manera.az
manera.az

Yolu ürəyimin üstdə gedirəm - Kəmaləddin Qədimin şeirləri

24-05-2019, 20:27

Yolu ürəyimin üstdə gedirəm - Kəmaləddin Qədimin şeirləri
MANERA.AZ tanınmış şair Kəmaləddin Qədimin şeirlərini təqdim edir:

Yolu ürəyimin üstdə gedirəm...

Odur ən güclüsü dayaqlarımın,
Yolu ürəyimin üstdə gedirəm.
Xəbəri varmıdır ayaqlarımın
Yolu ürəyimin üstdə gedirəm?

Göylərə şöhrətin başı tez dəyir,
Yanağa gözlərin yaşı tez dəyir.
Tikanı tez batır, daşı tez dəyir,
Yolu ürəyimin üstdə gedirəm.

Bu adam bir ömür barışda deyin,
Haqq üçün savaşda, yarışda, deyin.
Qorxub eləməsin qarışqa, deyin
Yolu ürəyimin üstdə gedirəm.

Yerin qulağı var, eşidə bilir,
Beş gözəl sevmişəm, beşi də bilir.
Meşədə qurdu da, quşu da bilir
Yolu ürəyimin üstdə gedirəm.

Ömür bitəbitdə, gün batabatda,
Can hansı qatdadı, ruh hansı qatda...
Başqa yol qalmayıb Allahın altda,
Yolu ürəyimin üstdə gedirəm...

Mənim ürəyimin çətiri yoxdu

Hələ özün yazır, özün oxuyur,
Hələ özü boyda qədiri yoxdu.
Ayrılıq qoxuyur, həsrət qoxuyur,
Bir özgə qoxusu, ətiri yoxdu.

Elə biri vardı...biri var yenə,
Birinin dərdi var, səri var yenə.
Dəyib, toxunası yeri var yenə,
Dəyib, toxunası xətiri yoxdu...

Yapsa da özünə hasar özünü,
Bir coşqun sel olsa basar özünü.
Hər gün dara çəkər, asar özünü,
Baxmayın kəndiri, kətili yoxdu...

Canı canımnandı, qanı qanımnan,
Baxılsa görünər baxışlarımnan...
Axdıqca islanar göz yaşlarımnan,
Mənim ürəyimin çətiri yoxdu...

Gözlərim də su səpirdi dalınca...

Getdin, nədən əyləmədim yolundan,
Ayaq altdan qaçdı yer də dalınca...
Nədən tutub saxlamadım qolundan,
Yüyürmədim bu nə sirdi dalınca?..

Demək hər şey buracanmış, buracan,
Ha tikəsən, ha yapasan, qurasan...
Dilim niyə yalvarmadı durasan,
Baxa-baxa susa bildi dalınca?..

Hava bom-boz, çiskin yağış, yer də nəm,
Yanaqlarım görməyəcək bir də nəm;
Söz vermişdim, ağlamırdım, birdənəm,
Gözlərim də su səpirdi dalınca...

Ömür yox, bir dəli sevda mənimki

Bu dava qurtaran dava deyil ki,
Özümlə savaş bu, dava bu, bitməz.
Bir kərə oynanan hava deyil ki,
Bir ömür oynanan hava bu, bitməz...

İçimdə, çölümdə nə var özüməm,
Həyanam, həm də ki, zaval özümə.
Tükənməz verdiyim sual özümə,
Özümün özümə cavabı bitməz...

Uyası halı yox dəbə könlümün,
Bu uşaq könlümün, bəbə könlümün.
Dolanar başına Kəbə könlümün
Hələ ki, qanımın təvafı bitməz...

Guya mənimkidi ev də, mənimki,
Bir cür müsafirlik evdə mənimki.
Ömür yox, bir dəli sevda mənimki,
Günahı keçilməz, savabı bitməz...

İndi necə üşüdürsən, bilirəm...

Ömrü-günü öz başına dar olan,
Öz-özünə qənim pirsən, bilirəm.
Nəyi varsa aşkar olan, car olan,
Necə gizlin, necə sirsən- bilirəm...

Yalnız doğrun, düzün olur gecələr,
Danışmağa sözün olur gecələr.
Gülüm, nədən uzun olur gecələr,
Nə çəkirsən...kaş ki, bilsən bilirəm...

Yaşatmaqdı işim-peşəm adını,
Özün qədər sevirmişəm adını...
Əzbərimə çevirmişəm adını,
Hər çəkdikcə eşidirsən, bilirəm...

