Xuraman Hüseynzadə - Müharibədən ədəbiyyata
(Esse)
İnsan yarandığı gündən davalar, müharibələr olub. İbtidai icma quruluşundan başlanan iş, əmək üstündə davalar zaman keçdikcə böyüyüb, təşəkkül tapıb və böyük müharibələrə çevrilib. Traybalizm yavaş-yavaş təkmilləşərək torpaq üstündə gedən müharibələrə dönüb...
Vətən anlayışını da elə müharibələr yaratmayıbmı? “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” misrası vətənin nə demək olduğunu ehtiva etmirmi?
Həyatımızın ayrılmaz parçası olan ədəbiyyat müharibəni, onun yazılmış və yazılmamış qanunlarını bəşəriyyətə olduğu kimi və daha dolğun çatdırıb və əbədi olaraq da çatdıracaq.
Ədəbiyyat bəşəri duyğuları, insanın başına gələnləri, onun yaşadıqlarını əks etdirən və əks etdirməyə qadir bir vasitəsir-yazılı mətndir... Yazıya isə pozu yoxdur. Həyatımızın əbədi əks olunduğu ədəbiyyata pozu olmadığı kimi. Yaradanın alnımıza yazdıqlarını bir də ədəbiyyatdan oxuyuruq...
Müharibələr haqda əsrlərdir saysız-hesabsız nəzm və nəsr əəsrləri yazılır. Bu, təbiidir, əlbəttə.
Ədəbiyyatın işi bu, deyilmi? Ədəbiyyatda əks olunanlar insanlara snobizmin nə olduğunu aşılayır, onların bu yazılanlardan nəticə çıxarmasını istəyir. Zaman-zaman bu, öz bəhrəsini verir də. Hamı yaxşıya bənzəmək, pisdən nəticə çıxarmaq və onu təkrarlamamaq istəyir...
Əbədi həyat - ədəbiyyat
Onu tək bu xüsusiyyətlərinə görə yox, bir çox xüsusiyyətlərinə görə əbədi həyat adlandıra bilərik. Dünya xali olandan insan həyatının, baş verən müharibələrin əks olunduğu ədəbiyyat dərin entuziazmla yazılıb, oxucuların diqqətinə çatdırılıb.
Oxuduğumuz kitablardakı, baxdığımız filmlərdəki müharibə həyatı, səhnələri təhtəlşüurumuzda, psixologiyamızda dərin izlər buraxıb, bizə həyatın necə olduğunu, əslində necə ola biləcəyini anladıb.
Hansının yaxşı, hansının pis olacağını özümüz üçün müəyyənləşdirmişik, nəticələr çıxarmışıq, bəzən də baş verənlərlə öz taleyimiz kimi barışıb seyrçi mövqeyi tutmuşuq. Ədəbiyyatın qüdrəti tək bununla bitirmi?
Tarixən hər yeni müharibə ədəbi hadisələrə çevrilib. Onlarda oxucunun gördüyü, eşitdiyi və təxəyyül məhsulu olan görmək və eşitmək istədiyi hadisələr yer alıb...
Müharibə haqqında yazılan əsərlərdən danışarkən ilk yada düşənlərdən biri Lev Tolstoyun “Hərb və sülh” romanı olur. Dünya ədəbiyyatının ən mmaraqlı əsərlərindən biri hesab olunan “Hərb və Sülh” Tolstoyun digər əsəri “Anna Karenina” ilə birgə onun yaradıcılığının ən gözəl nümunələri hesab olunur. Rusiyanın Fransa tərəfindən istilası dövründə baş verən hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsiri nəticəsində beş zadəgan ailəsinin nümunəsində təsvir olunan “Hərb və sülh” haqqında Tolstoy demişdi ki, bu əsər qədər poema, daha çox isə tarixi xronikadır.Fəlsəfi diskussiya xarakteri daşıyan “Hərb və sülh” ən yaxşı Rusiya ədəbiyyatı nümunələrinin standart normalardan kənara çıxdığını göstərir...
Mixail Şoloxovun “İnsanın taleyi” hekayəsi real hadisələr əsasında yazılıb. Bir döyüşçü yazıçıya öz həyat hekayətini danışır. “Sakit Don” kimi romanın müəllifi olan Şoloxov həmin insanın taleyi haqda da yazmalı olur.
“Əsl insan haqqında povest” Böyük Vətən müharibəsinin ilk günlərindən son günlərinəcən “Pravda” qəzetinin hərbi müxbiri olan, cəbhədə partizanlıq edən, Stalinqrad və Kursk döyüşlərində vuruşan Boris Polevoyun döyüş zamanı təyyarəsi vurularkən hər iki ayağını itirmiş, amma özündə güc taparaq yenidən cəbhəyə qayıtmış təyyarəçi Aleksey Meresyevin həyatı haqdadır.
