Mən burdayam, İlahi - VAQİF SƏMƏDOĞLU / 80

Tarix:5-06-2019, 18:13 Baxış Sayı:477

Mən burdayam, İlahi - VAQİF SƏMƏDOĞLU / 80
Manera.az Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibəti ilə seçilmiş şeirlərini təqdim edir:


***
Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.

Uzaq yaşıl ada

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Günaha batmağım gəlib, ay Allah

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996

Sevgilim, mən öləndə

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

Polyak qızı

Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim.

Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstdən dəri ver.

Burnumdan əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri…


***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?


***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...


***
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...
1963


***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
1963


***
Qağayı, axtar məni,
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni...

İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
1964


***
Birlikdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan.
Taxta oyuncaq ayıdan
Tək yatdığım çarpayıdan
Utanıram, utanıram...

Çağaların ilk səsindən,
köhnə daxma kölgəsindən,
Ölülərin daş qəbrindən,
Dirilərin daş səbrindən
Utanıram, utanıram...

Bütövlükdən, bölümdən də,
Yersiz, vaxtsız ölümdən də...
1964


***
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...
1964


***
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!


***
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...


***
Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm...

Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm.


***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...


***
Sən mənim doğma anamsan, Azadlıq,
mən sənin yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni yellədən külək...


***
Məzara bənzəyir yaxşı insan...
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya...


***
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…


***
Saxlayın Yer Kürəsini,
Mən düşmək istəyirəm.
...Ay işığının
sapsarı ipi
düşmüş sularına dənizin
O ipi
boynuma dolayıb
asmaq istəyirəm özümü aydan,
ayağım altından
bir kənara itələyərək
Yer kürəsini..


***
Bu ayrılıq dəniziylə
Səni aparan gəmi,
Yuxumdan keçdi bir gecə,
Moskvadan may kimi...

Ondan sonra küçə gördüm,
Getdim aptekə sarı,
O gün ilk dəfə səsləndi,
Ömrün son akkordları...

Ömrün sonuna az qalıb,
Düzsayıramsa əgər,
Bəlkə beş il, bəlkə yüz il,
Bəlkə qapıya qədər...


***
İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz...
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi...


***
Sol əlimlə sağ əlimin
Arasında duman, dağ,
Hansı əlim qürbətdədir?
Hansı ölü, hansı sağ?

Sol əlimlə sağ əlimin
Arasıyla çay axır
Hansı əlim batır suda?
Hansı sahildən baxır?

Sol əlimlə sağ əlimin
Arasında yağar qar
Hansı əlim istidədir?
Hansı çöllərdə donar?

Sol əlimlə sağ əlimin
Arasında qapı var,
Hansı əlim döyər onu?
Hansı görəsən açar?


Sandıq şeirləri


Nüşabəyə

Bu dünya, bir də sən olmasaydınız,
Harada, kiminlə mən tək qalardım,
Başqa bir yalqızın sığınmağıyçün
Yəqin ki, həm dünya, həm sən olardım...


***
Saral yolum, qaral, yolum,
Çox genəldik , daral, yolum,
Sevinc bizi daşa vurdu,
Sevinc qəsdimizə durdu.

Daral, yolum, gedə bilək,
Gedə-gedə itə bilək,
Sağ-salamat adam kimi,
Göz yaşına yetə bilək.

Yoxsa sevinc çatar bizə,
Quru diş tək batar bizə,
Ömrün-günün yalanını
Şeirə büküb, atar bizə.

Gedək, mənim oğul yolum,
Sola-sağa burul, yolum,
Salıb məni dolaylara,
Öz-özünlə boğul, yolum...


***
Şam sönəndə
qaranlıq çöksə yaxşıdır.
Mənim yüzlərlə şam içində
sönən tənha şama
yazığım gəlir.
Hər insan o tənha şamdır...
1986


***
Hər uca bir dağın dərin
Dərəsi var, deyiblər.
Ölümdən başqa hər dərdin,
Çarəsi var, deyiblər...

Bəlkə də hər uca dağın
Zirvəsi dərəsidir,
Bəlkə də ölümün özü
Hər dərdin çarəsidir...
1998


***
Yer üzünün məscidlərində,
kilsələrində
neçə milyard şam yanır
hər gün?
Amma yenə
hər yan qaranlıq...
1998


***
Daşlar isti, divar isti,
Deyəsən yenə yay gəlib.
Ya iyundur ya avqustdur,
Hər halda isti ay gəlib.

Böyüyüb küçə səsləri,
Daha açıqdır pəncərə,
Yenə bağ həsrəti gəlir,
Bəlkə də nahaq yerə...

Quşlar da zildən oxuyur,
Tər şehlı yay səhərləri,
Amma hayıf, artır yayda
Ölüm-itim xəbərləri...
1998


***
Dünya qoymur yavaş-yavaş yaşayım,
Həzin-həzin payız bağına dönüm,
Şığıyan qatardan görünən ev tək,
Uzaqda görünüm, uzaqda sönüm...

