manera.az
manera.az

Uşaq ədəbiyyatının ideya-estetik siması - Elnarə Akimova yazır

Uşaq ədəbiyyatının ideya-estetik siması - Elnarə Akimova yazır
Elnarə AKİMOVA: Çağdaş uşaq ədəbiyyatının problemləri - zamandan gələn notlar

I YAZI

Uşaq ədəbiyyatı haqqında meydanda olan kitablar, tədqiqat əsərləri, araşdırma yazılarından başqa, sovet dövründən bu yana yazılmış bir çox məqalələr var ki, məsələn, Səməd Vurğunun, Mikayıl Rzaquluzadənin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Məmməd Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, İmamverdi Əbilovun, Yaşar Qarayevin, Bəkir Nəbiyevin, İsa Həbibbəylinin, Elçinin, Şirindil Alışanlının və başqa tanınmış qələm adamlarının icmal, problem xarakterli yazılarında mövzuya peşəkar yanaşmanın şahidi oluruq. Bu yazılarda ən önəmli cəhət onlarda uşaq ədəbiyyatına hədsiz məsuliyyət və tələbkarlığın olması faktıdır.

Sovet hakimiyyətinin süqutundan sonra ədəbiyyatda yaranmış azad mühitin anarxiya səviyyəsində dərki və onun gətirdiyi anomaliya uşaq ədəbiyyatına da təsirsiz qalmadı. Bu sahəyə axın başladı, kitab nəşrləri artdı, marketinq şəbəkəsi genişləndi, fərdi maraqların, qazanc industriyasının önə keçməsi tələbkarlığa məsuliyyəti azaltdı, daha çox bədiilikdən uzaq kitablar dövriyyəyə buraxıldı. Eyni zamanda mövzu ilə bağlı məsələləri davamlı gündəmdə saxlayan, elmi-nəzəri predmetin analizinə daxil edən müəllif yazıları pərakəndə yazıldığından konseptuallığı ilə diqqət çəkmədi, sistemli baxış olaraq meydanda olmadı.

Son zamanlar çağdaş uşaq ədəbiyyatında canlanma nəzərə çarpır. Bunu bir neçə mənalarda hallandırıb izah edə bilərik. Təbii ki, ilk növbədə, uşaq yazarlarının öz işlərinə inadla davam etməsi, bu yöndə maraqlı nümunələrin meydana qoyulması ilə. İkincisi, ədəbiyyata yenicə adlayan gənc yazarların bu sahəyə marağının güclənməsi ilə. Bir də uşaq ədəbiyyatı ilə bağlı - təbliğatdan, təqdimatdan tutmuş müzakirə təriqi ilə keçirilən tədbirlərin ardıcıl xarakter alması ki, qeyd etdiyim bu sonuncu məqam stimul yaradan əsas səbəblərdən biridir.

Uşaq ədəbiyyatı xüsusi diqqət, davamlı təbliğat tələb edən sahədir. Bu sahənin inkişafı üçün kollegiallığa xüsusi ehtiyac var. Yazıçı, şairin işi bu gün yalnız yaxşı mətn meydana qoymaqla məhdudlaşmalı halda, o, daha izafi məsələlərlə yüklənir. Öz hesabına çap etdirdiyi kitabların ictimaiyyətə ötürülməsi, təbliğ olunması qayğısını da daşımağa məcbur olur. Halbuki, onun kitabxanalara paylanması, məktəblərə təqdim olunması, müzakirələr, görüşlərin təşkili məsələləri ilə xüsusi sahələr məşğul olmalıdır.

Bu istiqamətdə əsas rolu qəzet və jurnallar, televiziya oynayır ki, son vaxtlar uşaq ədəbiyyatı problemlərinin prioritet məsələyə çevrilməsinə şahid oluruq. "Azərbaycan" jurnalı ötən il dekabr sayını bütünlükdə bu sahəyə həsr etmişdir. "Ədəbiyyat qəzeti"nin 1 iyun 2019-cu il sayı uşaq ədəbiyyatına həsr olunmuş buraxılışı ilə yadda qaldı. Reyhan Yusifqızının və Solmaz Amanovanın kitabları Mədəniyyət Nazirliyinin bir ildən bir keçirilən və bir nominasiyası da "Uşaq ədəbiyyatı"nın inkişafına stimul olaraq yaradılmış "Qızıl Kəlmə" mükafatına layiq görüldü. Sevinc Nuruqızının "Melisa" romanı Türkiyədə birinci oldu. Televiziyada ard-arda uşaq ədəbiyyatına həsr olunmuş verilişlər təqdim olunmaqdadır. Azərbaycan televiziyasında canlı yayımda təqdim olunan "Çıxışa doğru", Xəzər televiziyasının "Könül dünyası" verilişlərində uşaq ədəbiyyatına ayrılan diqqəti etiraf etməliyik. Bunu indiki şou bazarının işləkliyi dönəmində daha önəmli hesab etməliyik. Uşaq ədəbiyyatını təbliğ etməyi televiziyanın maarifçilik xəttinin bir quluna çevirmək lazımdır və zəruridir. Çünki televiziyalar daha çevik təbliğat vasitəsidir. Kitabların, qəzet və jurnalların girmədiyi evə televiziya girir və maarifçi rol oynamaq gücünə malikdir.

1994-cü ildə professor Şirindil Alışanlı "Əyanilik və konkretlik" adlı məqaləsində yazırdı ki, "Təkcə belə bir faktı göstərmək kifayətdir ki, respublikamızda filoloji fikrin mərkəzi sayılan Nizami adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının tədqiqi ilə bağlı məsələlərə yalnız təsadüfi halda müraciət edilir" (Şirindil Alışanov. Sözün estetik yaddaşı. Bakı, "Elm", 1994, s. 180).

Bu gün vəziyyət əksinədir, Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının inkişafı istiqamətində mühüm addımlar atılır. Bunu uşaq yazarlarının özləri də etiraf etməkdədirlər. Tək onu demək kifayətdir ki, hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müşavirəsində bu sahəyə dair silsilə məruzələr dinlənir. Bu məruzələr hər halda uşaq ədəbiyyatının inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən fikir hasil etməyə, ümumiləşdirmələr aparmağa imkan yaradır. Bu yaxınlarda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunun keçirilməsinin faydaları haqqında yazdıq və "Ədəbiyyat qəzeti"ndə geniş işıqlandırdıq. Bütün bu məsələlər uşaq ədəbiyyatına akademik, ciddi münasibətin ifadəsi sayıla bilər.

***

Nəşriyyatlarda çap olunan əksər əsərlərin bədii estetik cəhətdən yararsızlığından, uşaq təfəkkürünə uyğunsuzluğundan danışırıq. Bu gün çap imkanları genişdir. Biz nə qədər "uşaq ədəbiyyatı kommersiya maraqlarının girmədiyi sahədir" desək də, təəssüf ki, bəzən əks proseslə rastlaşırıq və reallıq bu ki, bunun qarşısını almaq qeyri-mümkündür. Bəs bu vəziyyətdə necə həll yolu düşünməliyik? Bunun bir neçə yolu var, əlbəttə. İlk növbədə, mütəxəssislərdən, peşəkar uşaq yazarlarından ibarət Elmi Şura yaratmalıyıq. Uşaqlar üçün oxunması vacib, faydalı kitablar xüsusi haloqramlarla kitabxanalara, satış məkanlarına təqdim olunmalıdır. Bir də hər şəxsin məsul olduğu işdə uşaq maraqlarına xidmət, onun sabahına yönələn doğru əmələ imza atmaqla. Məsələn, buna bir nümunə olaraq, "Göyərçin" jurnalını göstərmək olar.

