Milli Mətbuat 146 yaşında
Azərbaycan Milli Mətbuatının 146 yaşı tamam olur.
Milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ilin 22 iyulunda görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub.
XIX əsrin axırlarında “Ziya”, “Kəşkül”, “Kaspi”, XX əsrin əvvəllərində “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzetlər “Əkinçi”nin ideyaları işığında geniş maarifçilik işi aparıblar.
Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi, qanunvericilik bazası təkmilləşdirildi. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu.
Son illərdə ölkəmizdə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli mətbuatın əlamətdar yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısı tərəfindən sərəncamların imzalanması da bu sahəyə diqqətin parlaq təzahürüdür.
Azərbaycan mediası həmişə milli maraqların keşiyində dayanıb, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə mediamızın daha böyük sınağı oldu və o, bu imtahandan başıuca, alnıaçıq çıxmağı bacardı. Müharibənin ən qaynar nöqtələrində olan media nümayəndələrimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbəni yüksək peşəkarlıqla işıqlandırdı. Media təmsilçilərimiz cəbhə bölgəsində peşə borclarını şərəflə yerinə yetirməklə yanaşı, hərbi birləşmələrin tərkibində düşmənə qarşı mərdliklə vuruşdular. Vətən müharibəsi başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov Kəlbəcər rayonu ərazisində öz peşə borclarını yerinə yetirərkən düşmənin işğal zamanı basdırdığı minaya düşərək şəhid oldular.
22 iyul – Milli Mətbuat Günü münasibətilə 146 yaşlı mətbuatımızın inkişafında iz qoyan ziyalılarımızı, ölkəmizin ərazi bütövlüyü uğrunda və öz xidməti borcunu yerinə yetirərkən həyatını itirən jurnalistlərimizi rəhmətlə anır, bu gün peşə fəaliyyətini davam etdirən həmkarlarımıza uğurlar arzulayırıq. Bayramımız mübarək!