manera.az
manera.az

Uşaq oyunlarının tərbiyəvi əhəmiyyəti - LAYİHƏ

Qarabağ zonasında folklor nümunələri sırasında uşaq oyunları da özünün çoxçeşidliliyi və özünəxaslığı ilə seçilirdi. Bu gün uşaqlar əllərində telefon aparatı ilə, yaxud kompüterdə müxtəlif oyunlarla məşğul olduqları necə təbii görünürsə, eləcə də qədim tarixə malik Qarabağın kəndlərində uşaqların, yeniyetmələrin də müxtəlif cür əyləncə xarakterli oyunlarda iştirak etməsi təbii idi. Daha doğrusu, oyunlarsız nə kənd həyatını, nə də uşaq dünyasını təsəvvür etmək mümkün deyil. İlk baxışda bəlkə də böyüklərə (halbuki onlar da vaxtilə bu cür uşaqlıq, yeniyetməlik mərhələlərindən keçmişdilər) adi, hətta maraqsız kimi təsir bağışlayan bu oyun-əyləncələrin gələcəkdə kamil insan kimi yetişməsində müstəsna əhəmiyyəti var idi. Uşaq oyun və əyləncələrinin, eləcə də tamaşaların mahiyyətində, mayasında, cövhərində əslində xalq müdrikliyi dayanırdı. Bu oyun-əyləncələr prinsip etibarı ilə insanı cəmiyyətdə formalaşdırmağa xidmət edəsi qabaqlayıcı tədbirlər – “xalq dərsləri” idi. Məhz bu kimi oyun və əyləncələrdən, tamaşalardan məharətlə keçən uşaq və yeniyetmələr gələcəyin təndürüst insanları, elin, obanın layiqli övladları kimi yetişib-formalaşırdılar…

Pedaqoji elmlər doktoru, professor Fərahim Balakişi oğlu Sadıqov «Masallı folkloru» (I kitab) adlı kitabında («Maarif», 2012) oyunlara da xüsusi toxunub: «Masallı folklorunda uşaq oyunları daha geniş yer tutur. Bu oyunların bir qismi məktəbəqədər yaşlı uşaqları əhatə edirsə, bir qismi kiçik məktəbyaşlı uşaqları, digər qismi isə orta və böyük məktəbyaşlıları əhatə edir» (səh.28).

Müəllif mövzusu ilə bağlı olaraq fikirlərini Masallı folkloru üzərində qursa da, əslində bu söylənilənlər ümumilkdə Azərbaycan folkloruna, eləcə də Qarabağ bölgəsində keçirilən uşaq oyunlarına da şamil edilməklə, buradakı aparılan qruplaşma da doğru-dürüst müşahidələrin nəticəsini əks etdirir. Bu bölgüdən çıxış edib, uşaq oyunlarının xarakter tipini yaş prinsipinə görə belə müəyyənləşdirmək – təsnif etmək olar: 1) məktəbəqədər yaşlı uşaq oyunları; 2) kiçik məktəbyaşlılar üçün səciyyəvi olan uşaq oyunları və 3) orta və yuxarı yaşlı uşaqlar arasında keçirilən oyunlar.

