manera.az
manera.az

Ömrün əlindən tutub, yaşayıram həyatı...- ŞEİRLƏR |MANERA.AZ

22-09-2015, 12:15

Ömrün əlindən tutub, yaşayıram həyatı...- ŞEİRLƏR |MANERA.AZ
Manera.az gənc şair Faiq HÜSEYNBƏYLİnin şeirlərini təqdim edir:

“ÖMRÜ AYAĞINA YIXILANLAR” SİLSİLƏSİNDƏN

BİRİNCİ NƏĞMƏ

Ömrün əlindən tutub
Yaşayıram həyatı.
Zindan qayğılarımla
Daşıyıram həyatı.

Hərdən sakitləşirəm
Özümü unuduram.
İçimdəki sevgimi,
Alovuma tuturam.

Qaçhaqaçdadı dünya,
Heyrətdə qalmışam mən.
Səmalardan güc alıb,
Eşqə ucalmışam mən.

Pərvanə eşqi ilə,
Alışıb yanır ürək.
Çat verir, çiliklənir,
Hər sözə sınır ürək!

Olumdan ölüməcən,
Yaşadıq bu təzadı.
Bu ağrının-acının,
Görən varmı bir adı?

Tuş olmuşam həyatın,
Xeyirinə, Şərinə.
Dərya düşüncələrim,
Çəkir məni dərinə.

Bir İlahi sevgidən,
Götürmüşəm örnəyi.
Bir ağı de sən mənə,
Bir ağı de, göynəyim.

Macəra axtarırsan,
İki daş arasında?
Mən ölüm yaşadıram,
Gözlə qaş arasında.

İKİNCİ NƏĞMƏ

Mən sevirəm həyatı
Günəşə, aya görə.
Mən sevirəm həyatı
Dənizə, çaya görə.

Sevirəm bu həyatın
Meşəsini, dağını.
Odunu, havasını,
Suyunu, torpağını.

Bu həyata bağlıdı
Mənim bütün varlığım.
Bu dünyayla oynayan,
Bu dünyanı oyadan
O dəcəl uşaqlığım,
O şıltaq uşaqlığım.

Mən sevirəm həyatı
Sənə görə, əzizim.
Sən də sev bu həyatı,
Sən də sev, canım-gözüm.

SƏMADAN GƏLƏN ƏLLƏR

Güvəndikcə gücümə
baş vururam içimə.
Dünya məni almayanda vecinə
küsdüm...

Gələ-gələ,
gülə-gülə,
bilə-bilə yaşadığım acılar
üzümə sehirli qapı kimi açılar.
Bu dəniz ömrümə
nəğmə deyir ləpələr,
Atəşimi söndürməz dalğalar,
Xoş sözlərim ürəklərə səpilər.
Bu dəniz dərdlərimlə,
bu ümman qayğılarla
ümidlərdən əlimi üzdüm...

Dərdlərimi yaşayıb
ölümdən yazıram.
İçimi oxuya-oxuya
çölümdən yazıram.
Çəkdiyim çilədən,
zülümdən yazıram.
Dayanmışam sözümlə
üz-üzə, göz-gözə.
Bir dəli duyğunu ovutmaq üçün
Sətir-sətir fikirləri
ağ kağıza düzdüm...

Canavar zaman
ümidimi yedi, arzumu qapdı...
Hərə bir baxt qaraltdı ağ günə çıxdı,
Hamı özünü tapdı,
mən özümü itirdim,
özümü gəzdim...

Məlikməmməd ömrümün
divi getmir yuxuya.
Hansı donu geyindirim
gözümdəki qorxuya?
Səmadan gələn əllər
qarışdırır fikrimi,
Uzanır ömrümə
Tanrının əli kimi.
Ağ əllər, gözəl əllər,
Bu əllər, qızıl əllər,
Bu əllər gümüş əllər,
Əzabı görmüş əllər
ömürümü xalı kimi
ya sökə, ya toxuya,
İsrafilin Sur tütəyi
Mənə nəğmə oxuya...
Nələr olur, ax, nələr,
Fələyin taleyimə
vurduğu bu zərbələr
ruhu sarsıdacaqsa,
qismətimi udacaqsa,
nəyə lazım bu meydan?
“Can, gülüm, can-can”...