O dörd divar...o da ki, sən...tənha, tək,
O da ki, çöl...dəli-dolu bir külək...
Əyni yalın bir çiçəksən, bir çiçək,
İndi necə üşüdürsən, bilirəm...

Səni çəkəcəyəm cəza yerinə...

Keçmisən ömrümdən zəlzələ kimi,
Gör necə dönmüşəm qəza yerinə...
Nə ola, sən adlı yazını pozan
Qaytarıb təzədən yaza yerinə...

Kölgənəm, arxanca sürünən kölgən,
Sürünə-sürünə dönmüşəm görkə.
Qalmağın yerinə düşərdi bəlkə,
Getməyin düşmədi nəsə, yerinə...

Bu yaşda, bu başda mən səni çəkdim
Çəkdi ürək səni, can səni, çəkdim.
Elə içimə də son səni çəkdim,
Səni çəkəcəyəm cəza yerinə...

Çalış ki, bir az da unudum səni

Kiməm ki, mən özü özünə qənim,
Mən adlı adamın adına gəlmə.
Deyirdin badıma getmisən mənim,
Gedərsən yenə də badıma, gəlmə.

Bu sevgi nə ocaq, nə də pir artıq,
Nə gizlin qalıbdı, nə də sirr artıq.
Vallah özümü də isitmir artıq,
Bu sönüb, səngiyən oduma gəlmə.

Elə baş qatıram, baş aldadıram,
Nə bulur, nə çəkir çölüm, dadıram.
Mən daha ayrılıq, ölüm dadıram,
Bu son ləzzətimə, dadıma gəlmə.

Neynirəm dopdolu buludum, səni,
Yağ, boşal, blməyim umudum səni.
Çalış ki, bir az da unudum səni,
Elə unudum ki, yadıma gəlmə...

Görünür həmişə yol məndən qabaq...

Canım, bircə kəlmə sözə dəymərəm,
Qabaqdı, bir kəlmə "OL" məndən qabaq.
Tək elə yer olsa, göy olsa nə qəm,
Ot məndən qabaqdı, kol məndən qabaq.

Bu çapar könlümə, atdı könlümə,
Yaddı sən çəkənlər, yaddı könlümə.
Nə sağım, nə solum yatdı könlümə,
Sağ məndən sonradı, sol məndən qabaq.

Almadım vecimə şah oğlu şahı,
Köləsi olmadım, sevdim Allahı.
Mən könlüpaşanın biriyəm axı,
Olmaz kölə məndən, qul məndən qabaq.

Özünü özündə gəl də ram elə,
Həm ovam, həm də ki, ovçuyam elə.
Mən ana bətnindən yolçuyam elə,
Görünür həmişə yol məndən qabaq...

Bu qədər yaxınkən bu qədər uzaq

Bizimtək yaxınmı görən hər yaxın,
Bizimtək uzaqmı görən hər uzaq;
Bu qədər uzaqkən bu qədər yaxın,
Bu qədər yaxınkən bu qədər uzaq?..

Bu eşqin bu yaşda, elə bu boyda,
Nəfi bu qədərmiş,xeyri bu qədər...
Ümidsiz olmayıb Məcnun bu boyda,
Çarəsiz qalmayıb Leyli bu qədər..

Elə Xan Əslisən, vəsf eləməyə,
Tanrı qüdrət verən qələm çatışmır.
Mənimsə Kərəmlə bəhs eləməyə,
Yanımda tək bircə Lələm çatışmır...

Peşmanıq taleyə, baxta gələndə,
Suç gəlir, sonra da cəzası gəlir.
Nədənsə tək gəlmir haqq da gələndə,
Dalınca başının qəzası gəlir..

Geridə buraxıb keçəmmirik bax,
Kədəri bir addım, qəmi bir addım.
Əlimi uzatsam əlim çatacaq,
Bir addım yol qalıb sənə, bir addım...

Hələ üzümüzə bu qapı yaddı,
Hələ tapılmayır açar-kilidi.
Bir addım yol qalıb...hələ bu addım
Dünyanın o biri başı kimidi...

Elə bizim kimi boynubükülü,
Muştuluq gətirməz bizə bu yollar.
Gör necə gedilməz olubdu, gülüm,
Gör necə dayanıb üzə bu yollar...

Bizimtək yaxınmı görən hər yaxın,
Bizimtək uzaqmı görən hər uzaq;
Bu qədər uzaqkən bu qədər yaxın,
Bu qədər yaxınkən bu qədər uzaq?..

