Vəsiyyət - HƏCƏRdən hekayə
Şəhidlər xiyabanına çatanda bərk tövşüyürdü.
Daha kirdarı qalmamışdı. Belini düz tuta bilmir,
dikəltsə də, yenə əyilir, ayaqlarını sürüyə-sürüyə
yeriyirdi. Pillələri qalxıb nəfəsini dərmək üçün bir
az dayandı. Ağaclarda quşlar şövqlə oxuyurdu.
Bu onu lap kövrəltdi, dodaqaltı: “Yazıq balam”, –
deyib yoluna davam etdi. Əvvəldən söz vermişdi,
səbirlə ağlayacaqdı. Buradan qayıdanda bir az
yüngülləşsə də, hikkə ilə bərkdən ağlayanda
heydən düşür, yeriməyə taqəti qalmırdı. Qızları ilə
gələndə bir qədər rahat olur, kimsəsizliyini
unudurdu.
Qıpqırmızı bayraqlarla, çələnglərlə,
qərənfillərlə bəzədilmiş təzə qəbirlərin birinin
yanında diz üstə çökdü. Sonra bir az dikələrək
başdaşındakı şəklə üzünü söykəyib gözlərini
yumdu. Soyuq daş ürəyinəcən axan bir sərinlik
gətirdi. Gözünün yaşı yanaqları aşağı süzülür,
saqqalından axıb yaxasına tökülürdü. Belə
dayanmağa heyi olmadığı üçün yenə qəbrin üstünə
çökdü.
Qollarını açıb sanki kimisə qucaqlamaq,
bağrına basmaq istədi. Arıq, skeleti çıxmış
sinəsində çarpazladığı qollarının arası boş qaldı.
Bomboş... Havanı qucaqlamaq olmur. O tərəf-bu
tərəfə baxıb kiminsə olub-olmadığını bilmək istədi.
Hələ ki heç kim yox idi. Özünü saxlaya bilmədi,
hönkürtü ilə içindən çıxan fəryad səsi az qala
qulaqlarını batırdı. Yerini rahatlayıb kürəyini
başdaşının kənarına söykədi. İyirmi gündü ki,
gəlmirdi qəbir üstünə. Gələ bilmirdi. Həm üç
avtobus dəyişmək, həm də uzaq yolu gəlmək...
Ürəyi də sözünə baxmır, sinəsində ovuc içində
çırpınan quş kimi pırıldayırdı. Bilirdi ki, ömrünün
sonuna az qalıb, lap az... Nəfəsini dərib için-için
sızıldadı, yenə ağladı. Lap körpəlikdən indiyəcən
oğlunun bütün həyatı gözü önündən film kimi
keçirdi. Birdən qışqırtı səsi eşidib yana döndü.
Arada burda rastlaşdığı qadın idi. Oğlunun qəbri
üstünə gəlmişdi. Uşaqları qonşu idi – qəbir
qonşusu. Heç vaxt danışmaz, baxışları ilə
salamlaşar, hər kəs öz dərdinə ağlayıb gedərdi. İndi
qadın da tək gəlmişdi. Bir az ağlaşıb sakitləşdilər.
– A bacı, niyə təksən? Həmişə yanında adam
olurdu axı.
– Nə bilim. Gəlin tək qoymur, mənnən gəlirdi.
Cümə axşamını gözləyə bilmədim. Dözəm -
mədim... Dolmuşdum...
– Allah rəhmət eləsin. Bizə yaman dağ qoyub
getdilər sağ olmuşlar...
Dediyi söz özünə də qəribə gəldi, yenə
kövrəldi:
– Sağ olmuşlar... Hanı sağ olmuşlar, hanı ?
– Yaxşı, qardaş, dilimiz öyrəşib, sözdü daa,
deyirik... Anası yoxdu? Niyə tək gəlirsən həmişə?
– Anası bəxtəvər bundan sonra yaşamadı.
Getdi. Yazıq xəstəydi. Yataq xəstəsi. İflic. Neçə
illərdi... Çox qulluq elədim, sağalmadı. Uşaqdan
sonra onca gün yaşadı. Onca gün...
