Müslüm Maqomayevin son müsahibəsi: O unikal qadın idi, əsl dəmir ledi...
Bu müsahibə Kiyevdə çıxan “BULVAR QORDONA” həfətəlik jurnalında dərc olunub. Oxucular üçün maraqlı olacağını düşünərək müsahibədən bir parçanı Kamran Nəzirlinin tərcüməsində təqdim edirik.
***
Müslüm Maqomayev: “Milis məni indiyə kimi tanıyır, mənsə hərdən güzgüyə baxıram, təəssüf, çox vaxt heç özümü tanımıram” Bu sözlərMüslüm Maqomayevə həsr olunmuş mahnıdan götürülüb, onu Paxmutova və Dobronravov yazıblar, Tamara Sinyavskaya oxuyub; bu gün mahnının sözləri ayrı məna daşıyır.
***
Ağ royal və ağ smokinq; süzgün qara gözlər, məftunedici və nüfuzedicidir, adamı tilsimləyir, sanki onun hər hüceyrəsində bariton var...
O 1963-ci ildən bəri estradada şəriksiz şahlıq etdi; Müslim Maqomayev sakitcə getdi, necə deyərlər, ulduzların “Rusiya” kinokonsert zalının qarşısında təntənəli təməlqoyma və yolasalma mərasimindən qəti şəkildə imtina edərək səhnədən ingilssayağı səs-küysüz getdi. Hər halda, o, hələ 19 yaşında “Oqonyok” jurnalına verdiyi ilk müsahibəsində vədinə əməl etdi:”...səsimin bir balaca “yırğalandığını” duysam, dərhal səhnəni tərk edəcəm...”
Vaxtilə sovet qızları öz evlərinin divarlarını kağız “oboylar” əvəzinə Müslümün şəkilləri ilə bəzəyir, ona olan sevgilərini binaların giriş qapılarında, liftlərdə, həyət darvazalarında yazıb ifadə edirdilər. Ona Baş katiblər və nazirlər pərəstiş edirdilər, hökmlü və güclü vilayət katibləri isə mehmanaxana dəhlizlərində saatlarla onun ha vaxt yuxudan oyanmasını gözləyirdilər. Bu OĞLANın “qüsurları”nı təkcə əfsanəvi “xaç anası” Furtsova yox, hamı bağışlayırdı: xasiyyətcə idarəolunmazlığını, burjua kəpənək-qalstuk taxmasını, “Xaç atası” filmindən yüksək tribuna və səhnələrdən ifa etdiyi mahnıları, ideoloji cəhətdən yad görünən bütün digər şlyagerlərin musiqisini, partiya biletinin olmamasını, xaricdə qohum-əqrabasının yaşamasını... bir sözlə, hər şeyi oan keçirdilər. Maqomayevi taleyin ərköyünü adlandırırdılar, ona seks-simvol və “cənab Yox” deyirdilər. Çünki o, istəmədiyi şeyi etməzdi, ona qətiyyətlə “yox!” deyərdi. Bəli, böyük sənətkar öz qiymətini bilirdi.
“Mənim boğazımda böyük bir sərvət var” deyirdi Müslüm; doğrudan da iqtisadi baxımdan bu “boğaz” SSRİ-yə Bakıdakı neft buruqlarından daha çox valyuta gətirə bilərdi. Təkcə bunu demək kifayət edər ki, Müslümün Krasnodarda yerli filarmoniyadakı dörd konserti dörd milyon rubl gəlir gətirmişdi və filarmoniya bu pulla simfonik orkestrin yarımillik əmək haqqını ödəmişdi; Rostovda verdiyi altı konserti imkan vermişdi ki, Kuban kazaklarının Ansamblı üçün yeni kostyumlar tikilsin...Amma bir çoxlarının düşündüyünün əksi olaraq, müğənni özü milyoner olmamışdı. Əvvəla, qonorar məsələsində dövlət artistə qarşı çox xəsislik edirdi, onun rəsmi qonorarını işsizə verilən müavinətlə müqayisə etmək olardı. İkincisi, Müslüm dostlarına və sənət yoldaşlarına qarşı çox səxavətli idi. Yaxın doistlarının dediyinə görə, onun qaldığı hotel otaqlarında pullar hara gəldi səpələnərdi, qapıları heç vaxt bağlı saxlamazdı; elə həmin musiqiçi dostları da günün istənilən saatında içəri girə bilər, ondan borc götürə bilərdi (və o borcu isə bir qayda olaraq heç vaxt qaytarmazdılar). Vaxtilə milyon-milyon tirajla buraxılan Maqomayevin kaset və valları bu gün əntiq olub, internet-auksionlara çıxarılır, satılır; onun Kann Beynəlxalq festivalında aldığı iki “Qızıl disk”inə isə “Melodiya” firması öz ağır möhürünü vurub (gəliri onun vallarından gələn gəlirə bərabərdir). Maestro ömrünün ən gözəl çağlarında qastrollarda olduğu 130 gün ərzində sayı-hesabı bəlli olmayan konsertlər verib, buna görə ona çoxlu orden veriblər, lakin o, Rusiyada təqaüd haqqını ala bilmədi; bütün bu illər ərzində moskvalı qadınla evlənib Moskvada bakılı kimi yaşasa da, paytaxt qeydiyyatına lap bu yaxınlarda düşüb. Əgər Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev ona və həyat yoldaşı Tamaraya rəsmi dövlət yardımı kimi təqaüd verməsəydi ömrünün son illərində Müslüm Məhəmməd oğlunun necə yaşayacağı sual altında qala bilərdi. Bu yardım Heydər Əliyevin oğlu İlham Əliyev tərəfindən indi də davam etdirilir. Müslümün sözlərinə görə, əlbəttə, məbləğ bir elə böyük deyil, lakin Böyük Teatrın solistinin pensiyasından çoxdur.
Furtsovanın himayədarlığı ilə hakimiyyət nümayəndələri Maqomayevə demək olar ki, hər şeyi bağışlayırdı. Son vaxtlar SSRİ xalq artisti tərki-dünyalıq olmuşdu, əsl zahid kimi yaşayırdı; bayıra çıxmırdı, banket və qonaqlıqlardan imtina edirdi, hətta ərzaq üçün mağazalara belə getmirdi, əyin-başını da evə gətirirdilər. Səhər saat altıdan üç dənə siqaret çəkirdi (hər gün bir qutu siqaret!) və otururdu not-book-nun qabağında. Onun dünyaya pəncərəsi internetdəki şəxsi saytı idi, bura hər gün yüzlərlə pərəstişkarı daxil olurdu. Doğrudur, prinsipinə görə, müğənni ona yazılan suallara cavab vermirdi, çünki öz dediyi kimi, prinsipcə bütün sualların cavablarını yazdığı kitabından - “Melodiya-mənim sevgim”də tapmaq olar. O, canlı olaraq yalnız bir neçə nəfərlə, çoxdan tanıdığı yaxın dostlarıyla əlaqə saxlayırdı, hətta Moskva ətrafındakı bağına da getmirdi. Görünür, bu, 21 yaşında onun başına bomba kimi yağan qulaqbatırıcı şöhrətə qarşı bir reaksiya idi. Görünür, o da Vatikandakı müqəddəslərin mərmərdən yonulmuş, inanclılar tərəfindən öpülən və sonra silinən heykəlləri kimi milyonların heyrətli baxışlarından və ona toxunan həris barmaqlardan yorulmuşdu. Maqomayev hətta ona uzun illər himayədarlıq etmiş Heydər Əliyevin dəfn mərasiminə də getmədi - səhhətindəki problemlərinə görə. Obıvatellərdən kimsə buna görə Müslümü məzəmmət etməyi unutmadı, lakin mən əminəm ki, onlar Müslümü mühakimə etməyə layiq deyillər. Mənim müsahibim üçün hətta ən xırda saxtalıq belə əzablıdır, bunu anlamaq üçün gərək sənin mükəmməl fəhmin və duyumun ola; onun ağrısını hiss etmək üçün gərək sənin ürəyin də onun ürəyi kimi açıq olsun.