Uşaq oyunlarının yaş prinsipinə görə bu cür təsnifat bölgüsünü aparmaq sadəcə mexaniki təsir bağışlamır, bu yaş bölgüsünə görə uşaq oyunlarının ayrılmasının – seçilib-fərqlənməsinin özündə bir sosial-psixoloji-fəlsəfi mahiyyət gizlənib. Uşaq oyunlarının yaş etibarilə bu cür qruplara bölünə bilməsinin nüvəsində də hər yaşın öz psixologiyasına uyğun, dünyagörüşünə və orqanizmin bərkiyib-bişmə əmsalına görə – çəkisinə müvafiq olaraq tələbləri dayanırdı. Başqa sözlə, hər sinfin özünə aid məktəbli dərsliyi olduğu kimi və bu zəmin üzərində də şagirdlər yuxarı siniflərə keçdikcə bilik səviyyələrini artırdıqları kimi, uşaq oyunları da öz mahiyyəti etibarilə insan həyatında mərhələ-mərhələ öz xarakter və tipini dəyişməklə tədrici və davamlı proses olub, yaş psixologiyasına uyğun tərzdə öz məzmununu dəyişməklə uşaqların dünyagörüşlərinə, davranış normalarına da özünün kamilləşdirici təsir funksiyasını yerinə yetirir. Başqa sözlə, insanın kamillik yaşına yetişməsi – kamilləşməsi yolunda hər yaşın öz xarakterik xüsusiyyətləri olduğu kimi, uşaq oyunlarının da hər yaş dövrü üçün səciyyəvi formaları bir-birilə təbii şəkildə dəyişilib-əvəzlənir. Beləcə, uşaq oyunları uşaq dünyasının ayrılmaz tərkib hissəsi olmaqla həm də onların dünyagörüşlərinin yaranıb formalaşmasında müstəsna rol oynayır. Başqa cür ifadə etsək, insanın həyatda böyük-kiçik yerini bilməsi üçün, «qaşıq çömçədən yekə olub» kimi mənəvi kataklizmlərin yaranmaması üçün uşaq oyunlarının xarakter və məzmununun müvafiq yaş dövrlərinə əsasən dəyişdirilib-əvəzlənməsi xüsusi məna daşıyır. Misal gətirməklə fikrimi şərhə çalışacağam. Bunun üçün konkret olaraq gizlənpaç oyunu ilə ənzəli (buna eşşəkbeli oyunu da deyirlər) oyunlarının müqayisəsi yolu ilə – uşaq psixologiyası və yaş dövrü ilə bağlı fiziki durum arasındakı fərqin müqayisəsi yolu ilə mahiyyətini açıqlayacağam.

Əvvəlcə oyunların təsvirini verək.
«Qarabulaq (Füzuli) folkloru antologiyası» (I kitab) kitabınınUşaq oyunlarının tərbiyəvi əhəmiyyəti - LAYİHƏ tərtibçisi və toplayıcısı olan Faiq Şükürbəylinin qələmə aldığı «Ənzəli» oyununun təsvirinə diqqət yetirək:
«Bu oyunu oğlanlar oynayırlar. Oyunda ona qədər uşaq iştirak edir. Oyun başlamazdan əvvəl uşaqlardan ən diribaşı, yaxud nisbətən yaşlısı deyir: - Birinci (yəni mən birinciyəm). Sonra uşaqlar 2-ci, 3-cü, 4-cü və s. deyə öz sıralarını elan edirlər. Sonra aparıcı püşk atmaq üçün ovcunda bir çöp tutaraq hər iki yumuruğunu sıra ilə uşaqlara fərdi qaydada uzadır. Uşaqlar çöpün hansı əldə olduğunu tapmaq üçün həmin əlin üstünə vura-vura deyirlər:
Ya bundadır, ya bunda,
Halva götür qoy bunda.

