manera.az
manera.az

Nəsimi yaradıcılığı ilə bağlı düşüncələrim

25-06-2019, 20:04

Nəsimi yaradıcılığı ilə bağlı düşüncələrim
Etiraf olunmalıdır ki, bir çox elm sahələrində olduğu kimi, ədəbiyyatşünaslıqda, ədəbiyyat tarixi ilə bağlı əhatəli, fundamental tədqiqatlar da daha çox sovet dönəmində, xüsusən keçən əsrin 60-80-ci illərində, siyasi mühitdə demokratikləşmə, yumşalma mühiti yarandıqdan sonar baş vermişdir.

Lakin aparılan tədqiqatlarda az və çox miqdarda totalitar rejimin nəfəsi hiss olunduğundan bir çox klasikklərimizi, o cümlədən İmadəddin Nəsimini də sovet zehniyyəti ilə təqdim etmək meylləri ədəbi təsərrüfata ziyanlı nəticələr gətirmişdir.Halbuki, hər bir klassikimiz yaşadığı dövrün kontektsində, Şərq düşüncəsinin məlum təyinatlarından, hədəflərindən çıxış edilərək tədqiq və təbliğ olunmalıdır.

Həqiqi sənətkar, yaradıcı insan bütün zamanlarda mövcud qadağalara, məhdudiyyətlərə baxmayaraq azad fəaliyyət göstərmiş,yaxud hər halda buna cəhdlər etmişdir.Çünki ilhamdan süzülən fikir və düşüncələr, hər anın, zamanın ovqat bədii-poetik ifadəsi fitrətdən gəlir.Odur ki, yaradıcı insanlar üçün mövzu məhdudiyyəti şərti anlayışdır.Birbaşa deyilməyən fikirlər dolayısı ilə mətnaltı mənalarla ifadə edilir.Ariflərə hər şey aydındır.Mərhum Xalq şairi R.Rza bu məqama toxunaraq haqlı olaraq belə demişdir:

Hər kim nə deyir desin,
Şeir dili aydındır.
İstəyirsən sevincdən
İstəyirsən qəmdən yaz
Elə aydındır bu dil
Nadan yüz yol oxusun
Yenə bir şey anlamaz.


Deməli, şeiri, kəlamı, sözü başa düşmək, dərk etmək üçün arif olmalısan, kamil insan olmalısan.Nəsimi kimi! Nəsimi yaradıcılığı barədə danışmazdan əvvəl kiçik bir müqayisə aparmaq istəyirəm.

Şeirdən ucalıq umma dünyada,
Çünki Nizami ilə qurtardı o da.

-deyən şeyx Nizami haqqında danışarkən, onun epik vüsətli əsərlərini nəzərdən keçirərkən bu fikir nəhənginin yaradıcılıq kürəsində bişərək aşağıdakı söz külçələrinin şairin sənət ömrünə, yaradıcılığına leytmotiv olaraq qərar vermək olar deyə düşünürəm:

Mən- fikirlər ustadıyam, fəzilətim bir ümmandır,
Zamanalara, məkanlara hökm etməyim səmadandır.
Nəfəsimin ildırımı uca səsli zəngə bənzər,
Bayraqlaşan qələmimin sancıldığı yer cahandır.

Məlum həqiqətdir ki, milli şeirimizin iftixarı, qəzəl janrının təkrarsız ustadı dahi Füzulini onun qəzəl bəyanatı daha dəqiq səciyyələndirir:

Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Belə xarakterik misalları davam etdirmək də mümkündür. Qeyd-şərtsiz olaraq filosof şairimiz Nəsimini hamıya, şeir, sənət aləminə aşağıddakı misralar daha dolğun təqdim edir:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Mən İnsanam, mən Allahın zatından yaranmışam, Allahda nə varsa, O məndədir.Allah məndədir, haqq mənəm!İnsan haqqında, təbii ki, kamil insan barəsində deyilənlər insanı ətəkdə kölə halında görmək istəyənləri qane edə bilməzdi.Bu da doğrudur ki, Nəsimi həmin ucalığa, Allah məqamına birdən-birə gəlib çatmamışdır.Filosof şairimiz sufi ideologiyasından hürufizmə adlamış, hürufi şair kimi cahana səs salmağa nail ola bilmişdir.
Vaxtilə filoloqların böyük müəllimi Əli Fəhmi Nəsimini təriqət şairi kimi düzgün səciyyələndirmiş, şairin təsəvvüf təliminə görə şəriət, təriqət, mərifət və həqiqət mərhələlərinə keçməsini konkret poetik nümunələrlə əsasanlandırmışdır.
Nəsimi yaradıcılığı ilə bağlı düşüncələrim
Nəsimini, eləcə də digər təriqət şairlərimizin yaradıcılığını dərk etməkdən ötrü təriqət ədəbiyyatının yaranma səbəblərini aydınlaşdırmalıyıq.Bu haqda elmi ədəbiyyatda kifayət qədər yazılmışdır.Təriqət ədəbiyyatı başlanğıcını dini-fəlsəfi məkan olaraq təkkə və zaviyələrdən götürmüşdür.Elə isə məscid və mədrəsələr varkən, təkkə və zaviyələrə nə ehtiyac vardı?Axı məscid ibadət, möizə yeridir, mədərəsə dini təlim, Quranın tədris edildiyi məkandır.Təkkələr, zaviyələr də daimi Allahı təbliğ edir, insanı Allaha yaxın olmağa çağırırdı.Burada əsas fərq,heç şübhəsiz, ehkamlara, baş verən hadisələrə, ictimai-siyasi ovqata, məscidin, mədrəsənin xalqın, millətin mövqeyindən deyil, hakim sinfin,dindən hakimiyyətini möhkəmləndirmək, qazanc, sərvət əldə etmək istəyənlərin maraqlarından çıxış etməsi ilə əlaqədardır.Belə bir yanaşma ,təbii ki, ədalətli insanlarda, haqqın yanında olan ariflərdə etiraz doğurmaya bilməzdi.Allahı sevən, könlünü Tanrıya bağlayan insan yalan danışmaz, yer üzünün əşrəfi olduğunu dərk edər, öz yolunu seçər, ustad, mürşüd dərsi alar.Bu isə mədrəsələrdə mümkün deyildi.Bu səbəbdən Təkkə və zaviyələr haqq sevən insanlara qucaq açdı.Nəsimi də məhz belə bir yanaşma nəticəsində seçimini edərək Həllac Mənsurun sufi ideologiyasından Fəzlullah Nəiminin hürufi təriqətini qəbul edənə kimi təkamül, mənəvi yüksəliş yolu keçmişdir.

Ədəbiyyatşünas alim Qulamhüseyn Beqdeli Nəsiminin mürşidi olan Fəzlullah Nəiminin “Vəsiyyatnamə” əsərindən danışarkən hürufilərin təqiblərdən qorunma səbəbləri barədə məlumat verir.Nəiminin özü barədə dediyi fikirlər hürufilərin imam Hüseyn aşiqi olduqlarını, Yezidlə-Şümürlə üz-üzə qaldıqlarını ortaya qoyur: “Mən zəmanənin Hüseyniyəm, naəhlilər də mənim Yezidim və Şümürümdürlər, Rüzigarım başdan-başa Aşuradır, Şirvan da Kərbəla”

Bu fikirlər Fəzlullah Nəimini, eləcə də ardıcıllarını, o cümlədən Fəzlullahdan sonra tanınmış hürufi şeyxi kimi hədəfdə olan İmadəddin Nəsiminin hansı məktəbdən keçdiklərini, ədalətsizliyə, islam ehkamlarına qarşı sayğısızlıqla mübarizədə məşhur haqq, ədalət mübarizi olan imam Hüseynin yanında olduğunu tam aydın şəkildə göstərir.

İ.Nəsimini yaradıcılığını sufi-hürufi olaraq iki əsas dövrə ayıranlar haqlıdırlar.İlk dövrü daha çox Mənsur Hüseyn Həllacla, sufi ideologiyası ilə, ikinci dövrü isə Fəzlullah Nəiminin fəlsəfəsini qəbul etməsi ilə bağlıdır.Əgər şairin dinə, şəriətə, islam müqəddəslərinin şəninə qələmə aldığı örnəklərə istinad etsək, həmin dövrün daha çox şəriətlə bağlı olduğunu görərik. Bir çox şeirlərində xüsusən M.Əvhədiyə nəzirə olaraq yazdığı “Nədir?” rədifli qəzəlində axtarıcılıq, zaman və cahan üçün narahatlıq, çətinliklərdən qurtuluş yolu aramaq cəhdləri ilə bağlı yaradıcılığı ,şübhəsiz ki, təriqət mərhələsinə yiyələndiyini, haqqa doğru yol getməkdə olduğunu sübuta yetirməkdədir.