Avqust ayında Müslüm Maqomayevin 66 yaşı tamam oldu, lakin onun səsini heç korporativ gecələrdə də eşitmək mümkün olmadı. O gülümsəyərək zarafat elədi: ”İstəyirəm məni oxumağımla yadda saxlasınlar, xırıldamağımla yox!”
Şükür Allaha, musiqiçilərimiz üçün onun bir çox televiziya çıxışları, valları və diskləri yadigar qalıb və bu disklərin birində bariton səsli şöhrətli sənətkar yazmışdır: ”Əvvəllər müğənnilər ulduz olmaq istəyirdilər, indi isə ulduzlar müğənni olmaq istəyir”.
***
“MƏNDƏ HEÇ VAXT “DAHA HƏR ŞEYƏ NAİL OLMUŞAM, BƏSDİ!” KİMİ CAZİBƏLİ SÖZLƏR DEMƏK İSTƏYİ OLMAYIB”
- Bir dəfə İosif Kobzon məndən soruşdu:”Sovet İttifaqında ən populyar estrada artisti kim olub, bilirsən? Səncə, Puqaçova? Yox, elə deyil, Müslüm qədər şöhrət qazanan heç bir müğənni olmayıb!” Hə, yeri gəlmişkən, mərhum Yuri Baqatikov da sizin adınızı çəkərkən həmişə heyrətdən gözlərini geniş açaraq deyirdi: “Müslim – o, gücdür, qüvvədir!” Deyirlər, Odessada sizin pərəstişkarlarınız mindiyiniz avtoimobili pamadalı dodaqlarıyla öpə-öpə qaldırmış, onu əllərində konsert zalından “Krasnaya” mehmanxanasına kimi üç kilometr aparmışlar...
- (Gülür). Hə, pamada olub, amma avtomobili bir neçə kilometr əlində aparmağa heç bir pərəstişkarın gücü çatmaz. Bu əslində Moskvada olmuşdu. Maşın gəldi, Yuri Vasilyeviç Silantyev (Ümumittifaq Radio və Mərkəzi Televiziyası estrada-simfonik orkestrinin rəhbəri və baş dirijoru) arvadı və uşağıyla (o hələ balacaydı) arxada oturdu, mən də qabaq oturacaqda. Biz aradan çıxmağa hazırlaşırdıq...
- ...bir qayda olaraq!...
- ...birdən bir qrup gənc çıxdı qarşımıza...Bizi dövrəyə aldılar. Kimsə ideya verdi:”Qaldırın onu!” Biz üstüaçıq yekə bir ZİS-də oturmuşduq, o maşınla stadionlara gedirdik. Maşını qaldırdılar və bu vaxt Silantyev qışqırdı, onun arvadı Olqa çığırmağa başladı... Gənclər maşını təxminən beş metr apardılar, qışqırıqlar isə daha da artırdı, və onlar, görünür, tale ilə oyun oynamaqdan vaz keçdilər, yaxşı ki, avtomobili tullamadılar, astaca yerə qoydular. Belə bir hadisə həqiqətən olub...sonradan bu fakt fantastik detallar və təfərrüatlarla yayılmağa başladı...
- Sizin yerinizdə kim olsaydı, misal üçün, yaxşı tərbiyə görməmiş və həm də şöhrətdən yolunu azmış birisi olsaydı, yəqin ki, dəli olardı. Xoşbəxtlikdən sizi Allah qoruyub...
- Bilirsiz, Dima, əvvəla, mən heç vaxt yalan danışmıram (özü də, əgər məsələ mənimlə bağlıdırsa), ikincisi, hər zaman özümü böyük müğənnilərə tən tutmuşam. Masştab çox böyük, zirvə isə çox hündür - buna görə də məndə heç vaxt “daha hər şeyə nail olmuşam, bəsdi!” kimi cazibəli sözlər demək istəyi olmayıb. Çan atmağa çalışdığım əlçatmaz zirvə fəth olunmamış qalmışdı: belə deyək də, mən anladım ki, Tito Qobbi kimi heç vaxt oxumayacam, buna görə də dərhal opera səhnəsindən “sürüşüb” düşdüm. Özünüz fikrləşin: opera səhnəsində maksimum 20 dəqiqə qalırsan, lakin bu mənə azlıq edirdi, özü də eyni şeyi təkrar-təıkrar oxuyursan, səhnə mizanı düpbədüz hey təkrar olunur, özün nə qədər yaradıcı olsan da, yenə eyni şeyi edirsən. Axı mən mahiyyətcə improvizatoram; bu gün mahnını belə oxumaq istəyirəm, sabah ayrı cür. Operada isə belə şeylər olmaz, partiyanı müəllifin düşündüyü, fikirləşdiyi kimi oxumalısan.
- Hələ kostyumlar da var...ağır, hərəkətə mane olan əyin-baş...
- Fərq eləməz... çox da vacib deyil bu. Kamzol Fiqaronun kostyumu kifayət qədər yüngül və münasibdir, amma Skarpianınkı çox ağır...Bütün hallarda...Estradada mən improvizə edə, bəstəkara öz traktovkamı təklif edə bilirdim...
- Maraqlıdı, siz özünüzü bir nömrəli sovet superulduzu hiss edirdinizmi?
- Düzünə qalsa, bu məni narahat etmirdi, superulduz – super deyil: görürdüm ki, insanlar məni sevirlər və heç kimə də həsəd aparmırdım.
- Sadəcə, axı heç kim yox idi həsəd aparmağa!
- Görünür, beləydi...Şöhrətdə mənə rəqib görünmürdü. Ümumiyyətlə, məndə heç kimə qarşı qara həsəd hissi yox idi, heç ağ həsəd də yox idi. “Ah, bax bu müğənninin yüksək tonlu səsi nə gözəldi! Məndə belə alınmaz! Allah verməyib, amma başqalarına səxavətlə paylayıb!” Belə şeyləri heç ağlıma da gətirməzdim.
