manera.az
manera.az

Qayət söz ilə - Zakir Məmməd Nurafizdən yazır...

Qayət söz ilə - Zakir Məmməd Nurafizdən yazır...
“Ömrü islağa qoydum,
Söz ilə yuyum deyə”

(Nurafiz)

Sosial mediada tanınmış şair Nurafizin bir-birinin ardınca paylaşdığı son silsilə şeirləri həmişə olduğu kimi, yenə media izləyicilərinin marağına səbəb oldu.

Bu ilin iyun və iyul aylarında yayımlanan həmin şeirləri əsasən iki aspektdə şərh, yozum tələb edən ədəbiyyat hadisəsi kimi qəbul etmək olar. Birincisi, elə ədəbiyyat faktı kimi bu poeziya nümunələrinin doğurduğu sosial-estetik effektlə, ikinci yanaşma müəllifin özünün son dövr fəaliyyətinə ayrıca nəzər yetirməyin zərurəti ilə bağlıdır. Mənə elə gəlir ki, bizim poeziya alanında şərti olaraq Nurafiz üslubu adlandıra biləcəyimiz bir ədəbi estetika haqqında geniş, tutarlı təhlillər aparmağın vaxtıdır. Son bir ayda şairin iki dəfə özünün feysbuk hesabında paylaşdığı şeirləri təkrar-təkrar oxudum, rəylərə nəzər saldım.

Oxucuların ürək sözləri mənim düşüncələrimə bir az da yön verdi. Şairin uğuruna sevinmək bir yana, rəyçilərin, təxminən, “yaxşıdır”, “gözəldir” sözlərinə əlavə olaraq bir qədər geniş fikir bildirməyi götür-qoy etdim.

Hesab edirəm ki, Nurafiz kimi söz ustadının bir, bir neçə şeiri ilə də ədəbiyyat söhbəti etmək, “yerin-göyün” qlobal və məhəlli problemləri ətrafında diskussiya qurmaq mümkündür. Ancaq indi feysbuk oxucusuna təqdim etdiyi “bu qədər” əsərin müqabilində daha arxayın təhlil aparmaq fürsətini əldən vermək olmaz. “Bu qədər” kəlməsini professor Bədirxan Əhmədovun sözü kimi qabıqcıqda yazıram. Bədirxan müəllim həmin şeirləri şedevr adlandırır və “bu qədər” şeiri birnəfəsə oxuduğundan məmnunluğunu ifadə edir. Doğrudan da, son vaxtlar bir çox müəlliflərin sosial mediada bir şeirlə yox, “bir kitablıq” şeirlə çıxış etməsinin şahidi oluruq və bu, yaxşı haldır. Həmin şeirlərin ədəbiyyat saytlarında da yayımlanmasını təqdir etmək lazımdır.

Bu baxımdan, “Manera.az” saytının mövqeyi təqdirə layiqdir. Sosial mediaya həssas olmaq yeni media qurumları üçün bir fəaliyyət norması olmalıdır.

Yaxşı ədəbi məhsul üçün təkcə “araz-marketlərin” bahalı vitrinlərinə göz qoyub oturmaq zamanı deyildir. Fikrimcə, Nurafiz kimi şairlərin təbliği, təhlili, öyrənilməsi bu sahə ilə məşğul olan ədəbiyyatşünas alimlər üçün maraqlı mövzu sayıla bilər. Ədəbi prosesin yaxın üç-dörd ildəki gündəmi Nurafizin az yazan şair yox, çox yazan şair olduğunu sübut edir. Onun son bir neçə həftədə tanış olduğumuz yeni şeirləri şairin dil-üslub fərdiliyini və mövzu dairəsini əsasən dəyişmədiyini, sadəcə texniki bacarıqlarını daha da təkmilləşdirdiyini görürük.

