Ömrümü söz üstə qoydum - Ələmdar Cabbarlının şeirləri

Tarix:4-08-2019, 09:51 Baxış Sayı:196

Ömrümü söz üstə qoydum - Ələmdar Cabbarlının şeirləri
Manera.az tanınmış şair Ələmdar Cabbarlının şeirlərini təqdim edir:

SƏNSİZ ÜŞÜDÜM, KƏLBƏCƏR

Hara getdim, gözlərimdə
Səni daşıdım, Kəlbəcər.
Dərdindən tamam qocaldım,
Oldum yaşıdın, Kəlbəcər.

Gəlmədim –
məni dara çək,
Adımı üzüqara çək.
Orda elə bir nərə çək –
Burda eşidim, Kəlbəcər.

Nə bir dərdindən halıyam,
Nə dərdindən aralıyam...
Arsız aşıq misalıyam –
Elsiz yaşadım, Kəlbəcər...

Bəxtimiz dərd hörgüsündə,
Gözümüz vəd mürgüsündə...
Bakının bu bürküsündə
Sənsiz üşüdüm, Kəlbəcər.

KÖNLÜM KƏLBƏCƏRƏ KÖÇÜB YUXUDA...

Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.

Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.

Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki...
dişim göynəyir...

DƏRDİM GİRİR YUXUMA

Əvəlliylə, axırıyla bir yerdə,
Çalasıyla, çuxuruyla bir yerdə,
Sürüsüylə, naxırıyla bir yerdə -
Aman Allah...
kəndim girir yuxuma.

Gözəllik var – bir az da get irəli,
Qarlı dağlı, sərt yamaclı, dərəli.
Baldırğanlı, əvəlikli, zirəli –
Bərəm girir, bəndim girir yuxuma

Ələmdaram, haqq divanı qurulmur,
Bulanıbdı, çeşmələrim durulmur.
Gündüz mənlə dolaşmaqdan yorulmur.
Dərdə bax ki...
dərdim girir yuxuma.

DAĞLAR

Bircə gün də kövrəlməyə bilmirəm,
Ha deyirəm mətin olum, a dağlar.
Səndən ayrı mən bəxtəvər, bəxtiyar
Çətin olum, çətin olum, a dağlar.

Sən anamsan, dərdin alım, anacan
Elə dedik, heç qıymadıq sənə can.
Qıyma mənə sənsiz qalım sonacan-
Qıyma mənə yetim olum, a dağlar.

Ta ürəyim tab gətirmir ağrıma
Gəlim məni ömürlük bas bağrına.
İnsan olmaq ta çıxıbdı axırıma-
Gülün olum, otun olum, a dağlar.

QƏZAN MÜBARƏK, DİLQƏM

Bu da qəzadı, qədərdi
Qəzan mübarək, Dilqəm.
Sən hamımızdan təpərli çıxdın –
yurduna getməkdən ötrü
ATƏT-dən, BMT-dən icazə almadın
əvəzində ağır cəza aldın,
cəzan mübarək, Dilqəm.

Sən də bizim kimi şair ola bilərdin,
aşıq ola bilərdin.
yalandan Vətənə aşiq ola bilərdin.
Sən də bizim kimi
qoy Kəlbəcəri özgəsi alsın deyib
hər şeyin hazırına nazir ola bilərdin,
tacir ola bilərdin...
Sən başqa yol seçdin, Dilqəm.

Mən bu isti Ramazan günlərində
kondisionerli otaqda oruc tuturam –
sən Kəlbəcərdə bulaq suyu içirsən.
mən gündə 5 dəfə üzümü Kəbəyə tuturam –
sən ildə bir dəfə Kəlbəcərə üz tutursan
əsl mömin sənsən –
ibadətin mübarək, Dilqəm.
Bilə-bilə ölümə getdin,
gülə-gülə ölümə getdin –
Şəhadətin mübarək, Dilqəm.
Biz də burda oturub
Şeir yazırıq, Dilqəm.
Sözdə Vətəni almağa
Hər gün hazırıq, Dilqəm...