- Uğur üçün vacib olan hər şeyiniz – möhtəşəm səs, tembr, hündür boy-buxun, gözəl xarici görünüş, temperament... hamısı olub sizdə.
- Hə də, belə demək olar...
- Bəs öz fenomenal populyarlığınızı necə izah edirsiniz? Bu sirr, müəmma nə idi belə?
- Əsas odur ki, bu olub. Buna görə də mən “Bu olub, olub...” adlı teleproqrama getməkdən qətiyyətlə imtina etdim. Mən bu verilişi heç sevmirdim. Amerikada Frank Sinatrdan danışanda nədənsə verilişin adını çəkmirlər...
- Amerikada səlahiyyətini başa vurmuş prezidentə də “keçmiş prezident” demirlər, onu “eks prezident” kimi təhqiredici adla da çağırmırlar...
- İndi televiziya işçiləri yeni bir proqram hazırlayıblar – mən buna baxmaq belə istəmirəm! Bir neçə müğənni çıxarırlar ortalığa - 20 il bundan qabaq populyar olan müğənniləri, göstərirlər; yəni demək istəyirlər ki, bunlar olub, sanki var imişlər və çıxıb gediblər...
- Miskin mənzərə!
- Axı niyə belə edirlər? Niyə? Əgər onlar yaxşı formadadılarsa, gözəl görünürlərsə, “bu olub!” kimi damğanı yapışdırmaq nəyə lazımdı, qoy oxusunlar da...
“MƏN HEÇ VAXT BALKONDAN PUL TULLAMAMIŞAM”
- Uşaqlıq çağlarımdan yadımda qalan bir xırda epizod...Hansısa bayram süfrəsi başında oturub yeyib-içirdik; ağ-qara ekranlı televizorda İttifaqlar Evinin Sütunlu salonundan konsert translyasiya olunurdu, birdən... aparıcı Svetlana Morqunova elan etdi: ”Oxuyur Müslüm Maqomayev!” və mənə elə gəldi ki, televizor da qadın qışqırtısı və çığırtısından silkələndi... Vəcdən eynilə belə bir şivən ekranın bu üzündən, yəni evdən gəldi: qadınlar yerlərindən dik atılıb o sehirli televizor qutusunu dövrəyə aldılar, az qala ekranı öpəcəkdilər...Siz bir canlı insan kimi bu dəli ajiotajı necə yaşayırdınız?
- Sizin hekayənizi dinləyərkən gülməli bir tarixçə yadıma düşdü. Bu, televiziya ilə translyasiya edilən novbəti solo konsertlərimin birindən sonra baş verib; deməli, dostum şair Anatoli Qroxov məni evinə dəvət etmişdi və demişdi ki, konsert qurtarandan sonra dərhal min maşına, gəl bizə. Onlara qalxanda liftdə səhvən başqa düyməni basdım və ayrı mərtəbədə peyda oldum. Qapının zəngini vurdum (o zamanlar hamıda standart zəng düymələri vardı) və eşidirəm ki, içəridən səs gəlir: “Aaaa, bu da Maqomayevin özü!” Qapı açılır və baxıram ki, kandarda tanış olmayan qadın sifəti var. “Kim lazımdı?” qadın soruşur, az qala bayılaraq soruşur. “Qroxovgilə gəlmişəm!” dedim. Və qadınını səsi zəiflədi: “O, bir mərtəbə yuxarıda olur”. Yuxarı qalxıram.”Bura bax, səhv gəlmişdim, sənin qonşunu da yaman qorxutdum!” Sonradan həmin qadın Tolyaya demişdi. “Mənə elə gəldi ki, dəli olmuşam, ya da qara basır məni. Axı indicə Maqomayevi televizorda görmüşdük, heyran olmuşduq, vəcdə gəlmişdik: necə də gözəl oxuyur! Və birdən görürəm ki, elə o Maqomayev qapımızın zəngini basır. Necə olarsan, hə? Təbii ki, bir anlıq mənə elə gəldi ki, yəqin dəli olmuşam, ora - dəlilər evinə getməyimin vaxtıdı...”
- Qadınlar sizə toxunmağa can atırdılar, hətta paltarlarınızı belə cırırdılar, eləmi?
- Hə, belə şeylər olurdu...
- ...və siz də azğın pərəstişkarlardan qaçıb canınızı qurtarırdınız?
- Mənim öz metodlarım olurdu. İndi hər yanda cangüdənlər-filan var, elə hey eşidirsən ki, mühafizəçilər, cangüdənlər...O zamanlar heç bir cangüdən-filan yox idi, biz də onlarısız ötüşürdük. Çox vaxt arxa qapılardan gizli çıxırdıq, sakitcə...Hərdən də elə olurdu ki, ikinci mərtəbədən tullanıb qaçırdıq...
- Ay aman! Yəni belə də olub?
- Əlbəttə! Yaltada dirijor Niyazi ilə birlikdə konsertdən sonra izdiham zalı mühasirəyə almışdı, çıxmaq mümkün deyildi. O zaman təklif elədim ki, gəlin qrim otağımdakı pəncərədən tullanaq. Ordan yerə təxminən üç metr yarım olardı, aşağıda otluq vardı.”Uzaqbaşı, otluğa düşəcəyik!” dedim. Mən dərhal aşağı tullandım, dalımca köməkçim. Və biz ikimiz yerdən Niyaziyə kömək elədik, axı o, çəlimsiz, arıq bir adam idi! Beləliklə, biz qaça bildik...Mən artıq bunun yolunu tapmışdım. Deməli, konsert idman Sarayında olanda, maşın birbaşa içəri girirdi, stadionda olanda isə bəzən maşınla dövrə vurmalı olurduq, ilişirdik! Bir dəfə bizi əməlli-başlı dövrəyə aldılar; camaat tribunalardan üstümüzə cumdu; əvvəlcə bir tribuna, sonra ikincisi, üçüncüsü...hər tərəfdən tökülüşüb bizi sadəcə mühasirəyə aldılar... Nə isə...birtəhər ötüşdük...
- Deyirlər, sizin konsert verdiyiniz salonlarda milislər at belində keşik çəkirmişlər...
- Hər yerdə yox! Olurdu bəzi şəhərlərdə.
- Şair Robert Rojdestvenski gözəl mahnı mətnlərinin müəllifidir, siz də onları ifa eləmisiz. O bir dəfə yazmışdı ki, “mən Müslüm Maqomayevin konsertlərinin çoxunda iştirak eləmişəm. Və elə bir hal olmayıb ki, aparıcı onun ad-familyasını axıra çatdırıb desin. Adətən “Müslüm” sözündən sonra salonda elə alqışlar və səslər qopurdu ki, o möhtəşəm və ehtiraslı gurultu ən güclü mikrofona rəğmən, aparıcının dediyi “Maqomayev” sözünü eşitməyə imkan vermirdi.
