Elmi istedadla bədii istedadın vəhdətindən yaranan yaradıcılıq

Tarix:14-06-2019, 10:48 Baxış Sayı:330

Elmi istedadla bədii istedadın vəhdətindən yaranan yaradıcılıq
Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin ədəbi-mədəni,iqtisadi-sosial həyatında rol oynayan təşkilatlar sırasında bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi aparıcı yer tutur.

Bu elmi-tədqiqat mərkəzi Balakən – Şəki bölgəsinin elmi-mədəni həyatının araşdırılmasında, regional xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan elminə mühüm töhfələr verir. Mərkəz 1972-ci ildə yaradılmış, bölgənin folklor, ipəkçilik, geoloji, coğrafi və digər istiqamətlərdən araşdırılmasında mühüm xidmətlər göstərmişdir.

Geologiya-minerologiya elmləri doktoru, mərhum alim Zəkəriyyə Əlizadənin rəhbərliyi altında kövrək qədəmlərini atmağa başlayan və baza statusunda fəaliyyət göstərən bu qurum 2007-ci ildən Mərkəz statusu qazanmış, mübaliğəsiz deyə bilərik ki, 2014-cü ildən özünün səadət dövrünü yaşamağa başlamışdır.

Həmin ildə AMEA –nın rəhbəri akademik A.Əlizadənin təyinatı ilə Mərkəzə elmdə və idarəçilikdə peşəkar qabiliyyətə malik olan fizik alim Yusif Hacıbala oğlu Şükürlü direktor təyin olunmuşdur. Elmi-tədqiqat müəssisəsində alim-ziyalıların çatışmazlığını nəzərə alan təcrübəli direktor mövcud boşluğu doldurmaq üçün AMEA rəhbərliyi qarşısında məsələ qaldıraraq bilavasitə rəhbərliyin qayğısı və diqqəti sayəsində 2016-cı ildən akademiyanın ayrı-ayrı institutularında məqsədli hazırlanmaq üçün dissertantura və doktorantura yolu ilə alim kadraların hazırlanması üçün ayrı-ayrı ixtisaslar üzrə yerlər sifariş edilmiş, nəticədə 2016 və 2017-ci illərdə Regional Elmi Mərkəzdə çalışan 20 nəfər gənc kadr ayrı-ayrı mövzular üzrə elmi-tədqiqat fəaliyyətinə cəlb edilmişlər.

Yeni direktorun mədsədyönlü tədbirləri sayəsində qısa müddətdə müəssisənin fəaliyyəti elmi məcraya yönəldilmiş, fəaliyyəti tənzimləyən “Əsasnamə”nin məzmununa yenidən baxılmış, AMEA rəhbərliyinin göstərişləri ilə yeni struktur və strukturun fəaliyyətini yeni məzmunda tənzimləyən Elmi Şura formalaşdırılmışdır.
Elmi istedadla bədii istedadın vəhdətindən yaranan yaradıcılıq
Bu gün Mərkəzin şöhrət coğrafiyası təkcə respublikanın deyil, xarici ölkələrin hüdudlarını da əhatə edib. Mərkəz ipəkçilik üzrə dünyanın bir sıra ölkələri ilə elmi-mədəni əməkdaşlıq qurmuşdur. Əlbəttə, bütün bu əlaqələndirmələrin başında hörmətli akademikimiz Akif müəllim Əlizadə durur və ŞREM-in kollektivi həmişə akademiya rəhbərliyinin etimadını əməli fəaliyyəti ilə doğrultmağa çalışır. Elmi Mərkəzim rəhbəri Yusif Şükürlü dövlətin ona olan etimadını öz əməli fəaliyyəti ilə doğrultmağı fəaliyyətinin əsas məqsədi sayır.

