Bu ömür bilməcədir - Vəliyulla Novruzun şeirləri

Tarix:9-07-2019, 18:18 Baxış Sayı:222

Bu ömür bilməcədir - Vəliyulla Novruzun şeirləri
Manera.az tanınmış şair Vəliyulla Novruzun şeirlərini təqdim edir:

Bu ömür

Bu ömür əmanətdi,
Tanrı onu pay verib.
Bu payı bölmək olmur,
Nə veribsə, ta verib.

Bu ömür qəmə şərik,
Yükünü çəkir ürək.
Ruzisi daşdan çıxır,
Qisməti yavan çörək.

Bu ömür karvan yolu,
Yol gedir öz içində.
Enişi, yoxuşu yox,
Yolu eyni biçimdə.

Bu ömür bir nağıldır,
Gör necə də bal dadır.
Şirin yalanlarıyla,
Başımızı aldadır.

Bu ömür bilməcədir,
Naşılar çətin tapar.
Şeytdan heç nə sorma,
Allaha pənah apar.

Bu ömür qərib ömrü,
Günü qürbətdən keçər.
Vətən eşqiylə yanıb,
Bir gün dünyadan köçər.


***
Gör necə də şirindi,
Doğma ana qucağı.
Kimsə söndürə bilməz,
O yandıran ocağı.

İllərdən soraq verir,
Alnındakı qırışlar.
Onun içinə yağır,
Gözdən yağan yağışlar.

Çiçək açıb ovcunda,
Əllərinin qabarı.
O ələ həsrət qalıb,
Saçlarımın tumarı.

Arzusu, niyyəti saf,
Övlad qolu, qanadı.
Həyatda ən müqəddəs-
Varlıq özü anadı.

Bu gün bükülmüş beli,
Vüqarımı sındırır.
Kədərli baxışları,
Ürəyimi yandırır.

Özü qayğıya möhtac,
Qayğımıza qalır o.
Elə bu gününə kimi,
Qadamızı alır o.

Bu kövrək uşaqlığım,
Nə tez dil açdı, dindi.
Həzin layla səsinə,
Nəvələr yatır indi.

Məni

Dərd əlindən çölə düşdüm,
Bir qurumuş gölə düşdüm,
Öz eşqimə kölə düşdüm,
Dilənçi bildilər məni.

Unutdum öz ünvanımı,
Kimlər etdi divanımı?
Şum etdilər xırmanımı,
Ürəkdən sildilər məni.

Talan oldu taxtım, tacım,
Qalmayıb daha əlacım,
Mən dərdimi kimə açım,
Min dərdli gördülər məni.

Xan Arazda tək bərəyəm,
İki canda bir ürəyəm,
Gördülər yurda gərəyəm,
Yarıya böldülər məni.

Bu dünyanın əlindən

Bu dünyanın əlindən,
Özümü daşa tutdum.
Dərdlərimi unudub,
Gözümü yaşa tutdum.

Gördüm ana ağlayır,
Körpələri qalıb ac.
Qapılarda dilənir,
Yavan çörəyə möhtac.

İnsanlar bu həyatda
İlahi nələr çəkir?-
Çöldə toxum yerinə,
Ürəyinə qəm əkir.

Dünya itirib başın,
Çapalayır gör necə.
Qorxunc yuxular görür,
Sayaqlayır hər gecə.

Bu dünyanın mən ancaq,
Kədərindən yarıdım.
Qara günlər yaşadım,
Ağ günümdə qarıdım.


***
Dünənimdən güc almışam,
Bu günümə ucalmışam.
Ağlamağı bacarmışam,
Gülməyi öyrədin mənə.

Kim çəkibdi mən çəkəni,
Tanrı söküb mən tikəni,
Əlimdəki son tikəni,
Bölməyi öyrədin mənə.

İtirmişəm mən başımı,
Axtarıram sirdaşımı,
Bir yetimin göz yaşını,
Silməyi öyrədin mənə.