– Allah rəhmət eləsin. Yenə qalsaydı, dərd
ortağı olardı. Tək çətin olar sənə.
– Dinmirdi, danışmırdı. Dərd ortağılıq bir şey
qalmamışdı bədbəxtdə. Sənin də, deyəsən,
yoldaşın yoxdur, – deyib sonra üzrxahlıq etməyə
başladı, – bağışla, bacı, namünasib söz dedim...
– Namünasib niyə olur? Yoxdur. Çoxdan
rəhmətə gedib. Rəhmətlik doxsan üçüncü ildə
müharibədə həlak oldu. Bu uşağı, qardaşını nə
zülmlə saxlayıb böyütmüşdüm.
– Allah rəhmət eləsin. Bir başa iki yumruq.
Düşməni Allah yox eləsin. Camaatı yaman günə
qoydular. Hərə bir cür çəkir.
Qadın dərindən ah çəkib:
– Hə, çəkir, – deyib, sonra, – haradansan? –
deyə soruşdu.
– Qarabağdanam.
– Yenə bu günə şükür. Alındı.... Heç olmasa
ürəyimizə bir az su səpildi. Bildik, uşaqlarımız
havayı ölmədi. Bunların qeyrətinə qurban olum.
Böyük təskinlikdir. Millət bunlarla fəxr eləyir,
qarşılarında baş əyir.
Danışdıqları müddətdə kişi bir dəfə də başını
qaldırıb qadının üzünə baxmamışdı. İndi gözlərini
qıyıb ani nəzər saldı, yerə baxaraq köksünü
ötürüb:
– O tərəfi də var. Yaxşıdır. Ancaq mən balamı
istiyirəm. Dözə bilmirəm. Ürəyim göynüyür.
Kürəyim alışır. Tək oğlumdu. Kəllədə bir göz.
Bütün ümidimiz ona idi. Bu da belə. Bizimki
yaman pis gətirdi, – dedi, – yoxsulluq, çətinlik....
Təzə-təzə gün görmək istəyirdik ki, davanı
başladılar lənətliklər. Çıxıb gəldik bura. Yer yox,
yurd yox, pul yox. Üç uşaq, bir də ikimiz... Köhnə,
uçuq-sökük yataqxanada güclə bir otaq tapdıq.
Sığındıq ora. Nə zülmlə qızlarımı, bu uşağı
saxladım. Arvadın da bir simsarı yoxdu. O yazıq
tamam yetim idi. Bibisi saxlayıb böyütmüşdü.
Əsgərliyə gedəndə sözünü, razılığını alıb getdim.
Gəlib evləndim. Xasiyyətim pis idi. Yazığa gün
vermirdim. Cırtqoz adam necə olar? Sözümü
çevirə bilməzdi. Döyürdüm. Elə bil Allah məni
qarğımışdı. O qədər xətrini istiyirdim, ancaq içən
kimi hirs-hikkəmi onun üstünə tökürdüm. O
yazıqdan nəyin hayıfını çıxırdım, özüm də
bilmirdim. Adımı Dəli Tahar qoymuşdu.
Gözümdən iraq vaxtı deyirdi. Hərdən qulağm
çalırdı. Üzbəsurat deyəmməzdi. Bura gələndən
sonra elə bil qollarım düşdü yanıma. Yazığım
gəlirdi. Yataqxanada yaşamaq zülümdü... Bir
otaq... Bakının istisi. Yoxsulluq... İrəlilər hö -
kümətin verdiyi çörək pulu gündəlik çörəyə ancaq
çatırdı. Birtəhər böyüdülər. Qızları verdim ərə. Öz
qohumumuzdu ikisi də. Yeznələri deyirəm. Hə,
baxırlar arvad-uşaqlarına. Ancaq uşaqları zəifdi.
Hörümçəkdən can umurlar. Dünyaya düşəndən
iynə-dərmandadırlar. Həkimlər deyir, qohum -
luqdandı. Nə bilim, əşşi, qavaxlar da çox adam
qohumla evlənirdi. Bə o vaxt uşaqlar niyə xəstə
olmurdu? Mən öz dərdimi – arvadın xəstə
olmağını deyirəm – ancaq çəkirdim, qızlarınkı da
bir tərəfdən. Nəvənin xəstə olmağı yamandır.
