"Kitabi-Dədə Qorqud"da ov ritualı - İlkin Elsəvər yazır
“Kitabi-Dədə Qorqud” eposunda müxtəlif rituallara rast gəlinir. Onların sırasında ən çox yayılanı Oğuz igidlərinin ov mərasimidir.
Ov mərasimi təkcə “Kitabi-Dədə Qorqud” eposunda yox, digər türk qəhramanlıq dastanlarında rast gəlinir. Ümumiyyətlə, rituallar həm qəhramanlıq, həm də məhəbbət dastanlarının bədii quruluşunun mühüm elementidir. Ritual dastanlarda problemin həlli vasitəsi kimi çıxış edir. İstər qəhramanlıq, istərsə də məhəbbət dastanlarında qəhramanlar bu və ya digər şəkildə müxtəlif problemlərlə qarşılaşırlar. Onların aradan qaldırılması rituallar vasitəsilə baş tutur. “Kitabi-Dədə Qorqud” eposunda da ov, dua, yağmalama və s. rituallara rast gəlmək mümkündür. Bu məqalədə biz "KDQ" eposunda Oğuz igidlərinin keçirmiş olduqları ov törənlərinin ritual-mifoloji semantikasına diqqət yetirəcəyik.
Dastanda Oğuz igidləri öz şücaətlərini göstərmək, daha doğrusu, ad-san qazanmaq üçün mütləq şəkildə ova çıxmalıdırlar. Ov mərasimi Oğuz igidləri üçün həm xaotik, həm də kosmik məna daşıyır. Kosmik məna ona görə daşıyır ki, Oğuz igidləri ovda şücaət göstərib, ad-san qazanırlar, yəni özlərini tanıdır və təsdiq etdirirlər. Xaotik anlam ona görə daşıyır ki, Oğuz igidləri ov ritualı vasitəsilə zamanı müxtəlif problemlərlə qarşılaşırlar. Bu da öz növbəsində onların eyni zamanda ikili status əldə etməsi ilə bağlıdır. Biz, Oğuz igidlərinin ovda ikili status daşımaları məsələsinə toxunacağıq.
“Kitabi-Dədə Qorqud” eposunun birinci hekayəsi olan “Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!” boyunda Dirsə xanın oğlu Buğac çoxlu nəzir-niyazdan sonra dünyaya gəlir. Dirsə xanın övladsız olması onun antisosial davranışları ilə bağlıdır. Boyda alqış-qarğış mexanizmi əsas rol oynayır. Boyun ümumi mənzərəsindən belə aydın olur ki, Dirsə xan tabeçiliyi altında olan insanlara sosial baxımdan həssaslıq göstərmədiyi, onların lazımınca qayğısına qalmadığı üçün onların qarğışını qazanmışdır. İnsanların qarğışını qazanmaq isə Tanrının qarğışını qazanmaq deməkdir: Dirsə xan Tanrının qəzəbinə tuş gəlmişdir.
Professor Seyfəddin Rzasoy yazır ki, “Tanrının qarğışından qurtulmağın yeganə yolu Tanrı alqışına nail olmaqdır”. Tanrının alqışını qazanmaq üçün Dirsə xan başçılıq etdiyi cəmiyyətdə yaratmış olduğu disharmonik vəziyyətə harmoniya gətirməlidir. Dirsə xanın xanımı ona yaranmış problemdən çıxış yolunu göstərir. Eposdan oxuyuruq:
Hay Dirsə xan, bana qəzəb etmə!
İncinib acı sözlər söyləmə!
Yerindən uru durğıl!
Ala çadırın yer yüzilə dikdirgil!
Atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil!
İç Oğuzun, Daş Oğuzun bəglərin üstünə yığnaq etgil!
Ac görsən, doyurğıl, yalıncaq görsən, donatğıl!
Borcluyı borcından qurtarğıl!
Dəpə kibi ət yığ, göl kibi qımız sağdır!
Ulı toy elə, hacət dilə!
Ola kim, bir ağzı dualının alqışıyla
Tanrı bizə bir getman əyal verə, - dedi.