Yusif müəllim təkcə elm adamı deyil, həmçinin yüksək bədii təfəkkürə malik olan bir yazıçıdır. O, bədiiliyin bütün tələblərini özündə əks etdirən əsərlərinə görə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elmi təfəkkürün bədii təfəkkürdən keçdiyi məlumdur. Ona görə də elmin digər sahələri ilə məşğul olanların bədii yaradıcılıqla məşğul olmaları təəccübləndirici deyil. Ancaq bir şərtlə: bədii istedad varsa? Y. Şükürlü elmi istedadı ilə bədii istedadı vəhdətdə götürülə bilən bir şəxsiyyətdir. Şəki oxucularına “Y. Şükürlü” imzası artıq tanışdır. Şairin müxtəlif mövzulu lirik şeirləri , hekayələri respublika mətbuatının səhifələrində və Şəkidə dərc edilən “Təhsil uğrunda”, “Şəki fəhləsi” və başqa dövri nəşrlərdə dərc olunub. Həmçinin yazıçının 1998-ci ildə nəşr olunan “Yetti” adlı kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bədii yaradıcılığını fasiləsiz davam etdirən şair 2004-cü ildə “Çəhrayı gödəkcə” adlı şeirlər və hekayələr toplusu olan ikinci kitabını nəşr etdirdi. Hər iki kitab ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Şəkinin və respublikamızın şeir xiridarları müəllifin bədii təfəkkürünü yüksək qiymətləndirdilər.

Yusif Şükürlünün bədii irsinin əsasını heca və əruz vəznində yazdığı qoşma, gəraylı, rübai, qəzəl, epik növdə yazdığı povest və hekayələri təşkil edir. Şairin lirikası mövzu, bədii məzmun baxımdan çox zəngindir və vətənpərvərlik, didaktik-nəsihətamiz ruh, məhəbbət, təbiət mövzusu bu lirikanın özülünü təşkil edir.

Y.Şükürlü vətənpərvər şairdir. Onun vətənpərvərlik mövzulu şeirləri çoxdur. Hamısı haqqında fikir söyləmək fikrində deyilik. Ancaq “Ay bənövşə!” gəraylısından başqa. Fikrimizcə, əgər Y.Şükürlünün lirik yaradıcılığı təkcə bu şeirdən ibarət olsaydı belə, şairin dərin lirik düşüncə sahibi kimi Azərbaycan poeziyasının səhifələrinə yazılmağa mənəvi haqqı vardır. Bildiyimiz kimi, baharın müjdəçisi olan bənövşəyə şeir həsr edilməsi Dirili Qurbani yaradıcılığından bu üzə böyük ədəbi yol keçmişdir. Böyük Qurbani:

Başına döndüyüm ay qəşəng pəri,
İnsafdır dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər dəstə bağla,
Tər buxaq altına düz bənövşəni- .


deyərkən gözəl təbiət təsviri yaratmış, bənövşə dərən bir gözəl canlandırmışdı. Y.Şükürlünün “Bənövşə”si sevincdən daha çox həsrət, kədər rəmzi kimi oxucunun diqqətini cəlb edir. Şair təbiət lirikası ilə ictimai lirikanı vəhdətdə götürərək, bənövşəyə müraciət yolu ilə vətəninə edilən qəsdi, böyük və müdhiş bir tarixi oxucunun yaddaşına yazır. Cəmi on beş bənddən ibarət olan bu şeirdə şair az qala bir zaman çərçivəsinə sığmayan bir məzmunu ümumiləşdirə bilmişdir. Şeiri həyəcansız oxumaq olmur:

Müjdələdin sən baharı,
... Əriyir quzeyin qarı!
Di, boynunu bükmə barı
Göstər üzü, ay bənövşə!-


deyərək söhbətinə başlayan şair bədii təzadın başlanğıcını qoyur. Şeirin altıncı bəndindən sona doğru şairin vətənsevərliyi, yurd həsrəti, ermənilərə olan qəzəb və nifrət hissi bədii tərənnümün bütün gücü ilə oxuculara çatdırılır. Oxucu sanki, bir şeir yox, ürək ağrıdıcı bir hekayə oxuyur:

Didərginik perik düşdük,
Qarda donduq, gündə bişdik,
Ayaqyalın,çılpaq keçdik,
Dağı,düzü, ay bənövşə!