Bu Vətən sənin çiyinlərindədi
Sən bu Vətənə dirəksən, Dilqəm.
Yalıncıqlar burda yenə öz işindədi –
sənsə əsirlikdə olan Bamsı Beyrəksən, Dilqəm.

Səni təkcə insanlar ağlamır, qardaş –
Dəlidağ, Murov haray çəkir,
Şaplar kəndində
bənövşələr saçın yolur,
nərgizlər yaxasın çırır,
Tərtər qan axıdır su yerinə...
Qoç Koroğlu nərə çəkib –
Tutulubdu bir Eyvazım əldədi – deyir;
Yurdu Dilqəm kimi sevərlər
Sizin sevginiz dildədi – deyir...

İnsanlar səni unutmayacaq, qardaş
Hamı Bakıda, Gəncədə oturub qəm çəkəcək,
Bəs gələn ilin iyulunda
Kəlbəcəri bizə kim çəkəcək?!

Bu gedişinlə hamımıza anlatdın ki,
Kəlbəcəri almaq üçün
aşıq olmaq lazım deyil,
ozan olmaq lazım deyil,
mənim kimi şair olmaq,
yazan olmaq lazım deyil.
Yaltaq olmaq lazım deyil,
qorxaq olmaq lazım deyil,
hər nağıla inanan axmaq olmaq lazım deyil!
Kəlbəcəri almaq üçün –
Dilqəm olmaq yetərmiş!!!

DƏYMƏDİM XƏTRİNƏ

Sifəti tanışdı, üzü tanışdı,
Bu qız zəmanənin öz uşağıdı.
Məni görən gündən yalan danışdı,
Dedi inanacaq, söz uşağıdı.

Üzdü işvə məni, üzdü naz məni,
Bu yollarda az gözlətdir, az məni.
Dedi kənddən gəlib, anlamaz məni
Dərə uşağıdı, düz uşağıdı.

Düşündü atmağa nə var ki bunu.
Özgəyə satmağa nə var ki, bunu.
Dedi aldatmağa nə var ki, bunu –
Əyri zəmanənin düz uşağıdı.

Bitib yollarında qala bilərdim,
Onu öz günümə sala bilərdim.
Mən ondan intiqam ala bilərdim –
Dəymədim xətrinə – qız uşağıdı…

DƏRDİMİ

Saxlatma qapıda, yol verin gəlsin
Mənə həsrət-həsrət baxan dərdimi.
Yesir taleyimdən üstün tuturam -
O ağa dərdimi, o xan dərdimi.

Elə yaz gəlsə də, qış çıxmır daha,
Dünyanın işindən baş çıxmır daha.
Gözümü sıxanda yaş çıxmır daha
Ağlasam - mən gərək sıxam dərdimi.

Sən də unut məni, ay boyu bəstə
Bu dünya mənimlə durubdu qəsdə.
Özüm böyütmüşəm dizimin üstə,
Sonradan çiynimə çıxan dərdimi.

Dünyanın kədəri, dərdi tam mənim
O misqal özgənin, bu batman mənim.
Sən Allah, dərdimi dağıtman mənim
Məcburam təzədən yığam dərdimi.

QARŞIDA

İstəyirəm bir tərəfə üz tutum,
Çəpər durur,hasar durur qarşıda.
Həsrət məni yaman vaxtsiz qocaltdı
İnanmışdım vüsal durur qarşıda.

Yavaş-yavaş haqlıyıram əllini.
O da ola,ya olmaya bəllimi?
Bilirəm ki,tapmayacam həllini
Yaman çətin misal durur qarşıda.

Hələ kefimizin çağ vaxtlarıdı.
Hələ üzümüzün ağ vaxtlarıdı.
Hələ canımızın sağ vaxtlarıdı.
Ağrı durur, azar durur qarşıda.

Hələ bəxtimizin xoş günləridi.
Bir də gördün, o xoş günlər əridi.
Hələ ömrümüzdə iş günləridi.
Şənbə durur,bazar durur qarşıda.

