manera.az
manera.az

Sərraf Talıb: Su kimi saf ömür

Sərraf Talıb: Su kimi saf ömür
Nəriman Əbdülrəhmanlı

Sentyabrın 4-də tanınmış journalist, publicist, tərcüməçi, bütün bunlardan da əvvəl, şair Sərraf Talıbın 65 yaşı, tanışlıığımızın, az qala, 45 ili tamam olur…

Könlümdən onun doğulub-böyüdüyü, ömrünü, ağırçəkili sözünü, fəaliyyətini həsr elədiyi, bir çox şeirlərinin mğövzusuna çevirdiyi Lənkərana, Şağlaser kəndinə getmək, birgə ötən günləri vərəqləmək keçirdi, amma güzəranın qayğıları, can sıxıntısı, dost itkisi qarşımı kəsdi, borcumu beş kəlmə sözlə verməkdən başqa əlacım qalmadı…
Sərrafla tanışlığımıza səbəb olan, ötən il dünyasını dəyişən qardaşı, istəkli tələbə yoldaşım Teyyubun ruhu qarşısında da borclu qaldım. Məkanı cənnət olsun…

Sərrafla tanış olanda cəmi iyirmi yaşı vardı, əsgərlikdən yenicə qayıdıb universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Elə ilk ünsiyyətdəncə sözümüz tutdu, dostlaşdıq. İldə iki dəfə sessiyaya gəlməyini intizarla gözləyirdim, gələndə də saatlarla söhbət eləyirdik, yeni yazdığı şeirləri, tərcümələrini oxuyurdu. Duyumunun zərifliyinə, zövqünə, bir də təbiətə bağlılığına heyrətimi gizlətmirdim. Lənkəranın daşı-torpağı, ağacı, çayı, gülü-çiçəyi ondan ötrü müqəddəs idi. Bəlkə elə buna görə, dəfələrlə imkan yaransa da Bakıya köçmək barədə düşünmədi, ömrünü dogma yurduna həsr elədi.

Sərraf Talıb Azərbaycan Radiosunun cənub bürosunda, rayon qəzetində, jurnalda çalışdı, ləyaqətli zəhmət adamlarını vəsf elədi, bölgənin inkişafı ilə bağlı işlərə öz töhfəsini verdi. Həmişə də başlıca yaradıcılıq ölçüləri peşəkarlıq və vicdan kriteriyası oldu. Mətbuatda yazılarına rast gələndə həmişə könül rahatlığıyla oxuyurdum, bilirdim ki, Sərraf həqiqətdən və səmimiyyətdən sərrə qədər də uzaq düşməyəcək.

İndi AMEA Cənub Bölməsinin etnoqrafiya şöbəsinin müdiri kimi söz yatırımızın tədqiqilə məşğuıdur, amma qanından və tərbiyəsindən gələn mənəvi xüsusiyyətlərini olduğu kimi qoruyub saxlamağı bacarıb.

***

Sərraf Talıbın poetik nəfəsinə ilk şeirlərindən bələdəm. Həmişə də kövrəkliyi, zərifliyi, iddiasızlığı ilə diqqətimi çəkib. Sovet dönəmində qovluğunu qoltuğuna vurub jurnal-qəzet redaksiyalarının qapısı ağzında dayanmayıb, səlahiyyət sahiblərinə “yol tapmağa” can atmayıb, kitabını nəşriyyatların planına saldırmaq üçün cürbəcür üsullardan istifadə eləməyib.

Müstəqillik dövründə isə kitabının çapı üçün imkan sahiblərinə ağız açmağı özünə sığışdırmayıb. Elə buna görə də ömrünün 65-inə çatsa da bir poetik toplusu belə işıq üzü görməyib. Amma sözün dəyərini bilənlər şeirlərini oxuyur, bəyənir, haqqını xoş sözlərlə verirlər.

Sərraf Talıb könül adamıdı, şeirlərini ictimai motivlərlə yükləmir, insan qəlbinin ən incə tellərinə toxunmağı bacarır. Onun şeirlərində təbiət, təbiətin daşı, ağacı, çayı, meşəsi, gülü-çiçəyi, quşu-heyvanı, yağışı-qarı var. Onun duyumunda Lənkəranın yağışı başqa yağışlara oxşamır, yalnız Sərrafın ayırd elədiyi çalarlara malikdi; Lənkəranın qarı da başqa cürdü, o qar ancaq müəllifin sevdiyi torpağa yağa bilər.