Yurd dərdliyəm, nigaranam,
Göyçəliyəm, Qafandanam...
Görmək istər, ağlar anam,
Obamızı, ay bənövşə!


Şair yaşanmış acınacaqlı tarixi, torpaqlarımızın işğalını, əhalinin qırılmasını, kənd, yurd yerlərin xarabalığa dönməsini, talanmasını həzin, kədərli, poetik dillə oxucusuna danışır:

Örüş, yaylaq, yalım getdi,
Klim, gəbə, xalım getdi!.
Ev-eşiyim malım getdi,
Danla bizi ,ay bənövşə!.

Toy nəşəsi sona çatdı,
Sazın səsi yoxdu, batdı!..
Yağı qırdı, sökdü, satdı,
Kəndimizi, ay bənövşə!.


Gəraylının son bəndlərində şair artıq qisas gününün çatdığını, Vətəni müdafiə edəcək qəhrəman oğulların yetişdiyini göstərərək yazır:

Atam şəhid, babam itgin,
Mən hazıram hərbə, bu gün!
Qisas!-deyə ötgün-ötgün,
Səslə bizi, ay bənövşə!

Arzusudur bu hər kəsin,
Yusif qisasa səsləsin!-
Hərb yolu ilə alaq!-desin
Göyçəmizi, ay bənövşə!


Y.Şükürlünün dördlüklərində də vətən sevgisi diqqəti cəlb edir. Şair vətənin iqtisadi çətinliyi günlərində vətənini atıb başqa yad ölkələrə gedənlərə istinadən yazdığı:

Sən getmisən, mən də gəldim, tərk edəkmi bu Vətəni?
Yaşam çətin olub deyə, istəmirmi Vətən məni?...
Düşmən bunu edəmməzdi, buna bais oldu zaman,
Sən yox, mən yox,biz yoxuqsa, kim qoruyar bu ölkəni?

dördlükdə də Vətəni sevməyi və qorumağı hər bir vətəndaş üçün vacib vəzifə sayır.
Elmi istedadla bədii istedadın vəhdətindən yaranan yaradıcılıq
Didaktik-tərbiyəvi motivlər Y.Şükürlünün poeziyasının aparıcı mövzularındandır. Millətin gələcəyini gənclikdə görən şair pedaqoji prosesdə gənclərlə tərbiyə işini həyata keçirən şair-müəllim kimi onları ağıllı, tərbiyəli, dostluqda sədaqətli, az, lakin mənalı danışmağı bacaran, ədalətli, sözündə bütöv olmaq kimi ən vacib etik keyfiyyətlərə sahib görmək istəyir.

Ağsaqqal, ağbirçək sözünü, xalq müdrikliyinin əsası sayan şair bayatılarının birində yazır:

Mən aşiqəm, aş gedər,
Ayaq durar, baş gedər,
Ağsaqqal saymırsa el,
Toyunda savaş gedər .


Didaktik-nəsihətamiz ruh Y.Şükürlünün rübailərində də üstünlük təşkil edir.Aşağıda nümunə kimi verdiyimiz rübailərdə yuxarıda ifadə etdiyimiz didaktik ruh hakimdir:

Az danış məclisdə, qulaq as ki, sən ,
O məclis əhlindən hörmət görəsən.
Sözün də su kimi xasiyyəti var,
Dəyərdən salarsan artıq söz desən.

Bu rübainin son iki misrası dahi N.Gəncəvinin:

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.


misralarını forma etibarilə xatırlatsa da, məzmun etibarilə yeni və orijinaldır.

Şair babalarımızdan, ulularımızdan mənəvi miras kimi qalan əltutma, səxavət anlayışını da gənclik üçün ən mühüm mənəvi sərvət sayaraq rübailərinin birində yazır:

Var-dövlət yığmaqla kim tapıb şöhrət?
Kimləri pir sayıb bu ulu millət?!
Əl tutma, səxavət ucaldar başı,
Adının ardınca söylənər rəhmət!.