Yavaş-yavaş ömrün,günün dadı yox.
Bir də gördün,bu ocağın odu yox
Yekə-yekə danışmağın adı yox.
Ölüm durur,məzar durur qarşıda

Ölüm sözü hardan düşdü dilimə?
Neçə dəfə əli dəyib əlimə.
"Qürbət yerdə can vermərəm ölümə"
Kəlbəcərə güzar durur qarşıda.

DEYİLMİŞ

Örtübmüş gözləri sərvət azarı,
İlahi, bu azar mənlik deyilmiş.
Mənimki verdiyin şeirmiş, sözmüş,
İlahi, bu bazar mənlik deyilmiş.

Doğru bildiklərim lap ağ yalanmış,
Zirvə bildiklərim əyri dalanmış...
Mənimki düz olub düzdə qalanmış –
Namərd, mərdiməzar mənlik deyilmiş.

O dağlarda bir möhtəşəm qalaydım,
Polad idim – nə mis, nə də qalaydım.
Gərək elə o dağlarda qalaydım –
Bu səfər, bu güzar mənlik deyilmiş.

HƏR GÜN ALDADIRAM ANAMI, ALLAH

Bu axşam gələcək qonağım-qaram,
Bu axşam dərdimin yaşı olacaq.
Hamıdıan birinci təbrikə gələn
Gözümün bir gilə yaşı olacaq.

Biz dərddən tutulan səmayıq, göyük,
Sevinci heç yoxdur, kədəri böyük.
Mən hardan biləydim yapışdığım yük –
Dünyanın ən ağır daşı olcaq.

Qaçıb gətirmişəm tək Sənə pənah.
Qoyma gora gertsin mənlə bu günah;
Hər gün aldadıram anamı, Allah
Hər gün deyirəm ki, yaxşı olcaq…

SAÇLARINDAN BİR TEL GÖNDƏR

Fürsət ver sənə bir şeir
Yazım–özümü öldürüm.
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.

Yox daha könlümün tabı,
Bağlandı ömrün kitabı.
Bu dünyayla haqq-hesabı–
Kəsim özümü öldürüm;
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.

Arzularım kəm,yarımçıq,
Taleyimə qəm qarışıb.
İnsanlardan sən qarışıq–
Küsüm özümü öldürüm;
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.

YADIMDAN ÇIXIB

Bizi qovuşduran o ilk görüş də,
Yersiz inadın da yadımdan çıxıb.
Yoxluğun canımı elə dondurub
İstin də,odun da yadımdan çıxıb.

Gerçəkdin,doğruydun,yoxsa xəyaldın
Sən məni nə təhər əlimdən aldın.
Bilmirəm zəhərdin,bilmirəm baldın
Tamın da,dadın da yadımdan çıxıb.

Tanıtma özünü rastına çıxsam
Əl atıb qaldırma qəm məni yıxsa.
Adını qızıma verərdim yoxsa-
Hayıf ki,adın da yadımdan çıxıb.

GİLEY

Sənnən qurtarmışam, dünya,
Heç nəyin gəlmir eynimə.
Səndən əl çəkməkdən başqa
Bir fikir batmır beynimə.

Elə yanımdan keçmisən,
Nə saymısan, nə seçmisən.
Qəmindən libas biçmisən
Mənim bu yalın əynimə.

Ha özünü qızıla tut,
İlkin beşik...
sonun tabut...
Dünya, məni bir yolluq ud,
Məni bir belə çeynəmə.

Bağrımı köz üstə qoydum,
Ömrümü söz üstə qoydum.
Dərd verdin – göz üstə qoydum,
Niyə çıxartdın çiynimə?..

ARZU

Ölüm də özünə yem gəzir hər gün –
Ölüm də istəyir
yavan olmasın.
Dünyada hər nə var,
cavan olsa da –
qəbiristanlıq cavan olmasın.

