manera.az
manera.az

Arzu Nehrəmli - Paqonlu ruh

Arzu Nehrəmli - Paqonlu ruh

MANERA.az Arzu Nehrəmlinin "Paqonlu ruh" hekayəsini təqdim edir:

Bələdçi qızın səsi yenə başladı zəhləmi tökməyə: “Naxçıvandan Bakıya uçan təyyarəyə minik başladı.” – Gözüm aydın, uçan vaxtınızdır, uçun. İmkan verin, yerə düşüm, nəfəs alım, dincəlim. Mən də insanam axı. Uça-uça qalmışam ortalıqda. Bu gün-sabah qanad-quyruq da çıxardacağam. Fikirləşdikcə başım xarab olur.

Bir səhv addımım nə qədər oyun açdı başıma. Nə bir addım? Deyəsən, mən bu tərəfə min kilometr gəlmişəm. Bütün günahlar da özümdədir. Mənə deyən var, bu universitetdən çıx o birinə, ondan çıx, buna gir. Mənə oxumaq, diplom lazımdır? Özü də harada-harada, kəndimdən-kəssəyimdən uzaq bir yerdə. Gül kimi qulağımın dibindəki universitetdə oxuyurdum da. Çıxanda da sənədlərimi elə geri alıb sakitcə çıxıb qaçırdım ki, bir pişiyin də xəbəri olmurdu. Elə bil yağın içindən tük çəkirdim. İşlərim də yağ kimi gedirdi. Yoxsa indiki kimi, təyyarəyə oturub bir saat geri uçmaqla bütün respublika xəbərdar olub ayaqdadır.

Hamısın eləyən də qayınatamla qayınanamdır. Özləri də məndən qabaq köçüb oturublar orada. Azmış kimi gözlərinin qabağında mənə ev-eşik şəraiti də qurublar. Dediklərinə görə, qəşəng qonşularım da var. Qapıbir qonşumu daha çox tərifləyirlər. Qonşu mənim, görəsən, qəşəngliyini bunlar haradan bilir? Guya belə edib, belə desələr, bu səfər qərar tutub qalacağam. Hələ qayınanama bax e... Qayınanalıq edir mənimçün. Sən gəlinlər görməmisən. Səhər tezdən ev-eşik təmizləmək bəhanəsiylə (indi olur da, arada özümə baxmağı unuduram) gəlib saçlarımı darayır, tumarlayır, hörük edir – bir sözlə, pişiyim-pişiyimlə başımı aldadıb dərsə yola salmaq istəyir məni.

Mənə də Arzu deyərlər, ay inandım aaa. Arvadın üz-gözündən artistlik yağırdı, elə bil uşaq başı aldadır, məni birinci sinfə yola salırdı. İstədim yenə gözümü yumub, ağzımı açıb deyəm ki, ay arvad, ay qayınana, sən yaxşı ana olsaydın, çıxardın o “vətən-vətən” deyən oğlunun qarşısına deyərdin: “A bala, arvadın cəhənnəm, yad qızıdır, təzəcə doğulmuş, “ata” sözündən başqa söz bilməyən, o sözə anadangəlmə dil açan balaca balana yazığın gəlsin, rəhm elə. Az min bu təyyarəyə, az bomba yağdır düşmənlərin başına, onları zəlil eləmək sənə qalıb? Allah versin onların bəlasını!”

Yox, demədi. Nəyə deyirsiniz and içim, bir dəfə də olsun gözləri qızmış, qan-qan deyən oğluna qarşı çıxmadı ki, çıxmadı. Sən yiyə çıxmasan, göylər çıxar. İndi get, geri al, gətir görüm, göylər oğlunu gətirə bilirsənmi? Yox, bilmirsən!

