manera.az
manera.az

Livelin Voqan Li - Aşiq və Məşuq

Livelin Voqan Li - Aşiq və Məşuq
Tanınmış mühazirəçi, sufizmə, mistizmə, yuxuyozma və ilahiyyata dair bir neçə kitabın müəllifi Livelin Voqan Li, Nəqşbəndiyyə-Mücəddidiyyə sufi təriqətinin Qərbdə hazırkı varisidir. Livelin Voqan Li hazırda Kaliforniyada yaşayır. Mistikaya dair bir neçə sanballı kitabın müəllifi olmaqla yanaşı, Livelin Voqan Li həm də Birləşmiş Ştatlarda, Kanada və Avropanın bir çox ölkələrində geniş dinləyici kütləsi tərəfindən maraqla qarşılanan sufizm, mistizm, Yunq psixologiyası və yuxu yozmaya dair mühazirələri ilə məşhurdur. Kitabları içərisində “Allahın Əlamətləri” və “İşığın Əlkimyası” monoqrafiyaları oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

İlahi eşqin mahiyyəti

Aşiq ilə Məşuqun mistik əlaqəsi bəşəriyyətin ən böyük sirlərindən biridir. Bu bütün varlığı əhatə etməklə hələ də ancaq insan qəlbində yer alır. Ruhun Allaha olan sevgisi insanı bütünlüklə dəyişdirən və dünyanın gizli üzünü aşkar edən bir ehtirasdır. Mistik səyahət isə bu sevgi münasibətlərinin yaradılması və özün sevgi ilə Allaha təslim edilməsi və ya bağışlanmasıdır. Birmənalı olaraq bilməliyik ki, qəlbdə Allahdan başqa bir şey yoxdur və Allahın vəhdəti qəlbimizdə möhürlənmişdir. Ruhani səyahət yolçusunu dualizmdən vahidə, ayrılıqdan Onun vəhdətinə qovuşma təcrübəsinə qədər yol açır.

Ancaq bu səyahət sufilərin sirr dedikləri qəlbin bir halı sayəsində mümkünləşir. Bu hal olmasaydı, nə səyahət olardı, nə də ruhani şüur. Sirlər yalnız Allaha məxsusdur və Allah həmin sirləri Onu sevənlərə bəxş edir. Sirlər həqiqəti dərk etmək üçün verilir. Dünyaya aid olmadığı üçün dünyadan gizli qalan İlahi eşqin mahiyyəti belədir. Sirr İlahi eşqə və aşiq ilə Məşuqun münasibətlərinə məxsusdur və həmin hal sufilərin qəlblərin qəlbi adlandırdıqları qəlbin ən dərinliklərində baş verir. Sufilər deyirlər ki, bu, qəlblərin qəlbində həm zəvvarı, həm də yolu özündə ehtiva edən bir haldır. Bu məqam həm də Onun bizə olan sevgisinin əsasıdır.

Ruhani yolçuluq üçün işin böyük hissəsi Onun sirlərini özündə saxlamasını təmin etmək üçün aşiqin qəlbini eqoizmdən və aşağı mənəviyyatdan, bir sözlə, nəfsdən təmizləməkdən ibarətdir. Şagird hazır olduqda əsasən canlı bir ustadın, yetkin qurunun (müəllimin) iştirakı ilə sirr qəlbdən qəlbə ötürülür, aşiqin qəlbinə aşılanır və İlahi eşqin özü tərəfindən də aktivləşdirilir.

Qəlbdəki bu gizli məqam İlahi şüurun orqanıdır, Allahın vəhdətinin şüurudur. Sufi həmin sirri daşıya biləndir. Yol bizi hazırlayır, lakin Onun hədiyyəsi həmişə lütf əlamətidir və bizə sevgi tərəfindən sevgi ilə verilir. Özü ilə ağlın və nəfsin yolları ilə deyil, qəlbin sevgiyə əsaslanan məsuliyyəti ilə yaşamaq yollarını gətirir. Eşq bizdən nəfsimizi qurban verməyi tələb edir, böyük aşiq Mənsur Həllacın sözləri ilə desək, həqiqət qəlbin qulpundan tutduqda özündən başqa oradan hər şeyi boşaldır.

