Ölüm qorxusunun ən gözəl təsviri
Lev Nikolayeviç Tolstoyun "İvan İliçin ölümü” povestinə analiz yazı
Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoy məşhur povesti "İvan İliçin ölümü" əsəri üzərində dörd il – 1882–1886-cı illərdə işləyib. Bu kiçik əsər dünya ədəbiyyatının ən gözəl incilərindən biri hesab edilir. İlkin olaraq povestin adı "Hakimin ölümü" olub.
Əsərin baş qəhrəmanı orta təbəqədən olan məhkəmə məmuru İvan İliçdir. Və məlum olduğu qədərilə o keçmiş Tula prokuroru İvan İliç Meçnikovun prototipidir. Onun qardaşı İlya İliçin fikrincə, Tolsoy onun timsalında ölüm qorxusunun ən gözəl təsvirini ifadə edib.
Baş qəhrəman İvan İliç işinə-gücünə çox böyük həssaslıqla yanaşan, insaların gözündə daim yaxşı görünməyi özünə borc bilən, cəmiyyətin fikrilə mütləq şəkildə hesablaşan bir insan idi. O, hətta evlənəndə də sevgi naminə yox, "cəmiyyətdə belə qəbul olunub – hər kəs evlənməlidir", düşüncəsi ilə ailə qurub. Əvvəlcə evlilik oyunu – camaat üçün qurduğu tamaşa özünün də xoşuna gəlsə belə, müəyyən vaxtdan sonra arvadının qısqancıqları, dava-dalaşlar aralarında cüzi olan bağı da qırır. Get-gedə o, ümumiyyətlə, özünü ancaq iş mühitində rahat hiss edir və sanki evdən qaçır. Və xidmətinə sərf etdiyi zamana, göstərdiyi fədakarlığa görə də qısa vaxt ərzində xeyli irəliləməyə də müvəffəq olur. Cəmi bircə dəfə üzləşdiyi ədalətsizlik onu möhkəm narahat edir və öz haqqını tələb etməyə başlayır. Yeni mənzilə köçmək, rahatlıq tapmaq arzusunda olan ailə artıq buna tam hazır idi.
Yeni mənzilində ustaya pərədəni necə düzgün və səliqəli asmağı öyrətməyə çalışan İvan İliç nərdivandan yerə yıxılır. Möhkəm zədə alır. Bu yıxılma sanki onun həyatını da parçalayır. Ölümcül zədə alan İvan İliç həyata indi artıq başqa gözlə baxmağa başlayır. Sanki yıxılan zaman qəhrəman illər boyu bərk yatdığı yuxusundan ayılır, gözləri açılır. Hər şeyin – yaşadıqlarının, dostlarının, iş yoldaşlarının, hətta ailəsinin də tamam başqa cür olduğunu görür, dərk edir. İndi – ölümünə çox az qalan ağrı dolu ömründə həyata tamam başqa cür – daha aydın və açıq gözlə baxmağa başlayır. Sanki bu, qorxunun – ölüm qorxusunun nəticəsində baş vermişdi. İndi İvan İliçin yaşadığı ağrılar, əslində, fiziki ağrılar deyildi. Onun çəkdiyi ağrı mənəvi ağrılar idi. O, indiyə qədər yaşadığı həyatın yalanlara –ailə, iş, qohumluq, qonşuluq münasibətlərinə söykəndiyini anlayır.
Gözündə uca olan, ali olan hər şeyin, əslində, heç nə olduğunu dərk edir. Həm də bunu dərk edir ki, onu narahat edən xəstəliyi deyil... Onu narahat edən həyat və ona nəfəs qədər yaxın olan ölümüdür. Ağrıları get-gedə çoxalır. Və yanında, həqiqətən də, onu sevən, halına yanan bir adamın olmadığını görür. Yaxını, əzizi bildiyi bütün insanlar ondan çox uzaqda imiş, əslində. Və bircə ona qulluq üçün göndərilən sadə insan Herasim ömrünün son günlərində ona dayaq olur, dərdinə qalır, ağrılarına dərman olmağa çalışır. İvan İliç ancaq Herasim yanında olduğu zaman özünü bir balaca rahat hiss edir. Çünki ona insan kimi davaranır. Onun hisslərinin, qayğısının qarşılığında başqa nəsə gözləmir və bunu sidqi ürəklə edir.
Artıq ömrünün sonuncu günlərini yaşayan qəhrəman fiziki və mənəvi ağrılarla dolu saatlar yaşayır. Ailəsiylə görüşlər onu daha da çox incidir, daha da çox ağrıdır... Onlar otaqdan çıxan kimi İvan İliç qəribə bir rahatlıq hiss edir, yüngül nəfəs almağa başlayır. Sanki onların gedişiylə yalan da, riyakarlıq da, ikiüzlülük də çəkilib gedir. Herasimlə söhbət etmək onun çox xoşuna gəlir. Herasiminsə İvan İliçə sadəcə ürəyi ağrıyır, yazığı gəlir ona... Bundan başqa heç nə Herasimi ona bağlamır. Ölüm anında yanına gələn oğlu ağlamağa başlayır. Atanın ona yazığı gəlir. Oğlanı otaqdan çıxarırlar. Və bu an İvan iliç daha ağrısını hiss etmir. Budur, artıq ölüm gəlib. Ölüm gəlibsə, demək daha, ağrı olmayacaq...