Poeziya aləmində elə şair tapmaq olmaz ki, məhəbbətdən yazmasın. XX əsr Şəki şairlərinin yaradıcılığında bu mövzu aparıcı yer tutur. Ancaq məhəbbət anlayışı hər şairin yaradıcılığında öz lirik duyğusu, özünəməxsusluğu ilə əks etdirilib. Bu mövzu Y.Şükürlünün poeziyasında müxtəlif janrlarda yazdığı şeirlərdə diqqətçəkicidir. Şairin lirik qəhrəmanı gözəllik vurğunu olan bir insandır. Onun aşağıdakı etirafı fikrimizi təsdiq edir:

Boyun mütənasib, dodağın qönçə,
Ədan da, yeriş də yaraşır gəncə.
Səndən gözəli yox, dünyada, məncə,
Sən mənim qəlbimi çalmısan , gözəl!.

Lakin Aşiq surəti şairin bu mövzulu şeirlərində aciz, öz ürək sözlərini Məşuqəsinə çatdırmağa cürət etməyən bir şəxs kimi də oxucunun diqqətini cəlb edir. Yuxarıda bir bəndini nümunə gətirdiyimiz “Gözəl” adlı şeirin sonuncu bəndində bu fikir aşağıdakı kimi təsdiqlənir:

Söyləyə bilmirəm sənə çox sözü,
Təklifdə acizəm mən!-sözün düzü,
Dilə tutmamışam hələ bir qızı,
Yusifdən soruş ki:-Lalmısan?-Gözəl!.


Şairin bir sıra şeirlərində Məşuqənin vəfasızlığından Aşiqin şikayətləri qabarıq verilir. Şair bu şikayətlər içərisində daş-qaş düşkünlüyü ucbatından saf sevgiyə xəyanət edən Məşuqəni Aşiqin dili ilə pisləyib, əsl xoşbəxtliyi saf, təmiz sevgidə axtarır:

Eşqin nə olduğun sən, mənimlə bildin,
Həyatı anladın , gözünü sildin.
Çox bilməkdənmi bu qərara gəldin,
Getdin ki, daş-qaşa bata biləsən?.

Tanımadım səni, yar dedim sənə,
Ay qırıq sim!-mən necə tar dedim sənə?
Bağımın gülünü dər dedim sənə,
Bilmədim ucuza sata biləsən!


Şairin sevgi şeirlərində milli qızlarımız qeyrət, namus, həya, gözəllik, oğlanların bəxt ulduzu kimi vəsf edilir. Bu məqsədlə şair “Tələbə qız” adlı şeirində yazır:

Bir igidin bəxti, yarı,
İlahəsi!-tələbə qız!
Oğlanların arzususan,
Kiminsə bəxt ulduzusan!
İsmətli bir türk qızısan,
Ay parası!-tələbə qız!.


Y. Şükürlünün “Qonşu qız” adlı şeiri də yüksək məhəbbət notları üzərində köklənib. Şeirin:

Gəl, sən bizi ciddi say, qız!
Söz veririk sənə,-ay qız!
Söylə kimin elçisinə,
Verəcəksən şirin çay ,qız-.


son bəndində şair oxucusunun gözləri qarşısında etnoqrafik lövhə yazır. Bu lövhə gözəlliyi, isməti ilə neçə-neçə el oğlunun ürəyini oğurlayıb, ata evinə elçi salan qıza elçilik zamanı şirin çayın paylanması səhnəsidir. Bu səhnə şairin məhəbbət lirikasında orijinal xüsusiyyət kimi götürülməlidir.

Y.Şükürlünün məhəbbət şeirlərinin digər bir xüsusiyyəti el gözəllərinin milli geyim və xarici əlamətlərinin olduğu kimi real təsviridir. Bilirik ki, əsl azərbaycanlı qız deyəndə gözlərimiz qarşısında qaragöz, qaraqaş, Molla Pənah Vaqif demişkən: “Hər hörüyü dal gərdana bir qulac” olan uzun saçlı, hörüklü qız canlanır. Şairin gözəlləmələrində bu təsvir olduqca bitgin verilmişdir. Bu münasibətlə “Saçlarını” adlı şeirinə nəzər salaq:

Gözəl sənin hörüklərin,
Bağrımı qan edir, mənim,
İmkan elə sizə gəlib,
Düzüm ipək saçlarını.