“Ata ocağına, ana yurduna sığınıb, günlərin hərəsinə, ağına da, qarasına da bir cümlə yazıb-yazmayan, o günlərini odun yerinə ocağa atan” (“Avtoportret” şeirindəndi) Sərraf Talıb sözün əsl mənasında, öz könlünün tərcümanıdı. Üzünü görməyən, yalnız şeirlərini oxuyan hər kəs onun mənəvi portretini asanlıqla cıza bilər.

***

Sərraf Talıb təkcə könül tərcümanı deyil, həm də yaxşı tərcüməçidi, poetik mətnləri də, nəs əsərlərini də dilmizə ustalıqla çevirir. Əksər qələm sahibləri üçün əlavə gəlir mənbəyi olan tərcümə ondan ötrü mənəvi ehtiyacdı, heç vaxt maddi qzanc əldə eləmək xətrinə bəyənmədiyi mətnlərə vaxt sərf eləməyin. Rus, yapon, yunan, Amerika şairlərindən dilimizə çevirdiyi şeirlər elə Sərrafın öz şeirlərinin havasındadı, buna görə də altında imza olmasa, tərcümə saymaq çətindi.

Üstəlik, Sərraf Talıb nəsr nümunələrini də dilimizdə eyni məsuliyyətlə “danışdırmağı” bacarır. Mixail Şoloxov, Qabriel Qarsia Markes, Nodar Dumbadze, Çingiz Aytmatovun əsərləri onun tərcüməsində ən tələbkar oxucunu belə təmin eləyir. Təsadüfən, Nodar Dumbadze və Çingiz Aytmatovun eyni hekayəsini bir-birimizdən xəbərsiz ikimiz də çevirmişik, maraq üçün hər iki mətni müqayisə eləmişəm, Sərrafın yazıçının ruhuna və orijinala sadiqliyini dərhal sezmişəm.

Amma Sərraf Talıb tərcüməşiliyi də çörək ağacına çevirmədi. Həmişə onun bu potensialının tamam açıəlmamasına təəssüfümü bildirmişəm, çünki öz ciddiyyəti və məsduliyyətilə tərcümə sənətimizə sanballı əsərlər qzandıra bilərdi…

***

Sərraf Talıb 65 yaşına su kimi saf ömrüylə gəlib çıxıb, yaşadığı həyatda özünün də, sözünün də ləyaqətini qorumağı bacarıb…

Hay-küy salmadan, yaxa cırmadan, qapılar döymədən, mənfəət güdmədən bəxtinə düşən yaradıcı və ziyalı ömrünü yaşayıb. Məncə, 65 illik ömrünün ən böyük qazancı da elə budu…

Yəqin, nə vaxtsa kitabları da işıq üzü görəcək, qələmindən çıxanlar daha geniş oxucu kütləsinə çatacaq – buna inamım itməyib…

Yubileyin mübarək, gözəl dost!

Sərraf Talıbın şeirləri...

BU GÜN LƏNKƏRANA YAĞIŞLAR YAĞIR

Bu dəli yağışdan islanıb şeirim,
Daha ağlamaqdan usanıb şeirim.
Yağıştək göylərə uzanıb şeirim,
Bu gün Lənkərana yağışlar yağır.

Necə yığışdırım çəni, bilmirəm,
Mən necə əridim qəmi, bilmirəm.
Özümü ovudum, səni, bilmirəm?
Bu gün Lənkərana yağışlar yağır.

Daha göy üzündə daş da qalmadı,
Daha məndə ürək, baş da qalmadı,
Əzizim, gözündə yaş da qalmadı,-
Bu gün Lənkərana yağışlar yağır.

Düzdülər, qoşdular ağı qaraya,
Onsuz da göz yaşın çatmaz haraya!
Mənim ağlamağım qalıb sonraya,
Bu gün Lənkərana yağışlar yağır.

GÜNLƏRIN BIR GÜNÜ...

Günlərin bir günü,
Bu kiçik dünyanın kiçik bir
şəhərində
Sənə tuş gəldim,
Tutuldum,
vuruldum,
kor oldum.

***
Günlərin bir günü,
Bu kiçik şəhərdən
Böyük səhərə
Sən köçdün,-
Bu kiçik dünyadan
Qərib şəhərə,
Böyük şəhərə,
Ac qurd şəhərə!..
Bilmədim, nə zaman
bu yad şəhərə
elə vuruldum,
Kor oldum,
Səni itirdim...
***
Bu böyük şəhəri
bir libas kimi
geydin əyninə,
Sən iynə misallı!
Bu böyuk şəhər,
Bu qərib şəhər-
saman tayası...
Umid deyib hər günə,
Səni axtarıram,
Bu kor gözlərimlə
hələ də...