Bütün təriqət şairləri, sufilər, hürufilər, möləvilər, ümumiyyətlə, istər mötədil, istərsə də ifratçı məzhəb və təriqətlər panteizmə, Allah sevgisinə bağlıdırlar.Lakin müəyyən mərhələdə, xüsusən mərifət məqamında hürufilər bir çox məzhəblərdən ayrılır, fərqli baxış nümayiş etdirir.Deyək ki, M.Füzuli özünün məşhur “Leyli və Məcnun” poemasında lirik qəhrəmanı,əslində şairi məni, idealı olan Məcnun bütün inkişaf mərhələsindən keçirərək mərifət məqamında eşqdən kamala dolan, həqiqi aşiqin cismani istəkdə deyil, mənalar aləmində olduğunu düşünən lirik qəhrəmanı Leylinin “Ey qılan şeyda məni məndən bu istiğna nədir”-sorğusuna bir sufi şeyxi kimi “Xəyalilə təsəllidir könül meyli vüsal etməz” misrası ilə başlayan məşhur qəzəli ilə cavab verir.Başqa sözlə, dünya nemətlərindən imtina, asket həyat tərzi, zikrlə tanrıya qovuşmaq həmin mərhələdə sufilər üçün əsas yanaşmadır.Lakin şəriət və təriqət inkişaf mərhələlərini sufilərlə gələn hürufilər bu məqamda, ürfan mərtəbəsində haqqı tanıyaraq arif mərhələsinə yüksələrək öz qüdrətindən, insanın böyüklüyündən vəcdə gəlir, bütün gözəlliklərin kamil insandan ötrü yaradıldığı bəyan edilir:

Surəti-rəhmanı buldum, surəti-rəhman mənəm!
Ruhi-mütləq həq kəlamı qaf-vəl-Qur’an mənəm!
Həm xəyalam, həm camalam, həm süfatam, həm tələb,
Həm nəquşam, hə bu nəqşə valehü heyran mənəm.
Zülmətəm, mövtəm, məmatam, həm həyatam, həm məmat,
Mö’minə Nuhəm, nicatəm, kafirə tufan mənəm!
Ey Nəsimi, sən həqi bil, həqqə iqrar eylə kim,
Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Hürufilərin faciəsi də bu mərhələdən, kamil insanı Allah, tanrı məqamında görə bilmək, tanımaq, insanın bütün yaranmışların əşrəfi sayaraq onun qanını tökmək deyil,ona səcdə etmək lazım olduğu bəyan edilən vaxtdan, həmin inkişaf mərhələsindən başlanır.Hesab edirəm ki, əgər hürufilər də sufilər kimi imtina qərarı versəydilər, Allaha zikrlə, ekstaza gələrək qovuşmaq yolunda davam etsəydilər, qarşılarında Əmir Teymuru və onun sərkərdələrini, hakaimiyyətə yarınan din xadimlərini görməzdilər.

Hürufilər, o cümlədən Nəsimi isə daha irəli gedərək Fəzlullah Nəiminin “Cavidannamə”də ifadə olunan belə bir təlimini israrla davam etdirirdilər ki, “həqq təala adəm oğlu özüdür”.Onlar bunu onunla əsaslandırırdılar ki, kainat zərrələrdən ibarətdir.Bu zərrələr, həmçinin insan küldən ayrılan qətrələrdir.Damla dəryaya qovuşduğu kimi, damlada dəryanın əlamətləri, xassəsi olduğu kimi insan da yaradandan ayrılan bir qətrə olaraq kamil insan mərhələsində tanrı məqamına yüksəlir.Tanrı məqamında olan insana haqsızlıq əslində Allaha qarşı çıxmaq deməkdir.Məhz bu ideoloji yanaşma müsəlman bayrağı altında ölkələri fəth edən, insanların qanını tökən işğalçı qüvvələri qorxuya salır, bu səbəbdən hürufiləri küfrdə allahsızlıqda ittiham edirdilər.

Nəsimi yaradıcılığında dini mistika axtaranlar yanılırlar.Əgər belə olsaydı şair “Neylərəm” rədifli qəzəlində dünya nemətlərindən doyunca istifadəni önə çəkərək belə deməzdi:

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü təxtü, mülkü malü, xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Nəsiminin həyat sevdalı belə şeirləri təbii ki çoxdur.Amma nə qədər danışsaq, fərqli misallar çəksək də Nəsiminin əsas aşiqi kamil insandır.Şair aləmi, dünyanı sədəfə, kamil insanı inciyə bənzətməkdə necə də haqlıdır:

Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?


