manera.az
manera.az

Damalı köynək - Narıngülün hekayəsi

Damalı köynək - Narıngülün hekayəsi
Qadın maşının arxa oturacağında əyləşərək gözlərini kişinin əynindəki damalı köynəyə zilləmişdi.

Kənardan baxanda elə görünürdü ki, cidd-cəhdlə köynəyin damalarını hesablayır. Köynəyin damaları da elə səliqəylə, dəqiqiliklə cızılmışdı ki, nə bir dama o birindən azacıq da olsa böyükdü, nədəki kiçik... Hərəsi də bir rəngdə... Elə bil lap rənglər qalereyasıydı.

Əslində, qadın üçün köynəyin damalarının heç bir əhəmiyyəti yoxdu. İstəyir lap simmetriyası pozulmuş olsun, xətləri bir-birinə qarışsın, nəyinə gərəkdi? O, inadla baş sındıraraq kişiyə hansısa günü xatırlatmağa çalışırdı. Amma kişi deyəsən, heç nəyi xatırlayana bənzəmirdi. Elə bil heç belə bir gün olmamışdı.

Qadın düşündü ki, əgər xatırlamadısa, yada salmağın da mənası yoxdur. “Mən yada salandan sonra xatırlayacaqsa, heç lazım deyil, nəyimə gərəkdir ki?.. Cəhənnəm olsun, belə xatırlamanı!” Üzünə qüssə qondu. Məyus olsa da, dözməyib inadını yenidən rezin kimi dartıb uzatdı.

– Taksi sürücüsünü deyirəm... O da yadında qalmayıb? Deyirdin o qədər xoşbəxt görünürük ki, sürücü bizə həsədlə baxır, bu gün gözə-nəzərə gəlməsək yaxşıdır...

Kişi gözlərini yoldan çəkib donuq nəzərlərlə onun üzünə baxdı.

– Nə sürücü? O qədər taksiyə əyləşmişik ki...

– Yadına düşmədi? O gün, məni yola salanda, dönə- dönə tapşırmışdın. Taksi sürücüsü də hirslənmişdi ki, qədeş, qorxma hələ mənim maşınımda itən olmayıb.

Kişinin dodaqlarına ani təbəssüm qondu, amma üzünün donuq ifadəsi dəyişmədi. “Görəsən, hansı günü deyir? Yəqin sonuncu dəfə görüşdüyümüz günü xatırlatmaq istəyir. Bunun da işi –gücü yoxdur. Nəyinə lazımdır axı... Hardan yadımda qalsın... o qədər iş-güc var ki...”

Kişinin heç nəyi xatırlamamağı yaman xətrinə dəydi qadının, lap dərinə getsən, əməlli-başlı üzüldü. Ona elə gəlirdi ki, kişi o günü mütləq xatırlamalıydı. Heç elə gözəl bir günü də xatırlamamaq olardımı? Özünün hər şey anbaan, gün kimi yadındaydı. Kimin ağlına gələrdi ki, belə bir gün yaddan çıxsın. Amma bu xatırmırsa, daha nə etmək olar?.. Hiss etdi ki, içində nələrsə qırılıb tökülür.

Kişi qadının məyusluğunu havada tutdu, düşündü ki, gül kimi günü heçə endirmək lazım deyildi, nəsə demək, nəsə düşünmək lazımdı. Hər halda, istəmirdi ki, qadının kefi pozulsun.

– Hə... bildim... O günki görüşümüzü deyirsən? Sənin də işin var e... Mən də deyirəm, nəyi deyirsən, o qədər iş-güc var ki, heç nə yada düşmür. Həəə, deyəsən yadıma düşür axı...

Heç bu xatırlatma da qadının ürəyincə olmadı. Ona elə gəldi ki, kişi bu an onu başından edir. Amma daha söhbəti uzatmaq da uzunçuluq olardı. Odur ki, susaraq gözlərini yola zillədi.

