.
Başqa bir şey deyim; Yenə bu dövrdə, Türkiyə Cumhuriyyətində təxminən 70 min məktəb və təxminən 700 min sinif otağının hər birində ağıllı lövhələr quraşdırdıq. Müəllim daha təbaşirlə dərs demir. Dərs zamanı interaktiv lövhələrlərdən istifadə edir. Hazırda interaktiv lövhələr Türkiyənin bütün məktəblərində quraşdırılıb. Eynilə, fiberoptik şəbəkələr vasitəsilə bütün məktəblərə internetə çıxış xidməti də mövcuddur. Nazirliyinin sistemində köməkçi materiallar var, müəllimlər dərsi izah etmək üçün EBA-ya yüklənmiş köməkçi videolardan istifadə edə bilirlər. Təhsil Nazirliyi (bu materiallar Təhsil Nazirliyi tərəfindən testindən keçib; həm pedaqoji, həm həm də metodik cəhətdən) onları açır, mühazirə oxuyandan sonra əlavə dəstək verir. Hazırda bütün məktəblərimizdə internetə çıxış xidməti var və onların hamısını dövlət mərkəzi büdcədən ödəyir. Bütün bunları biz müşavir kimi beş illik müddət ərzində etdik. Ona görə də, biz təhsil siyasətinin formalaşmasına və həyata keçirilməsinə ciddi töhfələr verdiyimizi söyləyə bilərik.

- Yaxşı, hocam, sizcə, bu çalışmalar bugünkü təhsil sisteminin inkişafına nə dərəcədə töhfə verdi? Necə bir dəyişim oldu? Nəticələr haqqında fikirləriniz necədir?
- Təbii ki, bu təhlilləri uzun müddət sonra görmək olar. 2017-ci ildə tədris proqramında dəyişiklik edildikdən sonra bu sistemdə təhsil alan ən azı bir nəsil məzun olmalıdır. Bununla belə, dəyişikliyi təxminən belə etdik: 1) Uşaqlarımız gərəksiz və həddindən artıq məlumatları öyrənmək məcburiyyətində qalmadı. Bu vacibdir. 2) Uşaqlarımızın dərsdə öyrəndiklərinin onların sosial həyatına necə töhfə verəcəyi ilə bağlı tədris proqramında analitik təfəkkür, analitik düşünmə bacarıqlarını yerləşdirdik.
Əvvəllər belə deyildi; Uşaq bir şey öyrənirdi, amma faydası varmıydı? Tədris proqramında onun analitik qarşılığın verməyə çalışdıq. Daha da önəmlisi, bütün dərslərin tədris proqramında bu cəmiyyəti bir arada tutan, cəmiyyətin quruluşunu gələcək nəsillərə ötürən əsas istinad dəyərlərimizi uşaqlarımıza verməyə çalışdıq. Yəni, biz necə millətik, hansı xüsusiyyətlərimiz özümüzü millət kimi müəyyənləşdirməyimizi tələb edir? Bu millətin davam etməsi üçün uşaqlardan, tələbələrdən, gənclərdən gözləntilərimiz nədir? Dərslərdə bunları üstüörtülü və ya açıq şəkildə uşaqlarımıza öyrətməyə çalışdıq. Bizim proqnozumuz budur ki, bir nəsil bu təhsili aldıqdan sonra bu, daha ölçülə bilən olacaq.

- Bəs, sizcə, gənclər bu tədris proqramı dəyişiklikləri nəticəsində gözlədiklərini əldə etdilərmi?
- Biz tədris proqramına dəyişiklik edərkən 200 minə yaxın insanın fikrini aldıq.

- Hansı kotaqoriyadan olan insanlar?
- Bunun içində şagirdlər, yəni hazırda Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə oxuyanlar var, oradan məzun olan universitet tələbələri var, valideynlər, müəllimlər, məktəb rəhbərləri, akademiklər var. Onların hamısı ilə qruplar şəklində müsahibə aparıldı, seminarlar təşkil etdik və onların yeni tədris proqramından gözləntilərini aldıq.