Dirsə xan xanımının dediklərini icra etdikdən sonra onların bir oğlu olur. Dirsə xanın övladı olmayana qədər bütün işlərini qırx nökəri ilə görürdü. Buğac anadan olandan sonra vəziyyət tamamilə dəyişir. Bu hal Dirsə xanın qırx nökərinə xoş gəlmir. Buna görə də qırx nökər Dirsə xana Buğac haqqında xoşagəlməz ifadələr işlədirlər ki, o, qəzəblənsin və oğlu Buğacı öldürsün. Dirsə xan da qırx nökərin sözünə inanaraq Buğacı öldürmək qərarına gəlir. Buğacı öldürmək üçün seçilən məkan isə ov məkanı olur:
“Oğlan keyiki qovarkən babasının önindən gəlüb-gedərdi. Dirsə xan Qorqut sınırlı qatı yayın əlinə aldı. Üzəngüyə qalqıb, qatı çəkdi, uz atdı: oğlanı iki dalusının arasında urub-çıqdı, yıqdı. Uc toqundı, alca qanı şorladı, qoynı doldı. Bədəvi atının boynın qucaqladı, yerə düşdi”.
Buğac xanın ovda olması inisiasiya ritualı baxımından onun keçid mərhələsində olduğunu göstərir. Ovda olan igidin ovu ya uğurlu olar, ya da ki, uğursuz olub özü xəsarət alar. Buğacın atası ilə çıxmış olduğu bu ov onun ilk ovudur. Buğac iki dünya arasında durur, yəni keçid mərhələsindədir.
Bu halda Buğac keçid mərhələsində olan zaman xaotik durumdan kosmik duruma keçidi bir proses kimi diqqəti xüsusi cəlb edir. Burada biz Xızır obrazını görürük. Onun süjetdə iştirakı bilavasitə ölüb-dirilmə ilə müşayiət olunan inisiasiya ritualı ilə bağlıdır. Buğacın yeniyetməlik mərəhələsindən bəy igid mərhələsinə keçməsi prosesi birbaşa Xızırın iştirakı ilə baş tutur.
İnisiasiya ritualından keçən namizəd//neofit//aday öz köhnə statusunda ölür və yeni statusda dirilir. Xızır peyğəmbərin ölümcül yaralanmış Buğacın üstünə gəlib əlini üç dəfə onun yarasına çəkməsi, ana südü və dağ çiçəyinin ona məlhəm olacağını deməsi, sonda Dirsə xanın xatunu və onun qırx incə belli qızın Xızırın “resepti” əsasında Buğacı diriltmələri Buğacın kosmos-xaos-kosmos prosesindən keçdiyini göstərir:
Kosmos – əvvəlki diri Buğac;
Xaos – ölmüş (öldürülmüş) Buğac;
Kosmos – dirilmiş yeni Buğac.
Burada bütün proses Xızır peyğəmbərlə bağlıdır. Müxtəlif folklor mətnlərində Xızır peyğəmbərlə bağlı yer alan hadisələr Xızırın, əsasən, can bəxş edici, qurtarıcı, darda qalanların pənahı və s. obraz olduğunu göstərir. Xızır özü ölməzlik qazanıb: vaxtilə dirilik suyunu içib. Hətta dahi Azərbaycan şairi Nizami Gəncəvi “İsgəndərnamə” əsərində İsgəndərin dirilik suyunun arxasınca getməsi və onu əldə edə bilməməsi, həmin dirilik suyunun Xızırın əldə etməsi haqqında bilgi verir.
Burada son dərəcə maraqlı məqam Xızırın necə ölməzlik qazanması məsələsidir. Şumer ədəbiyyatının şah əsərlərindən olan “Bilqamıs” dastanında Bilqamıs da ölməzlik çiçəyini əldə etmək üçün çoxlu çətin yollar qət edir. Lakin o, çiçəyi əldə etməsinə baxmayaraq, onu Bilqamıs yox, ilan yeyir. Məsələ ondan ibarətdir ki, dünyada yalnız ölməzlik, əbədilik Allaha (Tanrıya) məxsusdur. Əgər ölməzlik Tanrıya məxsusdursa, onda Xızır necə ölməzlik əldə edib? Bu, onu göstərir ki, biz Xızıra Tanrıçılıq kontekstində yanaşmalıyıq.
Xızır bir çox mənbələrdə təbiəti təmsil edən obrazı kimi də şərh olunur. Məsələn, mərhum mifoloq alim Mirəli Seyidov yazır: “Apardığımız apaşdırmalar aydınlaşdırır ki, Xızır yazın gəlməsi mərasimi ilə bağlı mifoloji obrazdır. Başqa sözlə desək, Xızır mövsümlə əlaqədardır”.
Xızıra aid bütün xüsusiyyətləri nəzərə alıb belə qeyd edə bilərik ki, Xızır təbiət ilahisi kimi daha çox öz funksiyasını yerinə yetirir. Elə Dirsə xan oğlu Buğac xanda təbiətdə, yəni meşədə ov mərasimində vurulduğu üçün ona ilk olaraq, yardımı Xızır göstərməli idi və göstərir də.