Şairin dördlüklərində də milli gözəllik xüsusiyyəti kimi el qızlarının uzun hörükləri tərənnüm edilmişdir. Dördlükdə Aşiqin əsas arzusu Məşuqənin qulac saçlarını oxşamaqdır:

Açıb qulac saçlarını qucağıma tökəydim ,kaş!
Hər telinə sığal vura, həna, xına çəkəydim ,kaş!
Sənə asan olsun deyə suyun tökə, axıdaydım,
Yanan qəlbi qətfə edib, hörüyünə bükəydim, kaş!.

Y. Şükürlünün bir sıra başqa əsərlərində olduğu kimi, qəzəllərində də saf, təmiz məhəbbət tərənnüm olunur. Məşuqəni öz canından artıq sevən Aşiq, sevgilisini incədən-incə, zərifdən-zərif sanaraq ona toxunmağa, söz deməyə ehtiyat edir. Şair Aşiqin arzularını qalaya, onun həsrətini isə qala bürclərinə bənzədərək “Səni” rədifli qəzəlində yazır:

Qorxuram ki, əl toxunam, çox incəsən, qıram səni,
Qorxuram ki, bir söz deyəm, inciyəsən, yoram səni.

Arzulardan qala tikdim, həsrətindən bürcləri var,
İstərdim ki, lap ucada ulduzlardan quram səni.


Nümunə kimi gətirdiyimiz beytlər təkcə fikir bitkinliyi ilə deyil, həmçinin təsvir və ifadənin gözəlliyi baxımından da diqqətəlayiqdir. Şair “Qorxuram ki” anaforik deyimi ilə beytin formasına xüsusi gözəllik vermişdir. Şairin “Dönür” rədifli qəzəli təzadlar üzərində qurulmuşdur. Sevgilisini ürəkdən sevən Aşiq, Məşuqəsinin biganəliyi ilə qarşılaşır. Şair eşq oduna düşüb, Məşuqəsinin cazibəsindən çıxa bilməyən Aşiqin iztirablarını təsvir edərək yazır:

Cazibənə düşən yazıq, pərvanədir, başa dönür,
Sən də biganə qaldıqca ürəyin lap daşa dönür,

Sevgi bizə Tanrıdandır! İnsan arzu, eşqlə yaşar,
Bil ki, sevib-sevilməyən bədbinə, külbaşa dönür.

Sən bunları bilə-bilə, niyə məndən yan gəzirsən?
Görmürsənmi, yaş da artır?-baharımız qışa dönür?.


Y. Şükürlünün lirik fondu gördüyümüz kimi, müxtəlif mövzulu və biçimli nümunələrlə zəngindir və inanırıq ki, gələcək oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

Y. Şükürlü həmçinin istedadlı qələmə malik bir nasirdir. Yazıçının ifadəli nəsr dili, şirin, dəqiq təhkiyəsi oxucunun diqqətini ilk sətirlərdəncə cəlb edir. Onun nəsr nümunələrini oxuculara sevdirən ilk amil onun mövzularının uydurmalardan uzaq olmasıdır. Ədibin hekayələrini oxuduqca şahidi olursan ki, onun mövzuları yaşanılmış tarixin bədiiləşmiş həyat hadisələridir. İlk nəsr yaradıcılığına yazıçı hələ tələbə olarkən yazdığı “Qartallı dərə” əsəri ilə başlamış, bu əsər zamanında müəllifin həyatında mövzu kəskinliyi ilə təhlükə yaratmışdır. Əsər hələlik çap olunmamışdır və yazıçının şəxsi arxivində saxlanılır.

