manera.az
manera.az

Samir İmanov: "Əlillik haqda yazılı mənbə yaratdım" - Müsahibə

Samir İmanov: "Əlillik haqda yazılı mənbə yaratdım" - Müsahibə

Bu günlərdə fiziki məhdudiyyətli yazar Samir İmanovun "Zəif əzələ, güclü iradə" adlı kitabını oxuculara təqdim etdi. S. İmanov "Serebral iflic" xəstəliyindən əziyyət çəkir, I qrup əlildir. Onun devizi: "Fiziki vəziyyətin necə olursa olsun, özünlə fəxr et." Biz dəonunla görüşüb yeni kitabı haqda fikirlərini öyrəndik. Samirlə müsahibəni oxucularımıza təqdim edirik:

- Samir, yeni kitabın haqda oxucularımıza məlumat verək, sayca neçəncidir və nədən bəhs edir?

- Bu mənim sayca 4-cü kitabımdır. Bundan əvvəlki birinci kitabım “Hədəfdəki insan” romanı olub. İkinci "Mənim hədəfim", üçüncü “Özünlə fəxr et” və bu dördüncü kitabımda hekayələrim, şeirlərim və məqalələrim yer alıb. Hər üç kitabın mövzusu eynidir; Əlilliyi olan insanlar və ümumiyyətlə, əlillik məsələsinin müxtəlif sahələri.

- Bu kitabları yazmaqda məqsədin nədir, oxucuya nə demək istəyirsən?

- Kitabların dördünün də yazılmasında məqsəd eynidir; Əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək. Mövcud problemləri qabardaraq onların həllinə müəyyən qədər nail olmaq və ən əsası da əlilliyi olan şəxsləri cəmiyyətə düzgün şəkildə təqdim etməklə, cəmiyyətdə əlil anlayışını müsbətə doğru dəyişmək. Çünki hal-hazırda cəmiyyətimizdə əlilliyi olan şəxslərə qarşı neqativ münasibət var. Bəziləri əlilliyi olan şəxs gördükdə acıqlanırlar, bəziləri qorxurlar, bəzilərinin yazığı gəlir, bəziləri qulaqlarını çəkir, bəziləri "iraq olsun" deyir, bəziləri alçaldaraq nəzir uzadırlar. Əgər insanlar mənim yazdığım bu kitabı oxusalar, əlilliyi olan insanlara qarşı fikirləri 180 dərəcə müsbətə doğru dəyişər...

- Kitabın ərsəyə gəlməsində rastlaşdığln hər hansı problem oldumu?

- Kitabı yazarkən mənim ən böyük çətinliyim barmaqlarımı tam istifadə edə bilməməyim oldu. Cəmi bir barmağımın köməyi ilə yazırdım. Bir kitabı təqribən bir ilə, il yarıma yazıb, bitirdim.

- Kitabda hansı janrda mətnlər yer alıb?

- Bu kitabda mənim hekayələrim, şeirlərim, məqalələrim və bundan başqa əlilliyə səbəb olan, əlilliyi yaradan xəstəliklər haqqında məlumatlar var. Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti var. Azərbaycan Respublikasının əlilliyi olan şəxslər barədə qanunu yer alıb.

- Kitabın nəşr prosesində necə, dəstək olan oldu sənə?

- Kitabın nəşrində mənə “Honours Academy - Institute of Finance” adlı məktəbin rəhbəri Daşqın Həmidzadə dəstək olub. Kitabın redaktoru Rasim Qaraca, hər dörd kitabın nəşrində mənə çox dəstək olub. Rasim Qaraca mənə bu ədəbiyyat sahəsində yol göstərən şəxs olub. Hər zaman mənim bütün suallarımı cavablandırıb və mənə istiqamət verib.

- Samir bəs necə oldu ki, məhz bu mövzuda kitab yazmağa qərar verdin?