Boris Vasilyevin “Adı siyahıda yoxdur” povestinin qəhrəmanı qəhrəmancasına döyüşərək həlak olmuş bütün naməlum əsgərlərin rəmzi hesab olunur.
Yuri Bondarevin “Qara qar” romanı real həyatda baş verən hadisələri əks etdirir. Leytenant Drozdovskinin həyatının bir gününün təsvir olunduğu əsərdə Stalinqrad döyüşü ətraflı təsvir olunub.
Cəbhəyə könüllü olaraq gedən Viktor Astavyev “Lənətlənmiş və öldürülmüş” romanda müharibənin törətdiyi dəhşətləri ətraflı təsvir edir. O, müharibəni insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirir.
“Üfüqlər burada sakitdi…” romanındakı hadisələr real tarixi faktları əhatə edir. Böyük Vətən Müharibəsi zamanı rezonans yaradan yeddi cəsur döyüşçünün Murmanska silah-sursat daşıyan qatarı partlatmağa cəhd göstərən alman diversiya qrupunu məhv etməsini qələmə alarkən müəllif real kişi qəhrəmanları qadın qəhrəmanlarla əvəz edib.
Əsər haqqında 1972-ci ildə film də çəkilib.
Vətənimizin, xalqımızın ən böyük bəlası olan Qarabağ müharibəsi haqınqda çoxsaylı bədii əsərlər də yazılıb və yazılmaqdadır. Qarabağ haqda maraqlı əsərlər yazan müasir yazıçılardan Şərif Ağayarın adını çəkə bilırik. Qarabağın havası, suyu ilə böyüyən, vətən dərdi, yurd həsrəti çəkən Şərif ağayarın yazdığı hekayələrdə, romanlarda onun vətənpərvərlik duyğuları daha çox hiss olunur. Təbii, yurdu erməni işğalında olan yazıçının qəhrəmanlarının başlarına gələnlər də mühairəbənin yaşatdığı ağrı-acıları ehtiva edir...
Müharibə misralarda
Bütan xalqların şairləri kimi bizim də şairlərimiz müharibə haqda bir-birindən maraqlı, müharibədə yaşananları əks etdirən şeirlər yazıblar. Səməd Vurğun “Ananın öyüdü” şeirində deyir:
Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! - deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir də dağlar küləyi.
- Ana! Getdim salamat qal! - deyib öpdü qarını,
Ana igid balasına açdı öz qollarını...”
Əhməd Cəmil “Can nənə bir nağıl de” şeirində nənə öz nəvəsinə atasının əsgərlikdən gələcəyindən danışır:
...Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...
Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri də müharibə haqdadır:
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yox idi, oğul dərdiydi dərdi.
Sorurdu: - “Balam hanı?” - Hər cəbhədən gələndən
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!
Məmməd Arazın “Müharibə olmasa” şeirində də müharibədən söhbət açılır:
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, -
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, -
Müharibə olmasa!
İsa İsmayılzadənin “Güllələr demədi” şeirində uşaqları müharibədən, döyüşdən uzaq tutmaqdan bəhs olunur:
...Bir gün xəbər gəldi: dava başlanıb,
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın, geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə...
Böyük Vətən müharibəsinə həsr olunmuş belə şeirlərimizdən çox danışa bilərik. Otuz ildir davam edən Qarabağ müharibəsi haqda da poeziyamız susmayıb. Qarabağ müharibəsinə həsr olunan kifayət qədər əhatəli, maraqlı, baş verən faciələrimizi, müharibənin acı nəticələrini, əks etdirən poetik nümunələr yaradılıb. Azərbaycan şairləri illərdir, gözlədikləri qələbə istəyini, arzusunu misralar vasitəsilə bildirməkdə davam edirlər...
Aleksandr Tvardovskinin “Vasili Tyorkin” poeması vətənini ürəkdən sevən gənc Tyorkinin simasında səngər yoldaşını, köhnə dostunu və özünü görənlər vardı. Aqeyd edək ki, “Vasili Tyorkin” poemasına xeyli nəzirələr yazılıb...
