manera.az
manera.az

Əlirza Həsrətin "Barıt qoxulu çiçəy"i

Əlirza Həsrətin "Barıt qoxulu çiçəy"i
Tural ADIŞİRİN

Taleyüklü milli məsələmiz olan – Qarabağ mövzusu müstəqillik dönəmindən bu yana bütün yazıçı, şairlərimizin əsərlərinin ana xətti, ana mövzusu olub. Hər bir yazıçı və şair milli kədərimiz olan Qarabağ dərdini torpaqlarımızın işğaldan azad edilməsinə qədər öz əsərində ən qabarıq şəkildə əks edib.

Aqil Abbasın “Dolu”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, Nüşabə Məmmədlinin “Zəngulə”, Fazil Güneyin “Qara qan” romanları, Sabir Əhmədlinin Qarabağ trilogiyasını; “Axirət sevdası”, “Kef”, “Ömür urası”, Elçin Hüseynbəylinin “Əsirlər” povesti, Şərif Ağayarın “Şəkil” hekayəsi müstəqillik dönəmindən üzü bəri nəsrdə, Nurəngiz Günün “Xocalı simfoniyası”, Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi”, Cabir Novruzun “Şuşa yolu”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemaları poeziyada Qarabağ mövzusunda yazılmış ən yaxşı əsərlər sırasına daxildir.

Adlarını çəkdiyimiz əsərlərdə aparıcı xəttə çevrilən Qarabağ mövzusu, yurd həsrəti ən ağrılı şəkildə öz poetik əksini tapıb. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı 30 ilə yaxın zaman kəsimində əsərlərimizdə əsasən Qarabağ dərdi, vətən nisgili, torpaq itikisi ilə barışmazlıq aparıcı mövzu idi.

27 sentyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlaması Azərbaycan xalqında milli duyğuları daha da qabartdı.

Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan xalqı bir yumruq kimi, Ali Baş Komandanın, cənab İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək Vətən torpaqlarının işğaldan azad edilməsinə kökləndi. Xalq və dövlət “Dəmir yumruq” kimi birləşərək qələbəyə gedən yolda əzm və iradə nümayiş etdirdi. Hər bir vətəndaş; əli silah tutan silahla, qələm tutan qələmlə öz vətəndaşlıq missiyasını yerinə yetirdi.

Şükürlər olsun ki 30 illlik Qarabağ problemi Ali Baş Komandan İlham Əliyev və qüdrətli Azərbaycan ordusunun əzmi iradəsi və şəhid oğullarımızın qanı, canı bahasına 44 günlük müharibənin sonunda Zəfərlə bitdi. Qarabağdan şəhid simvolumuz olan “Xarı bülbül”ün ətri gəlməyə başladı. Şuşanın azad edilməsi ilə “Şuşa yolu” poemasında Şuşa dərdini ən ağrılı şəkildə qələmə alan, Şuşa dərdiylə köçən Xalq şairimiz Cabir Novruzun ruhu şad oldu. Təkcə Vətən həsrətiylə köçən neçə-neçə şair, yazıçımız deyil, şəhid ruhları da təskinlik tapdı. Qazanılan Zəfər Azərbaycan xalqını yenidən özünə qaytardı.

Azərbaycanın yazıçı və şairləri bu parlaq qələbədən ruhlanaraq ən gözəl Zəfər əsərləri yazmağa başladı. Ədəbiyyat adamlarının əlindəki qələmlər artıq dərddən, nisgildən, torpaq həsrətindən deyil, vətənin azadlığından, Zəfər sevincindən yazdı. Bu da təbii idi. Silahla alınan zəfəri, xəyallarımızın gerçəkliyə qovuşmasını ədəbiyyatda əks etdirmək missiyası qələmin işidir. 30 illik arzuladığı Qələbə sevincini dadan, arzuladığı torpağına qovuşan Azərbaycan yazıçı və şairləri qələmə kökləndi, bir-birindən dəyərli və Zəfər çoşqulu əsərlər yazıldı. Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağ dönüş”, Balayar Sadiqin “Zəfər simfoniyası”, Kamran Nəzirlinin “Mənim sevimli yaddaşım” hekayəsi, Əlirza Həsrətin “Barıt qoxulu çiçək” poemaları və s. Bundan sonra da yazılacaq.
Əlirza Həsrətin "Barıt qoxulu çiçəy"i
Bu yazıda müasir şeirimizdə özünəməxsus yeri olan, öz fərdi üslubunu formalaşdıran hələlik şairlərdən birindən, Əlirza Həsrətin “Barıt qoxulu çiçək” poemasından bəhs edəcəyik.