Nədən yetişməz ki duam Tanrıya

Nə boş-boş xəyallar qurram içimdə,
Nə qızıl balıqlar toruma düşməz.
Yuxular görərəm eh, nə biçimdə,
Biri də yozuma, yoruma düşməz.

Yaşadım od üstdə, köz üstdə, bəlli,
Şükr ki, gəlmədim diz üstdə, bəlli.
Qalxıb öldürsələr söz üstdə, bəlli
Peşəmə cangüdən, qoruma düşməz.

Götürüb aparmaz küləyi bir gün
Yalanı, yalnışı, kələyi bir gün.
Çevrilib mən olmaz mələyi bir gün,
Bir gün də mən düşən duruma düşməz.

Bu necə gülzarmış, necə çəmənlik,
Olmadı bir gün də bir quşa dənlik.
Nə yeri mənlikdi, nə goru mənlik,
Evimə düşməyən goruma düşməz.

Bir şey ki, köləyəm, qulam Tanrıya,
Ən qısa, ən kəsə yolam Tanrıya.
Nədən yetişməz ki duam Tanrıya,
Ərizəm gərəkən quruma düşməz?..

Özümü gözümün altda tuturam

Az qalıb, azıma çəkirəm ömrü,
Nəyim var azımın altda tuturam.
Nizama, düzümə çəkirəm ömrü,
Nizamın, düzümün altda tuturam

Bu əyri doğuşdan paşam, əyrimi,
Elə düzəltməkmi peşəm əyrimi?
Beş-on yalnışımı, beş-on əyrimi
Doğrumun, düzümün altda tuturam.

Düz də ki belədi, düz də görünmür,
Qalır düzlüyündən düzdə, görünmür.
Gözlərə təpilmir, üzdə görünmür,
Dərdi də sözümün altda tuturam.

Suyu bulandıran birsimi başda,
Başdamı bu suyun tilsimi, başda?
Qoymuram çatlasın hirsimi başda
Qatlayıb dizimin altda tuturam.

Canımın as yeri, usta yeri var,
Üz tutub gedirəm dosta, yeri var.
Çox da ki gözümün üstdə yeri var,
Özümü gözümün altda tuturam...

Getmərəm o sona, axıra sənnən...

A dünya, səndə bir ömür yaşadım,
Uydum da bir şirin nağıla sənnən.
O qədər xoş gəldi ləzzətin, dadın,
Öyrəşdim nabata, noğula sənnən.

Uçuldum, dağıldım, sonra quruldum,
Erkən bulanmışdım, çox gec duruldum.
Gör səni nətəhər sevdim, vuruldum,
Qoymadım kimsəni yaxına sənnən.

Yoxdurmu bir azca ədəb-ərkanın,
Yanır, dörd tərəfin od tutub yanır...
Ölən ölüb gedir, qurtarır canı,
Qalan qalır yana, yaxıla sənnən...

Ha geyin, ha süslən, bəzən deyirəm,
Sən çalan havaya süzən deyiləm.
Bu qurğu deyilən, düzən deyilən
Qurulub bir gün də dağıla sənnən...

Al bu da mən adlı lalın, sağırın,
Fağırın biriyəm artıq, fağırın.
Cənnət olsa belə sonun, axırın,
Getmərəm o sona, axıra sənnən...

Səni güldən daha gözəl bilmişəm

Olub-keçən elə bil ki dünənmiş,
Keçib üstdən il, ağlıma gəlməyib.
Gecə-gündüz ağlımda sən olmusan,
Başqa kimsə bil, ağlıma gəlməyib...

Yaşamışam bax bu tabda, dözümdə,
Yüz yol küsüb, barışsam da özümlə.
Bal süzülüb şeirimdən, sözümdən,
Şirin-şirin dil ağlıma gəlməyib...

Baxsan həmin öncülmüşəm, önmüşəm,
Hələ sənə tərəfmişəm, yönmüşəm.
Əsli bilib Kərəminə dönmüşəm,
Od ağlıma, kül ağlıma gəlməyib...

Qala-qala özbaşıma bir az da,
Oyun açıb söz başıma bir az da.
Dəm vermişəm göz yaşıma bir az da,
Olar bir gün sel, ağlıma gəlməyib...

Bahaymışsan, baha, gözəl, bilmişəm,
Dönmüsən lap şaha gözəl, bilmişəm.
Səni güldən daha gözəl bilmişəm,
Gətirməyə gül ağlıma gəlməyib...