- (Nostalji ilə). Hə...elə hallar da olub...
- Mənim fikrimcə, siz azad sənətkarsınız, bütün həyatınız boyu nə istəmisiz onu da etmisiniz və siz hər zaman ürəyinizin diktəsi ilə hərəkət etmisiniz. Bu düzdürmü ki, bir balaca hiss edəndə ki səsiniz yerində deyil, ya da yaxşı ovqatda deyilsiniz, konsertinizi dərhal təxirə salmısınız?
- Bəli. Təəssüf ki, nəsə qaydasında olmayanda oxuya bilməmişəm; və düşünəndə ki, tamaşaçılar nahaq yerə bilet alıblar və mən onlara istədiklərini verə bilməyəcəm, az qala dəli olurdum. Əlbəttə, pis əhval-ruhiyyədə, xəstə-filan olduqda belə, özünü məcbur edib səhnəyə çıxa bilərdin, lakin...
- ...özünüzü aldada bilməzdiniz...
- Axı adamlar dərhal duyurlar bunu! Mən bunu görmüşəm bir neçə dəfə; ümumi tədbirlərdə konsertlər olanda, mən də bir-iki mahnı oxumalı olmuşam, amma xəstə halda oxumalı olmuşam...
- Elə həmin o Yuri Boqatikov sizi qeyri-adi geniş ürəyə malik insan kimi xarakterizə edib. Deyib ki, gənclik çağlarında bütün başqa istedadlı şərq adamları kimi Müslüm də hərdən danqazlıq edirdi. Misal üçün, bir bakal pivəyə mütləq yaşıl əllilik verirdi, hərdən də balkona çıxıb cibindəki yüzlük paçkasını tullayırdı və əskinasların yarpaqlar kimi necə oynaya-oynaya asfalta düşməsindən ləzzət alırdı...
- Eh, özüm haqqında o qədər nağıllar eşitmişəm ki! İnanın, mən həyatım boyu heç vaxt balkondan yerə pul tullamamışam, tullasaydım, yəqin ki, məni MK-ya çağırar və tənbeh edərdilər. Bu axı kimə lazım idi? Lakin zəhmət adamlarının xahişi ilə balkondan oxumuşam - Kişinyovda. Deyəsən, Odessada da...Adamlara mənim səsim lazım idi, kağız parçaları yox...
“SOVET İTTİFAQINDA QASTROL SƏFƏRLƏRİ ZAMANI MƏN BEŞOTAQLI LÜKS NÖMRƏLƏRDƏ QALIRDIM VƏ BƏZƏN GÜN ƏRZİNDƏ DEMƏK OLAR Kİ, ƏLLİ ADAM QƏBUL EDİRDİM”
- Çoxlu pul qazanırdınız, lakin pullar səxavətli şərq adamı kimi sizin əlinizdən çıxırdı. Eşitmişəm, siz hay-küylü qonaqlıqları, ziyafətlər verməyi sevirmişsiniz; kirayələdiyiniz lüks mehmanxana otaqlarında hər zaman süfrəniz bol olub, konsertlərdən sonra otağınıza 40-50 qonaq yığışırmış. Doğrudanmı siz bu dəstələri yedizdirib-içizdirirmişsiniz? Yoxsa bunlar aktyor uydurmalarıdır?
- Yox, bunlar həqiqətdir.
- Nəsə təəssüf hissiylə ifadə etdiniz bunu, hətta, məncə bir qədər kədərlə...
- Ona görə ki...mən heç vaxt balkondan pul tullamamışam! Amma ziyafət və qonaqlıq verməyi sevməyim, yaxud səhər, günorta, axşam yeməklərini tək yeməməyim olub, bunlar hamısı cavanlıqda...Tamara İliniçnayla evlənməmişdən qabaq mən “Rusiya” mehmanxanasında qalırdım, daha doğrusu, orada özümə beşotaqlı lüks tutmuşdum; bəzən orda gündə əlli adam qəbul edirdim. Belə bir şəraitdə pul saxlamaq olardı? Əlbəttə, pullur uçub gedirdi. Bəlkə də buna görə deyiblər ki, o pulu yelə verirdi, tullayırdı...bilmirəm; amma qonaqlar mənim yanıma həmişə böyük məmnuniyyətlə gəlirdilər. Sonralar, şöhrətim ki, bir qədər azaldı, dostların sayı da azaldı, dəqiq desəm, sürətlə azaldı...
- Sizin konsertmeyster Çingiz Sadıxov söyləyirdi ki, cibinizdə pul qalmırmış deyə, o sadəcə hamısını götürüb saxlayırmış özündə və qastrolun sonuncu gününə kimi sizə vermirmiş...
- Gizlədirdi! (gülür). Lakin onun bicliklərinə baxmayaraq, mən yol tapıb sağa-sola xərcləyirdim.
- Sadıxov həm də deyirdi ki, siz bir dəfə Uzaq Şərqdə 20 min rubl qazanmısınız və maşın almaq arzusunda olmusunuz. Şəxsi avtomobil ala bildinizmi?
- Yox, yox! Moskvaya gəldim, “Metropol”a köçdüm (bu ən bahalı hotel idi). Orada ən yaxşı nömrə götürdüm özümə və qazandığım pulları da dərhal dostlarıma xərclədim; qəbullar düzəltdim, hədiyyələr aldım, bunları çox sevirdim. Bu tacirlik deyildi, bədxərclik və israfçılıq da deyildi...
- ...qəlbin tələbiydi, eləmi?
- Əlbəttə, ürəyim belə istəyirdi. Mən indi də pul yığıb balışımın altına qoymuram; düzdür, indi konsertlər vermirəm, buna görə də qazanmıram...nəyim olubsa və varsa budur, ona görə yaşayıram... Bəlkə də gələcəkdə pulum oldu...Yəni, adətim üzrə yenə xərcləyirəm (misal üçün mənim iki kompüterim var, istəsəm, üçüncünü də alaram), yenə bahalı hədiyyələr verməkdə davam edirəm: son vaxtlar xəlvəti üç kompüter paylamışam.
- Mən özüm bunun şahidiyəm ki, siz Kiyev konservatoriyasının tələbəsinə necə səxavət göstərmisiniz. Mənə bunu deyiblər. Qız internet vasitəsilə sizinlə yazışır- ona kompüter almısınız, özü də ən yaxşısından...
- Düzdür.
- Doğrusu, belə bir səxavət məni heyrətə gətirdi...
- Amma bu, görüntü xətrinə deyil! Sadəcə, kiməsə sevinc bəxş eləyəndə mənim özümə də ləzzət verir; mən həyatım boyu yaxşılıq elədiyim o insanlara nifrət edirəm ki, onlar sonda bunun əvəzində mənə pislik ediblər.
- Narahat olmayın, Müslüm Məhəmmədoviç, bu artıq sizin problem deyil...
- Axı, problem onlardadı...Təəssüf ki, mən tez-tez bu barədə düşünməli oluram. Allaha şükür ki, belə naşükür adamlar çox deyil.