Yanlarından keçən taksi az qala maşına toxunub keçdi. Kişi sürücünün arxasınca yağlı bir söyüş işlətdi, sonra üzünü qadına çevirdi. Çəpəki güzgüdə baxışları toqquşdu:

– Sən Allah, bağışla! Özümü saxlayammadım...

Qadın əhəmiyyət vermədi, sadəcə çiyinlərini çəkməklə kifayətləndi. “Bağışlayıram. Heç vecimə də deyil sənin işlətdiyin bu söyüş. Əgər elə gözəl bir günü xatırlamadınsa, nə fərqi var ki?..

Kişi araya söhbət salmaq istədi. Əlini maşının sükanından çəkib, aynanı aşağı endirdi, yol boyu ard-arda düzülən maşınlara işarə etdi:

– Belə getsə, bütün günü yolda qalacağıq. Belə də tıxac olar?!

Qadın yalnız indi fərqinə vardı ki, yarım saatdır burdadırlar. Xeyli müddətdir ki, dayandıqları yerdən cəmi bir neçə addım irəliləyə biliblər. Artıq yolda böyük bir maşın izdihamı yaranıb.

Kişi qadının ürəyini almaq istədi. Güzgüdən baxıb gülümsündü:

- Bayaq nə deyirdin? Niyə məhz o görüş yadında qalıb axı?

– O gün yaman şən idin, nə isə kefin yaxşıydı. Ofisiant qadına da kompliment dedin. Orta yaşlı qadındı, sarı saçlı…

– Qısqanırsan?

– Yox. Eləcə xatırladım nədənsə...Qadın əlində menyu gözləyirdi. Deyirdin heç nə içməyəcəm, bu gün ancaq sevgi içmək istəyirəm... Çıxarkən qapıda qadına xoş sözlər dedin...

– İnan ki, heç nəyi xatırlamağa həvəsim yoxdur. Çox yorğunam, bu saat imkan olsa, uzanıb doyunca yatardım.

Elə-beləcə dedi və deyəsən, bu dəfə aranı daha da korladı.

Bax, bunu heç eşitmək istəmirdi. Daha bundan o tərəfə nəyisə xatırlatmaq da mənasızdı. Demək, maraqsızam bünunçün... Qorxdu ki, kişi söhbətin ardını da gətirər, ürəyi bir az da qırılar, odur ki, söhbəti dəyişdi. Yalandan əsnəyərək dəxli olmayan bir adamdan söz açdı. Özü də hiss elədi ki, söhbəti mənasız alındı. Hər ikisi susdu. Nəhayət ki, tıxacdan qurtulub yola düşdülər.

Qadın yenidən gözlərini damalı köynəyə zillədi. Maşın yırğalandıqca damalı köynəyin xətləri o tərəf-bu tərəfə sürüşür, rənglər bir-birinə qarışaraq çəmənliyi xatırladırdı. Çəmənlik adamın ruhunu təmizləyir...

“Amma əynindəki damalı köynək buna çox yaraşır”-qadın düşündü. “İndi yaman dəbdədir belə köynəklər”. Deyəsən, ilk dəfə, ziyafətdə görəndə də bu köynəkdə idi. O zaman iş yoldaşı Süsənlə eyni masaya düşmüşdülər. Süsən də əməlli-başlı əzilib büzülürdü. Özlüyümdə yaman əsəbiləşmişdi Süsənə.

Artıq damalı köynəyin şaquli xətləri bir- birinə qarışıb zebranı xatırladırdı.

– Sən ağıllısan, bəlkə, gedib dənizin kənarında bir az gəzişək. Həm də gedib bir sakit yerdə əylənərik, darıxmışam səninçün.

-Yox, evə getmək istəyirəm. Ağıllı olmaq istəmirəm-qadın dilləndi. Səsində bir qədər də əsəb duyuldu.

–Niyə? Bilmirəm nə olub sənə? Bu gün nə isə mənimlə tərs gəlirsən…

Qadın dinmədi. “Nə danışım axı? Əgər mənimlə keçirdiyi elə bir günün bir anını da xatırlamırsa, danışmağın nə mənası var?!”

