Kənan Hacı yazır: Cins dövrünün qurbanları |MANERA.AZ
“Kim ki, həqiqətən vicdanla yaşayırsa, ona ölümlərin ən yaxşısı nəsib olsun”.
Spinoza
“Odenburqa məktub əsərindən
Gürcü nəsrinin qəribə energetikası var. Bunu hələ uzun illər bundan öncə Nodar Dumbadzeni oxuyanda hiss etmişdim. “Kukaraca” povestində kolorit fontan vurur, sadə gürcü insanının gündəlik yaşamı, ənənədən qaynaqlanan davranışları, sovetlərin təbirincə desək, əxlaq kodeksinin xırda hadisələrlə əyani formada təqdim olunması oxucunun yaddaşında dərin iz buraxır. Dumbadze obrazları işləyərkən arxetiplərə əsaslanır. Bu da qəhrəmanların canlı, diri alınmasına yardımçı olur.
Dumbadzenin dinamizmi nəfəskəsicidir.
Yeniyetmə vaxtı onun “Ağ bayraqlar”ı əlimə keçmişdi. O zamanlar onun əsərləri bütün postsovet məkanında əl-əl gəzir, oxunurdu. O, sadə gürcü insanının həyatını yazırdı. Onun realizmi hakim ideologiyaya deyil, həiqqətə xidmət edirdi. Dumbadze məhz buna görə sevilirdi.
Ümumiyyətlə, acı gerçəklikləri incə yumorla təsvir etmək gürcü nəsrinin sanki boyuna biçilib. Qrotesk, sarkazm bədii mətnin içində yüngül hava kimi dolaşır, bəzən də yandırıcı küləyə çevrilir. Bu da gürcü ədəbiyyatının Avropaya inteqrasiyasını şərtləndirən əsas amillərdəndir. Bu barədə layiqli qiymətini almamış tərcüməçi, ədəbiyyatı dərindən bilən söz sərrafı, rəhmətlik Həmzəli İlyas ilə dəfələrlə söhbətlərimiz olmuşdu. Həmzəli İlyas gürcü nəsrinin keçdiyi inkişaf yolundan xəbərdar adam idi. Həmişə deyərdi ki, gürcü ədəbiyyatı modernizmə bizdən çox erkən adladı və onların dünyaya çıxışı da çox rəvan şəkildə baş verdi. Bu da tamamilə başqa söhbətin mövzusudur.
Bu yazını yazmaqda məqsədim heç də Nodar Dumbadzenin yaradıcılığını təhlil etmək deyil. Artıq gürcü nəsrinin klassikinə çevrilən bu bənzərsiz yazıçını mənə xatırladan onun xələfi, müasir dövrün prozaiki David Turaşvili oldu. O, Dumbadze və Qoderzi Çoxelidən sonra məni sözün yaxşı mənasında heyrətləndirən üçüncü yazıçıdır.
“Cins dövrünün uşaqları” romanını oxudum və şişirtmədən deyim ki, güclü sarsıntı keçirdim. Son dərəcə sadə, sadə olduğu qədər də ağır, mürəkkəb əsərdir. Son dövrdə məni bu cür silkələyən əsər oxuduğumu xatırlamıram.
Təsəvvür edin, stolumun üstündə antidepressant və ürək dərmanları ola-ola belə bir əsəri oxumaq nə deməkdir. Dostumuz, psixiatr Orxan Fərəcli bu tipli əsərlər oxumağı mənə qəti qadağan edib. Amma “Cins dövrünün uşaqları” məni bu qadağanı pozmağa məcbur etdi.
Sovet ideologiyasının iç üzünü açan bu tipli realist əsərlər rejimin amansızlığını tarixin quru statistik rəqəmlərindən daha aydın, daha dəqiq, təfərrüatı ilə əks etdirir.