Rafiq Yusifoğlunun redaktoru olduğu "Göyərçin" jurnalının elə tək son bir ildə çıxan bütün saylarına istinadən qətiyyətlə deyə bilərəm ki, hələ də liderliyi qoruyub saxlayan, güclü ənənəsi olan, yaddaşla bu günə körpü salmağı bacaran bir nümunədir. Düzdür, jurnalda nəzərə çarpan orfoqrafik səhvlər, eyni zamanda seçilən çağdaş uşaq ədəbiyyatı nümunələrinin bəzən bədii-estetik keyfiyyət baxımından ürəkaçan olmaması jurnalın səviyyəsinə, görülən böyük işə xələl gətirən amillərdir. Unutmayaq ki, sözlərin yazılışında səhvlərə yol verilməsi hələ yazıb oxumağa yenicə başlayan uşaq üçün yanlış yönləndirmə ola bilər. Bununla belə, jurnalda müxtəlif ölkə xalqlarının uşaq ədəbiyyatından seçmələrin verilməsi, folklor, nağıl, hekayə və şeirlərin uşaqların yaş senzinə, düşüncələrinə müvafiq təqdim olunması redaktorun işə təəssübkeş münasibətini sərgiləyir. Görünür, bu təəssübkeşlik həm də ondan doğur ki, Rafiq Yusifoğlu özü də uşaq yazarıdır və uşaqlarımızın gələcəyinə cavabdehlik hissi daşıyan insanlarımızdan biridir.

***

Bütün dövrlərdə uşaq ədəbiyyatının ideya-estetik siması müasir bədii fikrin əsas inkişaf xətti ilə bağlı olub. Bu gün də belədir. Uşaq ədəbiyyatında mövzu rəngarəngliyindən tutmuş forma dəyişiminə qədər çox yenilənmələr gedib. Qarabağ dərdi, qaçqınlıq ağrıları, şəhid ucalığının əks olunduğu əsərlərlə yanaşı, dini motivlərin yer aldığı uşaq şeirləri, hekayələri də yazılır. Dekonstuksiyaya meyil, mətnə yeni məzmun çalarları qazandırmaq, yeni obraz və ifadə tərzindən istifadə ilə onu çağın müstəvisinə adaptasiya etdirmək cəhdləri yenilənmə prosesinin əsas stimulu sayılmalıdır.

Uşaq ədəbiyyatının mövzu dairəsinə illərdir Qarabağ məsələsi daxil olub. Yazarlarımız vətəndaş olaraq bu ağrını içlərində daşıyırlar və mətnlərə yol açılması təbiidir. Hətta dünyasını dəyişmiş uşaq yazıçı və şairlərimizin belə, yaradıcılıqlarının son dönəm mövzusu müharibə ilə bağlı oldu. Məsələn, Xanımana Əlibəylinin, Məstan Günərin şeirlərindən qaçqınlıq, şəhidlik, müharibəni pisləyən məqamlar daha önə keçdi və bu dövrə qədər daha çox təbiətin, vətənin, insani münasibətlərin vəsfi, coşqu və sevincin aparıcılığı ilə seçilən bu şairlərin poeziyası yeni ovqat və məzmuna transfer elədi. Təsadüfi deyil ki, bu yaxınlarda görkəmli uşaq yazarımız Teymur Elçinin "3 alma" nəşriyyatında çap olunan yeni kitabı da belə adlanırdı: "Könlüm Qarabağdadır". Bu artıq yazıçı sözü olmaqla bərabər, çağın irəli çəkdiyi reallığın adıdır, günün nəbzidir ki, daha çox Zahid Xəlil, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə, Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Mina Rəşid, İbrahim Yusifoğlu, Aygün Bünyadzadə, Məmməd Namaz, İnqilab İsaq qələmində davamlı olaraq funksionallıq qazanır (mətnlər haqqında yazımızın ikinci hissəsində geniş bəhs olunacaq).

Müharibə və onun gerçəkləri... Bu gün, bəlkə də, bütün dünyanın başlıca problemidir. Xüsusən də uşaqlar ilə çalışan instansiyaların. Axı müharibədə öldürülən, əzab çəkən, işgəncəyə məruz qalan daha çox uşaqlardır. Ötən həftə Sevinc Nuruqızının "Ədəbiyyat qəzeti"ndə çap olunan "Bakı-Doha-İncon reysi ilə Sürəyyanın axtarışında..." məqaləsində (7 dekabr, 2019) bu məqamla bağlı bir nüans diqqətimi çəkdi:

"Asiya Mədəniyyət Mərkəzinin builki "Şəkilli kitab" layihəsinə iki ölkə düşmüşdü - Azərbaycan və Monqolustan. Amma təvazökarlıqdan bir qədər kənar olsa da, deyim ki, nəşriyyatın direktoru və baş redaktoru - hər ikisi mənə eyni sualla müraciət etdi:

- Siz belə gözəl əsəri necə yazmısınız?

Onlara hekayədə baş verənlər maraqlı idi. Hətta onlardan bu sualı da aldım:

- Niyə məhz müharibə mövzusu?

Qarşılığında mən onlardan soruşdum:

- Mən üç hekayə göndərmişdim, seçiminiz nədən "Ağca və Cuppulu" oldu?

Suallara nə onlar tutarlı bir cavab verdi, nə də mən. Amma özlüyümdə bu qənaətə gəldim ki, istər koreyalı olsun, istərsə də azərbaycanlı - hər kəsin ürəyində müharibəyə sərt və kəskin bir "YOX" nidası var. Yəqin ki, elə həmin nida məni yazmağa, onları isə nəşr etməyə ruhlandırıb. Və belə qərarlaşdırdıq ki, kitabın üzərində adından başqa, müharibələrə qarşı yönəlmiş "Uşaqlar, gəlinciklər və göyərçinlər müharibəyə YOX deyir" çağırışı da yer alsın...".

***

Yeni qəhrəmanlar niyə yaranmır deyə çox sual edirlər. Elə bu yaxınlarda olduğum bir televiziya verilişində üzləşdiyim sualın biri bu idi. Doğrudanmı, yazılan bütün uşaq mətnlərini oxuyub qəhrəmanlarını tanıyırıq? Yaxud biz oxuduğumuz obrazları nə vaxt qəhrəman etməyə çalışdıq? Haqqında davamlı yazdıq, cizgi filmlərinə gətirdik, təbliğat predmetinə çevirdik? Məsələn, Reyhan Yusifqızının elmi-fantastik üslubda meydana çıxan "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" trilogiyası uşaq ədəbiyyatımızda bu istiqamətdə boşluğu təmin etməklə bərabər, uşaqların maariflənməsinə, macəra axtarışlarına, yeni texnologiyalar haqqında bilgilərə sahiblənməyə pozitiv qida verən nümunələrdəndir. Bu qəhrəmanlardan yararlanmağa, çağın müstəvisinə proyeksiyalamağa çalışdıqmı?

