manera.az
manera.az

Həvvanın qızıl tükləri... | MANERA.AZ

Həvvanın qızıl tükləri... | MANERA.AZ
MANERA.AZ Rəşid Bərgüşadlının romanından II hissəni təqdim edir:

ƏVVƏLİ BURADA
* * *

İblis Həvvanın başına sancdığı doğma tüklərin qoxusunu almışdı – bilirdi ki, Həvva onlara tərəf yaxınlaşır. Adəm isə, – Dionis xəbər gətirdi ki, – “Ərəbistan çöllərində sərgərdan gəzir”. Adəm və Həvva yeraltı mağaranın yolunu tapsaydılar, ozon qatını yarıb onların yanına keçə bilərdilər. İblisin əlində güclü silahı vardı – Həvvadan çəkdiyi üç qızıl tük. Bu tükləri Həvvanın bətnində Yerə keçirmək çox asan iş idi. Başındakı şeytan tükü mütləq İblisə doğru çəkəcəkdi Həvvanı. Bunun tilsimini İblis bilirdi. Di gəl ki, Həvva cənnətdən qovulduqdan sonra tövbəliydi, İblisə lənət oxuyurdu və onu görməkdən min ağac uzaq qaçardı.
– Bir qadına, ancaq başqa bir qadın dərindən bələd ola bilər, – İblis Heranı gecə xəlvətdə yanına çağırmışdı, – Həvvanın zəif yeri qısqanclığıdır. Sən isə qadın ifritəliyinin ustasısan. Sənin işin Həvvanı Yer üzündən biz tərəfə keçirmək olacaq. Adəm isə Həvvanın qoxusunu ayda bir dəfə alır, harda olsa, Həvvanı özü tapacaqdır...
– Baş üstə, rəbbim! – Hera çoxdan idi əsl qadınlıq etmirdi, indi bir işə yaradığına sevindi, – Həm də xəbərin olsun ki, Yer üzündə qanı qanımızdan olan sadiq sevgilim var, lazımın olsa, ondan da istifadə edə bilərik...
– Ay səni, fitnəkar qadın! – İblis mat qalmışdı, – bəs, necə keçirmisən Yer üzünə?
– Birinci Böyük Lənətdən qabaq. Zevs elə bilirdi ki, xəyanət etməyi tək o bacarır... Amma səndən bir ricam olacaq.., məni mümkün qədər tez Yer Üzünə keçir. Burda bağrım partlayır...
– Baxarıq. Sən durma, Həvvanı axtar...
– Baş üstə, səxavətli rəbbim!

* * *
...Yalan-gerçək deyirlər ki, Eldənizlə nikahdan Möminə Xatun iki oğlan uşağı doğur – Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan. Qaranlıq işlərin mahir bilicisi olan sultan Məsud Eldənizi Arranın hakimi təyin etdi və onu Möminə xatunla, oğlanlarıyla birlikdə Bərdəyə göndərdi. O zaman Azərbaycanda sultan Məsudun qohumu atabəy Qara Sunqur hakimlik edirdi. Məsud Sunquru özünün varisi elan etmiş və qızını ona vermişdi. Qara Sunqurun keçmişdə Möminə xatunla aralarının yaxşı olduğundan sultan Məsud xəbərdar idi. Düşünürdü ki, – “İlanı seyid Əhməd əliylə tutmaq daha ağıllı və asandır”. Fəqət, heç bir il keçmədi ki, Qara Sunqur “qəflətən” vəfat etdi və Azərbaycanın idarəçiliyi Eldənizin əlinə keçdi. Sunqurun tərəfdarları Eldənizə qarşı qiyam qaldırdı. Eldəniz, bütün qiyamçı rəqiblərini darmadağın edib bütün Azərbaycanı, o cümlədən, oğuz türklərinin ən çox cəmləşdiyi Arran, Gəncə və Ərdəbilı öz tabeçiliyinə keçirdi. Sultan Məsudun vəziyyətlə barışmaqdan başqa çarəsi qalmadı, – “Qadınların ən qorxuncudur Möminə. Şeytana papış tikər. Ondan nə qədər uzaq dursaq, o qədər başımız salim olar. Şeytan tükü var o qadında – həm iblisdir, həm mələk. Kaş, onun kimi ağıllı, hiyləgər, siyasətcil vəzirim olaydı...”

* * *
Oğuz türklərinin tanrıya tay tutduqları yaşlı, amma, hələ canısulu bir ağsaqqalları vardı – Dədə Qorqud. Kimsə bilməzdi bu nurani qocanın yaşını. Adamın babasının babasının babasından soraq verərdi. Oğuzun canlı yaddaşıydı Qorqud dədə. Biri yaşını “beş yüzdür” deyirdi, digəri min yaş verirdi... Oğuzun bütün tayfaları uludan ulu Dədənin hörmətini hər şeydən üstün tutar, onsuz bir müşkülün həllinə girişməzdilər. Bircə dəfə əsasını yerə vurub, – “Olmaz!” hökmünü verdisə, ulusda kimin nə haqqı vardı onun Sözünü çöndərə, qan qardaşıyla təzədən ədavət apara. Ya da, – “Olsun!” deyib igidlərə ad qoyar, oğlanlara qız seçər, sonra da qopuz çalıb xeyir-duasını verərdi. Şahlar, xanlar, bəylər Qorqud Dədənin Oğuz elində elçiləriydilər. Onun sözü Oğuz ulusunda qanundu. O, qeybdən xəbər alar, Oğuzu gözləyən qəzavü-qədərdən hamıdan tez duyuq düşər, vaxtında məşfərət çağırıb tədbir tökərdi. “Qorqud Dədə durduqca, Oğuz elinə zaval yoxdur” – deyirdilər...
Eldəniz də Qorqud Dədənin əlini öpüb, xeyir duasını alıb taxta oturmuşdu. Bir gün Qorqud Dədə Eldənizi ovda tutub onu bəzi işlərdən xəbərdar elədi, – “Ulaşıban sular daşsa, dəniz olmaz. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən, qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Ər malına qıymayınca adı çıxmaz. Oğul atadan görməyincə süfrə çəkməz. Yad oğulu saxlamaqla oğul olmaz – böyüyəndə atıb gedər, gördüm deməz”. Qorqud Dədə ona dedi ki, – “Nə Məhəmməd Cahan Pəhləvan, nə də Qızıl Arslan səndən deyil. Möminə xatun bu uşaqların ikisini də atabəy Qara Sunqurun toxumuyla mayalayıb”. Eldəniz başını yerə dikib susdu. “Əgər istəyirsənsə ki, üçüncü uşaq səndən olsun, dediklərimə əməl elə. Şuşa dərəsində bir alma bitir, adına cənnət alması deyirlər. Gündoğana baxan yanağı qırmızı almadır. Ancaq sübh tezdən şeh düşəndə yetişir. Onun təzə dəymiş meyvəsini səhər-səhər şeh çəkilməmiş dərib yeyərsən. Sonra da Möminə xatunun yatağına girib onu boylu edəndən sonra xatunu bir il saraydan bayıra çıxmağı yasaq edərsən ki, sənin toxumunu başqasınınkıyla qarışdırmasın. Qızın olacaq. Bu qız sənin dövlətini İraq əmirlərinin gələcək fitnələrindən qoruyacaq tək ümiddir. Doğulan kimi qızını İraq şahzadəsi Arslan Şaha zövcə əhd edərsən”. Eldəniz başını qaldırdı, – “Sözün başımın tacıdır, ululardan ulu dədəm. Allah sənə qıymasın, başımızdan əskik olmayasan” – ehtiramla təzim etdi. “Xeyir-duanı da özüm verirəm: Uca taxtın yıxılmasın! Böyük kölgəlik alma ağacın kəsilməsin! Div sümüklü atanın əcri yüngül olsun! Ağ birçəkli göyçək ananın yeri cənnət olsun! Oğuz ellərin əlbir olsun! Axır vaxtında təmiz imanın nəfsə güdaz getməsin! “Amin! Amin!” deyən üzlər görsün! Yığışdırıb saxlasın günahınızı, adı gözəl Məhəmməd Mustafanın üzü suyuna bağışlasın!” – əsasına söykənib oturduğu kötükdən qalxdı, – “Sənin adın heç xoşuma gəlmir, bu gündən sənin də adını dəyişib Şəmsəddin qoydum, adınla şərəflən” – asta addımlarla ağaclıqda gözdən itdi.
Ovdan qayıdan atabəy Eldəniz qalxıb mışıl-mışıl yatan oğlanlarının ikisinə də diqqətlə baxdı və gördü ki, həqiqətən, bircə qırıq da olsun onun özünə çəkəcəkləri yoxdur – ikisi də ay parçası kimi gözəl-göyçək oğlanlardır. Hirs təpəsinə vurdu, içini qurd gəmirdi. O gündən sonra Möminə xatundan qanı soyudu...

