manera.az
manera.az

"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşına

"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşına
Qismətin 35 yaşına - Səlim Babullaoğlu yazır...

Neçə vaxtdır ki, yaddaşımın ciddi şəkildə korşaldığını hiss edirəm. Danışmaq istəmədiyim səbəbləri çoxdur. Yeri gəlmişkən, yaddaşsızlığın əsas səbəbi elə danışmaq istmədiyin şeylərin çoxluğudur, yığılıb qalan və səni narahat edən informasiya yükü çoxaldıqca ondan qurtulmağın yeganə yolu yükü yox, yaddaşı itirmək olur. Nə isə. Bəzən saatlarla yaddaşımın zirzəmisində, ağlımın bir küncündə, dilimin ucunda olduğuna ümid etdiyim sözləri tapa bilmirəm. Çox sevdiyim yaxın qohumlarımdan biri alsgeymerdi. Onun uşaqca saf və hamıya ilk dəfə görürmüş kimi baxan gözlərini tez-tez xatırlayıram. Ona baxanda fikirləşirəm ki, bəlkə əslində poeziya da (qabağına bir xalis kəlməsini də yazmaq olardı) elə heyrətdir, hər dəfə ilk baxışla görməkdir, sevməkdir. Sonra isə bunun, bu fikirlərin həmin o sevdiyim qohumum üçün pis təsəlli olduğunu düşünürəm.

"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşına

Lap bu yaxınlarda gündəlik məişətlə bağlı bir sözü axtarırdım, bir müddət narahat oldum, oldum, və birdən xatırladım ki, mən axı həmin sözü başqa bir sözlə qafiyə tutmuşdum. Düzdür, “Xorasan” sözü ilə. Tapdım: kruasan. “Kruasan”ı isə ona görə axtarırdım ki, qızıma zəng edib vanilli, sadə, yaxud şokaladlı kruasandan xoşlandığını soruşmaq və təbii ki, axşam evə gələndə də onu almaq istəyim vardı. Fikrimdən vaz keçdim. Novruz yaxınlaşır. Anaları bol-bol paxlava, şəkərbura, şorqoğal bişirib, bişirir, odur ki, kruasan gözləyər. Sonra isə Sonanın uşaqlığını xatırladım. İllər əvvəl adını daşıdığı nənəsinə səmənini göstərib demişdi ki, nənə, gəl biz də səmənlik (!) alaq. Nənəsi də onu bu sözünə güləndə onun qızıl dişini göstərib, nənə, bilirəm, mən də qocalanda qızıl dişim çıxacaq demişdi. Hə, uşaqlar ən böyük, ən maraqlı, ən gözəl şeirdir. Dinləməyi, görməyi, qulaq kəsilməyi bacarmalısan. Qismət kimi:

“Qumruların Dəfnədən dən gözləyən çağında,
Ata-bala gəzişirdik yenə Cavid bağında.
Yerdən göyə bəstələnən fəvvarənin suları,
Yaman məsud eləyirdi Dəfnəni, qumruları.
Düşünürdüm, yaz günəşi təbəssümlə alışır,
Onda gördüm alagözlüm bir qumruyla danışır.
Susub baxdım onlara mən, aralıdan gəzdim bir az,
Qumrularla uşaqların sözünü kəsmək olmaz!
Kim deyib ki, quş dilini bircə Süleyman bilir,
Uşaqlıqda bu lisanı, məncə, hər insan bilir…”

“Qumru əlifbası”/ Dəfnə üçün şeiri

Qafiyələrdən söz düşmüşkən, çoxdular. Zəifi var, güclüsü, kişisi, qadını, cinaslısı, rədiflisi, sınığı var. Göz üçün olanı var. Bir də bir ayrı cür qafiyə var. “Həyat”la “ölüm” kimi, “insan” və “fədakarlıq” kimi. Mənə hərdən elə gəlir ki, o gözəl, şanlı qədim zamanlarda oğlan uşaqlarına əməlinə, qəhrəmanlığına görə ad verilməsi, elə həmin adamın həqiqi qafiyəsini tapmaq məsələsiydi bir az da.

İstedadlı, intellektual, zəhmətkeş, fədakar, yorulmaz, ləyaqətli həmkarımız Qismətin 35 yaşı tamam olur. Düşünürəm ki, vaxt sürətlə keçirsə də Qismət bu sürəti dəyərləndirə bilən və ondan ədəbiyyat naminə ən səmərəli şəkildə istifadə edən yeni dövrün ən mahir ədəbi cəngavəridir. Çox boş olardı Qismətsiz çağdaş ədəbi səhnəmiz. Dibsiz uçurum kimi.

Qisməti düşünəndə “kamerton” yadıma düşür.

Çağdaş ədəbiyyatımızın bu görkəmli simasının yeni yaşını ürəkdən təbrik edirəm.

Səlim Babullaoğlu,
şair, tərcüməçi, esseist

"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşına
"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşına
"Ona baxanda fikirləşirəm ki..." - Qismətin 35 yaşınaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30