Nikolay Rerix - Kitabı sevin!
(esse)
Əgər biz Mədəniyyət haqqında düşünürüksə, deməli Gözəllk və onun yaratdığı Kitab haqqında düşünürük.
Bizim həyatımızı bəzəyən və yaxşılaşdıran incəsənətlər arasında ən qədimi və ən təsirlisi kitab sənətidir. Ən qədim dövrlərdən insanları mixi yazılarına, heroqliflərə, sehrli Çin işarələrinə və bütün rəngarəng manuskriptlərə belə nəfis və qayğıkeş forma verməyə nə məcbur etmişdi?
Bu ehtiyatlı, sevgi dolu münasibət təsvir etmək düşüncəsinin vacibliyindən qaynaqlanırdı. Ən yaxşı biliklər, ən böyük güc bu gözəl abidələr üçün nəzərdə tutulurdu, o abidələr ki, yüksək yaradıcı nümunələrin yanında ədalətli yer tuturlar.
Manuskriptlərin mahiyyətinə və zahiri görünüşünə görə kitablar haqqında biz onları yaradan dövr, zaman, mərhələ baxımından fikir yürüdə bilərik.
Yalnız ona görə yox ki, insanlar əl yazısına çox vaxt ayıra bilirdilər, ona görə ki, ibrətamiz abidələrin insanları vəcdə gətirməsi onların öz cəhd və nailiyyətlərini təsvir etməsinə təkrarsız keyfiyyət bəxş edirdi.
Amma yalnız əlyazmalar kitablara yeni keyfiyyət bəxş etməyib. Kitab çapının da zamanı gəlib. Məgər biz deyə bilərikmi ki, bu kütləvi vasitə də xalqların inkişafına xidmət edən yüksək sənət əsərləri bəxş etməyib?
Yalnız 17-ci və 18-ci əsrlərin nəfis nümunələrində deyil, həm də bir çox müasir nəşrlərdə incə zövqün ənənələri qorunur.
Kağızların keyfiyyəti, şriftlərin nəfis inandırıcılığı, cümlələrin sətirlərdə cazibədar yerləşməsi, naxışların dəyəri, nəhayət, bəzəkli kitab cildinin sanballı yaraq-əsləsi kitabı evin əsl xəzinəsinə çevirirdi. Heç bir məişət fırtınasının əzib-korlaya bilmədiyi kitab cildi əsl sərvət idi.
Deyirlər, kağızın müasir istehsalı onu bir əsrdən artıq qoruyub saxlaya bilmir. Bu əlbəttə ki, kədərlidir. Yaxşı olardı, alimlər qazlar vasitəsilə “bəşəriyyət” üçün müharibə ixtira etmək əvəzinə insan əlyazmalarının daha yaxşı mühafizəsi üçün möhkəm kağız icad etməklə məşğul olardılar. Belə bir kağız tapılsa, biz yenidən kitabın özünün incəliyinə qayıtmaq istəyəcəyik.
Həqiqətdə ən yaxşı tövsiyələr görünüşcə çirkin formada da yazıla bilər. Amma göz və ürək gözəllik axtarır. Bu gözəllik əl xəttindəmi olacaq, ya mətnin, ləkələrin yerləşməsindəmi, diqqətçəkən şəkil başlıqlarında, yoxsa əsaslandırılan sonluqlardamı- kitabın bütün bu mürəkkəb, dərin düşüncə tələb edən kompleksi əsl yaradıcılıqdır.
Yalnız cahillər düşünə bilər ki, kitab çap etmək asandır. Yaxşı kitabı əlbəttə ki, yaratmaq çətindir.
Yaxşı kitabın redaktorunun və naşirinin adı hörmət doğurur. Axı bu düşüncəli insanlar bizi yalnız kitabla tanış etmir, həm də bizə insan ruhunun qığılcımlarının əsl dəyərini qoruyub saxlamaq imkanı verir.
Kitab canlı orqanizmdir. Onun görünüşü bizə redaktorun və kitabda əməyi keçənlərin mahiyyətini deyəcək. Budur, bizim qarşımızda dəyişilməz tövsiyələrin ciddi kitabı var... Bu da pinti-kitab. Bu kitab isə qeyri-ciddi və çürükçüdür. Bu modabaz kitab isə ancaq öz görünüşünə vurğundur.
Bu isə ibarəli sözlərlə boşboğazlıq edir. Bu biri isə insanın özünüdərkinə yol tapmaq istəyən kitabdır. Kitab işinin bütün incə reflekslerini bilərək ətrafdakı kitablara xüsusi həssaslıqla və diqqətlə yanaşmalıyıq- bunlar insan ruhunun aynasıdır.