Talanıbdı bağça-bağım,
Açılmayır qaş-qabağım,
Əldən gedibdi torpağım,
Ölməyi öyrədin mənə.

Bu yalançı dünyanın

Bu yalançı dünyanın
Nəyinə bənd olmusan?
Bəlkə səni inlədən
Neyinə bənd olmusan?

Bir qamış parçasıdır,
Doğranıb dilim-dilim.
Üfürdükcə ağzımda,
Alışıb yanır dilim.

Bədəndə donur qanım,
Gör nə vaxtdı şəkərəm.
Əriyib gedən canın,
Ağrısını çəkənəm.

Dünyanın nə vecinə,
Qalan quru səsimdi.
Köç etsəm bu dünyadan,
Beş arşın ağ bəsimdi.

Dünya öz işindədi,
Qurub mizan-tərəzi.
Əyrini əyri çəkir,
Düzlə yoxdu qərəzi.

Min illərdi yerində,
Elə duran dünyadı.
Oddan, sudan, torpaqdan,
Tanrı quran dünyadı.

Anamın məzarı önündə düşüncələr

Yoxluğun nə yaman üşüdür məni,
Başımın üstünü duman, çən alıb.
Zaman da dən kimi üyüdür məni,
Mənim də ömrümə daha az qalıb.

Sən köçüb qovuşdun əbədiyyətə,
Dərdlərin əlindən sıxıldım, ana.
Sən yoxsan dözürəm qəmə,zillətə,
Özüm öz içimdən yıxıldım, ana.

Bu dünya başıma gör necə dardı,
Həsrətin qəlbimi yandırıb yaxır.
Mənim də ağ saçlı bir anam vardı,
İndi baş daşından boylanıb baxır.

Gəlmişəm yanına ovunum bir az,
Yanan ürəyimi soyudum gedim.
Burda yatanları oyatmaq olmaz,
Bilmirəm mən sənə nə kömək edim?..

Doymazdım heç zaman şirin sözündən,
Unuda bilmirəm baxışlarını.
Məzarın önündə diz çökürəm mən,
Saxlaya bilmirəm göz yaşlarımı.

Sənsiz qapımızı açan da yoxdur,
İndi buza dönüb ata ocağı.
Kədərli xatirən qəlbimdə çoxdu,
Gör necə doğmaymış ana qucağı.

Sənə gətirdiyim gül-çiçəkləri,
Qəbrinin üstünə düzürəm, ana.
Üşüdür canımı yaz küləkləri,
Bu ağrı-acıya dözürəm, ana.

Bir gün köç eləyib yanına gəlləm,
Qəmli taleyimlə barışaram mən.
Sənin yoxluğuna dözməyib ölləm,
Ay ana,ruhuna qovuşaram mən...

İllər sığal çəkdi ağ saçlarıma

İllər sığal çəkdi ağ saçlarıma,
Dağlara ələnən ilk qara baxdım.
Göydə dövrə vuran qara qartala,
Zirvədə boylanan vüqara baxdım.

Başımın üstündən tufanlar əsir,
Bilmirəm dünyanın harasındayam.
Duman da dərədə yolumu kəsir,
Gördüm ki, uçrumlar arasındayam.

Yaxını, uzağı çox harayladım,
Səsimə səs verdi qayalar mənim.
Gecəni yatmayıb dağlarda qaldım,
Çatdı köməyimə kahalar mənim.

Enişli-yoxuşlu yollardan keçdim,
Gördüm qar üstündə ağarır izim.
Yolun hamarını, düzünü seçdim,
Taqətim qalmadı, büküldü dizim.

Ömrümü, günümün bu vədəsində,
Məni çox sınağa çəkdi bu illər.
Bir nisgil duyuram qış nəfəsində,
Həyatdan köç edir yaşlı nəsillər.

A doğma kəndim

Gəldim, qədəm qoydum torpağına mən,
Çinar vüqarımla ucaldım göyə.
Haqqım var səninlə öyünüm, Vətən,
Bu kökə, torpağa bağlıyam, - deyə.