DİLİMDƏ SÖZ GÜLƏNƏCƏN

Yatmadım bütün gecəni,
Ağ şəfəqlər gülənəcən.
Yüyürüb dayanmadım heç,
İçimdə nəfs ölənəcən.

Yol axtardım, iz itirdim,
Hərdən çaşıb ulduz dərdim,
Ulduz dönüb oldu dərdim,
Yel gözümü silənəcən.

Başımı verdim yarmağa,
Əlimi verdim durmağa.
Gecə çəkildim çarmıxa,
Dilimdə söz gülənəcən.

O NƏĞMƏMIN SÖZÜ YOXDUR

Dağlara qaya yaraşır,
Bulaq hardan gəlib, çıxdı?
Ulduzlar aya yaraşır,
Günəş hardan gülüb çıxdı?

Dedim gizlərəm bu sirri,
Ürəyimin içi dərin.
Novruzgülü şeirlərim,
Kürəyimi dəlib çıxdı.

Gecə gündüz mən bu yolda,
Köz çıxardım sönmüş küldən!
Qanmı damır qızılgüldən?!
Ürəyimdə dolub çıxdı.

Əllərimin duzu yoxdur,
O nəğməmin sözü yoxdur.
Bu kədərin üzü çoxdur,
Məni tənha bilib çıxdı.

GÖY DEYƏNİ YAZAN OLDUM

Bu get-gələ çox dözmədim,
Mən tanrıdan əl üzmədim.
Öz sözümü mən yazmadım,-
Göy deyəni yazan oldum.

Xəstə yatdım neçə gecə,
Yuxu gördüm keçən gecə-
Aydan işıq içən gecə,
Təzə aydan sözə qaldım.

Mələk məni naxışladı,
Kimsə məni alqışladı…
Tanrı məni bağışlasın,
Mən də bəzən üzə qaldım.

Vallah, məndən adam olmaz,
Yandırmağa odun olmaz.
O ürəkdə adım qalmaz,
Bəlkə bircə sözdə qaldm.

DEMƏDİLƏR BU DAŞ NƏDİR

Daş ürəkli doğulmadım,
Bəs sinəmdə bu daş nədir?
Heyrət edir bəzən adam,
Daş ürəkdən bu yaş nədir?

Nədir sinəmdə asılan,
Küncdə özünə qısılan...
Hansı döğru, hansı yalan,
Sorum kimdən bu daş nədir?

Başıma bəladır bəlkə,
Yaşıma tələdir bəlkə,
Hələ baladır bəlkə?
Qanıma belə təşnədir...

Qəlbimi asır gündə,
Boynumu kəsir gündə,
Qalmışam əsir günündə,
Demədilər bu daş nədir?..

MƏN, SAATIM VƏ GECƏ...

Saatım da məcarəsevəndir
deyə,
Gecələr də yatmır,
İşləyir aram-aram,
5-i göstərir.
İşıldaböcək kimi yanır
əqrəbləri,
Mənə oxşayıb o da.
Ürəyimdə xırdaca bir qurd da
işləyir,
Xırda-xırda dişləyir ürəyimi.
Elə dişləyir ki,
Heç ruhum da incimir.
O da mənə oxşayır deyəsən...
Görünür, qurdun da mənə
Yazığı gəlir...
Səhəri bir yerdə açırıq,
Mən,
İşıldayan saatım,
Məcarə həvəsim,
Bir də
ürəyimi nəvazişlə gəmirən
Xırdaca bir qurd...
28.12.2004

VARİASİYA

Çiçəklər açır...
Cürbəcür...
Nə sənindir, nə mənim-,
Bizdən uzaqda.
Çiçəklər açır qışın oğlan çağında,
Sayıram günləri və gözləyirəm.
Çiçəklər açır odun içində,
Özgəsinin böyük məhəbbətində!
Qızlar çiçək kimi,
Sözlər çiçək kimi,
Qışın qoxusu gəlir bu çiçəklərdən...
Hanı o küçə?
Hanı o dumanlı səhər?
Bircə sən qalmısan o günlərdən,
Sənin dodaqlarının istisi...
Zəng çalınır...
Görəsən kimdir?
Axı, heç kimi gözləmirdim?
Deyəsən, bu, sonuncu zəngdir...
21.10.2008.