Mən yazıq neyləyə bilərəm ki? Göylərə boylanmaqdan boynum ağrıyır, oğlunun sayəsində başımı aşağı sala bilmirəm. Bu da yaxşı əlamət deyil axı, elə olur ayağımın altını görmürəm, ayaqqabı geyinmək də yadımdan çıxır. Gərək özüm çıxıb etiraz edəydim. O da məni çırpaydı, döyəydi, təpiyin altına salaydı... Heç olmasa bir uşaqlıq arzuma çatmış olardım. Həmişə qonşumuz Hacı Mərdan əmi arvadın döyəndə deyərdim: “İstəyirəm, böyüyəndə mənim də belə bir ərim olsun, məni döysün, mən də arvadlanım, arvad olum arvadlara qoşulum” Nəinki döymək, heç nazımı çəkməyə də vaxtı olmadı ərimin. Daha olan olub, keçən keçib. Sonrakı peşmançılıq kimə fayda verib ki, mənə də versin. Başqa bir çıxış yolu fikirləşib tapmaq lazımdır. “Voobşe-to” “oxumuram, əl çəkin.”

Başımı qatmaq üçün gərək özümə başqa məşğuliyyət tapım. Yoxsa sənəd ver, qəbul ol, sonra da qaçıb qurtaramma. Bu test üsulunu da heç cür qəbul edə bilmirəm. Hazır cavabı yazıb qoyublar qabağına, istəsən də səhv edə bilmirsən, vicdanın qəbul etmir. Heyif deyil, qarşında beş-on müəllim otursun, məqsədlərinə-məramlarına yetişmək üçün sıxıb sənin suyunu çıxartsınlar, sən də əgər tüfənginə bilik patronlarını doldurmusansa, onların hamısını bir gülləyə qurban edib, qalib olursan, ya da mübarizə aparacaq halın yoxdursa, səssiz-səmirsiz əllərini göyə qaldırıb təslim olaraq sağ-salamat qurtardığına Allahına şükür edib, çıxıb gedirsən. Nə isə...

Söhbəti çox uzatmadan keçim əsas məsələyə. Məsələ də ki dəhşətli dərəcədə qəlizləşib. Dərd bir deyil ki, birini çəkəsən, problem içindən problem çıxır. Unutduğum bir şey məni çıxılmaz vəziyyətdə qoyub. İndi mən nə edəcəyəm, nətəhər edəcəyəm? Gərək əvvəlcədən işimi ehtiyatlı tutub, yüz ölçüb, bir biçəydim. Budur - burada deyil ki, özü gəlib tapsın məni. Balamı deyirəm, görəsən, harda qoyub qaçmışam. Bu yekəlikdə də səhv olar?!

Yaxşı ki, nənəsi-babası yanındadır. Yoxsa indi balam ortalıqda kimsəsiz qalmışdı. Təyyarə ilə uçmaq, merətə qalmış göylərə qalxmaq bu hadisənin yanında su içmək kimi asan bir şey oldu. Mən nə amansız anayam, dörd yaşında, südəmər körpəni də unudub qaçarlar? Darıxdım e balam üçün. Görəsən, süddən-zaddan tapıb verirlər? Bu iki gecəni mənsiz necə yatıb? Qayınanamın da doğan, südə gələn vaxtı deyil ki, bu iki günü birtəhər yola versin, mən də bir az rahat olum. Deyirəm, birdən bu iki günün ayrılığı səbəb olar, uşağım süddən kəsilər.

Lənət şeytana, qarabasmadandır, nədəndir, bu gic-gic fikirlər haradan gəlir ağlıma?! Mən bu cür düşüncələrə balamın ancaq on yaşı olanda dala bilərəm. Bir də ki, narahatlığa səbəb yoxdur, qayınatam dünyagörmüş, fəal kişidir, yəqin elə həmin gündən elan verib süd anası tapıb uşağa. Qorxub narahat olmağa səbəb qalmayıb. Necə yəni qalmayıb? Qalıb axı! Birdən elə bilərlər, uşaqdan bilərəkdən imtina eləmişəm, bir daha göstərməzlər mənə, yenə təzədən qalaram qara günə.İşdir, şayəd, qayınatamgil uşağı verməyib müqavimət göstərsələr, məhkəmə yolu ilə alacağam. Bu da alınmasa, oğurlayacağam. Ana deyiləm?