Əlirza Həsrət ənənəvi şeir formasında yazsa da orijinal deyimləri ilə fərqlənən şairdir. “Qarabağ üçün qarabağlılardan çox qovruluram”, - deyən şairin şeirlərinə Zəfər günümüzə qədər vətən nisgili, yurd həsrəti yansıyıb. Artıq Əlirza Həsrət vətən nisgilindən yazmır. Qalib xalqın şairi ilhammını şanlı ordumuzun 44 günlük Zəfərindən alır. Şairin “Barıt qoxulu çiçək” lirik-fəlsəfi poeması bu duyğularla yazılıb.

Poemanın proloq hissəsindən başlayaraq Vətən müharibəsinin başlanma gününü, şairin müharibə günlərində keçirdiyi sevinc-kədər hisslərini, duyğularını hiss edirik. Süleyman Rüstəmin “Cənnət görmək istəyən Azərbaycana gəlsin”, - misrasına dayanan şair “Gəl, cənnət görməyə, Qarabağa gəl”, - deyərək bu torpaqların Azərbaycan olduğunu, məşhur “Qarabağ Azərbaycandır!”, - misalını xatırladır. Şair 44 günlük müharibədən sonra doğan Zəfərin hətta Füzuli, Nizami kimi ustadların da ruhunu şad etdiyini vurğulayır. Artıq Füzulinin gözü yaşlı deyil, onun doğulduğu torpaq düşmən tapdağından azaddır.

Poemada Tovuz döyüşlərinə toxunan şair, Tovuz döyüşlərinin Vətən müharibəsinə başlamağımızda haqq savaşımızın ilk qığılcımı olduğunu, bu döyüşlərdə bütün Azərbaycanı şəhidliyi ilə dərin kədərə boğan igid generalımızın şəhadətini poetik obrazlıqla ifadə edir. Düşmənin bu tələsindən üzü ağ çıxan Vətənimizin Qarabağ zəfərinin Tovuzdan doğduğunu diqqətə çəkir. Şair yurdumuzun igid, qeyrətli oğullarına üz tutaraq Qarabağın işğaldan azad olmaq vaxtının çatdığını, müqəddəs bayrağımızın Şuşada dalğalanmasının vacibliyini bildirir. Şair, özünə xitab edərək bu Zəfərdən yazmağa hazır olduğunu müjdələyir. Vətən müharibəsində böyük rəşadət göstərən, adətən müharibənin simvoluna çevrilən igid topçu Vüsal Şahkərimovun şahanə duruşu hamını heyrətləndirdiyi kimi, şairin də poetik ruhunu çoşdurur “Vur, komandir, vur, gözünə döndüyüm”, -deyərək qəhrəmanına müraciət edir:

Üstümüzə qoşun çəkən yağıdır,
Top-tüfəngin düşmənləri dağıdır.
İndi hünər, qəhrəmanlıq çağıdır,
Vur, komandir, vur, gözünə döndüyüm.


Vətən müharibəsində hər birimizi duyğulandıran anlar oldu. Şəhid oğlunu çiyinləri üstdə aparan ana, həyat yoldaşının tabutunu baş üstdə şərəflə qaldıran ismətli Azərbaycan qadını, əsgər gedən oğlunun alın tərini silən əsgər anası, Qarabağda döyüşmək üçün gedən könüllülər və b. məqamlar bu xalqın necə mübariz, yurdsevər bir xalq olduğunu göstərdi.

Şairi Vətəni darda görüb silahlanaraq müdafiəsinə qalxan əsgər duyğulandırır:

Çəkildi göz dağımız
Güldü Qarabağımız,
Ucaldı bayrağımız,
Daha Şuşadan, igid.

Şairin şeirləri üçün əlamətdar olan ecazkar metafora, təşbeh, mübaliğələr bolluğu poemada da ən poetik şəkildə özünü göstərir. Şairin həm şeirlərinin, həm də poemasının daha da oxunaqlı olması bədii sənətkarlıq baxımından kamilliyindədir. Poemadakı bədii təsvir və ifadə vasitələri olduqca zəngindir və bu poemanın bədii sənətkarlığını artırır. Poetik ovqatın yüksək olması onu daha da oxunaqlı edir. Şairin Şuşanın vəsfinə yazdığı misralar oxucu qəlbini oxşayır:

Qol götürüb bax, Araz, Kür,
Bizimdir bu qələbə, hürr.
Vətənin alnından öpür,
Şuşaya sancılan bayraq.


Bu həm şairin yurduna olan məhəbbətindən, həm də yüksək poetik ovqatından doğur:

Bu Vətənin canı Şuşa,
Gur şəfəqli danı Şuşa.
Könüllər sultanı Şuşa,
Nə gözəl bayraq yeridir.