Bu şeirlərin də mahiyyətində həsrət, ayrılıq duyğularının üstünlük təşkil etməsi həm də aktual bir mövzuya müraciətin göstəricisidir. Hərçənd “ayrılıq” temasının tarixi çox qədim ədəbi keçmişimizlə bağlıdır. Fəqət “bir ayrılıq, bir ölüm” qəm-qüssəsi qəlbi, şüuru heç vaxt tərk etməmiş və tərk etməyəcəkdir. Şübhəsiz, indi ənənəvi romantik, realist ayrılıqlardan söhbət gedə bilməz. Klassik anlamda, bir-birindən ayrı düşmək nəticəsində yarana bilən həsrət motivi yəqin bundan sonra da işlək bir ədəbi kredo kimi qələm adamlarını məşğul edəcəkdir.

Lakin internet əsrinin ayrılıq konsepsiyası hər halda fərqli estetik tələblərə əsaslanmalı və yeni poetik texnologiyayanın prinsipləri nəzərə alınmalıdır. Bu səbəbdən ayrılıq mövzusunda Nurafiz bəyin şeirlərində ifadə olunan fərqli cəhətin nə olduğunu gərək nəzərdən keçirək. Əvvələn, yeni çağ ədəbi düşüncəsində həmin klassik həsrət motivinin internet sayəsində bir qədər aktuallığını itirdiyini qeyd etmək lazımdır. İnternetin bütün sərhədləri dağıtması nəticəsində həsrət duyğularının müəyyən qədər sərinləyə biləcəyini düşünmək olar. Hər halda sürətli innovativ kommunikasiya da üz-üzə, baş-başa canlı ünsiyyəti əvəz edə bilməz.

“Ağac olammadım yol qırağında,
Kölgəmə sığmadı bir qarışqa da.
Uzaqdan-uzağa salam yolladım,
Heç dadı qalmadı bir qarışda da”

Yaxud şairin, yazıçının ənənəvi qaydada həsrətdən göz yaşı axıtdığı, yanıb-qovrulduğu barədə fikir söyləmək o qədər yerinə düşməsə də, indi də ayrılığa tabı olmayan insanlardan bir xalq yaratmaq olar. Həsrət həsrətdir. Yurd yeri üçün burnunun ucu göynəyən insanın doğma kəndi, el-obası ilə bağlı duyğuları hər zaman aktivdir və şairin onu necə ifadə edəcəyi də maraqlıdır.

Necə olur daşı deşir damlalar,
Açıq qalır indiyəcən su sirri?”


Şeir mətninin ilk bəndində yer alan bu misraların düzülüşündə ayrılıq barədə açıq-aşkar bir söz deyilmir , ancaq damlanın əzmindən, suyun sirrindən söz açılmağından burada səbirə, dözümə eyham edildiyini anlamaq olur və o da anlaşılır ki, damlanın daşı dəlməsi bir günün bir ilin işi deyil. Sonrakı misraların informasiyasında “sirr”, necə deyərlər, “suyun üzünə” çıxır.

Ömrü-günü döyür dabanbasaraq,
Ayrılıqlar şans güdür it kimi.


Bu, modern üsullarla qurulan nitq nümunəsidir. Romantik poeziyadakı hicran anlayışı ilə yox, müasir dünya adamının daha “tədbirli” düşünüb duyduqları, sosial reallıqların metaforik şərhi bu şeirdə əsas yer tutur. Bu poetik dəst-xətt, əlbəttə, texnoloji yeniliyin ifadəsidir. Damla səbri, su sükutu bizim vətən həsrətimizin yaşı, ömrü qədərdir. Ömür su kimi axıb gedir – bu bir hökmdür, həsrətin ucu-bucağı yoxdur, ayrılığa dözmək insanın alnına yazılıbdır – bu, ayrı bir hökmdür, yəni damlanın inad edərək daşı dəlib keçdiyi qədər səbrlə nəyəsə nail olunacağına işarə edilir. Yəni ümid var.

Şeirdə həsrətlərə, ayrılıqlara səbr etməyin gərəkliliyi vurğulanır. Necə deyərlər, dünyanın işlərini səbr etməklə yola vermək olur. Çünki ayrılıq hər hansı bir formatda qaçılmazdır və onun konturlarını müəyyən etmək çətindir. Ağrı-itkilərlə “yola” davam edən bu insan, insan qafiləsi nə yaxşı ki, söz, şeir halında qayıdır və həyatın özü söz halında bizə təsəlli olur.