Y. Şükürlünün “Çəhrayı gödəkçə”, “Canavar”, “Juliklər”, “Kirvə qonaqlığı”, “Araq reysi”, “Torbadakı pişik” , “Libeksin”, “Çapa”, “Körpü tələsi”adlı hekayələrində XX əsrin 70-90-cı illərində və XXI əsrin əvvəllərində Şəkinin ictimai-iqtisadi həyatı üçün səciyyəvi olan hadisələr, məişət məsələləri, yurdun təbiətinin təsviri dəqiq yazıçı müşahidələri ilə əks etdirilmişdir.

“Canavar” hekayəsində yazıçı doğulub boya - başa çatdığı Baş Şabalıd kəndinin təbii gözəlliyini bir ov əhvalatı ilə nəzərimizə çatdırır. Ov səhnəsinin təsviri ideya müasirliyi baxımından aktualdır. Müəllif ov səhnəsi ilə hər şeydən öncə yurdun təbiətinin ov heyvanları ilə zəngin olduğunu gələcək oxucusunun nəzərinə çatdırır. Əsər dil və təsvir baxımından bizə görkəmli yazıçı, dramaturq Abdulla Şaiqin “Köç” hekayəsini xatırlatsa da, təsvirlər yeni və orijinaldır. Kiçik bir məktəbli oğlanın dili ilə söylənilən bu hekayədə müəllif hər şeydən öncə təbiət gözəlliklərinin tablosu olan peyzaj yarada bilmək ustalığını nümayiş etdirir: “Artıq səhər açılmış, quşların səsindən qulaq tutulurdu. Getdiyimiz yolun hər iki tərəfi xırda pöhrəlik idi və elə bil, yolun kənarına cürbəcür formalı və rəngli çiçəklər əkmişdilər. Hər tərəfdən xoş dağ nanələrinin ətri gəlirdi”.

Yuxarıda gətirdiyimiz gözəl bahariyyə Y.Şükürlünün sözdən bacarıqla istifadə etmək qabiliyyətini nəzərimizə çatdırır.

Y.Şükürlünün hekayə yaradıcılığında “Kirvə qonaqlığı” hekayəsi orijinallığı ilə seçilir. Müəllif bu hekayədə erməniyə olan nifrət və qəzəbini oxucusu ilə böülşür. Hekayədə yazıçı iki “dost”- müsəlman Abdurahman və erməni Aşotun şəxsində yüz illər çörəyimizi yeyib, suyumuzu içib torpaqlarımızın ən gözəl yerlərində məskunlaşıb özümüzü bəyənməyən, torpaqlarımıza sahib çıxan bir məkrin, hiylənin bədii təcəssümünü yaratmışdır.

Əsərdə hadisələr Göybulaq kəndində cərəyan edir. Hekayənin əvvəlində yazıçı köhnə dostlar olan Aşot və Abdurahmanı görüşdürür. Aşot giley-güzar edir ki, Abdurahman çoxdandır onlara gəlib-getmir. Abdurahman Baş Göynük kəndinin sakinidir. Abdurahman dostu Aşotun evinə qonaq gedərkən bir torba kömür aparması səhnəsi süjetin ekspozisiyasını təşkil edir. Əsas hadisələr də Abdurahmanın Göybulağa gəlməsi ilə başlayır. Keçmiş məşuqəsinin-Aşotun arvadı Rozanın Abdurahmana etdiyi işvə-naz erməni mənəvi yoxsulluğu kimi oxucuya təqdim edilir. Oxucu əsər boyu Rozanın və Aşotun məclisində oturan digər erməni qadınların əxlaqszlığının şahidi olur. Hekayədə Aşotun bir erməni kimi sözlə portetin çəkilməsi yazıçının sənətkarlığını sübüt edir: “O, başını qalırıb Aşotun üzünə baxdı. Sanki Aşotu birinci dəfəydi ki, görür, onun əyri burnu, göy dodaqları, qeyri-adi əyriliyə malik qaşları ilə birinci dəfəydi rastlaşırdı. Rozanın dili ilə deyilmiş: “Erməni ilə müsəlmanın nə dostluğu?! fikrinin məntiqini müəllif hekayənin sonunda açıqlayır: “Abdurahman Aşotla gəzməyə çıxarkən hamı ona ermənicə salam verir. Yazıq kişi çaşıb qalır. Öz doğma obasının erməni yuvasına çevrilməsi onu dəhşətə gətirir. Aşotun Abdurahmana dediyi “Bizi siz qırmasaydınız biz daha çox olardıq” - sözləri erməni məkrinin dərinliyini sübut edir. Abdurahmanla Aşot arasında bu mövzuda gedən söhbətlə müəllif sanki başımıza 1988-ci illərdə gətirilən müsibətlərin kökünü göstərir.

