manera.az
manera.az

Dadı qəmdir dedilər sevgilərin - Yeni İmza

Dadı qəmdir dedilər sevgilərin - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində gənc şair İsa Şirinovun şeirlərini təqdim edir:

***
Nə zaman ki, başımın üstünü dərdü qəm alır,
Surətim qarə buluddan da betər görkəm alır.

Gözüm ilkində bir eşqin o qədər qorxub ki,
Yeni eşqin kədəriyçün ürəyim önləm alır.

Bu nə alveri ki, yar yarə könül vermək üçün,
Canı da ağlı ilə, könlü ilə, bahəm alır.

Deyir aşiqlərə səhrada mükafat verilir,
Onu da hər dəfə Məcnuntək ağıldan kəm alır.

Bir zaman su’ kimi şəffaf idi Bəxtim, indi,
Bir qədər qəm qatılıb eşqin odunda dəm alır.

Bir öpüşçün elə qurban edərəm dünyanı,
Elə bil cənnətin heyfin qayıdıb Adəm alır.

Bir zamansız gediş İ’sanı salıb xəstəliyə,
illər ötdükcə zamandan ürəyi məlhəm alır.


***
Bata-bat dövrünə düşdüm gözə batdım getdim,
Baha ömrü çox ucuz qiymətə satdım, getdim.

Uzun ömrün yolu getdikcə darıxdırdı məni,
Yarısından da çoxun bəlkə də yatdım, getdim.

Dəlil olsun deyə məcnunluğuma, səhraya,
Eşqə xatir dəlilik həddinə çatdım, getdim.

Sən gəlib çıxmadığınçün, daşürəklim, yuxuya,
Yolunu gözləməyin daşını atdım, getdim.

Dadı qəmdir dedilər sevgilərin, sevgimizə,
Dadı olsun deyə həsrət payı qatdım, getdim.

Gəldi ölmək dəmi İsalığımı saldım işə,
Ömrümün vaxtını möcüzlə uzatdım getdim.


***
Üzülmə gülməyib bizə, qədər qada’sın aldığım,
Uzaqsan indi bir ömür qədər, qada’sın aldığım.

Qovuşmasaqda eybi yox, ölüb, köçək şeirlərə,
Bu ömrü eşqə həsr edək, dəyər qada’sın aldığım.

Az olmayıb darıxmağın, biraz da öl, diril hələ,
Çox olmaz ömrü pis günün, keçər qada’sın aldığım.

Bizi kədər-kədər qovur vüsala qurban olduğum,
Bizə qovuşmaq öyrədir, kədər qada’sın aldığım.

Çırağı söndü Ömrümün, yuxum qarışdı şər kimi,
Sən olmadın, açılmadı səhər, qada’sın aldığım.

Saçında Xəzri yer gəzir, yorulsa baş çəkib gedə,
Gözündə güzgü axtarır, Xəzər qada’sın aldığım.

İsa, nə qədr’ eşq’ var, boş olmaz ayrılıq yolu,
Gedən də gəlməsə, gələr, xəbər qadasın aldığım.


***
Haqqın hərdən şapalaq vurmayan insaf əliyəm,
Bir günahın səbəbi, bir savabın əngəliyəm,
Dəliyəm mən dəliyəm.

Həm bu əl çirkini əlborcu götürmüş biriyəm,
Həm də dünyanın əlindən yapışan bir zəliyəm,
Dəliyəm mən dəliyəm.

Təzəyəm həm bu yağan yaz yağışından, həm də,
Bəşərin od yaranan dövrə qədər əvvəliyəm,
Dəliyəm mən dəliyəm.

Mən savaşlarda yaxın kəsləri ölmüş qocanın,
Şəkil halında qalan yaddaşının get-gəliyəm,
Dəliyəm mən dəliyəm.

Bəlkə də indi yoxam, gəlməmişəm dünyaya,
Bəlkə bir zəlzələdə qəbri dağılmış ölüyəm,
Dəliyəm mən dəliyəm.

Bəşərin şeytana uymuşlarının ən qoçağı,
Amma Allaha gedən yollarının tənbəliyəm,
Dəliyəm mən dəliyəm.

Bəsdir! Ey İsa, danışdıqca batırsan sus! Sus!,
Bir O qaldı deyəsən ki, ən ağıllı dəliyəm,
Dəliyəm mən dəliyəm.


***
Qışın oğlan çağı çox dərd eləyib az dərdi,
Bir kağız tap,kağıza yaz qabağı yaz dərdi.

Görmüşük ki, böyüdər dərd adamı, nə böyüdüb,
Məni, Nə Tanrı verib çiynimə taraz dərdi.

Hələ bir eşqə də könlüm düşüb axır vaxtlar,
Guya azmış kimi nasaz canımın saz dərdi.

Olmaz! Olmaz deməyin olmadı bir dərmanı,
Yenə canan mənə lütf eylədi olmaz dərdi.

Qaşa ayrı, gözə ayrı neçə divan bağlar,
Təbinin olmasa İsaya biraz naz dərdi.


***
Heç eybi nigarımın cəfası əskik olmasın,
İlahi, razıyam təki, vəfası əskik olmasın.

Nəvaziş ilə baxmağı bəla gətirdi başıma,
Belə bəlaya baş fəda, bəlası əskik olmasın.

Yedikcə günbəgün nigarım ömrümü gülür, təki,
Fərəhlə dolsun ömrü, iştəhası əskik olmasın.

Ağıl ki, gəldi başa eşq qəlbdən küsür, gedir,
Gərək di başda aşiqin havası əskik olmasın.