Hətta yeni qəhrəman olmasa belə, bu o deməkdirmi ki, bu gün hələ də sevilən Cırtdan, Tıq-Tıq xanım və başqa obrazları tarixə gömək, yaxud estetik yaddaşdan kənarlaşdıraq? Bir halda ki, onları yeni versiyada işləməklə dövriyyəyə gətirmək mümkündür. Türkiyədə qədim ədəbiyyatdan gələn Kəloğlan personajı yeni nəsil uşaqların sevimli qəhrəmanıdır və türklər buna obrazı yeni versiyada işləməklə nail olublar. Yaxud kökü XVII əsrə gedib çıxan bir məsələ, fransız yazar Şarl Perronun qədim dövrə aid nağılları toplayaraq, onların qəhrəmanlarını öz dövrünə uyğunlaşdırıb, tamamilə yeni məzmunlu nağıllar qələmə alması faktı. İlk dəfə 1697-ci ildə çap olunmuş "Ana Qazın nağılı, yaxud keçmiş zamanların hekayətləri" kitabında bu gün də çox məşhur olan 8 nağılın toplanması və onun gətirdiyi şöhrət Fransada yeni dalğa yaratmış və bu sahəyə marağı artırmışdır. Ədəbi-tənqidi esselər müəllifi Mətanət Vahidin 2015-ci ildə yazdığı "Nağıl dekonstuksiyası" məqaləsində oxuyuruq: "Turpun nağılı"nın dekonstruksiyasından bəhs edən Aydın Talıbzadə bir neçə il öncə yazırdı ki, nağılı dekonstruksiya edəndə ətrafa fəlsəfi tezislər səpələnir. Qəhrəmanları öz nağıllarından "qoparıb" yenilərinə gətirəndə onlar yeni zamana, onun tələblərinə uyğunlaşır, dünyagörüşlərini, düşüncələrini, əməllərini dəyişirlər. Əks təqdirdə, bir məkandan digərinə adlamağın - ədəbi oyunların nə mənası olar, nə də əhəmiyyəti".

Həqiqətən belədir, nağıl xalqın ruhuna bələdliyə daha yaxşı imkanlar açır. Amma o, həm də hər dövrün ruhuna müvafiq bir nəzərlə meydana qoyula bilər. Bu yöndə müəyyən nümunələrimiz var ki, nağıl qəhrəmanlarımızın yeni macəra və məzmun qarışımında təqdimatına imkan verir. Rasim Qaracanın postmodern estetikası əsasında yazılan, "Cırtdan" nağılının yeni interpretasiyası kimi meydana çıxan "Kim yatmış, kim oyaq" hekayəsi folklordakı Cırtdanı yeni müstəvidən tanıdır, onun zirəkliyini Divi aldatması, balaca canı ilə ona kələk gəlməsi kimi detallarda deyil, özünü, nənəsini, ətrafını, xalqını xilas etməyə yönəlmiş niyyətdə sərgiləyir.

Sevinc Elsevər "Tıq-tıq xanımın nağılı" əsasında yazdığı eyniadlı dekonstruktiv hekayədə də fərqli düşüncə planı meydana qoyur. Bütün hallarda Siçan bəylə Tıq-Tıq xanım dostdurlar, heç bir halda küskünlük baş vermir. Burada suya düşən Siçan bəy olsa da, Tıq-Tıq xanımın ona arxa durması, dost rəftarı hekayədən əxz olunan və uşaqlarımıza ötürülən dəyərli mesajdır. Eləcə də Sevinc Elsevərin yeni formada təqdim etdiyi digər hekayə - balaların azadlığa can atması, müstəqil həyata alışmaq cəhdlərinin uğurlu mətn həllini tapdığı "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılı, Zahid Xəlilin "Cırtdan və Azmanın sərgüzəştləri" əsərində Cırtdan, yeni çap olunan "Çınqı" kitabındakı Cırtdanın qardaşı kimi verilən Çınqı obrazları ənənəvi qəhrəmanımıza qazandırılan yeni biçim kimi maraqlıdır.

Bu yaxınlarda "Parlaq imzalar" nəşriyyatında Mina Rəşidlə Səltənət Zülfüqarovanın müəllifliyi ilə "Meyvələrin söhbəti" kitabı çap olundu. Füzulinin məşhur əsərinə istinad edərək adlandırılan bu kitabda "Meyvələrin söhbəti"nin üslubu bilərəkdən təqlid olunur, burada meyvələrin lovğalığı deyil, onların öz dilindən sağlamlığı, uşaqlara faydası məsələsi önə çəkilməklə yeni versiyada təqdim olunur. Belə nümunələr az da olsa var, yaranır. Problem bizim onlardan yararlana bilməməyimizdədir. Məsələn, niyə nağıl qəhrəmanları, mifoloji personajlar, dastanlarımızdakı obrazlar, tarixi sərkərdələrimizin obrazı cizgi filmlərimizə gətirilmir? Ümumiyyətlə, düşünürükmü ki, uşaqların obrazlı yaddaşında bu gün hansı qəhrəmanlar yer tutur. Bəlkə Avropanın bu yöndə fəaliyyətindən faydalanaq? Onlar ki, uşaqlar üçün maraqlı eksperimentləri, əyləncəli, düşündürücü testləri, psixoloji çalarlı yoxlamaları ilə həmişə seçilirlər. Bu yaxınlarda heyvanları qorumaq, onlara qarşı həssas olmaqla bağlı kiçik bir videoçarxa baxdım. Bu kiçik videoçarxda uşaqları heyvan sevgisinə alışdırmaq üçün çox şey vardı. Kiçik süjetə böyük mətləblər ifadə edən məzmun yükləmişdilər. Belə nümunələr çoxdu. Çünki uşaq dünyasının maraqları, onun faydalı insan kimi yetişməsi diqqət hədəfindədir. Bu məsələdə dediyim kimi, kollegialdırlar. Uşaqlar üçün ayrıca televiziya kanalının olması faktının özü artıq mənzərəni yetərincə aydın görükdürür.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bu istiqamətdə gördükləri işləri qeyd etmək lazımdır. Bu kitabxananın VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında gözdən əlil uşaqlar üçün seçmə müəlliflərin hekayələrindən ibarət "Hər uşağın nağıl payı" adlı Brayl əlifbası ilə nəşr edilmiş və jest dili ilə mp4 formatda tərcümə olunaraq nəşr edilmiş elektron kitabların təqdim olunması ancaq qürur doğurası faktdır. Bütün uşaqların, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların da maariflənməsi, rahat şəkildə böyüməsi üçün atılan bu cür addımları ancaq alqışlamaq və davamına imkan yaratmaq lazımdır.

***

Dünya ədəbiyyatına nəzər yetirəndə tanınmış yazıçıların müəyyən yaş dönəmindən sonra uşaq ədəbiyyatına müraciətini, bu sahəyə adladıqlarını görürük. Məsələn, Türkiyə ədəbiyyatında Tofiq Fikrət yaradıcılığının ən parlaq dönəmində, 47 yaşında artıq uşaqlar üçün yazmağa başlamış, məşhur "Şərmin" şeirlər toplusunu 1914-cü ildə çap etdirmişdir. Onun "Şərmin balama", "Yetim", "Xəstə çocuq", "Mələkin quzusu", "Gəlin bahar", "Qırıq at", "İki yolçu", "Quşlarla yarış" kimi şeirlərindəki uşaq psixologiyası və taleyi məsələsinin qoyuluşu artıq həyatı müəyyən dərk məqamına yetmiş yazıçının təfəkkür məhsulu kimi meydana çıxmışdır.

