Dağlar arxasında Vətən qoymuşam - İlham Qəhrəman

Tarix:1-08-2019, 09:52 Baxış Sayı:106

Dağlar arxasında Vətən qoymuşam - İlham Qəhrəman
Manera.az İlham Qəhrəmanın "Yaddaş" poemasını təqdim edir:

1. Proloq

Tutasan əlindən körpə balanın
Qalxasan dağların o üzünəcən.
Qənşərə çıxanda ağlamaq tuta,
Gözünü silməyə heyin olmaya
Gözünün yaşını külək quruda.

Körpə də gözünün selinə baxıb
Çəkinə-çəkinə bir sual verər -
Nəyi dedin, nəyi saxladın, dədə?
Orda nə görmüsən, ora haradı, -
Niyə zülüm-zülüm ağladın, dədə?

Dilin söz tutmaya, kəkələyəsən,
Bağrına basasan o körpəni sən,
Özünə gələsən bir daşın üstə.
Cavabın nə olar bəs o körpəyə,
Gələ bilərsənmi yaddaşın üstə?

Deyə bilərsənmi o dağlarda mən
Qoşa bulaqları ağlayan yerdə,
Quşları göylərdə ötən qoymuşam?!
Necə qandırasan - arxasız oldum,
Dağlar arxasında Vətən qoymuşam?!

2. Yaddaş

Yaddaş sədaqətli küçük kimidi,
Uzaqlaşmaq olmur, qovlamaq olmur.
Bütün ağrılara tablamaq olur,
Yaddaş ağrısına tablamaq olmur.

Hər şirin söhbətin içindən çıxır,
Zəhərə döndərir ovqatı yaddaş.
Ayılıb qalxırsan tutur yaxandan,
Yatırsan yuxuna əl qatır yaddaş.

Elə alovlanır yaddaş ocağı
Canımız odunda qarsılır, belə.
Gördüyü xəyanət boylanır hər gün,
Adam yaddaşından sarsılır, belə.

Gəlir göz önünə doğma adamlar,
Yaddaşdan gah qohum, gah qonşun keçir.
Gözünü yum, saxla! -
Silah-sursatla
Yurdu atıb gedən bir qoşun keçir.

Əli yetişməyən künc-bucaq yoxdu,
Ayağı altında kətili olur.
Düşür arxasınca, qarabaqara,
Yaddaşı adamın qatili olur.

3. Etiraf

Körpə sənə baxa - baxış işıqtək
Ən dərin qatına düşə qəlbinin.
Acı etirafın dilinə gələ -
Səsi eşidilə şüşə qəlbinin:

- Ta yaşın o yeri deyil, ay bala,
Candan şirin gedib, zəhər qalıbdı.
Dağlar sinəsində, çaydan yuxarı
Bizim bir cökəli şəhər qalıbdı.

Başı aşağıyıq, dili gödəyik,
Dilim gəlməz desin döyüşmüşük biz.
Tərəziyə qoyub torpağı, canı
Qalanı gedənə dəyişmişik biz.

Dədən gözlərinə dik baxa bilmir,
Dədənin gözləri kölgəli qaldı.
Daha ömrümüzdən bir şey qalmayıb,
Biz getdik, vətənin əngəli qaldı.

Sizin gözünüzə dik baxmaq olmur,
Bizim gözümüzə endi kölgələr.
Tarix qarşısında suçumuz böyük,
Vətənin özündən gendi kölgələr.

Cüt təkdən var olur əlbir olmağa,
Cütün səsi çıxmır, təki tərpənmir.
Adam var yanında torpaq deyirsən,
Qımı qımıldamır, tükü tərpənmir.

"Döyüş alnımıza yazılıb!" deyən
Döyüşdə ölməyi əhd eyləmədi.
Kim harda oturdu ora sahibdi,
Geriyə dönməyə cəhd eyləmədi.

Axı babalardan nə öyrənmişik? -
Namusdan ucada dayanır torpaq.
Adını döyüşçü qoymaqla deyil,
Əgər döyüşmüsən - bəs hanı torpaq?!

Fərasətsiz olduq - ağıl ucundan -
Yurda dərd toxuduq, gözədik, bala.
Vətən təqvimini bir "rəssam" kimi
Qara günlər ilə "bəzədik", bala.

Dünyanın ən ağır dərdidi, bala,
Əkib-becərəsən bar dərməyəsən...
Vətənin adını dildə çəkəsən,
Vətəni balana göstərməyəsən.