Gözlə məni, unutduğum ən önəmli sənətim, ən əyləncəli məşğuliyyətim, ən qiymətli əsərim. Lap elə bu saat təyyarə ilə də uçaram, ruhlar aləminə də qalxaram, qarabasmalara da dözərəm, balamdan ötrü hər şeyə qatlaşaram.

Düz deyiblər, hər işdə bir xeyir var. Bu gün ürəyimə damıb ki, nəsə olacaq, möcüzə baş verəcək.

Qayınatam həmişə deyir axı: “Qızım, göylərdən küsüb üz döndərmə, oradan Allah baxır. Ora Allahın sevdiyi adamlar gedir, oralara uçmaq, oralara qalxmaq hamıdan çox sənin haqqındır”. Haqqımdırsa, qoy hələ bir uçum görüm nə olur.

Yəqin balam bu iki-üç gün ərzində böyüyər. Gələn dəfə qaçanda özü arxamca qaçar, mənim işim də asan olar. Şirin balam, belə şey olar, görürsən anan gedir, bir səs elə, bilim ki, sən də varsan. Bu dəfə gərək mütləq barmağıma sap bağlayım, tez-tez xatırlatsın səni mənə. Gəldim, balam, gəldim. Səndən ötrü təyyarəyə də oturaram, raketə də. Dayan gəlim, babanı da, nənəni də yığıb-yığışdırıb qaytaracağam kəndlərinə. Qoca adamlardır, qərib ölüb eləyərlər, ortada da səbəbkar, günahkar mən olaram.

***

Yolasalma mərasimi başlamışdı. Aeroportda hər şey nizamnaməyə uyğun nizamlanmışdı. Bu mərasimin təşkilində ən böyük zəhməti, danılmaz xidmətləri olan anam özünü o qədər sərbəst aparırdı ki, deyərdin aeroportun ən məsuliyyətli, diqqətli "oxrana"sıdır. Aradabir ətrafa nəzər salır, göz-qaşı ilə kimlərəsə nəyisə xəbərdarlıq edir, bu hərəkətləri ilə ictimai-siyasi xadimə oxşayırdı. Hərəkətlərindən elə bilərdin ki, bu boyda aeroportda daşı daş üstünə qoyan, bütün işçi heyətinin: təmizləyicidən gözətçiyə, bilet satandan rəisə qədər vəzifə bölgülərini o edib. Məni yola gətirməkdən ötrü var qüvvəsini, bacarığını yönəltdiyi, qurduğu tamaşaların həm rejissoru, həm də baş rolunun ifaçısı idi. Daha yaratmadığı obraz qalmamışdı, yazıq, fədakar anamın. Qurduğu oyunları ilə məni aylar öncə qəbul imtahanına göndərdiyini yadıma saldı...

***

Gözümü açdım ki, anam başımın üstündə bayatı deyir.
- Nə olub, mama, layladan qurtarıb indi də bayatıya keçmisən? Qurtarmadı sənin bu folklor nümunələrin.
- Dur, mənim ağıllı qızım.
- Yox, mən ağıllı deyiləm. Olsaydım hamınızın dərdini çəkər, sizə də, balkona yığılan qonşu analara yazığım gələrdi. Elə bilirsən, bilmirəm, nə qədər adam var həyətdə?! Sakit dayanmaqları ilə deyil. Yenə yığışıb tədbir görmək istəyirsiniz, gedin görün!
- Dur, mənim savadlı qızım. İmtahana gecikirsən.
- Nə imtahan? Mən ki universitetdən çıxmışam.

