manera.az
manera.az

Yetmiş ilin ləyaqət yatırı - Nəriman Əbdülrəhmanlı yazır

Yetmiş ilin ləyaqət yatırı - Nəriman Əbdülrəhmanlı yazır
Görkəmli pedaqoq, alim, tədqiqatçı və ziyalı Fərhad Xubanlı 70 yaşını haqladı...

Bu yetmiş ilin tən yarısına – 35 ilinə şəxsən şahidəm, araşdırma yolunda çiyin-çiyinə addımlamış, uğurlarımızı, uğursuzluqlarımızı birgə yaşamışıq, birgə məqalələrimiz, kitablarımız işıq üzü görüb...

İndi onun dayandığı zirvədən dönüb geri baxanda qürur hissi keçirməyə, ömrünü ləyaqətlə və barlı-bəhərli yaşadığından razı qalmağa haqqı var.

Çünki Allahın insan oğluna həvalə elədiyi işlərin hamısını səbirlə, zəhmətlə yerinə yetirib: ev tikib, övlad böyüdüb, ağac əkib və kitab yazıb...

Fərhad Xubanlının, sözün əsl mənasında, öz əlinin əməyilə tikdiyi evin himi halallıqdan qoyulub. Bu halallıq da atası İslam kişinin əmanətidi, Fərhad heç vaxt əmanətə xəyanət eləməyib, ən çətin vaxtlarında belə, halalına haram qatmayıb, bu səbəbdən, ocağı şen, bərəkətli, qonaq-qaralıdı.

Qaraçöpə üz tutan ziyalılar onun ocağında əylənməyi, halal çörəyindən kəsməyi özlərinə borc bilirlər. Bu ocaqda kimlər olmayıb: Xalq Şairi Zəlimxan Yaqub, tanınmış araşdırıcılar Elxan Məmmədli, Ağalar Mirzə, şair Nurafiz... Mənsə onun evini dünyanın ən hüzurlu guşələrindən biri saymışam, Qaraçöpdə yaşayanda da, sonralar yolum düşəndə də qapısını ərklə açmışam.

Fərhad Xubanlı ömür-gün yoldaşı, həmkarı Lalə müəlliməylə üç layiqli övlad böyüdüb, üçünə də ali təhsil verib, ev-eşik yiyəsi eləyib, indi qibtə ediləsi baba xoşbəxtliyini yaşayır, üstəlik, törəmələri arasında daha bir Fərhad Xubanlı böyüyür. Övladları da, min budaq olsunlar, heç vaxt ata-analarının başıaşağı eləməyiblər, əksinə, onun mirasına layiqincə yiyə çıxıb, həmişə təkcə ailələrinə yox, Xubanlılar nəslinin, bütövlükdə Qaraçöpün adına şərəf gətiriblər...

Fərhad Xubanlının mayası zəhmətdən yoğrulub, gözünü açıb ailələrində hamını işləyən, ruzisini alın təriylə qazanan görüb. Uşaq yaşlarından da işdən qorxmayıb, oxuya-oxuya mal-heyvan dalınca da gedib, bağ-bağçada da çalışıb, əməyinin bəhrəsini görəndəsə özünü dünyanın ən xoşbəxt adamı sayıb. Üstəlik, ziyalılığı zəhmətdən uzaq bir məfhum hesab eləmir, bu xüsusiyyətin Allah Vergisi kimi, insanın daxilində, mənəviyyatında olduğuna inanır. Becərdiyi üzümlüyü, böyütdüyü ağacları, qulluq elədiyi dirriyi görəndə pedaqoji fəaliyyətində, yaradıcılıq axtarışlarında, araşdırmalarında aydınca üzə çıxan zəhmətsevərliyinə bir daha inanırsan.

Fərhad Xubanlı, sözün müstəqim mənasında, kitab yazıb. Əvvəlcə elmi araşdırmasını tamamlayıb, uğurla müdafiə eləyib, pedaqoji elmlər namizədi (indiki pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb, metodik vəsaitlər hazırlayıb, şəxsi pedaqoji təcrübəsini ümumiləşdirən məqalələr qələmə alıb, sonra öz ixtisası və ədəbiyyatşünaslıqla bağlı araşdırmalar aparıb, söz sənətinin korifeyləri, xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Zəlimxan Yaqubun yaradıcılığını, gənc nəslin mənəvi tərbiyəsində oynadığı rolu tədqiq eləyib, işıq üzünə çıxardığı monoqrafiyalarda oxuculara çatdırıb. Ədəbiyyatşünaslığın, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasının problemləri də onun diqqətindən yayınmayıb, Gürcüstan və Azərbaycan mətbuatında çap etdirdiyi onlarla elmi məqalə onun tədqiqatçı-alim kimi həssaslığının bariz sübutudur.

