Övladını teatra buraxmayan valideynlər | MANERA.AZ
Xəyal Abdullayev
Bu yaxınlarda dostum məni teatra dəvət eləmişdi. Dediyinə görə, üstündə tamaşaya baxmaq üçün xeyli bilet var idi. Odur, ki məndən dostlarımı da teatr tamaşasına dəvət edib gətirməyimi rica etdi.
Tamaşanın başlamasına təxminən 2 saat qalmışdı. Mən də həmən işə keçərək bunu bir neçə yaxınlıq da olan tanışıma, dostuma dedim. İlk öncə oğlanlardan başladım. 10 oğlandan cəmisi 1 nəfərini razı sala bilmişdim,onu da nə cür çətinliklə Allah bilir. Digərləri isə hərəsi bir bəhanə ilə bu səfər də aradan çıxmağı bacardılar. Keçdim qız dostlarıma. O dostlarıma ki, çox incəsənətsevər və sənətə qiymət verən dostlarımdı. Hardasa 10-nuna bu təklifi etdim. Çox istəyirdilər gəlməyi. Həm də çox sevinmişdilər ki, opera və balet teatrına gedib 1 saat da olsa rahat tamaşaya baxacaqlar. Lakin çox təəssüf ki, bizim "insənətsevər” və "mütərəqqi” valideynlər imkan vermədilər ki, qızları 1-cə saatlığına teatra gedib öz dünyagörüşlərini artırsınlar. Yenə lənətə gəlmiş yersiz "mentalitet” -ə görə. Gerilikçi "Qız axşamlar bayırda olmaz. Qız teatra getməz” düşüncəsinə görə. Əslində tamaşa heç axşama da qalmırdı. Saat 7-də başlayıb 8-də qurtaracaqdı. Ancaq imkan vermədilər ki, vermədilər, yenə də qalmadılar öz klassik ənənələrindən. Halbuki teatrdan, teatrın cəmiyyətdəki rolu və bu kimi mövzulardan televiziyada, tədbirdə, konfransda, sorğu prosessində söz düşəndə başlayırlar hamısı bir ağızdan pafoslu – pafoslu danışmağa. O qədər ziyalı, alim - professor, ictimai xadim, incəsənət və mədəniyyət xadimi və s. bu kimi özünü ağıllı göstərmək istəyən adamlar tanıyıram ki, bütün günü televiziya kanallarında artistcəsinə incəsənətdən, teatrdan, ədəbiyyatdan, demokratiyadan, nə bilim bəşəri dəyərlərdən filan ağız dolusu danışırlar.
Halbuki hamısı özlərini ağıllı göstərmək, tanınmaq - populyar olmaq üçündür. Yeri gələndə onların da bəzilərinin qızlarını teatra, muzeyə dəvət etmişəm. Ancaq heç birisi də yenə öz klassik ənənəsindən qalmayaraq qızlarını buraxmayıblar. Bilin və agah olun bütün bunlardan. İstəyirəm hər kəs bilsin ki, Azərbaycanda xeyli bu tip "mütərrəqi və mədəniyyətsevər” insanlar var. Onların orada- burda, daha çox da efirdə, burjua proqramlarında kostyumda oturub pafoslu-pafoslu , ağıllı-ağıllı danışıqlarına, bəlağətli cümlələrinə inanmayın. Hamısı saxtadır. Bəlkə də özləri heç bir dəfə də olsun nə teatra gedib maraqla tamaşa izləyib, nə də muzeyə gedib eksponatlarla tanış olub.
Ümumiyyətlə Azərbaycanda teatra, eyni zamanda aktyorlara münasibət həmişə belə laqeyd və soyuq olub. Mən soyuq münasibət deyəndə o təbəqədən olan adamları nəzərdə tuturam ki, o adamlar teatr və aktyor görəndə sıxılırlar, narahat olurlar, elə bil teatr sözünü eşidəndə başlarına qaynar su tökülür, teatr görəndə elə bil qutuda ilan görmüş kimi olurlar, teatrı şeytan əməli adlandırırlar. (bəzi qlamurklara görə isə teatr sadəcə köhnəlik simvoludur) O adamlar ki, birini teatra gedən görəndə ona:
"Əşiii, deyirəm bekar adamsane vallah, neynirsəne teatrı filan, nə takılmısan bu boş şeylərə? Deyirəm necə də axot vare səndə durub gedirsən teatra saatlarla tamaşaya baxırsan. Hələ bir o biletə pul da verirsən.Nə var, nə var hansısa mütrüb orda "gijdik" edəcək.Hansısa gədələr meymunluq edəcək. Hayıfın gəlsin sən canı o 8 manata. Otur evində də. Teatr antikdən qalmadır, artıq vaxtı keçibdir. İndi internet əsridir. Otur Youtubedan baxda kinolara filan.Ya da ondansa sirkə filan get. Zatən mən bilən teatr sirkdən o qədər də fərqlənmir.”
Bu sözlər teatra antipatiyası olan orta statistik azərbaycanlının işlətdiyi sözlərdir. Bəli, bəli düz eşitidiniz. Və buna inanmağınız üçün nəyə desəniz and içərəm ki, Azərbaycan cəmiyyətində teatra və aktyora bu qədər savadsız, iyrənc və kinli münasibət var. Teatra gedəndə mən də eyni sözləri hər dəfə eşidirəm. Və odur ki, bu məqaləni yazmağa məcbur oldum.