Kimə dəmir kimidi,
Kimə axır su kimi.
Həyat belə həyatdı,
Bəzən elə “şeş”i də
gərəksizdi “du” kimi.
Fələyin çarxı dönür,
Teşti qızıl qandı, qan,
“Can, gülüm, can-can”...

BAKI SƏHƏRİ

Dan yerinin şəfəqlərini öpə-öpə
çırpılır sahilə Xəzər.
Addımlayır səkilər
küçə boyunca.
Belə açılır Bakıda səhər...
Maşınların siqnal səslərindən diksinir
yuxuya dalmış “kos-koca” şəhər.

Sabahın xeyir, Bakı,
Buludlara baş vuran,
ayağı dənizdən su içən
göydələnlərinə salam.
Aşağıya daş atıb,
yuxarıya baş əyən
başbilənlərinə salam.
Salam olsun
dünyaya səs salan
Büllur saraylarına.
Bilirsənmi necə gözəldir
Meydan tamaşası? –
Bu meydanda at çapır
Şeytan tamaşası...
Sən də min cin atına,
Qoşul bu şeytanlara.
Əlini-ayağını
boya qızıl qanlara...
Tələs, “dədə balası”,
Sonra çox gec olacaq,
Sonra sənə elə baxmaq qalacaq.
Büllur saraylarda
insanların üzünə
ziyafətlər gülümsəyir,
Ziyafətlər içində
afətlər gülümsəyir.
BMT-lər əl sıxır,
ATƏT-lər gülümsəyir...
Gülümsə, Bakım mənim,
Gülümsə öz halına.
Sən dözümlü şəhərsən,
Bir az da döz halına...

ZAMANIN KOORDİNATLARI

Zaman tərs mütənasibdi
Arzularımla,
duyğularımla,
ümidlərimlə....
Zaman kiçildikcə,
Arzular heçə çıxır,
ümidlər puça çıxır,
duyğular mənasızlaşır.
Mən düzxətli adamam
Kimsəylə işim yoxdu.
Düzmütənasib şəkildə keçirəm
Zamanın koordinatlarından.

ZAMANSIZ ADAM

Daşqalaq eləyin məni,
Dərimi soyun.
İpə çəkin, boğun,
Bütün tarixi və dini cəzaları tətbiq edin,
Doğrayın qıyma-qıyma, –
Amma yandırmayın məni...

Mən əjdaha deyiləm,
vaşaq deyiləm.
Mən insanam –
ən vəhşi heyvan...
Mən daha üzü yumşaq deyiləm.
Başımı qatmayın,
məni aldatmayın –
mən ki, uşaq deyiləm.
Buz baxışlarınızda
dondurmayın məni...

Mən zamansız adamam,
Hər könüldə ünvanım var.
Dözərəm hər çətinə,
Dəmir kimi canım var.
Əyilmərəm –
Mənim adım-sanım var,
Sındırmayın məni...

QÜRBƏTDƏ ÖLÜM QORXUSU

(qürbət həyatı yaşayan soydaşlarımıza)

Azərin ürəyi
tez-tez sıxılır.
Azərin ömrü
Getdikcə yıxılır
ayaqlarına...
Dərd edir özünə
ən adi olayı,
Tanrıdan kəm gəlib bəlkə
Azərin qismət payı?..
Tanımadığı bir məzarın üstünə
tökür göz yaşını,
Azər öz doğma balası kimi
qucaqlayır baş daşını.
Azər uşaq kimi ağlayır,
özü ilə təbəssüm arasında
min illik məsafə saxlayır...
Kim bilir Azərin dərdini?
Azər öz atasına
heç belə ağlamadı,
Azər gələnə boyun əymədi,
Gedəni saxlamadı...
Bəlkə, sıxılır Azər?
Dərdini paylaşmağa
Bəlkə adam axtarır?
Dərdi nədir adamın? –
içki içən deyil,
nəşə çəkən deyil...
Siqaret tüstüsünü
dərd kimi çəkir Azər
ciyərlərinə.
Dünyanın ən qəmli düşüncələriylə
sevincinin üstünə
qara bulud kimi çökür Azər.
Nəyin fikirini edir?
Evi var, eşiyi var,
Həyətində maşını,
Həyatında yoldaşı,
Bir cüt göyərçin balası –
bir oğlu, bir qızı var.
Başının dost-tanışı,
Çörəyinin duzu var.
Azərin cibi pulsuz qalmayıb,
kimsəyə borcu yoxdu.
Azərin vicdan qarşısında
günahı, suçu yoxdu...
Niyə ağlayır Azər?
Niyə ağrıyır Azər?