* * *
Hera hələ gənc qız ikən qardaşı Zevs ona dəli kimi vurulmuşdu. Qız əvvəlcə anasından çəkinmişdi, amma, əl-ayağına dolaşan qardaşına da rəhmi gəlirdi. Onun evlənmək təklifilə sonda razılaşmışdı. Zevslə Heranın nıkahı uzun illər gizlin qalmışdı. Hera hər il Kanaf bulağında çimərək təzədən bakirə olurdı. O, Olimpin ən qadir ilahəsi sayılsa da, əri Zevsə tabe idi. Onun tez-tez ərini qısqanması Zevsi çox qəzəbləndirirdi. Hera mərhəmətli olduğu qədər, həm də, qəddar qadın idi. Ərinin sevgililərinə və qanunsuz uşaqlarına qarşı çox amansız idi. Hətta, Zevsdən hamilə qalan ilahələrə doğmağı qadağan edirdi. Aiginanı qaçırandan sonra Zevsin sevgisinin haqq-hesabını xeyli çəkməli olmuşdu. Aiginanın gözəlliyinə söz ola bilməzdi. Odur ki, bu dəfə ərinin şorgözlüyündən lap təngə gələrək ondan ayrılmaq qərarına gəlmişdi və evdən baş götürüb getmişdi. Zevs nə qədər ayağına gəldi, yalvardı-yaxardısa, yenə də geriyə dönmədi. Bu zaman müdrik Kiferon Zevsə yalandan toy etməyi, “təzədən evlənməyi” məsləhət görmüşdü. Bundan xəbər tutan Hera dərhal toy məclisinə gəlib, gəlinin paltarını cırıq-cırıq etmişdi. Hiyləni başa düşən Hera buna sevinərək Zevslə təzədən barışmışdı.
İndi əsas rəqibi Aiginanın ölümsüzlüyünə son qoyan İblisin tapşırığını can-başla yerinə yetirməkdən qürur duyurdu. İblis onu hop-hop quşuna çüvirmiş, Həvvanın qızıl tüklərini ona vermişdi. Hera ozon hasarı boyunca iki gün qanad çalmış, sonda Qaf dağına çatmışdı.
…Həvva Yer üzündəki bütün qoxulardan məhrum idi. Bir tək cənnət nişanələrinin qoxusunu ala bilirdi. Adəmin səmtini fəhmlə tutub gedirdi. Təzəcə aybaşı olub qurtarmışdı. Dəclənin sularında qüsl alırdı. Birdən burnuna cənnətin qoxusu gəldi, – “Odur! Adəmdir, o da məni axtarır!” – suyu süzülə-süzülə qoxu gələn tərəfə götürüldü, – “Adəm, burdayam!!!”...
* * *

Atabəyin oğlanları yekəlib igid cəngavərlər olmuş, döyüşlərdə ad çıxarmışdılar. Eldəniz aramsız döyüşlərdən yorulmuşdu. Azərbaycanın ağzını bir yerə yığmışkən, yayın bin-bərəkət vaxtı kür-külfətini də götürüb Şuşa qalasına yerləşdi. Adamlarını göndərdi, alma ağacını tapdı və ətrafını çəpərlədib tapşırdı ki, bu gündən bura Şəmsəddin Eldənizin şah bağıdır və bura heç kimin girməyə ixtiyarı yoxdur.
Almanın yetişən vaxtı gələndə atabəy sübh ertədən bağa getdi ki, almadan yesin, gördü ki, ağacda bir dənə də olsun yetişmiş alma qalmayıb – almalar dərilib. Kor-peşiman geri qayıtdı. Bir gün belə, beş gün belə, axırda atabəy təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş əydi, – Ata, sənə fəda olum, mənə görə nə qulluq?
Atabəy dedi:
– Belə də iş olar?! Atabəy mən ola-ola bağımdakı almaya həsrət qalmışam, öz almamdan yeyə bilmirəm. Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, lazımınca tənbeh edək.
Cahan Pəhləvan atasının əlindən öpüb çıxdı. Gecə düşəndə dava libasını geyinib, ox-kamanını götürüb bağa getdi. Oğlan bir saat gözlədi, iki saat gözlədi, beş saat gözlədi, sübh – alma yetişən vaxt yuxu onu tutdu. Addım səslərinə yuxudan ayıldı ki, gələn atasıdır. Baxdılar ki, ağacda yetişmiş alma yoxdu – yenə kimsə dərib. Cahan Pəhləvan utandığından az qaldı yerə girsin. Ata-bala kor-peşiman, əliboş evə döndülər. Axşamüstü atabəy ikinci oğlunu çağırdı. Qızıl Arslan atasının qarşısında baş əyib müntəzir dayandı, – “Buyurun, mehriban atam, məni əmr etmisiniz. Gərəkdirsə, başımı verim”...
Atabəy hirsləndi:
– Neynirəm sizin kimi kütbeyin qardaşların başını?! Bu nə yeyəsizlik, özbaşınalıqdır! Kimdir bu cürətin yeyəsi ki, bağımdakı almaya həsrət qoyub məni! Öz almamdan yeyə bilmirəm! Yetişən kimi, biri, meyvələri dərib aparır. Fərsiz qardaşın div yuxusuna getdi – oğrunu tuta bilmədi. Göstər şücaətini görək, səndəmi yatağansan? Tap bu alma oğrusunu, as dar ağacından!.
Qızıl Arslan:
– Ölərəm də, oğrunu yaxalamasam çimir yatmaram, – dərhal mürəxxəs oldu.
Qızıl Arslan gecə düşəndə dava libasını geyinib, ox-kamanını götürüb bağa getdi. Bir saat gözlədi, beş saat gözlədi, sübh – alma yetişən vaxt yuxu onu da tutdu. Addım səslərinə yuxudan ayıldı ki, gələn atasıdır. Baxdılar ki, ağacda yenə yetişmiş alma yoxdu – yenə kimsə dərib. Qızıl Arslan çox pərt oldu. Şəmsəddin Eldəniz oğlunun üzünə tüpürdü, – “Sizin kimi vələdi olmaz olaydi, murdar toxumdan törəmişlər!”.
...Ağacın üstündə üç alma qalmışdı. İş-işdən keçməmiş qərar verdi ki, növbəti gecə almaya üçü birlikdə keşik çəksinlər. Oğlanlarının ikisini də götürdü, yaraqlanıb-yasaqlandılar, alma ağacının gövdəsinə söykənib gözlədilər. Şeh düşməyə təzə başlamışdı, atabəyi yuxu apardı, Cahan Pəhləvan çişə ayrıldı, Qızıl Arslan da baş barmağını çərtib yarasına duz basırdı ki, yuxusu qaçsın, bir də gördü, bir quş ağacın üstündən “şap-şap” havalandı, hər caynağında da bir alma. Ağacda qalmış axırıncı alma isə Qızıl Arslanın təpəsinə düşdü. Oğlan quşun zəhmindən “ah” çəkdi, dili qatlandı və bayılıb yerə sərildi, – “bu gün ölmüsən, ya, sırağagündən?”. Cahan Pəhləvan səsə tez atasını hayladı, yerdə partlamaya düşən qardaşının çiyinlərindən tutub silkələdi, haray-həşir saldı. Qızıl Arslanın köpüklənən ağzını selikdən təmizlədilər, dilini çəkib çıxartdılar. Arslan özünə gələndə, baxdılar ki, gədənin halı özündə deyil – elə bil, yazığı cin vurub. Bir də yuxarı baxdılar ki, ağacın başında bircə alma da qalmayıb. Yerə düşən alma da kaldır. Cahan Pəhləvan nə qədər and-aman elədisə, atabəy ona inanmadı, elə bildi ki, övladları yenə yuxuya gedib, oğrunu tuta bilməyiblər və yalandan “quş” nağılı danışırlar. Hirslə kal almanı gəmirdi. Saraya girən kimi də mühafizlərə əmr elədi ki, oğlanlarını on gün zindana salsınlar. Özü isə yuxulu Möminə Xatunun yatağına təpildi. Yazıq qadın sıvırıq oldu, al qanına bələndi. Şəmsəddin min əzabdan sonra muradına çatıb rahatlandı və arxasını çöndərib yatdı.

