manera.az
manera.az

Məni ahın tutdu, səni alxışım - Tofiq Nurəlinin şeirləri

5-01-2019, 20:25

Məni ahın tutdu, səni alxışım - Tofiq Nurəlinin şeirləri
MANERA.AZ tanınmış şair Tofiq Nurəlinin şeirlərini təqdim edir:

Qış qayğısı

Yazda toxum kimi zoğ atıb çıxıb
Yarpaq açacağam gül açacağam.
Bu köhnə dilimi qoyub bir yana,
İnan ki təzədən dil açacağam.

Bu qışı birtəhər keçirə bilsəm...
Sazaq iliyimə işləyən zaman-
Bir isti misraya tutsam əlimi,
Tələsə-tələsə gələn dumandan

Qırov bağlayanda daş da çör-çöp də...
Qəfil yıxılmasam bu ötə-ötdə,
Bu qışı birtəhər keçirə bilsəm...
Çovğundan yerlə göy seçilməyəndə,

Başın itirəndə tamam çöl-bayır,
Domnadan tökülən yanar poladtək
Görərsən dilimdə söz parıldayır
Bu qışı birtəhər keçirə bilsəm...

Bu da bir istəkdir düşüb könlümə,
Mən yaz vurğunu da deyiləm düzü.
Bürüyür gəlbimi şairanəlik
Payıza dönəndə dünyanın üzü

Səni gözləyirdim

Mən səni bu dəfə çox gözlədim, çox...
Kövrəldim gecəni döyəndə yağış...
Səni gözləyirdim gör neçə vaxtdır,
Səni gözləyirdim bu qar düşməmiş...
Mən ki çox gözlədim, nə gizlədim, çox...
Mən səni bu dəfə çox gözlədim, çox

Bəlkə gəlməyəsən, heç gəlməyəsən...
Bir az da gözlərəm, sonra nə bilim...
Dözümüm çatarmı gözləyəm yenə?..
Bəlkə də unutdum lap yerli-dibli...
Ya da neyləyim ki, gec gəlməyəsən?!
Bəlkə sən bu dəfə heç gəlməyəsən?..

Hər şey çox uzanıb həddin aşanda,
Gözləmək özü də düşəndə gözdən,
Eyni şey olanda gözlə-gözləmə...
gözləmək mənasız olubsa, gəlmə...
Qapını açmağın bayram deyilsə,
gəliş təmənnasız olubsa, gəlmə!

Səbrin üstünü də basıbsa bu qar,
Bu ayaz gecəyə çaxırsa şimşək
Onda yum gözünü,qaldır badəni:
Açılmayan qapıların şərəfinə
İçək son qədəhi, sonacan içək...

Mən səni bu dəfə çox gözlədim, çox...
...Səni gözləyirdim bu qar düşməmiş..

Ay qara telli

Yüyürdüm-yüyürdüm təntidim bir az,
Yollar uzağıydı ləngidim bir az.
Küləklər sinəmi döyür səhərdən
Mən qaçıb gəlmişəm uzaq şəhərdən
Bu mənəm gəlmişəm,ay qara telli.

Mən burdan ayrılıb gedəndən bəri,
Yaman uzun olub yollar-yoxuşlar.
Yaman tez-tez yağır qarlar-yağışlar,
Mən qara-yağışa batıb gəlmişəm-
Dərsi-insitutu atıb gəlmişəm,
Bu mənəm gəlmişəm,ay qara telli.

Bağla,pəncərəni,qapını bağla,
Dönükəm,burdan da dönüb gedim mən,
Bir də alışmaqçün sönüb gedim mən,
itim o şəhərin gurhagurunda,
yanmaqçun kiminsə eşqi yolunda,
Bu mənəm gedirəm,ay qara telli.

Dünyaya təzədən doğulmuşam mən,
Bir zaman ölmüşdüm,ay qara telli.
Gəlin paltarında səni son kərə
Görməyə gəlmişdim,ay qara telli,
Ölməyə gəlmişdim,ay qara telli,
Görməmiş gedirəm,ay qara telli,
Ölməmiş gedirəm,ay qara telli,
Bu mənəm gedirəm,ay qara telli.