Buğacın ov məkanında vurulmasında qırx namərdin rolu olduğu kimi, həm də Buğacın qurtulmasında qırx incə belli qızın böyük rolu olur. Deməli, Buğac iki dünya arasında dayanıb qalmasında qırx nökərin və Dirsə xanın, keçid ritualında Buğacın bu dünyaya qayıtmasında Xızırın, Buğacın anasının və qırx incə belli qızın rolu vardır. Bu rolları bir-birindən ayırmaq da olmaz. Qırx nökər və Dirsə xan Buğacı ikili dünyaya gedişini, anası və qırx qız gəlişini təşkil edir. Xızırın funksiyasını bunlarla eyniləşdirmək olmaz. O, inisiasiya ritualındakı liminal//aralıq dünyanın varlığı kimi köhnə Buğacdan yeni Buğac yaradır.
“Kitabi-Dədə Qorqud” eposunun ikinci (“Salur Qazanın evi yağmalandığı boyı bəyan edər”) boyunda da ov ritualının xaos dünyası ilə bağlı olduğunu görürük. Atif İslamzadə eposdakı ov rituallarını belə qruplaşdırır: “Cəza yeri kimi seçilir”, “əyləncə yeri kimi seçilir”, “hərbi-siyasi taktika kimi seçilir”.
Ov “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” boyunda A.İslamzadənin qeyd etdiyi kimi, əyləncə yeri kimi seçilir. Eposdan oxuyuruq: “Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!”.
Oğuz igidləri düşmənlə çox zaman ya ovda olarkən qarşılaşır: ya ova gedir və kafirlər bundan istifadə edib bəylərin evlərinə hücüm edir, ya təkbətək rastlaşanda, ya da ki, şərab içib sərxoş olduqları halda. Qazan xanın evinin yağmalanması nəticəsində ov uğursuz alınır. Çünki Oğuz dövlətçilik gələnəyinə görə, ova yüksək rütbəli şəxslər başçılıq edə bilər. Qazan xan da görmüş olduğu yuxuya görə, o, evinə qayıtmalı idi. O, evinə geri dönən zaman evinin yağmalandığını görür. Qazan xanın ovdan qayıtması, digər Oğuz bəylərinin də ovdan qayıtması deməkdir. Və nəticə olaraq Qazandan sonra Qalın Oğuz bəyləri də ovdan geri qayıdırlar. Bununla da boyun daxilində baş verən yağmalanma hadisəsi ilə ovda xaos-kosmos əvəzlənməsi baş verir.
“Kitabi-Dədə Qorqud” eposunun doqquzuncu boyu olan “Bəkil oğlı əmranın boyını bəyan edər” boyunda da ov mərasimi xaosla bağlılığı baxımından xüsus i diqqəti cəlb edir. Lakin bu boyda icra olunan ov mərasimi digər boylardan fərqlidir. Daha doğrusu, burada “Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!” boyu ilə səsləşən bəzi məqamlar vardır.
Dirsə xan kimi, Bəkil də Bayandır xanın məclisindən evinə əsəbi gəlir. Hər iki Qalın Oğuz igidinə məsləhəti onların xanımları verir. Bəkilin xanımının ona söyləmiş olduğu cümlələrdə ovun Oğuz psixologiyasındakı yeri haqqında da təsəvvürlər əldə edirik. Boydan oxuyuruq:
“Arvadı deyir: İgidim, bəy igidim! Padşahlar Allahın kölgəsidir. Padşahına ağ olanın işi düz gətirməz. Təmiz ürəkdə pas olsa, şərab açar. Sən gedəli, xanım, çılpaq qalan uca dağların ovlanmayıbdır. Ova atlan çıx, könlün açılsın!”.
Mətndən aydın olur ki, Bəkil məclisdən narazı gəlib, yəni o, Qalın Oğuz bəylərinin xeyir-duasını almayıb. Xeyir-duası alınmayan ov, təbii ki, xaotik sonluğa məhkumdur. Məsələn, Qazan xanın evi yağmalandığı boyunda da At ağızlı Aruz ova çıxılması haqqında nə “hə” deyir, nə də ki, “yox”. O, sadəcə olaraq, Qazan xanın evinin üzərində kimin qalacağı haqqında sual verir. Qazan xanın oğlu Uruzun evdə qalması o deməkdir ki, artıq Uruz özünə bir sosial mövqe seçmişdir. Lakin Qazan xanın ov mərasiminə də məhz Aruz xeyir-dua vermir.