Amma hər şey həqiqi kooperasiya ilə yaradılır. Biz naşirə - öz işinin ustasına dərin hörmət etməliyik. O da bizdən gözləyir ki, kitabları sevək. Bəzən müasir dekorçuların rəhbərliyi altında qurulan evlərdə kitab şkaflarına yer olmur. Hətta bir çox zəngin evlərdə rəflərə saxta kitabların yerləşdirilməsinin şahidi oluruq. Bu boş kitab qabıqlarının sahibinin insanı sarsıdan ikiüzlülüyünü təsəvvür edə bilirsinizmi?
Bunlar ürəyin və ruhun bəlağətli boşluğunun simvolları deyillərmi? Hələ buduarların masalarının üstündə nə qədər qatı açılmamış kitab müəmmalı şəkildə yatır. Kitabdan xəbərsiz ev sahibəsi isə üz qabığının üstünə yazılmış imzadan necə rəğbətlə söhbət açır. İnsanlar onlara qalan mirası atanda ilk əvvəl kitabları məhv edirlər, zibilliyə atırlar.
Küçələrdə cır-cındır kimi atılmış kitab yığınlarını hamımız görmüşük. Onları atan cahillər heç özlərinə əziyyət verib kitabları açıb baxmırlar ki, nəyi evdən qovduqlarını görsünlər.
Həqiqi ev xəzinələrinin bu faciəli taleyini görən naşir, yazıçı nə hiss etməlidir? Amma burda da bədbin ovqata qapılmayaq. Düzdür, oxucular tərəfindən olduğu kimi, naşirlər tərəfindən də eybəcərliklər olur. Axı indi gözəl, baha olmayan, sadəliyi, inandırıcılığılı ilə diqqət çəkən nəşrlər var.
İnsan yüksəlişinin ən yaxşı təsvir edilmiş nişanlarını fədakarlıqla toplayan kitab həvəskarları meydana çıxır. Ola bilər, məhz indi oxucu ilə naşir arasındakı əməkdaşlığın vacibliyini vurğulamaq lazımdır. Hətta bizim məhdud məişətimizdə də hər bir evin həqiqi dəyərinə layiqli yer tapmaq lazımdır. Yaxşı kitabları toplayıb öz şüurunu onun keyfiyyətiylə incələşdirən insanlara da təbəssüm bəxş etmək lazımdır.
Kitab ətrafında təcili əməkdaşlıq yaratmaq və onu evimizin ən gözəl guşəsinə yenidən daxil etmək lazımdır. Bəs bunu necə edək? Şüşəyə dönmüş ürəklərə necə yol tapaq? Amma biz əgər Mədəniyyət haqqında fikir yürüdürüksə, deməli Gözəllik və gözəllik haqqında olan kitab haqqında fikir yürüdürük.
Uzaq Tibet evlərində, müqəddəs guşələrdə, kitab çapı üçün kəsilmiş lövhələr saxlanılır. Evin sahibi sizə qiymətli əşyalarını göstərdikdən sonra sizi bu mötəbər guşəyə aparacaq və qürur hissilə bu mənəvi kəşfləri göstərəcək. Əgər görsə ki, onun nəcib kolleksiyasının sevincini bölüşürsünüz, bu lövhələrdən sizin üçün də nüsxə çxarmağa razı olar.
Mən nə zamansa yazmışdım ki, Şərqdə ən dəyərli hədiyyət kitab sayılır. Bu ruh yüksəkliyi yaratmırmı?
Əgər biz dostlarımıza “Kitabı sevin”, “Kitabı ürəkdən sevin və onu dəyəriniz bilin” deyiriksə, deməli biz bu qədim nəsihətdə insan ağlının səylə mədəniyyət axtarışlarına çıxdığı bu günlərdə məhz nəyi israrla axtarmalı olduğumuzu vurğulayırıq.
Kitabı sevin!
...Qədimlərdə deyildiyi kimi, kitab dünyanı dolduran müdriklik çayıdır. O kitab ki, hələ yaxın zamanlarda onun çapını həyəcanla gözləyirdilər və ən yaxşı nəşrlərini qoruyurdular. Kitab həvəskarlarının bu müqəddəs həvəsi fanatizm və mövhumat deyildi, onda Gözəlliyi və Biliyi birləşdirən bəşəriyyətin ən dəyərli cəhdi öz əksini tapır. Kitabın üstünlüyü haqqında düşünmək məqamı gəlib çatıb. Ehkamlaşdırmadan, gərəksiz yerə demədən, yalnız təcili ehtiyac olduğu üçün təkrar edirik:
Kitabı sevin!
Tərcümə edən: Günel Natiq