KIM ÇIXDI QARŞINA SƏNIN, A DÜNYA

Qarşına kim çıxdı, dayan, a dunya,
Arabir arxana boylan, a dunya,
Yuxulu –yuxulu hara qaçırsan,
Bax, ayaq altına, oyan, a dunya,
Nədən İşlərimiz belə tərs gedir?

İnsan əl qaldırır yenə insana,
Daha canavar da yırtıcı deyil!
Qalıb bu dunyanın işi Allaha,
Məkkəyə hər gedən əsl hacı deyil,
Susuz dəyirmana dənsiz dərz gedir.

Bir hənək başlanıb kökü bilinməz,
Ellər yer-yurdundan ayrı salınıb.
Bu qaçqın köçünün sonu görünməz,
Əcdad məzarları sürgündə qalıb,
Hər tale başında ağır gurz gedir.

Sular kinli-kinli kimi axtarır?
Sular ac qurd kimi yerə daraşıb.
Ünvansız ölümlər doğrunu tapır,
Haqq çöpdən yapışır, göyə dırmaşır,
Haqsızın işləri duppədüz gedir.

Bu necə nehrədir elə çalxalanıb,
Ayranı bilinmir, yağı bilinmir.
Qılıncdan ayırmaq olmur qalxanı,
Dumanda təpəsi, dağı bilinmir,
Başının ustundə bomboz hirs gedir.

Qarşına kim çıxdı sənin, a dünya,
Səbrinin telində ruhumun səsi.
Elə düyün düşüb günün, a dünya,
Bir gün gəlməlidir Nuhun gəmisi!
Hər an, hər dəqiqə bitməz dərs gedir...

Kim çıxdı qarşına sənin, a dünya,
A dünya, işlərin yaman tərs gedir...
29.06.1991

HAMI GƏZMƏYƏ GETDİ

Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Hamı gəzməyə getdi-
nə çox gəzməli,
görməli ölkə!
Getdilər beş günlük dünyanın
dadını çıxarsınlar bəlkə...
Sonda bezib hər şeydən,
işdən-gücdən,
çay kimi axan meydən,
yelbeyin rus qadınından,
Qayıtdılar soydaşlarının çiyinlərində,
Vətən deyilən bu qara torpağa!
...Mən də getmək istərdim,
Amma,
Amma Vətən sevgisi məndə elə şiddətli,
Vətən deyilən yerin cazibəsi elə güclü ki!-
Sıfırdan aşağı hərarətli otağımdan çölə ayaq ata bilmirəm-,
Qorxuram yerim soyuyar,
Otağımdan küsən siçanlar geri qayıdar,-
hisə verdiyim günlərimi ləziz yemək bilib,
Qoşun çəkərlər üstünə...
Amma baxmayıb heç nəyə,
İnanıram, günlərin birində
çıxıb bu cazibədən,
Qaçacağam bir qərib dünyaya,-
Qaçacağam, inanın mənə!
Vətəndən kənarda ölməyə,-
Vətəni daha artıq sevməyə!
02-09.02.2012.

NƏLƏR ÇƏKDİYİNİ KİM BİLİR Kİ!..

İiyimi sümürüb, sümüklərimi çölə atacaq,
bilirəm,
Bilirəm, üçrəngli bayraqdan köynək geyinsəm də,
İnanmayacaq nələr çəkdiyimə.
Bir fidan daş kimi torpaqdan
baş qaldıranda,
Bir körpə ana bətnindən
bu dünyaya göz açanda,
Nələr çəkdiyini kim bilir ki!..
Səni biz yaratdıq, ev-ev, oba-oba,
şəhər-şəhər...
Səni biz doğduq adam-adam,
Səni,
Vətən, səni,
ölkə səni,
dövlət, səni,
Biz yaratdıq.
Yaratdıq ki, yaşayasan,
Adam-adam, ev-ev, oba-oba, şəhər-şəhər
böyüyəsən!
Yaratdıq ki, isti evimiz, sərin suyumuz,
bir tikə çörəyimiz,-
söykənəcəyimiz qardaşımız olsun,
Düşmənə göz dağı Vətənimiz olsun!..
İliyimi sümürüb
Hələ sümüyümü də atırlar çölə.
Üç rəngli bayraqdan köynək geyinsəm də,
Mənə inanmırlar ki, inanmırlar hələ...
16 mart 2021-ci il.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031