Mən baltanı kökdən vurmuram, narahat olmayın. Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixini də dərindən araşdırmışam. Gedin Cəfər Cabbarlının "Oqtay Eloğlu” əsərini oxuyun. Mənzərəni özünüz görəcəksiniz.Azərbaycan cəmiyyətinin, sadə və avam xalqın, xüsusən də teatrın yarandığı dövrdə qoçuların, məşədilərin və hacıların teatra olan münasibətini özünüz görəcəksiniz. Azərbaycanda teatrı yaratmağa təşəbbüs göstərən insanlar hansı çətinliklərlə üzləşib, hansı qaragüruh qüvvələrlə qarşı-qarşıya dayanaraq onlarla ölməz mübarizə apardıqlarının hamısını görəcəksiniz.Yox əgər inanmırsınızsa və yaxud da faktların gerçəkliyinə şübhələriniz varsa o zaman gedin araşdırın tarixi. O tarix, o da siz. Araşdırın Azərbaycanda teatr yaranandan bu günə qədər teatrlarımızın vəziyyətini, durumunu. Araşdırın və bilməyə çalışın teatra gedən insanların, bir sözlə auditoriyanın 80-90% -nin kimlərin olduğunu. Yox əgər tarixi də oxuyub araşdırmaq istəmirsinizsə o zaman bayaq söylədiyim kimi çox demirəm sadəcə Cəfər Cabbarlının "Oqtay Eloğlu” əsərini mütaliə edin. Bu əsər boş yerə yazılmayıb. Azərbaycan teatrının tarixi durumunu, eləcə də müəllifin nə demək istədiyini tuta bilənlər üçün bu çox böyük və sanballı bir əsərdir əslində.
Teatrımız yarandığı gündən etibarən qara qüvvələr tərəfindən amansız təzyiqlə üzləşib. Onu qoruyub saxlayanlar isə barmaqla sayılacaq qədər az olublar. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Mirzə Cəlil bunlardan öndə gedənləridir. Hətta bu görkəmli şəxslər arasında teatrın inkişafı uğrunda aktyorluq edənlər də olub. Cəfər Cabbarlı və Mirzə Cəlil Məmmədquluzadə buna bariz misaldır. Tamaşaya gələnlər isə sözün həqiqi mənasında sənətə, teatra qiymət verən, belə deyək teatrın fəlsəfəsini dərk edən mütərəqqi milli burjuaziya təbəqəsi olub. O, təbəqə ki, əsasını Azərbaycanın xaricdə ali təhsil almış ilk ziyalıları, əsl ictimai, incəsənət və mədəniyyyət xadimləri, mütərəqqi pedaqoq – müəllimlər təşkil edib. Teatra gələnlər də bu və bu kimi mədəni təbəqədən olan oxumuş –ali təhsil görmüş insanlar olub. Qoçusu, tində duran lotu-potusu, riyakar mollası, Şeyx Nəsrullahları, nə də 12-13 yaşlı bakirə qızlarını gecələr Şeyx Nəsrullahkimilərin yatağına göndərən Məşədi Cabbarları, avam Məmmədhəsənləri deyil. Bir həqiqəti də qeyd etmək istəyirəm ki, hamıya bəlli olsun. Bizim nə teatrımız, nə muzeylərimiz, nə incəsənətimiz, nə ədəbiyyatımız, ümumilkdə bizim mədəniyyətimiz heç vaxt xalqın hesabına yaşamıyıb. Bu hər yerdə belədir. Dünyanın heç yerində incəsənət xalqın hesabına yaşamayıb. İstər fransızı olsun, istər ingilisi olsun, isərsə də italiyanı. Çünki xalq deyilən toplum çox geniş anlayışdır. İçində alkaşından tutmuş baz mollasına qədər olan tiplər gedir. Ona görə də, ümumilikdə danışmaq heç də düzgün bir şey deyil. Bu gün XXI əsrdəyik. Çox gözəl hadisədir ki, ölkəmizdə 30-dan çox teatr fəaliyyət göstərir. Ancaq çox əfsuslar olsun ki, hələ də elə insanlar var ki, 60-70 yaşına çatsalar da ömürlərində bir dəfə də olsun teatrda olmayıblar. Hətta elələri var ki, teatrın nə olduğunu belə heç bilmir.Nolsun ki, XXI əsrdəyik axı?! VI əsrdəki geri düşüncəli azərbaycanlı bu gün də yaşayır. Hələ də öz qızını teatra qoymayan valideynlər bu gün var. Bunlar hamısı real faktlardır. Hamısı olmuş, olan və olacaq şeylərdir. Nə qədər ki, mentalitet buxovları var . Bu gerilik həmişə bizdə olacaq. 25-ci əsrdə belə.
Bu gün XXI əsrdə hər 1000 ailədən yalnız 5-6 ailə öz azyaşlı və ya yeniyetmə övladını teatra apara ya aparmaya.Çoxusunun heç xəbəri belə yoxdur ki övladı hansı tərbiyə ruhuyla böyüyür. (Yeri gəlmişkən onu da deyim bu barədə ətraflı bir yazı yazacam)
Bir cəmiyyətdəki öz övladına 70 seriyalıq cizgi filminin diskini almaqla özünün bütüb analıq borclarını yerinə yetirmiş sayan qadınlar var, çətin ki, onların övladları teatra getsinlər. Nə qədər ki, bu cəmiyyətdə "Mikayıl Şou” ən reytinqli və ən çox baxılan veriliş olacaq teatrımıza münasibət də bir o qədər aşağı səviyyədə, laqeyd və soyuq olacaq.
Fikirlər müəllifin şəxsi mülahizələridir.
MANERA.AZ