manera.az
manera.az

"Şükür qayıdış gününə!" - Taleh Mansurun Ağdamdan REPORTAJI

"Şükür qayıdış gününə!" - Taleh Mansurun Ağdamdan REPORTAJI
Media mənsubları ilə birlikdə üzü Ağdama sarı gedirik... Bir anlıq mənə elə gəlir ki, yuxudayam. Nə danım, hələ öyrəşə bilməmişəm Qarabağda qazandığımız böyük zəfərin gerçəkliyinə.

Uzun və şirin bir yuxuda olduğumu zənn edirəm. 10 noyabrdan bu yana bax belə ehmal və ehtiyatla yaşayıram günlərimi. Hardasa səhvə yol verib bu
şirin yuxudan oyanmaqdan qorxuram. Yox, belə yuxudan oyanmaqdansa, yuxudaca ürək dayansa, yaxşıdı. Özümə sual verirəm: “Yəni mən indi Ağdama gedirəm?” Elə özüm də cavab verirəm öz sualıma “Gedirəm, vallah, gedirəm...”. İlahi, adı hər zaman ayrılıqlarla qoşa hallanan “gedirəm” kəlməsi də bu qədərmi xoşbəxt edərmiş adamı?

Bu yerdə gözlərim dolur, bizə yuxu kimi zəfər bəxş
edib əbədi cənnət yuxusuna çəkilən şəhid qardaşlarımı xatırlayıram. Ey yuxusu cənnətlə müjdələnənlər, bizə dünyanın cənnətini-Qarabağı bəxş etdiyinizə görə ruhunuzun qarşısında baş əyirəm.

Bərdəni keçib Ağdama çatırıq... Bura keçmiş təmas xəttidir, tikanlı məftillər, səngərlər, istehkamlar, bağrı minalarla qandallanmış, illərdi əkilib-becərilməyən bərəkətli torpaqlar. İllərdi, bu torpaqlar barsız, baharsız və insansız qalıb, elə sözün bütün mənalarında. Bəlkə də, illərdi, bu torpaqlara könül xoşluğu ilə bahar da gəlməyib, silah səslərinə ağacların çiçəkləri diksinib, bardan düşüb.

Ağdamın Təzəkəndində dayanır avtobusumuz. Tək-tək sənədlərimiz yoxlanır. Elə oradaca ANAMA-nın əməkdaşı ərazidə aparılan mina-təmizləmə əməliyyatları haqda geniş məlumat verir. Tezliklə bu çətin və şərəfli işin də öhdəsindən gələ biləcəklərini deyir. İşin çətinliyinə zərrə qədər də olsun, şübhə etmirəm. Hər şey göz qabağındadı, dörd bir yanımız gözlə görünən və görünməyən mina və partlamamış silah-sursatla doludu. Təkcə bunlara nəzər yetirmək kifayət edir ki, qarşındakı düşmənin kimliyi haqda ilkin bir nəticəyə gələ biləsən. Çöllərə qırmızı xalısını sərmiş hər lalənin dibində zəhərli ilan kimi bir mina qıvrılıb yatır.

Məncə, burda hər metr əraziyə düşən mina sayı bütövlükdə ermənilərin qorxu vahidini ifadə edir. Bu qədər istehkam və müdafiə xətti zəruri ehtiyatdan doğula bilməz, mənfur düşmənin qorxusundan doğula bilər, qorxusundan. Qorxudan
doğulanlardı qarşımızdakı düşmənlər.

Yolüstü təlimat və məlumatlandırmanın sonunda ərazidən tapılmış tank əleyhinə minanın zərərsizləşdirilməsi həyata keçirilir. Aramızda yüzlərlə metr məsafə osla da, partlayış dalğasının gətirdiyi Ağdamın bahar küləyi alnıma, saçlarıma ehmalca sığal çəkir. Ciyərlərimə çəkirəm bu barıt qoxuyan mehi. Partlayışdan qalxan qara duman ağ buludlarımızın ayaqları altında yumaq kimi didilib yoxa çıxır.

Yolumuza davam edirik, media nümayəndələrinin çoxu kimi, mənim də Ağdama ilk gəlişimdi. Elə bil təzəcə gəlmişəm dünyaya. Yerin, göyün altında ilk qədəmlərimi Ağdama qoymuşam, dil açıb dediyim ilk söz də “Ağdam” sözüdü. Bəlkə, elə Ana sözünün sinonimdi Ağdam adı?..