Axırıncı söz hansı yumruqda qurtarırsa, aparıcı hər iki ovcunu onun qarşısında açır. Əgər uşaq çöpü tapıbsa, aparıcı çöpü xəlvətcə yenidən əlləri arasında gizlədir və növbəti uşağa müraciət edir. Kim çöpü tapmadı, say dayandırılır, həmin uşaq «yatmalı» olur. Belə ki, o, əllərini dizlərinə dayayaraq, belini aşağı əyir (oyunun adındakı «Eşşəkbeli» ifadəsi burdan qaynaqlanır – Ş.A.). Birinci uşaq onun belindən o tərəfə tullanıb ucadan deyir:
- Ənzəli! Uşaqlar sıra ilə əllərini əyilən uşağın belinə qoyaraq tullanır və aparıcının sözlərini təkrar edirlər. Hamı o tərəfə tullandıqdan sonra aparıcı əks tərəfə tullanaraq:
- Birdə (yəni birinci dəfədə – Ş.A.) yumşaq keçərlər, - deyir. Hamı onun sözlərini təkrar edərək növbə ilə yatanın belindən əks tərəfə hoppanırlar.
Aparıcı oyunu davam edərək yumruqlarını yatan uşağın belinə möhkəmcə dayayıb tullanır və deyir:
- İkidə (yəni ikinci dəfədə – Ş.A.) qulunc əzərlər.
Bu zaman uşaqlar onun hərəkətlərini təkrar edərlər.
- üçdə (üçüncü dəfəyə – oyunçunun belindən üçüncü dəfə tullanmağa işarədir – Ş.A.) sillə çəkərlər.
Bu zaman uşaqlar hoppandıqca yatan uşağın yanına sillə ilə vurub keçirlər.
- Papaq qoyub keçərlər (Bu, oyunda artıq növbəti dəfə uşağın belindən tullanılaraq icra olunan hərəkətdir – Ş.A.).
Uşaqlar növbə ilə hoppandıqca öz papağını yatanın belinə qoyub keçir. Əgər papaqlardan biri kimin növbəsində yerə düşsə, həmin uşaq yatır və oyun yenidən başlayır (əslində davam etdirilir – Ş.A.). Oyunun ən təhlükəli məqamı papaq qoymaqdır. Çünki əks tərəfə tullanarkən hər kəs öz papağını götürməlidir. Başqasının papağını yerə salan uşaq yatanı əvəz etməli olur. Hər şey təhlükəsiz ötüşsə, oyun davam edir.
Aparıcı tullanaraq deyir:
- Əl dəysin, ətək dəyməsin.
Bu zaman elə etmək lazımdır ki, heç kəsin paltarı yatana toxunmasın. Əks təqdirdə qaydanı pozan oyunçu yatmalı olacaq.
- Yambız vurub keçərlər…
Bax beləcə oyun davam edər» (səh.327-328).
«Azərbaycan və Anadolu folklorunda oyun və tamaşalar» («Elm və təhsil», 2014) adlı tədqiqatında Məleykə Nizami qızı Məmmədova gizlənpaç oyunundan belə bəhs açır: «Günlük əyləncələr qrupunda çox variantları və növləri olan gizlətmə-gizlənmə tipli oyunlar əsas yer tutur. Bu tip gizlənmə oyunlarından biri Azərbaycanda və Anadoluda oynanılan «Gizlənpaç»dır. «Gizlinpaç, gizlənqaç, Qaçgizlən, Gizlilimpars (Muğan), gizlənparç, gizdələnparç, gildirimparç (Naxçıvan), yaşınbacı (burada «yaşın» gizlən