Oxumaq, yazmaq və yaşamaq - Şopenhauer
Manera.az görkəmli alman filosofu Artur Şopenhauerin “Oxumaq, yazmaq və yaşamaq üzərinə” adlı kitabından bir hissəni təqdim edir.
Mütaliə müddətində bizim yerimizə başqası fikirləşir. Biz isə onun düşüncələrini təqib etməklə kifayətlənirik. Yazmağı öyrənən şagird müəllimi təqlid etdiyi kimi…
Məhz buna görə də düşünməkdən yorulanda əlimizə aldığımız bir kitab bizi sakitləşdirir. Bu zaman şüurumuz kitab müəllifinin düşüncə meydançasında oynayır. Və buna görə də çox, hətta bütün gün oxuyan və düşünməyən insan yavaş-yavaş düşünmək qabiliyyətini də itirir. Eynən at üstündən düşməyən adamın yeriməyi yadırğaması kimi. Bir çox savadlı insanın aqibəti də bu cürdür. Oxumaq onları axmaqlaşdırır.
Əlinə düşən hər boş vaxtda oxumaq beyni iflic edir. Necə ki üzərinə ağır bir cisim qoyulan yay elastikliyini itirir, eləcə də mütaliə yolu ilə başqa adamın düşüncələrinin təzyiqini öz zehnində hiss edən adam da bir müddət sonra zehni korşalma ilə üzləşir. Dayanmadan yeyən adam necə mədəsini xarab edirsə və bu xəstəlik necə digər orqanlara keçirsə, zehin də çoxlu düşüncədən xəstələnir. Çox oxuyan insanların düşünməyə vaxtları olmur.
Mütaliə yalnız onun haqqında dərin və uzunmüddətli düşünməklə həzm oluna bilər. Biz yeməklə yox həzmlə doyuruq. Bir adam fikirləşməyə vaxt ayırmadan sürəkli oxuyarsa, oxuduğu kitablar ona heç bir məna qatmaz və zamanla unudular. Fiziki qida ilə zehni qida bu konteksdə eyniyyət təşkil edir. İnsan qəbul etdiyi qidanın ancaq beşdə birini həzm edə bilir.
Kağıza köçürülmüş düşüncələr qumsaldakı ayaq izlərinə bənzəyir. Ayaq izlərini görə bilərsən, lakin o yolu gedən adamın ətrafda gördüklərini yox. Bunun üçün o adamın gözlərinə də ehtiyacınız var./epiloq.az/