- Qəbul imtahanı. Mən axı sənəd vermişəm. O gün Əliqulu əminin qızı Ümbilə qoşulub gedib sənədlərini universitetə verib, adından ərizə də yazmışam. Dur, get, havan dəyişsin, başın qarışsın. Vəsilə də səni gözləyir, onun da imtahanıdır, yubatma qızı, maşında qalıbdır.
- Mama, sən dəlisən. Deyəsən, mən sənin dərdini çəkməli olacağam. Mən getmirəm, get sənədləri necə aparıb vermisən, imtahanı da özün ver. Adın ən yaxşı yetmiş yaşlı abituriyent kimi tarixə düşsün. Qonşu anaları da apar qoy imtahan otağının qapısında dayanıb indiki kimi sənə dəstək olsunlar.
- Dur, balam, vallah gedərəm.
- Bilirəm, gedərsən. O yaşında məni doğa bilmisənsə, imtahanımı da verə bilərsən.
Birdən durub gedər e bu arvad, biabir olarıq.
- Mama, deyəsən axı, mən hardasa oxuyuram.
- Qurtardın da oranı. İki ay bundan əvvəl elə qəşəng də diplom almısan.
- Doğrudan? Qırmızıdır?
- Yox, göydür. Bacın qızı alıb gətirib.

- Təbrik edirəm. Daha bəsimdir də. O birisini də gedib alarsız, olar iki dənə. İndi mən feldşer-mamayam?
- Nə qədər ki bu qaranlıqdan çıxmamısan, sən heç nə deyilsən, on diplom alsan da. Gəl, qəşəng balam, al bu qələmləri, çıx bu otaqdan.
Anam mənə bir dəstə qələm uzatdı, elə bil oncildlik roman yazmağa göndərirdi. Bəlkə də fikirləşirmiş ki, kaş bu qələmlərin mürəkkəbləri bitənə qədər mən bu otağa girməyəydim.
- Yəqin babagilə də xəbər eləmisən?
- Eləmişəm, həyətdədirlər. Qayınanan da, qayınatan da səni imtahana yola salmağa gəliblər.
- Yəqin, uşağın da xəbəri var, anası qəbul imtahanına gedir. Arxamca o da dörd-beş ağız bayatı deyər.
Deyəsən, bu gecə yatanda anamın başına alma düşüb, ya da altıncı hissi oyanıb. Alma demişkən, görəsən, imtahan nədəndir? Fizika, kimya, riyaziyyat ya nə? Sevdiyim fənlərdir, açığı, mən bir az həvəsləndim.
- Mama, imtahan nədəndir?
- Üçüncü qrupdan, testdir, dur get sən hamısın bilirsən, alim balam.

Uzaqgörən ana ürəyidir, yəqin əyan imiş alim olacağım ona. Yox, əşi, onsuz da o mənə həmişə deyirdi ki, səndən nə desən çıxar.
- Həə, pis deyil, mənə maraqlı gəldi. Mama, paltarlarımı gətir, gedirəm alim olmağa.

Anama yazığım gəlirdi. Məni bu vəziyyətdən çıxarmaq üçün param-parça arzularıma, yırtıq-yırtıq olmuş taleyimə, altı üstünə çevrilmiş, darmadağın dağılmış, bünövrəsi sökülmüş həyatıma dəyən bu zərbələrə qarşı üsyan edib yırtığına yamaq, uçuğuna ürəyini qoyub daş qalamaq istəyirdi. Neynəsin axı, analar belə olur da, başqa nə edə bilərdi ki. Elə sevinirdi ki, elə bil bu gün imtahana getsəm, daha gəlib bu otağa girməyəcəkdim. Sevindiyi qədər də həyəcanlı idi, nə edəcəyini də bilmirdi. Sağa-sola vurnuxur, arabir üstümü toz basmış kimi paltarlarımı təmizləyir, nənəm deməli, yarınmaqdan əldən düşürdü. Bir sözlə, üfürə-üfürə qalmışdı məni. Mənsə öz aləmimdə idim. Hər şey gözümdən elə düşmüşdü ki... Dünya otağım rəngdə olub, ürəyim kimi daralmışdı. İki dünya arasında mat-məəttəl dayanıb, dünyanın o üzünü-bu üzünü çevirib, gündə min dəfə imtahan verir, gah o tərəfdən həyatımın cavabsız suallarına, gah da bu tərəfdən sevgimin ən tutarlı, bal dadan cavabı olan balama boylanırdım. Bayaq dediyim kimi, boylanmaqdan ən çox ağrıyan yerim də elə boynum olurdu.