“…nəyim varsa saxlamışam şeirdə,
Neçə-neçə ağrı, acı, itkimi”


Bu ayrılıqların içi ilə addımladıqca bir misra o yana başqa bir hava ilə nəfəs almalı olursan.

Bir misra o yana başqa havadı,
Orda itirmişik ömrün dadını.
Vaxtı səbrimizin cibinə qoyub,
Ayrılıq qoymuşuq hələ adını”.


Vaxt “səbrin cibində” allah bilir, nədir! Bizsə hər çıxışımızda manşetə “ayrılıq” kəlməsini həkk edirik. Amma vaxtın qanunları ilə işləyə (yaşaya) bilməyəndə adamın başı fikirdən açıla bilmir. Fikirli adamların yaxşı günə, ömrün lap yelə verildiyi daha duru, təmiz məişət, siyasət qayğılarına dönməyə şansı qalmır. Şans bir adını ayrılıq kimi ifadə etdiyimiz dərdlərin, iztirabların, əlinə düşür. “Ömrü-günü döyür dabanbasaraq – Ayrılıqlar şans güdür it kimi”. Xatirələrsə kara gəlmir. Bax bu əsil insan faciəsidir. Qayıtmağın – ya elə-obaya, ya hissə, duyğuya qayıtmağın ən etibarlı yolu xatirələrdir. Nurafiz xatirələrə də çox etibar edir. İndi baxaq görək nələr baş verir?! “Ayağa durammır xatirələr də, Yolunu azıbdı fikrin çənində”.
Qayət söz ilə - Zakir Məmməd Nurafizdən yazır...
Nurafiz o şairlərdəndir ki, onlar gələcəyə nə qədər yol yoldaşlığı etməkdə qərarlıdılarsa, keçmişin xatirəsi də onlar üçün bir o qədər əzizdir. Belə sənətkarların qələm haqqı üzü payıza doğru edəcəkləri halal-mümmətlərlə bağlanır. Bütün “kənd şairlərini” payız oğulları adalndıra bilərik. Çünki payız tək yol ayrıcı kimi yox, həm də qovuşma məqamı kimi dəyər kəsb edir. Nurafizin də payızı həmişə barlı-bəhərlidir. Onda da yaşın, sözün payızı ədəbi taledir, istinad nöqtəsidir. “Daha doğmalığın mənə xoş gəlir, Daha oxşamıram özümə, payız”. Başqa bir yerdə “hər üzü payıza yönədir ömrün” yazır Nurafiz.

Deməli, Nurafiz şeirinin poetik sərhədlərinə yaxınlaşmaq üçün həmişə olduğu kimi, vaxt ölçüləri ilə “irəliləmək” lazımdır. Məsələn, belə bir misrasında olduğu kimi, “Vaxt qəmə cəm olubdu”. Və “fikir ilə əhatə” olunduğunu da əlavə edir.

Füzulidən bəri üzü tanış qəmin bu günkü halından bir az Nurafizin “nəzmü nazik” qələmi vasitəsilə agah oluruq. Bizim “papağı qarşıya qoyub fikir etməyi” sevən bir toplum olaraq az-çox “ad-sanımız” vardır. Həm də biz vaxtı nəyə xərcləyirik, o da məlum olubdur. Ona görə də şair qəsdən göylərin duadan yayındığına işarə edir. Əslində bizim duaqarışıq göylərin göydən və yerdən ilim-ilim itib yox olmağımızdan söz açmaq məqbul sayılmalıdır. Onun şeirləri sözdən, fikirdən yığılmış çox şaxəli geniş süjet-kompozisiya kimi nəzərdən keçirilərsə, şairin fəlsəfəsini anlamaq daha asan olar.

Nurafizin yaradıcılıq üslubunda təşbehli cümlələr qurmağa meyil yoxdur. Onun yaxşı mənada metafor oyunları da misranın, bəndin düzəldilməsinə sərf olunmur. Sadəcə olaraq, onun şair təxəyyülü metaforik dumana bürünmüş sonsuz, geniş çöllə irəliləyib mənzil başına çatan yolçu kimidir. Öz xəyal gerçəklərinə başqalarını inandıra bilmək qüdrəti onun öz qələminə poetik vəsiqə qazandıra bilməsindədir.