Arvad iflic olandan sonra bir adamı yaxına qoy -
madım. Dedim, uzaq durun, hər qulluğunu özüm
eliyəcəm. Hər səhər duran kimi üzünü yu dum,
saçını daradım, yeməyini yedirtdim. Bir dəfə də
olsun, hamamını gecikdirmədim. “Obşi” ha mam
idi. Yataqxananı bilirsiz dəə. Qucağıma alıb aparır,
yerə adyal sərib üstündə çimizdirirdim. Günah -
larımı yudum. Dedim, bəlkə, Allah maa cəza verdi
onu döydüyümə görə. Ancaq sonra fikir ləşdim ki,
maa cəza verirdi, özümü eliyəydi xəstə, bu yazığın
nə günahı vardı ki? Camaat yaman hörmət eliyirdi.
Deyirdilər, savabını, o dünyanı qazanmısan. Taabilmirdilər ki, ona qulluq elədikcə ürəyim
sakitləşir, günahlarımı yuyuram. Dinib-danışmırdı.
Amma bilirdim ki, şüuru var. Bir az var. Bu uşağı
görəndə gözündə ayrı cür baxış əmələ gəlirdi.
Dəyişirdi yazıq. Sifəti açılırdı. Uşaq ayrı cür
uşağıydı. Təpərli. Qoçaq. Oxumadı, ancaq əsgər -
likdən gələndən sonra qatır kimi işlədi. Biləyində
fır əmələ gəlmişdi. Pul yığdı, şəhərdən kənar, uzaq
yerdə torpaq aldı. Köməkləşdik, ikicə otaq tikə
bildi. Yaman söyünürdü dədəsi ölmüş. Deyirdi,
dədə, o yataqxanadan, camaatla bir ubornuya
getməkdən, eyni hamamda çimməkdən canımız
qurtaracaq.
Təzəcə yığışmışdıq o evə. İstəklisi də
varıydı. Yaşı keçirdi. Elə bu arada toy eləmək
istəyirdim. Dedim, gəlin gələr, evin qalanını da
yavaş-yavaş tikərik. Çox söyünürdüm, çox. Həm
də qorxurdum elə bil. Ürəyimə dammışdı ki, bizə
söyünmək düşmür. Elə də oldu. Allaha neylə miş -
dik axı? Nə namartdığ eləmişdik? Qaldım o evdə
bayquş kimi tək.
Qadın yaylığının altından çıxan ağ saçlarını
səliqəyə salıb qəbrin üstündə yerini dəyişərək
rahatladı. Sonra:
– Qardaş, – dedi, – Allah səbir versin sənə.
Hansımız asan saxladıq ki balalarımızı? Mənimki
o vaxt getdi, həlak oldu. Məndən on yaş böyük idi,
qırx yaşı vardı yazığın. Nə çətinliklə burada
özümüzə yurd-yuva qurmuşduq. Yuxu kimi gəlir.
Nə zillətlər çəkdim. Gəlin xeylağı, ər yox. Yeyin
yeriyirsən, deyirlər, dəlidir. Yavaş yeriyirsən,
deyirlər, ölüdür. Qohum-qardaş da yaxın durmur.
Əvvəl əl tuturdular arada. Sonra onlar da bezikdi.
Hərdən hökümət adamları gəlirdi. Veriliş üçün
çəkirdilər. Yardım-zad da olurdu. Amma o paylar
qarın doyurmur ee... Bir dəfə bir qohum kişinin
sənədlərini istədi ki, sizə yardım yazdıracam.
Sonra gəldi ki, mümkün olmadı. Xeyli keçmişdi
üstündən. Eşitdim ki, adımıza neçə yerdə yardım
yazdırıb, özü alır. Özünün də neçə yerdə dükanı,
vəzifədə oğlanları vardı. Məlumat verdim həmin
yerlərə. Mənimlə düşmən oldu. Kitabxanada
işləyirdim. Ayda beş-altı "şirvan" maaş alırdım.