* * *
Qaf dağının başında bir şanapipik üzü Yerə tərəf durmadan ötürdü, – “quk-qu, quk-qu...”. Həvva hop-hopun səsini istinad götürüb madyan kimi dincini almadan ona sarı qaçırdı. Quş uzaqdan Həvvanı izləyirdi. Qızın yaxınlaşdığını görüb ətəklərdəki çərən kollarına tərəf uçdu, budağa qonub əvvəlki yaraşıqlı Heraya döndü. Həvva gəlib iri keçilməz dağa dirəndi. Bu dağ Qaf idi. Qaf dağının dibi və sinəsi Yer üzünə düşürdü, qalanı isə ozon qatının arxasına – Günortaca. Bu dağ yer üzündəki digər dağların anası sayılırdı – dünyanın bütün dağları ona yeraltı damarlarla bağlı idi. Qafqaz dağları da Qafın ətəkləri sayılırdı. Qaf, Günortacla Yer üzü arasında yerləşirdi deyə, iki dünyanın keçidi də buradaydı. Günortac tərəfdən keçidi iki öküz başlı mələk qoruyurdu. Yer üzü tərəfdən isə çıxışı ozon şəlaləsi pərdə kimi örtürdü. Qaf dağının ən hündür zirvəsi şəffaf idi və ucu Göyə dirənirdi. Günortacı öz zirvəsində saxlayan Qaf, həm də, Simurq quşlarının məskəni idi.
...Cənnət qoxusundan Həvvanın gözü dönmüşdü. Bir az nəfəsini dərəndən sonra dağın kələ-kötür çıxıntılarından tutub Qafa dırmanmağa başladı. Yüz metr qalxmışdı ki, gördü, dolayısı axan şəlalə var və yarıyolda əyilib birbaş dərin quyuya axır – elə bil ki, quyu şəlalənin suyunu özünə sümürür. Şəlalənin suyu quyunun alt çıxışından toza-çis olub Qafqazı aşaraq duman kimi Yer üzünə yayılırdı. Ozonun xoş ətri Həvvanı bihuş edirdi. Amma cənnətin tanış qoxusu onu qızmış kəl kimi özünə dartırdı. Daha irəli dırmanmağa tutacaqlar görünmürdü. Şəlalənin altındakı qaraltı diqqətini çəkdi – həmin keçid idi, amma xeyli aralıydı. Həvva nə qədər qıvraq və güclü olsa da, bu məsafəyə tullanmağı heç ağlı kəsmirdi, – “Ey Xudavəndi-aləm, yalvarıram sənə, məni Adəmə qovuşdur. Tək bircə kərə onu görüm, muradıma çatım, ondan sonra canımı alsan da səsimi çıxarmaram. Bilirəm, günahım böyükdür, məndən acığın gəlir. Amma, yalvarıram, mənə güc ver, şəlalənin altındakı o dəliyə çata bilim...” – Üç addım geri çəkilib yay kimi dartıldı, ox kimi havada süzdü. Əli şəlaləyə çatan kimi üzüaşağı şəlaləylə birlikdə quyu onu özünə sümürdü. “Allahü Əkbər! Allahu Əkbər! Allahu Əkbər!” – bağıraraq havayla, suyla əlləşdiyi yerdə, birdən əli ipdən toxunma tora ilişdi – şəlalədən asıla qaldı. Baxdı ki, şəlalə durub və kəndir tora dönüb. Suyun arxasına keçib yuxarı dırmandı. Şəlalədə yellənib dağın döşündəki oyuğa tullandı. Əlini tordan üzən kimi, şəlalə yenə suya dönüb əvvəlki kimi axmağa başladı.
Bu, girintili-çıxıntılı qaranlıq mağara idi. Həvva iki gün mağaranı gəzdi, amma bir çıxış yolu tapa bilmədi. Taqətdən düşmüşdü. Tanış qoxu isə hələ də burnundaydı. Dincəlməyi qərara aldı. Yıxılıb mağarada yatdı. Gözlərini açanda qulağına səs gəldi – kimsə lap yaxında mahnı oxuyurdu. Qalxdı, qulağını səsə tərəf şəklədi. Səs mağaranın içindən gəlirdi, – “Mağaranın ruhu olmasın..?” – dərhal da, – “Bu nə sərsəm fikirdir, yox bir, mağaranın sevgi nəğməsi...”. Amma bu Adəmin səsi deyildi. “Kim var orda?” – durub ehmal-ehmal səs gələn tərəf addımladı. Getdikcə səs yaxınlaşırdı. Dinşədi:

Qocalıram ruhum mənim, canım üçün ağlarsanmı?
Qəfil ölüm kəssə qapım, yollarını bağlarsanmı?
Yavru quşsan, canım qəfəs. Canım ahıl, səndə həvəs.
Bir az da ömür istəsəm, əvəzimdən ölərsənmi?

Birdən mağaranın dəhlizi geniş və hündür bir kahaya açıldı. Ucu-bucağı görünməyən hündürlükdən şəlalə axırdı. Həvvanın üzünə sərin meh vurdu. Əsl yorğunluğu indi çıxmağa başlayırdı. Şəlalənin altında qənirsiz bir gözəl çimirdi. Qızın bədənini elə bil mərmərdən yonmuşdular, – ağappaq dərisi, uzun hörükləri, zərif əndamı, dümdüz, bal daman döşləri vardı. Hayıl-mayıl qalmışdı qızın gözəlliyinə, gördüyü şahanə mənzərəyə. Öz bədəninə baxdı. Doğmaqdan əldən düşmüş arvadlar kimi kobud, gündə qaralmış kirli dərici, cod, pırtlaşıq saçları, kobud əllərini özü də bəyənmədi. “Yox, bu o deyil. İlan cildinə girsə belə, qoxusunu on ağac uzaqdan duyardım. Bu, o məlun deyil. Bəs kimdir?” – qızı doyunca izləmək istəyirdi. Qızın çox məlahətli səsi vardı:

Qəlb evimi sənə verdim,torpaq şumda özüm gəzdim.
Dostusaq əlbir olalım, əhdə vəfa anlarsanmı?
Qoymadım səni əzsinlər, ya da xətrinə dəysinlər.
Əzabını özüm çəkdim, vicdanımı dinlərsənmi?

