manera.az
manera.az

Yedditəpə Sərdabəsi haqda

Yedditəpə Sərdabəsi haqda

Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ibtidai icma qurluşunun növbəti mərhələsi olan tunc dövründə icma daxilində sürətli inkişaf və təbəqələşmə prosesi baş vermişdir. Fiziki və əqli cəhətdən inkişaf edən insanların zəhməti sayəsində tunc əldə edilməsi ilə əmək alətləri təkmilləşdirilmiş, ictimai əmək bölgüsü yaranmış, insanların ətraf ərazilərə yayılması yolu ilə yaşayış yerləri genişlənmiş, atdan minik vasitəsi kimi istifadə genişlənmiş, sənətkarlıq və ticarət müstəqil məşğuliyyət sahəsinə çevrilmişdir. Dağlıq ərazilərdən dağətəyi və düzən ərazilərə insanların yayılması nəticəsində yeni yaşayış yerləri formalaşmışdır.


Dəniz səviyyəsindən 2725 metr yüksəklikdə yerləşən Kirs dağından başlanğıclarını götürən Quruçay və Köndələnçay vadisi qədim mədəniyyət izləri baxımdan cəzbedicidir. Təbii şərait, əlverişli iqlim, şirin su mənbələri, bitki və heyvanat aləmi baxımından çox zəngin olan Quruçay və Köndələnçay vadisinin dağətəyi və düzən əraziləri tarixi nöqteyi-nəzərdən daha maraqlıdır. Qədim daş dövrünə aid Azıx və Tağlar mağaraları, mis, tunc və dəmir dövrünə aid Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Zərgərtəpə, Xantəpə və Kültəpə yaşayış məskənləri bu qəbildəndir. Adları qeyd olunan yaşayış düşərgələrindən sonra nisbətən düzən ərazidə sıra ilə, bir-birindən aralı düzülmüş təpələr diqqəti cəlb edir. İki çayın ( Köndələnçayla Quruçayın) arasında düzülmüş bu təpələr hər iki çaydan təxminən eyni məsafədə yerləşir. Təpələrdən birqədər aralı Qarapir, Meynətəpə, Sarıqaya, Göyərçinqaya, Nərgiztəpə və s. ( Mirzəcamallı və Ələsgərli kəndlərinin ərazisində ) adlı tədqiqat aparılması vacib olan yerlər mövcuddur. Təpələrin cənub tərəfindən el arasında Ana arx və ya Mirzə Camal arxı kimi adlanan arxın suyundan Ələsgərli, Hüseynbəyli, Mirzəcamallı, Seyidəhmədli, Merdinli, Alxanlı, Kürdmahmudlu və s. kəndlərin əkin sahələrini suvarmaq üçün istifadə edirdilər. Əfsuslar olsun ki, erməni işğalı nəticəsində bu arxın mənbəyinə əlimiz çatmadığı üçün arxın suyuda quruyub.

Quruçayın sol sahilindən və Köndələnçayın sağ sahilindən təxminən eyni məsafədə yerləşən təpələrin sayına uyğun olaraq buranı Yedditəpə adlandırmışdılar. Yedditəpənin bütün ətrafı əkinçilik üçün əlverişli olan düzənlik ərazidir. Bir-birindən eyni məsafədə cərgə ilə düzülmüş təpələr sanki yurdun keşiyində dayanmış kimi görünürdülər. Yedditəpə sərdabəsi Quruçay və Köndələnçay mədəniyyəti silsiləsində növbəti əhəmiyyətli tapıntıdır Arxeoloq alim Qüdrət İsmayılov “Abidələr,xatirələr, düşüncələr” kitabında qeyd edir ki, “1972-ci ilin soyuq noyabr ayında vadidə elmə məlum olmayan qədim və yüksək bir mədəniyyətin izləri üzə çıxarıldı. Füzuli şəhərindən azacıq aralı Yedditəpə adlı yerdə zəngin qəbirlər açıldı. Tədqiqatların ilk günü qalın torpaq qatı altından tapılan daş sərdabə öz nəfis və qəribə avadanlığı ilə böyük təəccübə və heyrətə səbəb oldu. Divarları iri sal daşlarla hörülmüş sərdabənin sol tərəfində bükülü vəziyyətdə, üzü gündoğana tərəf çevrilmiş gənc qadın skleti yerləşirdi. Onun dirsəkdən qatlanmış sol əli qarşısında gildən düzəldilmiş kuzə, bir ədəd gümüş cam və mis qaşıq qoyulmuşdu. Sol əlin barmaq sümükləri üstündə mirvaridən qaşı olan 2 ədəd bürünc üzük, gicgah sümükləri üzərində isə aypara şəkilli bir cüt sırğa var idi. Bel hissədə kəmərin gümüş və misdən düzəldilmiş müxtəlif təsvirli gözəl tikmələri qalmışdı. Lakin diqqəti cəlb edən şeylər təkcə qeyd olunanlardan ibarət deyildi. Sərdabədə kiçik ölçülü 2 dəmir xəncər və bir nizə də yerləşdirilmişdir. Vaxtilə bir igidin sinəsini örtmüş dəmir qalxandan indi ayrı-ayrı qırıqlar qalmışdır. Bütün bu avadanlığa nəinki Azərbaycanda, hətta bütün Qafqaz ərazisində ilk dəfə idi ki, təsadüf olunurdu. Bu cəhətdən yuxarıda adı çəkilən qaşıq xüsusilə maraq doğurur. Səfər, döyüş yolları üçün nəzərdə tutulmuş həmin qaşığın dəstəyi açılıb bağlanırdı və üzəri incə kəsmə naxışlarla bəzədilmişdi. Bu tapıntı ölkəmizdə məlum olan yeganə nümunədir”.