Şuşadan, Şuşada asılan bayraqdan bəhs edən şair, bu torpaq uğrunda canından keçən şəhidləri də unutmur. Hər bir şəhidin Vətənin sinəsindən asılan ən dəyərli, şərəfli medal olduğunu, bu təltifin Vətənimizi daha da şərəfləndirdiyini vurğulayan şair, şəhidə olan sevgisini misralarında belə əks etdirir:

Yaşasın yurd deyə - verdi can şəhid,
Qazandı əbədi şöhrət-şan şəhid.
Vətənin köksünə baş qoyan şəhid,
Hər yerdə ucalır bayraq şəklində.

Ali Baş Komandanın qələbə tvitləri ilə azad edilən yurdlarımıza sevinən xalqımızın bir gözü sevindəndə biri hər gün gələn şəhid xəbərlərinə ağlayır. Bütün bunlar, ümumxalq kədəri, şəhid nisgili Əlirza Həsrətin də poetik ovqatına yansıyır:

Hər şəhid bir ovuc Vətən şəklidir:
Ruh tanrı elçisi, bədən şəklidir.
Tabut – şəhidlərin gedən şəklidir,
Ana laylası da dilin sevdası.


Poemada müzəffər Ali Baş Komandan İlham Əliyevin poetik obrazını yaradan şair 8 noyabr Zəfərinin baş qəhrəmanının cənab Prezidentin olduğunu dilə gətirir:

Elə çiçəkləyib ki, hər yanda şəhid qanı,
Cənnətə döndərəcək bu qan Azərbaycanı.
Sənin rəşadətindir, cənab Prezidentim.
Özünə qaytardığın yurdun şöhrəti, şanı.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşməyimiz, Azərbaycan əsgərinin qanı, canı bahasına qazandığımız Zəfər bu yurdun bir parçası kimi şairin də könlünü sevindirir, “Qələbən mübarək, Vətən”, - deyən şair yazır:

Bu inam çırağı, bu ümid şamı,
Nə gözəl dəyişdi dünyanın tamı.
Sənin zəfərinə sevinir hamı,
Müqəddəs qələbən mübarək, Vətən.


Vətən müharibəsində qələbimizə xüsusi ovqat qatan Xudafərin körpüsünün üstündə üçrəngli bayrağımızın dalğalanması məqamı da münasibət bildirir. Ayrılıq, həsrət simvoluna çevrilən, bir zamanlar düşmən tapdağında olan Xudafərin 30 il sonra qələbəmizlə artıq bükülmüş belini dikəldir, sərhəd dirəyində yuva quran quşlar qələbə nəğməsi oxuyur:

Ta kimsə baş əyməz burda qurşuna,
Vətən gül-çiçəklə çıxar qarşına.
Hamı qol götürüb “Zəfər marşı”na,
Şöhrət çiçəkləyib, şan çiçəkləyib.


Vətən müharibəsində döyüşən oğulların “Zəfər marşı”nın sədaları altında qalib Dövlətin qalib əsgəri kimi üzüağ evlərinə qayıtması hər birimizin ürəyini dağa döndərdi. 30 illik məğlubiyyət damğasını üstümüzdən qaldıran bu vətən oğulları xalq tərəfindən ən yüksək sevgiylə qarşılandı. Qalib xalqın qalib şairi Əlirza Həsrət də poemasında qalib əsgəri öyür, ona sevgisini ifadə edir:

Qucaqla Vətəni, bas bağrına, bas,
Qınında atmadı qılıncımız pas.
Vaxtında alındı düşməndən qisas,
Yerdə qoymadınız bu qanı, igid!

Qarabağlı olmasa da ürəyi hər zaman Qarabağla döyünən şair, 30 illik həsrətdən sonra vətən torpaqlarının azadlıq sevincini poemanın sonlarında nikbin Zəfər ovqatıyla tamamlayır.

Əlirza Həsrət deyir, Ordumuza mərhaba!
Qürbətdə azad olan Yurdumuza mərhaba!
Bürünüb Yer kürəsi Ay-ulduza , mərhaba!
Millətin Qarabağa qayıdışı başladı.


İkinci Qarabağ müharibəsindən sonra ədəbiyyatda işlənən Qarabağ mövzusu artıq Zəfərdən, Azərbaycan əsgərinin qəhrəmanlığından doğan mövzudur. Bu mövzuda daha yurd nisgili, yurd həsrəti yoxdur. Poeziyamızda arzusunda olduğumuz, xəyalıyla yaşadığımız o müqəddəs torpaqların, Şuşanın havası, ovqatı var. İnanırıq ki, müqəddəs şəhid qanından çiçəkləyən bu Zəfərimizdən neçə-neçə dolğun əsərlər yaranacaq, ədəbiyyatımız qəhrəmanlıq salnamələri ilə zəngiləşəcək. Buna haqqımız var. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin təbirincə desək: Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031