Qız geri çevriləndə Həvvanı görüb qorxudan qışqırdı, – “İblis! Ya Rəbbim, iblisin şərindən sənə sığınıram! Yaxınlaşma mənə!” – yerdən daş götürüb Həvvaya sarı tulladı. Daş Həvvanın qulağının dibindən yan keçdi. Quruduğu yerdə cana gəldi, – “Qorxma, mən İblis deyiləm, məndən sənə zərər gəlməz. Kimsən sən?”. “Möminəyəm, Yer üzünün tək bakirə qadını. Bəs sən kimsən?” – qız əlində iki daş ehmalca Həvvaya tərəf gəldi. Bədənindən su damcıları süzüldükcə, Həvva onun qadın şəhvətindən cuşa gəlirdi, – “Yalan deyirsən! Yer üzündə məndən başqa qadın yoxdur! Sən İblissən, yenə cildini dəyişmisən!” – o da əlinə daş aldı. Hera Həvvaya 10-15 metr qalmış dayandı, – “Belə çıxır ki, Rəbbim iki qadın yaradıb..? Bu ola bilməz!”. “Mən də onu deyirəm, ola bilməz!” – Həvva daşı qaldırıb Heraya tuşladı. “Dur! Bu kələfi açmalıyıq. Əgər gördüyün kimi iki qadınıqsa, demək, Xudavənd iki qadın yaradıb. Amma niyə? Bəlkə iki Adəm var – hərəmizə biri..?”. Həvvanın əli yavaş-yavaş aşağı düşdü. Cürətlənən Hera çılpaq Həvvaya yaxınlaşdı, onu diqqətlə izləyə-izləyə ətrafında dönüb durdu, – “Mükəmməlsən, sağlamsan, yaraşıqlısan. Doğmaq üçün əsl mükəmməl bədən... Düz deyirsən, Adəmin qabırğasından yaranmısan, torpağınız da eyni yerdən götürülüb – mən Adəmin qoxusunu alıram səndən...”.
– Amma səndən Adəmin qoxusu gəlmir... – Həvva bir neçə dəfə köntöy-köntöy burnunu dartdı, Heranın qoxusunu duymağa çalışdı.
– Bu, Kanaf bulağının şəlaləsidir – şəlaləni göstərdi, – İnsanı təmizləyir, bütün yad qoxuları götürür, həm də qadın bakirəliyini özünə qaytarır, ona görə duya bilmirsən...
– Hardadır Adəm?! Mənə onun yerini de! – Həvva qızın biləyindən yapışdı.
– Yavaş ol, qızmış qadın, qolumu qırarsan! Adəm Ərəfatdadır indi. Nəsə axtarır. Mənə heç nə demir. Bəlkə də axtardığı elə sənmişsən...
Həvva ürəyinə damanları qova-qova Heranın həndəvərində dönüb durdu, – “Yəqin məndən sonra Tanrım səni də yaradıb”
– Amma məni Adəmin qabırğasından yox, Yerin torpağından yox, cənnətin torpağından yoğurub yaradıb. Mən Yer üzünə gəlməmişdən qabaq eşitmişdim ki, Adəm züryətsizmiş. Sən onun qabırğasından yarandığın üçün, Adəmin bacısı, ya da övladı sayılırsan. Allahın Qanunlarına görə isə bacı-qardaş, ata-qız arasında münasibət haramdır. Odur ki, məni, bizim çoxlu övladlarımız olsun deyə yaradıb tanrım.
– Nə vaxt qayıdacaq Adəm? – Heranı dinləməyə səbri qalmamışdı, hirsdən pörtürdü.
– Son vaxtlar Adəm özün çox narahat hiss edir. Axtardığı şeyi tapmayınca, övladımızın olmasını istəmir” – Hera yaman Heraydı. “Yarım məni axtarır, zavallı sevdiyim, vəfasız sevgilim...” – Həvva köks ötürdü. Elə bil içinə od düşmüşdü, sinəsi alışıb yanırdı, – Adəmdən bir nişanə göstər, bilim ki, dediklərin doğrudur.
– Gedək... – Hera çarəsiz dilləndi.
Onlar mağaranın çıxışına doğru yanaşı yeridilər. Çıxışda iri bir qaya vardı və ordan içəriyə xoş ozon yayılırdı. Bura Günortaca çıxış qapısıydı. Həvvanın ciyərləri ozonu götürmürdü – getdikcə Həvvanın havası çatışmırdı, ayaqları yerimirdi, ürəyi bulanır, köksü daralırdı. Hera dayandı, ətrafa göz gəzdirdi, – “Axırıncı dəfə Adəmlə burda sevişmişik...” – əyilib əlini torpağa sürtdü, – “Hə! Bax, Adəmin tükü düşüb bura!” – bir-birinə dolanmış üç tük tapıb qapıdan gələn işığa tutdu, – “Sevişdikdən sonra tüklərimizi bir-birinə doladıq, and verdik ki, heç vaxt ayrılmayaq, ömrümüzün sonunadək bir-birimizə sadiq olaq” – tükləri Həvvaya uzatdı. Tüklərin ikisi ortadan “X” şəklində çarpaz, biri isə “Y” formasında ucdan düyünlənmişdi. Tükləri bir-bir qoxladı, – “Cənnətin qoxusu var. Bəlkə də...” – tükü-tükdən seçəcək qədər ağıllı deyildi Həvva. Hera çixiş daşına pəl vurub açan kimi ozun küləyi Həvvanın ciyərlərini doldurdu və huşunu itirib yerə sərildi...


* * *

O gecə Möminə xatunun çanaq sümüyü yerindən çıxdı, amma boylu qaldı. Xatun onca ayın içində iki özü boyda şişdi. Boynundakı uşağın vaxtı ötürdü deyə, mamaçalar toplaşıb zorla körpəni işıqlı dünyaya gətirdilər. Körpə, oğlan uşağıydı. Sünnətli doğulmuşdu. Göbək ciyəsini əlində tutub “gülürdü”...
O gecə Qorqud dədə yuxusunu yenə qarışdırdı. Sabah açılan kimi başıalovlu qaçdı Şəmsəddinin yanına, – “Ağ sarayı xarab olası! Şahlığın qara göründü! Qatı qəzəb edərəm indi sana, söylə, bədbəxt ağam, vaqeədə gördüyüm düzmüdür!? Məmləkətin qurd-quş, cin-şəyatin, div-əcinnə əlində əsir-yesir qalıb. Yoxsa, işlər nəsə tərs gedib? Söylə, uşaq qızmıdır!?”
Şəmsəddin:
– Hə.., söylədiyin kimi, qızdır – heç tövrünü də pozmadı.
Dədə Qorqud:
– Şükür yaradana, içim yerinə gəldi! Deyəsən yaşlanıram... Uruz elinə tələsirəm. Uşağın adını Məlikə qoyuram”... – gəldiyi kimi də çıxıb getdi.
Atabəy dərhal məmləkətə car çəkdirdi ki, qızı dünyaya gəlib və azca mayıflığı olduğu üçün evdən çölə çıxmayacaq. Amma özü, oğlunun qırımından, sir-sifətindən hiss edirdi ki, xalis öz toxumundandır. Mamaçaları öldürtdü. Xüsusi dayələr tutdu ki, oğlunu böyütsünlər. Ailəyə ən yaxın adamları, dayələri toplayıb ciddi tapşırdı ki, Məlikənin oğlan olduğunu ağzından qaçıranın ağzı qulağının dibinədək cırılacaq, sonra da başı bədənindən üzüləcək. Özü də, uşağın adını dəyişib Məlikməmməd qoydu.
Qoyaq təzə doğulan uşaq böyüməyində olsun, xəbər verək məmləkətinin qəfil çıxan düşmənlərindən, divlərindən, cin-şəyətinlərindən...

* * *
Sultan Məsud təzəcə rəhmətə getmişdi. Şəmsəddin Eldəniz böyük oğlu Məhəmməd Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl Arslanı isə sipəhsalar – ordu komandanı təyin etdi. Məsudun keçmiş müttəfiqləri Eldənizin üstünə hücum çəkmişdilər. Şəmsəddin böyük oğlu ilə qoşunun bir bölüyünü götürüb Araz vadisinə düşmən qabağına getdi. Amma, bir neçə gün davam edən döyüşdən sonra Eldəniz müharibəni uduzdu, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli oldu. Məğlub Şəmsəddin evinə qanıqara dönəndə gördü ki, ortancıl oğlu Qızıl Arslan əlində kərənti, sarayın həyətindəki bər-bəzəkli güllərin hamısını biçir. Qanı indi it qanına döndü. Sərdarı göndərdi ki, – “Get ö vələdüzinanı gətir bura!”. Gətirdilər. Qızıl Arslan atasının hüzuruna çatanda başladı pıkkıldayıb öz-özünə gülməyə. Atabəy soruşdu, – “A bala, niyə qəhr eliyirsən bu gülləri!?”. O isə gülə-gülə, – “Yaxşı eliyirəm, əlimin də içindən gəlir! Bu güllər göründüyü kimi gözəl deyillər, şeytan kimi bizi çaşdırırlar. Sən bilirsənmi ki, güllərlə bizim gözümüzün arasında nə qədər zərrələr var? Gülün qoxusunu burnumuza, gözəlliyini gözümüzə gətirən zərrələrin fitnəsidir, vəsvəsəsidir bu xoş iy, gözəl görüntü. Əslində isə bu güllərin nə rəngi özününküdür, nə də qoxusu öz əsldir”. Şəmsəddin qamçısını havaya qaldırıb oğlunun təpəsinə endirmək istəyəndə Möminə xatun əli yançağında, yanını çəkə-çəkə uzaqdan atabəyi hayladı ki, – “A gədə, hey! Uşağın üstünə qışqırma ha! Əlindən xata-zad çıxar, üzünə qayıdar!”. Atabəy bilirdi ki, alma bağındakı quşu görəndən, ya da, başına alma düşəndən sonra Qızıl Arslanın tutması var və tez-tez sərsəmləyir... Qamçısını kəmərinə taxdı, şöhtüyən Möminə xatunun yanından ötüb atını sarayın girişinə çapdı. Atı mehtərə verib dincini almağa çəkildi.