Gəlib Uzundərəyə çatırıq... Bələdçimiz Zülfü kişi bahar çiçəklərinin boy göstərdiyi qərib bir çəmənliyi göstərib deyir: “Bura Ağdamın İkinci Şəhidlər xiyabanıdı. Burada mindən çox şəhid dəfn edilib”. Və qeyri-ixtiyari düşüncələrimizi dumanlandıran bir cümlə işlədir : “Erməni vandalları bir dənə də olsun, sağ qəbir qoymayıblar. Hamısını dağıdıblar”.

Salamat yox ha, sağ qəbir... Bəli, şəhid qəbirlərinə salamat yox, sağ deyərlər, əbədiyaşar deyərlər. Nə yaxşı ki, çox gecikmədik bu savaş və zəfərə... Sağ qəbirlərimizi də öldürməyə qalxan düşmən yurd, torpaq, vətən sevgimizə silah tuşlaya bilmədi. Düşməni bu sevginin zəhmi basdı, əzəməti lərzəyə saldı.

...Göylərə baxıram, “qapısı bağlı” deyil, açıqdı, təmizdi, buludları üzümüz kimi dümağdı. Hər dağıdılmış şəhid məzarının yerində bir çiçək boy göstərib. Yəqin, ötən 27 il ərzində torpaq hər yaz gül-çiçəkdən öz qəhrəman övladlarına abidə ucaldıb, hər qış qardan ağ mərmər döşəyib dağıdılmış məzarların üzərinə. Torpaq torpaqlığında qalıb. Sonsuz səma öz ənginliyini qoruyub.
"Şükür qayıdış gününə!" - Taleh Mansurun Ağdamdan REPORTAJI
Qoruyub ki,
şəhid ruhları azad dolaşsın.
Bu yerdə hamı şair Qulu Ağsəsi xatırlayır həm də. Hamının dilində o məşhur şeirin misraları səslənir:

Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..


Yəqin ki, yanılmıram, bu şeirin elə ilk oxucusu, daha doğrusu, ilk dinləyicisi də mən olmuşam. Yadımdadı, Ağdam azadlığna qovuşmağına az qalmış elə telefondaca demişdi bu şeiri Qulu müəllim mənə. Ağdamın Uzun dərəsindən keçmədən bu şeiri anlamaq bir başqaymış, bir ucu Ağdama calanmış o qürur yolundan keçməklə bu şeiri anlamaq da bambaşqa. Şeirinə bir başqa vuruldum, Qulu Ağsəs. Uzun dərənin-Ağdama aparan bu vüsal dərəsinin əyninə biçilib bu şeir.

Elə bil bu şeir göy otlardan, gül-çiçəkdən toxunmuş xalıdı, çəkilib çəmənə, ağ buluddu, ucalıb səmaya, sərin mehdi, dərə boyu var- gəl edib tumar çəkir torpağa.

Yenə yolumuza davam edirik... Yol boyu uzanan düşmən istehkamları, minalanmış ərazilər bitmək bilmir ki, bilmir. Baş Qərvənd kəndi, Çıraqlı kəndi...

Yolun sol və sağ tərəfiylə düşmənin səngərləri uzanıb gedir. Ürəyimizə Qarabağ dağı çəkənlər torpağın bağrına da qazdıqları çala-çuxurla, səngərlərlə dağ çəkiblər. Bir deyil, beş deyil, yüzlərlədi bu səngər və istehkamlar. Yandırılmış, daşlarını his basmış düşmən postları diqqətimi çəkir. Ətrafdakı dağıdılmış kənd evləri ağ daşlardan tikilib. Qara donlu düşmənlər yurd yerlərinin ağ daşlarının arxasında gizlənib ağ günlərə çıxacaqlarını düşünürmüşlər, çox güman. Daha düşünməyiblər ki, labüd məğlubiyyətdən qaçmaq mümkün deyil. Biz qayıtmasaydıq belə, o daşlar Tanrının bəlasına çevrilib başlarına yağacaqdı.

...Budur, gəlib Tofiq İsmayılov küçəsinə çatmışıq. Ağdam şəhəri burdan başlanır. Şərab zavodunun, Avtovağzalın, Yeni Qəsəbənin, Çörək muzeyinin xarabalıqlarını görən kimi tanıyıram. Fotolardan və video-görüntülərdən tanışdı bu məkanlar mənə. Tale yə bax, bu şəhər bizim nəslin adamlarının yaddaşına xarabalıqları ilə yazılıb. Sağlıq olsun, yaddaşımızdakı xarabalıqların yerində abad bir Ağdam da göyərər yaxında.