Belə misalları artırmaq da mümkündür. Bu yerdə bir məsələyə də münasibət bildirmək istəyirəm.Belə ki, ədəbiyyat tariximizdə daha çox Nizami, Füzuli, Vaqif və digər ədəbi məktəblər barədə haqlı olaraq danışırıq.Lakin unutmaq olmaz ki, İmadəddin Nəsimi yaradıcılığı da ayrıca bir məktəbdir.Əgər rus ədəbiyyatında bir çox yazıçılar haqqında obrazlı deyimlə “Qoqolun şinelindən çıxıblar” deyilirsə, Nəsimidən sonra gələn bir çox şairlərin, o cümlədən qəzəl janrının ən böyük ustadı hesab etdiyimiz Məhəmməd Füzulinin də məhz Nəsiminin yaradıcılığından bəhrələndiyini, təsirləndiyini demək mümkündür.

“Salam verdim, rüşvət deyildir, deyə almadılar” fikir-şapalağı ilə əsrini ittiham edən dahi Füzuli Nəsiminin satirik-fəlsəfi,ictimai mündəricəli sənət nümunələrindən bol-bol bəhrələndiyi şəksiz-şübhəsizdir.

Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,
Hər dənizdən lölöi mərcan umarsan nə əcəb!


- deyən adi şair deyil, fikir düşüncə bahadırı Nəsimidir.Bu səpkili şeirlərində yaşadığı cəmiyyəti ələyir, Sabir kimi yağı yağ üstə çıxarır, ayranı ayranlıq edir:

M.Füzulinin məşhur “Söz” rədifli qəzəlindən aşağıdakı beytə diqqət etsək, Nəsiminin nümunə olaraq təqdim etdiyimiz şeiri ilə ruhu-mənəvi oxşarlığı görməmək mümkün deyildir:

Olmayan qəvvasi bəhri-mərifət arif degil,
Kim, sədəf tərkibi-təndir lölöi-şəhvar söz.


Bir neçə kəlmə də dahi şairin təxəllüsü barədə danışmaqla sözümü bitirmək fikrindəyəm.Şairin “Seyyid”, “Hüseyni”, “Haşimi”, “Qüreyşi”, “İbrahimi”, “Nəsimi” kimi şairlik təxəllüsü daşıdığı elmi ədəbiyyatda söylənilir.Diqqət edilsə dahi şairin təxəllüsləri də müəyyən inkişaf mərhələlərinin ifadəsidir.Bu yerdə Nəsimi təxəllüsü daha çox hürufiliyi, mərifət və həqiqət mərhələlərini ehtiva edən kamil bir hürufi mürşüdünün həyata baxışını ifadə edir.Bir çox hallarda “Nəsimi” təxəllüsünü Nəimi təxəllüsünə zahiri oxşarlıqla, bəzən də səhər küləyi ilə əlaqələndirirlər.Hesab edirəm ki, Fəzlullahın “Nəimi” təxəllüsü də Qurani Kərimlə, Nəim cənnəti ilə bağlıdır.Eləcə də İmadəddin Nəsiminin təxəllüsü əslində sufi-hürufi terminologiyasında “nəsim” sözü ilə bağlı olduğunu düşünürəm.”Nəsim” həmin terminologiyaya görə Haqqa, Yaradana çatmaq üçün ciddi cəhdlə yol gedən şəxsin, salikin qəlbinə dolan sonsuz feyz mənasını verir.

Nizami “Söz qızıladan yaxşıdır”, Füzuli “Artıran söz qədrini sidq ilə qədrin artırar” deməklə çox haqlıdırlar.Əsrlər, qərinələr ötsə də qiymətli söz, azad fikir, düşüncə ölmür, yaşayır, müəllifinə əbədilik yaşadır.Amma tarixin qəribəliyi ondadır ki, bu gün qəbri ziyarətgaha çevrilən dahi Nəsimi insan qanına susayan hökmdarlardan birinin fərmanı ilə “Mən insanam, mən haqqam” dediyi şeirlər üstündə ölümə məhkum edilsə də, üstündən heç yarım əsr keçmədən, digər hökmdar, şeir-sənət xiridarı olan Cahanşah Həqiqi Nəsimi matəmini ümumxalq kədəri kimi dilə gətirərək şairin düşmənlərinə lənət oxumuş Nəsiminin yerini, məqamını çox düzgün göstərə bilmişdir:

Nəsimi matəmindən çak olubdur sineyi-zarım,
Bütün dünya və mafiha neçin bəs batmamış yasə,
Qəzadan bir sapand daşı bir altun kasəni qırsa,
Nə artar qiyməti daşın, nə qiymətdən düşər kasə.


Yədulla AĞAZADƏ,
filologiya üzrə elmlər doktoru, professor
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031