manera.az
manera.az

Alimin insan olmağı : Kafka paradoksu

Alimin insan olmağı : Kafka paradoksu


Mehman Qaraxanoğlu

Heç bir diskursun başlığı haqqında bu qədər sürəkli düşünməmişdim. Heç bir diskurs da öz adını öncədən mənə diktə etdirə bilməmişdi. Adətən, proses bu cür olurdu; hansısa metafizik küpdə yazının ilk rüşeymləri yaranır, inkişaf edir, böyüyür və küp divarlarında çatlar əmələ gələndən sonra mənim “müdaxiləm” başlanardı - onun qolundan turub ehmalca reallığa endirər və ayaq üstə durmasına kömək edərdim. Qalanı onluq idi; ad, rütbə, titulu özü qazanmalıydı. Lap “Dədə Qorqud” eposunun personajları kimi... İndi isə əksidir; ortada iri şriftlə ad-şəkil var, mən onu məna ilə doldurmalıydım. Çətinlik məhz bunda idi. Əgər buna “çətinlik” demək olarsa...
Axı, mən Mahiyyətə – Əlirza müəllimə illərdir ki, addım-addım yaxınlaşıram, daxilindəki sönmüş və aktiv vulkanlara az-çox bələdəm, qəlbinin dərinliklərindən püskürüb dilinə, sifətinə, gözlərinin dibinə yayılan vulkanik maqmanın parlaq, bəzən qüssəli, ecazkar və həm də yandırıcı alovunu çox görmüşəm.
Bəs niyə bu yazının ruhi-tektonik titrəyişlərini onun üçün çox ağır və üzücü günlərdə - əziz bacısının ölümündən iki gün sonra yas çadırında onunla üz-üzə oturduğum vaxtda hiss etdim?!
Niyə?!
Əslində, o yazı Əlirza müəllimin özü, yaşadığı kontekst və ya bütövlükdə onun obrazı idi. Belə hallarda o obrazı olduğu kimi – bütün xırda ştrixlərinəcən tutub saxlamaq, necə var o cür yazıya köçürmək ağlasığmaz bir işdir. Bu cür “perfomans”ları Van Qoq kimi dahi rəssamlar edə bilər. Ona görə də çabalarım uğursuz cəhdlərdən başqa bir şey deyildir...
Əlirza müəllimə diqqətlə baxarkən (“Alimlərin üzünə nəzər salmaq ibadətdir”. “Quran”da ayə) niyə məhz aşağıdakı fraza və ya aforizm gəlib durdu gözümün önündə? “Alim olmaq asandır, insan olmaq çətin”.
Alim olmaq həqiqətənmi bu qədər asandır? Bəs zərgər, rəssam, bənna, dülgər olmaq necə?
Bizi məhz söyləntinin birinci tərəfi çox ilgiləndirir: Niyə məhz alim olmaq asandır?! Əgər aforizmin ikinci tərəfi olmasa, biz şagird və tələbələrimizə guya alim olmağın “asanlığını” belə rahat şəkildə deyə bilərikmi? Əsla, yox! Məhz insan olmağın çətinliyi fonunda alim olmağın asanlığını ortaya atıb qabardıblar və sözügedən mübaliğə yaranıb.
“Alim-insan” - “asan-çətin” paradoksunun leksikonumuza daxil olması bizə nə verib?
Cavab məyusedicidir: Heç nə!
İş o yerə gəlib çatıb ki, hər yerindən duran maddi imkanları, internet resurslarının ona verdiyi “səlahiyyətlər”, çoxmərtəbəli plagiatlıq bacarıqları və hər hansı əcnəbi dildən beş-altı söz-termin əzbərləyib qığıldamaq hesabına gedib “alim” olur. “Oturan yer”də təkcə Milli Məclisdən nə qədər “alim” çıxıb?
Oyundu, vallah...
Həm də XXI əsrdə “piyada” görünmək həmin ləçər “alim”ləri içəridən dəhşətli bir şəkildə söküb dağıdır. Bir yol vardır; öz travmalarını kompensasiya etmək üçün hər cür alçaqlıqlardan (“Bizdə yüksəliş var: səbəb alçaqlıq” H.Cavid) istifadə edib manipulyasiya etmək, bütün şərəfsizlikləri göz altına alıb (Xudayar bəy kimi) vəzifə nərdivanına dördəlli dırmanmaq və məhz oradan sındırılmış qamətlərini zor-güc azcana dikəldib guya özlərindən aşağıda duranlara saxta, yalançı bir təbəssüm göstərmək...
Ay sizi, çoxbilmişlər...
Bu tip alimciyəzlər yalnız şeytana xidmət edir və şeytan ordusunun ən sadaqətli əsgərləridir. Biz şeytana göz aydınlığı verib deyirik:
Gözün aydın olsun, şeytan!
Yox, biz o fikirdə deyilik ki, suçlu məhz sözügedən aforizmdir...
“İnsan insandır! İnsan insan deyil!” (Kafka)

İşıq gələn tərəflər...