Ötən günlərin üstünə qalan günləri gəlib, vurub çıxır, ortaq məxrəc tapır, yuvarlaqlaşdırıb iyirmi iki-iyirmi üç yaşımı yetmiş-səksən yaşıma qədər gətirib çıxara bilirdim. Bəzən də göyün yeddinci qatına qalxıb, indicə içində bulunduğumuz həyatın cılızlığına şahid olur, mən boyda ola bilməyən dünya deyib, öz-özümə qəhqəhə çəkib gülürdüm.

- Nəyə gülürsən, gözəl balam? Bəlkə mən də sizinlə gedim, maşında yer varsa.
Gülməyim başıma xoşa gəlməyən bir iş gəlibdir deyə anamı qorxutmuşdu. Məni tək buraxmaq istəmirdi.
- Yadındadır, mama, ilk qəbul imtahanım?
- O uğursuz gündə gülməli nə var ki?
- Yox, onu demirəm. Səkkiz saat dayanacaqda oturub məni gözlədiyini deyirəm.
- Gecikərsən. İmtahana get, gəl, o günü yenidən xatırlayarıq.
Anam: “Hər işdə bir xeyir var” – deyib, hönkür-hönkür ağlamağa başladı.

***

Aeroportdakı səs-küy məni xəyallarımdan ayırdı. Anam o tərəf-bu tərəfə boylanır, göylərə üz tutur, məni tapşırmaq üçün kimisə axtarırdı. Axtardığı adam isə göylərin qoynuna çəkilərək heç olmamış kimi gözümüzdən elə itmişdi ki, özünə məskən seçdiyi ucalıqları buraxıb gələnə oxşamırdı. Yavaş-yavaş anlamağa başladıq ki, bu imiş göylər oğluna etibar etməyin sonu. Bir az aralıda düzülmüş hərbi təyyarələr də həyəcanlı görkəm almışdılar. Sözünü deyib bitirməmiş qəzəbli əsgərə bənzəyirdilər.

Hələ bunlara bax, yoldaşımın təyyarəçi dostlarıdır. Mənə niyə belə baxırlar? Həyəcanları da üzlərindən oxunur. Bəlkə məni tanımırlar? Yox, axı tanıyırlar. Yəqin çox dəyişmişəm - ona görədir. Çoxdandır, yadımdan çıxır güzgüyə də baxmıram. Eybi yox, gedim-gəlim baxaram, hələ həvəs yoxdur.
Təyyarənin pilləkənində yoxlama aparan qonşumuz Şirməmməd əminin oğlu idi. O da gülümsəyərək pasportuma baxmadan anamın hazırladığı balaca bağlamanı alıb məni biletimdə qeyd olunan sırada əyləşdirir, halımdan xəbərdar olduğu gözlərinin dolmasından hiss edilirdi. Təyyarədə məndən başqa adam olmasaydı, bu yolasalma mərasiminin ancaq mənə həsr olunub, təyyarənin də yalnız xüsusən mənə ayrıldığını güman etməkdən başqa bir əlacım qalmayacaqdı. Artıq yerimi almışdım. Bələdçi qızın səsini zorla eşidirdim: "Naxçıvandan Bakıya 256-cı reyslə uçan təyyarəmiz yola düşür". Qarabasmalarım başlamışdı. Başımın dumanı göylərin gözlərinə öz pərdəsini çəkmişdi. Üşüyürdüm, sozalırdım, ağrıyırdım.