ATƏŞKƏS DÖVRÜNÜN ƏSGƏRİ

Atəşkəs dövrünün
əsgəri olmaq
yazıldı alnıma –
Nə qazi olmaq
şansım var,
Nə şəhid olmaq
xoşbəxtliyim...
Elini, obasını
itirmiş biri üçün
atəşkəs dövrünün əsgəri olmaqdan
böyük dərd yoxdur,
qardaşım.

ATA, QƏBİRİSTANLIQ YAMAN BÖYÜYÜB

Ata, qəbiristanlıq yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm sudan ucuz, amma məzarın
Üstündə növbədi, giley-güzardı.

Vallah, qayğılarım başımdan aşıb,
Sınıq ürəyimi dur bağla görək.
Ata, qəbiristanlıq yaman sıxlaşıb,
Yanında yerimi bərk saxla görək.

Sevincdən qismətim o qədər kəm ki,
Kədər çalışır ki, qəsdimdə olsun.
Qəbrinin səmtində ev tikmişəm ki,
Qoy gözün hər zaman üstümdə olsun.

Ata, qəbiristanlıq yaman böyüyüb,
Yaman çoxalıblar, qoşun olublar.
Allah behişt versin – kənd qonşuların
Gəlib şəhərdə də qonşun olublar.

Ruhuna yazmışam bu sətirləri,
Bir az ağı olsun, şeir olsun bir az.
Bir az da ağlayım qəlbim boşalsın,
Qoy təzə dərdlərə yer olsun bir az.

A DÜNYA

Küsüb-barışmaqdan yoruldum daha,
Gəl səndən biryolluq küsüm, a dünya.
Mən ha çağırsam da kardı qulağın -
Boğulur içimdə səsim, a dünya.

Qüssə verib - vaxtsız əymə belimi,
El içində gödək etmə dilimi.
Ətəyinə uzatdığım əlimi -
Bəlkə ətəyindən kəsim, a dünya.

Yurd seçə bilmirəm başqa bir yeri,
Daha nə tab yeri, nə səbir yeri.
Versən Kəlbəcərdən bir qəbir yeri -
Bəsimdi, bəsimdi, bəsim, a dünya.

DÜNYANIN PİYAN VAXTIDI

İndi şeytan havasına,
Bəndə oynayan vaxtıdı.
Bir qazanda beş-on qoçun,
Başı qaynayan vaxtıdı.

Bəşər susayıbdı qana,
İnsan toy tutur insana,
İndi bəndənin şeytana,
Aldanan, uyan vaxtıdı.

Dünya, əməlini unut,
Ağladığın gözü qurut,
Nə vaxt şər iş tutursan – tut,
Tanrıya əyan vaxtıdı.

Uyub sözə-sova getmə,
Düz yol yeri, yava getmə,
Dediyini qaba getmə,
Dünyanın piyan vaxtıdı.

SƏHRA

Ömrüm..bom-boz bir səhradı,
Axarı yox, baxarı yox.
Elə nə görmüsən odur,
Gəliri yox, çıxarı yox.

Dözdüm..dar gün ötə, gedə,
Dünya pisliyin tərgidə,
Məni bişirdi bürküdə,
Buludu yox, yağarı yox.

Düzü, mərdi dandı dünya,
Dərdə mərdin yandı, dünya,
Bu nə nərdivandı, dünya,
Aşağı yox, yuxarı yox.

Kədər ömrümə şələdi,
Sevinc ömrümə gilədi,
Bu düşdüyüm nə çilədi,
Əvvəli var, axırı yox...

SAĞLIQ OLSUN

Əvvəl-axır ölərik,
Ölərik..sağlıq olsun.
Allahım, hüzuruna,
Gələrik, sağlıq olsun.

Bitər bu uzun sürgün,
Gəlib yetişər sirr gün,
Ölüm nə imiş...bir gün,
Bilərik, sağlıq olsun.

Göndərər Allah günü,
Qara günü, ağ günü,
Mömin olsaq haqq günü,
Gülərik, sağlıq olsun.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