Qarabağ müharibəsi, onun doğurduğu itkilər, gətirdiyi sosial və mənəvi bəlalar, ağrılar, yurd-yuvalarından didərgin düşmüş, şəhid olmuş həmvətənlərimiz haqda saysız-hesabsız şeir yazılıb və yazılmaqdadır. Bu şeirlər şairlərimizin vətənpərvərlik duyğusundan yaranır. Yurd itkisi ilə barışmayan çoxları Qarabağ haqda şeirlər yazsa da onların hamısını poetik nümunə kimi qəbul etmək olmaz. Əlbəttə, aralarında kifayət qədər müharibənin amansız qanunlarını, faciələrimizi əsl poetik nümunə kimi ifadə edən şeirlər də var...
Qarabağın həsrəti, yurd itkisi ilə yaşayan şairlərimiz çoxdur. Onların yazdığı şeirlərin hər biri bu həsrəti əks etdirir. Qarabağ mövzusu poeziyamızda geniş yer tutur...
Müharibə filmlərdə
Müharibə haqda çox filmlər çəkilib. Bu filmlər arasında Azərbaycanda çəkilən filmlər də maraqlıdır. Onlarda da müharibənin amansız qanunları, yaşanan çətinliklər, baş verən faciələri əks olunur...
“Uzaq sahillərdə” filmi İkinci dünya müharibəsi illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib.
Aktyor Nodar Şaşıqoğlunun və aktyor Hacımurad Yagizarovun kinoda ilk işi olan film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışıb.
Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilib. “Uzaq sahillərdə” Sovet İttifaqında kəşfiyyatçı haqqında çəkilən ikinci filmdir.
General Həzi Aslanov haqda üç film ərsəyə gətirilib. Filmin biri 1945-ci ildə, digəri 1970-ci ildə, o biri isə 1985-ci ildə lentə alınıb. 1945-ci ildə çəkilən və Həzi Aslanovun qəhrəmanlığından bəhs edən “General Həzi Aslanov” filmində Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın öz igid sərkərdəsinə olan sevgisi və ehtiramı əks olunub. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkdakı dəfn mərasimi, izdihamlı mitinq əks olunub. Filmdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilib. 1970-ci ildə çəkilən filmdə də onun qəhrəmanlığı, göstərdiyi sücaətlər əks olunub.
“Sizi dünyalar qədər sevirəm” filmi rejissor Rasim İsmayılov tərəfindən ekranlaşdırılıb. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak ediblər. Film Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edir.
Müharibədən bəhs edən film həm də tarixi, döyüş, bioqrafik janrdadır. Filmdə əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər.
“Müharibə haqda çəkilən daha bir Azərbaycan kinosu “Mən ki gözəl deyildim”dir. Yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmdə Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyindən bəhs olunur. II Dünya Müharibəsi illərində kənddə adamlarını bir-birinə bağlayan dostluq telləri, doğmaları, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə şərik olmaq kimi humanist addımlar, onların ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks olunub...
Ssenarist Alla Axundovanın və aktyor Fərhad İsrafilovun kinoda ilk işi olan “Şərikli çörək” filmi də Böyük Vətən Müharibəsinə həsr olunub. Filmin çox hissəsi İçərişəhərdə, Böyük qala küçəsində çəkilib. Kinostudiyanın pavilyonlarında, Kubinkada, Nalçikdə də lentə alınan “Şərikli çörək” 1969-cu ildə lentə alınıb. daha çox “Şərikli çörək” Böyük Vətən müharibəsi zamanı insanların yaşadığı çətinliklərə, maddi ehtiyaca həsr olunub.
Qarabağın “Fəryad”ı
Qarabağ müharibəsi haqqında çəkilən filmlərdən danışarkən ilk yada düşən “Fəryad” olur. “Fəryad” filminin qəhrəmanı “Ögey ana” filminin baş qəhrəmanı balaca İsmayıl (Ceyhun Mirzəyev) böyüyüb, ailə-uşaq sahibi olur. “Fəryad” filmində İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, vətən torpaqlarının erməni işğalçılarından azad olunması üçün mərdliklə vuruşur, əsir düşür...
Qarabağ müharibəsinə həsr olunan filmin baş qəhrəmanın prototipi var və film real həyatda baş verən hadisələri əks etdirir. “Fəryad” filminin ssenari müəllifi Vaqif Mustafayevdir. Filmdə əsas rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Quadze, Fikrət Məmmədov və başqaları çəkilmişlər. Film 1993-cü ildə lentə alınıb.
Qarabağda “Dolu”
Rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılan “Dolu” filmi Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Aqil Abbasın eyni adlı romanı əsasında çəkilən filmdə əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı və başqaları ifa edirlər. Aktyor Mayak Kərimovun kinoda son işi olan filmdə coğrafi məkan kimi Şəmkir, Ağdam, İsmayıllı, Ağcabədi, Sumqayıt, Sumağallı, Bakı və Xızı seçilib...
MANERA.AZ