manera.az
manera.az

Bir ürək sözüm var - Qasım Qasımzadənin şeirləri

Bir ürək sözüm  var - Qasım Qasımzadənin şeirləri
MANERA.AZ "Unudulmazlar" rubrikasında şair, ədəbiyyatşünas alim Qasım Qasımzadənin şeirlərini təqdim edir:

Bu gün səni gördüm

Bu gün səni gördüm… kaş görməyəydim,
Duydum ki, nə böyük günahım olmuş.
Nahaqdan incidib qəlbinə dəydim,
O qəlb ki, bir zaman pənahım olmuş.

Bu gün səni gördüm... yenə təzə-tər,
Elə bil zərrəcə dəyişməmisən.
Baxış o baxışdır, gözlər o gözlər,
Duydum o əllərin istisini mən.

Bu gün səni gördüm... durduq yanaşı,
Sevindim – tapmışam mən öz sonamı.
Yox, o başqa gölə verir yaraşıq,
Uçuq yuvasına bir də qonarmı?!

Bu gün səni gördüm... gözüm önündə
Gəlib ötən günlər bir-bir dayandı.
Mən yada salıram, xatırlda sən də,
Dəniz kənarında içilən andı!

Bu gün səni gördüm... o gülüşlərin,
Küsüb barışmağın düşdü yadıma.
Yenə də gülürsən sən şirin-şirin,
Mənsə kədərliyəm, çat imdadıma.

Yox, çata bilməzsən, əlin çatarmı –
Kəsmiş aralığı dağlar, dərələr.
Daha indən belə mə’nası varmı –
Gecikmiş sevdaya baxanlar gülər.

Bu gün səni gördüm... dərdlim yüz oldu,
Od qoydu sinəmə əzəl sözlərin.
İlk eşqin qönçəsi gör necə soldu…
Riqqətdən yaşarmış gülən gözlərin.

Bilirəm, bilirəm çox gileyin var,
Yaxşı duymamışam o zaman səni.
Qəlbən sevinərdi dostlar, tanışlar
Səninlə mehriban görəndə məni.

O vaxt aramıza girənlər oldu,
Ayıra bilmədim düzü əyridən.
Heyif, ayrılığa qədəm qoyuldu,
Bütün günahlara bais mənəm, mən.

Gətirib qaytardın məktublarımı,
Gülümsər şəklini verdim özünə.
Apardı xəzrimi, de, gilavarmı? –
Neysan yağışları düşdü izinə.

Ayrılıdıq… qəzəbdə coşan dalğalar
Çağırıb bir daha sınadı bizi.
Əhdə şahid olan o təzə çinar
Yelləyib başını qınadı bizi.

Hərəmiz bir səmtə üz tutub getdik,
Arzular necə də tez oldu hədər.
Fəqət qəlbimizdə biz söhbət etdik,
Gecəni yatmadıq səhərə qədər.

Sənin bizdə qalan mürəkkəbqabın
Dəydi qələmimə qələm ağladı.
Əmanət verdiyin dəftər-kitabın
Elə bil mənimlə küsü saxladı.

Çəkindim hər şeydən… əllərin dəyən
Bir şeyə əlimi vura bilmədim.
Gəl ötən günləri xatırla deyən
Çinarın yanında dura bilmədim

Bu gün səni gördüm… o vüqarınla,
O saf ürəyində əlimi sıxdın.
Zaman imtahandır – düz ilqarınla
Hər sorğu-sualdan sən haqlı çıxdın.

Bu gün səni gördüm… kaş görməyəydim.
Dedim tanımaram qarşıma çıxsan.
Durmusan önümdə.
Kim inanar, kim
Ah, necə yaxınsan… necə uzaqsan…

İnsan-alov

Səni gördüm…
görməmişdim binadan
şaqraq-şaqraq söz danışan alovu.

Səni gördüm…
görməmişdim, bircə an
sükut içrə qəfil coşan alovu.

Görməmişdim arzuları gül edən,
görməmişdim murazları kül edən
gah ağıllı, gah da çaşan alovu.

Səni gördüm…
Heyrət etdim bəşərə –
necə olub od salmayıb şəhərə
baxışından çaytək daşan alovu.

Heyrət etdim – nə əcəb sən keçdikcə
çatır-çatır alışmayıb bağ, küçə?!
Səni gördüm…
Gördüm aman, gördüm mən
ətrafına qor çiləyib su səpən
möcüzəni –
insanlaşan alovu.