- Düzü, etiraf edim ki, qəzetlərdə oxuyanda, televiziyada eşidəndə ki, müasir “ulduzlar” (nə səsləri, nə istedadları, nə də bir repertuarları var!) öz mülkləri, sahib olduqları avtoparkları ilə öyünürlər: nə bilim, qarajlarındakı “Bentli”ini, sonuncu model “Mersedes” və “Ferrari”lərini nümayiş etdirirlər...bunlar mənə çoox gülməli gəlir! Maraqlıdı, bəs sizdə hansı avtomobillər olub?
- Mənim maşınpərəstlik bioqrafiyam “Volqa”dan başlayıb...indi heç modeli də yadımda deyil...
- ...buna da min şükür...başlanğıc ümidvericidir...
- ...sonra keçdim nəsə xarici modelə...hə, yadıma düşdü, “Fiat” aldım. Doğrusu, heç xoşuma da gəlmədi, mənim üçün çox darısqal maşın idi, sonra yenidən “Volqa” aldım, indi isə cip “Mersedes”im var... Tamaranın avtomobili balacadı - adını da bilmirəm, mənim belə şeylərdən başım çıxmır.
- Düzdümü ki, ümumxalq populyarlığınızdan istifadə edib siz maşını sürücülük vəsiqəsi olmadan sürmüsünüz?
- Cəmi ikicə dəfə... hə, iki dəfə olub – sadəcə sürücülük vəsiqəm evdə qalmışdı, unutmuşdum. Çox şükür ki,milis hələ də məni tanıyır, amma mən özüm...güzgüyə baxıram, çox vaxt özümü tanımıram.
- Məncə, bir qədər şişirdirsiz...
- Mənə elə gəlir ki, o dövrdən məni yadında saxlayanlar da necə dəyişdiyimi görürlər...Bununla belə, yanımdan ötəndə boylanıb baxırlar, əl edirlər...Adama xoş olur belədə...
“HƏ, BAX, BU DA MAQOMAYEV,- GÖMRÜKÇÜ QADININ ÜZÜ İŞIQLANDI,-İNDİ BİZ ONU YOXLAYARIQ”
- Sizə təkcə sovet xalqı (həm də postsovet) məftun deyildi, sizin heyrətedici istedadınız hətta İran şahı Məhəmməd Rza Pəhləvini də vəcdə gətirmişdi. Deyilənə görə, sizə bir çamadan qiymətli daş-qaş da hədiyyə verib...
- Nə danışırsız, çamadan-zad nədi?
- Çantadı bəlkə, çiyindən asılan çanta, hə?
- Balaca bir mücrüydü, içində də üzük vardı - budu, barmağımda...bir də hansısa şahanə bəzək-düzək əşyalarıydı...
- Bu üzüyü tez-tez barmağınızda görürəm, bunu həmişə taxırsınız?
- Əvvəllər açıq-aşkar taxmağa cürət etməzdim, sonralar nə oldusa, taxdım və bu üzük mənə uğur gətirdi. Görəndə ki, artıq hamı bu üzüyü - örməyə alışıb, qərara aldım ki, bir daha çıxartmayım.
- Necə olub ki, total dəmir pərdə illərində bu qiymətli əşyanı sərhəddən keçirmisiz? Axı o zaman bir quş belə cürət edib gömrükdən buyana keçə bilməzdi...
- Çox böyük çətinliklə...və yalnız buna görə ki, aeroportda məni İran səfirliyinin nümayəndəsi qarşıladı. Gömrüyü keçəndə mənim iri çamadanım gömrükçü formasında olan hansısa xalanın diqqətini cəlb etdi. “Hə, bax, bu da Maqomayev,” deyə üzü işıqlandı, - “indi biz onu yoxlayarıq!” Düzü, elə bildim gömrükçü qadın zarafat edir, lakin gördüm ki, çamadanı açır, orda isə şahın mənə hədiyyə verdiyi xalça vardı...
- ...fars xalçasıydı?..
- ...hə, əla bir şey idi, orda saat və içində üzük olan balaca mücrü də vardı. “Bilrsinizmi ki, qabaqcadan deklarasiya olunmamış şeyləri gətirmək olmaz?” deyə qadın soruşdu. Sonra o mücrünü açdı. “Ooooo, burda qızıl üzük var ki!”
- Həmin gün bəlkə də karyeranın sonu ola bilərdi...
- Kimin karyerasının, o qadının?
- Yox e, sizin karyeranızın...
- (Qürurla). Nə danışırsız? Qadın növbə rəisini çağırdı. Yaraşıqlı bir kişiydə, əlini yellədib dedi:”Qaydalar hamı üçündü...” Özümü itirmədim, onu cavabsız qoymadım. “Bunlar şahın hədiyyələridi! Görmürsüz, İran səfirliyindən gələn adam məni qarşılayır? Xahiş edirəm, onu bura çağırın, deyin ki, qoy bütün bu hədiyyələri şaha geri göndərsin!” Gömrükçü görünür qorxdu, çamadanı mənə tərəf itələdi, dedi:”Yooox, yooox, hər şey qaydasındadı! Götürün çamadanı və gedin. Yaxşı yol, sağ olun!” O vaxta kimi məni heç kim yoxlamamışdı, başa düşürsüz, bu ilk dəfəydi ki, baş verirdi; sonralar mən Azərbaycan Ali Sovetinin Deputatı oldum və toxunulmazlıq hüquqm vardı, hər yerdə sərbəst keçirdim, yoxlamırdılar.
- Heç təsəvvür etmirəm...siz deputat olanda iclaslarda saatlarla necə oturmusunuz...
- Üç il dalbadal əziyyət çəkdim! Axı xaraktercə mən bir yerdə oturan deyiləm...Gedirdim, bir saat otururdum, Heydər Əliyev çıxışını qurtaran kimi aradan çıxırdım...və qalan bir neçə gün mənsiz də keçirdi. Bir dəfə ümumiyyətlə sessiyaya getmədim; lakin bir qayda olaraq, hər halda Heydər Əliyevə hörmət əlaməti olaraq, sessiyalara gedirdim. Bir dəfə Əliyev mənə məzəmmətlə dedi:”Müslüm, niyə səni zalda heç vaxt görmürəm? Bu nədi? Adamlar düzgün başa düşməzlər bunu!” “Heydər Əliyeviç” dedim,- “siz ki bilirsiz, mən Azərbaycan dilində çox da yaxşı danışa bilmirəm”. “Bilirəm”- dedi. “Onlar əsasən Azərbaycan dilində çıxış edirlər, mənsə oturub, mən də oturub yalnız gözlərimi döyürəm. Mənim üçün hətta rus dilində də qulaq asmaq maraqlı deyil, nə qədər pambıq yığıblar-filan...nəyimə lazımdı mənim?” Heydər Əliyev güldü, dedi: “Heç olmasa özünü elə göstər ki, guya hamısını başa düşürsən!” Mən daim onun zəhləsini tökürdüm: misal üçün, filan musiqiçiyə ev verin, filankəsə fəxri ad verin, ya da onu xaricə göndərin...Bir dəfə Əliyev mənə dedi:”Sən elə hey mənim yanıma gəlib onun-bunun xahişini edirsən, buna görə də səni deputat etdim ki, bu işlərlə qanuni məşğul olasan”. Yenidənqurma başlayanda Heydər Əliyeviç Moskvaya köçdü və təbii ki, mən də deputatlıq fəaliyyətinə son qoydum. “Tamam, bəsdi daha, xudahafis!” dedim.