- Məsələn, onlardan nə soruşdunuz?
- Tədris proqramı sizi qane edirmi? – sualını verdik. Hansı dəyişikliklərə ehtiyac olduğunu soruşduq. Bu qədər insanın rəyini aldıqdan sonra nazirlikdə oturduq, bu təklifləri sıraladıq və fikirləri həyata keçirməyə çalışdıq. Biz bunu edərkən cəmiyyətin bütün təbəqələrinin fikirlərini aldıq. Mətn formalaşdıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinə göndərdik. Ziyalı dairələr, həmkarlar ittifaqları, universitetlər, qeyri-hökumət təşkilatlarından münasibət soruşduq. Bu da kifayət etmədi, bitdikdən sonra onu bu dəfə nazirliyin internet səhifəsində istifadəyə verdik. İstəyən oradan baxıb öz rəy və təkliflərini bizə göndərə bildi. Beləliklə, müxtəlif seqmentlərin də fikirlərini öyrənmiş olduq.

- Hörmətli rektor, bildiyiniz kimi, Türkiyə təhsil sistemində orta məktəbdən tutmuş iş həyatına qədər çoxlu imtahanlar var. Bizdə - Azərbaycanda da belədir. Sizcə, bu imtahanlar gənclərin bilik və bacarıqlarını qiymətləndirmək üçün kifayət edirmi?
- Qətiyyən!. Bunun düzgün metodologiya olduğuna inanmıram. Təhsilalanların öz qabiliyyətlərinə görə gələcəklərini müəyyən edə bilmək üçün fərqli bir sistem yaratmaq lazımdır. Yəni, test imtahanları və ya buna bənzər üsullarla uşaqları istiqamətləndirmək məncə, düzgün deyil. Bu da nazirlikdə qurmağa çalışdığımız struktur idi. Zamanla mərkəzi imtahanlar əvəzinə uşaqlarımızın istedad və bacarıqlarını ölçən, ona uyğun istiqamət verən mexanizm formalaşmalıdır. Amma bu qədər qısa müddətdə olan iş deyil. Bunun üçün infrastruktur yaradılmalıdır. Biz bunu yaratdıq, ölçmə və qiymətləndirmə mexanizmlərini buna uyğun tərtib etdik. Sonda tamamilə yeni bir təhsil sistemi yaratmağa çalışdıq.

- Bəs, bu sistem nə vaxt həyata keçiriləcək?
- Açığı, təxminən 4 il əvvəl nazirlikdən ayrıldığım üçün oradakı hazırki vəziyyəti bilmirəm. Amma güman edirəm ki, bu məsələ nazirlikdə yeni komandanın gündəmindədir və infrastruktur işləri aparılır.

- Hörmətli rektor, dünya təhsil sistemlərinə nəzər saldıqda, bu gün təhsil sistemləri idarəçilərdən nə kimi keyfiyyətlər tələb edir?
- İndi təhsil idarəediciləri digər sahələrdən çox fərqli profilə sahib olmalıdır. Çünki digər sektorlardakı idarəedicilər bilik və yetkinlik səviyyəsi yüksək olan insanlarla işləyir. Amma təhsil idarəsi belə deyil. Təhsil idarəsi deyəndə iki qrup var ki, onları yönləndirmək lazımdır. Onlar kimdir? 1) Müəllim və digər çalışanlar. 2) Təhsilalanlar - Siz şagirdləri/tələbələri eyni məntiqlə idarə edə bilməzsiniz. Təhsilalanları necə idarə edəcəksiniz? Onlara peşəkar idarəçi kimi yox, ana, ata, böyük qardaş, bacı məntiqi ilə yaxınlaşıb idarə edə bilərsiniz. Bu keyfiyyəti təhsil menecerinə qazandırmaq lazımdır.
- Valideyn də var...
- Bəli, bu da var... Ən sıxıntılı məsələlərdən biridir. Çünki valideyn dediyimiz şəxs öz övladını sizə əmanət edir. Təhsil idarəçisinə deyir: Bu uşağın anası və ya atası olun. Bu uşaq tək uşaqdır, bunun üçün bacı-qardaş ol. Ona müəllim olmaq kifayət etmir. Sizi çoxlu rollar gözləyir. Ən azı 5-6 fərqli sosial rol gözlənilir: dost, ana, ata, bacı, qardaş və s. Onların hamısını məktəbdən və müəllimdən, yəni, təhsil sistemindən gözlənilir. Bunlardan hər hansı birini əskik olduqda təhsil idarəçisi tənqid edilir. Ona görə də düşünürəm ki, təhsil idarəçisinin idarə etməkdə ən çox çətinlik çəkəcəyi qrup valideynlərdir. Mənim təcrübəm bunu göstərir.
Dünyanın bənzər ölkələri ilə danışanda, bir çox müxbirimiz və həmkarlarımızla söhbət edəndə görürük ki, bütün dünyada əsas problem budur. Yəni, belə düşünün, valideynlər uşaqlarının məsələn, həkim və ya mühəndis olmağını planlaşdırır. Sonra təhsil müdirinin yanına gəlir, deyir, uşağımı həkim elə, mühəndis elə. Əgər bunu bacarmırsınızsa, sizi uğursuz hesab edir. Deyirsən ki, “Bax, əziz valideyn, sənin övladının qabiliyyəti fərqlidir. İnkar edir, deyir, “xeyr, mütləq etməlisiz”. Təhsil idarəedicisi burada empatiya qura bilən, cəmiyyətin həssaslığını çox yaxşı öyrənə bilən insan olmalıdır. Yalnız klassik qanunvericiliklə hərəkət edən təhsil idarəçisinin uğur şansı yoxdur. Uğur qazanacaq təhsil inzibatçısı bütün bu kütləni - müəllimləri, işçiləri, şagirdləri və valideynləri idarə edə biləcək, onların dilini anlayacaq onlarla rahat ünsiyyət qura bilən profilə malik olmalıdır.