Bu povestdə Lev Tolstoy nəinki qəhrəmanın ölümünü, ölüm qorxusu altında keçirdiyi hissləri, oyanışı, həm də onun ölümündən sonra sağlığında daim ətrafında olan adamların da ona münasibətini mükəmməl şəkildə ifadə edib. Məsələn, povestin əvvəlində İvan İliçin ölüm xəbərini onun məmur dostları aralarında müzakirə edirlər. Və elə buradanca onların əsl kimliyi ifşa olunur, ortalığa çıxır. Onlardan hər biri ayrı-ayrılıqda acımadan, ölünün halına yanmadan, zərrə qədər də təəssüf hiss keçirmədən bu işdə gəlir-çıxarını hesablayırlar. Əslində, müəllif kənardan düzgün həyat yaşayan, hər şeyin yerini bilən, cəmiyyət içində müəyyən qədər seçilib-sevilən, hörmət qazanan bu adamların iç üzünü, əsl simasını göstərir.
İvan İliçin ölümü, ədəbi yuxusu isə əsl oyanış, əsl dirçəliş idi. O, əsl xoşbəxtliyin dadını indi duyur, rəngini indi sezirdi. Ona qədər yaşadığı ömrü yalanlar və riyakar adamlarla dol olmuşdu. Bəlkə də, özünün bu işdə az əməyi olmamışdı. Çünki heç nə birtərəfli olmur. Amma istənilən halda, o, öz doğmalarından bu cür ögey münasibəti heç cür gözləmirdi. Sonunda işığın görünməsi, aydınlanma əsərin əsas ideyasıdır. Burda sanki buddizmin çalarlarını da duymaq olur: ölümün içində həyat, qaranlıqda işıq.
Bir az da bu əsərin kinomatoqrafiyadakı rolundan danışmaq istərdim. Bir çox filmlərin ssenarisində bu povestin motivləri işlənsə də, onlardan ən məşhuru "Yaşamaq" filmidir. Dünyaca tanınmış yapon kinorejissoru və ssenaristi Akira Kurosava 1952-ci ildə lentə aldığı bu filmini "İvan İliçin ölümü"ndən ilhamlanaraq çəkib. Filmdə ölümcül xəstə olduğunu bilən bir bürokratın taleyindən söhbət açılır. O da məhz İvan İliç kimi artıq yaşamağa ümid olmadığını bildiyi andan ətrafındakıların riyakarlığını anlamağa başlayır. Sadəcə ordakı qəhrəman İvan İliçdən fərqli olaraq bir sadə xanıma vurulur. Və həyatın bütün xoşbəxtliyinin məhz sevgidə olduğunu dərk edir.
Filmlərdən başqa "İvan İliçin ölümü" povesti elə ədəbiyyatın özündə də təsirsiz ötüşməyib. Belə ki, tanınmış rus yazıçızı Anton Pavloviç Çexovun da "Darıxdırıcı əhvalat" hekayəsənin ümumi motivi bu povesti xatrıladır. Belə ki, ömrünün ahıl çağında olan bir adamın ölümlə üzbəüz dayandığı anda keçirdiyi hissləri qələmə alıb. Qeyd edim ki, Çexov bundan başqa, heç bir heakəsində insanın ölüm anındakı yaşantılarından yazmayıb. Ümumiyyətə, mənim fikrimcə, bunun dünya ədəbiyyatında ən yaxşı ustası elə Tolstoyun özündür.
Kəçək Çexovun "Kədərli əhvalat"ına. Professor Nikolay Stepanoviç ağır xəstəliyə düçar olur və bu səbəbdən də əmək qabiliyyətini itirir. Bütün ömrünü – həyat və yaradıcılığını gözdən keçirən qoca etdiyi bəzi səhvləri görür, özü özü üçün məhkəmə qurur və sanki özü də elə özünə bəraət qazanmağa çalışır. Çexov onun bu sarsıntısını unikal qələmə alıb, oxucuya çatdırıb. Əslində, yazıçı bunları yazmaqla həm cəmiyyətdəki eybəcərlikləri təsvir edir, həm də eyni zamanda onlarala ədəbiyyat dilində mübarizə aparırdı. Bu obrazda o, insanın həyatda müəyyən bir amalının, şəxsiyyətinin, vicdanın olmalı oladuğunu çatdırmaq fikrində olub. O ki qaldı "İvan İliçin ölümü"ünün Çexova təsirinə, bununla bağlı hələ inqilabdan əvvəl də bir çox müəlliflər müəyyən yazılar yazıb. Onlardan bir çoxu təkidlə deyirdi ki, əgər əvvəlcə Tolstoy "İvan İliçin ölümü" povestini yazmasaydı, Çexov da ondan təsirlənib "Kədərli əhvalat"ı yazmazdı. Və Çexovun professoru Tolstoyun İvan İliçinin prototipidir, bu hekayə o hekayənin sadə bir variasiyasıdır.
Sovet dövründə də bu məsələyə bir çox tənqidçilər, yazıçılar fikir bildiriblər. Lakin onları təsirdən daha çox, "Kədərli əhvalat"da ortaya qoyulan problem maraqlandırıdı. Bunları bir kənara qoyub, özümüz hər iki hekayəni oxuyanda, onlarda həqiqətən də, müəyyən süjet oxşarlıqlarının olduğunu görürük. ər iki hekayənin məzmunda ölüm ərəfəsində olan bir insan, onu yaşantıları, peşmanlıqları, dünyanı dərk etməsi, həyata başqa gözlə baxması təsvir olunur. Amma hər iki yazıçı bunu özünəməxsus şəkildə mükəmməlliklə ifadə edib, problemə yanaşmasını, fikirlərini qələmə alıb. Hər iki hekayə ədəbiyyatda özünə layiq yeri alıb və sevilib.
Nabokovsa "İvan İliçin ölümü" povesti haqqında belə deyib: "Bu əsər Tolstoyun ən parlaq, ən mükəmməl və ən mürəkkəb əsəridir!" /artkaspi.az/
Xanım Aydın