* * *
– Ədə, İsrafil! – Mikayıl təlaşla sadiq dostunu səslədi.
– Ə, nə var ey! İsrafil, İsrafil, qoymazsan bircə hovur dincimizi alaq!?
– Ədə, tez ol, Allah-təala təcili səni çağırır!
– Yoxsa, yenəmi!? – oturduğu kətil aşdı, suru sazlamaq üçün götürdüyü bir qab tüstü üst-başına dağıldı.

* * *

... Yuxudan ayıldığı həmin gün Həvvanın 130 yaşı tamam olurdu. Yorğun-yorğun ətrafa göz gəzdirəndə gördü ki, yan-yörəsi, üst-başı ilbizlə doludur. Qalxmaq istədi, yerdə sürüşdü – ilbizlər onu öz seliklərilə əməlli-başlı suvamışdılar. Acından ölürdü. Baxdı ki, yanındakı tabaqda bal şanı doğranıb. Birini götürüb yedi. Bal arı balıydı, amma şan, it arısını şanıydı. Tabağı sivirib ayağa qalxdı. Üst-başını selikdən sivirib yaxındakı arxda yuyundu. Qəfil qarnı sancdı, – “Lənətə gəlmiş Möminə! İblislə əlbir imiş...”. Özünü qamışlığa verdi...


* * *
Dvin, Şərqi İrəvan hakimləri Eldənizin məğlub düşməyindən istifadə edib ard-arda qiyam qaldırdılar. Ordu çox yorğun idi. Böyük oğlu Cahan Pəhləvan illərdi ordusunu götürüb dayanmadan düşmənlə vuruşurdu. Şəmsəddin Eldəniz dərd içində üzgün oturmuşdu ki, məmləkətə bəd xəbər yayıldı, – “Dvində Dəli Domrul adlı biri Xudafərin körpüsünün qabağını kəsib, körpünü uçurur və camaatı özünün düzəltdiyi ensiz taxta körpüylə keçməyə məcbur edir. Hələ bu azmış kimi, qolzoruna camaatdan xərac alır və ölkənin ən gözəl-göyçək qızlarını özüylə götürüb mağarasına aparır”. Dədə Qorqud deyəndə ki, – “Bu, o Dəli Domruldur ki, ata-anasından can istəmiş, onlar da verməmişlər. Arvadı öz canını qurban vermiş, bu da Allahın xoşuna gəldiyi üçün ona yüz qırx il ömür verib”, – Dəli Domrulun əlindən zara gəlib sarayın qabağını kəsdirən xalqın etirazı Eldənizi cin atına mindirdi.
Böyük oğlu Cahan Pəhləvan İrəvan hakiminin üstünə getmişdi. Başı xarab olmuş Qızıl Arslan silah tutmağı yadırğamışdı – Gəncə, Şamaxı, Beyləqan tərəflərdə şeir məclislərinə qatılır, fəlsəfə ilə əlləşirdi. Onun üçün ayrılan pul-paranı elmə, şeirə, fəlsəfəyə xərcləyirdi. Başqa əlacı qalmamışdı. Özü Dvin tərəfə getməyə hazırlaşırdı ki, həyətdə dostlarıyla ox atıb-qılınc oynadan Məlikməmmədi gördü. Məlikməmməd sümüklü-biləkli 18 yaşlı cəngavər olmuşdu. Oğlunu və müəllimini yanına çağırdı. Müəllimindən soruşdu ki, sonbeşiyi necədir, düyüş qaydalarını bilirmi? O da cavabında, – “Atabəyim, canım sana fəda olsun, oğlunuzun, yetmiş igidi ram edəcək gücü var” – deyəndə üzünü Məlikməmmədə tutdu, – “Dəli Domrul haqqında eşitmisənmi?”
Məlikməmməd:
– Eşitmişəm, gözüm nuru. Və onu diz çökdürmək üçün yanıb-yaxılıram. Deyirlər ki, böyük qardaşlarım duran yerdə mənə düşməz ki, Domrulun üstünə gedim. Ancaq bilin ki, bu cəng üçün biləyim göynəyir, qanım coşub qaynayır.
Şəmsəddin oğlunu bir də altdan yuxarı, üstdən aşağı süzüb dedi: – “Get o dəli küçüyün dərsini özün ver və başını mənə gətir!”.
Yeri-göyü yaradan Əl-Qabizin başı yenə kələfin ucunu açmağa qarışmışkən, biz də Məlikməmmədlə Dvin tərəfə üz tutaq, görək yolda onların başına nələr gələcək, haranın dəlisidir bu Dəli Domrul...