Biz sizi vətəndə qərib eylədik,
Kökdən qoparılmış ağac kimisiz.
Doğma dənizində öz limanına,
Yan ala bilməyən səmtsiz gəmisiz.

Müqəddəs nə varsa, ayrılıb qaldı,
Hamısı bax orda - işğal altdadı.
Təkcə torpaq deyil, təkcə yurd deyil,
Sevgi də, qürur da işğal altdadı.

Hər yeri gələndə, söhbət düşəndə
Elə dizinizə döyərsiz, bala.
Yiyəvay dərdindən getdi torpaqlar -
Bizim gorumuza söyərsiz, bala.

4. Qoşma

Niyə belə zəlil gününə düşdük? -
Bir deyən olmadı nə sirdi, bala.
Düşmənlər bu yurdu elə təkləyib
Vətən ortalıqda yesirdi, bala.

İgid bu dar gündə uyuyarmı heç, -
Dar gündə gen durmaq yarayarmı heç?!
Adam torpağından soyuyarmı heç -
Bu necə hökmdü, təsirdi, bala?!

Bəs bizi sevənlər nə üzlə sevə? -
Yuxuda görmüşəm neçənci dəfə,
Çoxlu sual verir sən adlı nəvə
Mən adlı dədən də susurdu, bala.

5. İdilliya

Xatirə balıqçı toru kimidi,
Bir yol dolu, bir yol boş çəkəcəyik.
Gəl tutaq əl-ələ - biz dədə-bala -
Xəyalən o yurda baş çəkəcəyik:

- Bax burda atamın odun çiniydi,
Ora da anamın sac yeri idi.
Azca çökək idi, azca çalaydı,
Sac yeri həyətin ac yeri idi.

Bu dəmir yabadı, bu ağac yaba,
Bu zindan-çəkicdi, bu kərəntidi.
Çəkic barmağına dəydi bir dəfə,
Kərənti döyəndə atam təntidi.

Ovxarda saxlardı kəsəri atam,
Küncə cəm edərdi balta-dəhrəsin.
Anam "bu evinən yarıdı" deyib,
Atmağa qoymazdı cehiz nehrəsin.

Qədimdən qalmaydı gördüyün ütü,
Közlə doldururduq ütü çəkirdik.
Anam inəkləri sağırdı sonra
Süd maşının qurub südü çəkirdik.

Yeyəylə, at nalı dirək başında,
Asılmış olardı haça xirçəkdən.
Keçi qırxılardı, qəzil gedərdi,
Sicim qayıdardı bir ağbirçəkdən.

Biz qapı-bacada nə iş görmüşük
Eşq ilə görmüşük, ürək vermişik...
Dəhlizin bu mili qarın salladı
Atamla altına dirək vermişik.

Qəmər madyanımız ürkdü bir dəfə,
İtlər hürüşəndə hay-haya düşdü.
Fırladım Novruzda alov şarını
Əlimdən çıxanda tayaya düşdü.

Çiynində tüfəngi ovçu Tapdığın,
Cil güdər, cır atar, ördək vurardı.
Qoşulub qaçanlar bizdə gizlənər,
Anam da gəlinə gərdək qurardı.

Təzə paltar geyib cüt gedərdilər,
Calal aşıq idi, dəmkeş İsiydi.
Bir əli cibində olardı toyda,
Fərman kəndimizin mərd kişisiydi.

Bir də eşidərdik toy səsi gəlir,
Qara zurna yolda havalanardı.
Qırmızı lent ilə yolu kəsərdik,
Yaxşı rəqs edənlər nəmər alardı.

Mən balıq ovunu lap çox sevərdim, -
Çardağın altında qoşa qarmağım.
Hərdən də soyunub suya girərdim
Balıq keçirəndə daşa qarmağı.

El dağa qalxanda atlar löhrəmli,
Dəvənin yerişi ahəstə idi,
Boynunda zınqırov bir yana dursun,
Yük altda ləngəri bir bəstə idi.

Ertənin havasın atam ulduznan, -
Gecə çölə çıxıb göydən bilərdi.
Hansı odun yansa kimin evində,
Kişilər tüstüdən, iydən bilərdi.

...Dizlərim qatlandı, çökdüm, ay bala,
Dur gəl bu ayağı sən geri yerit.
Növrağı dağıldı, şənliyi getdi,
İndi yurdumuzda it ulayır, it.