- Bu mövzuya müraciət etməyimin ən əsas səbəblərindən biri ədəbiyyat aləmində bu sahədə çox böyük boşluğun, uçurumun olması idi. Bu mövzuda yazmağa başlamamışdan öncə, təqribən 7-8 il bundan qabaq araşdırdım, şahid oldum ki, Azərbaycan ədəbiyyatında heç bir yazıçının romanının baş qəhrəmanı əlilliyi olan şəxs olmayıb (ya da mən tapa bilmədim).Heç bir yazıçı öz romanının baş qəhrəmanını hansısa fiziki problemləri olan, fiziki məhdudiyyətləri olan bir şəxs olaraq təsvir etməyib. Bundan başqa əlillik barədə maraqlanan insanların istinad edə biləcəkləri bir mənbə, bir baza yox idi. Mən bu boşluğu doldurmaq üçün, insanlar üçün baza yaratmaq üçün, bir məlumat mənbəyi yaratmaq istədim.

- Mövzunu davam etdirəcəksən?

-Yeni kitabı yazmağa başlamışam. Yəqin ki, təqribən bir il ərzində yazıb bitirərəm. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan insanlara həsr edilmiş “Mən azad insanam” adlı mahnının yazılmasına nail oldum. Ona klip çəkilməsinə çalışacağam.

- Samir, "Zəif əzələ, güclü iradə"ni oxuculara təqdim etdin. Təqdimat necə keçdi?

- Təqdimat çox gözəl keçdi. Yeni kitabı 500 tirajla nəşr etdirdik. 20-30 nəfərə müraciət etdim ki, mənim üçün tədbir keçirtsinlər. Təəssüf ki, kitaba maraq o qədər də yüksək olmadığına görə, üstəlik də mövzu bir çoxları üçün maraqsız olduğu üçün imtina etdilər, diqqət ayırmadılar. Hər kəs bir bəhanə etdi. Mən istəyirəm ki, belə tədbirlərin sayı çox olsun. Kitabım insanlara çatsın. Daha çox insanlar faydalansınlar. Bu kitab bir çoxlarının bizə münasibətini dəyişə bilər. Əlil təşkilatlarına, əlillərlə işləyən təşkilatlara müraciət etdim ki, bu kitablardan hər bir təşkilat heç olmasa 10 dənə, 20 dənə alıb öz üzvlərinə paylasın. Əlilliyi olan insanlara paylasın, o insanlarda da motivasiya yaransın, bir ruhi yüksəliş olsun. Təəssüf ki, yenə də münasibət mənfi oldu. Yenə də hər kəs bir bəhanə ilə yaxasını kənara çəkdi.

Samir İmanov: "Əlillik haqda yazılı mənbə yaratdım" - Müsahibə

Bu baxımdan Manera.az saytına, baş redaktor Şəhla Aslana dərin təşəkkürümü bildirirəm ki, mənə çox dəstək oldu, diqqət ayırdı, vaxtını sərf etdi. Məni bir çoxları ilə tanış etdi. Söz verildi ki, TV-lərdə haqqımda reportajlar hazırlanacaq, kitablarımın təbliğinə kömək olunacaq. Bundan sonra kitablarım haqqında resenziyalar yazılacaq. Yadda qalan, unudulmaz bir gün oldu. Həqiqətən, heç bir zaman unutmayacam. Hər zaman xatirəmdə xoş bir gün kimi qalacaq. Gözəl anlar yaşadım həmin gün. Bu təqdimatdan sonra mənə qarşı diqqət çoxaldı. Bir çox Kütləvi İnformasiya Vasitələrindən zəng olundu, mənimlə maraqlanırlar. Mən Manera.az-a və tədbir üçün şərait yaradan "AkademKitab" kitab evinin rəhbərliyinə çox minnətdaram!

- Samir, əlilliyi olan şəxslərə nə demək istərdin?