Son illər bu sahədə qələm işlətməyə başlamış Elçinin "Mənə niyə gülürlər", Ramiz Rövşənin "Göyərçinim, gəl görüm" və "Şəkilli Əlifba" kitabları (müəllifin dediyinə görə, "Dostum qurbağa" adlı üçüncü kitab da olacaq) göstərir ki, bizdə də tanınmış yazarlar uşaq ədəbiyyatına tərəf səmtlənməyə başlayıblar. Bütün hallarda yazdığı mətnlərin alt qatında insan metaforasına yer saxlayan Elçin yaradıcılığı üçün belə bir dönüşə imza atmaq gözlənilən məqamdır. Eləcə də daim metafizik qata, ruhsal aləmə həssaslığı ilə seçilən Ramiz Rövşənin yaşın bu çağında uşaqlar üçün mətnlər yazması getdikcə sozalan, işığı azalmaqda olan dünyadan narahatlığın izharından başqa bir şey deyil. Bunu 11 may 2019-cu ildə Bakı Kitab Mərkəzində Ramiz Rövşənlə keçirilən görüşdə şairin özü də etiraf etmişdir: "Mən niyə uşaq şeirləri yazmaq istədim? Düşündüm ki, bizim yaddaşımız işğal olunur. Artıq yeni dövr uşaqlarına ABŞ və digər ölkələrin cizgi filmləri göstərilir və onların öz yaddaşı yoxa çıxır. Yaddaşın işğalı başlayıb. Mən o yaddaşı bərpa etmək üçün yazmaq istədim" (Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj. http://kulis.az/news/24815).

***

Amma yaddaşın bərpası həm də klassik irsi çağın təcrübəsindən, nəzərlərindən oxunuşdan keçir. Onun dərk, idrak və şərh üsullarında köklü dəyişmələr etməklə. Bunun üçün ciddi akademik ölçüləri gözləyən uşaq ədəbiyyatı tarixinə ehtiyac var. Düzdür, uşaq ədəbiyyatının tarixiliyinə maraq həmişə öndə olub. Bunu meydanda olan müxtəlif uşaq ədəbiyyatı tarixi kitabları sübut edir. Amma uşaq ədəbiyyatının keçdiyi yolu tədqiq edən kitablarda kiçik fərqlərlə eyni xətt, eyni dövriyyə sxemi, eyni yanaşma hakimdir. Bütün bu kitabların umumiləşmiş analizi fonunda uşaq ədəbiyyatının tarixini yazmaq, folklordan bu yana uşaq ədəbiyyatının immanent inkişaf qanunauyğunluğunu izləmək prioritet məsələlər sırasına daxildir.

Füzuli Əsgərli, Zahid Xəlil, Əli Mirzəyev, Qara Namazov, Rafiq Yusifoğlu, Fikrət Seyidov, Aydın Hacıyev, Xanım Mustafayeva, Bilal Həsənov və başqa müəlliflərin uşaq ədəbiyyatının tarixi ilə bağlı kitablarını da nəzərə alaraq çağdaş dəyərlər və azərbaycançılıq ideologiyasının tələbləri baxımından fundamental bir əsər meydana qoymağa ehtiyac var. Füzuli Əsgərli və Zahid Xəlilin bu yöndə fədakar və sistemli əməyinin nəticəsi olan kitabları çıxmaq şərtilə, digər kitablarının hər birində uşaq ədəbiyyatı mərhələli şəkildə, bir-birinin təkrarı olaraq, sosioloji təhlil baxımından araşdırılıb. Bir qismində dövrləşdirmə ilə bağlı ciddi qüsurlar var, bir qismində milli uşaq ədəbiyyatının poetik təkamülü, spesifik cəhətləri araşdırılmır, təsəvvür və nəticələr bir-birini təkrarlayır, bir qismində isə digər ölkə xalqlarının uşaq ədəbiyyatı ilə oxşar, ya fərqli cəhətləri, təsir münasibətləri meydana qoyulmur. Bu son məqama xüsusilə diqqətli olmaq ona görə vacibdir ki, çağdaş ədəbiyyatımızın, milli məfkurə xəttinin formalaşma mərhələsi kimi XIX əsrin sonu XX əsrin əvvəllərinin mətnləri ciddi qaynaq hesab edilir və uşaq ədəbiyyatının da formalaşması sinxron olaraq eyni zaman kəsiminə təsadüf edir. Milli mətbuatın, maarifçiliyin, milli məfkurə dalğasının yaranışı və intişarı baxımından. Və belə bir düşüncə təlatümündə bu ədəbiyyatın faydalandığı, nələrisə əxz etdiyi, təsirləndiyi məxəzlər, müxtəlif ölkələrin mətnləri var ki, onların öyrənilməsi, müqayisəli şəkildə təhlil edilib üzə çıxarılması vacib məqamlardır. Dünya təcrübəsinin milli kontekstə daxil edilməsinin bütün cəhdləri öz şərhini, qiymətləndirilməsini gözləyir.

Məsələn, bu məsələ ilə bağlı ədəbiyyatşünas Məti Osmanoğlunun ötən il "Ədəbiyyat qəzeti"ndə silsilə şəklində çap etdirdiyi və böyük mətləblərə toxunduğu ""Rodnoye slovo" - dilimizin doğma kitabı", ""Yad et" - Azərbaycan şeirində fransız "modası"", "Kiçik janrın böyük sərgüzəşti" məqalələrindən yola çıxaraq bir çox məqamlara aydınlıq gətirə bilərik.

Böyük rus pedaqoqu Uşinskinin məşhur "Rodnoye slovo" dərsliyindəki mətnlərin sonradan Azərbaycanda yeni bədii düşüncənin formalaşmasında, xüsusilə də poetik sistemin yerdəyişməsində oynadığı rol, estetik sistemin transformasiyası, konkret desək, Azərbaycan şeir (nəzm) düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsi, mövzunun janrın təkamülü kontekstində araşdırılması, Qərb bədii düşüncə sisteminin Azərbaycana gəlişində və Azərbaycan dili, bədii düşüncəsi ilə qaynayıb-qarışmasında rolu, izi olan əsərlərin, müəllif yanaşmalarının tədqiqi həllini gözləyən məsələlərdəndir. "XIX əsrin sonlarına doğru Azərbaycan ictimai məfkurəsində, eləcə də bədii düşüncəsində və ədəbi dilində gedən proseslərdə "Rodnoye slovo" - "Ana dili" kitabının ayrıca rolunu üzə çıxarmaq, XX əsrin əvvəllərində iki təsir qüvvəsi - rus ədəbiyyatı və türk ədəbiyyatı ilə birbaşa təmasda olan yeni Azərbaycan ədəbiyyatının fransız ədəbiyyatı ilə də kəsişdiyi" (Məti Osmanoğlu) məqamlara diqqət etmək çağdaş ədəbiyyatşünaslığın, uşaq ədəbiyyatı ilə bağlı tarixi mərhələlərin yeni gözlə oxunuşunu labüdləşdirir.

Lokal hüdudları qırıb geniş panorama varmaq zamanla, dünya tempi ilə ayaqlaşmağın tək yoludur.

II YAZI

Endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
Böyük andlar içməyə.
Günahlardan keçməyə.


V.B.Odər

Gözəl şairimiz Vaqif Bayatlı Odər dünyadan bezəndə "uşaq əlləri"nə sığınmağa çağırır bizləri. O əllər ki, dünyanın ən saf, ən təmiz üzü, kirlənməmiş ərazisidir. Bəlkə buna görə bizim də uşaq dünyasına borcumuz daha məsuliyyətli bir qayəyə çevrilib həmişə. Onun o balaca dünyasına kainatın bütün gözəlliklərini sığdırmağa çalışmışıq. Bəlkə özümüzü xilas etmişik bununla, kim bilir?!