* * *

Saraydan kənarda hamı bilirdi ki, Şəmsəddin Eldənizin sonuncu uşağı qızdır. Bircə Məlikməmmədin ən yaxın, canbir üç dostu həqiqəti bilirdi. Bu igidlərin hər biri dağı yerindən oynadan cəngavərlər idi, cəngin bütün sirlərini Məlikməmmədlə birlikdə öyrənmişdilər.
Gecəni gündüzə qatıb üç ay yol getdilər, gəlib çatdılar Dvin şəhərinin qənşərindəki dağların ətəklərinə. Bu şəhər haqqında qəribə şeylər danışırdılar. Deyilənlərə görə əsl adı Dəbil olan bu şəhərin mağaralarında div sümükləri tapılmışdı deyə, adını dəyişib Dvin qoymuşdular. Bu “div” söz-söhbətləri son vaxtlar daha da güclənmişdi. Hətta, Dəli Domrulun əlindən qaçan havalı uşağın dediyinə görə, yeraltı mağaralarda divləri öz gözüylə görübmüş. Hamının dəli dediyi bu qızcığaz elə şeylərdən danışırmış ki, adam bunların yarısına inansa, başı xeyir-şər qazanına dönərdi. Məlikməmməd bilirdi ki, div, cin-əcinnə boş söhbətlərdir, ona lazım olan Dəli Domrulun başı idi. Düşərgə salandan sonra dostlarından ikisini göndərdi ki, Dəli Domrul barəsində ona səhih xəbər gətirsinlər. Üç gün, üç gecə keçdi, dördüncü gün dostları xəbər gətirdi ki, Dəli Domrul həqiqətən el körpüsünü uçurub, şax-şəvəldən ensiz bir körpü tikib. Gəlib gedəni də məcbur edir ki, onun körpüsündən keçsinlər. Körpüdən keçəndən otuz üç axça, keçmək istəməyəndən isə qırx axça alır. Hələ bu o yana dursun, bütün kişilərin şalvarını aşağı çəkdirib ayıb yerlərinə baxır, gözəgəlimli qızları da seçib bir kənardakı iri qəfəsə salır. Günün axırında isə bu qəfəsi iri bir quyuya sallayandan sonra özü də kənardakı mağarasına çəkilib dincəlir. Səhər açılan kimi də yenidən yolkəsənliyinə başlayır. Camaat, Domrul mağarasına çəkiləndən sonra körpünü keçirlər. Qızlarını xilas etmək istəyən qohum-əqrabasını isə acımadan həmin quyuya tullayır. “Amma, bizim hamımız onun üstünə tökülüşsək, onun bir biləyini qatlaya bilmərik. Bu cəng silahla, güclə olmayacaq, bir fənd işlətməyimiz lazımdır” – dedilər. Məlikməmməd anadan fəndgir doğulmuşdu, odur ki, dostlarından ayrılıb təkliyə çəkildi. Üç həftə dostlar Məlikməmmədin üzünü görmədi. Dördüncü həftə sübh açılar-açılmaz bir də gördülər ki, Məlikməmmədin qara qaşqa ağ atında çaya baxanda
öz əksinə şığıyan çal qaraquş ərdəmli, qənirsiz bir qız gəlib çadırlarının qənşərində dayandı. Dostları təlaş bürüdü, soruşdular, – “Ey, dilbər, bəs bizim ağamız hanı ki, onun atını sən minmisən?”. Qız qəhqəhə çəkib güldü və dedi, – “Əgər mən öldürdüyüm adam həqiqətən sizin ağanızdırsa, başını kəsib Dəli Domrula vermişəm ki, məni körpüdən buraxsın. Onun kimi fərsizin sizin kimi də mühafizləri olar” – qız yenidən qəşş edəndə Bayındır xan nəslindən Qam Ğan əlini qılıncına atıb qızın üstünə şığadı. Qız bir həmlədəcə Qam Ğanın qılıncını ikiyə böldü. Daş Oğuz şəcərəsinin igid bəyi Bayındır əmudu qaldırıb atın üstünə bir addım atmışdı ki, əmudun sapı əlində qaldı. Yalancıq nəslindən igidlikdə ad çıxarmış Qeyrət bəy gördü ki, bu qız onların yemi deyil və həqiqətən də Məlikməmmədi öldürübsə, üstünə birlikdə tökülməsələr xeyri olmayacaq, qıyya çəkdi, – “Gör nə günə qaldıq, oğuz ərənləri! Bir qızcığacın əlində yesirik! Haydı, ərənliyi düşünməyin, birlikdə əzək bu qancığın başını! Ram edək və alaq əlindən qızlığını! Həmlə..!” – qıza hücum çəkdi, dostları da bir yandan. Qıza bir yumruq vurdu, qız atdan yıxıldı. Durub üst-başını çırpıb, – “Çoxdandır pəhləvan ürəyi yemirəm, bu gün üçünüzün də ürəyini şişə taxacağam” – deyib üçünün üstünə birdən cumdu. Üç gün-üç gecə qurşaq tutub güləşdilər – qız tək, onlar üç nəfər. Dostlar gördü ki, belə getsə məğlub olacaqlar və qız onların ətini şişə çəkəcək, dinclərini alanda Yalıncığın soyundan Qeyrət bəy ah çəkdi, dostlarına, – “Oğuldan dayağımız öldü, atasına başımızı da versək bizi bağışlamayacaq! Allah-taala bizi qarğayıbdır, qardaşlar! Taxt-tacımız güvənsiz, ümidlərimiz sahibsiz qaldı! Elə indi düşüb ölək, yer-yurdda kimsə halımıza qalmayacaq. Canını sevən burdan qaçsın, bəylər. Mənimçin də bir dua eləyin, mən baş götürüb Şama tərəf gedirəm”. Dostlar da gördülər ki, tam yorulublar, bir də cəngə girsələr, canları əldən gedəcək, ürəklərində Qeyrət bəyə “Atan rəhmət!” dedilər. Qız onların qırımından anladı və, – “Bəs, ağanızın qanlı köynəyini şahınıza götürməyəcəksinizmi?” – deyib atın yəhərindən Məlikməmmədin qanlı köynəyini onların üstünə tulladı. Qam Ğan dizüstə çöküb köynəyi qapdı, üz-gözünə sürtüb hönkürdü, – “Mənim başım sənə qurban olsun! Ər at üstündə öyünər, atsız igidin ümidi olmaz. Atını bir dilbər minib, ağam hey! Sənsiz yurdda quzğun, tazı dolaşar. Atabəyim yaxasını yırtıb “oğul, oğul!” deyib zarımazmı? Şəvə birçəkli ananın saçları ağarmazmı? Gildir-gildir göz yaşını töküb, ağ üzünə acı dırnaq çalmazmı? Qızıl tağlı hündür qalana şivən düşməzmi? Qız-gəlinlərin qəhqəhəli gülüşünü niyə kəsdin? Ta, ağ əllərə qızıl xına yaxmasınlar? Elin anaları ağ çıxarıb, qara donlarınımı geysinlər? Vay, bəy qardaşım, vay! Muradına-arzusuna
çatmayan yazıq qardaşım!” – zar-zar ağladı. Bayındır Qam Ğanın çiyninə əlini qoydu, – “Əziz dostum, şər qarışır. Çox ağlama, qız yanında bərk sızlama. Düşün görək nə etməli, bəd xəbəri atabəyə necə çatdırmalı? Qeyrət bəlkə düzün deyir – elə, təğyirlibas olub çöllərəmi düşsək, yoxsa başımızı cəllad kötüyünəmi qoyaq?”. Qam Ğan gözünün yaşını biləyilə sildi, qanlı köynəyi daşa çırpıb dikəldi, – “Cəhənnəm olsun hər şey! Üstümüzdəki pul-qızıl ömrümüzün axırınadək rahat yaşamağa yetər. Gəlin gedək...”. Dostlar atlandılar. Qeyrət bəy çönüb qıza dedi, – “Dilbər, bizlərdən birini özünə ər seçə biləcəksənsə, qoşul bizə. Yox, əgər bizimlə getmək istəmirsənsə, nə dəvə görmüsən, nə də qığını. Qız cavabında, – “Sizin kimi ərciklərin yüzünü yaylağımda bir qara köpək otarır, nə sizə arvad olaram, nə də sıranızda at çaparam. Gedin, yolunuz uzun, əcəliniz yaxın olsun, qorxaqlar!” – deyib atını döndərdi, səyirdib bir anda gözdən itdi...
Gözəl dilbərin arxasınca çox igidlər sürünüb, canından-başından olub. Biz də başımızı gizlədib bu qənirsiz gözəli izləyək, görək hardan gəlib, kimin kimsəsidir, nə yuvanın quşudur, hara gedir, niyə gedir?