Onun sirlərinin qəlbimizə nüfuz etməsindən ötrü qəlbimizi Allaha təslim etməliyik. Bundan sonra qəlbimiz Allahın iki barmağı arasında tutulur və O onu istədiyi kimi çevirir. Sufi bu işi görmək üçün dünyaya gələn, belə demək mümkündürsə, üzüm yaranmazdan əvvəl şərabdan sərxoş olan biridir. Doğulmazdan əvvəl bizə sevgi damğası vurulur və biz dünyaya sevgiyə xidmət etmək üçün gəlirik.

Onun eşqini yaşamaq

Allah aşiqi olmaq sevginin sirrinə, qəlbdə gizlənmiş vəhdətin mahiyyətini dərk etməyə cəlb edilmək deməkdir. Hədiyyə olaraq verilən bu sevgi ayrılıq göz yaşları və qəlbi oyadan həsrət ilə şüurda doğulur. Sevgi bizi qamışlıqdan qoparılmış neyin çağırışı ilə, Məşuqundan ayrı olduğunu bilən ruhun iztirabı ilə oyadır. Əbu Səid Əbülxeyr deyir ki, təsəvvüf əvvəlcə ürək ağrısı idi, sonralar o danışmaq üçün söhbətə çevrildi.

Sufi olmaq ruhun fəryadını, bu ayrılığın ilkin ağrısını yaşamaq deməkdir. Hicran bizi yenidən sevgiyə qaytarır və onun qiyməti də qəlbin qanına bulaşmış göz yaşlarıdır.

Aşiqin səfəri dönüşü olmayan bir məhəbbət caddəsidir və göz yaşlarımız bizi hicran, təklik və iztirab uçurumuna götürür. Bu xarabalığın səhrasında ümidsizlik bizim yeganə yol yoldaşımız kimi görünsə də, bununla belə şüurumuzda anlayışımızdan kənar hədsiz qiymətli və həssas bir şey doğulur. Ruhumuz Məşuqunun yaxınlığını hiss edir və O bizə gözlərdən axan yaş qədər yaxınlaşır. Bununla da biz ağrılı olduğu qədər məstedici, dəhşətli olduğu qədər ecazkar bir eşq macərasını yaşayaraq təcrübədən keçirməyə başlayırıq.

Bunlar eşqin alıb apardığı bir sufinin sirləridir. Hər bir aşiqin sevgi münasibəti bənzərsizdir və o çox vaxt danışmaq üçün çox məhrəmdir. Çünki bu həmişə arzuladığımız, həyatımızın həqiqi mənası olan izah edilməz bir şeydir. İstər Onun toxunuşunun şirinliyində, istər də Məşuqumuz olmadan var olmanın şiddətli ağrısında bütün varlığımızı canına çəkən bir sevginin məngənəsində sıxılırıq.

Bir dostumuz qəlbinin Onun çağırışını necə eşitdiyini və cavablandırdığını belə izah edir: “Bu səhər qəlbimin ən gizli mərkəzində elə dərin bir rahatlıq var idi ki, yaşadığım sükunəti təsvir etməyə sözlərim yetərsizdir. Həmin hal bütün gün davam etdi və hələ də ordadır. Bu sükutda yavaş-yavaş Onun çağırışı qalxdı. Səssizliyin hüzuru içərisində Onun əbədi çağırışını az qala eşidə bilirdim. Qəlbim həsrətlə şirin, qədim, yüngül, davamlı bir ağrı ilə cavab verdi. Yəni bu məni əsl Evimə aparan təkcə sevinc deyil. Bu qədər şirin, bu qədər gerçək olan belə əzabı hiss etdiyim üçün xoşbəxtəm”.

Niyə bəziləri həyatını eşqin həsrəti ilə yaşamaq üçün seçilir? Ona görə ki, bu Onun iradəsidir. Belə ki, O, “toxuduğu” qobelendə bəzi insanları sevgilisinin həyatını yaşaması üçün yaratmışdır.

Belələri Allah tərəfindən möhürlənir və başqasına aid ola bilməzlər. Heç bir münasibət onları qane edə və heç bir insan sevgisi onların qəlbini tuta da bilməz. Onlar bir insana aşiq ola bilərlər, amma hər zaman nəyinsə yetərsizliyini hiss edirlər. İnsani münasibətlərində varlığın zəruri mahiyyəti elə də mühüm rol oynamır. Xarici həyatın təzahürləri nə qədər çox cəlbedici olsa da, yalnız bir şey vacibdir: qəlbin Allah ilə eşq əlaqəsi.

