Yağışdakı pişik - Ernest Heminquey
(hekayə)
Mehmanxanada cəmi iki amerikalı qalırdı. Onlar otaqlarına gedib-gələrkən pilləkəndə rastlaşdıqları adamların heç birini tanımırdılar.
Üzü dənizə baxan otaqları ikinci mərtəbədə idi. Bu otaqdan geniş ictimai park və müharibə abidəsi görünürdü. Parkda hündür palmalar, yaşıl skamyalar vardı. Havalar yaxşı olanda bura həmişə molbertiylə bir rəssam gələrdi.
Palmaların boy atmasını, parklara və dənizə baxan mehmanxanaların parlaq rəngləri rəssamların xoşuna gəlirdi. İtalyanlar uzaq məsafələri qət edərək bura müharibə abidəsini görmək üçün gəlirdilər. Abidə bürüncdən idi və yağışda parıldayırdı. Yağış yağırdı.
Palmalardan yağış damcılayırdı. Çınqıllı yollarda gölməçələr əmələ gəlmişdi. Dalğalar yağışın altında uzun bir xətt boyunca sahilə çırpılır və yağışın altında uzun bir xətt boyunca yenidən sahilə çırpılmaq üçün çimərlikdən geri çəkilirdi. Maşınlar abidənin yanındakı meydançanı tərk etmişdilər.
Meydançanın qarşısındakı kafenin qapısında dayanmış qarson boş meydançaya baxırdı.
Amerikalı qadın pəncərədən çölə baxırdı. Çöldə, onların pəncərəsinin tuşunda, yağışda islanan yaşıl masalardan birinin altında bir pişik vardı. İslanmaqdan qorxan pişik büzüşüb yumağa dönmüşdü.
“Gedib pişik balasını götürəcəm,” – dedi Amerikalı qadın.
“Mən gedərəm,” – deyə təklif etdi yataqdakı əri.
“Yox, özüm gedəcəm. Yazıq pişik elə hey çalışır ki, masanın altında islanmasın.”
Çarpayının ayağında kürəyini iki yastığa verən əri oxumağına davam etdi.
“İslanma,” – dedi.
Qadın aşağı düşdü və mehmanxana sahibinin ofisini ötüb keçərkən kişi ayağa qalxıb ona təzim etdi. Onun yazı masası uzaqda, ofisin axırında idi. Mehmanxana sahibi hündürboy, qoca bir kişiydi.
“İl piove” – dedi qadın. Mehmanxana sahibindən xoşu gəlmişdi.
“Si, si, Signora, brutto tempo. Hava çox pisdir.”
Kişi alaqaranlıq ofisinin ən uzaq küncdəki masanın arxasında dayanmışdı. Qadının ondan xoşu gəlirdi. Onun hər cür şikayətə ciddi yanaşmasından xoşu gəlirdi. Onun qulluğunda durmaq istəyindən xoşu gəlirdi. Onun öz işinə münasibətindən xoşu gəlirdi. Onun yaşlı, geniş sifətindən və iri əllərindən xoşu gəlirdi.
Ona bəslədiyi simpatiya ilə qapını açıb çölə baxdı. Leysan gedirdi. Rezin plaşlı bir kişi boş meydançanı keçərək kafeyə tələsirdi. Pişik sağ tərəfdə olmalıydı. Yağışa düşməmək üçün divar dibiylə gedə bilərdi. Qapının ağzında dayanarkən birdən arxadan bir çətir açıldı. Bu, onların otağına baxan xidmətçi qız idi.
İtalyanca, “İslanmayın” – deyərək gülümsədi. Şübhəsiz ki, xidmətçi qızı mehxanxana sahibi göndərmişdi.
O, öz pəncərələrinin tuşuna çatanacan xidmətçi qızın başına tutduğu çətirin altında çınqıllı yolla addımladı. Masa yerindəydi, yağışda yuyulub açıq yaşıl olmuşdu, ancaq pişik getmişdi. Qadın qəfildən məyus oldu. Qulluqçu qız ona nəzər saldı.
“Ha perduto qualque cosa, Signora”
“Burada pişik vardı…” – dedi amerikalı gənc qadın.
“Pişik?”
“Si, il gatto…”
“Pişik?” – dedi xidmətçi qız gülə-gülə. “Yağışın altında pişik?”