Dünya qoymur divarlardan ayrılıb,
Ağac kölgəsiylə oturub-durum,
Bir süfrə başında otla, çiçəklə,
Bir az Günəş yeyim, bir az Ay vurum.

Dünya qoymur buludların köçünə
Qoşulub, ən ucqar yaylağa gedim,
Ömür səhrasının lap o başından
Ölüm yellədiyi yaylığa gedim...
1997


***
Səssiz-səmirsiz olmaq,
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi...

Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç...

Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı...

Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin...


***
İlahi,
saat əqrəbləriylə
12-yə qalxıb, 6-ya enirəm.
İlahi,
3-ə sarı sağa,
9-a doğru sola dönürəm.
İlahi,
bu da Sənin əməlin,
burda da Sənin əlin!
Səni tapacaqlar, İlahi,
yuvan istər dayaz olsun, ya dərin...
Hər yanda, hər şeydə
Sənin barmaq izlərin...


***
Dünyamızın bir sifəti,
Bir sifətdə min yönü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü..

Hər an çıxmaq arzusuyla
Əbədisən an içində,
Əbədisən dövr eləyən,
Laxtalanan qan içində...

Günün daima bu gündür,
Sabahın yox, dünənin yox,
Nə bir irəli gedənin,
Nə də geri dönənin yox...

Qapı hardan bağlanırsa,
Üz olur arxası, önü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü...
2000


***
Hamıdan yorğun
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada...
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya...
2000


***
Dönməyə yer yox.
Belə düz yol
olmamalıdır yer üzündə.
Dönmək arzusundan
dönməməlidir insan.
Hərdən hətta burulmalısan
doğru yoldan,
bu yolda lap gülləylə vurulmalısan.
Amma mütləq dönməlisən!
Ya sağa – eşqə aparan bir dalan,
Ya sola – bir şirin yalan...
1999


***
Bir qadın qaməti var,
çınara bənzər.
Bir qadın yerişi var,
meh kimi gəzər.
Bir qadın baxışı var,
dibi görünən dəniz.
Bir qadın nəfəsi var,
Allah nəfəsiylə əkiz...
1999


***
Nə yaxşı ki, oyaq idim,
Sən yuxuma girəndə,
Nə yaxşı ki, ayıq idim,
Səni o gün görəndə.

Bir divara söykənmişdim,
Sən qarşıma çıxanda,
Nə yaxşı ki, kor deyildim,
O gün sənə baxanda.

Bilmədim, səni buraya
Meh ya duman gətirdi,
Onu bildim ki, o yerdə
Baxtım yaman gətirdi.

Kim deyir ki, yerdən göyə
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.

Sevinməyə anlar varmış,
Allah, şəhər içində,
Fəqət canım duz bağlayıb,
Qanım şəkər içində..
1999


***
Bənövşə də məni görüb,
Qarşımda boyun əymədi.
Sevincin böyründən ötdüm,
Çiynim də ona dəymədi.

Görən sabah nə olacaq?
Nə olursa, olan olsun,
Gündüz Günəş, gecəsə Ay,
Lap dəniz də yalan olsun.

Heyranlıq kar olub daha,
Marağın tutulub gözü,
Çat vermərəm göy üzündən,
Yoxam desə Allah özü...
1999


***
Barmaqlar arasından
axıb, gedir ömür.
Nə barmaqlar səninmiş,
nə ömür sənin...

Ovcumda narın qum,
barmaqlarımın arasından
süzülür yerə.
Əlvida,
birrəngli
ağ və qara günlərim...
1999


***
Gözlərində
boş yer varmı?
Varsa,
izn ver, görünüm,
gözlərinin
qarasına bürünüm...


***
Bu bir sərin xatirədir,
Dağdan gələn meh deyil,
Keçmiş bütöv ödənilib,
Dağdan gələn beh deyil...

Ayaq üstə qalıb dağlar,
Dərələr üzüqoylu,
Törəməmiş illərimdən
Cəmi beş-on gün boylu...

Yağış çilər göy üzündən,
İslanar yaşıl eyvan,
Arxadakı otağımda
Boş döşəmə, boş tavan...

Günəş yaman aram batır,
Sürünüb gəlir axşam,
Bu beş pillə yaman çoxmuş,
Deyəsən qocalmışam...
1997


***
Ömrüm nisyə getdi,
ölümüm də nisyə olsun.
Elə bir bazarın varmı, İlahi?

Məni yuxuda öldür,
ağrısız, əzabsız.
Elə bir azarın varmı, İlahi?

Mənə bu dünyaya baxmaqçün
bir kiçik pəncərə ver.
Elə bir məzarın varmı, İlahi ?..


***
Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni,
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