manera.az
manera.az

“Yaşıl yuxulu dəniz” in sahilində ... MANERA.AZ

21-09-2015, 11:01

“Yaşıl yuxulu dəniz” in sahilində  ... MANERA.AZ
manera.az

“Yaşıl yuxulu dəniz” in sahilində
düşüncələr...

İçimizə qısılmışıq. Zaman bizi içimizə qısıb. Ən dəhşətli cəza içinə qısılıb özü öz içində boğulmaqdı.Tarixən hücrələrə çəkilənlərin acısıdı bu acı:
...Fələklər yandı ahımdan muradım şəmi yanmazmı?

Cəhənnəm deyilən elə bu imiş ; dörd tərəfində ruhlar dolaşır, biri də səni görmür, duymur,eşitmir.Hər kəs başının aşağı salıb Tanrıdan aldığı cazanı çəkir. Cəhənnəmə duyğularıyla, duya bilmək, duya bilmək qabiliyyətiylə düşmək Tanrıının ən dəhşətli cəzasıdır. İnsanın insana etibarı öldükdə dünya cəhənnəmə dönür.!

Mövcud qanunlar öz dəyərini itirdikdə inamın tutacağı yeri, etibarın söykənəcək yeri olmur. Onda hamı , mənəvi haqqı oldu-olmadı , mənəvi dəyərləri müzakirə mövzusuna çevirir. Bu özbaşınalığın yaratdığı dəhşətli xaobik vəziyyətdə “it yiyəsini, buğa balasını tanımır “Haradakı idarəedicilik qanunları gücdən düşür , orada hər kəsin öz “qanunu “ yaranır. Qanunu zor qoruyur , təbii ki... Hər kəsin öz qanunu öz zoruyla qorunduğu gündən Allah qorusun... Qanundan qorxmaq lazım deyil, əsl qorxulacaq şey qanunsuzluqdu. “Oları “və “Olmaz”ı ilə birüzlü qanunla davranmaq o qədər də çətin deyil . “İt oyunu”du qa nun suzluq, hər kəsin öz qanunu yarandığı və öz zorunun “at oynatdığı vaxtlarda Məcnunluq, ”keflilik” yaranır .

”Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşar bulub kəsadi -əsar ”
Bəli, söz, sənət aləmindəki qarmaqarışıqlıqdan, xaotiklikdən, yeknəsəqlikdən cana doyub ah çəkdiyimiz bir vaxtda , yaxşı ki, böyük sözün və bizim dostlarımızdan biri şair Faiq Balabəyli yorğun ruhumuzu çəkə-çəkə “Yaşıl yuxulu dəniz” in sahilinə aparır:
Yaşıl yosunlu dənizim ,
Sirli, ovsunlu dənizim ...
.
“Yaşıl yuxulu dənizi”n sahilində ruhumuza dinclik verməmiş- dən əvvəl bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Hamı ya-
zır . Yuxarıda dediyimiz kimi, mənəvi haqqı, səriştəsi oldu-olmadı. Hamı özünü söz sahibi, hikmət sahibi sanır. Səbəbi insanın insana inamının,etibarının ölməsidir. “Yazmaq sözü kəsilmədən danışmaq deməkdir”.
...İçindəki acıların heyfini səriştəsi olmaya-olmaya sözdən çixanlara Allah insaf versın , gedib otursunlar “Yaşıl yuxulu dəniz”in sahilində ağlayıb- ağlayıb acılarını, hönkürüb –hayqırıb hirs- hikkələrini boşaltsınlar “Yaşıl yuxulu dəniz”lərə:
Bu gün dəniz nə sakit,
Ləpələr də gizlənib
Dənizin öz içində .
Dincəlir qağayılar
Dənizin bir küncündə.
“Yaşıl yuxulu dəniz” yaşıl arzuları suya düşmüş insanların göz yaşıdı. Elə buna görə də belə yaşıl və belə duzludur:
Yaşıl yosunlu dənizim,
Sirli , ovsunlu dənizim
Xırda balıqlarının
Böyümək arzusu
Böyük balıqlarının
Qarmaq qorxusu ...
Lövbərlə hörüklənmiş
Gəmilərin yuxusu,
Növbətçi motrosların
Yuxusuzluğu .
Suların sonsuzluğu...
...yorğun gözlərim,
Döyünən ürəyim...
...Dənizi,dəryanı dənizçidən yaxşı kim tanıyar ki...(Yeri gəlmişkən , Faiqin qızı gözəl üzlü Aytəkin xanım özünəməxsus bir əda ilə :”Mənim atam dənizçi şairdi, dənizi ədəbiyyata gətirən şairdi”- deyir.)
Səhərdən axşama
Suların arasındayam
Sağ su , sol su...