- Sovet dönəmində ümidverici opera ifaçılarının ən yaxşılarını Milanın məşhur “La Skala” teatrına təcrübə keçməyə göndərirdilər. Siz də orda olmusunuz, bunun sizin karyeranıza, ya da sənətinizə hansısa müsbət təsiri oldumu?
- Əlbəttə, oldu. Maestro Cenarro Barrın və Enriko Pyaççanın dərsləri mənə çox şeylər verdi (“Siviliya bərbəri”ndə Fiqaronun partiyasını və “Toska”nı hazırladım). Sizə deyim ki, mütləq deyil ki, yaradıcı adam orada nəsə etsin, yetər ki, sadəcə İtaliyada olsun, qədim abidələri görsün, muzeylərə getsin...
- ...və görsün ki, adamlar necə yaşayırlar...
- ...oranın havasını udsun, mədəniyyəti və incəsənəti ilə dərindən tanış olsun, bu ölkənin özü də elə başdan-ayağa mədəniyyətdən ibarətdi...
“SƏS PARTİYA VƏ HÖKUMƏT TƏRƏFİNDƏN YOX, ALLAH TƏRƏFİNDƏN VERİLMİŞDİ”
- Eşitmişəm ki, Parisin “Olimpiya” salonundakı triumfal konsertinizdən sonra sizə fövqalədə kontrakt təklif ediblər, lakin SSRİ Mədəniyyət Nazirliyi buna etiraz edib...
- Yox, kontrakt deyildi...Məsələ bundadır ki, tanınmış impresario və həm də “Olimpiya”nın direktoru Bruno Kokatris mənə yaxşı münasibət bəsləyirdi; o mənim uğurlu çıxışımı gördü, başa düşdü ki, məni almaqla nəsə...
- ...özü də qazana bilər...
- ...Fransada mənim adımı daha da məşhurlaşdırar, sonra məni bütün dünyaya tanıdar. Mən ona dərhal dedim:”Məni buraxmazlar!”, lakin o mənə inanmadı.”Furtseva mənə ehtiramla yanaşır”- dedi. Doğurdan da, Yekaterina Alekseyevna ona hörmət edirdi, bununla belə mənim cavabım qəti oldu:”Yox!” Mən bilmirəm bundan sonra orda nə oldu, nə baş verdi, yalnız təxmin edə bilərəm...Düşünürəm ki, məmurları qorxudan mənim orda aradan çıxa biləcəyim deyildi, onlar çox gözəl başa düşürdülər ki, mən bu ölkədən çıxıb gedən deyiləm. Lövbərini Qərbdə salmaq məni açmır, orda yalnız necə pul qazanmaq barədə düşünürlər, bu da mənim xoşuma gəlmir. Elə həmin o Ameriakada da mənim ürəyim sıxılır, mədəniyyət yetərli deyil, buna baxmayaraq...Birincisi, orda mənim qardaşım yaşayırdı...
- ...özü də varlıydı...
- ...çox varlıydı (Allah onu rəhmət eləsin!), ikincisi, onlar mənim xarakterimdən qorxdular: işdir, birdən artıq içib nəsə qaynatdım...Lakin belə hərəkətələrə heç vaxt yol verməmişəm. Yox, mən içirəm, əlbəttə, içə bilirəm, lakin duysam ki, artıq özümü yaxşı hiss edirəm, dərhal məclisi tərk edirəm və gedib evdə sakitcə otururam.
- Yeri gəlmişkən, hansı içkilərə üstünlük verirsiniz?
- Əvvəllər konyakı sevirdim, indi isə yalnız araq içirəm. Şərabla aram yoxdu.
- 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində çox geniş yayılmış belə bir zarafat vardı:”Kiçik teatr nədir? Xarici qastrollardan sonra Böyük teatr olur”. Doğurdan da, həm opera, həm də baletdə çalışan çox artistlər olub ki, Qərbdə qalıblar. Sizdə niyə belə bir əminlik var ki, belə bir sürprizi sizdən heç kim gözləməyib?
- Mən hardasa heç nəzəri cəhətdən də xaricdə qala bilməzdim, çünki mənim əmim Camal Moskvada Azərbaycanın səfiri idi (o vaxt daimi nümayəndə deyirdilər buna). O mənim üçün ata əvəzi idi, mən onu sevirdim, ona xəyanət edə bilməzdim, buna da yuxarılar yaxşı bilirdi. Mənim Vətənə dönməməyim onun karyerasının sonu ola bilərdi; lakin xaricə qaçmamağımın səbəbi təkcə bu da deyildi, yenə təkrar edirəm, orda yaşamaq mənim üçün maraqlı olmazdı.
- Hmmm...Bəs Vişnevskaya və Ratropoviç, o cümlədən sizin digər sənət yoldaşlarınız xaricdən siyasi sığınacaq istəyəndə hansı hissləri yaşayırdınız? Sizin onlara qarşı münasibətiniz necə oldu? Axı siz, səhv etmirəmsə, kiminsə əleyhinə yazılmış donos məktublarına heç vaxt imza atmamısız!
- (Ləyaqətlə). Nə mən, nə də Tamara İliniçna. Heç vaxt! Bu çirkin işdir!
- O vaxt o cür məktublara imza atanlar indi özlərinə bəraət qazandırırlar:”Mən nə edə bilərdim ki? Mən elə təzyiq göztərirdilər ki, hünərin var imtina elə!” Bəs necə oldu ki, siz bu məktublara imza atmaqdan imtina elədiniz?
- Şəxsən mənim özümə heç kim təzyiq etməyib, heç kim mənə təklif də etməyib. Çenki gözəl bilirdilər ki, mən bu işdən uzaq adamam. Bu işlərlər bir qrup adamcığaz məşğul olurdu, dəridən-qabıqdan çıxırdılar ki, bir-birlərinə pislik etsinlər...
- Onların istedadı çatışmırdı?
- Yox, əksinə,istedadları bəs qədər idi, hətta daha artıq idi. Ağlıma belə gətirə bilmirəm - necə olur ki, bu cür böyük vergili admlar öz yoldaşlarını satırlar, özü də bəzən özlərindən də az istedadlı yoldaşlarını! Bax, bunu heç vaxt anlaya bilmirəm! Xaricə gedib qayıtmayan adamlara qarşı münasibətim necəydi? Əlbəttə, onları başa düşürdüm. Başqa cür necə ola bilərdi axı? Götürək elə Rudolf Nuriyevi. Əgər insanı ev özünə çəıkmirsə, deməli, burda nəsə var - evdə adamı qoymurlar özünü realizə etsin…
- Bəyəm Nuriyevi qoymurdular özünü realizə etməyə?