Bu gün uşaq ədəbiyyatı meydana qoymağın çətinlikləri haqda çox danışılır. Bu, təbii ki, belədir. V.Q.Belinski uşaq ədəbiyyatı yaradan şəxsin ikiqat istedadlı olmasını nahaq vurğulamırdı. Obrazlı ifadələri uşaq psixologiyasına uyğun şəkildə seçmək üçün gərəkli idi bu istedad.

Ötən yazımızda uşaq ədəbiyyatı ilə bağlı müəyyən problemlərə toxunmuşdum. Amma əlahəzrət mətn ki, var, ədəbiyyatın bütün problemləri ondan sonra gəlir. Yəni ilkin şərt onun varlığıdır. Yaxşı mətn olmayan yerdə yaradılan bütün şəraitin hansı önəmindən, uşaqlara faydasından danışmaq mümkündür?

Gənc nəslin uşaq ədəbiyyatına marağı artır. Bunu uşaq yazarlarının öz rakurslarından izləmək daha maraqlıdır. Mina Rəşidin son dönəm həm öz yaradıcılığında maraqlı poetik nümunələrlə rastlaşırıq, həm də onun baxışında bir çox şairlərin uşaq şeirlərinin təhlilini görürük.

Daha çox uşaq yazarlarından yazır Mina Rəşid, bu yaxınlarda çap olunan "Günəş olaram mən də" məqaləsində müəllifin narahatlığı da gözdən qaçmır. "Bugünkü uşaq ədəbiyyatı nümunələrinin keyfiyyət göstəriciləri necə olmalıdır" kimi suallara cavab aramağa çalışır, sanki və cavabı deyək ki, bütün ömrünü uşaq ədəbiyyatına həsr etmiş unudulmaz Xanımana Əlibəylinin yaradıcılığında, məsələn, onun "Külək və söyüd" şeirində tapır. Nümunə gətirdiyi poetik örnəklərlə bu gün uşaq şeirini necə yazmaq lazımdır kimi suallara cavab verir:

Söyüd, gəldim öyrənim
Mənimlə dost olursan?
Yox, olmuram sən mənim
Saçlarımı yolursan.


Yaxud "Nigar Rəfibəylinin çiçək ətirli poetik dünyası" məqaləsində tanınmış şairin şeirlərindəki çiçək obrazı və uşaqlar üçün yazdığı şeirləri əsas təhlil predmetinə çevirərək yazır ki, "Nigar xanımla bağlı yazı yazmağa, düzü, onun uşaq şeirlərinə görə qərar vermişdim. Amma yaradıcılığı ilə daha geniş tanış olduqdan sonra gördüm ki, bu şeirlərdə bir uşaq saflığı var və çiçək ətri oxucunu, sanki müşayiət edir... Elə uşaq şeirlərindən də çiçəklər boylanır..." ("525-ci qəzet", 19 aprel 2019).

Müəllif N.Rəfibəylinin 35 kitabı arasında "Balaca qəhrəman", "Günəşin cavabı", "Məstanın balaları" və "Bizə bahar yaraşır" adlı uşaq kitablarının da yer aldığını vurğulayaraq bu şeirlərdəki xüsusiyyətlərdən - axıcılıq, həssaslıq, sözü incəliklə enmək bacarığından bəhs edir. "Yəqin, elə bundandır ki, tanınmış italyan bəstəkarı Franko Manino "Məhəbbət kantatası"nda onun lirikasından istifadə edib!".

Bizim poeziyada bayraqla, vətənlə bağlı duyğuların uca səslənişini XX əsrin əvvələrində yaranmış poeziya verir. Müstəqillik dönəmində adekvat ictimai-siyasi proseslər yaşansa da, vətən sevgisi ilə bağlı seçilən mətnlər az oldu. Mina Rəşid daha çox uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasına, oyanışına xidmət edən mətnlər yazır. Onun bu yaxınlarda çapdan çıxan "Balaca günəş" kitabında yer alan "Mənim doğma vətənim", "Ana dilim", "Azərbaycan əsgəri", "Novruz", "Xocalı", "Ağdam", "Mübariz", "Təbriz", "Türk bayrağı", "Qarabağ", "Qız qalası" şeirləri ehtiva elədiyi coşqunun miqyası və tərənnüm baxımından fərqli estetik məkan yarada bilir. Və ən əsası uşaqların ruhuna hopacaq bir səviyyədə qələmə alınıb:

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.

Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.


Sevinc Nuruqızı "Vətəndən uca" şeirini dərsliklərə salınacaq səviyyədə meydana qoyub. Sevinc xanım nə yazdığını bilən, uşaqlarla işləməyi bacaran, onlara lazım olanı duyub mətnə çevirən uşaq yazarımızdır. İllərdir ki, bu sahənin yükünü həm öz mətnlərini yazmaq, həm də tərcümələrlə məşğul olmaqla tək çəkir. "Vətəndən uca" şeiri ona görə seçilə bilir ki, bura müəllifin ifadə etdiyi predmetlər, anlayışlar özünün məzmununa uyğun bədii intonasiya və təsvir sistemi ilə əyaniləşən mətn strukturunu yarada bilir. Müəllifin təxəyyülündə yer alan müşahidələrin canlılığı, təbiətin gözəlliklərini uşaqlara coşqulu bir ruhla aşılamaq əzmi, fikrin dolğun və poetik ifadəsi predmetin təfərrüatı ilə təsvirinə imkan yaradır:

Büllur yağışlar,
yağır çıp... çıp... çıp...
Yağışdan içib,
lalələr açıb...
Nəğmə oxuyur,
yenə navalça,
ça...ça...ça... ça... ça...
Dünyada nə var
Vətəndən uca?..

Kəpənəklərin
qanadı zərif...
Küləyi ilıq,
mehriban, xəfif...
Dalğalar salır,
sahilə naxış...
Ayaqlar altda,
xəzəl xış...xış... xış...
Günəşdən içib,
çəmən doyunca...
Dünyada nə var,
Vətəndən uca?..


Uşaqları kiçik yaşlarından sevgiyə, mərhəmətə alışdırmaq, ətrafdakıların duyğularına emosional yanaşmaq kimi xarakterik çalarların yaranmasında ədəbiyyatın üzərinə böyük yük düşür. Bugünkü uşaqların düşüncə tərzi, həyata baxışları çağımızın informasiya, xəbər, situasiya, hadisə və proses qaynağında hasilə gəlir. Belə bir məqamda onlar üçün yazılmış əsərdə də obraz və detalların bədii dəyəri təlqin olunan ideyanın ifadəsinə necə xidmət etməsi ilə müəyyənləşir. Bu mənada, Hicran Hüseynovanın "Dərdli pişik haqqında ballada" hekayəsi haqqında danışmağı zəruri hesab edirəm.