Allaha aid olmaq asan deyil. O qısqanc bir sevgilidir və bütünlüklə diqqətimizi özünə tələb edir. Biz bütün həyatımızı və qəlbimizi sevgiyə veririk. Eşqə əhd etdiyimiz üçün sevgimizə mane ola biləcək hər şeydən uzaqda dururuq. Allah sevgisinin aynası olaraq yenidən yaradılır, beləcə, Onun dünyasında parlaya bilirik. Problemlərimiz, həyatımızın çətinlikləri və Məşuqumuza bəslədiyimiz sevginin acısı ilə cilalanırıq.

Aşiqin işi sevgisində diqqətli olmaq, bütün həyati çətinliklərinə və bizi əhatə edən sapmalara baxmayaraq, qəlbin daxili əlaqəsi ilə baş-başa qalmaqdır. Sevgi çağırışı haqqında təcrübəsini bölüşən həmin dostumuz bir neçə gündən sonra belə yazırdı: “Sevgidən və sevincdən və bu əsassız, intensiv və sonsuz ağrıdan sonra – indi üç gün sonra yenidən əlaqə telinin incəldiyini hiss edirəm. Yüngül bir sevgi və həssaslıq hələ də var. Mən əlimdən gələni edirəm ki, enerjimi orada qoyum və hamısını dünyəvi öhdəliklərimə verməyim. Bu zərif, boş yeri qoruyub saxlamağa, onu gündəlik işlərimə daşımağa çalışıram. Hiss edirəm ki, bu əlaqə üçün xarici aləmin diqqətimi yayındırmasına qarşı birtəhər də olsa, mübarizə aparmalıyam.

Mübarizəm Onunla təmasda olmaq üçündür. Bilirəm ki, mənim üçün yalnız bir istiqamət var, amma davam etmək də çətindir”.

Bu, əlbəttə, asan deyil. Biz ağlayaraq, dua edərək Məşuqumuzu izləməkdə davam etdiririk. Qəlbimizi təmiz saxlamağa çalışırıq. Əzmlə, səbirlə üzərimizdə çalışırıq. Yol, düşüncə, zikr (Allahın adının təkrarlanması) tətbiqləri ilə hər nəfəsdə Onu xatırlamağa can atırıq. Dünyəvi həyatımızın, ailəmizin və işimizin dolğunluğunu yaşayırıq və eyni zamanda daxili diqqətimizi qəlbə yönəltmək üçün mübarizə aparırıq. Çünki daxili diqqətimizi cəlb edən həqiqi yeganə varlıq var: bu Ona olan sevgimizin tələbləri və Onun bizə olan ehtiyacıdır.

Dostum başqa yerdə isə belə yazırdı: “İndi getdikcə daha çox kəşf edirəm ki, həyatımda çox şey var: gözəl uşaqlar, yaxşı bir iş, ətrafımda sadiq dostlar – amma O mənimlə deyilsə, əgər qəlbim bağlıdırsa, hər şey heç nədir”.

Sevginin xatırlanması

Sevgi bizə sarılır və parçalayır. Sevgi bıçaq kimi bizi kəsir, incəliklə öldürür. Çünki biz nəfsimizdən qoparılıb Məşuqumuza verilirik. Sevginin vəhdətinə, qəlbin içində möhürlənmiş birliyinə qaytarılırıq. Allah Onu sevənlərin qəlbində özünü göstərir.

Bunun necə baş verməsi ağılın dərrakəsi xaricindədir. Bu çox dərin bir sirdir. Sufinin həyatı bədənində eşqdən başqa heç bir şey qalamaya qədər bu sirri yaşamaq və yaşatmaqdır. Məcnunun sözləri ilə desək: “Eşq varlığımın cövhəridir. Eşq oddur, mən isə odda yandırılan odun. Eşq evə köçdü və evi bəzədi, mən də boğçamı götürüb getdim. Sən məni gördüyünü düşünürsən, amma mən artıq mövcud deyiləm: qalan nə varsa, ancaq Məşuqdur”.

Aşiq və Məşuqun sirri Allahı axtaran hər bir insanın qəlbində gizlidir. Onun məhəbbəti bizi Ona tərəf yönəldən ipdir və kədərimiz də xatırlamağımızın şirinliyindəndir. Biz bir mədəniyyət olaraq bu sevgini az qala unutmuşuq. Leyliyə olan sevgisi Məcnunun ağlını başından çıxarmaqla nəticədə onu Allahla qovuşmuş bir aşiqə çevirdi və bu hekayəti bütün Şərq dünyası yaxşı bilir. Qərbdə isə biz sevgini yalnız şəxsi münasibətlər sferasına qoyduq və ruha məxsus həqiqi ehtirasla əlaqəmizi itirdik.