Azad ruhlu yeddi gənc bir gün Sovet İttifaqından – millətlər koloniyasından xilas olmaq üçün təyyarəni qaçırmaq qərarına gəlirlər. Onların ruhani ustadı Tevdore ata bu plandan tamamilə xəbərsizdir. Lakin əməliyyat uğursuzluqla nəticələnəndə həmin gənclərlə birlikdə rahibi də həbs edirlər. Tevdore ata gəncləri xilas etmək üçün bütün məsuliyyəti öz üzərinə götürür. Lakin rejimin qəddarlığına baxın – rahiblə birgə onların hamısına (Tina adlı qız istisna olmaqla) ölüm hökmü kəsilir. Gənclər bu hökmü mətanətlə qarşılayırlar. Yazıçı onların ruhi-hissi yaşantılarını demək olar ki, təsvir etmir. Amma situasiyadan görünür ki, gəcnclərin psixoloji durumu sabitdir. Onlar özlərini daxilən bu hökmə hazırlayıblar. Obrazların təmkini, soyuqqanlılığı oxucuya da sirayət edir.
Tina bu əməliyyatda iştirak edən Gega adlı gəncin nişanlısıdır. Hamilə olduğu üçün onu həbs etməkdə çətinlik çəkirlər. Çıxış yolunu hələ dünyaya gəlməmiş körpəni məhv etməkdə görürlər.
Dostoyevski yazırdı ki, “əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaq”.
Uşağı məhv edilən Tinanın hüdudsuz iztirablarını yazıçı son dərəcə xəsisliklə təsvir edir. Lakin bu bir cümlə qızın daxili üsyanını dəqiqliyi ilə ifadə edir: “Tina ağlayırdı, dərin yuxuya getsə də, ağlayırdı”.
Turaşvili yazır ki, “kitab – başqa şeydir, kino – başqa şey”. Mən isə səhifənin kənarına bu sözləri yazdım: Həyat isə tamamilə başqa şeydir.
Oğulları həbs edilən ata başçı ilə görüşə cins şalvarını geyinib gedir. Cinsin sovet ölkəsində qadağan edildiyi dövrdə bu, atanın etirazını ifadə edən bir hərəkətdir. Onun gücü yalnız buna çatır.
Haşiyə. Əsərdə tipik sovet ziyalısının, alimin xarici ölkəyə gedərkən oğluna amerikan cinsi alması (DTK belə azad seçimləri xoşlamırdı və bağışlamırdı) və dəhşətli qorxuları təsvir edilir.
İmperializmin bir elementi hesab edilən cins ölkə üçün təhlükə hesab edilirdi. Bunları oxuduqca nə qədər absurd bir sistemin içində yaşadığımızı və belə lüzumsuz qadağaların nə qədər insanı həm mənəvi, həm də fiziki baxımdan şikəst etdiyini düşünürəm və psixoloji olaraq sıxıntı hissi keçirirəm.
Vaja Mərkəzi Komitənin binasına cins şalvarda daxil olan ilk və yeganə şəxs idi. Başçı ona: “oğullarınızdan birini xilas edə bilərəm” – deyir.
Vaja cavab verir: “Yalnız öz oğullarımın həyatına görə xahiş etməyə haqqım yoxdur, o birilər onlardan çox günahkar deyillər”.
Ata hamı üçün hökmün dəyişdirilməsini xahiş edir. Təbii ki, onun xahişi qəbul edilmir. Tinadan başqa, uşaqların hamısı güllələnir.
“Onlar indi şər dolu dünyadan çox-çox uzaqda idilər və uçub getməyi o qədər çox arzulamışdılar ki, həqiqətən uçub getmişdilər...”
Davit Turaşvili əsəri bu cümləylə bitirir. Burda heç bir söz oyunundan söhbət gedə bilməz. Söz oyunu obrazların ruhunu incidə bilərdi və yazıçı totalitarizmin qurduğu tamaşanın ssenaristlərini ifşa edir. Bu tamaşanın qurbanları cins dövrünün uşaqları oldu...
Bu roman həm də sosializm erasının qürubu haqqındadır.
Kənan HACI