mənasındadır), yeşinbac, yeşinbaba, yeşinbabaş, saxlanbac, salanbac (Şimal-qərb rayonlarımız), Çapbakal (Vartaşen-Oğuz) və s.» kimi müxtəlif adlarla bilinən «Gizlənpaç» oyununun bənzəri Anadoluda «Saklambaç» adıyla oynanılır. Eyni şəkildə oynanılan hər iki oyunda oyunçular arasından seçilən əbə sayır, hər kəs qaçıb gizlənir. Əbə əvvəlcədən müəyyənləşdirilən rəqəmə qədər sayıb qurtardıqdan sonra Azərbaycanda «Alma saraldı, gözüm qaraldı, gəldim qaç, gizlənpaç», Anadoluda isə «Önüm, arxam, sağım, solum söbə, saxlanmayan əbə» kimi təkərləmələr söylənilir. Oyunda əsas fərq Azərbaycan variantında ilk tapılan oyunçu, Anadolu variantında isə son tapılan oyunçu əbə (sayan) olur» (səh.19-20).
Uşaq oyunlarının tərbiyəvi əhəmiyyəti - LAYİHƏ
Məlumdur ki, gizlənpaç oyunu ən çox məktəbəqədər yaşlılar və kiçikyaşlı məktəblilər arasında keçirilirsə, ənzəli (eşşəkbeli) oyunu yuxarıyaşlı məktəblilər arasında və özü də oğlanlar tərəfindən oynanılır. Səbəbi? Öncə yaş psixologiyası ilə əlaqədardır. Böyüklər üçün bütün növ uşaq oyunları sadəcə oyun tipini xatırladır, adi əyləncə təsiri bağışlayır, hətta lüzumsuzluq kimi də düşünülür. Halbuki böyüklər özü də bu mərhələni uşaqlıq, yeniyetməlik dövrlərində yaşamışlar. Eləcə də yuxarı yaşlılar üçün aşağıyaşlılar arasında keçirilən oyunlar gizlənpaç oyunu da daxil olmaqla gülməli ovqat oyadır, daha doğrusu, onlar bir daha gizlənpaç oynadıqları çağlara qayıdıb gizlənpaç oynamazlar. Oynasalar nəinki böyüklər tərəfindən, elə öz həmyaşıdları olan yeniyetmələr tərəfindən də qınağa tuş gələrlər: Uşaqsanmı, təzədən uşaqlıq edirsənmi? və s. bu kimi ifadələrlə lağ obyektinə çevrilərlər. Elə böyüklər də qayıdıb uşaq oyunları ilə məşğul olsalar, eyni cür qınaq hədəfinə çevrilərlər. Bu cür yanaşma tərzində bir məntiqi reallıq var. Çünki hər yaşın özünün müəyyən qanunları olduğu kimi, hər yaş dövrünə məxsus da uşaq oyunları var. Əslində, uşaq oyunları həm də insan həyatında idman yarışlarının ibtidai əsası sayılmalıdır. Yəni bu oyun-əyləncələrdə məşq xarakterli idman hərəkətləri özünü büruzə verir. Sadəcə olaraq bu oyunların idman növü olduğu, yaxud yarış xarakteri daşıdığı nə dilə gətirilir, nə də ki ağıla. Ona görə ki, burada məsum, saf, heç bir neqativ rəqabət hissi tanımayan sağlam duyğulu uşaq dünyası oyunların obyekti-iştirakçısıdır. Axı idman özü də fiziki və mənəvi sağlamlıq deməkdir. Hər halda mən uşaq oyunlarını ibtidai, primitiv idman növü, idman yarışı hesab edirəm.