Tədqiqatçı qeyd edir ki, sonrakı günlərdə də biz burada eyni dəfn mərasimini göstərən 20-dən artıq başqa qəbirlər aşkar etdik. Onlardan ikisi uşaq, əksəriyyəti isə kişi və qadınlara məxsus olmuşdur. Bu qəbirlərdə iri sal daşlardan hörülmüşdür. Bəzisinin üzəri iri bir neçə ton ağırlığında olan daşlarla örtülmüşdür. Təəccüblüdür ki, bu sərdabələrin tapıldığı ərazidə və onların yaxınlığında daş yataqları yoxdur. Yəqin ki, qəbirlərin üzərini örtən bu daşları 15-20 kilometr aralıda olan qayalıqdan kəsilmiş və qoşqu vasitələri ilə buraya gətirilmişdir. Bu da həmin dövrdə atdan minik vasitəsi kimi geniş istifadə olunmasına işarədir.

Aşkar edilmiş sonrakı qəbirlər də müxtəlif və zəngin avadanlığı ilə seçilmişdi. Onların içərisində mis, gümüş, gil və şüşə qabların, saysız-hesabsız bəzək şeylərinin, silah nümunələrinin tapılması burada yaşayan əhalinin sənətkarlığın müxtəlif növləri ilə məşğul olduqlarını göstərir. Gənc bir döyüşçüyə aid edilən qəbirdən tapılan dəmir qılıncın uzunluğu bir metrdən artıq idi. Bu qılıncın üzərində ağacdan olan qının izləri qalmışdır. Bundan başqa burada bir neçə xəncər, nizə ucluqları və bir ədəd dəmir balta da var idi. Qəbirlərin birindən tapılan kişik ölçülü şüşə cam bir neçə əsr torpaq altında qalmasına baxmayaraq öz şəffaflığını və gözəlliyini itirməmişdir.

Onun oturacağı böyük ustalıqla çiçək şəklində qabarıq naxışla bəzədilmişdir. Öz formasına görə Azərbaycanda ilk tapıntı hesab edilən bu qədim maddi-mədəniyyət nümunəsi əsl incəsənət əsəri hesab oluna bilər. Qəbirlərin çoxunda rast gəlinən yaylı döş sancaqları da öz nəfisliyi və gözəlliyi ilə seçilirdi. Mis və gümüşdən düzəldilmiş bu sancaqların ensiz səthi kəsmə üsulu ilə incə naxışlarla örtülmüşdü. Qəbirlərdə təsadüf olunan kəmərlər də belə oxşar naxışlarla bəzədilmişdir.

Kəmərlərin toqqalarının da üzərində çox gözəl fiqurlar və rəsmlər verilmişdi. Misdən olan bir toqqanın üzəri isə uzunluğu 3 sm olan kiçik ölçülü maral heykəlləri ilə bəzədilmişdir. Qəbirlərdən dağ keçisi, qartal fiqurları ilə yanaşı qədim musiqi alətlərinin tapılması da çox maraq doğurmuşdur. Dairəvi qoşa mis sinclərdən ibarət olan bu alətlər xalqımızın qədim musiqi tarixinə dair yeni və əhəmiyyətli dəlillər olmaqla bərabər yerli əhalinin yüksək musiqi duyumuna malik olduğunu göstərir .Qəbirlərdən tapılan bəzək əşyaları çox olmaqla yanaşı, müxtəlif və rəngarəngliyi ilə seçilirdi. Təkcə bir qəbirdən səpələnmiş halda 10-dan artıq mis və gümüş üzüyə və bir o qədər də sırğaya rast gəlinmişdir. Bu dəfn adəti şəxsin zənginliyini göstərməklə yanaşı onun tayfa içərisində yüksək nüfuza malik olduğunu da göstərir. Qəbirlərdə metal bəzəklərlə yanaşı iri ölçülü təbii şəvə və şüşə muncuqlara, təbii dağ süxurlarından və hətta yaqutdan yonulmuş bəzək nümunələri də aşkar olunmuşdur. Əksəriyyətinin qaşı müxtəlif təsvirli kiçik möhürlərdən ibarət olan üzüklərdən birinin şüşə qaşında iki başlı qartal nəqş olunmuşdur. Şəffaf dağ süxurlarından yonulmuş bir üzüyün üst hissəsində isə əllərini yuxarı qaldırmış uzun əbalı kahin təsvir olunmuşdur. Yarımdairəvi formada qırmızı rəngli həqiq daşından kəsilmiş bir möhürün üzərində kiçik ölçülü şir başı təsviri və sasani yazısı verilmişdir.