* * *
Gözlə ən uğursuz təsadüfü də
Sənə yalvarram,gözlə,görməyim...
Rastlaşsaq dağılsın bu yer kürəsi,
Nişan üzüyünü gizlə görməyim.

Rəqibin qələbə bayrağıdır o,
Mənliyim,vüqarım basılıb orda.
Üzükdə sıxılan barmağım deyil,
Mənim səadətim asılıb orda.

ey ürək-ey dünya,mən niyə yandım?!
Bir üzük səni də bölə bilərmiş...
Bölündün,özümə baxıb inandım,
İnsan diri-diri ölə bilərmiş.

Qızlara baxıram subay qızlara,
Hərənin başında bir qan yaşayır.
Kimin barmağında üzük görürəm
Deyirəm hardasa hicran yaşayır.



* * *
Qəfil günəş kimi doğdu bu sevgi
Kor olduq önündə bu gur işığın...
Kor olmuş səadət yan keçdi bizdən
Məni ahın tutdu, səni alxışım!

Aşırı məhəbbət səadət deyil-
Xoşbəxtlik dar gəldi bəlkə bu eşqə,
Bəlkə zəhləsini tökdük Allahın
Ayrılıq göndərib etdi heç -heçə...

Dünyada hər şeyi dəyişir sevgi
O zəng, o telefon, o küçə olmur...
Bu qədər inadkar olma ilahi,
Sevgidə heç zaman heç-heçə olmur.



* * *
Daha unutmuşam şəkillərini,
Daha yadıma da az-az düşürsən.
Get-gedə soyuyur misralarım da
Deyirəm hardasa sən üşüyürsən.

Qalmayıb əvvəlki o od, o həvəs,
Demə ki, qəlbinə daş bağlayırsan.
İndi yağışlardan çox yazıram mən,
Deyirəm, hardasa sən ağlayırsan.

Daha mavi dəniz çəkməyir məni,
Bir zaman səadət axtarırdıq, ah.
Mənim qafiyəsiz misralarımtək,
Hardasa sən təksən, mən də burda tək.



* * *
Taleyim kədərli zümzümələrlə
Mənə bu dünyanı qandırmalıymış.
Bir gün ürəyimdə alışan sevda
Bir gün ürəyimi yandırmalıymış.

Sönüb gözlərimin ümid işığı
Tənha ürəyimdə nə səda,nə səs.
Mənim ürəyimin boşluqlarını
Çaylar min il axsa doldura bilməz.

Mən deyə bilmərəm,ürəyim desin
Bu sevda yolunda kiməm,nəçiyəm.
Sənli günlərimi sədəqə versin:
Zaman qapısında kor dilənçiyəm.



* * *
Sizdən gileyliyəm, ay əzizlərim,
Sizdən gileyliyəm, a dağ, a dərə...
Verib dəstə-dəstə kəpənəklərə,
Mənə bir köynəklik duman göndərin.
Öldürdü şəhərdə istilər məni.

Dağlar dağlılar tək səxavətlidi,
Onlar qızırqanmaz heç vaxt varına.
Qoşub axşamların gilavarına
Göndərin bir udum yaylaq havası.
Boğdu bu şəhərdə tüstülər məni.

Şəhərə bağlıdır işim, əməlim,
Üzümü dağlardan döndərin mənim...
Verib gecələrin ay işığına,
Könlümü şəhərə göndərin mənim.
Könülsüz yaşaya bilmirəm daha.



* * *
O kənd mənim ürəyimdə daş qalıb..,
Gedim qapımızı döyüm qayıdım...
Neçə idi qəbristanda yurd salıb-
Gedim bir anama dəyim qayıdım...

Atamı soruşum qara torpaqdan
Bir dua oxuyum, bir şam yandırım...
Belə oğul olmaz. belə iş olmaz..,
Gedim ruhlarını bir ovundurum...