Qarışıq yuxularım çin olmuşdu. Bir azdan sərnişini olduğum təyyarə məni göylərə qaldırıb, yıxılıb qaldığım yerlərə aparacaqdı. Mənə elə gəlirdi təyyarənin qanadları yoxdur. O qanadlar arzularım kimi çilik-çilik olub sovrulub. İçimdə qopan fırtına, başımda dolaşan uğultu təyyarənin uğultusunu batırmışdı. Vaxtın necə keçdiyi məlum məsələdir. Qaralmış buludlar çərçivəsində çarpışan kimi can verirdik təyyarə ilə. Qoynuna girdiyim zülmətin işıq gətirməyəcəyini bilirdim. Yolçusu olduğum yolun cadar-cadar olmuş sinəsinə ayaq basmışdım. Bəlkə də enişə başlayırdı, içimdə çoxdan eniş etmiş təyyarə. Yolun başında bir uşaq gözlərinin ana həsrəti məni gözləyirdi. Ölsəm də getməli idim.

- Mən sizi evə qədər apararam.
Qeybdən gələn səsə diksindim. Deyəsən, mən artıq ruhlar aləminə çatmışam. Başımın üstünü ağ geyimli varlıq kəsdirmişdi. Başımı qaldırıb baxmaq istədim, çiyinlərini gördüm, çiyinlərində təyyarəçi paqonları var idi. Birdən qeyri-ixtiyari olaraq səsləndim:
- Siz zəhmət çəkməyin, mən hava limanında enəcəyəm.

Özümü birtəhər ələ alıb təşəkkür etdiyim paqonlu ruhla sağollaşmaq istəyirdim, gözümdənmi qeyb oldu, nə oldusa bir daha görmədim.
Hava limanına eniş etmiş təyyarə işıqlara qərq olmuşdu. Axşamın qaranlığı hiss olunmurdu. Adamlar gözümdə yavaş-yavaş canlanırdı. Havalı-havalı gördüyüm yuxunun yozumunu düşünə-düşünə geniş hava limanını qət etməyim heç dəqiqə də çəkmədi. Bəlkə də saatlar keçmişdi, bilmirəm, çünki mən hələ də ruhlar aləmindən ayrılmamışdım.

Özümü evə çatdırmaq üçün ilk gördüyüm taksinin üstünə şığıdım. Əvvəl sürücünü nəzərdən keçirərək çiyinlərinə diqqət etdim. Yox, deyəsən, bu adam xalis sürücüdür. Birtəhər evimin ünvanını yadıma salıb sürücüyə anlada bildim. Yolun yarısında mənə elə gəldi ki, paqonlu ruh bizimlə eyni vaxtda irəliləyir. Çiyinlərindəki ulduzların parıltısını hiss etdim. Dedim axı, ürəyimə dammışdı ki, nəsə olacaq. Bəlkə də hamı bilir, mənə surpriz etmək istəyirlər, ya da yatmışam, qara basır. Fikirləşdim ki, sürücü də hiss etmiş olar, hər halda sürücü adamdır, ətrafa qarşı o, məndən də diqqətlidir. Birdən özümü saxlaya bilməyib soruşdum: “Bayaq yanından ötüb keçdiyimiz maşında paqonlu ruhu gördünüzmü?”

- Paqonlu ruh kimdir?
- Mənim ərim.
- Xanım, özünüzü pis hiss edirsinizsə, maşını xəstəxanaya sürə bilərəm.
- Yox, lazım deyil. Yəqin təyyarə çox yuxarıdan uçub deyə bir az havalanmışam.
- Bir az hava alsanız yaxşı olar – deyib, pəncərənin şüşəsini aşağı endirdi.
- Əziyyət çəkməyin, öz havam özümə bəsdir.