Gəlmişəm

Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü – talandım,
Üzümə üz tutub borca gəlmişəm.

Diləyim çoxsa da, gəl əsirgəmə,
Nə arzu eləsəm, yoxumdur demə.
Qaytar sən bu dəmdən məni o dəmə,
Düşmüşəm yamanca suça, gəlmişəm.

Mehribandır obaların, ellərin,
Şəfalıdır çiçəklərin, güllərin,
Məlhəm olsun deyə sərin yellərin
Sinəmi mən aça-aça gəlmişəm.

Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.

Zəri alçı duran bəxtə-naxışa,
Möhkəmcə yaddaşa, möhkəmcə huşa,
Cağbacağ dişlərə – üyüdən daşa,
Yapdığım küt gedir, saca gəlmişəm.

Baxışda tüğyana gələn dənizə,
Qırışsız alına, gözlüksüz gözə,
Çəliksiz əllərə, əsməyən dizə,
Bükülməyən qola-qıça gəlmişəm.

Yanaqda közərən laləyə, gülə,
İlanı yuvadan çıxaran dilə,
Dayı dedirtməyən qapqara telə,
Hələ dən düşməyən saça gəlmişəm.

Damaqdan getməyən dada-ləzzətə,
Qızlar bəyəndiyi boya-qamətə,
İti, şux yerişə, taba-taqətə
Möhtac qalıb, uça-uça gəlmişəm.

Tövşümək bilməyən odlu nəfəsə…
Durnanı havada saxlayan səsə,
Tükənməz nəş’əyə, bitməz həvəsə,
Hünərə, qüdrətə, taca gəlmişəm.

Ömrün zinətini illər alıbdır,
Mahir oğru kimi bir-bir çalıbdır.
Bircə sən verdiyin vüqar qalıbdır,
Hüzuruna başı uca gəlmişəm!

Baxıram dünyaya sənin gözünlə...

Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.

Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.

Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə -
üstündən qalxdığım miz səninkidir.

Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.

Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.

Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.

Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.

Pənah gətirmişəm

Xırda bir uşaqdın mən görən zaman,
Eşqdən, sevdadan yoxdu xəbərin.
Baxırdı hər şeyə vurğuntək heyran
Məsum quzu kimi xumar gözlərin.

Bəzən rastlaşanda nəzərlərimiz
Utanıb qaçırdın, yadında varmı?
Uşaqdıq, yox idi dərdi-sərimiz,
O günlər geriyə heç qayıdarmı?

O şirin çağlardan neçə il keçir,
Ömür öz atını çapır dördnala.
Söylə, o günləri yad eləyib bir
Barı getmisənmi sən də xəyala?

Qaynar gözlərini gördüm yenidən,
İndi başqa məna duyuram onda…
O odlu baxışlar özüm bilmədən
Qalamış könlümü görünməz oda.

Açmasam sinəmi yandırar bu ah,
Bir ürək sözüm var – çırpma daşlara,
Sizə bu qış çağı gətirdim pənah,
Çatdır öz əlinlə məni bahara!

Anamgildədir

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
"Aləm bir yanadır, o bir yanadır".
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Təbiətin qız vaxtıdır

Günəş baxır təbəssümlə –
Duman dönür qızıl tülə,
Buzlu şırran gəlir dilə:
Novruz çatıb yaz vaxtıdır.

Yolda dardan dara düşüb,
Çox tufana, qara düşüb
Bədxahları tora düşüb,
Kef-damağın saz vaxtıdır.

Şimşək çaxır, biz də çaxaq,
Yığıb dərdi qalaq-qalaq
Komasına qoy od vuraq,
Ocaq vaxtı, köz vaxtıdır.

Ara, axtar hər guşəni,
Gəz çəməni, gəz meşəni,
Öpüb ayılt bənövşəni,
Təbiətin qız vaxtıdır.

Başqalaşıb üzü dönsə,
Çiçək üstdə qar görünsə,
Hərarəti artsa, sönsə,
İncimə ki, naz vaxtıdır.

Küsmüsənsə barış bu gün,
El-obaya qarış bu gün.
Gözaltınla danış bu gün,
Əhdin-eşqin düz vaxtıdır.

Çərşənbənin son axşamı,
Qoşa yanır tale şamı.
İstəyinə çatsın hamı,
Hər qismətin öz vaxtıdır.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031