Bəkil Oğuz yurdunda mahir ovçu kimi ad-san qazanmışdır. O, ovda heyvanları seçim edərək ovlayırdı, yəni Bəkil arıq heyvana ox atmazdı. Amma Bəkilin bu dəfəki ovunda onun qarşısına yaralı keyik çıxır:
“Ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil onun üstünə at saldı. Buğanın arxasından yetişdi. Yay kirişini boynuna atdı. Buğa acıqlanmışdı. Özünü uca bir yerdən atdı. Bəkil atın cilovunu saxlaya bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu qayaya toxunub sındı. Bəkil ayağa durub ağladı: Dedi: “Böyük oğlum, böyük qardaşım da yoxdur!...”
Bəkilin ovda Buğac xan kimi yaralanması onu ikili status səviyyəsində saxlayır və yaxud onu iki dünya arasında olduğunu göstərir. Ümumiyyətlə, Oğuz igidləri ovda olarkən yaralansalar da, ölmürlər. Oğuz igidinin ovda ölməsi, artıq gələcəkdə Oğuz igidlərinin psixologiyasında sarsıdıcı izlər buraxa bilərdi. Bəkil ova tək getmir, yəni başının dəstəsi ilə ova çıxır. Amma o, ovda tək olduğu məkanda yaralanır. Bəkil oğlu İmran da atasından yoldaşlarını soruşur:
Qalxaraq yerindən durub gəldin,
Qara yallı gözəl Qazlıq atını mindin.
Yalçın uca dağlar ətəyinə ova getdin.
Qara donlu kafirlərlə rastlaşdınmı?
Ala gözlü igidlərini qırdırdınmı?
Öz dilində bir neçə söz söylə mənə!
Qara başım qurban olsun, ağam, sənə.
Bəkil də oğluna yoldaşlarının sağ olduğunu söyləyir. Bəkilin ovdan gəlməsi, ovun pozulması deməkdir. Boydan oxuyuruq:
“Bu yandan igid bəylər gördülər ki, ov pozulmuşdur: hər biri öz evinə gəldi”
Bəkilin ovunun yarımçıq qalmasında, ovun pozulmasında əsas səbəb nə ola bilər? Burada biz A.İslamzadənin ov aktı barəsində səkkiz mərhələyə bölmüş olduğu prinsipdən ikisini xüsusi qeyd edə bilərik. Onlardan biri cəza yeri kimi seçilən ov məkanı, digəri də ov əti ilə xüsusi şəxslərə qonaqlıq verilməsi ritualıdır. Bəkil burada ilk olaraq ov əti ilə xüsusi qonaqlıq verilməsi ritualanı pozur. Ona görə ki, o, Qazan xanın dediyi “Yox, at işləməsə, ər öyünməz. Hünər atındır” deməsi Bəkilin Qazan xandan küsməsinə gətirib çıxarır. Qazan xandan küsməsi ilə həm də Bayandır xanın hədiyyəsini qəbul etmir. Bununla da nəzərdə tutulmuş “xüsusi qonaqlıq” ritualı keçirilmir. Bəkil ritualı pozduğu üçün o, bunun cəzasını almalı idi. Ov məkanı Bəkil üçün cəza yeri oldu. Bəkilin ovda yaralanması oğlu İmranın özünü igidlik meydanında tanıtmasına şərait yaradır.
Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, ov ritualı təkcə “Kitabi-Dədə Qorqud” eposunda yox, “Oğuz Kağan” dastanında da geniş bir şəkildə işlənmişdir. Oğuz Kağan övladlarının gələcək hakimiyyətlərini məhz ov ayini vasitəsilə təyin edir. Professor Seyfəddin Rzasoy yazır ki, “Oğuz xanın oğlanlarının ova getmələri və ovda yay-ox tapmaları ritualdır. Çünki Oğuz xan oğlanlarının, sadəcə olaraq, ov etməyə yox, qabaqcadan düşündüyü (proqramlaşdırılmış) hərəkət sxemini icra etməyə yollayır”.
Alimin qeyd etdiyi bu məqam da ov ritualının Oğuz sosial-siyasi sistemində və ümumiyyətlə etnokosmik düşüncəsində nə qədər böyük, mühüm və mürəkkəb rola malik olduğunu göstərir.
İlkin Elsəvər
Folklor tədqiqatçısı
ilkin.elsever@mail.ru