Sağ olsun, sürücü də məni başa düşmüşdü. Ruha dönmüş halımla mənə elə gəldi ki, yaşadığım binanın girişindəyəm. Sürücü ilə sağollaşıb yarıyuxulu vəziyyətimlə özümü binanın girişinə çatdıraraq, pilləkənləri saya-saya orta mərtəbədə yerləşən mənzilimə qalxmağa çalışırdım. Arxamdakı ayaq səslərini aydın eşidirdim. Ala-toran gördüyüm işığa kor baxım, əgər yalan deyirəmsə. Təyyarədəki ağ geyimli paqonlu ruh arxamca yuxarı qalxırdı. Daha heç bir şübhə yeri qalmamışdı. Sürprizim lap yaxında idi. Addım-addım evimizə yaxınlaşırdı. Qapımızı tələm-tələsik açıb yorğun ruhum dincəlsin deyə biradamlıq çarpayını onun üçün səliqəyə saldım. Dedim özüm yerdə yataram, sonra uşağımızı birlikdə gedib gətirərik. İllərdir qatını açmadığım ruhumun isti yorğanını əlimə alıb çarpayıya salmaq istəyirdim ki, ruhum üçün açıq qoyduğum qapımız örtüldü. Ruhum gəldi deyib mən necə getdimsə, yaxın qonşum olan gəlinin səsinə oyandım. Artıq səhər çoxdan açılmışdı. Gəlin başımın üstündə dayanıb məni silkələyirdi. Çox yaxın idik, daha o qədər yaxın idik ki, bizim qapı örtülməyəndə onların qapısı açılmırdı.

- Ay qız, oyan, yerdə niyə yatmısan? Qapını da bağlamamısan, heç olmasa, bu yerə atdığın yorğanı çək üstünə.
Təzə qonşu olsaq da məni çoxdan tanıyırmış kimi idi. Deyir, o birisi binada yaşayan qayınatan danışıb sənin barəndə. Həm də bərk-bərk tapşırıb ki, gəlinimdən muğayat olarsınız. Deyəsən, baba bir az fazla tapşırıb, fazla yaxın etmişdi bizi. Çox mehriban, istiqanlı gəlinə oxşayırdı. Əlində bir balaca şirəçəkən, torbada da meyvələr gətirmişdi. Ağsaqqalın sözünə əməl edirmiş deyə öz evi kimi hərəkət edirdi.

- Arzu, səndən bir xahişim var.
- Hə, qonşu.
- İcazə ver, bu meyvələrin şirəsini sizin evdə çəkim, uşaqlar dərsə gedənə qədər içməlidirlər. Səhərlər dərsə getdiyini, sənin də bu vaxtlar oyaq olduğunu bildiyim üçün gəldim. Evdə səs-küy olmasın deyə şirəçəkəni işlədə bilmirəm. Yoldaşım axşam uçuş növbəsindən gəldiyi üçün çox yorğundur. Növbəti uçuşuna qədər yatıb dincəlməlidir.

Yaxın qonşum təyyarəçi paqonlu ərindən bəhs edirdi. Elə bu dəmdə qapımız yenə açıldı: qayınatamla qayınanam idi. Uşağı gətirmişdilər. Üzlərini ərklə mənə tutaraq:

- A bala, gedəndə deməmisən, heç olmasa gələndə xəbər elə, uşaq üç gündür, ana axtarır.
Amma sizə deyim, “Bizə gəlmiş, düzə gəlmiş” məsəli olmasın, uşaq heç ana axtarana oxşamırdı. Babasının əlindən elə bərk tutmuşdu ki. Tez-tez də babasını dartaraq: “Baba, dur, dur, gedək yelləncəkdən Mişanı endirək, biz yellənək” – deyirdi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031