Hicran Hüseynovanın "Dərdli pişik haqqında ballada" hekayəsi uşaqlara heyvanları sevdirmək, onlarda bu təbəqəyə qarşı rəhmli olmaqla bağlı yüksək hisslər yaradır. Bu gün heyvanlara qarşı olan şiddət dünyanın əksər ölkələrində etirazla qarşılanır, kitablar yazılır, videoçarxlar hazırlanıb yayılır. Bunun ən yaxşı yolu insana kiçik yaşlarından ötürülən, aşılanan sevgidir. Təsadüfi deyil ki, uşaq ədəbiyyatının əsas mövzularından biri heyvanı sevmək, onlara qarşı uşaqlarda mərhəmət hissini gücləndirməkdir. Hicran Hüseynovanın "Dərdli pişik haqqında ballada" hekayəsində də əsas qayə elə budur.

Bu hekayədə insanların öz bətnlərindəki uşaqlara qarşı amansız rəftarı heyvanların üzərinə köçürülür, onların üzərində sınaqdan çıxarılır. Sahibi tərəfindən bətnindəki balası məhv edilib orqanı götürülən və bununla balalamaq kimi bioloji prosesdən xali olan pişiyin düşüncələri yanıqlı bir dillə nəql edilir. Çox keçmir eyni aqibəti pişiyin sahibəsi də yaşamalı olur. Hekayə bütün hallarda insanlıq duyğusunun itməsi, heyvanlara qarşı amansızlığın sonuncları üzərində düşündürür: "Mavi, qəhvəyi güllü divanda yumaq kimi yumurlanmış halsız pişik də hərdən pəncərədən yağışa baxırdı. Yağışın və saatın əqrəblərinin eyni ahənglə təkrar olunan aramsız səsinə quşların şən civiltisi də qoşulurdu arabir. Yazıydı. Quşların bala çıxaran vaxtıydı. Pişik göynəyə-göynəyə düşünürdü ki, bu azad quşların ana olmasına, bala bəsləyib sevincli günlər yaşamasına heç kəs, heç bir ikiayaqlı qatil mane olmayacaq. Onlar şən səslə oxuyacaq, budaqdan-budağa qonacaq, çör-çöp daşıyıb yuva tikəcək, bala çıxaracaq, ana olmağın sevincini yaşayacaq. O isə... Heç vaxt, heç vaxt ana olmayacaq! Çünki sahibi, sahibəsi belə istəmişdi!" ("Ədəbiyyat qəzeti", 17 iyun 2019).

Yaxud Reyhan Yusifqızının olduqca oxunaqlı şəkildə qələmə aldığı "Hamıdan qəşəng", "Xoşbəxt arı" hekayətlərini götürək. Reyhan xanım uşaqlar üçün o məqamları qələmə alır ki, orda onların gələcəyinə hədəflənmiş istiqamətləri tutub mətnə çevirməyi vacib bilir. Onun əsərlərində zamanla ayaqlaşma, həyatın ritminə çevik müdaxilə səriştəsi, yazdığı mövzulara estetik münasibətin müasir ruhu duyulur. Vətən, məktəb, təbiət haqqında predmetli, konkret mövzuya həsr edilmiş mətnlərlə uşaqları inandırır. Adıçəkilən əsərlərində də Reyhan xanım deyim və ifadə tərzindəki təbiiliklə, rəvanlıq və yumor hissinin qabarıqlığı ilə diqqət çəkir. Heyvan obrazları vasitəsilə ibrətamiz səhnələr quran və onların dili ilə uşaqlara daxili məzmun, mənəvi-əxlaqi keyfiyyət aşılayan müəllifin mətnləri bu gün çağdaş uşaq ədəbiyyatının praktik imkanlarını ehtiva edən potensial daşıyıcısıdır.

Uşaq ədəbiyyatı adı ilə oxuduğumuz mətnlərin hamısına uğurludur demək olmur. Əslində, istənilən şairin külliyyatında olan şeirlərin hamısını sənətkarlıq baxımından yüksək dəyərləndirmək mümkün deyil. Amma bir məsələ var ki, uşaq ədəbiyyatı yaratmağın məsuliyyəti başqadır. Burada ilk oxucu uşaqdır. Onun ruhu, mənəvi dünyası, dünyagörüşü məsələsidir. Uşaqlar üçün nəzərdə tutulub alınmayan, uğursuz yazılan şeirlər isə arada qalır. Onlardan nə uşaq zövq ala bilir, nə də böyük.

Ələsgər Əlioğlu tanınmış uşaq şairidir. Onun şeirləri uşaq dünyasına yaxınlığı, rəvan dili və ən əsası, uşağın qavrama imkanlarına münasibliyi ilə seçilir. Məsələn, onun maraqlı bir dialoq üzərində qurulmuş "Torpaq toru" şeiri var:

Mən deyirəm:
- Ay baba,
Torpaq bəzən sürüşür!
Dayanmır öz yerində,
Bir-birindən gen düşür...
O deyir:
- Çox ağac ək,
Kökü getsin dərinə.
Balıqçı toru kimi
Hörülsün bir-birinə...
Bil ki, salmış olarsan,
Onda torpağı tora.
Ha can atsa da belə,
Sürüşməz ora-bura...


Uşağı həm təbiətə alışdırmaq, təbiəti sevdirmək, həm də onun düşüncə imkanlarını üzə çıxarmaq üçün gözəl nümunədir. Ətraf mühit haqqında dolğun təsəvvür yaratmaq üçün şair obrazlılığı əsas götürməklə poetik yozum inandırıcılığına nail olur. Amma bu sözləri müəllifin "Zoğal ağacı" şeiri haqqında demək olmur:

Havalar sınır daha,
El-obadan köçür qış.
Tez çiçək açmaq üzrə,
Bağda başlanır yarış...
Yazın hənri vurduqca,
Tumurcuqlar oyanır.
Bağda zoğal ağacı,
Birincilik qazanır.


"Havalar sınır" metonimiyası poeziya dünyamız üçün qərib səslənmir. Çünki Vaqif Səmədoğlunun da "Uzaq, yaşıl ada" şeirində belə misra vardı: "Belə getsə sınar quşların səsi"... Şair soyuqluğun, uzaqlığın nəticəsi olaraq belə bir təsirli bədii lövhə yaratmışdır. Ələsgər Əlioğlunun da bu misrasında "havanın sınması" eyni qəbildən olan mənanı ehtiva edir özündə və maraqlı səslənir. Amma şeiri uğursuz edən nədir: şairin sonradan formallığa meyil etməsi, qafiyə xətrinə qafiyə yaratması: "Yazın hənri vurduqca". Səs düşümü ilə xarakterizə olunan bu misra şeirin ümumi poetik duyumuna xələl gətirir və aydın məsələdir ki, uşaq üçün heç də rahat olmayan bir intonasiya əmələ gətirir.

Eyni estetik mizansızlıq digər uşaq şairi İbrahim Yusifoğlunun "Ayan gedir məktəbə" şeirində də nəzərə çarpır. Şeirdə Ayan adlı qızın məktəbə getməsindən, evdə, həyətdə olan hamının bu məsələyə səfərbərliyindən bəhs edilir. Amma şeirdə ahəng qanunu dəfələrlə pozulur, xüsusən "asta hürü, gəl təbə" misrası uğursuz səs düşümü ilə şeirə otuzdurula bilmir.

- Cip-cip-cip cücələrim,
Ananızdan gen gəzməyin.
Güdür sizi Tülkü lələ,
Ayan gedir məktəbə.

- Ay Toplan, həddi aşma,
Məstan ilə dalaşma.
Asta hürü, gəl təbə,
Ayan gedir məktəbə.