- Zaman çox pis zaman idi, buna görə də bura onun üçün qaranlıq görünürdü. Əgər o, qastrolla zamanı “aradan çıxmasaydı”, indi onu dünyada kim tanıyardı?
- O böyük rəqqasdı?
- Bəli, şübhəsiz! Amma indi Rusiyadan kənarda o qədər çox istedadlı insanlar var ki! Dəmir örtük daha yoxdu, xaricə getmək azaddır, elə həmin o “Metropoliten-Opera”da mən indi nə qədər rus familyası eşidirəm, qadın, kişi müğənnilər...Təəssüf ki, onlar şöhrəti orda qazandılar, bura da böyük sənətkarlar kimi gəlirlər. Bizdə, nə qədər çalışırsan, nə qədər əlləşirsən, vuruşursan, istedadı maliyyə cəhətdən təmin edə bilmirlər. Burdakı şəraitlə ordakı şəraiti necə müqayisə etmək olar axı! “Metropoliten”də artist işləyən qadınlardan biri (adını çəkməyəcəm!) gedən kimi oturub bir qədər gözləyib; hansısa müğənni xəstələnir, işə çıxmır, onu götürürlər, üç min dollar verirlər, özü də hər tamaşaya görə! Özü də elə belə, heç bir şey də eləmir...Böyük Teatrda belə şeylərə ümid bəsləmək olarmı? Nə qədər ki, bizdə sənət bax bu cür həyat sürür, adamlar burdan çıxıb gedəcək...
- ...və onları da buna görə mühakimə etmək olmaz...
- Heç bir halda! Allaha şükür ki, sovet epoxası keçmişdə qaldı, o zaman səni hədələyirdilər:yalnız burda oxu, belə oxu-filan! Axı bu sənin səsindir, bu səsi sənə partiya və hökumət yox, bütün dünya-aləmin tək hakimi Allah verib; deməli, sənin öz səsindən istədiyin yerdə istifadə etmək haqqın var. Bu sənin şəxsi işindir. Əsas məsələ budur ki, öz ata yurdunu, ocağını yaddan çıxarmayasan, öz evini, doğma həyətini, yaxınlarını və dostlarını unutmayasan. Gəl, təmasda ol, yenidən qayıt ora, işlə, harda rahat və sərfələdirsə, orda işlə! Düz demirəm?
“OBXSS”dən OLAN UŞAQLAR DƏRHAL BAŞA DÜŞDÜLƏR Kİ, MƏN TƏMİZƏM, MƏNƏ SADƏCƏ TOR QURUBLAR”
- Tamam düz deyirsiz! Yeri gəlmişkən, İosif Kobzon mənə dedi:”Elə bilirsən, Müslümün həyatı hamar olub? Onu az qala gözdən salmışdılar, Andropov olmasaydı, məlum deyildi taleyi necə olacaqdı...”
- Hə, sarsaq bir oyun idi...Bnir solo konsertə görə mənim rəsmi qonorarım təxminən 200 rubldan bir az çox idi; impresario Leonidov 45 minlik tamaşaçısı olan stadionda çıxışıma görə mənə bundan üç dəfə çox qonorar təklif elədi. O məni inandırdı ki, SSRİ Mədəniyyət nazirliyinin qərarına əsasən, çoxminlik auditoriya qarşısında iki-üç mahnı oxumağa görə üçqat qonorar verilir, deməli, mənə də düşür 600 rubl. Sadə hesabdır, lakin...Məlum oldu ki, Mədəniyyət Nazirliyinin bu barədə heç bir əmri yox imiş, axı mən bunu bilmirdim. Buna görə də Rostova getdim və konsertdə oxudum...Beləliklə, o dövr üçün əməlli-başlı məbləğ qazandım, daha sonra “Penza işi” ortya çıxdı; orda konsertin administratoru mənim familyamı cədvələ salmışdı, özü qol çəkib pulu götürmüşdü. Məni “OBXSS”-ə (sosialist mülkiyyətini oğurlayanlara qarşı mübarizə şöbəsi) çağırdılar.”Axı mən Penzada bircə dəfə də olmamışam!” dedim, o zaman şahidlər dəvət elədilər, canlı üzləşdirmə qurdular. “OBXSS”dən olan uşaqlar dərhal başa düşdülər ki, mən təmizəm, sadəcə mənə tor qurublar, Furtsovanın məndən xoşu gəlməyən müavinlərindən biri bu məsələyə görə ayağını iki başmağa soxub dirəndi:”Bu oğlanı gərək nümayişkaranə cəzalandırasan, çox göynən gedir!” Çingiz Sadıxovun da başını ağrıtdılar. “Yaxşı, deyək ki, Maqomayev hələ cavandı, bu incəlikləri bilməyib, axı siz bilirsiniz ki, belə şeylər etmək olmaz!” demişdilər ona. Bizə elə baxırdılar ki, guya biz əməlli-başlı oğru, qulduruq və dövlətin sonuncu rublunu çırpışdırmışıq! Tələb edirdilər ki, bütün pulları qaytaraq...
- ...pullar isə çoxdan sovrulub getmişdi, hə?
- Məsələ heç bunda da deyildi. Əgər mən o pulları qaytarsaydım, deməli, belə çıxırdı ki, günahkaram, səhvimi boynuma alıram. Belə oldu ki, evə, Bakıya getdim, Azərbaycanın Baş Prokuroru ilə məsləhətləşdim, o, hüquqi məsələlər üzrə ən yaxşı mütəxəssis idi. Məndən soruşdu:”Cədvələ qol çəkib pulu götürmüsən?” “Əlbəttə,”- dedim. “Tamam, bir qəpik də qaytarma! Əgər sadəcə pulu alıb cibinə qoysaydın, onda iş başqa yön alardı, belədə aldığın pul sənin təmiz zəhmət haqqındır!” Nə isə...Mədəniyyət Nazirliyində anladılar ki, mənə bir şey edə bilmirlər, o zaman mənə Rusiyada oxumağı bir il qadağan elədilər: qastrollara gedə bilməzsən, radio və televiziyada çıxış edə bilməzsən! Moskvada olmaz, Piterdə olmaz, Azərbaycanda isə mümkündü, buyur, get ora, oxu! “Lap yaxşı!” sevindim,”nəhayət, mən də Konservatoriyanı bitirə bilərəm!”(saysız-hesabsız hökumət tədbirləri və ora-bura qastrol səfərləri ucbatından təhsilimi heç cür başa çatdıra bilmirdim)...