...Bir –birini qovlayan
Ləpələr mavi, təmiz.
Məni belə ovsunlayan
Bax budur, adi dəniz

Xəyalım quş olar
Bütün aləmi gəzər
Durub mənə qoşular
Tək qalmaz mavi Xəzər

Bəli , “Yaşıl yuxulu dəniz “- mavi Xəzər ruhumuzu çəkə-çəkə gəzdirər bizi ... Bəşəri və ictimai ədalətsizliklərlə döyüşə aparar; nakam bir döyüşçünün sahibsiz qalmış atın göstərib “At sənin sahibin hanı ?”deyib haylamağa vadar edər bizi

Kişnərtisi yurd yerinin
Dağın-daşın diksindirən.
Nallarından çıxan odla
Düşmənləri səksəndirən .
Göy biçənək talaları ,
Yaşıl-yaşıl ormanları
Dərin-dərin dərələri
Yel odlamaz bərələri
Dayanmadan çapıb gələn
At, sənin sahibin hanı?!
Hirsindən qapqara qaralmış Xəzərin sahilindəki “Azadlıq” meydanından soraq verər:
“Azadlıq ”meydanında
Azadlıq axtarırdıq.
Biz şimşəyə dönürdük,
İldırım tək çaxırdıq.
Od oğlu od parçası
Üçrəngli bayraqları
Zirvələrə taxırdı,
Xalq ayağa qalxırdı.

Ümumiyyətlə , “Yaşıl yuxulu dəniz”də təsvir obyektindən asılı olmayaraq hər bir şeirdə azadlıq ruhu duyulur. Birbaşa ictimai məzmun daşıyan “At sənin sahibin hanı?” , “Xalq ayağa qalxırdı”, “Barışa bilmirəm bu dünya ilə” , “Dəli şeytan deyir, dəlilik eylə” , “Bu dərd”, “Məni gördüklərim şair elədi “ və s. kimi şerlərdə də , “Sakit –səssiz göy üzü” misrası ilə başlayan “Mən kənddə doğuldum, kənddə böyüdüm” misrası ilə başlanan adsız şerlərdə ,”Bu yaz gecəsində”, “Bu yolun “ və s. kimi təbiət təsvirinə həsr olunmuş şeirlərdə də, “Mən səndən ayrılmaq istəyirəm ki...”, “Bu eşq məni ovutmadı” , “Nəmlənər kirpiklərin” və s. kimi lirik şeirlərində də şair ruhu azadlıq eşqi ilə çırpınır...
“Yaşıl yuxulu dəniz”də qəribə bir paralellik var : ucu-bucağı görünməyən Aran çölləri və ucu-bucağı görünməyən qırçın ləpəli dəniz. Genişlikdən genişliyə qoşan şair ürəyi qəliblərə, darısqallığa, yeknəsəqliyə sığmır, döyünür, çırpınır, hayqırır, yorulub yorğun düşəndə isə həzin bir bayatıya dönür sanki:
Nə yuxudur gördüyüm,
Nə də gəlib başıma .
Görəcəyim günlərdi
Bir –bir çıxır qarşıma.
İstər ictimai məzmunlu şeirlərində, istər təbiət təsvirinə həsr olunmuş əsərlərində, istərsə də məhəbbət lirikasında Faiq təbiidir, özünəməxsusdur. 1986-cı ildən tanıdığım şair dostumuz həmişə cəmiyyətdə gedən dəyişikliklərə cəld reaksiya verib, məlum hadisələr zamanı hadisələrin mərkəzində bulunub, sonralar yaşadığı ömrü bədii nümunələrə çevirib və elə buna görə də təbii və səmimi şeirlərin müəllifinə çevrilib. Azadlıq mücahidi Rusiya DTK-asının qəzəbinə tuş gəlib, öz qaragüruhumuzla çarpışıb, mənəvi cəhətdən döyüşüb, incidilib, “sən” deyib tapındığı gözəlliklərdən də acılar dadıb amma nə tutduğu yoldan dönüb, nə də verdiyi sözdən bezib:

