Açıq səma, bəyaz iplik kimi buludlar - Nobelli şairin şeirləri
Noktrün
Dünən axşam anam öldü,
heç vaxt ölməyən anam.
Havada qış vardı,
Hələ neçə ay qalsa da,
Qış havadaydı.
Mayın onu idi.
Arxa bağçamızda
Sünbül və alma ağacı çiçəklədi.
Eşidirdik,
Mariya Çexoslavakiya mahnıları oxuyur? –
O qədər təkəm ki –
bu mahnılarla.
Anamsız, atamsız
Elə təkəm ki –
Onlarsız bomboşdur elə bil beynim.
Qoxular yox oldu bu yer üzündən;
Qablar qalaqlanıb əl-üz yuyanda,
yuyulub, amma ki, yığılmayıblar.
Dolunay altında
Yuduqlarını qatlayardı Mariya;
Tarıma çəkdiyi çarşaflar
qurumuş, bəyaz ay işığından düzbucaqlılara çevrilərdi.
O qədər təkəm ki – bircə təsəllim
mahnılarla darmadağın olmaqdır.
Bu, mayın onunda idi,
səkkizində, doqquzunda olduğu kimi.
Anam öz yerində yuxuya getdi,
Qolları iki yana açılmış halda,
və onların arasındakı başı tarazlıqda.
Fantaziya
Sənə bir şey deyəcəm: hər gün
insanlar ölür. Və bu hələ başlanğıcdır.
Hər gün yas yerlərində yeni dullar doğulur,
yeni yetimlər. Əllərini cütləyib otururlar,
yeni həyatlarıyla bağlı qərar verməyə çalışırlar.
Sonra məzarlıqdadırlar, bəziləri
ilk dəfədir. Ağlamaqdan qorxurlar,
bəzən ağlamırlar. Kimsə əyilir,
indi neyləməli olduğunu deyir, belə ki,
bir neçə kəlmə demək, ya da
açıq məzara torpaq atmaq.
Bundan sonra hamı evə qayıdır,
qəfildən ziyarətçilərlə dolu evə.
Dul qadın divanda çox təmtaraqla oturur,
buna görə də insanlar ona yaxınlaşmaq üçün sıraya girir,
bəziləri əlini tutur, bəzilərisə onu qucaqlayır.
O, hamıya deyəcək söz tapır,
onlara təşəkkür edir, gəldikləri üçün təşəkkür.
Ürəyində onların getməsini istəyir.
Məzarlığa geri qayıtmaq istəyir,
yenidən xəstənin otağına, xəstəxanaya. O bilir ki,
bu, mümkün deyil. Ancaq bu onun yeganə ümididir,
geri qayıtmaq arzusu. Çox yox,
evliliyə qədər yox, ilk öpüşə qədər.
Etibarsız natiq
Məni dinləməyin, qəlbim qırıqdır.
Heç nəyə obyektiv baxa bilmirəm.
Özümü tanıyıram, dinləməyi öyrənmişəm psixiatr kimi.
Ehtirasla danışmağa başlayan kimi
Çox etibarsız oluram.
Bəli, bu, çox kədərlidir: həyatım boyu təriflənmişəm
Ağlıma, dil qabiliyyətimə, fəhmimə görə –
Axırı hamısı puç oldu –
Özümü görə bilmirəm.
Qapının ağzında durarkən, bacımın əlindən tutarkən.
Buna görə də hesabat verə bilmirəm
Qolunun bitdiyi yerdəki yaralar üçün…
Fikrimcə, görünməzəm: Buna görə də təhlükəliyəm.
Mənimkimilər – yəni fədakar görünənlər,
Biz şikəstik, yalançıyıq:
Biz həqiqət naminə
göz ardı edilməlilərik.
Mən susanda üzə çıxır həqiqət.
Açıq səma, bəyaz iplik kimi buludlar.
Altlarında balaca boz bir ev. Qıpqırmızı
və çəhrayı azaliya çiçəkləri.
Həqiqəti eşitmək istəyirsənsə, qapalı olmalısan
böyük bacına, uzaqlaşdırmalısan onu:
Mən dərin iztirab içində yaşarkən
Onun davranışlarının bütün funksiyası dəyişib artıq.