Məqaləyə epiqraf kimi yazdığım iki misraya qayıdıram:

Ömrü islağa qoydum,
Söz ilə yuyum deyə”


Mənə elə gəlir ki, bir ömür boyu şeir yaza-yaza bir eldən o biri elə vətəni qarış-qarış gəzib-dolaşmağa “mükəlləf edilmiş” bir sənət adamının yol çantası həm də onun söz çantasıdır. Çayı, dənizi adlayıb o tərəfə keçməyin sıxıntılarını şair tez-tez su ilə assosiasiya edir. Bu assosiativin poetik detal kimi mətndə iştirakı günahların yuyulması niyyətilə edilən hazırlıqdır.

İçini söykəyib ayrılıqlara,
Ruhu ovunurdu kədərlə, qəmlə.
Səsini isladan könül nisgili
Gözünün qorunu silirdi nəmlə”


Gözün nəmində bütün yer üzünü yuyub təmizləməyin “çətinlikləri” ucbatından ömrün sözlə yuyulması variantı irəli sürülür. Beləliklə, ayrı düşmək “vətənindən, elindən” (Vidadi) internet əsri üçün də keçərlidir. İnsanıq da. Adam tək torpaqdan, həyət-bacadan ayrı düşmür ki, gün olur ki, adam allahından da, ən qutsal prinsiplərindən də ayrı düşür.

Onda dərd ərşə dayananda təsəlliyə də çox ehtiyacımız olur. Şair olanların işi ağır günün suçlu bəndələrinə əl tutmaqdan ibarət olur. Açması budur ki, ədəbiyyat insanın təsəlli yeridir. Yer üzünün günahlarını söz ilə yumaq bir yana, bütöv ömrü söz ilə yumaq hər kəsin ağlına gəlməyən məsələdir. Nəmi, rütubəti, suyu həm də söz ilə qurutmağın yollarını Nurafiz bilməmiş deyil. Kədərin gözünün yaşını qurutmaq üçün söz ədəbiyyatın qiymətli materialına çevrilməlidir.

Nurafiz həyatda dostcanlı adamdır. Azərbaycanın hər yerində ərk etdiyi çoxlu dost-tanışı var və adama elə gəlir ki, şairin əsas vaxtı insanlarla ünsiyyətə, uzaq-yaxın əlaqələrə sərf olunur. Lakin onun yazdıqları şairin öz zamanını qayət sözə etibar etdiyini isbat edir. Ədəbiyyatın sözünü yazmaq həm də şair Nurafizə həvalə edilmiş məsələdir.

Onun misrasının rəng çaları çox olduğu kimi səs ladları da şirin və ürəyəyatımlıdır. Odur ki, Nurafizin poeziyasını musiqi əsərləri ilə müqayisə etmək mümkündür. Bir az da qəm, kədər şairi adlandıra biləcəyimiz Nurafizin poeziyası humanist poeziyadır. Bu humanizm və sivilizasiya şairin böyük sevgisi ilə bağlıdır. Doğma yurda, evə, elə, ata-anaya, sevgiliyə olan həssas münasibətilə. “Qəmin”, “vaxtın”, “torpağın”, insanın” qədrini bilən şairin “məhəbbət sonatalarından” biri ilə sözü bitirmək istəyirəm.

Başın üstə bulud-su, şam,
Sönən deyil, unut, bu şam.
Səni səndə unutmuşam,
Yalandımı, gecə gözlüm?

Səndən bir səs o tərəfdə,
Bir ürək var, vurur “rəfdə”,
Bəlkə bir ay, ya bir həftə…
Olandımı, gecə gözlüm.

Nə qazandın dərd əməndən?
Qəm gül açdı, dər di məndən.
Nə çox sevdin dərdi məndən,
Balandımı, gecə gözlüm?”


Görünür, unudulmaq da ayrılıqdandır. Ancaq söz sinədə ürək kimi vurduqca, titrədikcə, şeir, ədəbiyyat hadisəsi kimi yenidən yarandıqca heç nəyin unudulmayacağına ümid həmişə qalır.
Zakir MəmmədБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031