Pedaqoq-alimin folklorumuza, klassik və çağdaş ədəbiyyatımıza alim, həm də ziyalı münasibətisə, ayrıca bir yazının mövzusudur.

Otuz beş il əvvəl Qaraçöpün söz yatırını toplamaq və araşdırmaq yoluna birgə qədəm qoyanda mən Fərhad Xubanlının məhz bu nadir keyfiyyətinə – folklor və klassik ədəbiyyat nümunələrini saf-çürük eləmək qbiliyyətinə bel bağlayırdım. Folklor və şifahi ədəbiyyat örnəklərimizin qəzet-jurnal səhifələrinə, radio efirinə, televiziya ekranına çıxarılmasında onun hansı fədakarlıqlar göstərdiyinin canlı şahidiyəm. İlk cəhdimiz (1980-ci illərin axırlarında “Yazıçı” nəşriyyatına təqdim elədiyimiz “Qaraçöpün qaynar çeçməsi” toplusu müxtəlif səbəblərdən işıq üzü görmədi) uğursuzluğa düçar olsa da, ruhdan düşmədik, 1996-cı ildə xeyirxah ziyalı İ.Quliyevin yardımı ilə həmin materialların da daxil edildiyi “Qaraçöp” tarixi-etnoqrafik toplusunu nəşr etdirdik.

Sonra yaradıcılıq sarıdan barlı-bəhərli illər başladı, Fərhad Xubanlının sanballı önsözləri ilə mahalın söz sənətində öz yeri və çəkisi olan Aşıq Musanın, Aşıq Teymurun, Əslioğlu Məhəmmədin, Həsən Sadıqlının, Ağabala Mahmudovun, Məhərrəm Xıdırovun, Məhərrəm Həsənoğlunun, Şair Mədədin, Ruhin Sadıqlının, Əlxan Orucoğlunun, Nazimin... kitabları arayaərsəyə gəldi...

Fərhad Xubanlının 60 illiyi münasibətilə “Ömrün müdriklik çağı” monoqrafiyasını qələmə alanda zərrə qədər də olsa, çətinlik çəkmədim. Çünki mayası zəhmətdən və ləyaqətdən tutulmuş barlı-bəhərli pedaqoq, tədqiatçı-alim, nəhayət, insan ömrünün məqamlarını qələmə almaq mənə mənəvi zövq verirdi. Üstəlik, onun yersiz pafosa, şişirtmələrə, bənzətmələrə ikrahla yanaşdığını bilirdim. Elə bu səbəbdən də monoqrafiya oxuculara Fərhad Xubanlının səmimi, bəzəksizdüzəksiz poertetini çatdırdı. O portretdə artıq heç nə yoxdu, yalnız Allahın verdiyi ömrü ləyaqətlə yaşayan, insanlıq və ziyalılıq borcunu hər addımında yerinə yetirən bir insanın həyat salnaməsi var.

Fərhad Xubanlının 65 illik ömrünə işıq tutan “Söz ömrü” məqalələr toplusu isə mövzuların miqyasına görə diqqət çəkir. Onun qələmində klassik aşıq ədəbiyyatının nümayəndələrinin də, xalqın söz yatırından qaynaqlanan qələm sahiblərinin də, çağdaş ədəbiyyatımızda öz yeri oan şair-yazıçıların da, bu yolda ilk addımlarını atanların da yaradıcılığı səriştəli araşdırıcının süzgəcindən keçirilir. Müəllif hər yaradıcı fərdə özünəxas tərzdə yanaşmağı bacarır, kimsənin missiyasını böyüdüb-kiçiltmir, istedadını və xidmətini görməzliyə vurmur, hərəni öz çapında, öz miqyasında təqdim eləyir.