Yox, yox, bu ağlamaq deyil,
Ürəkdə illərin ayrılığını daşımaqdı.
Bu –
qürbət ellərdə
ölüm qorxusuyla yaşamaqdı,
vətənsiz...

SƏXAVƏTIN TƏNHALIĞI

Səxavətin gözündə
Bir damla yaş ağladı.
Daşa dedi dərdini,
Dərdinə daş ağladı.

Səxavətin dərdini
Duymadılar, getdilər.
Səxavətə bir ümid
Qoymadılar, getdilər.

Səxavət tənhalıqdan
Kam aldı bu dünyada.
Yarısını tapmadı,
Kəm qaldı bu dünyada.

İçində ata gördüm,
Ana gördüm adamın.
Azrulara baş vuran
Sona gördüm adamı.

Uzatdım əllərimi
Səxavətin dərdinə.
Əlimdən nə gəlir ki,
Çəkdi məni dərinə.

İçini qəm çürütdü
Dağ boyda Səxavətin.
Baxdı, görə bilmədi
Kimsənin səxavətin.

Yaddaşımda ilişdi,
Bircə damla göz yaşı.
Səxavət qismətiylə,
Başlamadı savaşı.

SEVGİ ADLI GÜNAH

Demə, eşqin önündə
əli-qolu bağlıyam.
Xəyalları uçurumdan yıxılan
bir ürəyi dağlıyam.
Sualların önündə
Dayanmışam cavabsız.
Bitməmiş bir fikirdi bu həyatım,
Kim keçdi bilmədim,
məsud, məmnun, əzabsız...
Qoşulub arzulara
qanadlanıb uçuram.
“Sim-sim” qapılara,
Kilidli, tilsim qapılara
Söz adlı açaram.
Minmişəm cin atına,
Baş götürüb qaçıram
Göyün yeddi qatına.
Sözəm, deyilməmişəm.
Mən köhnə kişilərin
buxara papağıyam.
Əldən ələ gəzmişəm,
başa geyilməmişəm.
Bilirsən ki, min ildi
Yük altındadı çiynim,
amma əyilməmişəm.
Əyilmərəm şeytanın
uydurduğu tamaha.
Tanrım məni batırıb
SEVGİ adlı günaha...

SU AT ARXAMCA, ANA

Su at arxamca, ana,
Qoru məni dünyanın
Şərindən, möhnətindən.
Su at arxamca, ana,
Qurtarım bu çətindən.

Yetənlər yetdi mənə,
Yetməyənlər daş atdı,
Təkcə sənin əllərin
Su atmaqla yolumda
Mocüzələr yaratdı.

Su atan əllərini
Əsirgəmə, anacan...
Addım atıram, su at,
Aydınlıq olsun yolum,
Hər gün, hər saat, hər an
İmtahandır bu həyat,
Ana, arxamca su at.

Elə böhtan atdılar,
Şər atdılar oğluna.
Taleyiylə oynayıb
Zər atdılar oğluna.

Ana, arxamca su at,
Yu bütün xislətləri
Saf qəlbli niyyətinlə.
Qoyma bu gül balanı
Çarpışa zillətiylə...

Səpim ayaqlarına
Bütün uğurlarımı.
Xeyir-dua ver mənə,
Səcdə etsin Göy mənə,
Qiptə etsin Yer mənə.
Şəfalı əllərinə
Bağlıdır hər bir nicat,
Ana, arxamca su at.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30