Güzgüdən kişinin gözlərinin içinə baxdı.

– O biri şöbənin qızları yaman maraqlanırlar səninlə.

– Doğrudan? Yox, əşi!..

Kişi yalandan özünü təəccüblənmiş kimi göstərdi. Amma hiss olundu ki, məmnun qalır. Əlini yelləyərək:

– Nəyimə gərəkdirlər, işim- gücüm qurtarıb elə... – söylədi.

“İnanımmı görəsən?” –ürəyində çözələndi.

Kişinin ətrafında həmişə bir dəstə qadın olurdu. O qadınlar divar kimiydilər, yolu kəsir, rahatlığa çıxmağa imkan vermirdilər. Qəribə burasındaydı ki, o qadınlar da onunla bərabər, eyni məsafəni qət edirdilər. O qadınlar da onunla birlikdə kişiyə yaxına gəlir, o uzaqlaşanda uzaqlaşırdılar.

Hardansa ağlına belə bir fikir gəldi ki, sevən qadın izdiham kimidir...

“Deyir, nəyimə gərəkdirlər, işim- gücüm qurtarıb elə... İnanımmı görəsən? Onları bilmirəm, amma Süsənlə maraqlanması dəqiqdir. Görəsən, Süsən geri çəkilsə, mən də çəkilərəmmi? Kim bilir, bəlkə də, unutsam, o da unudacaq...” Qadın hiss elədi ki, inamı suya düşüb batır. Çabalayıb ümidimi sudan çıxartmağa cəhd elədi, hər şeyi nizamlamağa çalışdı. Heç nə alınmadı. Hiss elədi ki, hən an qırılacaq bir kəndirin üstü ilə yeriyən adama bənzəyir.

Yaxından keçən “kamaz” az qaldı maşının qapısını cıza. Kişi əsəbləşsə də, özünü saxladı, nəzakətlə sürücünü məzəmmət etdi. Qadın ürəyində qürrələndi. “Hər nə olursa- olsun, bu adam həmişə nəzakətlidir, həm də şəxsiyyətli birisidir. Süsən üçün fərqi yoxdur, şəxsiyyəti var, ya yox.

Mənimçünsə çox önəmlidir”. Yenə də Süsən...Üzünə qonan təbəssüm özünə yer eləməmiş çəkildi.

“O , Süsənin ümid yeri deyil. Heç mənim də deyil. Bəlkə, heç o qadınların da deyil. O, aysberq kimidir”.

Nəhayət, maşın rahat yola çıxdı. Kişin fikirli görünürdü. Gözlərini yola zilləmişdi. Qadın bu dəfə köynəyin damalarını dəqiqliklə saydı. Bütün şaquli xətlər, üfüqi xətlərə bərabərdi...

Kişi həmişəki kimi maşını binanın tinində saxladı. Günəş odlu şüalarını maşının açıq pəncərələrindən içəri tuşlamışdı. Kişi əlini- əlinə vurub həvəslə:

“Yaxşı dəniz havasıdır, heyf getmədin, - dedi. Amma bu dəfə, əvvəllər olduğu kimi, uzun- uzadı dənizin sirli-sehrli möcüzəsi haqqında danışmadı.

Heç qadın da həmişəki kimi, uzun-uzadı ona etiraz etmədi. Susaraq baxışdılar. Qadın maşından sürüşüb düşdü. Həmişəkindən fərqli olaraq, kişiyə onu ötürməsinə və ayrılarkən üzündən öpməsinə imkan vermədi. Açıq pəncərədən əl edib sağollaşdı:

– Gedib dənizə daş atacağam.

– Nə? Necə?

– Deyirəm ki, dənizi heç sevmirəm... Dəniz mənim deyil!

Qadın, kişinin arxasınca zillənən təəccüblü baxışlarını uzun müddət kürəyində hiss elədi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829