6. Şəhər ağısı

O danışan yekə-yekə,
Şəhər, adamların hanı?!
Çölü ardıc, içi cökə,
Şəhər, adamların hanı?!

Çəkilib tarıma kimi,
Dağıldılar qırma kimi.
Payız gedən durna kimi,
Şəhər, adamların hanı?!

Üstündə dururmu o çən?!
Səni o baş-bu baş ölçən,
Dağdağan bulağından içən,
Şəhər, adamların hanı?!

Gündüzüynən, gecəsiynən,
İşıq gələn hücrəsiynən,
Qarma-qarış küçəsiynən,
Şəhər, adamların hanı?!

Sinədəydi nərgizdiyin...
Sənə qaldı bu dözdüyün.
Hər gün göz olub gəzdiyin,
Şəhər, adamların hanı?!

Oyunlara mat qoyulan,
Yatağına od qoyulan,
Qəbrə amanat qoyulan,
Şəhər, adamların hanı?!

Dağlar kimi qalan vardı,
Əvəz kimi balan vardı,
Şəhər, səni salan vardı,
Şəhər, adamların hanı?!

7. Çay ağısı

Qoşa-qoşa bulaqlarnan,
Çayım, səndən kimlər keçdi?!
Gümüş pullu balıqlarnan,
Çayım, səndən kimlər keçdi?!

Adamlara nə dedilər -
Biri-birinə dəydilər?!
Yoldaşı salxım söyüdlər,
Çayım, səndən kimlər keçdi?!

Yamaclarda yelli gələn,
Qıjovlarda güllü gələn,
Yazağzında selli gələn,
Çayım, səndən kimlər keçdi?!

Daşqınlarda gurultuyla,
Ay doğanda parıltıyla,
Bir nəğməli şırıltıyla,
Çayım, səndən kimlər keçdi?!

Şəklin gözümdədi həmən,
Çaylaq, qumlaq, çayır, çəmən,
Qız-gəlinlər donlu çimən,
Çayım, səndən kimlər keçdi?!

Şaqqır bulağı qaynayan,
Yatağı sağ-sol oynayan,
Oynamağından doymayan,
Çayım, səndən kimlər keçdi?!

Yolların dolanbadolan...
Ax üzüyenişə yollan.
Laçın, Qubadlı, Zəngilan,
Çayım, səndən kimlər keçdi?!

Getdi dostların köhnəsi,
Qaldı zamanın tənəsi.
Hər bağ üstə bir dəhnəsi,
Çayım, səndən kimlər keçdi?!

8. Evimiz

Qapısı qıfıl görməyən,
Yolçular dönən evimiz.
Boydan boyu, endən eni,
Geniydi, lap gen evimiz.

Qış gəlsə, qarı yağırdı,
Yayda nübarı çıxırdı.
Altından çayı axırdı,
Üstən yol enən evimiz.

Anam dil deyib ağlayan,
Bacım yüyrük yırğalayan,
Divarı qurum bağlayan,
Ocağı sönən evimiz.

9. Epiloq

Sənə üz tuturam, Sən ey göydəki,
Bizim haqqımızda bir qərar eylə!
Bizdən qaçaq düşən ədalət hissin,
İtən meyarları bərqərar eylə!

Günahımız çoxdu, gün gələr bizi -
Yurdumuzun ahı tutar, İlahi!
Dağlar zirvəsindən ətəyə endik,
Bizi zirvələrə qaytar, İlahi!

Dörd yandan düşmənlə təklənib bu xalq,
Özünü tanısın - qoruna bilsin!
Vətən qarşısında günahı çoxdu, -
Səbəb sal günahdan arına bilsin!

Gör necə quruyub çılpaq qalıbdı
Ağacın yadına yarpağı sal Sən!
Paris, Moskvadan, Londondan qabaq
Bu xalqın yadına torpağı sal Sən!

Toyuğu itənlər əliçıraqlı
Düşür qapı-qapı gəzir, İlahi!
Yurdları itirib oturmuşuq biz,
Adamı bu dərdlər üzür, İlahi.

Qollarım göydədi, dilim duada,
Burda tamam oldu söhbət, İlahi!
Qeyrət damarımız mürgüyə gedib,
Sən həmən damarı tərpət, İlahi!../edebiyyatqazeti.az/

İyun-iyul 2019 BakıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