Bakıda yaşadığım müddət ərzində Konservatoriyanın bütün kurs imtahanlarını ekstern verdim və keçdim. Hələ musiqi texnikumunda oxuyarkən aldığm biliklərin faydası oldu, harmoniyadan, ümumi fortepianodan...imtahanları asanca verdim. Ən pisi Sov.İKP tarixi fənniylə bağlı oldu: bir-iki dəfə mühazirələri dinlədikdən sonra anladım ki, yox, bu, mənlik deyil, buna dözümüm çatmayacaq. Bəxtim gətirdi ki, müəllimlərim yaxşı çıxdı, onlar da mənim pərəstişkarım idilər... Yadımdadı ki, onlardan biri soruşdu:”Əmtəə” nə deməkdir? Başladım ki, “əmtəə - o deməkdir ki...” dalını deyə bilmədim, nəsə, özümü birtəhər toparladım, dedim: “Əmtəə o deməkdir ki, onu satırlar və alırlar”. Gördüm professor səmimiyyətlə heyrətləndi. “Hardan bilirsən bunu?” soruşdu. “Necə yəni, hardan?” dedim,- “”bu ki təbii haldı!” Professor güldü, dedi:”Amma futbolçu Eduard Markarov deyir ki, əmtəə ”şmotka”dır, yəni pal-paltar, əski-üskü!”
Nə isə, mən bir aya bütün imtahanları verdim və bir qədər istirahət etməyə qərar verdim; birdən məni hara olsa yaxşıdı, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinə çağırdılar. O zaman sədr Heydər Əliyev idi. Məni sədrin müavini qəbul elədi, elə kandardaca dedi: “Müslüm, səni Moskva tələb edir!” “Tələb edir nədi? Yenə mühakimə edəcəklər?”. “Yox, “KQB”nin yubiley konsertində oxumaq üçün!” dedi. Dərhal burnumu salladım, dedim:”Mən heç hara getməyəcəm! Onlar məni cəzalandırıblar. Mən hələ məzuniyyətdəyəm!” Sədr müavini dedi:”Getməli olacaqsan. Bu Andropov yoldaşın şəxsi xahişidir.” “İstəmirəm”, deyə tərslik elədim, o isə sakitcə, lakin qətiyyətlə bildirdi:”Müslüm Məhəmmədoviç, noolub, sakitləşin! Belə olmaz... Siz Mədəniyyət Nazirliyi ilə dava-şavada olmusuz, “KQB” ilə aranı pozmağı, özü də şəxsən Yuri Vladimiroviç Andropovla münasibətləri korlamağı məsləhət görmürəm...” Razılaşmalı oldum:”Yaxşı...”, o si artıq mənim əlimi sıxdı:”Yaxşı yol. Elə günü sabah biz sizi təyyarəyə oturdub yola salacağıq”. Bununla da mənim “türmə həyatım” uğurla başa çatdı...
- Gəlin Furtsovaya qayıdaq...Bir dəfə siz onunla necə tanış olmanızı xatırlatmışdınız...Bir tədbirdən sonra Xruşov onu sizə tərəf itləyərək deyib: “Get, Katya, get, komsomolçulara züy tut!”
- Yeri gəlmişkən deyim ki, mən komsomolçu olmamışam...
- ...amma Nikita Sergeyeviç bunu bilmirdi. Deyilənə görə, çox güclü SSRİ Mədəniyyət naziri iki artistdən ötrü ölürdü: Yefremov və Maqomayev. Sizi isə nəvazişlə “Oğlan” və “Musik” deyirmiş...
- Yox, yalnız “Oğlan” deyirdi mənə. Mən yalnız uşaqlıq dostlarım üçün “Musik” olmuşam...
- Duyurdunuzmu ki, o sizi təkcə müğənni kimi yox, həm də bir kişi kimi xoşlayır?
- Bu barədə bizim söhbətimiz olmayıb; sadəcə bir neçə hadisədən sonra hiss etmişəm ki, onun məndən xoşu gəlir... Bilmirəm, bunu demək olar ya yox, bir dəfə “Krım şəfəqləri” festivalının bağlanış mərasimi ilə bağlı qəbulda Yekaterina Alekseyevna o qədər içdi ki, özünü pis hiss eləməyə başladı və sərbəst yeriyə bilmədi. Biz artıq üç nəfər qalmışdıq, hamı çıxıb getmişdi; Furtseva, mən və direktor (familyasını unutmuşam)...Məncə, Zimina idi, hə, hə...Bax o qadın mənə dedi:”Müslüm, siz burda yeganə kişisiniz, onu aparmalı olacaqsınız”.
- Siz də apardınız, hə?
- Hə, əlbəttə. Qadın çox yüngül idi...Hardasa yolun ortasında birdən Yekaterina Alekseyevna gözlərini açdı və soruşdu:”Bə niyə mən sizin qucağınızdayam?”... Bir qədər baxandan sonra əlavə etdi:”Di yaxşı, yaxşı, sənə olar, özümüzküsən!” O zaman mən anladım ki, onun mənə qarşı çox böyük iltifatı var. Bir müddət sonra biz birlikdə Kubaya uçduq. Onun ayrıca salonu vardı, salona lazım bildiyi adamları dəvət edirdi. Qonşular araya söz atdılar:”Bəlkə bir az kart oynayaq, hə?” O güldü, dedi:”Yaxşı deyil axı!”. Mən xahiş elədim:”Yekaterina Alekseyevna, noolar, xahiş edirəm, biz bir qədər başımızı qataq da...” Sonra da əlavə elədim:”Bəlkə bir az araqdan... azca vuraq, hə?” Qadın qızardı, dedi:”Oy, uşaqlar, siz məni lap məcbur edirsiz!”. Mənim diplomatım isə ağzınacan araqla doluydu, götürmüşdüm ki, gənc kubalıları qonaq edim. Və biz başladıq, nə başladıq, diplomat çantam boşalanadək içdik. Qısası, yaxşıca vurduq... Beş saatdan sonra təyyarəmiz hansısa qırda dövlətin ərazisində yanacaq doldurmaq üçün yerə endi, adını artıq yadıma sala bilmirəm. Bizim yanımızda oturanların hamısı gözlərini güc-bəla ilə açırdılar, o qədər içmişdilər ki...
- ...o isə dipdiriydi, eləmi?
- Əlbəttə, elə bil heç nə dilinə vurmamışdı, cəld təyyarədən düşdü, tələsə-tələsə yürüyürdü, sonra baxırıq ki, kiməsə müsahibə verir...biz isə güclə yeriyirdik. Budu bax, əsl partiya məktəbi! Onun sağlamlığı da yerindəydi...
- Yuxarılara görünür hər adam düşə bilməzdi, başa düşürsünüz də məni, yəni seçim-filan edirdilər...
- O unikal qadın idi, əsl dəmir ledi...
Kiyev-Moskva-Kiyev
(Kiyevdə çıxan «БУЛЬВАР ГОРДОНА» juranlının 28 oktyabr 2008-ci il tarixli nömrəsində dərc olunub.)
Söhbətləşib:
Dmitri Qordon,
Ukrayna jurnalisti