* * *
Qız, qara qaşqa ağ atını yel kmi səyirdib gəlib çıxdı Xudafərin körpüsünün yanına. Gördü ki, Dəli Domrul iş başındadır yenə – kişilərin şalvarını aşağı çəkdirib qabağına baxır, ən yaraşıqlı cavan qızları isə iri qəfəsə yığır. Qız atdan düşüb Xudafərinin üstünə çıxdı. Arazın o tayına yerimək istəyəndə Dəli Domrul onu gördü. Domrul yanındakı cavan oğlanın biləyindən tutub quyuya vıyıldatdı və qızın üstünə bağırdı, – “Ey, südəmər, hara dürtürsən özünü, görmürsən ki, o körpü bağlanıb, camaat hardan keçir!? Gəl bura görüm!”. Qız heç tövrünü də pozmadı, üzünü döndərmədən, heç nə eşitmirmiş kimi yoluna davam elədi. Dəli Domrul qızın bu saymazyanalığından cuşa gəldi. Sıraya düzdüyü yarıçılpaq kişilərin yarıdan çoxunu quyuya itələyib qızın dalınca düşdü. Qalan kişilər girəvədən istifadə edib şalvarlarını yuxarı çəkdi, əzizlərini də götürüb aradan çıxdı.
Dəli Domrul Xudafərinin iki tağının arasını uçurmuşdu deyə o biri başa tullanmaq lazım idi. Amma bunu hər adam bacarmazdı. Qız gördü ki, Dəli Domrul ona çatmaq üzrədir, sürətini azca artırdı, ceyran kimi səkib körpünün o biri ucuna tullandı. Dəli Domrul ha hıqqındısa, bu uçurumu tullanmağı gözü yemədi. Qıza, – “Sicim nə qədər uzun olsa, yenə də gəlib doğanaqdan keçər “– onsuz da hara getsən, yenə gəlib bu körpüdən keçəcəksən. Görürəm ki, cəldsən, gözəlsən, gəl dost olub birlikdə yol kəsək, ləl-cəvahirat yığaq”.
Qız:
– Qaçaq-quldurluqda da bir mərdlik, kişilik olmalıdır. Sən yolkəsənlərin ən alçağı, ən şərəfsizisən. Sənin kimi yekəpər zalımla dost olanın gərək Allah birinci ağlını alsın.
– Ey dilbər, bilmirəm kimsən, kimin nəyisən. Mənə bu cür söz deyənin başını yalın əllə qopararam. Cürətin də xoşuma gəldi. Sən mənim dərdimi bilsən, niyə bu qədər zalım olduğuma halın yanardı. Sənə xətər yetirmərəm, qorxma, gəl dost olaq...
– Halına qoy cəhənnəm odu yansın! Qoca-cavan demədən kişiləri soyundurub qabağına baxmağa nə deyirsən? Bir-birindən gözəl, köməksiz qızları qəfəsə salıb dərin quyuya sallamağa nə deyirsən? Diri-diri quyuya tulladığın canlara nə deyirsən? Yoxsa bu qədər vəhşilik etməyə bəhanən, haqqınmı var!? Sən, bəşərin görüb-eşitdiyi ən böyük zalımsan! Sənin günahların cəhənnəm atəşini yandırmağa düz min il bəs edər! Hələ sən bir bu maymağın mənimlə dostluq etmək istəyinə bax!
Domrul dizüstə çöküb hönkür-hönkür ağlayanda, qıraqda – quyunun ağzındakı qızları xilas etmək istəyən adamlar mat-məttəl qaldılar. Onlar bayaqdan Domrulla qızın söhbətini eşidirdilər. Dəli Domrul körpünü yumruqlayıb zar-zar zarıyırdı, – “Adın nədir, dilbər? Sən məni daş bağlamış qəlbimdən vurdun. İçimdəki yavru göyərçini qəfəsindən açıb pırıltıyla havaya uçurdun. Mən də insanam, mənim də ürəyim ətdən-qandandır. Bunca illər insana nifrət etdim. Bilirsən niyə? Çünki, halıma yanan, qeydimə qalan, dərdimi anlamağa çalışan bircə nəfər də olsun insan olmadı. Hamı mənə dəli dedi, qorxdular məndən. Sən, sən isə qəlb evimi tar-mar elədin, ruhumu dağıtdın, uçurdun. Dilbər, sevginin nə olduğunu bilirsənmi? Sevdiyindən ayrı düşməyin nə dərd olduğunu qanırsanmı?”
– Sevgi, axmaq adamların yaxasını kənara çəkmək üçün uydurduqları bəhanədir. Ancaq yüngülağıl adamlar sevgidən boş-boş danışarlar. Sevgidən dəm vuran bu qədər qatil olmaz. Sən hiyləgərsənsə, mən səndən on gün qabaq gəlmişəm bu hiyləgər dünyaya...
– Keç bəri, keç, qurbanın olum. Keç, bir dinlə məni. Dərdimi dinlə. Bəlkə bir ağıl verdin bu ağılsız Dəli Domrula. Sənə əl vursam, oğuzlu qoca Duxa nəslimə lənət olsun. Keç, tullan bəri üzə. İstərsən bacım ol, istərsən dostum, amma keç, azca dərdləşək. Sirrimi açmağa mən də dost gəzirəm. Sən heç oğuz igidinin uşaq kimi ağladığını görmüsənmi? Gör halımı, bil sirrimi, mən də içimi töküm, dincəlim. Mənə bir ağıl verəcək sənin kimi dosta ehtiyacım var – o, danışdıqca, daha da bərkdən hönkürür, ağzının-burnunun mütüyünü yığıb-yığışdıra bilmirdi. Adamlar ürəklənib düz onların yanına gəlmişdilər. İçlərindən yaşlı bir kişi daha cürətli çıxmışdı, əlini Domrulun çiyninə qoyub, – “Özünü üzmə, oğul. Səni belə yuxaürək bilməzdik. İndiyədək nə eləmisənsə, Oğuz eli səni bağışlayar. Dur ayağa, Oğuz ərinə diz çökmək yaraşmaz. As-kəs, amma dizini yerə qoyma”. Sonra da üzünü qıza tutub, – “A qızım, bəlkə igidi dinləyəsən? İgid igidə söykənər, bəlkə birlikdə Oğuzun üstünə gələn Dvin ordusuna qarşı birləşəsiniz..?”.
Qız hirslənib qocaya bağırdı:
– Kəs səsini, əbləh qoca! Babam yaşda dünya görmüş kişisən. Bayaq bu dəliyə şalvar çəkən, qızı qəfəsdə qalan, oğlu quyuya atılan bir kişi necə ola bilər ki, dilinə belə sözlər gətirir? Siz Dəli Domrula qarşı birləşdinizmi, heç bunu ağlınızdan keçirdinizmi? Qatil Domrulun kürəyinə qılınc saplamaqdansa, onun göz yaşlarına inanıb dərhal da rəhmə gəlirsiniz. Siz nə vaxt düzələcəksiniz? Dvinlər də, gürcülər də düz edib kökünüzü kəsir, avamlar. Ağsaqqalı sənin kimi olan elin, körpüsü qamışdan olar! Dəli Domrul düz edib sizə sitəm edir, sizə hələ bu da azdır! Amma.., bir şərtlə sənin dərdini dinləyərəm, – Domrula sarı dilləndi – “Bu camaatın gözünün qabağında səninlə qurşaq tutub göləşəcəyik, qılınc çəkib döyüşəcəyik, yay çəkib ox atacağıq, at səyirdib yarışacağıq. Əgər məni yensən, səninlə dost olacağam, yox əgər mən səni yensəm, qulum olacaqsan, qanın da halalım olacaq”.
Dəli Domrul ayağa qalxıb, – “Razıyam! Səni yenəcəyəm, amma, yenə də qulun olacağam!” – dedi. Qız “hop” deyib bu tərəfə tullandı. Adamlar yarış meydanı qurdular. Cəng başladı. Axşamadək güləşdilər. Biri, o birini yıxa bilmədi. Domrul icazə istədi ki, – “Qoy qəfəsdəki qızları quyuya sallayım, sonra davam edək”. Qız əldə qılınc qəfəsin yanını kəsdirdi ki, – “Qızları quyuya sallasan, səni də quyuya atacağam”. Domrul:
– Səbəbini soruşma, amma qızları quyuya sallamalıyam. Yoxsa... – qız Dəli Domrulun sözünü ağzında qoydu, qılıncı çəkib onun üstünə cumdu. Gecə yarısı ikisi də əldən düşmüşdü, ikisinin də yüngül yaraları vardı. Dəli Domrul imkan tapıb ox atdı, çarxın pərçimini vurdu və qızlar bağırışa-bağırışa qəfəsqarışıq quyuya düşdülər. Qız gördü ki, iş-işdən keçdi – qızları xilas edə bilmədi, razılaşdı ki, bu gecəlik dincəlib sabah vuruşu davam etdirsinlər. Domrul öz mağarasına, qız da Xudafərinə çəkilib dincəlməklərində olsun, sizə deyim bir sürü eşşəkdən...