“Torbadakı pişik” hekayəsində müəllif şit zarafatın insan başına gətirdiyi fəlakəti göstərmişdir. Hekayədə Sədulla, İsmayıl, Əfqan, Laçın, Fərman, Çoban Məhəməd və s. kimi insanlar sadə kəndli surətləri kimi yadda qalır. Gözlənilməz sonluğuna-Laçının güllə ilə vurulub öldürülməsinə görə hekayə novella təsiri bağışlayır.

Yazıçının “Juliklər” “Araq reysi” hekayələrində cəmiyyət həyatındakı çatışmazlıqlar, saxtakarlıq, zəhmətsiz yaşamaq ehtirası Əliəfsər, Əlihüseyn, Osman, Gülya və başqa surətlərin şəxsində ümumiləşdirilmişdir.

Y.Şükürlünün nəsr yaradıcılığında povest janrı da xüsusi yer tutur. Bu baxımdan yazıçının “Azan güllə”“Yetti” povestləri maraq doğurur.

“Azan güllə” müəllifin “Çəhrayı gödəkcə” kitabında hekayə kimi verilsə də, həcminə, surətlərin çoxluğuna, süjet xəttinin çoxşaxəliliyinə görə hekayədən daha çox povest janrının tələblərinə cavab verir. Bu əsəri povest-faciə də adlandırmaq olar. Əsərdə müəllif cəmiyyətin müxtəlif təbəqələrinə münasibətini bildirmişdir. Əsərin süjet xətti iki gənc - Qalib və Məlahət arasındakı məhəbbət xətti ilə əlaqəli müəllifin kolxoz və polis sisteminə, prokurorluq orqanlarına olan münasibətini, əsərin qəhrəmanı Rəcəb kişinin başına gələn hadisələr fonunda verilmişdir. Rəcəb kişini əsərin süjeti ilə bağlı müxtəlif - Rəcəb kişi-Mamedov, Rəcəb kişi-prokuror, Rəcəb kişi-müstəntiq münasibətləri əsərin süjetini şaxələndirir və əsər povest təsiri bağışlayır.

Əsərdə yazıçı sovet sisteminə münasibətini Mamedova, müstəntiqə, Qalibin Əfqanıstana sovet əsgərinin “xilaskarlıq” vəzifəsini yerinə yetirməyə göndərilməsi ilə bildirmişdir.

Əsərin müsbət surətləri olan Rəcəb kişi və arvadı Rasimə sadə kənd adamlarıdır. Qalib onların yeganə övladıdır. Ali təhsilini tamamladıqdan sonra Sovet Ordusu sıralarına hərbi xidmətə göndərilmişdir. O, əvvəl İrkutsk vilayətində hərbi xidmət keçir, sonra isə Əfqanıstana göndərilir. Anası Rasimə oğluna qonşu qız Məlahəti almaq istəyir. O, məqsədini Məlahətin anası Gövhərə bildirir. Hər iki ananın arzusu üst-üstə düşür. Lakin bu gözəl arzuya çirkin əl uzanır. Kolxoz sədri, qudurğan Mamedov Məlahəti zorla qardaşı oğlu Sahibə almaq istəyir. Yazıçı “humanist” sovet qanunlarına söykənib kolxozu idarə edən Mamedovun kimliyini oxucusuna Rasimə ilə Rəcəb kişinin dialoqu vasitəsi ilə çatdırır. Bu təqdim müəllifin təkcə Mamedova deyil,onu yetirən siyasi rejimə də münasibətini bildirir:-“Arvad, mən onu necə sənə başa salım?.. Heç özüm də bilmirəm! Əslində bizim vəziyyətimiz elə kommunizm rejimi deməkdir. Məsələn, raykon rayonun ağasıdır. O, nə istəsə bu rayonda o olur. Kimi istəsə tutdurar, kimi istəsə ucaldar...Elə bizim Mamedovu misal götür. Elə bil bu kolxoz ona dədəsindən qalıb, sökür, dağıdır, satır, yeyir...” . Məlahətin atası İmran kişi iki yol ayrıcında qalıb. O, Mamedovun təhqirlərindən qorxub bu izdivaca könülsüz razılıq verir. Mamedovun qardaşı oğlu Sahib mənəviyyatsız bir gəncdir.