Qəbirlərdə meyidin döş sümüyü arasında aşkar edilmiş, ortasında sap üçün deşiyi olan, şəxsi mülkiyyətçilik hüququnu təsdiqləmək və nişanlamaq üçün istifadə olunan möhür güman ki, vaxtı ilə varlı olmuş şəxsin boynundan asılıbmış. Şüşə qaşlı üzüklərin üzərində vəhşi heyvanlarla yanaşı maral təsvirləridə çoxluq təşkil etmişdi.

Qüdrət İsmayılovun tədqiqatları nəticəsində “ Yedditəpədə aşkar edilmiş maddi-mədəniyyət abidələrinin sayı 500-ə yaxın olmuşdur və onların hər biri xalqımızın unudulmuş qədim incəsənət və mədəniyyət salnaməsini öyrənmək, bərpa etmək üçün qiymətli mənbədir. Zəhmət bahasına uzaq əsrlərin arxasında itib-batmış qədim və rəngarəng bir mədəniyyətin nişanələri yenidən üzə çıxarılmışdır. Məhz buna görə Moskvada keçirilən Şərq ölkələri incəsənəti və arxeologiyasına həsr olunmuş elmi konfransda Yedditəpə tapıntıları haqqında oxunan məruzə böyük maraq doğurmuş və həmin tapıntılar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Konfrans zamanı tapıntıların bir qismi Şərq ölkələrinin incəsənəti muzeyində müvəffəqiyyətlə nümayiş etdirilmişdir” ( səh.41-44).

Tədqiqat nəticəsində sübuta yetirilmişdir ki, aşkar edilmiş qəbirlər eramızın I minilliyinin ortalarına təsadüf etsə də yaşayış məskəni kimi formalaşması eramızdan əvvəl tunc dövrünə aiddir.

Tapıntılardan ilk görünən budur ki, burada yaşayan əhali zamanına uyğun yüksək döyüş qabiliyyətinə və silah-sursata malik olub. Sənətkarığın və metalurgiyanın yüksək inkişafını göstərən tapıntılar üzərində çəkilmiş nəfis cizgilər yerli əhalinin incəsənətə xüsusi marağının olduğunu göstərir.
Yedditəpədə tapılan müxtəlif növ maddi-mədəniyyət nümunələri sübut edir ki, buranın sakinləri dulusçuluq, misgərlik, boyaqçılıq, metalurgiya, ağac emalı ilə geniş məşğul olmuş, boyalı qablar mədəniyyətinə, incəsənətə xüsusi maraq göstərmişlər. Qadına məxsus məzarların birində silah növləri ilə yanaşı qadın məşğuliyyəti üçün lazım olan sümükdən yonulmuş əyircəyin olması toxuculuğun inkişafını sübut edir. Qəbirlərin əksəriyyətində aşkarlanmış bir neçə silah növü Yedditəpə sakinlərinin döyüşkən ruhlu, cəsur insanlar olduğunu sübut edir.

Müxtəlif təsvirli kiçik möhürlərdən ibarət olan üzüklərdən birinin şüşə qaşında iki başlı qartalın nəqş olunması, qırmızı rəngli həqiq daşından yarımdairəvi formada kəsilmiş bir möhürün üzərində kiçik ölçülü şir başı təsviri, dəfn olunmuş şəxslərin yanına müxtəlif əşyaların qoyulması dinin ən qədim forması olan magiya və totemzmdən xəbər verir. Qadına məxsus qəbirdə gicgah sümükləri üzərində aypara şəklində tapılmış bir cüt sırğa səma cisimlərinə olan inama nümunədir. Şəffaf dağ süxurlarından yonulmuş bir üzüyün üst hissəsində isə əllərini yuxarı qaldırmış uzun əbalı kahin təsvir isə dini təsəvvür və dünyagörüşdür. Totemzm və dəfn ayinlərini xatırladan bu tapıntılar Yedditəpə sakinlərinin axirət dünyasına inamlarının göstəricisidir. Aşkar olunmuş sərdabələrdə rast gəlinən zəngin qəbirlər Yedditəpə sakinlərinin əcdadlarına və soy köklərinə bağlı olduqlarından xəbər verir.

İnanırıq ki, tezliklə erməni işğal altında olan bütün torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu tərəfindən azad olunacaq, ağlaya-ağlaya o yerlərdən məcburi şəkildə köç edən insanlar böyük sevinclə doğma yurdlarına dönəcəklər. Həyat yenidən öz axarına düşəcək və yeni tədqiqat işləri başlayacaq. Yedditəpə kimi neçə-neçə tarixi yurd yerlərində uyuyan döyüşkən babalarımızın narahat ruhları rahatlıq tapacaqdır.


Qabil Əliyev,
Füzuli rayonu

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930