Ömürdü odunda çox üşümüsən - Hamlet Kazımoğlunun şeirləri

Tarix:8-07-2019, 16:56 Baxış Sayı:229

Ömürdü odunda çox üşümüsən - Hamlet Kazımoğlunun şeirləri
Manera.az nakam şair Hamlet Kazımoğlunun şeirlərini təqdim edir:

Üzündə gözəllik qaymaqlayacaq

Könlümüzdə dilə gəlməz sevgi var
Susacağıq illər boyu, deyəsən.
Nə vaxtsa dünyada ikimiz qalsaq,
Bir axşam qapımı gəlib döyəsən.

Döyəsən qapımı… açıb görəm ki,
Yüz illər qabaqca gördüyüm sənsən.
Bütün sevdiklərim arada qalsın,
İlk dəfə, son dəfə sevdiyim sənsən.

Ötən illər səni dəyişməyəcək,
Nəyin varsa elə, elə qalacaq.
Uzağı, uzağı, ey gözəl, sənin
Üzündə gözəllik qaymaqlayacaq.


***
Gəzəndə sahili bir qürub çağı
Qanıydı Günəşin üfüq yatağı,
Pıçıldadı birdən, əsdi dodağı
Sevgilim anamtək yalvardı mənə.

Bu görüş anında həsrət olmadı,
Ayrı söz olmadı, söhbət olmadı,
Mənə yalvarmaqdan heç o doymadı
Sevgilim anamtək yalvardı mənə.

Mənə yalvarmağa gəlmişdi, nədi,
Doğacaq oğlumu bilmişdi, nədi?
Yoxsa daha anam ölmüşdü, nədi, –
Sevgilim anamtək yalvardı mənə.

…Mənmi tələsmişdim tez doğulmağa,
Omu gecikmişdi ana olmağa?
Qayıtdım bir bətnə mən yığılmağa
Sevgilim anamtək yalvardı mənə


***
…O yatıb içinə girdiyin yuxu,
ömründə əksidir bir heçin, qadın.
Sənə düşməyəcək gördüyün yuxu,
görə bilmədiyin yuxun çin, qadın.

Üzükdən qapım var, barmağın dəyər,
döyüb bu qapını yormağın dəyər,
Uçmaq sevincinə qonmağın dəyər,
əllərin əlimdə göyərçin, qadın.

Getsən də həsrətin bir sərt dayaqdı,
ölməyib qalaram, şərt – yaşamaqdı.
Sevgim göyə çıxıb, dedilər, haqdı,
söylə qalarsanmı mənimçün, qadın?!.

Təcnis

Gözəlliyin ilandilli odunda,
Sən ki mənim ürəyimi əritdin.
Üz tutacaq qibləm, yönüm qalmadı,
İndən belə yandır iman, ərit din.

Məndən ötrü gəlin də sən, a qız da,
İkimizik gəzən dildə, ağızda.
İçdən qopan ahı tutmaz ağız da,
Onu qaynar dodağınla ərit, din.

Üzün açıb demə: bahar, yazıq ki,
Qaralarla bəxtim yazıq-yazıq ki.
Kazımoğlu, təkcə sənə yazıq ki,
Ər tapıldın, itəndə də ər itdin.

Məni tap

Orda mənim qəbrim… bunu bir haqq san,
Hamı gəlib-gedir, sən isə yoxsan.
Gəlib mən ölmüşə bir sən də baxsan,
Gözümü yummuşam, gəl asanca tap.

Ömürdü odunda çox üşümüsən,
Gündü – göy əsgili günə düşmüsən.
Ev-eşiyə necə isinişmisən? –
Tökülsün göz yaşın, gözlərini qırp.

Sağ olsam neynirəm sənə söz deyəm,
Bəlkə heç olmazdın belə gərəyim.
Daha torpaq olub mənim kürəyim,
Barmaqların uzun…kürəyimi çırp.

Yaman qəribsəmişəm

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Buludları yerə töküm
Yağışlar tərsinə yağsın
Ağaclar kökündən bar versin
Dünyanı baş-ayaq eyləyim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir həsrət çəkim
Bir vüsal var ona yetim,
Bir az dəlilik edim
Cavanlıq keçirim
Lap gözümü yumub evlənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir siqaret yandırım
Fikrim dumanlansın,
Vaxtım keçsin
Bir az külqabıyla əylənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Şeir yazmaqdan bir şey çıxmadı,
Bu şeiri heç kim oxumadı,
Gedim Allahın yanına
Bir əməlli sənət öyrənim.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