Bir anlıq fkirləşək ki, dünyamız yalnız it hürən tərəflərdən ibarətdir. Bəlkə bir az başqa cür düşünək və it hürən tərəflərə bir xitab edək?! Məsələn, bu cür: Əziz və doğma it hürən tərəflər, əgər siz olmasaydınız, işıq gələn tərəfləri necə görərdik? Və ya o gözəl quduz itlər arxamızca düşüb bizi qovub eləməsəydi, işıq gələn tərəflərə necə gəlib çıxardıq?!
Mənim işıq gələn ən cazibədar tərəflərdən birinə - Əlirza müəllimə gəlib yetməyim asan olmayıb. İnsana və onun ağzından çıxan sözə hədsiz dərəcədə inanıb, onu təftiş etməməyimin ucbatından yolda xeyli “ləngimələr”im olub. Amma indi xoşbəxtəm; yanaşı oturanda, addımlayanda, fikir bölüşəndə alimliyi insanlığından, insanlığı alimliyindən çox-çox ucada dayanan bir Şəxsiyyət görürəm...
Çox müşahidə eləmişəm, tələbə və magistrləri də Əlirza müəllimə məhz İşıq Gələn Tərəf kimi baxır, onun yanına tələsirlər. O da ən tələbkar müəllim ampluasında onlardan heç nəyi əsirgəmir, dost, sirdaş kimi davranır onlarla. Və tələbə bəri başdan hiss edir ki, alim olmaq heç də asan deyilmiş, elə insan olmaq qədər çətin imiş...
Çingiz Aytmatovun belə bir fikri vardır: “Sizin yaxşı və pis biri olmağınızın yaşayış yerinin vecinə deyil”. Bir az fərqli düşünürəm. İnsanın doğulub boya-başa çatdığı və ya yaşadığı yerin onun “yaxşı və pis biri” olmasında müstəsna əhəmiyyəti vardır; yaxşı olarkən o yerlər, sən olsan, olmasan da, adın gələndə belə daima gülümsəyər, pis olarkən sızım-sızım sızlayar...
Əminəm ki, Masallının Rüdəkənar (Talışca: çay kənarı) kəndinin dumduru əksləri bütünlüklə Əlirza müəllimin üzü, gözləri və ruhunda cilvələnir...

Bizə alim lazımdır...

Çox sayda “alim” tanıyıram ki, onlara baxıb elmə tüpürmək olar. Və hələ elmin özünəməxsus ilahi ətrini hiss etməyən gənclər tüpürürlər də. Elə bil həmin “alim”lər ordusu (“şeytan ordusu” kimi də oxmaq olar!) doğma, əziz Vətənimizin hərbi, siyasi, iqtisadi, mədəni gücünü zəiflətmək üçün xüsusi məxfi mərkzələrin şeytani əli ilə yetişdirilir. Yetişdirilir ki, gənclərdə elmə olan sonsuz maraq və həvəsi öldürsünlər, cənnət Vətənimiz elmi potensial və savadlı kadr çatışmazlığı üzündən asılı vəziyyətə düşsün.
Allahın lənəti olsun o “”alim”lərə!
Təsəlli üçün böyük Füzulinin aşağıdakı misrasını özüm üçün pıçıldayıram: “Eşqdir hər nə var aləmdə, elm bir qeylü-qal imiş”.
Məhz Əlirza müəllim kimi azlıq - barmaqla sayılası işıqlı alimlərimiz (xobəxtəm ki, dostlarımın içərisində onlar çoxluq təşkil edirlər) böyük fədakarlıqla elmin “qeylü-qal” köynəyini cırıb, bir tərəfə tullayıb, it hürən tərəflərin metastaz verib daha geniş areala yayılmasının qarşısını vaxtında alırlar.
Hiss etdinizmi mən Əlirza müəlimin elmi fəaliyyəti və uğurları haqda bir kəlmə də demədim. Çünki nəhəng dilçi alimlər – Ağamusa Axundov, Tofiq Hacıyev, Musa Adilov məktəbinin layiqli davamçısı haqqında nə desək də azdır. Həm də ortada filoloq-tədqiqatçı Musa Xanbabazadənin onun barəsində böyük zəhmət və sevgi ilə ərsəyə gətirdiyi “Zirvədən boylanan ömür” kitabı vardır.
Hiss etdinizmi diskursboyu saxta “alim”liyini əlində dəstəvuz edib, min oyundan çıxanları qabıqcıqda (dırnaqda) yazdım. Qoy əbədi olaraq onlar qabıqcıqda qalsınlar. Şüşədə qalan cinlər kimi...
Hiss etdinizmi ümumi isim kimi də əsl alimlərin adlarını az qala mətndə böyük hərflə yazmaq istəyirdim. Çünki “Quran”dakı bu ayədən xəbərim vardı: “Allah-taala İbrahim (ə)-a vəhy edərək buyurdu: “Ey İbrahim! Həqiqətən, Mən Özüm aliməm, alimləri də sevirəm”.
Hiss etdinizmi mətnin yarımçıq olduğunu? Çünki Tanrı dərgahı altında bütün mətnlər yarımçıqdır. O da ola Əlirza müəllim kimi əsrarəngiz və kamil bir insan haqqındakı bu kiçik mətn...
Təsəllim yenə də bayaq özüm üçün söylədiyim misranın birinci tərəfidir: “Eşqdir hər nə var aləmdə...”
Elm də, alimlik də, insanlıq da həmin Eşqin içərisindədir...
P.S.
Gəlin, özümüzü aldatmayaq, bizə Alim lazımdır!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30