O, tərbiyəsiz hərəkətləri ilə kənd adamlarını narahat edir, lakin “naməlum qonaqlar” tərəfindən döyülür. Bu hadisə Mamedovu qeyzləndirir, o, bu işdə Rəcəb kişini günahlandıraraq tanışı olan müstəntiqi kəndə çağırır. Müstəntiqin Rəcəb kişiyə olan kobud münasibəti milis orqanlarında olan özbaşınalığı oxucunun nəzərinə çatdırır. Müstəntiqin: “ Ə, həşarat! Ə, donuz! Sən kim olursan ki, adam döydürürsən?” - sözləri ilə milis sistemi orqanlarında çalışan bir qrup adamların kobudluğu diqqətə çatdırılır. Lakin yazıçı sovet inzibati sistemində çalışan ədalətli, humanist insanları rayon prokurorunun şəxsində ümumiləşdirməyi unutmur. Prokuror məsələyə ədalətlə yanaşır. Rəcəb kişini axıracan dinləyir və müstəntiqi Rəcəb kişidən üzr istəməyə məcbur edir. Müstəntiqin işdən uzaqlaşdırılması Mamedovun Rəcəb kişiyə olan nifrətini alovlandırır. Artıq Qalib ordudan tərxis olunmuşdur. O, anasına məlumat vermişdir ki, evə qayıdır. Rəcəb kişi oğluna qurbanlıq qoyun da almışdır. Amma qoyun Mamedovun tapşırığı ilə oğurlanır. Bu hal bir-neçə dəfə təkrar olunur. Rəcəb kişi oğrunu cəzalandırmaq üçün gecə ikən tüfəngi alıb pusquda dayanır. O, ordudan gecə vaxtı evlərinə gələn Qalibi qapını açarkən oğru bilərək güllə ilə vurub öldürür. Qalibin anası Rasimə bu müdhiş hadisədən dəli olur.

Əsərin dili sadəliyi və axıcılığı ilə oxucunu razı salır. Povestin məzmunu sübut edir ki, müəllif dilin leksik qatını yaxşı bilir. Əsərdə dialektizmlərdən istifadə obrazların danışığını zənginləşdirir. Məs: “daşqura”, “beyqafıl” kimi sözlər Şəki dialekti üçün səciyyəvidir. Povestdə surətlərin danışığında istifadə edilən “Yaxın qonşu uzaq qohumdan irəlidir”, “Qız ağacı, qoz ağacı” kimi atalar sözləri əsərin leksik xüsusiyyətlərini təmin edən lazımi vasitələrdir.

Yazıçının nəsr yaradıcılığında “Yetti” adlı fantastik məzmunlu povesti də mühüm yer tutur. Povestdə müəllif “bərabər cəmiyyət” ideyasını elmi aspektdən izah etməyə çalışmışdır.

Ümumiyyətlə inanmaq olar ki, Y. Şükürlü istedadlı qələmə malik bir şair, nasir kimi gələcək nəsillər tərəfindən yüksək dəyərləndiriləcək, əsərləri tədqiq olunaraq xalqın malı ediləcəkdir.

Kamil ADIŞİRİNOV
filologiya üzrə fəlsəfə doktoru

Elmi istedadla bədii istedadın vəhdətindən yaranan yaradıcılıqБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