Daşı daş üstündə qalmasa da, xarabalıqlardan boy göstərsə də, elə ilk baxışdan əzəmətli bir şəhərə daxil olduğunu hiss edir insan. Deyəsən, tək özümüzdən yox, daşımızdan da, torpağımzdan da, ağaclarımızdan da, lap elə qəbirlərimizdən də qorxuya düşübmüş düşmən. Evə, ağaca, torpağa, qəbirlərə olan bu nifrəti başqa cür izah edə bilmirəm.

Evlər dağıdılsa da, ağaclar kəsilsə də, düşmənin hökmü yolların yönünü, istiqamətini dəyişdirməyə çatmayıb. Ağdamın vəfalı yolları sinəsinə daş basıb öz sahiblərini gözləyib. Gözləyib ki, bu torpağın gerçək sahibləri gələndə şəhərin xarabalıqlarında azmasınlar. Hərə öz evini, ocağını, yurdunu asanlıqla tapa bilsin.

Yaralı bir qəhrəman əsgərə bənzəyir Ağdam. Gözlərini, əllərini, ayaqlarını, qulaqlarını itirib. Amma sinəsində qaynar bir ürək döyünür. Döyüntüsü ağır artilleriya qurğuları kimi qulaqbatıran, axan qanı sel kimi düşməni qarşısına alıb silməyə qadir ilahi bir qüvvəyə sahib. Deyirlər ha, Ağdamı bir güllə atmadan azad etdik. Düz deyirlər. Ağdam özü döyüşdü, özü özünü azad etdi.

Qara günlərdən özü çıxdı ağ günlərə. Sizcə, belə bir yurdun əzəmətindən uzun-uzadı danışmağa ehtiyac varmı? Ağdam yenidən yaralı ürəyindən pöhrələnib pərvəriş tapacaq, əvvəlki əzəmətinə öz ürəyinin təməlləri üzərindən ucalacaq. Zənnimcə, bu şəhərə maliyyədən, investisiyadan öncə ürək qoymaq lazım dı. Bu ürək şəhəri ürəksiz inşa etmək mümkün deyil.

...Ağdamın “İmarət ”indəyik. Dörd bir yanımızmız Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın dağıdılmış, təhqir edilmiş türbələri ilə əhatələnib. Beş addım o yanda Xan qızı Natəvanın dağıdılmış məzarı qərar tutub. Dəstədən ayrılıb diqqətlə baxmaq istəyirəm o dağıdılmış məzarın içərisinə. İradəm tab gətirmir, gözümü yayındırıram. Burda nəzərlərini hardan yayındırsan, vicdanınla üz-üzə, göz-gözə gələcəksən.

Bu dəm hardasa uzaq da bir bülbül ötür. Aman Allah, insandı elə bil ötən bülbül. Niyəsə mənə elə gəlir ki, Qədirin ruhudu o səs, qoşulub “Sona bülbüllər ”in səfinə, köç edib Ağdamın şeytanlardan təmizlənmiş cənnətinə, “İmarəti”n bu küskün halına layla deyir:

Evləri köndələn yar, sona bülbüllər,
Bizə gül göndərən yar, saçı sünbüllər,
Gülün yarpıza dönsün, sona bülbüllər,
Bizdən üz döndərən yar, saçı sünbüllər.


Bülbül ötən tərəfə baxıram, dağıdılmış evlərin arasında Azərbaycan bayrağı dalğalnır. Dalğalanan bayraq sanki bülbülün yanıqlı səsinə qoşulub ağır-ağır rəqs edir.

Vəfalı yollar indi də bizi Ağdamın Birinci Şəhidlər xiyabanına gətirib çıxarıb. Torpağa vəfa borcunu öz canları ilə ödəyən oğullarımızın: Milli Qəhrəmanlar Allahverdi Bağırovun və Əlabbas İsgəndərovun, eləcə də neçə-neçə qəbirləri torpağın qeybinə çəkilmiş şəhidlərimizin məzarları qarşılayır bizi. Qulağıma qeybdən Səxavətin səsi süzülür:
“Tor pağa düşdüm bu gənc yaşımda...”

Ey cismi vətən torpağına, ruhu məmləkətin ən yüksək zirvəsinə ucalanlar, biz düşmənin üzərinə qərar tutduğunuz o uca zirvədən hücum çəkdik. Düşmənin başına haqq etdiyi od -alovu həmin zirvədən yağdırdıq. İndi vətənin özü də o ucalıqdadı. İndi yurdun dərəsi də düşmənin başının üstündədi, indi dünyanın ən yüksək zirvəsidi Azərbaycan adlı məmləkət.