Deyilməli sözün qalıbsa,ey İsa,şeirlə de,
Özün sus, amma, şeirin sədası əskik olmasın.


***
Nə üz qalıb sevilməyə, nə sevməyə könül, həvəs,
Qulağıma ölüm... Ölüm pıçıldayır o səs, bu səs.

Düşüb gülüzlümün gülüşlərindən ayrı gözlərim,
Dönüb o gün, bu gündü bülbülə gəzir qəfəs-qəfəs.

Əsir olub içimdə ahım, ey külək yetiş… Yetiş,
Onu aparmağa hər axşam hər səhər gəl əs, get əs.

Dönüb daş heykələ Dayanmışam görüş yerində tək,
Gecikmək istəsən gecik, tələsmək istəsən tələs.

Tutar İsa Məsihliyim qayıtsan, ey pəri, geri,
Dirildərəm ölən ümidi eşq ilə nəfəs-nəfəs.


***
Bir zəmanə gəlmişik ki, qorxur hər kəs sevgidən,
Məhbus aşiqdən seçilmir indi məhbəs sevgidən.

Həsrətə son qoymaq üçün yarə yalvarmır dilim,
Yüksəlir ərşə dua halında bir səs sevgidən.

Etinasızlıq, güvənsizlik, xəyanət, göz yaşı,
Bizlərə miras qalan buymuş müqəddəs sevgidən.

Ey yağış, yağma sönər şamı cılız pərvanənin,
Ey külək, sən də bacardıqca kənar əs sevgidən.

Kəsməmişdən bir qız, ey İsa, qəmindən saçların,
Heç düşünmə bir ümidin var isə, kəs sevgidən.


***
Sən mənim üçün üzü dönmüş fələk,
Amma kiminçünsə gözəl ruzigar.
Sən Mənim üçün tələsən, qar, külək,
Amma kiminçünsə gecikmiş bahar.

Sevgili olmaq necədir özgəyə?
Ver cavabın yandır ocağtək məni.
İndi kiminçünsə gülürsən deyə,
Ağladır Hicranın uşağtək məni.

Amma səni sevdiyin insan belə,
Əl açıb heç istəməyib Tanrıdan.
Çox da demə bağ belə, bostan belə,
Olmamısan, ölməmişəm ağrıdan.

Sevgilin oxşardı sifətdən mənə,
Oxşamasın bəxti mənim bəxtimə.
Ölməmişəm mən qara bəxtlə yenə,
Heç o da ölməz bu qədər qəm yemə.

Gizlicə getməkdi dəyən xətrimə,
Yarın idim hər şeyə rəğmən sənin.
Gözlərimin hörməti yoxmuş demə,
Getməyini görməmişəm mən sənin.

İndi deyirlər saçına dən salıb,
Sevdiyin insandı ya düşməndi bu.
Ağlımı başdan dəli sevda alıb,
Sən də deyirdin dəlilikdəndi bu.

İndi görüb çevrilirəm mən səni,
İndi unutdum deyə ruhən şadam.
Anla ki, ölmüş bilirəm mən səni,
Anla ki, ruhlarla danışmaz adam.

Xatirələr etdi kifayət mənə,
Getdiyin üçün sənə minnətdaram.
Odlu cəhənnəmdə uğurlar sənə,
Sən ölüsən mən dirilərçün varam.


***
Daha gözləmərəm səhər açılsın,
Bu gecə ölərəm, öləsi olsam.
Nə taksi, nə qatar, sizin qapıya,
Tabutda Gələrəm, gələsi olsam.

Bu gecə ölməyi bacara bilsəm,
Hamının sevdiyi adam olaram.
Ölüb daşa dönən neçə şairin,
Yarımçıq şe’rinə davam olaram.

Qəfildən ölərəm, xəbərin olmaz,
Deyərlər ”ölmüyüb! “sevindirərlər.
Məni ağ kəfənə bürüyən əllər,
Sənə qara paltar geyindirərlər.

Anam baş daşımda dərin ah çəkər,
Bu matəm havası üşüdər səni.
Məni donduranda yerin qucağı,
Kiminsə qolları isidər səni.

Darıxma qayıdıb gələrəm yenə,
Görüşüb bir günü başa vurarıq.
Yenə tələsərik görüş yerinə,
Ayrılıb gedəndə yavaşlayarıq.

Yenə söz verərik bir qocalmağa,
Qədrini bilmərik cavanlığın da.
Yenə alnımızda tər parıldayar,
Kino zallarının qaranlığında.

Bəlkə sən gələsən, gətirə mələk,
Şeytan zəncirləyib, buraxmır məni.
Bağışla, mən gələ bilmirəm, gərək,
Öləndən sonra da gözləyəm səni.


***
Mənə maraqlı deyil,
Ömrümün harasıdır.
Çöldəki hava əsl,
İntihar havasıdır.

İp hazırdı tavanda,
Stula çıxmaq qalıb.
Görəsən intihara,
Neçə darıxmaq qalıb?

Görən hansı otaqda,
Ölməyin öz yeri var.
İntihar kəndirindən,
Hər otaqda biri var.

Çıxan günəşdi? Yoxsa,
Rəngimin sarısıdır?
İntiharı düşünmək,
Etməyin yarısıdır.

Dəli olmuşam nədir?
Niyə Gülürəm, Allah?
Vaxtın olsa görüşək,
Sənə gəlirəm, Allah.

İpə ağırlıq salar,
Çiynimdəki günahlar.
Gedirəm, bəlkə orda,
Allah mənə gün ağlar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930