İbrahim Yusifoğlunun dialoqlar üstdə qurulan, predmetin mahiyyəti haqqında balacalara məlumat verən şeirlərində isə əksinə, bədii effekt yaradılır. Söz oynatmaq, dilin incəliklərinə enmək, tapmaca janrının imkanları əsasında formanın poetik çəkisini zənginləşdirən bu şeirlər uşaqlarda təsəvvür yaratmaqda, məlumatın obrazlı şəkildə qavrayışında mühüm rol oynayır:

O, hansı yeməkdir ki,
Un ələkdən ələnir.
Sonrası xəmir olur,
Balaca kündələnir.

Bu balaca kündələr,
Oxlovla ovxalanır.
Doğram-doğram doğranıb,
Sonra ipdən sallanır.

...Hələ onu bişirmək
Tələb edir səriştə.
Aymir deyir: - ay nənə,
Əriştədir, əriştə.


Gənc şair Allahşükür Ağanın uşaq şeirləri bu sahədə yetişən gənc nəslə ümid oyadır. Allahşükür Ağanın "Ağ çiçəklər" şeiri var. Şeirdəki poetik mexanizm bütün gücüylə işləyir, rəvan və sadə bir dillə qələmə alınıb.

Sahil durub gördü ki,
Ağaclar ağappaqdı.
İnanmadı gözünə
Dayanıb baxdı, baxdı.

Oyatdı uşaqları
Quşlar qaçdı səsindən.
Bağçalara, bağlara,
Qış gəlibdi təzədən.

Sahilin hay-küyünə,
Gəldi qardaş-bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.


Şeirin özəlliyi nədədir? Adi görünən hadisələrə yeni münasibət yaradır, fərdi poetik təfəkkürün orijinallığını meydana qoyur. Ağaclar çiçəkləyəndə doğrudan da ağappaq qar topası kimi görünür. Təbiətlə bağlı belə bir poetik lövhənin təqdimi həm uşaq təxəyyülünün zənginləşməsinə yol açır, həm də onlara estetik zövq aşılayır. Əsl, istedadla yazılmış uşaq mətni belə olmalıdır, əslində. Ondan uşaqlarla bərabər, böyüklər də zövq almalıdır. Təəssüf ki, çağdaş ədəbiyyatımızda bu cür uğurlu uşaq nümunələrimiz azdır. Hələ dərsliklərimizin səviyyəsi, orda yer alan poeziya və nəsr nümunələrinin əksəriyyəti uşağın ya yaş səviyyəsinə uyğun olmur (bu yaxınlarda mövzunu konkret faktlarla əhatə edən yazım olacaq), ya da estetik baxımdan onlara zövq aşılamır, düşündürmür.

Uşaq şairlərinin təbiətlə təması əksərən yaxşı alınır. Təbiət mövzusu böyüklər üçün usandıra bilər. Hansısa dönəmdə lüzumsuz görünə bilər. Məsələn, 90-cı illərdə, həmin o qarışıq və xaos zamanında şairin təbiətdən şeir yazması uyğun görünmürdü. Çünki zamanın irəli çəkdiyi problemlər və onlara nüfuz cəhdi daha öndə idi. Adətən təbiət şairi kimi tanıdığımız Musa Yaqub belə, məsələn, həmin illərdə ictimai-siyasi motivli şeirlərə köklənmişdi. Yaxud uşaq şairi Xanımana Əlibəylinin bu dövr yaradıcılığına Qarabağ ştrixləri, qaçqınlıq mövzusu, Xocalı soyqırımının ağrıları, dini motivlər daxil olur. Amma bütün bunlara baxmayaraq, uşaqların öz dünyası var. Bu dünya həmişə rəngarəngdir. Poeziya, şeir də onları bu rəngarəngliyi daha yaxından görükdürməyə kömək edən sahə olmalıdır.

Şeirlərində daim təbiət təsvirlərinə müraciət edən, onları uşaqlar üçün oxunaqlı dildə qələmə alan Zahid Xəlilin demək olar ki, bütün şeirlərində məzmunun müasirliyi, bədii qayəni uşaqların mənimsəmə, idrak imkanlarına müvafiq ifadə etməsi, bədii təsvir vasitələrinin əlvanlığı ilə seçilməsi faktı qabarıqdır. Onun "Nərgizgülü və qış" şeirinə diqqət edək:

Qış yenə təbiətə
Topla, tüfənglə gəldi.
Qılıncını sıyırdı
Qarla, küləklə gəldi.

Qar üstə gülümsünən
Nərgizə bax, nərgizə.
Şeh kimi şölə saçır,
Ləçəkləri təptəzə.

Onu dondura bilmir
Qışın soyuq nəfəsi,
O, qar üstə uyuyan
Günəşin son şöləsi.

"Bu şaxtaya, bu qara
Dözməz hər qız" - dedilər.
Elə buna görə də
Ona "Nər qız" - dedilər.

Öpdülər, oxşadılar,
"Nər qız", "Nər qız" - dedilər.
Lap axırda yorulub
Ona "Nərgiz" - dedilər.


Zahid Xəlil o müəlliflərdəndir ki, bədii təsvirdə seyrçiliyə meyil etmir, nağıllardakı rəvanlıq və axıcılığı yansıdan poetik təhkiyə vasitəsilə bəhs etdiyi predmetlə bağlı aydın təsəvvürlərdən çıxış edir. Məsələn, bu şeirdə elə ilk misralardan qışın təsviri təbii boyalarla verilir, obraz və detallar məntiqi cəhətdən bir-biri ilə əlaqələnir, biri digərini tamamlayır. "Qışın təbiətə top, tüfənglə gəlməsi" onun ilin fəsilləri içində qarı, yağışı ilə sükutu pozmasına işarədirsə, qar və küləyin qılıncını sıyırması faktı da hər iki təbiət hadisəsinin xarakterik xüsusiyyətini önə çəkməklə bağlıdır. Şair belə tanış lövhələrdən istifadə etməklə həm qış haqqında uşaqlarda əyani təsəvvür yaradır, həm də belə bir soyuqda solmayan, qışda bahar yaradan "nərgiz" adlı gülün olması haqqında uşaqlara məlumat verir. "Nər qız" - bənzətmənin tərəfləri arasında poetik uyarlığın olmasını təmin edən başlıca amilə çevrilir. Bu balaca şeirdə təsvir də var, təəssürat da, hələ balacalar üçün edilən kəşf də. Onları inandırır ki, Nərgiz adı çiçəklərin özlərinin kəşfidir. Məgər uşaq şeirinin əsas rolu da bu deyilmi? Fikrin inandırıcı, konkret detal və obrazlarla ifadəsinə nail olmaq!

Qəşəm İsabəylinin şeirlərinin əksəriyyəti əsasən, dialoq şəklində yazılır. Bu, həm sual verib cavab alan uşaqları öyrətmək həvəsindən, həm də onların hazırcavablığını sərgiləmək meylindən irəli gəlir. Onun "Çəngəl-bıçaq" şeirinə baxaq:

- Əlini yu.
- Yumuşam.
- Haçan?
- Səhər duranda.
- Belə oturacaqsan
Nahara oturanda?
- Necə?
- Əli bulaşıq!
- Onda nəyə gərəkmiş,
Ay ana, çəngəl-qaşıq?!


Yaxud "Nəzrin və yuxu" şeiri:

- Çıq-çıq...
- Kimsən?
- Saatam.
- Qoymazsan bir az yatam?!
Yorulub, usanmışam,
İndicə uzanmışam.