Deyim ki, yaxşıyam, mən lap yaxşıyam
Qız da köçürmüşəm, Siz istəyəntək...
...Vallah işlər çıxdı, vaxt keçdi bir az,
Yoxsa istəyirdik novruzda gələk...

Deyim ki qqardaşım gəlmişdi dünən,
Mən də baş çəkirəm bacılarıma...
Gedim bir övladlıq rahatlıq qatım
Atamın, anamın acılarına...

Söykənib qapıya, baxıb kilidə
Ürəyim dolusu aşım-daşım bir...
Mənimçün boş qalan, kimsəsiz qalan
O doğma kəndlədə vidalaşım bir...



* * *
Yaşamaq çətindir daha mənimçün,
Hər şeyi bazara dönən ölkədə.
Ata yurdlarına ağılar deyən
Son kəndli şairi mənəm bəlkə də.

Daha gərək deyil yaz yağışları,
Qurumuş bulağam, solmuş çəmənəm.
Nakam sevdalardan ağılar deyən
Son sevgi şairi bəlkə də mənəm.

Hər yanda göz yaşı, qüssə, kədər,qəm
Bu uzun yollarda mən də yoruldum.
Bir də ayıldım ki, bəlkə də mənəm
Ən qəmli şairi mənəm bu yurdun...

Əməlli bir tale yaşamadım ki,
Ömrümü taladım belədən-belə.
Ey ana vətənim, ey Azərbaycan-
Mənə bu dərdləri sən halal eylə...



* * *
Kəndə enən zaman azan durnalar-
İşıq tellərinə dəyib öləndə,
Bir anlıq qəlbindən keçir sən məni-
Bəlkə o durnanın biriyəm mən də...

Duman bürüyəndə bom-boz çölləri,
Solğun çəmənləri döyəndə yağış
Qəhərdən doluxmuş bir cüt göz axtar-
O mənim gözümdür; qəmgin, yaşarmış...

Gecələr uzanıb həddin aşanda,
Payız köynəyini geyəndə dağlar
Anla ki, ömrümə payızlar çökür-
Ağla, məni ağla, qəlbində ağla...

Qoşulub payıza gedirəm mən də
Yaxşı ki, dünyada hələ sən varsan...
...Payızlar gələndə düşsəm yadına
O kənddə bir daşı sığallayarsan...



* * *
Ulduzsuz zil-qara gecə kimiyəm,
qar basmış, kimsəsiz küçə kimiyəm,
lap elə islanmış cücə kimiyəm,
darıxıram.

Elə bil üstümdə başım da yoxdur,
Uzaq küncündəyəm bu kainatın,
sanki öz ömrümü yaşamıram heç,
sanki yaşayıram özgə həyatın.

O qədər daralıb dörd bir tərəfim –
Bu bom-boş dünyada üz tutum kimə?!
Bu boşluq içindən atılıb çıxan
"Sevgilim” deyirəm küçə itinə...

Şəlpə qulaqlara sığal çəkərəm,
Qucuram iy verən quyruğunu da.
O da məğrur-məğrur baxar üzümə,
Sevərəm mən onun qürurunu da.

Ah, bütün dostlardan-sevgililərdən
mən vəfa görmədim bu tazı qədər...
Qürurla yaşamaq asan iş deyil..,
bu dünya kədərlə doludur, dolu--
bu məğrur tazının gözləri kimi,
arxasız bu itin avazı qədər.

Belə zingildəmə, mənə xoşsa da..,
sənin ki avazın cırıq-cırıqdır –
qan atır səsinin yarıqlarından...
Dünyada çoxunun yeri dəyişikdi;
gəl sənin səsini asım divardan..,
darıxan adamlar baxsın bu səsə,
...təmiz bir ürəyi sıxsan bu səsə
göy-yaşıl alovla yanacaq bu səs,
təzə qan axacaq divar boyunca...
Yanacaq bu alov, yanacaq elə..,
qan-qan deyə-deyə axacaq bu qan,
axacaq bu dibsiz divar boyunca...
..hər şey darıxmaqdan başladı ancaq.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30