Topludakı məqalələri oxuduqca onun nə qədər həssas, müəlliflərə münasibətdə ədəb-ərkanı gözləyən, yaxşı nə varsa, üzə çıxarmağa can atan, uğurlu ədəbi-bədii nümunələri araşdıranda vəcd və heyranlığını gizlətməyən qələm sahibi olduğunu aydın sezmək olur.

Təkmilləşdirilmiş “Qaraçöp” ensiklopedik toplusunun (2019) üzə çıxmasında məsləhətçi və rəyçi kimi Fərhad Xubanlının böyük təcrübəsi, mükəmməl səriştəsi, sözün əsl mənasında, həlledici rol oynadı. O, müəyyən bir məsələylə bağlı fikirlərini heç vaxt ehkam kimi söyləmir, amma o qədər məntiqli və inandırıcı tərzdə ifadə eləyir ki, istər-istəməz mövqeyilə razılaşmalı olursan. Məhz tərəddüd keçirdiyim məqamlarda daim Fərhad Xubanlının məsləhətlərinə ehtiyac duyur, həmişə də müsbət nəticələrini görürəm. Beləcə, ələlə verib yaradıcılıq həyatımızın ən ağır işlərindən birini də səbirlə başa çatdırdıq – bu, şübhəsiz, hər ikimizin ömür kitabımıza yazılacaq faktdır.

Fərhad Xubanlının ziyalılıq missiyası təkcə Qaraçöp mahalıyla məhdudlaşmır, Gürcüstanın hüdudlarını aşıb Azərbaycana da yetişir. Onun Gürcüstan ədəbi mühitində öz yeri, dəst-xətti olan Yunus Novruz, Mülkədar Nadir, Allahverdi Təhləli, Tapdıq Yolçu, Rafiq Hümmət, Akif Xansultanlı...

Azərbaycan ədəbiyyatında sayılıb-seçilən mərhum Sabir Bəşirov, Xanəli Kərimli, Əlabbas, Bədirxan Əhmədli, Barat Vüsal, Zakir Məmməd, Nurafiz, Fəxri Valehoğluyla... münasibətləri məhz səmimiyyət üzərində qurulub. O, daim dəyər verdiyi qələm adamlarının yaradıcılığını izləyir, ədəbi-bədii əsərləri, kitabları haqqında məqalələr qələmə alır. Barat Vüsalın, Nurafizin, Rafiq Hümmətin... yaradıcılığından söz açan yazılar mahiyyətə varması, əhatəliliyi və səmimiyyətilə yadda qalır.

Fərhad Xubanlının 70 illiyinə işıq tutan “Qaraçöpün söz yatırı” kitabı, əslində, bütöv bir tədqiqat işidir, şübhəsiz, tələblər çərçivəsinə sığışdırmaqla, doktoruluq araşdırması saymaq olar. O, az qala, 150 illik bir dövrdə bu mahalda yaranmış şifahi və yazılı ədəbiyyat adamlarının yaradıcılığını səbirlə araşdırıb, dəyərli nümunələrini təhlilə cəlb eləyib, nəticədə Qaraçöpün ədəbi-bədii bioqrafiyasını ortaya qoyub.

Onun qələmində XIX yüzilin yetirməsi Aşıq Musa da, XX əsrin son çərəyində yaradıcılığa başlamış Səməd Qaraçöp də, XXI yüzilin ərsəyə gətirdiyi İlqar İlkin də eyni səmimiyyət və peşəkarlıqla araşdırılır. Şübhəsiz, bu bənzərsiz toplu təəssübkeş bir ziyalının və tədqiqatçı alimin böyük zəhmətə qatlaşıb gerçəkləşdirdiyi sanballı yaradıcılıq missiyasıdı.

Amma bu, hələ son deyil, sadəcə, son beş ilin yaradıcılıq hesabatıdı. Fərhad Xubanlının planında bu yönümdə araşdırmalarını davam etdirmək, Qaraçöp ədəbi mühitinin daha bitkin bioqrafiyasını ortaya qoymaq, bəyəndiyi ədəbi-bədii əsərlər barədə məqalələr qələmə almaq var...

Əminəm ki, Allahın verdiyi möhlət onun bu istəyini gerçəkləşdirməsinə imkan verəcək...

Çünki əsl İnsan və Ziyalı ömrünü zəhmət və ləyaqətlə yaşamış Fərhad Xubanlının buna haqqı var...

Nəriman ƏBDÜLRƏHMANLI,
sentyabr 2020-ci il
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930