Nə dostlarım bildi, nə də sən bildin
Yaşadım ömrümün yaş günlərini
Alıb qucağıma körpə uşaq tək
Daşıdım ömrümün daş günlərini
“Yaşıl yuxulu dəniz”lə əkslik təşkil edən bir sarılıq da hökm sürür bu topluda:
“ Bir sarı ilğım kimi, sapsarı ümid kimi “, “Taxıl zəmilərinin içində bitən sarıçiçəklər” kimi , “Bir ağac budağında saralan yarpaq” kimi gözəl “hisslərinə yonulmuş sarı tabut “ kimi acılı duyğular “Sarı ilanlarla dolu dünya” da adamı sarı ilan kimi çalıb keçir. Şairin bu acılarını sarala-sarala dinləyirsən.
“Kənddə doğulub, kənddə böyüyən, at çapıb, ot çalıb, ovçuluq edən, yaxşı adamlardan tərbiyə alıb, hamıya hər yerdə yaxşılıq edən “Faiqin “Yaşıl yuxulu dəniz”in sahilindən üzü kəndlərinə xatirə xarakterli deyimləri bir oxucu kimi məni daha çox mütəssir edir: Bu səbəbdir, yoxsa nəticə , bilmirəm, amma onu bilirəm ki, Faiqdə xalq ruhu , xəlqilik , doğma yurda elə-obaya sonsuz diqqət, qayğı və məhəbbət onu çox gözəl bir rəssama peyzaj ustasına çevirir. Ya Faiq doğma yurda çox bağlıdır deyə belə çılğındır, ya da təbiətindəki çılğınlıq onu el-obadan belə coşqunluqla söhbət açmağa sövq edir. İndicə nümunə gətirəcəyim bu şeiri oxuyanda nədənsə yadıma “Ögey ana” filmindəki İsmayıl və onun məşhur “Kəndimiz” mahnısı düşür:
Göy təpə.... bu təpənin
Yamacı gömgöy otlaq
Çiçəklər qucaq –qucaq,
Çiçəklər qalaq-qalaq ,
Burda ürək də dözmür,
Burda oxuyur dodaq...
Al qırmızı çiçəklər ...
Necə gözəl yaraşır
Yurdumuza çiçəklər.

“Bənövşə bəndə düşmür”
O qız “kəməndə” düşmür

... İsti yay gecələri ,
Cırcırama nəğməsi ...
Sərin meh uzaqlara
Səpələyir bu səsi...

Bu şeiri oxuyub qurtarırsan, amma şeirin nəfəsi kəsilmir, hiss eləyirsən ki, bu şeir hələ davam edir. Necə ki , bulaq suyu haradasa torpağa hopur və elə görünür ki, o qurtardı. Amma o qurtarmır, o yol gedir, o yaşayır, nəfəs alır və sən o nəfəsi duyursan.
Belə ... Maraqların daha çox didişdiyi, havası, suyu, qidası və vaxtı , tərkibini , əzəliliyini və özəlliyini itirən şəhərdən qaçıb “Yaşıl yuxulu dəniz”in sahilində nəfəs genişliyi, ruh sakitliyi tapdıq bir az. Sağ ol Faiq .
Xatirə Rəhimbəyli


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30