Deməli, uşaq oyunları, hər şeydən əvvəl, əvvəlcə insana böyük-kiçik yerinin olduğunu qandırıb-anladır. Yəni böyüyün öz yeri, kiçiyin öz yeri, hələ desəm, ortayaşlının – yeniyetmənin də bu oyunların xarakterində öz yeri var və bəllidir (Deyilənlərdən gəldiyimiz qənaət onu deməyə əsas verir ki, deyək: (Böyüklərin oyunları da dünyamiqyaslı idman yarışlarıdır).

Bəs gizlənpaç oyununun uşaqlara aşıladığı ideya-tərbiyəvi xüsusiyyəti nədə ifadə olunur? Məktəbəqədəryaşlılarda saya bilmək yaddaşını möhkəmləndirir, həmçinin uşaqlarda kollektiv həmrəylik duyğusu formalaşdırır. Belə ki, müəyyən sayda tay-tuşlar bir yerə toplaşır, onlar birləşib-sözləşib eyni hərəkəti icra etməklə – qaçıb gizlənmə və onların arasından əbə rolunu oynayanın gözünü yumub sayar, oyunçu tərəfindən axtarılıb-tapılması macərası ətrafında birlik nümayiş etdirirlər. Eyni zamanda uşaqlarda fəhm duyğusu formalaşır, gözlərini yuman oyunçu gizlənən yoldaşlarının harda gizlənə bilməsi ehtimalını şüurunda yəqinləşdirmə hissinə yiyələnir, gizlənən yoldaşlar isə harada gizlənə bilməyin daha əlverişli üsulunu fikirləşib axtarırlar. Bundan başqa, qaçma əməliyyatı – gəlib yoldaşından tez əlini daşa vurma kimi fiziki idman hərəkəti edirlər ki, bu da bədənin bərkiyib-bişməsi yolunda ilkin idman qaçış növünü özlüyündə səciyyələndirir. Beləliklə, bununla həm də ilkin təsəvvürdə gizlədilmə və tapılma hisslərinin rüşeymləri formalaşır. Bu da nəyin, kimin harada ola bilməsi, gizlənə bilməsi kimi ehtimal hisslərinin uşaq yaddaşına təsiri ilə nəticələnir. Bütün bunlar və bu kimi amillər gizlənpaç oyununun uşaqlarda ilkin ictimai-tərbiyəvi hisslər təlqin etdiyinin göstəriciləri kimi düşünülməlidir.
İndi də keçək eşşəkbeli (ənzəli) oyununun daşıdığı sosial-psixoloji mahiyyətin yozumuna. Heç vaxt yadımdan çıxmaz. Kəndimizin aşağısında bir dərədə-böyüklərin nəzərini çox da cəlb etməyən bir ərazidə yuxarıyaşlı uşaqlar eşşəkbeli oynamağa hazırlaşırdılar. Mənim onda heç bu oyunun necə keçirilməsi, hansı qayda və şərtlərlə icra olunması haqqında təsəvvürüm belə yox idi. Gördüm uşaqlar mənə işarə ilə: O, hələ çox balacadır, bu oyuna dözüş gətirə bilməz, - deyib özlüklərində qərar çıxartdılar. Bu səhnə özü bir daha uşaq oyunlarının yaş mərhələlərinə və yaş psixologiyasına uyğun qruplaşdığından xəbər verirdi. Azacıq sonra oyun başlandı, mən də uşaq ağlımla oyunu bir az müşahidə edib, onların bu normadan kənar «qeyri-etik» hərəkətlərindən təəccüblənib, ordan uzaqlaşdım. Uzun müddət bu oyunun keçirilməsini vəhşiyanə hərəkətlər kimi düşündüm. Bu gün isə bir mütəxəssis gözü ilə yanaşıb, oyunun mahiyyəti və xarakteri ilə bağlı mülahizələrimi bildirirəm. Əvvəlcə mərhum folklorşünas Azad Nəbiyevin oyunların tarixi inkişaf mərhələsilə bağlı fikirlərinə müraciət edək:
Uşaq oyunlarının tərbiyəvi əhəmiyyəti - LAYİHƏ
«Oyunların ilkin yaradıcılıq mərhələsi şamanist görüşlərdən şübhəsiz ki, çox-çox əvvəl mövcud olmuşdur.
Oyunların yaranma və inkişafının birinci mərhələsi rəqslərlə bağlı idi. Daha doğrusu, ilkin oyunlar rəqslər daxilindəydi. Rəqsdaxili oyunları ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb ayrı şəkildə götürmək mümkün deyildir. İlkin oyunlar rəqslər daxilində primitiv məna çalarlarına malik olmuşdur.
Oyunların ikinci mərhələsi onların rəqslərdən ayrılıb, asudə vaxtlardakı əyləncə məqsədinə tabe edilməsindən başlamışdır.
Bu mərhələdə oyunlar artıq ünsiyyət vasitəsi rolu oynamır. Onlar rəqslərdən tam ayrılır, xalq yaradıcılığının yeni bir janrı kimi formalaşmağa başlayır.
«Oyun» sözü türklərin oynamaq söz kökü ilə bağlı yaranmışdır. Türkdilli xalqların içərisində «oy»un ağıl, hikmət mənaları vardır. Ağılı, hiyləni hərəkət vasitəsi ilə ifadə etmək isə oyunların yaranmasında mühüm amil olmuşdur. Məsələn, elə qaya rəqsləri daxilindəki oyunlara nəzər salsaq görərik ki, onlar müəyyən fikri, hikməti kiməsə, bəlkə də qəbilə və ya tayfa başçısına, onun ayrı-ayrı üzvlərinə yetirmək məqsədilə düşünülüb cızılmış rəsmlərdir» (Bax: Azad Nəbiyev. «El nəğmələri, xalq oyunları». Azərnəşr, 1988, səh. 128-129).

