manera.az
manera.az

Dünyəvi dövlətdə din təhsili - Rektor Aqil Şirinov yazır

Dünyəvi dövlətdə din təhsili - Rektor Aqil Şirinov yazır
Aqil ŞİRİNOV
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru

Dinlərin tarixinə nəzər yetirdikdə, dünyada mövcud olan bütün böyük inanc sistemləri daxilində bölünmələri müşahidə edirik. Əslində, insanın bilik əldə etmə prosesi baxımından bu, normal bir haldır. Bilik obyektlə subyekt arasında xüsusi əlaqədir. Deməli, biliyin kəsb edilməsi prosesində obyektlə, yəni bilinənlə yanaşı, subyekt, yəni bilən (insan) də rol oynayır. İnsan hansısa bir obyekt haqqında məlumat əldə etdikdə bu prosesdə zehnində olan əvvəlki biliklər, ümumiyyətlə, onun dünyagörüşü və bu dünyagörüşün formalaşmasını şərtləndirən mənsub olduğu mədəniyyət də iştirak edir.

Bir sözlə, eyni dinə müxtəlif yanaşmaların mövcud olması, yəni dinin tərkibində məzhəblərin və təriqətlərin yaranması təbii hal hesab olunmalıdır. Təəssüf ki, dinlərin tarixi boyunca bu bölünmələrə çox vaxt fikir müxtəlifliyi və zənginliyi prizmasından deyil, ədavət müstəvisindən yanaşılmış, bu isə bəzən, hətta uzunsürən din və məzhəb müharibələri ilə nəticələnmişdir.

Ümumilikdə, Orta əsrlərdə istər Qərbdə, istərsə də Şərqdə dövlətlərin müəyyən bir din və ya məzhəbi rəsmi ideologiya kimi qəbul etdiyini görürük. Bunun nəticəsində isə rəsmi dini ideologiyaya uyğun olmayan dini və ya qeyri-dini qruplar təqiblərə məruz qalmışdır. Bu təqiblər isə çox vaxt acı nəticələrə gətirib çıxarmışdır. Dinlər tarixində bunun nümunələri çoxdur. Bunların ən məşhurlarından biri 24 avqust 1572-ci ildə Parisdə baş vermiş və "Varfolomey gecəsi" adı ilə tarixə düşmüş hadisədir. Həmin gecə və ondan sonrakı həftələrdə Fransada minlərlə, hətta bəzi mənbələrə əsasən, onminlərlə protestant öldürülmüşdü.

1618-1648-ci illər arasında ilk dəfə katoliklərlə protestantların münaqişəsi kimi başlayan, əksər Avropa ölkələrinin qoşulması ilə böyük müharibəyə çevrilən və tarixdə "Otuzillik müharibə" kimi yadda qalan hadisədə milyonlarla insan ölmüşdür. Bəzi tədqiqatçılar bu müharibə nəticəsində "Müqəddəs Roma İmperiyası"nın əhalisinin 15-20 faiz azalaraq, 20 milyondan 17 milyona endiyini qeyd edirlər.

Orta əsrlərdə İslam dünyasında Avropada olduğu kimi, yüzminlərlə insanın ölümü ilə nəticələnən məzhəb mübarizələri olmamış, lakin lokal xarakterli münaqişələr baş vermişdi. Məsələn, tarixi mənbələrdə Bağdadın müəyyən ərazilərində, xüsusən Kərx və Qəlayin bölgələrində şiələrlə-sünnilər arasında insan itkisi və evlərin yandırılması ilə nəticələnən münaqişələrin olduğu qeyd edilir. 349/960-cı ildən 655/1257-ci ilə qədər Bağdadda dəfələrlə belə hadisələr baş vermişdi. Bənzər hadisələr hicri 502/1108-ci ildə İsfahanda hənəfilərlə şafeilər, Reydə şiələrlə sünnilər arasında meydana gəlmişdi.

Qeyd etmək lazımdır ki, Kərx kimi mənfi nümunələrdə belə, münaqişələrin genişlənməsinə imkan verilməyib. Abbasi-Fatimi və Səfəvi-Osmanlı münaqişələrində məzhəb amilindən istifadə olunsa da, müəyyən lokal hadisələri istisna etsək, şiə və sünnilər arasında bütün İslam dünyasını əhatə edən və Avropada olduğu kimi, ictimai zəmində kütləvi qırğınlarla nəticələnən hadisələr olmayıb. Bu münaqişələr isə istər-istəməz məzhəblərarası qütbləşmələrlə nəticələnib. Müəyyən din xadimlərinin eksklüzivist fətvalarının bu qütbləşmələrdə rolu olmuşdu.

