manera.az
manera.az

Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda

18-06-2019, 13:41

Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda
Qəzənfər PAŞAYEV
Professor


Nəsimi yaradıcılığı XV əsrdən etibarən türkdilli ədəbiyyata qüvvətli təsir etmişdir. Türk şairi Rəfii "Bəşarətnamə" əsərində Nəsimini özünün ustadı və müəllimi adlandırmış, ona dərin məhəbbətini bildirmişdir. Özbək şairi Əsiri və türkmən şairi Əndəlib ona poemalar həsr etmişlər.

Burada ilk dəfə epik şeirdə Nəsiminin bədii surətini yaradan və Azərbaycanda çap etdirən istedadlı rus şairi və tərcüməçisi Sergey İvanovun "İmadəddin Nəsimi" poemasının tarixi rolundan söz açmaq istərdik. Şair poemanı Böyük Vətən müharibəsi dövründə yazmış və ilk olaraq qüdrətli şairimizi rusdilli oxuculara təqdim etmişdir.

Sevimli şairimiz Səməd Vurğun hələ Vətən müharibəsinin davam etdiyi 1943-cü ildə Sergey İvanovun Bakıda rusca çap olunan "Seçilmiş şeirləri"nə yazdığı müqəddimədə şairin Nəsimi haqqında poemasını yüksək qiymətləndirmişdir: "İvanovu XIV əsrin sonunda və XV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şairi Nəsiminin facianə taleyi cəlb etmiş və həyəcana gətirmişdir... Sergey İvanov Nəsiminin taleyini düzgün başa düşmüş və lazımi boyalar tapa bilmişdir. İvanov buna Azərbaycan şeirini və tarixini yorulmaq bilmədən, böyük səylə öyrənmək sayəsində nail olmuşdur. Poemada istifadə olunan dil vasitələri, strofika tərkibləri və sairlər tamamilə yerindədir. Bütün poema böyük bədii təsir qüvvəsinə malikdir".

Beləliklə, deyə bilərik ki, Nəsimini elmi cəhətdən rusdilli oxuculara ilk təqdim edən Səməd Vurğun olmuşdur.
Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda
Nəsimi obrazı Azərbaycan musiqisində, incəsənətdə və bədii ədəbiyyatda XX əsrin 70-ci illərindən yaradılmağa başlanmışdır. Bəstəkarlarımızdan: Fikrət Əmirovun "Nəsimi dastanı" baleti, Cahangir Cahangirovun "Nəsimi" kantatası, Azər Rzayevin "Nəsimi" simfonik poeması, Firəngiz Əlizadənin "Nəsimiyə ithaf" balet konserti, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Ədilə Hüseynzadənin, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Emin Sabitoğlunun, Əfrasiyab Bədəlbəylinin, Səid Rüstəmovun, Nazim Əliverdibəyovun, Ramiz Mirişlinin müxtəlif janrlarda yazılmış əsərləri həmin dövrdə yaranmışdır.

Xalq rəssamı Mikayıl Abdullayev möhtəşəm "Nəsimi" portretini yaratmışdır. Bakının mərkəzində şairin heykəli ucaldılmışdır (heykəltaraşlar: T.Məmmədov, İ.Zeynalov). Bədii ədəbiyyatda isə Nəsiminin obrazının mükəmməl nümunələrini Rəsul Rza "Son gecə" poemasında, İsa Hüseynov "Məhşər" romanında, Bəxtiyar Vahabzadə "Fəryad" pyesində, Qabil ikicildlik "Nəsimi" poemasında yaratmışlar.

Rəsul Rza yığcam "Son gecə" poemasında Nəsiminin şəxsiyyətini və əqidəsindən dönməzliyini zindan gözətçisi ilə qısa söhbətində parlaq şəkildə ifadə edə bilmiş və şairin obrazını oxucunun gözləri önündə canlandırmışdır:

"Məşhər" romanı və "Fəryad" mənzum dramı haqqında çox yazılıb. Burada bir onu deyə bilərik ki, "Fəryad" Əvhədi və Nəsiminin güclü təsiri altında yazılıb.

Əvhədi yazırdı:

Allahı öz nəfsinlə tanımaq gərək,
Öz nəfsin nədir, pərvərdigar kimdir?


Nəsimi yazırdı:

Fələyin əsli nədəndir, mələyin nəsli nədən?

"Fəryad"da oxuyuruq:

Allah! Bilirik, cisim deyil, bəs nədir allah?

Fəlsəfi-psixoloji "Fəryad" pyesindən hasil olan qənaət odur ki, Nəsimilik bir təlim kimi günümüzdə də yaşayır.