“Bəli,” – dedi qadın. “Masanın altındaydı.” Sonra əlavə etdi: “Ah, necə arzulamışdım onu. Bir pişik balası istəyirdim.”
O, ingiliscə danışanda xidmətçi qızın sifəti dəyişdi.
“Gəlin, sinyora, gedək,” – dedi. “İçəri keçək. İslanacaqsınız.”
“Elədir” – dedi amerikalı qadın.
Çınqıllı yolla geri qayıtdılar, içəri keçdilər. Xidmətçi qız çətiri yığmaq üçün çöldə qaldı. Amerikalı qadın mehmanxana sahibinin ofisini ötüb keçərkən, qoca masa arxasından ona təzim etdi. Qadın içində nəyinsə kiçildiyini və sıxıldığını hiss etdi. Mehmanxana sahibinin davranışlarıyla qadın özünü gah kiçik, gah da həqiqətən lazımlı hiss edirdi. Bir anlıq elə bir hissə qapıldı ki, son dərəcə lazımlı adamdır. Pilləkənləri qalxdı. Otağın qapısını açdı. Corc çarpayıda uzanmışdı, oxuyurdu.
“Pişiyi götürdün?” – dedi, kitabı qırağa qoyaraq.
“Getmişdi.”
“Görən, hara gedib?” – dedi, gözlərinə dinclik verərək.
Qadın çarpayıda oturdu.
“Onu elə çox istədim ki…” – dedi. “Heç özüm də bilmirəm niyə bu qədər istədim onu. O zavallı pişik balasını istəyirdim. Yağışın altında qalan pişik balası olmaq yaxşı şey deyil.”
Corc yenə oxumağa başlamışdı.
Qadın ayağa qalxdı və gedib paltar şkafının iri güzgüsüylə qabaq-qənşər əyləşdi, əlindəki aynada özünə baxmağa başladı. Özünə profildən baxdı, əvvəl bir tərəfdən, sonra o biri tərəfdən. Sonra başının və boynunun arxasına baxdı.
“Səncə, saçımı uzatsam necə olar?” – deyə soruşdu, yenidən öz profilinə baxa-baxa.
Corc başını qaldırdı və cavan arvadının oğlan kimi kəsilmiş qısa saçını gördü.
“Mənim elə bu cür xoşuma gəlir.”
“Mənsə bezmişəm artıq. Oğlan uşağına oxşamaqdan bezmişəm.”
Corc çarpayıda vəziyyətini dəyişdirdi. O, danışmağa başlayandan bəri gözlərini arvadından ayırmamışdı.
“Çox gözəl görünürsən” – dedi.
Qadın güzgünü komodun üstünə qoyub pəncərəyə yaxınlaşdı, çölə baxdı. Axşamlayırdı.
“İstəyirəm saçlarımı sıx və hamar şəkildə arxaya darayım. Boynumun arxasında hiss edə biləcəyim yekə bir düyün istəyirəm. İstəyirəm dizimin üstə bir pişik balası olsun, sığalladıqca miyoldasın…” – dedi qadın.
“Hə?” – dedi Corc çarpayıdan.
“İstəyirəm öz gümüş qab-qacağımda yemək yeyim, istəyirəm masada çoxlu şam olsun. İstəyirəm yaz gəlsin, çöldə oturub güzgü qabağında saçımı darayım. Pişik balası istəyirəm və təzə paltarlar istəyirəm”
“Bəsdir, az danış, götür nəsə oxu” – dedi Corc. Oxumağa davam etdi.
Arvadı pəncərədən çölə baxırdı. Hava əməlli qaralmışdı və palma ağaclarından hələ də yağış damcılayırdı.
“Mən pişik istəyirəm,” – dedi qadın. “Pişik istəyirəm. Bu saat bir pişik istəyirəm. Əgər uzun saçlarım və əylənəcək heç nəyim yoxdursa, heç olmasa pişiyim olsun.”
Corc qulaq asmırdı. Kitabını oxuyurdu. Qadın pəncərədən çölə, artıq işıqları yanan meydançaya baxırdı.
Birdən qapı döyüldü.
“Avanti” – dedi Corc, mütaliəsini yarıda kəsərək.
Xidmətçi qız idi, qucağında ala-bula bir pişik vardı. Pişik bərk-bərk ona sığınmışdı.
“Bağışlayın,” – dedi qız. “Müdür tapşırdı ki, bu pişiyi sinyoraya gətirim”
Tərcümə edən: Qismət