Bütün bu acı təcrübələr nəticəsində Qərbdə dövlət və din işlərinin hüquqi müstəvidə bir-birindən ayrılmasına əsaslanan dünyəvilik prinsipi önə çəkildi. Deyə bilərik ki, dünyəvilik istər dinlər və məzhəblər arasında, istərsə də dövlətlə-din arasında çoxəsrlik problemli əlaqəyə bəşərin düşünən zehinlərinin tapdığı ən optimal həll varinatı idi. Məhz bu prinsipin qəbulu nəticəsində bir çox Qərb və Şərq ölkələrində dövlətlə din, eləcə də müxtəlif dinlər və məzhəblər arasında siyasi və ictimai nüfuz mübarizəsi aradan qaldırıldı. Bu da öz növbəsində, dini zəmində ictimai sabitliyin bərqərar olunmasına və beləcə, ölkələrin inkişafına təkan verdi.

Azərbaycanda da dövlət-din münasibətləri dünyəvilik prinsipi ilə tənzimlənir. Hüquqi dünyəvilik prinsipi ölkəmizdə 1918-ci ildə qurulan və İslam Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyəti dövründən qəbul olunmuşdu. 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası da bu prinsipi qəbul edib və dövlətin idarəsində heç bir dini dünyagörüşü əsas almayıb, eyni zamanda, insanların öz dinlərini sərbəst yaşamalarını təmin edib.

Şübhəsiz, din, demək olar ki, bütün cəmiyyətlərdə mövcud olan köklü ictimai institutlardan biridir. Bu baxımdan, dünyəvi ölkələrdə də bu institutun mahiyyəti haqqında məlumatların insanlara çatdırılması labüddür. Bu məlumatların çatdırılmasının ən münasib yolu isə kütləvi təhsildir.

Qeyd etmək lazımdır ki, din təhsili istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, din mənəvi dəyərlər sistemi olaraq cəmiyyətin mənəvi inkişafında və ictimai birliyin, sosial inteqrasiyanın təminində əvəzsiz rola malikdir. Bununla yanaşı, dinin bəzi xarici güc mərkəzlərinin subyektiv maraqları çərçivəsində interpretasiya edilməsinin milli-mənəvi birliyə deyil, cəmiyyətin bölünməsinə (dezinteqrasiya) səbəb olduğu da sirr deyil. Bu baxımdan, dini biliklərin səhih mənbələrə əsaslanaraq, həmçinin, dövrümüzün reallıqlarını nəzərə alaraq cəmiyyətə çatdırılması labüddür. Doğru dini təhsil dini özünü təhriflərdən qorumaqla yanaşı, həmçinin, milli-mənəvi birliyin təmin edilməsində onun rolunu artırar, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayar.

"Dünyəvilik prinsipinə xələl gətirmədən din təhsilini necə vermək lazımdır?" sualı ətrafında bir çox mülahizə yürüdülüb və yürüdülməkdə davam edir. Qısaca qeyd edə bilərik ki, dünyada dini təhsilin müxtəlif formaları mövcuddur. Bunlardan biri konfessional tədrisdir, yəni tədrisdə bir din və ya məzhəb əsas götürülür, dərslər həmin dindən və ya məzhəbdən çıxış edərək keçilir. Bu tədris metodu daha çox müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyası kimi qəbul edən dövlətlərdə tətbiq olunur. Digər təcrübələr isə "din haqqında" və "dindən öyrənmə"dir. Dünyəvi dövlətlərdə din tədrisi daha çox bu son iki metod üzərində qurulub. "Din haqqında öyrənmə" modeli müəyyən bir dini dünyagörüşün digərlərindən üstünlüyünü önə çəkmədən cəmiyyətdə mövcud olan dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv (təsviri) bilikləri əhatə edir. "Dindən öyrənmə" modeli isə tədris prosesində dinlərin insanlığa təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmədən cəmiyyətin köklü institutlarından biri olan din haqqında şagird və tələbələrə biliyin verilməsinə xidmət edir.

Fikrimcə, son dövrlərdə ictimai müzakirələrə səbəb olan "xaricdə din təhsili" mövzusuna yuxarıda sözügedən din təhsili modelləri çərçivəsində yanaşmaq daha düzgün olardı. İslam dünyasındakı din təhsilinə nəzər saldıqda görürük ki, əksər müsəlman ölkələrində bu təhsil konfessional modelə əsaslanır və normativ xarakter daşıyır. Sözügedən təhsildə konkret bir məzhəbin, yaxud dini qrupun baxışı əsas götürülür və hətta çox vaxt digər məzhəblərin fikirləri "doğru yoldan uzaqlaşma" kimi qələmə verilir. Həmçinin, bir çox müsəlman ölkəsindəki din təhsilində klassik dini elmlərə baxış bir-birindən köklü şəkildə fərqlənir. Xalqları, hətta eyni məzhəbə mənsub olan ölkələrdəki dini təhsilə diqqət yetirdikdə, bu köklü fərqliliyin şahidi oluruq. Bunun əsas mənbəyi isə ilk növbədə, həmin ölkələrin dinə baxışındakı ideoloji fərqliliklərdir. Dünyəviliyi dövlət-din münasibətlərində əsas model kimi qəbul edən ölkələrdəki din təhsili ilə müəyyən bir dini dünyagörüşünü siyasi sisteminin əsası kimi qəbul edən ölkələrdəki din təhsili bir-birindən fərqlidir. Dinin və ya məzhəbin mənbələri eyni olsa da, mənbələrə baxış və onların interpretasiyası bir-birindən köklü şəkildə fərqlənir. Məhz buna görə də dini təhsilə təkcə elmi prizmadan baxmaq kifayət deyil, burada ideoloji amillər də mütləq nəzərə alınmalıdır. Təsəvvür edək ki, dünyəvilik prinsipini qəbul etmiş bir ölkənin vətəndaşı öz baza təhsilini bu prinsipi qəbul etməyən və hətta "qeyri-islami" adlandıran başqa bir dövlətin dini təhsil ocağında alır. Şübhəsiz ki, o, təhsil almaq üçün getdiyi ölkədə dünyəviliyin nəzərə alınmadığı bir tədris prosesindən keçəcək. Yenə təsəvvür edək ki, çoxməzhəbli bir ölkənin vətəndaşı tək məzhəbin "haqq", digərlərinin "batil" kimi təqdim edildiyi bir dini tədris prosesindən keçir. Bütün bunların ictimai vəhdətə vuracağı zərbəni, yəqin ki, təsəvvür etmək çətin deyildir.

Məlumdur ki, 70 illik Sovet dövründə dini fəaliyyətlər, o cümlədən, dini təhsil çox məhdud çərçivədə həyata keçirilirdi. Azərbaycanda cəmi 17 məscid və bir ziyarətgah fəaliyyət göstərirdi. İslami təhsil, ancaq çox məhdud şəkildə mövcud idi. Bütövlükdə Sovet İttifaqı ərazisində İslam dininin tədrisi üzrə yalnız Özbəkistanda "Mir-ərəb" mədrəsəsi və daha sonra Daşkənd İslam İnstitutu fəaliyyət göstərirdi. Azərbaycandan bu tədris ocaqlarında çox məhdud sayda insan oxumaq imkanı əldə edirdi. Azərbaycanın daxilində isə dini tədrislə məşğul olan mədrəsələr və ali məktəblər mövcud deyildi. Yalnız 1989-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində mədrəsənin açılmasına icazə verilmişdi. Bu səbəbdən, dövlət müstəqilliyimizi əldə etdiyimiz ilk illərdə ölkədə din sahəsində ciddi mütəxəssis qıtlığı mövcud idi və həmin illərdə xaricdə dini təhsil almaq bir ehtiyaca çevrilmişdi. Ölkəmizdə get-gedə bu sahədə mütəxəssislər çoxaldı və əminliklə deyə bilərik ki, hazırda xaricdə dini təhsil almaq ehtiyac və zərurət olmaqdan çıxmışdır. Ölkəmiz, artıq öz milli kadrlarını hazırlamaq üçün kifayət qədər bazaya malikdir. Əlbəttə ki, bakalavriat səviyyəsində tələbələrin dini dünyagörüşü formalaşdıqdan sonra, magistratura və doktorantura istiqamətlərində müxtəlif ölkələrin elmi təcrübəsini öyrənmək üçün xarici universitetlərlə tələbə mübadiləsi mümkün və yararlıdır. Baza təhsilinin ölkə daxilində alınması isə cəmiyyətin yad dini təsirlərdən sığortalanması üçün labüddür.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Sərəncamda da qeyd olunduğu kimi, İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu Sərəncamla ölkəmizdəki ali din təhsili yeni mərhələyə keçib, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İnstitutun tərkibinə daxil edilib və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulub.

Ödənişsiz təhsil verən Azərbaycan İlahiyyat İnstitutu yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyub. Doğru və zamanın reallıqları ilə çulğalaşan dini biliklərə sahib olan, əldə etdiyi biliklərlə özünə və cəmiyyətə faydalı olan, tədqiqatları ilə elmə töhfə verən, din sahəsində ictimai şüurun formalaşmasında aktiv rol oynayan ilahiyyatçıların hazırlanması İnstitut qarşısında duran ən ümdə məqsədlərdəndir.

Azərbaycan İlahiyyat İnstitutunda 1 fakültə (İlahiyyat), 3 kafedra (Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai elmlər) mövcuddur. Ali təhsil müəssisəsində tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin İnstitutda təhsilə cəlb olunmaları da nəzərdə tutulur.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil iki - islamşünaslıq və dinşünaslıq istiqamətləri üzrə həyata keçirilir. İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilib. Bu ixtisasın standartlarında ənənəvi İslam elmləri ilə yanaşı, təkcə bu dini deyil, ümumilikdə, dinləri müxtəlif yönlərdən tədqiq edən Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, Məzhəblər tarixi, Dinlər tarixi və digər fənlər öz əksini tapıb. "İslamşünaslıq" ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. "Dinşünaslıq" ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqlarını nəzərə almaqla dünyanın digər aparıcı universitetlərində mövcud olan Dini tədqiqatlar (Religious Studies) bölmələrinin standartlarından faydalanılıb. Bu standartlara İslam, Yəhudilik, Xristianlıq, Hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilib. Həm "İslamşünaslıq", həm də "Dinşünaslıq" ixtisaslarının standartlarına multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dillərinin öyrənilməsini nəzərdə tutan fənlər də daxildir.

Azərbaycan İlahiyyat İnstitutunda magistratura səviyyəsində kadr hazırlığı "Dinşünaslıq" ixtisasının "İslamşünaslıq", "Dinin sosiologiyası", "Dinin psixologiyası", "Dinlərin tarixi", "Dinin fəlsəfəsi" ixtisaslaşmaları üzrə aparılır. İnstitutda, həmçinin, "Dinşünaslıq" və "Dinin tarixi və fəlsəfəsi" ixtisasları üzrə doktorantura təhsili mövcuddur.

İnstitutun ən başlıca hədəflərindən biri cəmiyyətin dini doğru anlamasını və öyrənməsini təmin etmək məqsədilə dini səhih mənbələrdən araşdırmaq, cəmiyyətin din sahəsindəki ehtiyac və təmayüllərini yaxından izləyərək yaranan problemlərə dair həll yolları təklif etməkdir.

İlahiyyat İnstitutunda dini təhsil ölkəmizin reallıqları nəzərə alınaraq həyata keçirilir. İnstitut yarandığı gündən tədris prosesində yuxarıda adlarını qeyd etdiyimiz "din haqqında öyrənmə" və "dindən öyrənmə" metodlarına əsaslanır. Ali tədris müəssisəsində müəyyən bir məzhəb əsas götürülmür, bütün İslam məzhəblərinin görüşləri haqqında təsviri biliklər verilir. Həmçinin böyük dünya dinləri haqqında da deskriptiv metodla bəhs edilir. Azərbaycan İlahiyyat İnstitutu, demək olar ki, məzhəblərüstü təhsili önə çəkməsi baxımından Müsəlman dünyasında unikal modellərdən biridir.
Qeyd etmək lazımdır ki, din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir. Bu məqam ondan ibarətdir ki, cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, savadla yanaşı, Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mənimsəmiş kadrlar lazımdır. Unutmamaq lazımdır ki, din müasir dünyada, təəssüf ki, təkcə mənəviyyat deyil, eyni zamanda, təhlükəsizlik məsələsidir. /525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031