Havanın bağrını dələn sayrışan ulduzlar təzəcə sönürdülər ki, qız, nal səsinə yuxudan ayıldı. Xudafərinin o üzünə baxdı. Gördü ki, bir sürü eşşək uçrumun o biri başınadək gəliblər, bəri başa tullanmağa qorxurlar. Qulaqlarına inanmadı – sürünün önündəki ələngə at və bir qatır insan kimi dil açıb danışırdı. At deyirdi:
– Sən cavansan, tullana bilərsən, amma mən bacarmaram. Bu boyda eşşəyin sürübaşısan, çaydan keçməyə bir yol tapmaq sənin işindir. Mən bu körpünü keçən vaxtlar uçmamışdı. Görünür başqa körpü tikiblər, onu tapmalıyıq. Uşaqları salaq çayboyu yoxlasınlar...
Qız elə bildi yuxu görür, ya da qan itirib deyə huşu əldən gedir, eşşək sürüsünün qarasına səsləndi ki, – “Bax orda taxta körpü var, ordan keçin”. Qatır gözlərini zilləyib qızı gördü və təşəkkür etdi. Hə.., vallah, təşəkkür etdi, – “Allah sənə yar olsun, bacı. Yoxsa bu eşşək sürüsüylə sabahadək baş sındırmalı olacaqdım...” – deyib sürünü Dəli Domrulun taxta körpüsünə sürdü. Sürü Taxtakörpünü keçib bəri sahildə cəmləşdi. Qatır və ələngə at sürüdən ayrılıb qızın yanına gəldilər. At bir ayağını çəkirdi.
Qatır:
– Gecən xeyir, bacı. Sağ ol ki, keçidi göstərdin. Xeyirdimi, gecənin bu vaxtı tək-təhna burda gecələmisən? Yoxsa, özün də körpünün yerini itirmisən – deyib anqırtıya oxşar səs çıxardı – deyəsən gülürdü.
Qız gözlərini bir də ovdu – bu yuxu deyildi, qatır dil açıb danışırdı, – “İnana bilmirəm, siz danışırsınız...” – deyəndə qatıb bir də xısıltıyla anqırdı:
– Qorxma. Möcüzə olsa da, Allahın hər möcüzəsinə inanmaq lazımdır. Allahın insan yaratmasının yanında, qatırın dil açıb danışması niyə möcüzə olmalıdır ki? Məni də Allah yaradıb və insan kimi danışmağa dil verib. Adım eşşəklər sultanı Rdritdir. Bu isə anamdır – yanındakı axsaq, qoca atı təqdim elədi.
Qız dili topuq vura-vura özünü təqdim eləmək istədi, – “Mə.., mə...” – deyəndə at dişsiz çənəsini yuxarı qaldırıb qəşş edərək anqırdı, sonra da fınxıraraq susub soruşdu, – “Bizdən qorxma, sənə xətər yetirmərik. Bu məmləkətin adı nədir, hansı padşahın torpağıdır?”
Qız:
– Azərbaycandasınız. Atabəy Şəmsəddinin torpaqlarıdır... – dedi.
At:
– Söylə, bu ölkədə zəfəran bitirmi?
Qız:
– Zəfəranın vətənidir bura.
Qatır:
– Demək düz gəlmişik. Şükür. Axır ki, yaxınlaşdıq...
Qız:
– Hara, kimə, nəyə yaxınlaşdınız?
Qatır:
– Atama... İnanmazsan, atam insandır. Bu da növbəti möcüzə, – arsız-arsız yenidən ürəkdolusu anqırdı.
Birdən eşşək sürüsü zınqırov səsinə perikdi və ətrafa səpələndi. Qatır, qorxusundan anasının döşünə sığındı. Qız dinşədi. Gördü ki, səs quyudan gəlir. Quyuya yaxınlaşanda baxdı ki, qızların olduğu qəfəs qaldırılıb və içində kimsə yoxdur. Qəfəs sonadək qaldırılanda, sən demə, kəndir zınqırova toxunub zəng çalırmış. Dəli Domrulun mağarasının daş qapısı aralandı. Gözlərini ova-ova quyuya tərəf qaçıb qəfəsi kənara çəkdi. Üzündən yuxusuzluq və yorğunluq yağırdı. Ətrafa baxanda eşşəkləri, yanındakı qızı gördü.
Dəli Domrul:
– Sən burda neyləyirsən, bu eşşəkləri hardan başına toplamısan, yatmamısan hələ?
Qız:
– Yatmışdım, quyunun zənginə oyandım. Qəfəsdəki qızlar hanı? Quyunun dibində kim var?
Domrul:
– Bu sirrdir. Əgər məni yensən, biləcəksən. Yenməsən, sən də o qəfəsdə quyuya düşəcəksən və onda hər şeyi özün görərsən – deyib öz mağarasına çəkildi.
Eşşəklər yenidən baş-başa verib komalaşdılar və şirin yuxuya getdilər. Rdrit də anasıyla qızın yanında sərilib yatdılar. Qızın isə gözlərinə yuxu getmirdi. Səhəri dördgözlə açdı.
Günəş kipriyini qaldırıb yerə boylandı ki, görsün, Allah hər şeyi qaydasına qoyub, ya yox, gördü ki, Xudafərin tərəfdə eşşək, qatır, qənirsiz bir qız baş-başa verib söhbət edir, hirsindən rəngi-ruhu saraldı, istisi qalxdı. Dəli Domrul əlində əmud, qılınc kəsdirdi Taxtakörpünün başını – yenə yol kəsib bac-xərac almağa. Qıza səsləndi ki, – “Demək, hələ qorxub qaçmamısan? Yuxusuzssan, günortayadək yat, dincəl. Mən də işimi bitirim, yenə də qurşaq tutub güləşərik”. Qız cavab verdi, – “Gözləyərəm, sən zalımlığını et və cəhənnəm əzabını bir az da artır!”
Qatır qızdan soruşdu ki, – “Bu kimdir belə, nə cəng, nə qurşaq tutmaq?”
Qız dedi:
– Biz güləşirik, uduzan, qalibin qulu olacaq.
At sözə qarışdı:
– Bizi başa sal görüm bu nə davasıdır? Bu axmaq kişi kimdir?
Qız:
– Bu quyuda bir sirr var. O sirri öyrənmək istəyirəm. Bu dəli el körpüsünü uçurub, özü Taxtakörpünü salıb. Gəlib gedəndən xərac alır, kişiləri soyundurub gizlin yerlərinə baxır, gözəl-göyçək qızları isə qəfəsə yığıb yerin altına göndərir. Bu zülmə son qoymalıyam. Odur ki, onunla döyüşürəm.
At baxdı ki, qızın üzündə, boynunda, biləyində, dizində qılınc yaraları var. Tez yaraları diliylə yaladı. Sonra da eşşək sürüsünə yaxınlaşıb uzun uzadı onlarla burunlaşıb iynəşdi.
Dəli Domrul körpüdən keçən ilk kişiləri soyundurub quyuya qolaylayanda və iki qızı qəfəsə salanda eşşək sürüsü onun üstünə qəfil hücum çəkdi. Domrul, birdən-birə 50-60 eşşəyin tapdağı altında qaldı. Sürü çəkiləndə qız gördü ki, Dəli Domrulun üz-gözü qançır-qançır olub. Dəli gicəllənə-gicəllənə özünü mağarasına salıb daş qapını örtdü. Qatır sevindi, – “Rdrit tvaya nalevo , dəli köpəyoğlu, bu da özünü yolkəsən sayır...” – ürəkdolusu anqırdı. Eşşəklər də onun səsinə səs verdilər. Amma Dəli Domrul mağaradan çıxıb bir əlində uzun qılınc, o biri əlində nizə eşşək sürüsünün üstünə şığadı. Bircə həmlədə on iki eşşəyi nizəyə taxıb quyuya sivirdi. Rdritin dizləri qorxudan əsirdi. At isə bir yanını çəkə-çəkə yan-yörədə aramsız vurnuxurdu. Domrulun eşşəklərlə süpürləşməyi günortayadək davam elədi. Qız gördü ki, Domrul eşşəklərin kökünü kəsəcək, qılıncını çəkib cumdu onun üstünə. Bu dava nə az-nə çox, düz altı gün davam elədi. Taxtakörpüdən keçənlər bu cəngi axşam düşənədək maraqla izləyir, bezəndə, çıxıb iş-güclərinin dalınca gedir, sonra da onların yerini başqa tamaşaçılar tuturdu. Eşşəklər arada-bərədə qıza yardım üçün hücuma keçir, soncuqlayıb Domrula bir-iki təpik ilişdirib sonra da geri çəkilirdilər. Amma bu hücumlarda eşşəklərin hamısı canlarından oldu. Domrul quyu tərəfə yaxınlaşanda öldürdüyü eşşəklərin ayağından yapışıb quyuya tullayırdı. Qoca at yaxınlaşıb gözünü quyunun qaranlıq dibinə zilləyib, qulaqlarını şəkləsə də, aşağıdan bir səs-səmir duya bilmirdi...
Dəli Domrulla cəngavər qızı qoyaq eşşəklərin yanında, bir-birilərini al qana qərq etməklərində olsun, biz də qayıdaq Şəmsəddin Eldənizin sarayına, görək, məmləkətin başbilənləri bizsiz nələr etmiş, nələr etmək istəyirlər...

Ardı var...
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031