Bu yerdə addımlarımızı çox ehtiyatla atırıq. Mina təhlükəsinə görə yox, hər qarışda bir şəhid məzarı olar deyə, hər addımımızı yüz ölçüb bir biçirik.
Həm də Xocalı şəhidləri dəfn edilib bu xiyabanda. Dörd üzvü qətlə yetirilmiş, sonradan bayraq və foto şəkil lərlə bəzədilmiş, Xocalıdan olan bir ailənin rəmzi məzarlarının qarşısında dayanıram. Nəyisə düşünmək iqtidarında deyiləm, nitqim quruyur, fikirlərim faciənin yaşandığı fevral gecəsində şaxtadan donan uşaqların cansız bədənləri kimi buz bağlayıb. Ailənin ən kiçik üzvünün-körpə Xəyalə Orucovanın məzarı önündə dayanmışam. Xəyalım 1992-ci ilin fevralına – o dəhşətli faciənin yaşandığı günə aparır məni. Xocalıda qətlə yetirildilər, Ağdamda məzarları dağıdıldı... Mən buna dərəcəsi sözlə ifadə olunmayan qəddarlıq deyirəm. Yox, bu söz də kifayət etmir acını ifadə etməyə.

Yoxdu belə bir söz dilimizdə. Dünyanın heç bir dilində də yoxdu belə bir söz. Heç qarşımızdakı düşməndən də yox du yer üzündə.

...Digər məzarlıqlar kimi, dağıdılmış Qarağacı qəbiristanlı ğında da eyni hisslərin ağuşundayam. Bura Xocalının beş addımlığıdı. Elə faciə yaşandığı zaman xocalılar ilk buraya, Şelli kəndinə tərəf, Qaraqaya istiqamətində pənah gətirmişdilər. Adamı burda da ağrıdır torpağın, yurdun çəkdikləri. Təbiəti əsrarəngiz gözəlliyinə qərq etmiş bahar belə görüntünün dəhşətlərini ört-basdır etməyə yetərli deyil. Fəqət ərazidə xidmət aparan Azərbaycan əsgərini görməkdən doğulan ümid insanın ruhunu ərazinin ən hündür nöqtəsi sayılan Qaraqayanın zirvəsinə daşıyır.

Son iki dayanacağımız Ağdamın mərkəzi –Ağdam məscidi və əzəmətli Şahbulaq qalasıdı. Məscidə daxil olarkən keçirdiyim hissləri xatırlamaqda çətinlik çəkirəm, sevinirdimmi, kədərliydimmi, yadımda deyil. Bircə o yadım dadır ki, dərindən bir ah çəkdim. Tanrı o zaman kəsiyini müəmmalı şəkildə yaddaşımdan alıb silmişdi. Bir də onda özümə gəldim ki, məscidin dağıdılmış günbəzindən əngin səmaya dikilib nəzərlərim.

Günəşdən süzülən işıq məscidqarışıq ruhumu Tanrı nuruna qərq etməkdədir. Mənəvi terrora məruz qalan Allahın bu müqəddəs evinin əsarətdə qaldığı müddətdə batini təmizliyini və saflığını necə qoruyub saxlaya bildiyini yalnız indi anlaya bilirəm.

Heç şübhəsiz, hər gün Tanrı bu qutsal məkanı günəşin şəfəqləri ilə öz rəhmətinə qərq edib, minarələrini müqəddəs yağışlarla çirkablardan təmizləyib. Allahın evi də biz bəndələri kimi, bu uzunmüddətli sınaqlardan əməlisaleh, üzüağ çıxıb.

Son dayanacağımızda, Şahbulaq qalasında ilahi bir qayğıya qərq olmuşdum. Kədərlə sevinc, qürurla üzüntü, təxəyyüllə gerçəklik arasın da var-gəl edirdim. Elə bu an uzaqdan, az öncə ziyarət etdiyimiz Ağdam məscidindən azan səsi ucaldı. Şahbulaq qalasının üzərinə qalxıb qovuşdurana-hökm sahibinə dualar ünvanladım. Yerin, göyün, ayaq basdığım torpağın xeyir-duasını aldım. Şahbulaq qalasının ucalığından Ağdamın xarabalıqlarına sarı üz tutub Qulu Ağsəsin bu misralarını pıçıldadım:

Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!


Taleh Mansur
15 aprel 2021-ci il, Ağdam


"Ulduz" - 2021, May






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31