Mən öz dincliyimi, sakitliyimi,
Sənin varlığında, qəlbində tapdım.
Unudub bir anlıq dərdi-sərimi,
Həyatda ən böyük arzuma çatdım.

Büllur çeşmələrin içib gözündən,
Ruhumla, duyğumla mən cana gəldim.
Bir arx kənarına çəkilib həmən,
Kövrək hisslərimlə birgə dincəldim.

Gəzdim kövşənliyi düzlər boyunca,
Gördüm ki, itibdir çığırım, izim.
Ağlayıb göz yaşı tökdüm doyunca,
Bu doğma yerlərdən doymayıb gözüm.

Sən də, əziz anam, bağışla məni,
Bağışla yanına gec-gec gəlmişəm.
Yığıb gözlərimə kədəri, qəmi,
Mən sənin qədrini indi bilmişəm.

Oğulluq haqqımı halal et mənə,
Laylası bir eli yatıran anam.
Bütün ömrü boyu borcluyam sənə,
Məni bu dünyaya gətirən anam.

Nədəndir bu qədər vəfa, etibar,
Sənin ocağında dünyaya gəldim.
Qoynunda yatmağa torpağım da var,
Mən də öz balanam, a doğma kəndim.

Bu payız gözümdə qızıl payızdı

Bu payız necə də gözəldir, Allah
Ağaclar sarışın bir qıza bənzər.
Budağdan asılan sarı yarpaqlar,
Gecələr sayrışan ulduza bənzər.

Sarı libasını geyinir meşə,
Dünyanın ən gözə qızı, payızdı.
Günəşin şöləsi yayılır döşə,
Bu payız gözümdə qızıl payızdı.

İnsanın üzünə gülür çöl, çəmən,
Solub saralsa da gülü, çiçəyi.
Gözəllik önündə sehirlənmişəm,
Saçımı oxşayır payız küləyi.

Narın yağış yağır otların üstə,
Ağaclar yarpaqdan çətirlənibdi.
Güllərin qoynuna sinən damlalar,
İlahi, gör necə ətirlənibdi.

Xəzan çiçəyindən bağlayır dəstə,
Ana təbiəti seyrə gələnlər.
Qonub ağacların kövdəsi üstə,
Meşəyə səs salır ağacdələnlər.

Durnalar dəstəylə qatarlanıbdı,
Havadan sis-duman qoxusu gəlir.
Hələ yığılmayıb bağların barı,
Heyvanın nə şirin qoxusu gəlir.

Bu payız köç edən gözələ dönər,
Ağlar bulaqların gözləri dolar.
Yarpaqlar tökülüb xəzələ dönər,
Payızdan bir həzin xatirə qalar.

Ürəyim kövrəlir ağrıyıram mən

Hardasa qaralan ocaq görəndə,
Uçulmuş bir daxma, bucaq görəndə,
Məni ümid bilən qucaq görəndə,
Ürəyim kövrəlir, ağrıyıram mən

Namərdi gör necə çəkirlər başa,
Oğulsan, bu ömrü gəl indi yaşa,
Qardaş qardaşıyla girib savaşa,
Ürəyim kövrəlir, ağrıyıram mən.

İtibdi arada dostluq, məhəbbət,
Nə insaf qalıbdı, nə də dəyanət,
Tapdanır hardasa namus, ləyaqət,
Ürəyim kövrəlir, ağrıyıram mən.

Nadanlar ev yıxıb, qapı bağlayır,
Bir ana fəryadı sinə dağlayır,
Hardasa bir yetim uşaq ağlayır,
Ürəyim kövrəlir, ağrıyıra mən.

Dərədə sürünən duman kimiyəm,
Tükdən asılı qalan güman kimiyəm,
Damlada qərq olan ümman kimiyəm,
Ürəyim kövrəlir, ağrıyıram mən.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