- Taq... taq..
- Kimsən?
- Mənəm - İş.
- Nə var belə, görməmiş?!
Hələ Günəş də yatır...
Bu da məni oyadır!

- Layla...
- Kimdi?
- Mən - yuxu.
- Gəl, açıqdı qapılar,
Gözüm üstə yerin var!


Bu yaxınlarda dərsliklərdə yer alan Sergey Mixalkovun "Otuz altı, altı" satirik şeirinin böyük mübahisəsi düşmüşdü və əsas etiraz bu idi ki, şagird dərsə getməməsi üçün istiliyi olmasını özünə niyə bəhanə uydurur? Bu xüsusda deyə bilərik ki, Qəşəm İsabəyli də uşaqlardakı tənbəlliyin ifadəsini önə çəkib. Amma uşaq dünyası onsuz da bu cür "tənbəlliklər"lə zəngindir və bu dünyanı gözəl edən də onların saf "kələkləridir". Əsas odur ki, Qəşəm İsabəyli poetik səviyyəyə qaldırılan dialoqunda konkret mətləbin ifadəsinə yönəlir və formanın əyaniliyi, konkretliyi ilə inandırıcılığa nail olur.

Qeyd etdiyimiz kimi, fikrin təbiət obrazları vasitəsilə çatdırılması uşaq ədəbiyyatının əsas xüsusiyyətidir. Hər şair bu rəngarəng lövhədən bir naxış götürüb canlandırmağa çalışır və poetik təsvirlərlə uşaqda təbiət hadisələrinə, obrazlarına yeni münasibət formalaşdırmağa xidmət edir. Bu kontekstdən başqa bir nümunəyə baxaq. Rafiq Yusifoğlu "Pəncərədən baxan budaq" şeirində ətrafını, gördüyü hər şeyi öyrənməyə ciddi maraq göstərən uşaq dünyasını şəkilləndirir:

Budağa bax, budağa,
Hey ucalır, qalxır o.
Boylanıb pəncərədən
Evimizə baxır o.

Deyirəm ki, utanma,
Keç içəri, ay budaq.
Evdə tək darıxıram,
Gəl birlikdə oynayaq.

Yalvarıram nə qədər,
Bəs niyə baxmır sözə?
Yəqin, anası ağac
Onu buraxmır bizə.


Ağacın boy atıb uşağın olduğu otağın pəncərəsindən boy verməsi onun ağacla rəftarının, təxəyyül gücünün yeni çalarlarını açır. Şeirdə bütöv daxili sistem yaranır - qafiyə, intonasiya müəyyən fikir daşıyıcısına çevrilir, daxili komponentlər arasında bədii məntiqi keçidlər baş tutur.

Uşaq ədəbiyyatında Qarabağ mövzusunun geniş yer almasından bəhs etmişdim. Bizdə bu mövzunun işlənmə rakursu iki yöndən reallaşır. Birinci rakurs uşaqlara ünvanlanan, onların dilinə və təfəkkürünə uyğun şeirlərdir. Bir də müharibə ilə bağlı uşaq taleyini önə çəkən şeirlər.

Elə mövzular var ki, onunla manipulyasiya etmək olmaz. Hələ söhbət uşaq ədəbiyyatından gedirsə, heç olmaz. Amma bəzən elə şeirlərə rast gəlirik ki, heç bir hiss, emosiya yaratmır. Uşağa hansısa hadisəni quru, sxematik formada anlatmağa gərək varmı? Məsələn, tutaq ki, mövzu Xocalı faciəsidir və müəllif bu faciəni uşaqlara necə çatdırmalıdır? Simax Şeydanın "Xocalıda" şeirində belə çatdırılır:

Bir qış günü
Zalım düşmən,
Üstümüzə
Gəldi birdən.

Xocalını
Almaq üçün,
Bizi qana
Salmaq üçün.

Aman Allah,
Düşmənə bax
Söndü neçə
Nurlu çıraq.

Aylar, illər,
Keçsə də bil,
Qisas yerdə
Qalan deyil.


Vətənpərvərlik duyğuları bu cür ritorik, şablon deyim şəklində uşağa təqdim olunmamalıdır. Ən azı ona görə ki, bu gün doğulan uşaqlar gözlərini açan kimi, qulaqlarını yağır edən bu cümlələri çox eşidirlər. İndi Qarabağsız bir nəsil yetişir. Onlar o torpaqları görməyiblər, üstəlik, ədəbiyyatımızda təbliğat da o səviyyədə deyil ki, uşaqda nisgil, qisas yanğısı yaratsın. Biz, sadəcə, onlarda mövzuya həssaslıq, sözə isə konkret fikir və emosional tutum aşılamalıyıq, müharibənin şəklini çəkməliyik sözlə, yaşanan ağrıları misra-misra yaratmalıyıq onların gözləri önündə. Ötən məqalələrimin birində Esmira Məhiqızının "Qaqa" şeiri haqqında yazmışdım. Bu şeirdə müharibənin məhv elədiyi iki uşağın taleyi yanıqlı bir dillə şeirə gətirilirdi. Şair Qəşəm Nəcəfzadənin də əksər uşaq şeirlərində müharibədən əzab çəkən uşaq obrazları yer alır. Onun "Uşaqlara salam", "Uşaqlar" və s. şeirlərinin poetik kəsəri güclüdür, müharibənin uşaq həyatına vurduğu zədələr haqda dolğun təsəvvür yaradır. "Uşaqlar" şeirindən bir neçə bəndə diqqət edək:

Düşmən kəlməsi yoxdur uşaqların dilində,
Olsa-olsa əllərini bir-birinə vurarlar.
Səngərlərin içində, səngərlərin çölündə,
Layla deyib kuklaya, qəşəng evcik qurarlar.

İnsan bayraqlarıdı göydə oynayan əllər,
Öpürlər gülə-gülə bir-birinin əlini.
Biz öyrənə bimədik dostluq dilini heç vaxt,
Gəlin gedək öyrənək körpələrin dilini.

Ehey, sən kimsən, qaranlıqda gizlənən,
"Düşmən" sözünü atma uşaqların içinə.
Silahını yığışdır, rədd ol bizim dünyadan,
Qarışma, sən qarışma, uşaqların işinə.

Uşaqların ayağı torpağı bölə bilmir,
Necə ki, eyni yağır Yer üzünə yağışlar.
Sülh haqqında yazılmış iki gözəl misradı:
Bir göy üzündə quşlar,
Bir də yerdə uşaqlar.


Müharibə, savaş, barış və onları birləşdirən ortaq həssas məqam - uşaq taleyi. Bu rakursun poeziyamızda çox işlənməsinə baxmayaraq, müəllif hissin və fikrin uğurlu vəhdətini verməklə orijinallığa nail ola bilir. Çünki şair həm sözə emosional tutum aşılamağın qayğısına qalır, həm də bütün misralar arasında məntiqi əlaqə, mükalimə uyğunluğu sonadək nizamını qoruyur. Mətndəki bütün poetik ünsürlər fikrin bədii təcəssümünə səfərbər olur.

***

Ədəbiyyat bütün hallarda insanı yazır, insanla təzələnir. Uşaq ədəbiyyatı da kiçik insanın dünyasını yaratmaq üçün böyük ürək tələb edən sahədir. Bir də böyük istedad! Bunlar olmadan sabahlı ədəbiyyat yaratmaq çətin olar bizlərə. Elə uşaq əllərinə söykənmək də.../edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI