manera.az
manera.az

Dayandur Sevgin - Müharibə hekayətləri bədii müstəvidə

Dayandur Sevgin - Müharibə hekayətləri bədii müstəvidə

Mikayıl Hacıyevin müharibə xatirələri və Səmayə Güləliqızının "Söz və silah" sənədli povesti haqda təəssuratlarım

Sevgi dilə gəlirsə, dua olur. Dua Allaha çatırsa nur olur. İnsan içində daşıdığı nurun, işığın sayəsində yaranmış çətinlikləri dəf edə bilir.

Və yaxud: “Güclü bir qadını sevməkdən qorxma... Çünki zaman gələndə o, sənin tək ordun olacaq...”

Bu səmimi, son dərəcə duyğusal sətirlər Səmayə Gülalıqızının “Söz və silah” adlı Sənədli povestində yer alıb. Yetərincə maraqlı və tutumlu bir əsərdir.

Mövzusu birinci Qarabağ savaşından və müharibədə qəhrəmancasına döyüşən igidlərimizdən biri olmuş Mikayıl Hacıyevin həyatından, keçdiyi döyüş yolundan, üzləşdiyi problemlərdən götürülüb. Bu tarixi olayları Səmayə xanımın səmimi təhkiyəsi, həyat, zaman, vaxt və bəxt haqqında olan düşüncələri izləyir. Oxuduqca hiss edirsənki, kitabın araya-ərsəyə gəlməsini şərtləndirən başlıca səbəb də elə yurd sevgisi, insanlıq, vətəndaşlıq borcu haqqında olan düşüncələrin dilə gətirilməsi ehtiyacıdır.

Əsərin qəhrəmanı Mikayıl Hacıyevin cəmiyyətə və sevgili vətəninə olan hədsiz bağlılığı da müəllifin həyat, vaxt və bəxt haqqında olan qənaətləri ilə üst-üstə düşür. Bir-birini tamamlayır. Səmayə xanım haqlıdır ki, “zaman keçdikcə görkəmli şəxsiyyətləri gənc nəslə tanıtmalı, xatırlatmalı, haqqında bildiklərimizi öyrətməli qələm əhlinin ümidə vəzifəsinə çevrilməlidir”. Çünki bu, yaşanmış bir tarixdir. Hər şeydən əvvəl örnəyə çevrilmiş gerçəklikdir. “Biz sizdən öyrəndik qəhrəmanlığı” qənaətinə aparan yolun özüdür...

Müəllif haqlıdır ki, hər bir insan Allahın mükəmməl əsəridir. “Söz və silah”ın həyatdan gələn, realist qəhrəmanı Mikayıl Hacıyev də dünyaya öz taleyi, mükəmməl xarakterə malik bir əsər kimi yaranıb. Yəni, onun ömür yolunun öz proloqu, inkişaf xətti, kluminasiyası, zavyazkası və ən nəhayət özünəməxsus epiloqu var. Kənardan baxana bir az sərt təsir bağışlayır. Zəngin dünyagörüşə, iti zəkaya malikdir, məğrurdu. Eyni zamanda, daxilən kövrək, həssas və səmimidir.

Düşməninə belə yaxşılıq edə biləcək ürəyə malikdir. Vətənpərvərdir. Birinci Qarabağ savaşı zamanı Naxçıvannik əməliyyatının keçirilməsində iştirak edib. Ağdam Özünümüdafiə batalyonu ilə birgə rəhbərlik etdiyi hərbi hissənin döyüş şücaətinə şahidlik edib. Təkərdağ və Pir yüksəkliklərinin erməni seperatçılarından azad olunması üçün əlindən gələni edib. 704 saylı Lənkəran briqadasının rəhbəri kimi fəaliyyət göstərib.

Təəssüflər olsun ki, həmin illərdə ölkəmizdə baş verən xaos və çəkişmələrin ağır yaşantıları, anlaşılmazlıqları onun da taleyindən yan keçməyib. Heç bir günahı olmadan məhrumiyyətlər yaşayıb. Səmayə Güləliqızı publisistik təsvirlərində bu yaşantıları dərin təəssüf hissilə canlandırıb.

Müharibə dövrünün psixologiyasını dolğun şəkildə əks etdirib. Kitaba əhatəli ön söz yazan görkəmli tənqidçi Vaqif Yusifli haqlı olaraq vurğulayır ki, “müharibə təkcə qanla suvarılan döyüş səngərlərində deyil, həm də insanın ürəyində, ruhunda baş verir. Hiss olunur ki, Mikayıl Hacıyevi qəhrəmanlığa səsləyən çağırışlar həm də ürəyinin, ruhunun, çağırışlarıdır. Səmayə xanım Mikayıl Hacıyevin qəhrəmanlığını onun nəsli və geni ilə bağlayır...” Bu çox doğru yanaşmadır. Çünki ön sözdə də qeyd edildiyi kimi, ot öz kökü üstə bitər...
Dayandur Sevgin - Müharibə hekayətləri bədii müstəvidə
Otun kökü üstə bitməsi həqiqətini Mikayıl Hacıyevin özünün qələmə aldığı “Qarabağ həqiqətləri, nadanlıqlar, yoxsa...” kitabında yer alan lövhələr də addım-addım izləyir. Bu kitabda yazılanlar Səmayə Güləliqızının “Söz və silah” adlı sənədli povestinin araya-ərsəyə gəlməsinə önəmli bir stimul verib.

Qarabağ savaşında son ana qədər vuruşaraq iştirak etmiş Mikayıl Hacıyevin cəbhə xəttində artırıb-əksiltmədən qələmə aldığı gündəlik xarakterli yazılar, keçdiyi döyüş yollarında baş verən hadisə və epizodlar Sımayə Güləliqızının sənədli povesti üçün mükəmməl material və mövzu verib.

Mikayıl Hacıyevin cəbhə qeydləri belə bir ümumiləşdirmə ilə bitir: “Xəcalətli yaşamaqdansa, nə olursa-olsun, yenidən silahlarımıza sarılaraq, vətən torpaqlarımızı azad etməliyiək. Şəhidlərimizin qanı yerdə qalmamalı, düşmən isə məhv edilməli, gəldikləri yerə qovulmalıdır...”

Bu sətirlər yazılanda hələ 2-ci Qarabağ döyüşləri başlamamışdı. Bu tiplu çağırışlar xalqımızın arzusunu ifadə edirdi... Şükürlər olsun ki, qalib Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun döyüş rəşadəti sayəsində bu arzumuz gerçəkliyə çevrildi.

Zəfər çaldıq. Öz cəbhə xatirələrini “bizim qələbəmiz və bayrağımız – ruhumuzdur, Azadlığa doğru irəl!..” çağırışı ilə bitirən birinci Qarabağ döyüşçüsü, qəhrəman Mikayıl Hacıyevin də arzuları həyata keçmiş oldu. Eyni zamanda onun gündəlik xarakterli kitabına, həyat hekayələrinə istinadən Səmayə Güləliqızının qələmə aldığı “Söz və silah” adlı sənədli povestdə bəhs olunan epik-lirik lövhələrin qalibiyyətlə dolu davamının yazılmasına fəxarət dolu nəfəslik açıldı. Dünyamıza “Yer üzünün fatehi ədalətdir, ədalət” rahatlığı, vüqarı daxil oldu.
Dayandur Sevgin - Müharibə hekayətləri bədii müstəvidə
“Söz və silah”ın ön sözündə ifadə olunduğu kimi, C.Güləliqızı bu kitabı özünəməxsus bir tərzdə, fərqli və duyğusal bir üslubda, yeni ədəbi texnologiya ilə yanaşmaqla qələmə alıb və zənnimizcə bu deyilənlərin bir araya gəlməsi, vəhdəti əsərin oxunaqlığını təmin edib: “Belə ki, müəllif həm özü qəhrəman haqqında söz açır, həm də sözü qəhrəmanına verir. Hiss olunur ki, müəllif və onun qəhrəmanı arasında anlaşma, ünsiyyət baş tutub.

Mikayıl Hacıyev, doğrudan da Birinci Qarabağ müharibəsində oddan-alovdan keçən, həm qələbələr qazanan, həm də məyusluqlarla üzləşən bir döyüş komandiridir”. Və bu döyüş komandirinin gerçək həyatını, gerçək yaşamını bütün vacib təfərrüatları ilə bir arada canlandıra bilmək üçün müəllif ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi həyatın Xaosla izlənən, problem və anlaşılmazlıqlarla dolu məqamlarına da diqqət çəkir, 1-ci Qarabağ savaşı zamanı təbii sərvətləri başına bəla olan ölkəmizin işğala məruz qalma səbəblərini incələyir. İstər Mikayıl Hacıyevin qələmə aldığı gündəlik qeydlərində, istərsə də Səmayə xanımın bədii-publisistik məqamların bir-birini uyarlı şəkildə izlədiyi əsərində sözügedən tarixin gizlinlərinə müxtəlif yönlərdən nəzər salınır.

Hər iki kitabda konkret zaman daxilində baş verən hadisələrdən, bu hadisələrin gedişində iştirak edən konkret, canlı insanlardan bəhs olunur. Eyni zamanda da, zamanın özünün təbiətindən irəli gələn yaşantılar önündə heç kəs qınanmır. Tarix təhrif olunmur. Hər iki kitabın əsas qayəsi baş vermiş hadisələrin gerçək üzünə işıq tutmaq, qaranlıqlar pərdəsini aradan qaldımaqdır. Hər iki kitab haqqında bəhs olunan dövrün yenidən hərəkətə gətirilən kinoxronikası kimi çox maraqlı və diqqətçəkicidir.

M.Hacıyevin cəbhə xatirələrindəndir: “Bu kitab üzərində işləyərkən hiss etdim ki, döyüşün gedişini yazmaq nə qədər çətin və ağırdır. Çünki hər bir detal, hər şey göz qabağındadır, yəni qulaqlarımın dibində, yan-yörəmdə vıyıldayan mərmi və güllələr, bədənləri deşik-deşik olmuş yaralı və şəhid əsgərlərimiz, axan qanlar... Keçdiyim cəbhə həyatını yazanda hiss etdim ki, mənim üçün döyüş əməliyyatını keçirtmək və hücumda olmaq, bunları yazmaqdan asan imiş...”

Məhz həmin üzüntülü anların yaşantıları Səmayə Güləliqızının sənədli povestinə belə yansıyır: “Çətin günlər isə acı bağırsaq kimi uzanmaqda idi. Bir tərəfdən müharibə, qan-qada, bir tərəfdən ərzaq qıtlığı il boyu tüğyan etdiyi bir bölgədə, rütubətli zonada xəstəliklər də qaçılmaz və labüd idi. Bütün bu çətinliklərə baxmayaraq mətin insanlarımız dözürdülər. Mikayıl müəllim də qəlbi bunlardan sızıldasa da, onun xarakterində özünü büruzə vermirdi”.

Göründüyü kimi, ədəbi qəhrəmanla bu qəhrəmanlığı bədii-publisistik ədəbiyyatın duyğulu dili ilə tarixə çevirən müəllifin hadisələrə, yaşanmış olaylara münasibəti bir-birini uyarlı şəkildə tamamlayır. Biri o birinin çıxış təkanverici nöqtəsinə çevrilir. Düşmənin məkrli və hiyləgər obrazı həm ədəbi qəhrəmanın, döyüş iştirakçısının, həm də müəllifin dili ilə eyni vətəndaşlıq duyğusu ilə ifadə edilir.

Həm döyüş qəhrəmanının, ədəbi obrazın, həm də sənədli povest müəllifin başlıca məqsədi odur ki, nə qədər çətin və məsuliyyətli olsa da, oxucular, xalqımız ötən illərin hadisələr süjetini tam obyektivliklə, təkrar-təkrar nəzərdən keçirməklə, həqiqəti, baş verənləri anlaya bilsinlər.

Bu, son dərəcə təbii və vacib istəkdir. Çünki belə olmasaydı, ikinci Qarabağ savaşı zamanı dünyanı heyran qoyan tarixi Zəfər günümüzə qovuşa bilməzdik. Bu zəfər həm də ötən zamanlarda baş vermiş xaos və hərc-mərcliklərdən yetərincə qurtulmağımızın, həqiqət axtarışlarımızın parlaq qələbəsi, real nəticəsidir.

Nəticə olaraq qeyd etməliyik ki, S.Güləliqızı birinci Qarabağ müharibəsinin cəsur döyşçülərindən biri olmuş Mikayıl Hacıyevin həyat hekayələri fonunda ötən əsrin 90-cı illərində ölkəmizdə yaşanan ictimai-siyasi vəziyyəti, o dövrün cəbhə həyatını realist bir qələmlə, bədii-publisist müstəvidə ustalıqla canlandıra bilmişdir. Sənədli povestdə tarixi torpaqlarımız uğrunda qəhrəman oğullarımızın heyrətamiz fədakarlığı, qorxmaz döyüş sücaəti son dərəcə real boyalarla əks olunub.

Real hadisələr zəminində qələmə alınan sənədli povestdə, eyni zamanda, tarixə ekskurslar edilir, yurdun örnək olan qəhrəman övladları Səməd bəy Mehmandarovun, Həzi Aslanovun fövqəladə qəhrəmanlıqlarından maraqla söz açılır. Nəticə olaraq haqlı bir sonluqla bitir ki, bu Vətən, eləcə də əbədi və əzəli torpaqlarımız olan Qarabağ bölgələri bizim hamımızındır. Biz bir xalq olaraq onun müdafiəsində, qorunmasında bir nəfər kimi ayıq-sayıq dayanmalı, qorumalı və dünyaya günəş kimi doğulmasına, həqiqətin qələbə çalmasına yardımçı olmalıyıq.

Dayandur SevginБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930