- Hocam, biz Azərbaycan-Türkiyə üçün “Bir millət, iki dövlət” ifadəsini tez-tez işlədirik. Sizcə, bəs təhsillə əlaqələrimiz kifayət qədər səviyyədədirmi?
- Yox, kifayət deyil. Tarixə baxanda “İki dövlət, bir millət” deyirik, amma çox fərqli münasibətlərin olduğu dövrlər də olub. Bu o deməkdir ki, biz siyasətçilərin münasibətinə görə dəyişə biləcək zəmində addımlayırıq. Bu gün iki ölkənin prezidentləri arasında çox yaxın münasibət var; Onlar həqiqətən bir-birlərini sevirlər, bu münasibət gözəldir. Amma sabah iki ölkədən birində hakimiyyət dəyişikliyi olarsa, bir-birini sevməyən iki siyasi güc hakimiyyətə gələrsə, bu münasibət kəskin dəyişə bilər. Buna görə də, bunu aradan qaldırmaq üçün nə etmək lazımdır; İki ölkənin gələcəyini təmsil edəcək nəsilləri bu biliyi, bu dostluğu, qardaşlığı qoruyacaq şəkildə yetişdirmək lazımdır. Bunun yolu heç olmasa, bəlli nöqtələrdə ortaq tədris proqramının yaradılmasıdır. Bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq dilimiz var. Bunların inkişaf etdirilməsi üçün zəmin yaradılmalıdır və biz gələcəyimizi əmanət etdiyimiz gənclərə, bu nəsillərə bizsiz də bu dostluqları davam etdirə biləcəkləri bir mühit təqdim etməliyik.

- Bu da təhsillə münkün…
- Əlbəttə! Əgər biz sabah olmasaq, iki ölkə arasında dostluq problemli bir hala çevrilə bilər. Biz təhsildə elə bir zəmin yarada bilməliyik ki, siyasi cəhətdən bir-birinə qarşı olan, bir-birini sevməyən siyasi liderlər bu dostluğu, qardaşlığı pozmasınlar. Mən burada işlədiyimiz dostlara da belə deyirəm; Gəlin, elə bir münasibət quraq ki, sabah biz olmasaq da, xüsusən də yaxın olduğumuz ölkələrlə bu əlaqələr inkişaf etməyə davam etsin. Davam etməlidir!.. Biz bu yolla Azərbaycan və bölgədəki digər Türkiyə Cumhuriyyəti ölkələri ilə ciddi təhsil əlaqələri qurmağa çalışırıq. Əvvəlki vəzifələrimdə də buna çalışdıq. Hətta təklif etdim ki, heç olmasa, ortaq tarix proqramı yaradaq, ümumi tarix dərsi tədris edək. Biz belə bir prosesə başladıq, amma bilmirəm hazırda vəziyyət necədir?! Bu, bizim ən vacib işlərimizdən biridir; Biz bunu etməliyik!

- Hörmətli rektor, ümid edirəm, iki ölkə arasında təhsil əlaqələrinin ciddi nöqtələrə çatması üçün başlatdığınız çalışmalarınızın müsbət nəticələrini yaxın zamanda görə biləcəyik.
- İnşallah!..
- Son olaraq, suallarımı ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirəm!
- Mən təşəkkür edirəm!..

Şəhla Aslan,
Araşdırmacı yazar,
Təhsil Araşdırmaları üzrə doktorant
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728