manera.az
manera.az

Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən OXUMADIĞINIZ ŞEİRLƏR

21-05-2019, 17:48

Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən OXUMADIĞINIZ ŞEİRLƏR
MANERA.AZ Ramiz Rövşənin yeni çap olunan “Sevgi açarı” kitabından bir neçə şeiri təqdim edir.

İndiyədək oxuculara məlum olmayan bu şeirlər internet mediada ilk dəfə yayımlanır.

Təbəssüm

O məclisdə deyəsən
Tək bircə mən yadıydım.
Qarışmırdım heç kəsə,
Hamıdan azadıydım.

Təkliyim, tənhalığım
Yoxsa dəydi gözünə?
Çiyninin üstən baxıb
Gülümsədin üzümə.

O təbəssüm görəsən
Nəyin işarəsiydi?
Bəlkə məni gözləyən
Dərdlərin çarəsiydi.

Onda mən lap cavandım,
Nə görmüşdüm mən axı?
Ömrüm hələ yavandı;
Yoxdu dərdim, günahım.

Hələ dərdlər, günahlar
Qabaqdaydı, qabaqda.
Üstümə qatar-qatar
gəlirdilər uzaqdan.

...O məclisdə, bəlkə də,
Sən ən gözəl xanımdın.
Mən səni tanımırdım,
Sən məni tanımırdın.

Heç bilmirəm kimiydin,
Nəydi sənin adın da.
Amma o təbəssümün
yadımdadı, yadımda.

O təbəssüm –
Bəlkə də anlasaydım mən dəli;
Baş tutmayan bir eşqin
əvvəliydi, əvvəli.

O ötəri, gözucu,
Xilaskar təbəssümün.
O həm ana, həm bacı,
həm də yar təbəssümü.

O gündən illər keçib; -
biz bu illər uzunu
Nə bir yol rast gəlmişik,
Nə görmüşəm üzünü.

Bəlkə o məclisdəki
O tənha, o tək oğlan
Sənin yadından da
lap çoxdan çıxıbdı, çoxdan.

Bəlkə xoşbəxtsən bu gün;
ər də var, ailə də.
Amma o təbəssümün
mənimlədi hələ də.

Gizlicə bağışlanan
çiçək kimi, gül kimi,
Qalıbdı bu vaxtacan
aramızda sirr kimi...
2001


***
Bu dünyanın gözündə
Sən heç nəsən, mən heç nə.
Əlini qoy, əzizim,
Əllərimin içinə.

Üşüyür uzun-uzun
Barmaqların deyəsən.
İstəyirəm ovcumu
Əlcək kimi geyəsən.

Sən yatanda gələrəm,
Ayağımın ucunda.
Gəzər qayıq əllərim
Sənin dəniz saçında.

Kəsilibdi saçların,
Hörük-hörük qolu yox.
Sənin dəniz saçının
Okeana yolu yox.

Oyanarsan qəflətən,
Silkələrsən başını.
Fırtınalar dağıdar
Sənin dəniz saçını.
Dalğalar arasında
Batar qayıq əllərim,
İtər qayıq əllərim.

Sonra bir az aşağı
Sürüşər əlim mənim.
Sənin çiyinlərinə
İlişər əlim mənim.

Bəlkə uzun çəkərdi
Əllərimin səfəri.
Qəfil açıb qapını
Kimsə girər içəri...

Bu fırlanan dünyamız
Öz işində-gücündə.
Qoy dincəlsin əllərin
Əllərimin içində.

Sən bir ürkək quşcuğaz,
Mən bir kövrək ovçuyam.
Xoşbəxtliyin dən kimi
Səpilibdi ovcuma.

Milçək kimi üzünə
Qonmaq istər kədər-qəm.
Bu yelpik əllərimlə
Üzünü yelləyərəm...
1964
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən OXUMADIĞINIZ ŞEİRLƏR
Zənbil

Bazardan gəlirdin –
zənbil əlində;
İçi salxım-salxım üzümlə dolu.
Deyəsən, diksindin məni görəndə,
Karıxıb az qala çaşmışdın yolu.

Hardasa bir evdə gəlinsən daha, -
Səni kim oxşayar, kim əzizləyər?!
Onsuz da mən görən deyilsən daha,
Qoy vurdum özümü görməməzliyə.

Ancaq səni boğan qəhəri uddun,
Yanımdan keçəndə gülümsədin də.
Bir az da başını yuxarı tutdun.
Hələ ağızucu “salam” dedin də.

Əynində yellənən ipək paltarın
Dəydi üz-gözümə xəfif küləyi.
...Gedirsən, səslənir dikdabanların:
-Xoşbəxtəm! Xoşbəxtəm! Xoşbəxtəm! – deyir.

Ancaq zənbil tutan əlin darıxır,
Yandırır əlini zənbil köz kimi.
Zənbildən kədərlə boylanır-baxır
Üzüm gilələri yüz cüt göz kimi...
1965


***
Gedibsən, yetişməz harayım-səsim,
Saxlayıb divarlar, çəpərlər məni.
Sənin gözlərində qalıbdı əksim,
Sənin gözlərində öpərlər məni.

Bəs səndən nə qalıb? Qəmin-kədərin...
Kədəri calaram qəmin ucuna.
Səninçün yığdığım qızılgülləri
Görən kim taxacaq sənin saçına?..

Sənin gözlərində güləcək aləm,
Gözümün yaşını siləcəyəm mən.
Gündüzlər nə zaman yadına düşsəm,
Gecələr yuxuna girəcəyəm mən.