Ancaq burda da Ona məxsus olanlar vardır ki, həsrət göz yaşlarını ağlayıb Onun üzünü hər yerdə axtarırdılar. Onların da taleyindən İlahi vəhdətdə doğan bu sevgini yaşamaq keçir. Onlar da sevginin varlığına çağırılır, öz nəfslərindən arınmaq üçün sevgiyə təşviq olunurlar. Onların da qəlbləri həssas olduğu qədər sərməst, qəddar olduğu qədər təhlükəli İlahi eşq alovunu yaşadır. Sevgi sirlərinin övladları özlərinə aid deyillər. Bunu onların özləri bilməsələr də, ancaq eşq üçün yaşadıqlarını bilirlər.

Yeni dövrün sərhədlərində gözlədiyimiz bir vaxtda sevginin mistik mahiyyətinə böyük ehtiyacımız vardır. Öz nəfsimizə əsl təbiətimizi, bədənimizin hər hüceyrəsini və ruhumuzun hər nəfəsini əhatə edən birliyi xatırlatmağa ehtiyacımız vardır. Bu qədim sirri dünyamızın bazarına çıxarmaq üçün mistik sevginin müqəddəsliyini bərpa etməyə və onu şüura gətirməyə ehtiyacımız vardır.

Onun aşiqləri məhz bu məqsədi daşıyırlar. Minlərcə ildir, dünyanı ən dərin eşqdən xəbərdar etmək üçün bir araya gəlirlər. Onların qəlblərində yaşatdıqları insanlığa aiddir və bu, bəşəriyyətin sirrinin çox vacib bir hissəsidir. İlahi sevginin bu simi olmasa idi, dünyanın mahnısı itəcək və adi həyatımıza məna verən musiqi sönəcəkdi.

Yenə də biz unutqanlıq uçurumunun kənarında dayanırıq. İstehlakçılığa qapılaraq xəsislik və rasionalizmin korluğu ilə az qala ruhumuzun ipini kəsmişik. Biz itirdiyimizi elə bir dərəcədə itirmişik ki, nəyi itirdiyimizi özümüz də bilmirik. Biz əsl təbiətimizi və yaradılan hər şeyin müqəddəsliyini unutmuşuq. Burada yalnız öz şəxsi məqsədimiz üçün olduğumuzu düşünərək dünyanın Allaha məxsusluğunu unutmuşuq.

Mistik məhəbbətin mahiyyəti safdır, çünki o yalnız Allaha aiddir. Məşuqumuzla birlikdə olduğumuzda o bir xatirə olaraq oyanır və Onun aşiqi bu vəziyyətə qayıtmağın həsrətini çəkir. Mistik sevgi nəfsin istəklərinə və ya bizi özünə əsir etmiş şablonlara yoluxa bilməz. Onun sevgisi tamamilə azaddır və atəşi çox isti yandırır. Mistik sevgi bizə tərtəmiz, heç bir pisliyə bulaşmamış, müqəddəs olanı – Allahın adını xatırladır. Mistik sevgi Onun lütfünün bu dünyaya axa biləcəyi aləmlər arasında bir qapı açır. Aşiq ilə Məşuqun təməl birliyi bizə hardasa unutduğumuz şeyi – Allahdan başqa heç bir şeyin olmadığını yada salır.

O onları sevir və onlar da Onu sevirlər. Aşiqlər də bu sirri yaşayaraq dünyaya bəxş etmək üçün doğulurlar. Qəlbləri Allaha yalvaranda Onun mahnısı eşidirlər. Onun qucağında əridikdə Onun sevgisini hiss edirlər. Ürəyin yaddaşı oyandıqda yaradılışın kimə məxsus olduğunu bilir, kədərin sükutunda Onu tanıyırlar. Vəhdətin zövqündə isə Onun birliyini qeyd edirlər.

Beləcə, Onun aşiqinin qəlbi varlığın sirrini yenidən dünyaya qaytarır: “Hər şeydə Onun Bir olduğuna işarə edən bir şahid vardır”.

İngiliscədən çevirdi: Elmar VüqarlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728