manera.az
manera.az

Sənə aşiqlərin istər edələr can qurban - Emin Həvayi

Sənə aşiqlərin istər edələr can qurban - Emin Həvayi
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində Emin Həvayinin qəzəllərini təqdim edir:

***
Həsəd eylər üzünə lalə vü tuba boyuna
təmə' etməz öpə kim lə'lini dirlik suyuna

Yanmayan eşq oduna hiç kişi pak olmaz
Girə zəmzəm suyuna xeyri nə yüz gəz yuyuna?

Nə oyunbazsən ey cadu olub zülfün ipi
Boyuna salcağın əf'i məni saldı oyuna

Qoma qoynunda yer etsin o ipək donlu rəqib
Qo bu yun xirqəli aşiq sığına ol qoyuna

Nola bir gəz yetə Leylasine Mecnun-i həzin
Yığıla əhli-məhəbbət iki şuxin toyuna

Sənə aşiqlərin istər edələr can qurban
Eyd-i əzhadə nə hacət sənə, şahim, qoyuna

Könül, al saqi əlindən ayağı çək başə
Zahidin uyma o vəsf etdigi kövsər suyuna

Nə şərafətlidir əsl ü nəsəbi ol şuxin
Ola qurban o şəhin xəstə Həvayi soyuna


***
Çün yarımçıq tutdu sünbül tək o gül rüxsari tel
Aldı səbr ilən qərarim yari çehrə yari tel

Ğəm yükin əzdi bu könli qıldı odlu nalələr
San əzildi tarzən barmaği altda sari tel

Nurli könlüm​ qaraltdın yaşurub yaşmaqla yüz
Cəm' könlüm dağıdıb etmə pərişan bari tel

Saçi sevdasinə gəl olma giriftar ey könül
Kim o zülfə bənd olub anin olubdur dari tel

Bülbül-i xoşxan idim sənsiz bədəlhan bayquşam
Rast ahəngə gətirməz düşsə kökdən tari tel

Ala göz buğdayi tənli qarə saç bütlər yetər
Gəl mana sən ey yaşıl göz ağ bənizli sari tel

Ey gözəllik tanrısı çaldı saçın imanimiz
Nicə zülmətdən çəkərmiş nurə gör küffari tel

Dür deşib düzmək telə olmuş Həvayinin işi
Lə'l ü incidür ləbin zülfin sözi əş'ari tel


***
Duymuşam ey vəfasızım aşiqini unutmusan
Sevgimizin hərarətin ğeyr ilə soyutmusan

Özgəyə işvə satmısan, bağrımızı qanatmısan
Şive-yi mehri atmısan, cövr təriqi dutmusan

Eyş ilə kam almısan, uyquya məst dalmısan
Özgəyə mehr salmısan bizdən onu sovutmusan

Ərşə ucaldıb ahimi ulduzu ayi yaxmısan
Seyl-i bəla rəvan edib göz yaşımı qurutmusan

Vurğunu oldu ayinin, düşkünü oldu payinin
Könlünü bu Həvayinin söylə haçan ovutmusan


***
Doğradı bağrımı fələk ta bişirə qovurğanı
Qıldı ürək odu üzə şiş ona hər qabırğanı

Sirrini hayqırıb anın itləri dişnə düşmə ta​
Gizlicə tut ol incini tax qulağa bu sırğanı

Əylənibən bu yolda çox naz ilə getmə ey könül
Mənzil uzağ vəqt az çap iti yor bu yorğanı

Əqldi gərçi yarı yol mənzilə yarısıysa eşq
Leyk çətindir aşmağı arədəki o yarğanı

Eşq yükün götürməgə məşq eləmək gərəkdi çox
Ta qalıb altına onun qırmıyasan onurğanı

Eşqdə naqis ol fəqih dil uzadır mey əhlinə
Qıssa gərək ayağını kim ki qısaysa yorğanı

Onca Həvayi ötşür ol uçmağı içrə bülbülü
Ol gülə kim yaraşdırar sən kimi qarə qarğanı


***
Dedim ki acıya ta çeşmimin süzüm suyunu
Acıtdı yüz vəli acı görüb gözüm suyunu

Yüzindəki o hərarət gözümə su verdi*
Gözündəki o şərarət töküb yüzüm suyunu

Şəkər dodağinə ondan yaşım qarışdırdım
Rəqibə zəhr edə ol çeşmənin duzum suyunu

Behiştə mən oda sən düşsək ey fəqih nə tañ*
Sən içdin el qanını mən isə üzüm suyunu

Tutuşdurar ürəgin ey Həvayi istəmə gəl
Ki caminə süzəm ol atəşin sözüm suyunu

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31