Göründüyü kimi, A.Nəbiyev burada həm də oyun sözünün etimologiyasından çıxış edib, ağıl, hikmət mənaları verdiyini bildirir, oyunların yaranmasındakı əsas amillərdən birinin «ağılı, hiyləni hərəkət vasitəsilə ifadə etməyi» ilə əlaqələndirir. Bəli, oyunlar əslində ağılın hərəkət vasitəsilə təcəssümüdür. Oyunların daxili nüvəsində uşaqların yaradıcılıq məharətlərini inkişaf etdirmək, onları həyata alışdırmaq, cəmiyyətə kamil insan kimi hazırlamaq missiyası dayanır. Uşaq oyunlarının məzmun və strukturunda sadədən mürəkkəbə doğru istiqamət isə uşaqların yaş dövrləri dəyişdikcə bunların da öz növbəsində ardıcıllıqla öz-özünə tənzimlənməsi prinsipini əks etdirir. 10-cu sinfin dərs yükünü 1-ci sinif şagirdinin üstünə yıxmaq, ya əksinə, mümkün olmadığı kimi, eləcə də uşaq oyunlarının da sadəsi ilə mürəkkəbini azyaşlılarla yuxarıyaşlılar öz aralarında bölüşdürürlər. Bu nizamlanma nəinki təkcə yaş psixologiyasına görə müşayiət olunur, hətta gender problemi də burada təbiiliklə öz yolunu tapır. Belə ki, uşaq oyunlarının cinsi mənsubiyyətə görə də seçilib-fərqlənməsi aydın nəzərə çarpır. Bu da oğlan və qızların bir fərd olaraq formalaşmasında uşaq oyunlarının mühüm funksiya daşıdığının bir əyani göstəricisidir. Elə oyunlar var ki, yalnız oğlanlar tərəfindən, icra edilirsə, elələri də müştərək halda - oğlanlar və qızların birgə iştirakı ilə oynanılır. Bu da uşaq oyunlarının təbiətindən irəli gəlməklə həm də uşaq dünyası ilə sıx bağlı olub, onları həyata hazırlamaqda ilkin bünövrə rolunu oynamaqlarını göstərir. Yuxarıda təsviri verilmiş ənzəli oyununun mahiyyətinə işıq tutmaqla bir daha fikrimizi təsdiqləyə bilərik (Qeyd edək ki, «Qarabağ: folklor da bir tarixdir», II-III kitablar, «Elm və təhsil», 2012; VI kitab, «Zərdabi LTD» MMC, 2013) kitablarında da əksini tapmış uşaq oyunlarının hər biri üzərində dediklərimizi əsaslandıra bilərik). Ənzəli oyununda ona qədər uşağın iştirakı ilk növbədə uşaqlarda kollektivçilik əhval-ruhiyyəsini formalaşdırır. Uşaqlardan ən diribaşının, yaxud nisbətən yaşca böyük olanının oyuna rəhbərlik-nəzarət etməsi burada həm də kollektivdə liderlik qabiliyyəti ola bilənin özünü oyun daxilində reallaşdıra bilməsidir. Başqa sözlə, idarəçilik hissi ilkin rüşeymlərini uşaq yaddaşına yeridir. Həmin liderin - oyun aparıcısının püşk atmaq məqsədilə əlində-ovcunda çöp tutması və çöpün tapılması şərtini kəsməsi, həmin çöpün oyun iştirakçısı tərəfindən tapılıb-tapılmamasını dəqiqləşdirmək üçün hər iki ovcunu oyunçular qarşısında açıb göstərməsi amili isə oyunda şəffaflığın təmin edildiyini göstərir. Bu da oyunçuların şəffaflıq prinsipinə və demokratik ab-havaya kökləndirilməsi deməkdir, gələcəkdə yetkinlik yaşına yetdikləri vaxtda isə onları demokratik əhval-ruhiyyəli gənclər kimi hazırlamağa xidmət edir. Çöpü tapmayan oyunçunun cəzalandırılması və belini aşağı əyib «yatması» da elədiyi yanlışlığa (səhvə) göz yummadan razılaşma əlamətini ifadə edir və bu, insanda öz günahını-səhvini etiraf etməsi kimi alicənablıq duyğusu oyadır. İndiki dövrdə heç kəsə elədiyi səhvini-günahını boynuna götürtmək olmur, ancaq bu uşaq oyununda tərbiyəvi hissin hansı dərəcədə güclü təsirə malik olması elə buradan aydın görünür.

Oyunun icra tərzi ilə bağlı da məqamlara aydınlıq gətirək. Əllərini dizlərinə dayamaqla belini aşağı əyən oyunçunun beli üstündən dəstədəki oyunçuların 7-8 dəfə, ya 10 dəfə tullanıb-keçmələri oyunun şərtinin ağır olduğunu-bərkimiş əzələlərə və möhkəm, sağlam cana malik olub, ağırlığa və vurulan zərbələrə-şillələrə dözə bilməyi tələb edir. Bu, həm də hardasa oyunda qabalığın – «kobud rəftarın» da olmasını göstərir. Deməli, ənzəli oyununun oğlanlar arasında keçirilməsinin əsas sirri də məhz bu amillə bağlıdır ki, qızlar incəlik, nəzakətlilik daşıyıcıları olduqlarından, bu oyun onlara şamil edilmir. İkincisi, oğlanlar gələcəyin kişiləridirlər, kişilərin təbiətində isə kişilik xarakteri-dözümlülük, iradə, səbir olmalıdır. Demək, oyundakı «qabalıq» da, əziyyətlərə tablaşmaq tələbi də yuxarıyaşlılar arasında keçirilmək prinsipini şərtləndirir, yəni azyaşlıların bərkiməmiş bədənləri bu ağırlığa, zərbəyə tab gətirməz, nəticədə orqanizmləri zədələnə bilər, sümükləri çat verə bilər və s. Nəticəsi isə acınacaqlı olar. Bu fakt da onu göstərir ki, uşaq oyunlarının yaş etibarilə təsnifata bölünməsi müəyyən reallığa əsaslanır, həmçinin cinsi mənsubiyyətə görə uşaq oyunlarının bir-birindən ayrılması amili də o cümlədən.

