Çağdaş Monteneqro şeiri: Eşq barədə gecə şeiri və sairə
Bojidar Proroçiç (1979) - Monteneqroda, Setinedə anadan olub. Jurnalist, publisist, tərcüməçi və şairdir; tarix, fəlsəfə, din və ədəbiyyat üzrə yüzlərlə məqalənin müəllifidir; əmək fəaliyyətinə 18 yaşındaykən ötən əsrin 90-cı illərində populyar olan „Onoqoşt“ gündəlik qəzetindən başlayıb. Hal-hazırda „Vijesti“, „Avlija“, „Odzivi“, „Kult“, „Kulturişta“, „Gledişta“ kimi qəzet və dərigilər, habelə elektron mətbuatla əməkdaşlıq edir. „Şairin payızı“ (2019) şeir kitabının müəllifidir.“Gecə çaparı“ nəsr kitabı nəşrə hazırlanır.
Bojidar Azərbaycanın dostu və Azərbaycan mədəniyyətinin və həqiqətlərinin yorulmaz təbliğçisidir. O, Podqoritsada fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin Azərbaycan mədəniyyətini təbliğat təşviqat məsələləri üzrə xüsusi müşaviridir.
Məhbus
Kölgələr məni tutdular,
gecə, qalanın zülmət qaranlığında
tənhalığın
çoxlu orduları yenmiş gözətçiləri
həbs etdilər məni,
atəşli qəlbimi aldılar.
Yox, kölgə gözətçisinə
hisslərimi verəsi deyiləm,
onları əsir olmağa qoymayacam,
əlbəttə, gecə mütləq keçəcək.
Eşidirsən, gözətçi,
sən də yox olacaqsan,
sənin kölgələrin də
bu qala, bu qandallar,
ardınca sürünən bu ordu da.
Biz gözləyərik
sabahı.
Təslim olmayacam,
dayanmayacam.
Ay işığında
Gün bitməkdədi,
gəzintiyə çıxıram təkcənə,
gecə düşənə qədər
səssiz-gizlicə gəzişirəm.
Görəsən mənə elə gəlir,
ya doğurdan da ulduzlar
arxamca düşüblər,
bəlkə mən bu gec vaxtı
şeirlə dua edirəm
və bu gecə Ay
varlığın çevrəsindəki
sirri bölüşür mənimlə-
parlaq, parıltılı sirri;
göyüzündə yazı oxuyuram:
eşqin sükanı arxasındakı
dənizçi
öz solğun,
amma gözdeşən təbəssümünü
və təkliyini gizlədir.
Eşq barədə gecə şeiri və sairə
Soruşursan, görən axı, nədir məhəbbət:
Quru sözdür, yoxsa qədim qayda və hikmət?
Xəyalpərəst hər ürəkdə onun izi var
Hər fəsildə bir ayrı cür gözlənişi var.
Masalarda badə olar ya boş, ya dolu.
Yalnız eşqin badəsidir boşalmaz , dolu.
Tez-tez məni üzür, sıxır səbəbsiz kədər,
Hər dəfə də söyləyirəm, hə, bu da keçər.
Bu şeiri yazdım qəmin örtüyünə mən,
Gecə atdı örtüyünü üstümə həmən.
Mənim gözəl bəlam
Mənim gözəl bəlam, dəlicə tutqum-
Setinemin əsrarəngiz gecələrinin birində
cökələrin xoş ətrinin ətrafa yayılan vaxtı
bənzərsiz gözəlliyindən məst olub
sənə yazıram.
Gecə səni hər kəsdən gizlədir və təkcə
mənim xəyalpərəst baxışlarıma qonaq edir səni;
tənhalıqdakı uzun, sirli düşüncələr;
yenə də sən, ey mənim ilğım gözəlim,gah mənim olursan,
yenə də gah sənin gözlərini gəzirəm bu gecə vaxtı...
Tərcümə: Səlim Babullaoğlu