Onunla yaşamaq olardı? İşdən çıxdım. Bir
qohumun restoranında qab yudum. Hər axşam evə
yemək gətirirdim. Uşaqlar sevinirdilər. Hərdən
yeməyin içindən dişlənmiş ət tikələri çıxırdı. Dəli
olurdum...
Sonra dedilər, şəhid ailələrinə dükan açmaq
asandır. Kişinin şəhidlik sənədlərini təqdim elədim.
Nə zillətlə balaca bir dükan açdım. Uşaqlar da
kömək eləyirdi. Bir az tükümüz duruldu.
Oxumuşdu bu balam. İnistut bitirmişdi. İşləyirdi.
Ürəyim dağa dönürdü. Şükür eliyirdim ki,
balalarım yekəldi. İşləyirlər, əziyyətdən qurtardım.
Daha rahat olaram. Hardaa?.. Əşşi, nə isə...
Dərdimi təzələdin... Dava başlayanda, düzü, ana
ürəyidir, qorxurdum, dedim, sənin iki balan var,
bala, getmə. Dədən getdi, həlak oldu, yetimliyin nə
demək olduğunu bilirsən. Barı balaların yetim
böyüməsin. Dedi, ana, bu günü nə vaxtdı,
gözləyirdim. Gedəcəm. Qabağıma durma.
Varlıların, vəzifəlilərin uşaqları onsuz da get mə -
yəcək. Torpağı kim alsın? Namus-qeyrət işidir.
Həm də atamın intiqamını alacam. Getməliyəm.
Getdi. İyirmicə gün çəkdi... İyirmi gün... Həlak
oldu... İnnən belə nə yaşamaq? İki körpə uşağı
var. Onlardan ötrü gərək çabalayam .
Kişi aradabir öskürür, nəfəs aldıqca xışıldayan
sinəsini arıtlayırdı.
– Hə, bacı, sənin də heç günün gün olmayıb.
Bizimki arada kəndi soruşardı. Evimizi, həyəti,
qohum-qonşuları soruşardı. Çox şey yadında deyil -
di. Bura gələndə bir qırıq uşaq idi axı. Bu,
qızlardan sonra doğulub. Müharibə başlayanda
uşaq tamam dəyişdi. Dünyanı unutdu. Ayaqları
yerə dəymirdi. Sümüyü oynağa gedirdi savaş maq -
dan ötrü. Davada gedib o yerləri gördü. Kəndi,
evimizi tapdı. Yaman fərəhlənirdi. Deyirdi, dədə,
köçüb gələrik bura. Nə gözəl ellərimiz varmış.
Buranın qışı belədir, gör yazı, yayı necə olacaq.
Heyvan, toyuq-cücə saxlayarıq. Anama da təmiz
havanın xeyri dəyər. Arının dilini yaxşı bilirsən,
öyrədərsən, arı saxlayaram. Burda olan kasıb
olmaz. Eeh, yazıq balam... Fikirləşirdim, götürqoy eləyirdim. O vaxtları dədəm xəstə idi. Cavan
vaxtı burda – Bakıda işləyirmiş. Vallah, rayon
yerində camaata şərait, yaşayış imkanı yaratsalar,
heç kəs yurdunu buraxıb şəhərə gəlməzdi. Yazıq
kişinin ayağının biri dəzgaha düşüb kəsilmişdi.
Qayıdıb kənddə evlənir, orada təsərrüfatla məşğul
olur. Anam çox qoçaq, işgüzar idi. Yadıma gəlir,
meşələrdən zoğal toplayıb axtalayar, alça yığıb
lavaşa qurudar, pendir, şor tutardı. Maşın yolu yoxidi. Belimizə şəllənib piyada qonşu kəndə, ordan
da yük maşını ilə Şuşaya – bazara satmağa
aparardıq. Həmin gün evdə bayram olardı. Sonra
yazıq arvadın canı xəstə düşdü. Ağır işlərdən
oldu..