Oyunun icra ardıcıllığında bir təbii harmoniyanın gözlənilməsi də var. Belə ki, ilk dəfə belindən atılarkən «birdə – yəni birinci dəfədə yumşaq keçərlər» deyib, ehmalca – ehtiyatla oyunçunun belindən o tərəfə aşırlarsa, ikinci dəfə bir qədər möhkəm tərzdə kürəyinə ağırlıqlarını salıb («ikidə qulunc əzərlər» deməklə) keçmələri, «üçdə sillə çəkərlər» deyib, kürəyinə şillə vurmaqla keçmələri, növbəti dəfə «yambız vurub keçərlər» tələbilə bu zərbəni bir az da ağırlaşdırmaları və s. onu göstərir ki, tədrici şəkildə şərtlər ağırlaşdırılır. Bu isə onu nümayiş etdirir ki, əvvəlinci sınaq xarakteri daşıyır, uşağın – oyunçunun ilk «yumşaq keçmə»yə dözüş gətirib-gətirməyəcəyi yoxlanılıb-dəqiqləşdirildikdən sonra oyun qaydasına düşüb öz ritmi-tələbi, axarı ilə davam etdirilir. Həm də bu, tibbi baxımdan da düzgün olub, bədənin zərbəyə müqavimət dərəcəsini yoxlamaqla həm də artırmağa doğru yönəldilmiş oyun (idman) hərəkəti olur. Oyunun bu cür prosesi yeniyetmə oğlanlarda acizlikdən-fağırlıqdan uzaq olmaq duyğusu formalaşdırır, onları gələcəyin cəsarətli dözümlü kişisi, Vətənin cəsur əsgəri, fədakar döyüşçüsü əzmində tərbiyələndirir. Etiraf edək ki, gənclərimiz bu gün yüngül kompüter oyunlarına o qədər aludə olublar ki, oğlanlarımızın təbiətində bir acizlik, əfəllik, «nazəninlik» hissi yaradıb.
Bundan başqa, tullanma əməliyyatlarını yerinə yetirən oyunçuların qarşısında da müəyyən «sərt» tələblər (papağı belindən yerə salmamaq, əl belə dəysin, ancaq paltarın toxunmasın və s. bu kimi tələblər-prinsiplər) qoyulması isə uşaqlarda həssaslıq, dəqiqlik, çeviklik, sərrastlıq və başqa mənəvi-iradi keyfiyyətlər qazandırır. Yenə də bu zaman qaydanı pozan oyunçunun yatan oyunçunu əvəz etməsi prinsipinin qoyulması və bu şərtə sözsüz əməl olunması da oyunda ədalətlilik meyarının gözlənilməsindən xəbər verir və bu da bir daha oyun iştirakçılarında ədalətli olmaq, məsuliyyət hissi yaşamaq və s. kimi humanist amallar tərbiyə edib aşıladığının bariz göstəricisidir.

Ənzəli oyununun (xüsusi olaraq vurğulayım ki, özü də hələ uşaq oyunları içərisində hardasa qabalığı-kobudluğu ilə fərqlənən bir oyunun timsalında!) iştirakçılarda aşıladığı tərbiyəvi keyfiyyətlər barəsində çox danışmaq olardı. Ancaq bu qənaətdəyəm ki, elə deyilənlərlə də fikrimi çatdıra bildim.
Mənə elə gəlir ki, Qarabağ bölgəsində uşaqlar arasında keçirilən «çilə-çilə», «mak-mak», beşdaş, daşqalama və s. cürbəcür uşaq oyunlarının hər birisi ilə bağlı da bu cür açıqlamalar vermək olar və bu oyunların hər birinin mahiyyətində gizlənən estetik-tərbiyəvi hissləri görmək olar. Bəli, uşaq oyunlarının xarakterində də xalq müdrikliyinin təcəssümü özünəxas qaydalarla – sözün oyun hərəkətlərinə çevrilməsi şəklində – sözün hərəkətlərlə ifadəsi olaraq əksini tapır.

Şakir ALBALIYEV,
AMEA-nın aparıcı elmi işçisi,
fəlsəfə doktoruБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031