Mən sənin yanına qayıdacağam

Bilməm, günmü keçər, aymı sovuşar,
Az qalıb, a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata kötəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Gözləyir, hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə dörd dolanıb çölü, çəməni
Arı pətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Çatmadım bu il də güllü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala qaranquş öz yuvasına,
Çoban tütəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Səni köçürməyə yer axtarıram

Təpədən-dırnağa sirmişəm özüm,
Kimdəsə, nədəsə sirr axtarıram.
Hər gün dörd dolanıb içində sözün,
Dürdanə gəzirəm, dürr axtarıram...

Ya dağa çəkirəm, ya bağa canı,
Bilmir yasaq canım, qadağa canım.
Qız, sənin uğruna sadağa canı
Hədiyyə verməyə pir axtarıram...

Artır ağrım-acım, göynəyim artır,
Nəyin hayındayam, gör, nəyin artıq;
Uçulub-tökülür ürəyim artıq,
Səni köçürməyə yer axtarıram...

Toz basıb üstünü xatirələrin

Deyirlər çoxalıb işvən bir az da,
Naz gəlib bir az da nazın üstünə.
Mənsə üşüyürəm gülüm, bu yazda,
Payız gətirmişəm yazın üstünə.

Adicə duyğumu bu duyğu görən,
Neynəsin bu qəfil soyuğu görən?
Axı, nə yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini yozum üstünə?..

Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...

Ömrümə daha bir
sevgi gətirmə


Ömrümə daha bir sevgi gətirmə,
Ürəyim tablayıb dözə, dözməyə...
Daha bir işvəyə, naza dözməyə
Elə daş nə gəzir, dəmir nə gəzir...

Baxma, nəyin desən qadam, ömrü var,
Vaxtsız çiçəkləyən badam ömrü var.
Məndə bir ölümlük adam ömrü var,
Məndə bir sevgilik ömür nə gəzir...

Sınmaqdan yanadı şüşələr, qadın

Sirr dolu mən adlı yönlər, tərəflər,
Mən adlı məkanlar, guşələr, qadın.
Çətin, məni yazıb bitirə, çətin,
Dönüb qələm olsa meşələr, qadın.

Mən ağırtaxtalı, ağırçəkili,
Sevdim Bircəsini, sevdim Təkini.
İçimdə gizlədim içimdəkini
Qoymadım gözümdən düşələr, qadın.

Bir əlin quzeydə bumbuz qarıymış,
Bir əlin hazırca kətil, darıymış.
Can almaq adlı bir peşən varıymış,
Yalanmış yanında peşələr, qadın.

Mən paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır, sən də sındır şüşə könlümü,
Sınmaqdan yanadı şüşələr, qadın...

Hələ sən yıxdığın evdə qalıram

Bilmək istəyirsən necədi halım,
Sən qoyub getdiyin kefdə qalıram.
Həminəm, elə o həmin sevdalı,
Saxlayır o dəli sevda, qalıram.

Neynim, ağlamadım bir gün özümə,
Sürgünəm o gündən, sürgün, özümə.
Nağıl danışıram hər gün özümə,
Cırtdana çatmamış devdə qalıram.

Mən ona, o mənə alışdıq artıq,
Qaynayıb iç-içə qarışdıq artıq.
Sonda həsrətinlə barışdıq artıq,
Eh, bu da bir cürə sövdə, qalıram.

Bitəcək beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir ayrı yerim yox, bir başqa yolum,
Hələ sən yıxdığın evdə qalıram...

Gör necə toplanıb, cəm olmuşam

Gör necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstə...
Yandırıb özümü kül eləmişəm
Basmışam sən adlı yaramın üstə...

Gör necə səssizcə can verir şeir,
Sığayır gözünü misra misranın.
Axıb car olan da göz yaşım deyil,
Baxma ki, nəm çəkir, misram islanır...

Lap gündə min kərə ölüb-diriləm,
Qoymam yerə düşə xətrini, qorxma.
Axı, bilirsən ki bir mən bilirəm,
Kimsəyə duyurmam ətrini, qorxma.

Daha görürsənmi görünmür gözə
Necə həsrətini çəkirəm sənin...
Qorxma, bu qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.

Daha görürsənmi görünmür gözə
Necə həsrətini çəkirəm sənin...
Qorxma, bu qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.

Gör necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstə...
Yandırıb özümü kül eləmişəm,
Basmışam sən adlı yaramın üstə...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30