- Onlara demək istəyirəm ki, həyatda uğur qazanmaq istəyirsinizsə, mütləq şəkildə cəhd edin. Mən yazmağa başlamasaydım, indi yazıçı olmazdım. Yaxud da Asif Qasımov var, ağac üzərində oyma, yəni, o sənəti öyrənməyə başlamasaydı, elə bir sənətkar ola bilməzdi. Rəssam var, Nərmin adında xanımdır. Rəsm çəkməyə başlamasaydı, gözəl bir rəssam olmazdı. Nədənsə başlamaq lazımdır.

- Dostlarına tövsiyələrin olur?

- Əlilliyi olan dostlarma deyirəm ki, nəqliyyatdır, küçədəki infrastrukturdur və yaxud insanların münasibətidir, bunlar əslində bizim üçün əngəl deyil. Əlilliyi olan insanlar üçün əsl əngəl, beyinlərindəki əngəldir. Təbəllikdir. Onlar qazanacaqları uğuru deyil, o uğura doğru gedərkən qarşılaşacaqları problemlər barədə düşünürlər hər zaman. Heç vaxt qazanacaqları uğur barədə düşünmürlər. Obrazlı şəkildə o dostlara deyirəm ki, təsəvvür edin ki, siz dağın zirvəsindəsiniz, o dağda ot, heç bir yaşıllıq yoxdur. Bir adadır demək olar ki, boz bir yerdir. Qarşı tərəfdə başqa bir dağ var. Amma o dağın zirvəsində çox gözəl şəhərcik salıb insanlar. Orda əyləncə, hər cür naz-nemət var. Sadəcə sizin olduğunuz o dağla bu dağın arasında asma bir körpü var. Siz heç vaxt fikirləşməyin ki, o körpünü keçərkən problem yaşanacaq, orada yıxılmaq, əzilmək təhlükəsi var. Siz yalnız qarşı tərəfdəki sizi gözləyən o xoşbəxtliyə, naz-nemətə doğru baxın!

- Sözlərin onlara motivasiya olurmu?

- Bir çox insanlar bunu qəbul edirlər. Artıq bilirlər ki, hər bir işdə, istər fiziki cəhətdən problemin olsun, istər sağlam ol, fərqi etmir. Hər kim olursan ol, hansısa işin dalıyca gedəndə mütləq şəkildə çətinliklərlə qarşılaşırsan. Bunları bəhanə etmək lazım deyil. Hər bir əliliyi olan şəxs, beynindəki əngəli kənara atmalıdır. Əilliyi özü üçün bəhanə etməməlidir; - Sadəcə yeyim, içim , televizora baxım, oyun oynayım, üzərimdə heç bir məsuliyyət yoxdur... Belə deyil, Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi, əlilliyi olan şəxslərin də boynunda məsuliyyət var; El, vətən, insanlıq məsuliyyəti. Hər bir insan cəmiyyətə faydalı olmaq lazımdır. Ən azından içində yaşadığın ailəyə faydalı olmalısan. Bunun üçün insan daim öz üzərində işləməlisən. Hanısa bir peşəyə yiyələnməli, təhsil almalı, öz bacarığını xoş məqsədlər üçün istifadə etməlisən!

Samir İmanov: "Əlillik haqda yazılı mənbə yaratdım" - Müsahibə

- Samir, bir az da gələcək planlarından danışaq...

- Hazırda əlilliyi olan insanlara qarşı etiket qaydalarından bəhs edən bir filmin çəkilməsi üzərində işləyirəm. Maliyyə mənbəyi tapan kimi onu da yarım saatlıq film şəklində insanlara təqdim etmək istəyirəm. Cəmiyyət görsün ki, əslində əlilliyi olan insanları görəndə necə münasibət bəsləmək lazımdır, necə müraciət etmək lazımdır, necə davranmaq lazımdır, necə danışmaq lazımdır və ən əsası çətinliyi olanda necə kömək etmək lazımdır. Bunların hər biri incə detallardır. Düşünürəm ki, bütün bunların geniş ictimaiyyətə çatması, insanların daha çox maariflənməsi, məlumatlanması üçün o qısa filmə ehtiyac var.

Söhbətləşdi: Eyyub Məmmədov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031