manera.az
manera.az

Uçulmuş ev - Nemət Mətindən 5 qısa hekayə

Uçulmuş ev - Nemət Mətindən 5 qısa hekayə

PAPİROS

Yenə də kənddə su yox idi. Hətta divardakı mamırlar da solmuşdu. İtlərin dili torpağa çatırdı. İdarədə ən gənc işçi olduğum üçün məni su dalınca göndərirdilər. Köynəyim bədənimə yapışmışdı. Cib dəsmalımı uzunlamasına qatlayıb boynuma atmışdım. Başımdakı aerodrom papağın altından tər damcıları gözümə süzüləndə silirdim.
Kəndimizin əhalisinin yarısını neftə görə məcburi köçürürdülər. Mən də həmin mədəndə işləyirdim. Suxoy payok və siqaret qutusu ayda bir dəfə verilirdi. Papiros damağımda çöllü-biyabanla tüstüləyə-tüstüləyə gedirdim. Su da, Allah saxlamış, o biri kəndə gəlirdi. İki baçok su üçün bu qədər yol qət etmək bizə qalmışdı...
Fikirləşə-fikirləşə yol kənarıyla gedirdim. Xəyallara dalmışdım. Papirosun dumanı beynimi açmışdı. Birdən qarşımda maşın saxladı. Maşının özüylə gətirdiyi toz ötüb keçdi. Toz-duman çəkilən kimi eynəyinin arxasından əzazil baxışlarla məni süzən adamı görüb qorxdum. O heykəl soyuqluğu ilə dilləndi:
– Hara gedirsən?
Dilim ağzımda şişsə də, iki söz deyə bildim:
– Su dalınca.
Maşının qapısını açıb düşdü. Sonra qarşısına keçib dayandı. Barmaqlarını kapota döyəcləyib nəsə fikirləşdi. Özümdən asılı olmadan donmuşdum. Hər kişinin maşın alıb saxlamağa ixtiyarı yox idi deyə, həmin adamın elə-belə adam olmadığını anladım.
– Papiros hardandı?
– Mədəndən veriblər.
– Yaxşı. Get...
Səhəri gün dörd idarə işçisi mədənə gəldi. Sorğu-sualdan sonra rəisimizi az qala infarkt vurmuşdu. Bilirdi ki, yoldaş Bağırov tapşırıbsa, sürgün oluna bilər. Həmin adamın Bağırov olduğunu sonra öyrəndim. Bir günün içində üç iri çən gətizdirildi kəndə. Daha su dalınca qonşu kəndə gedən olmadı. İşim yüngülləşdi. Gələnlərdən biri yeni əmri oxudu. Papiros əvəzinə qənd veriləcək. "Ağzınız şirin olsun" – dedi əmri oxuyan. Qorxudan heç kim gülümsəmədi də. O gündən papirosu tərgitdim.

UÇULMUŞ EV

Dəniz kənarında yerləşən iri hasarlı, villalı, hovuzlu bağların arasında itib-batan bir uçulmuş ev vardı. Həmişə bibimgilin bağına gedəndə o bağa tamaşa edirdim. Çünki bu uçulmuş evdən sonra dəniz görünürdü. Dənizdən gələn şaxta onların taxta evciyinin sökülmüş damından xəbərsiz qonaq gəlirdi. Gecələr çirkli yorğandan boylanan beş uşaq və ata ac qarınlarını doyurmaq üçün ananın yolunu gözləyirdi. Ana yorğun halda gecənin bir aləmi sınmış qapını cırıldadıb içəri keçəndə uşaqlar sevinərək “Urra” qışqırırdı. Sahildəki kafeni işlədən yekəqarın kişi eşşək kimi işlətdiyi ananı arabir keyfi istəyəndə öz bağına da aparırdı. Ona görə ana kafedəki yeməklərin qalıqlarını yığıb evə gətirəndə kafenin sahibi göz yumurdu. Uşaqlar sevinə-sevinə yeməkləri gözünə təpirdi. Ata isə qocalıb əldən düşmüşdü. And içmək üçün damağında bir cüt diş saxlayan ata uşaqların iştahla yemək yeməsinə tamaşa edəndə boz gözləri işıldayırdı.
Ana sübh tezdən evdən çıxır, bir də ay tam yuxarı qalxanda qayıdırdı. Uşaqlar atanın umuduna qalmışdı. Ata uşaqları yay-qış dənizdə çimdirirdi. Qara, keçəl uşaqlar yiyəsiz bağlardan meyvə, dəmir, su, taxta oğurayıb gətirirdilər. Başqa bağ sahibləri gündə bir qab biş-düşdən kasıb ailəyə pay göndərirdi. Ata hər gün qonşu bağdakı Mirəhməd kişini görməyə gəlirdi. Həyatdan gileylənmək, dərdini danışmaq üçün...
Uşaqlar düz divara dırmaşırdı. Onlara tərbiyə verməli olan ata çoxdan gücdən düşmüşdü. Hərdənbir bərk əsəbiləşəndə nadinclik edən övladının arxasına şapalaq ilişdirirdi. Amma heç bir xeyri yox idi. Uşaqlar çoxdan həyatla mübarizə aparmağı öyrənmişdilər. Beş-altı küçük də arxalarınca düşüb onları izləyirdi. Acından qarnı kürəyinə yapışan küçüklər bir tikə çörək üçün bir-birini didirdi.
Qonşulardan kiminsə qonağı gələndə kabab bişirilirdi. Həmin gün uşaqlar üçün bayram sayılırdı. Qonşunun hasarından ağızlarından su axa-axa kababın manqalına tamaşa edirdilər. Kababın əvəzolunmaz qoxusu onları zombi kimi həmin qapıya aparırdı.
Qış ayları onlar üçün ən ağır aylar idi. Qonşular köçüb şəhərdəki evlərinə getdiyindən təkcə analarına ümid qalırdı. O da qışda qab yumaqla pul qazanırdı. Uşaqlara görə dövlətin ayırdığı pul isə ən vacib şeylərə xərclənirdi. Çörək, kartof və hərdən kolbasa...
Günlərin bir günü Mirəhməd bağı təmir etmək üçün yenidən bağa gəldi. Uşaqlarını bağlara dilənməyə göndərən ata Mirəhmədi uzaqdan görüb salamladı. Mirəhməd sağ əlini asta-asta qaldırıb ona gəlməyini işarə etdi. Ata darıxdığından tez-tələsik gəldi. Mirəhmədə kömək etdikdən sonra bir süfrə arxasına əyləşdilər. Ata çoxdandı içmirdi deyə, iki qədəhi boşaldan kimi kefləndi. Açıb ürəyini boşaltdı.
– Mirəhməd kişi, mənim adım heç də İsmayıl deyil. O vaxt Albaniyada yüksək vəzifədə işləyirdim. Pulumu balta kəsmirdi. Bir gün başıma arxadan nəsə vurdular. Huşumu itirdim. Gözümü açanda bu gördüyün uçulmuş daxmada tapdım özümü. Hələ evə bir balaca əl gəzdirmişəm. Əvvəl heç yaşamaq mümkün deyildi.
– İsmayıl, yalan danışma. Albaniya hara, sən hara...
– İnanmırsan, bax!
O, cibindəki köhnə vəsiqəni çıxarıb göstərdi.
Adım, gördüyün kimi, Xoskendi. V əsrdə yaşamış alban xristian ruhanisinin adından götürülüb. Qədim türkcədə koçken – qartal deməkdir. Mənə bir tamaşa elə. Olsa-olsa, qaşqaldaq olaram.
Uğunub özündən getdi. Mirəhmədi də gülmək tutdu.
– Nə əcəb ölkənə qayıtmırsan?
– Qorxuram. Həm pasportum köhnədir, həm də uşaqları qoyub gedə bilmərəm. Müraciət etsəm də, işimə hələ də baxılır.
Xeyli susdu. Stolun üstündəki zəngli saat çıqqıldadıqca ürəyi sıxılırdı. Gözlərini bir nöqtəyə zilləyən İsmayıl yenidən başladı, nə başladı...
– Yoldaşım altıncı uşağı gözləyir. Bir ucdan doğur. Heç məndə hay yoxdur. Bilirəm ki, uşaqların əksəriyyətinin atası mən deyiləm. Neyləmək olar, mənimki də belə gətirib…
Mirəhməd udqundu. Nə deyəcəyini, necə təsəlli verəcəyini bilmədi. İsmayıl təsəlli də gözləmirdi. Sözünə davam etdi:
– Heç nə demə. Mən taleyimlə barışmışam. Gecələr əsəbiləşib özümdən çıxıram. Arvad itin sözünü deyir mənə. Yəqin, eşitmiş olarsan.
Mirəhmədin gözlərindən yaş axdıqca silirdi. İsmayılın ağlamağa heyi qalmamışdı. Həyatda hər şeyi görmüşdü. Bütün hissləri ağac kötüyü kimi qurumuşdu.
Həmin məclisdən sonra Mirəhməd İsmayılla bir süfrəyə oturanda içkini gətirmirdi.
Günlər beləcə aylara qarışıb uçub gedirdi. Mirəhməd kişinin gözləri zəif görür, qulağı zəif eşidirdi. İsmayıl isə uşaqları sabaha sağ çıxartmaq üçün əlləşirdi. Lakin sənədi olmadığından heç yerə işə düzələ bilmirdi. Lap düzəlsəydi belə, uşaqlara kim baxacaqdı?
Bir gün Mirəhmədin küçə qapısı döyüldü. Qapıya çıxan Mirəhməd karıxdı. İsmayılın arvadı, altı uşaq anası ağlaya-ağlaya nəsə deyirdi. Mirəhməd heç nə anlamadı. Onu sakitləşdirib bir daha soruşdu:
– Nə olub, ay qız?
– İsmayıl yoxa çıxıb.
Mirəhməd qocaldığı üçün onu axtara bilməzdi. Güclə ayaqlarını tərpədirdi. Polis çağırdı. Bir gün axtarışdan sonra İsmayılın cəsədini dəniz qırağında tapdılar. Qayalar arasında şişmiş cəsədi ləpə döyürdü…
Bir həftə keçməmiş İsmayılın arvadı torpağı satdı. Xeyli pul eləmişdi. Ucuz yerdən hazır ev aldılar. Qalan pulu isə xımır-xımır yeyirdilər. Uşaqlar böyümüşdü. Artıq dördü işləyirdi. Biri bazarda araba dartır, biri göyərti satır, biri konduktor işləyirdi, biri də bağban idi. Atalarının yoxluğunu az da olsa. hiss edirdilər. Qayğısız uşaqlıq illərini həsrətlə xatırlayırdılar.
İsmayılın bağını varlı adam almışdı. Yerində iri bir malikanə tikdirmişdi. Hasarı o qədər hündür idi ki, daha dəniz də görünmürdü…

DÖRD MİN PİLLƏ

Hər gün olduğu kimi yenə səhər işə gedirəm. Bəli, məhz gedirəm. Bu proses məni yorur. Sanki ilan məni udub, sonu görünməyən tuneldə yol gedirəm. Hələ bunun yol bitdikdə yuxarı dırmanmağı var. İki kilometr hündürə qalxmalıyam. O qədər çıxıb düşmüşəm ki, pillələrin sayını da əzbərləmişəm. Düz dörd min tutacaqdan tutub qalxıram. Fövqəladə bir hadisə olmasa, gündə iki dəfə pillələrdən istifadə edirəm. Bir işə gedəndə, bir də işdən gələndə. Bu da edir səkkiz min tutacaq. Səkkiz min pillə. Bir tərəfdən idmandır. Kökəlməyə qoymur. Digər tərəfdən isə eşşək kimi yoruluram. Məndən başqa hamı rahat yaşayır. Bizim qəsəbənin bütün sakinləri uça bilir. Yəni məndən başqa hamı...
Uşaqlıqda valideynlərim, bibilərim, əmilərim və dayım uça bilməyim üçün daha nələr etmədilər. Məni aparmadıqları falçı qalmadı. Pirləri, ocaqları gəzdirdilər. Qurban kəsdilər, sədəqə verdilər. Bir molla uçmaq duası da yazdı. Xeyiri olmadı. Uçmadım ki, uçmadım. Bütün sinif, tələbə yoldaşlarım uçdu. Mən isə sürünməyimə davam etdim. Uça bilmədiyim üçün qızlarla tanış ola bilmədim. Dostlar da uçub getdi. Tənhayam. Təkəm. Bir kimsə dərdimə çarə tapa bilmədi.
Qəsəbəmizdə uçmağı öyrənmək üçün kurslar yoxdur. Çünki tək mən uça bilmirəm. Atam bir gün dedi ki, bütün dünyanın insanları uça bilir. Səndən başqa. Mənə çox pis təsir etdi. Özümü əzilmiş, yararsız hiss edirəm. Bu günə qədər.
İşdə hamıdan çox işləyirəm. Onlar saat beşdə uçub gedir. Mən isə yolun dərdindən səkkizə qədər işləyirəm. Adamın Allahı var. Maaşımı çox verirlər. Çünki çox işləyirəm. Pul yığıb xarici ölkələrə getmək istəyim reallığa oxşamır. Öz ölkəmizin başqa yaxın şəhərlərini gəzmişəm. Hamı uçur. Mən kimdən zəifəm? Qanadları da yoxdur. Sadəcə uçurlar.
Günlərin bir günü təyyarə satan şirkətə zəng elədim. Təyyarə almaq asanlaşmışdı. Demək olar, heç kim təyyarə almırdı. Axı hamı uça bilir. İstədikləri yerə uçub qayıdırlar. Uçağın qiyməti xeyli aşağı düşüb. Şirkətində zənglərə cavab verən xanım uça bilmədiyimi biləndə təyyarə ala bilməyəcəyimi dedi. Səbəbi isə bu oldu ki, birdən qəza olsa, uçub canınızı xilas edə bilməyəcəksiniz. Dəstəyi asdım...
Hətta mağazalar da binaların damında tikilib. Pilləkənləri dırmaşmamaq üçün hər şeyi evə sifariş verirəm. Babam deyir ki, o vaxtlar taksi var idi. İndi olsaydı, istədiyin ünvana aparardı səni. Minik maşınlarından xeyli söhbət elədi.
Uçanlar sürətlə uçur deyə.hər yerə tez çatırlar. Bircə mən gecikirəm. Gecikməyəndə isə evdən tez çıxmalı oluram. Günüm yollarda keçir. Yolda söhbət etməyə bir bəndə tapmıram. Adamlar azğınlaşıb. Uça bilmədiyimi bilənlər başıma müxtəlif şeylər atırlar. Papağımı oğurlayıb qaçanlar da az olmayıb. Daha papaq taxmıram.
Otuz yaşım var. Bir xanımla tanış ola bilmirəm deyə, sekslə məşğul olmaq üçün fahişəxanalara üz tuturam. Yenə yol, yenə pilləkənlər. Ailə quracağıma da inanmıram. Uça bilmək üçün iş yoldaşlarımın məsləhətini dinləyirəm. Uçmağa çalışsam da, alınmır. Uça bilmədiyimi maksimum gizlədirəm. İşdən gec getməyimin bir səbəbi də budur. Amma işdə bir nəfər bildi, bəs edir. Hamı biləcək. Yaxşıdır, cəmi beş nəfərik. Dörd nəfər mənə yadplanetli kimi baxır. Çalışıram fikir verməyim.
Uçmaq başqaları üçün adiləşib. Mən isə uçmağa möcüzə kimi baxıram. Hər həftə çərpələng uçurmasam, ürəyim sıxılar. Bəzən əclaflar qayçı ilə ipi kəsirlər, sonra da uçub aradan çıxırlar. Amma mən yenə də ipi düyünləyib zövq almağa davam edirəm. Mənim yerimə çərpələng uçur. Mən də özümü xoşbəxt hiss edirəm.
Bu gün, hər həftə olduğu kimi, sevdiyim işlə məşğul olmaq zamanı gəldi. Yeni aldığım çərpələngi yaxşı-yaxşı düzəldib bayıra çıxdım. Külək o qədər də sərt əsmir. Hava əsl mən istəyəndir. Çərpələngi yerə qoyub ipdən yapışdım. Qaçmağa başladım. Çərpələng göyə qalxdıqca ipi uzatdım. Günəşin qarşısını tutan çərpələng necə də gözəldir, – deyə düşündüm. Yarım saata yaxın mən çərpələngə baxdım, çərpələng də mənə. Gözlərim yorulmaq bilmirdi. Sanki özümün uçmağımı seyr edirdim. Birdən uçan adamlardan biri çərpələngin yanında göründü. Üzünü turşudaraq güldü. Pis iş tutacaq adamlar kimi hırıldayırdı. Çərpələngi qayçı ilə kəsdi. Amma çərpələngi tutub saxladığı üçün yerə düşmədi. İp başından vurulan ilan kimi yerə sərildi. Əsəbimdən məni əsməcə tutdu. O əclafı nə tuta bilərdim, nə də başqa bir şey edə bilərdim. Daş atsaydım da, çatmazdı. Uçub getdi. Çərpələngimi də apardı. Məyus halda iş yerimə getdim. Binanın divarına bərkidilmiş nərdivana çatdım. Dörd min pilləni birnəfəsə qalxdım. İş ofisimiz yerləşən bina ən hündür binalardan biri olduğundan oranı seçdim. Binanın üstündən aşağı baxanda ürəyim bulandı. Arxaya çəkilib qusdum. Əlimin içi ilə ağzımı silib binanın kənarına gəldim. Artıq heç nə istəmirdim. Sadəcə, bütün olacaqlar olmasın. Bitsin əzab dolu həyatım. Hamı kimi ola bilməmək adamı dəli edir. Belə yaşaya bilmərəm. İlk və son dəfə uçmaq üçün özümü qabağa verdim. Şikarına hücum edən qartal kimi aşağıya doğru uçuram. Qorxudan gözlərim yumuldu. Göz qapaqlarımı açanda yerdən çox-çox hündürdə olduğumu gördüm. Uçmağı öyrənmişdim.

RUH

Həmin gün ilk dəfə heyrətlənmişdim. Əvvəllər də olmuşdu. Lakin o gün hədsiz dərəcədə böyük heyrət hissi ürəyimə yağ kimi yayılmışdı. Hər şey nənəmin ağlamağı ilə başladı...
Nənəm doxsan yaşında üzü qırışmış, beli bükülmüş bir xanımdır. Saçları dümağdır. Görəndə təəccüblənirəm. Mən onu tanıyandan başında şal olub. Arada saçını daramaq üçün yaylığını açar və uzun ağ saçları çiyninə qədər tökülər. Çətin həyat yaşayıb nənəm. Doğulan ili böyük kəndimiz iki yerə bölünüb. Neft həddindən artıq çıxdığı üçün kəndin yarısı beş-altı kilometr aralıda yeni salınmış kəndə köçürülüb. Kiçik yaşlarında üç bacının bir qardaşı vəfat edib. Nənəm Zümrüdün on bir yaşı olanda İkinci Dünya müharibəsi başlayıb. Belə də kasıb yaşayan insanlar müharibə ərəfəsində daha da kasıblayıb. İşə bir bax, adın Zümrüd ola, kasıb yaşayasan. Nənəm üç sinif oxumağına baxmayaraq, yaddaşı polad kimi bərk olub həmişə. Hər kəsi tanıyırdı. Suallara dəqiq cavab tapan adam olub. Az danışan olsa da, ağzı açılanda maraqlı hadisələr danışardı. Bir dəfə danışır ki, günlərin bir günü kəndə uzaq Sibirdə sürgün həyatı yaşamış kəndçimiz geri dönür. Belində də bir kisə kartof. O zamanlar biz tərəfdə kartof nədir, bilmirdik. Bütün kənd namaz əhli olduğundan xristian torpağından gətirilmiş tərəvəzi qəbul etmirlər. Kişi nə qədər izah etsə də, anlamaq istəmirlər ki, ac qalmaqdansa, kartof yemək yaxşıdır. Axırda səbri tükənən keçmiş dustaq kisəsini də götürüb evə gedir.
Nənəm müharibədən sonra ayağından güllə yarası almış babama ərə gedir. Daha doğrusu, gəlir. O zamanlar görüşmək, nişan üzüyü taxmaq, həri, nişan, xınayaxdı olmayıb. Sənəd söz olub. Söz dedinsə, əməl etməlisən. Bir dostunun maşını ilə nənəmgilə gedərək onu öz evinə gətirib. Cehiz olmayıb, gəlin paltarı olmayıb. Makiyaj, manikur, fotosessiya olmayıb. Sadəcə olaraq, gəlinə ata evindən nəsə pay verirdilər. Zümrüd xanıma qəzetə bükülmüş quru balıq veriblər. Vəssalam. Beləcə nəslimiz çoxalmağa başlayıb. Dörd uşağı zülmlə böyüdüb nənəm. Həmçinin sonbeşik olan atamı da. Babamla bir yerdə dəmir zavodunda işləyib. Axşam evə gələndə paltarları əl ilə yuyub, uşaqlara yemək bişirib. Bir sözlə, bütün işləri özü görüb. Yorulmadan çalışıb. Kəndin bütün xanımları kimi. Nənəmdə olan enerji heç Günəşdə də yoxdur. Hər zaman belə fikirləşmişəm. Dəfələrlə bir-iki daş çörək üçün əvvəlcə alabaş avtobusla, sonra bir neçə kilometr ayaqla yol qət edib.
O cür ağır günlərdə babamın da qeydinə qalıb. Onu cəmiyyət içinə dəmir ütü ilə ütülənmiş kostyumda göndərirdi. Medallar yaxasında, araqçın və ya buxara papaq başında, əsa əlində... Bir baxışından bilərdi babam çay istəyir, yoxsa yemək. Babamın sevimli yeməkləri səhər xəşil, axşam küftəbozbaş idi. Nənəmin zövqünü soruşan yox idi. Heç özü də bilmirdi nə xoşlayır. Həmişə uşaqları və əri nə yeyirdisə, ondan yeyib Allaha şükür edirdi. Babam quran oxuyanda sakitcə dəmir sobaya söykənib dinləyərdi. Heç nə anlamasa da, Allahın böyüklüyünə və sözlərinə şəkk etməzdi. Babam salavat çevirəndə o da çevirərdi. Günlər, aylar beləcə ötüb keçirdi. Nəvələri dünyaya göz açanda sevinmişdi. Ağlamışdı ürəkdən. Oğlunu, yəni əmimi xərçəng xəstəliyindən itirəndə isə havalandı. Bəlkə də, havalanmazdı. Ona pis təsir etməsin deyə, məclislərdə iştirak etməyinə icazə vermədilər. Evdə tək qalıb dəli oldu. Yavaş-yavaş burnu torpağa yaxınlaşmağa başladı. Qəddi əyilmiş nənəm heç kimi tanımır, tanısa belə, adları qarışıq salırdı. Ölüləri sağ bilir, sağları öldürürdü. Arada pis ruhları kəndin qədim dilində söyür, sonra da barışardı. Qardaşını da diriltmişdi. O hər gün bizə gəlib qapının arxasında qalırmış. Biz qapını açmırdıq. Bütün ölmüş tanışları ilə söhbəti var idi. Hərdən onlar üçün bağlama hazırlayıb hasardan o tərəfə atardı. Atam isə gedib deyinə-deyinə gətirərdi. Bağlamada corab, sabun, konfet olardı...
Havanın çönəcəyini nənəmin sakit və ya çılğın olmağından anlayardıq. Söyüş söydüyü gün külək, yağış olardı. Sakit olduğu günlər günəş hər tərəfi isidərdi. Barometr deyərdim ona zarafatyana...
Həmin gün müsəlmanın həmin günüdür. Dünən olmuşdu hadisə. Nənəm son bir həftədə heç nə danışmırdı. Qapıya qədər getsə də, sakit dayanıb yenidən geri qayıdırdı. Dünən isə qəfil ağlamağa başladı. Nə üçün ağladığını soruşanda isə bir cümlə dedi: “Tərlan ölüb, hə?”
Düz gözlərinin içinə baxdı sonbeşik oğlunun. O isə quruyub qaldı. Sonra sağ olduğunu bildirib getdi. Tərlan bibisi nəvəsi idi. Onun öldüyünü Zümrüd xanıma deməmişdik. O isə xəbər tutmuşdu. Haradan, necə? Kim demişdi? Ruhlar? Bəlkə, ölmüş qardaşı? Dünəndən yata bilmirəm...

PUL

Xar tut təzə-təzə dada gəlmişdi. Babamın atasının əkin sahəsi olan, sonradan babamın bağına çevrilən yerdə hər yay həm dincəlirdik, həm də qışa tədarük görürdük. Mən qoyunları sahədən gətirmişdim. Nənəm balon bağlayırdı. Babam isə quyunun təmiriylə məşğul idi. Birdən vahiməli səslə babam sükutu pozdu:
– Arvad, düşdi!
– Nə, ay kişi?
– Qızıl pul digirlənib quyuya düşdi.
– Allah, sən kömeg ol!
– Allah neyləsün? Günah məndədü! Elə sabah sübhdən banka gedicigəm. Qızıl pulları kağız pula çevirib gətircigəm. Onda görüm hara digirlənib düşicek...
– Sən bilən məsləhətdü, ay kişi. Mən bankə-mankə bilmirəm. Başım çıxmır...
– Çay gətir.
– Baş üstə.
Səhər obaşdan babam banka yollandı. Kənddən mərkəzə ancaq atla gedirdilər. Babam qızıllarını kisəyə yığıb yəhərə bağladı. Qayıdanda üzü gülürdü. Sanki İstanbulu fəth etmişdi. Kisə beş dəfə iri görünürdü. Kisənin ağzını açanda pullar azadlığa çıxırmış kimi yerə dağıldı. Nənəmin gözlərinə işıq gəldi. Mən də donub qalmışdım. Kağızın biri dirsəyimdən biləyimə qədər olan məsafə qədər idi. Babam pulları sığallaya-sığallaya sayıb sandığın içinə səliqəylə düzdü. Ağzını da kilidlədi. Açarı belindəki xırda pul kisəsinin içinə qoydu.
Bu hadisədən beş-altı həftə keçmişdi. İsti, cırhacır günlərin birində babam həyətdə ağzı partlamış əncirləri dərirdi. Nənəm isə torpağa baş əymiş üzümləri dərib aşsüzənə atırdı. Mənə isə qoyunları tapşırmışdılar. Tövləni təmizləyirdim. Xar tut yığmaqçun ağaca dırmanmış qonşunun səsi gəldi:
– Ağasəlim.
– Aton rəhmetdik, qorxdum ki. Di görüm nolub.
– Pullar degişib.
– Necə?
– Degirəm ki, pullarun batdı.
Babamın rəngi qaraldı. Kağız pula çevirdiyi pulların dəyəri heç-puç olmuşdu. Dörd həftədir heç kimin xəbəri yox imiş. Dünən qonşu öyrənib. Təsadüfən kimdənsə eşidib.
Babam özünü toparlayıb dedi:
– Hələ bankda zənən xeylaği mənə dedi. Qulaq asmadım. Dedi ki, pullar degişə bilər. Gic ağlım...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031