Sən elə gözəlsən – səni sevən kəs
Yəqin ki, qısqanar çoxuna səni.
Ancaq təkcə mənə qısqana bilməz,
O necə qısqansın yuxuna səni?

O hardan bilsin ki, gözlərimdə nəm
Ölüncə dalınca gələcəyəm mən.
Gündüzlər nə zaman yadına düşsəm,
Gecələr yuxuna girəcəyəm mən.
1965


***
(məktəbli Ramizin şeirlərindən)

Kaş sevgidən bir şah qəzəl
Yazıb qoyam ortaya.
Amma heyif, yaşım hələ
Çatmayıb onaltıya.

Hələ mənə qadağandı
Bu şəhərdə çox işlər.
Dükanlarda içkilər,
Kinolarda öpüşlər

Kaş gözəgörünməz olam,
Heç kəs məni görməyə.
Düşəm şəhərin canına,
Nə istəsəm eləyəm.

Bax, o gedən qızı öpəm,
Qız qəflətən diksinə.
Öpüş mənə qismət ola,
Şapalaq özgəsinə.

Bir də görəm sən gəlirsən
Küçənin o üzündən.
Xəbərin yox səni sevən
Bu dəli Ramizindən.

Sən görmürsən məni indi,
Mən ki bunu bilirdim.
Niyə səni görən kimi
Bəs özümü itirdim?!..
1962

Sənə mən söz deyincə

(məktəbli Ramizin şeirlərindən)

Sənə mən söz deyincə
İllər keçdi aradan.
Yazdıq, pozduq, oxuduq,
Ağı seçdik qaradan.

Sənə mən söz deyincə
Göyə adam da uçdu.
Gör neçə ev tikildi,
Gör neçə dam da uçdu.

Kimdən qorxdum mən axı?
Qardaşından? Atandan?
Sənə mən söz deyincə
O söz çıxdı yadımdan.

Bəs mənə kim söz dedi,
Yanaqların qızardı.
Sənə mən söz deyincə
Kimsə səndən söz aldı.

Daha sussam yaxşıdı,
Uzatmayım nağılı.
Deyəsən göz yaşıdı
Bu nağılın axırı...
1963

Sevmədiyim qadınlar

Sevmədiyim qadınların
gözəli də çoxuydu.
Hərəsi bir şirin nağıl,
hərəsi bir yuxuydu.

Əllərimi tellərinə vurmadım,
Həsrət çəkib ürəyimi yormadım,
Boyun büküb yollarında durmadım
sevmədiyim qadınların.

Sevmədiyim qadınların neçələri sevildi,
Toy çalındı, şəhərlərin küçələri sevindi,
Neçələri ər evində təpikləndi, söyüldü
sevmədiyim qadınların.

Sevmədiyim qadınlarla
Aşıb-daşır yer üzü,
Yer üzünün Yerevanı, İstanbulu, Parisi,
Atdı Eyfel qülləsindən özünü
sevmədiyim qadınların birisi...
1968

Məhəbbət oyunu

Bu məhəbbət oyunu
qəribəydi, qəribə...

İçəridən bağlanan
otaqlar da qəribə.
Pəncərədən boylanan
budaqlar da qəribə.
O aldadan, aldanan
dodaqlar da qəribə.

Qəribəydi, qəribə;
Uduzanın verdiyi
Öpüş-öpüş cərimə.

Qəribəydi, qəribə,
nə qəribə oyundu.
Şam kimi bir dümağ qız
paltarını soyundu.
Beş cüt kibrit barmağın
alovunda yuyundu.
Kirpikləri yumuldu,
Ən ləzzətli ufultu...

Sus!..

Az danış, az soruş;
“Bu oyun necə bitdi?”
Budaqdan boylanan quş
Utandı, uçdu-getdi.

Qəribəydi, qəribə;
bir qız başı əyildi.
Bəlkə oyun deyildi,
bəlkə oyun deyildi?!..
1966

Yuxularda gəzən qızlar

Bu oğlan yuxuda nə görür belə?
Nə bərk qucaqlayıb yumşaq yastığı.
Yuxuda bağrına bərk-bərk basdığı
O qız kimdi görəsən?
İndi qucağında çabalayırmı,
Hay-haray salırmı indi görəsən?

Bəlkə o da yatıb, ya da oyaqdı,
Ya çöldə, ya da ki, evdədi indi.
O qız nə bilir ki, bu gecə vaxtı
Kimin yuxusunda “kefdədi” indi.

Nə çoxdu dünyada gözəl qızların
Özündən xəbərsiz “cinayətləri”.
Gecə yuxularında gəzən qızların
Gizli “öpüşləri”, “xəyanətləri”.

Hardasa toy səsi ucalır yenə,
Zurnanın zilidi göyə dırmaşan.
Kimin yuxusundan kimin evinə
Görən gəlin köçür o qız bu axşam?

İndi yatanamı “oyan!” deyəsən?
Gəlin gedənəmi “dayan!” deyəsən?

Səni kim eşidər bu vurhavurda?
Adına “dəlidir” deyərlər sənin.
Bir az hay-küy salsan, qorx ki, axırda
Tutub nağaratək döyərlər səni.

Sən öz dərdini çək, ay mağmun adam,
Qalmısan təkliyin əlində indi.
Necə gözəl qızlar keçdi yuxundan,
Hərəsi bir evdə gəlindi indi.

Bəsdi tək dolandın bu şəhərdə tək,
Nə yadnan, nə də ki, qohumnan evlən.
Bərk-bərk qucaqlayıb var gücünlə çək,
Çıxart bir gözəli yuxundan, - evlən!..

Mənbə: Kulis.az

MANERA.AZ Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30