Bu münasibətlə Çingiz Aytmatov yazırdı: "Tarixi də müasirlik qədər yaşada bilmək, "keçmişə görə əzab çəkmək" prinsipi Bəxtiyar Vahabzadənin bu şərti-bədii üslubunda özünün qabarıq əksini tapıb" (Bu sitatı tanınmış alimimiz Vaqif Yusiflinin "Şəhidliyin zirvəsi" məqaləsindən götürmüşük).

Nəsimi obrazı şairlərimizin şeirlərində də canlandırılmışdır. Əliağa Kürçaylının "Nəsimi", Əli Kərimin "Şəhidliyin zirvəsi" Nəsimiyə həsr olunan ən yaxşı nümunələrdir.

Aşıq-şair Mikayıl Azaflı da "Dünya" adlı müxəmməsində və "Getdi" adlı cahannaməsində Nəsimidən və başqa böyük şəxsiyyətlərdən söz açır:

Dahilər, şairlər, böyük ustadlar
Bir-bir tərk eylədi cahanı, getdi.
Nəsimi soyuldu, çəkildi dara
Şekspir dolandı dünyanı, getdi.


Azərbaycanda ilk dəfə Nəsimiyə poema həsr edən, şairin mükəmməl obrazını yaradan Xalq şairi Qabil olmuşdur. Şair "Nəsimi" poeması üzərində 10 (on) ilə yaxın işləyərək ortaya fundamental bir əsər qoymuşdur. O, şairin həyat və yaradıcılığına dair çoxlu kitablar oxumuş, bir çox məxəzləri araşdırmışdır.

Şairin "Nəsimi" poeması haqqında İraqda işləyəndə geniş məqalə yazaraq soydaşlarımızı - İraq türkmanlarını əsərlə tanış etmişdim (bax: "Qardaşlıq", sayı 1-2, Bağdad, 1973, s.34-35). Həmin məqalədən bir hissəni burada verməyi münasib bildik:

Qabil əsərini Nəsimiyə müraciətlə başlayır:

Ulu əcdadımın yanar nəfəsi!
Sənsiz boğularam, havasız ollam.
Əsilsiz etməsin tarix heç kəsi,
Sənsiz - zəminəsiz, mənasız ollam.
Ana dilimizin axar-baxarı,
Şerində bir daha aşikar oldu.
Böyük Füzulinin şah misraları,
Sənin bünövrəndə bərqərar oldu.


Qabil Nəsiminin dilinin saflığına, büllurluğuna, axıcılığına, şirinliyinə heyranlığını gizlədə bilmir:

O uzaq, o qədim lisana bir bax,
Büllur bulaq kimi süzülər, çağlar.
Əsər var yazılıb otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı var.


Qabilin əsərində heca və əruz vəznindən eyni dərəcədə məharətlə istifadə olunmuşdur. Onun qəlblərə axan şeir parçalarını oxuduqca oxuyur və sevirsən. Aşağıdakı gəraylılar deyilənləri təsdiqləyir:

Bu dünyada nəyim qaldı?
Varisim də, varım da siz.
Aydan arı, sudan duru,
Namusum da, arım da siz.

və s.

Xalq ədəbiyyatını gözəl bilən Qabil, yeri gəldikcə ondan elə məharətlə istifadə etmişdir ki, əsəri oxuyur, ondan ayrılmaq istəmirsən:

Gecə dərin, yuxu dərin,
Təbriz yatır şirin-şirin.
Yuxu məlhəm, yuxu dərman.
Ağrılardan, acılardan,
Adam bir az azad olur.
Oyaqlıqda bir gülməyən,
Röyalarda min şad olur.
Ac toyuqlar yuxusunda darı görür,
Leyli-Məcnun misallılar,
Yuxusunda yarı görür.


Xalq şairi Süleyman Rüstəm "Nəsimi" poemasına Ön söz yazmış və göstərmişdir ki, Qabilin istedadına biz yaşlı nəsil çox ümid bəsləyirdik. İllər keçdi, Qabil bizim ümidimizi doğrultdu. Biz Qabilin bir gün böyük bir əsər yazacağına əmin idik...

Təsadüfi deyildir ki, 1976-cı ildə Dövlət mükafatına layiq görülən "Nəsimi" poemasını Qabilin 70 illik yubileyində Ümummilli liderimiz Heydər Əliyev bir daha yüksək qiymətləndirmişdir:

"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da o, çox böyük bir iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".

Onu da deyək ki, Sergey İvanovun "İmadəddin Nəsimi", Rəsul Rzanın "Son gecə" poemaları, İsa Hüseynovun "Məhşər" romanı, Bəxtiyar Vahabzadənin "Fəryad" pyesi, Qabilin "Nəsimi" poeması Nəsimi obrazının kamil yaranmasında böyük əhəmiyyət kəsb etməklə bərabər, Azərbaycan ədəbiyyatının, Azərbaycan bədii fikrinin dolğun səhifəsini təşkil edir./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031