Buna görə də etibar etmək olmaz mənə.
Çünki ürəkdəki yara
ağıldakı yara deməkdir əslində.
Kirkanın kədəri
Axır ki, özümü sizin arvadınıza
bir tanrı kimi tanıtdım, öz evində,
İtakada; bədəni olmayan
bir səs: bir anlıq toxumağını saxladı,
əvvəl sağa,
sonra sola baxdı,
ümidsizcəsinə səsi mənbəyinə qədər
izləməyə çalışdı: bilmirəm,
toxuma dəzgahının başına qayıdacaqmı
artıq bildikləriylə?
Onu bir də görəndə
Deyərsən ki, tanrılar belə sağollaşır:
Əgər əbədiyyətə qədər onun fikrində qalacağamsa,
Sənin həyatında da qalacağam əbədiyyətə qədər.
Kirkanın gücü
Heç kimi donuza çevirməmişəm.
Bəzi insanlar
donuzdur onsuz.
Mən, donuz kimi
görünməklərinə kömək etmişəm.
Xarici görünüşün iç üzü gizlətdiyi
Sənin dünyandan bezmişəm.
Adamların pis adamlar deyildi;
İntizamsız yaşamaq onları bu hala saldı.
Mənim və xanımlarımın himayəsində
çox şirin görünürlər, donuz görkəmində.
Sonra sehri tərsinə çevirdim, yaxşılığımın da
gücüm qədər böyük olduğunu görəsən deyə.
Gördüm ki, burada xoşbəxt ola bilərdik
Qadınlar və kişilər kimi, ehtiyaclarımız sadə olarsa.
Eyni anda sənin getməyini də gördüm
Ağlayıb-çağlayan dənizə tərəf
Məndən cəsarət alan adamlarınla birgə.
Elə bilirsən bir-iki damcı göz yaşı məni üzəcək?
Dostum, hər sehrbaz ürəyində praqmatikdir;
Öz sərhədləriylə üzləşməyənlər mahiyyəti anlaya bilməz.
Səni sadəcə burada saxlamaq istəsəydim,
əsir kimi də saxlaya bilərdim.
Xoşbəxtlik
Qadınla kişi bəyaz çarpayıda uzanıblar.
Səhərdir. Bir azdan oyanacaqlar.
Yanlarında bir vaza dolusu
Bəyaz zanbaq, gün işığı
dolur boğazlarına.
Kişinin qadına tərəf çevrilməsinə baxıram
sanki sakitcə adını pıçıldayacaq
qadının ağzının dərinliyinə –
Pəncərə kənarında
bir dəfə, iki dəfə,
bir quş oxuyur.
Qadın tərpənir.
Kişinin nəfəsiylə dolur bədəni.
Gözlərimi açıram; mənə baxırsan.
Günəş az qala
otağımızın üstünə düşür.
Üzünə bax, deyirsən,
Üzünü bir güzgü kimi
üzümə tutaraq.
Necə də sakitsən. Və yanan çarx
astaca keçir üstümüzdən.
Balkon
Elə bu cür bir gecəydi, yaz sonu
Balkonlu bir otaq tutmuşduq, yadıma gəlir,
neçə gün, neçə gecə? Beş olar, artıq yox.
Bir-birimizə toxunmasaq da sevişirdik.
Balaca balkonumuzda dayandıq yaz gecəsi,
uzaqlardan insan yaşantılarının səsi gəlirdi.
Tac qoymağa hazır hökmdarlar kimiydik
Qarşımızda da itəatkar xalqımız. Aşağıdan
radionun səsi gəlirdi, o vaxtacan eşitmədiyimiz bir ariya.
Bir nəfər sevgidən ölür, xoşbəxtliyi əlindən alınıb
Tənhadır indi, yoxsullaşıb, gözəlliyi yoxa çıxıb.
Dözülməz bir kədərin, təcridin və dəhşətin vəcd dolu notları,
Yüksələn fiqurların astagəl frazalarına dirənmək mümkün deyil–
Qaranlıq suların üstündə üzürlər
Vəcd kimi.
Bu cür kiçik səhv. Və uzun illərdən sonra
o gecədən yadigar qalan yeganə şey, o otaqda keçən saatlardı.
Tərcümə: Qismət
/artlogos.az/