Kişi söhbətiniə ara verdi. Köhnə gödəkcəsinin
cibindən canavar başlı bir qəlyan çıxarıb:
– Bunu çəkəndə qanıq verir. Siqaretlərdə dadtam qalmayıb, – dedi. Qəlyanını odlayıb dərindən
sümürdü. Qatı tüstünü ciyərlərinə çəkdi. Elə bil
ürəyinin yanğısını – odu odla söndürmək istəyirdi.
Ağzından, burnundan çıxan qalın tüstü dumanı
içindəki yanıqlı ahı da özü ilə birgə çəkib çıxardı.
Yaşarmış gözlərini qıyıb:
– Oralarda katorqadakı kimi işləməsən, dolan -
maq olmurdu. Əsgərliyə gedəndə dedim, qayıdıb
hər işi qaydasına salacam. Gedəndə dədəmin
qapısında bir sürü heyvan qoyub getmişdim.
Gəldim ki, təsərrüfat tamam dağılıb, cəmi altı keçi
qalıb. Çoxunun da əmcəyi, bədəni qırma ilə dolu,
dü yün bağlıyıb. Qoyunları orda-burda girəvəyə
salıb tutub aparmışdılar. Keçi əl vermir axı. A ki -
şi nin qızı, keçiləri ov heyvanı kimi ovlamışdılar.
Onu da düşman eləməmişdi ki. Öz kəndçilərimiz
– özümüzünkülər eləmişdi. Haram yeməyi Allah
qəbul eləmir. Haram pis şeydir. Təhəri var. Elə bil
dünyam qaraldı. Məni yaman pisikdirdilər. İstədim, qayıdam Bakıya, ya Rusetə. Ancaq dədəm
qoymadı. Dedi, dağ adamınınkı elə dağdır, bala.
Dağ adamı aranda, şəhərdə ya axtalanmış öküzə,
ya da qırmızı görmüş buğaya dönür. Yəni normal
adam olmur. Ağlıma batdı. Həm də dədəmə
yazığım gəldi. Qaldım. Təzə-təzə özümüzü düzəl -
dirdik ki, qaçqınçılıq başladı. İndi də ki belə... –
dedi.
Qəlyanını ikinci dəfə sümürəndə sanki öz-
özünə:
– Arvad otuz il dedi, bu zəhrimarı tərgit,
tərgidə bilmədim. Andıra qalmış elə bil kəbinli
arvadımdır. Tütünü də tapılmır. Yeznəm ordan-burdan soraqlıyıb gətirir, – deyəndə kal öskürək tutdu.
Sinəsini arıtlayıb davam etdi:
– Mənim balama qismət olmadı, əyər bundan
sonra gedib o xaraba qalmış yerləri abad eləyib,
yenə oğurluqla məşğul olacaqlarsa, yenə kəndin
dul arvadının, yetiminin malını oğurlayacaqlarsa,
heç getməsinlər. Oraları düşman fitnəsiynən baravar, haram mal yemək, allahsızlıq dağıtdı, ehtiyac içində qoyduqları yetim-yesirin, qəribin ahı
dağıtdı.
Vallah, elə belədir. Maa əyan oluf,
bilirəm... Balalarımızın qana hayıf döyülmü? O
torpağa bizim uşaqların qanı töküluf. Məndən ötrü
Məkkədən, Kərbəladan irəlidir o torpaqlar. Belə
yerdə haramçılıq gərək olmaya. Hər şey yaxşı
olsun gərək. Çox yaxşı. Balam istədiyi kimi, –
deyib yenə ağladı.
Qəlyanın külünü yerdəki balaca daşa döyüb
çırpdı. Cibinə qoyub dəsmalını çıxardı. Üzünü isladan göz yaşlarını silib göyə baxdı:
– Bacı, günortaya az qalıb. Mən gedim. Yolum
uzaqdır, çox uzaq. Yaxına salsın Allah yolumu. O
dünyanı deyirəm. Taa mənim bu dünyayla bir işim
qalmayıb.
Gedim balamın yanına, – deyib ayaq -
larını sürüyə-sürüyə qəbirlərin arasındakı cığırla
keçib getdi. Əyilmiş beli başdaşıların arasında
görünməz oldu. Bayaqdan ağaclarda nəğmə oxuyan quşlar susmuşdu…