manera.az
manera.az

Əbülfət Mədətoğlu - 60

23-12-2018, 12:54

Əbülfət Mədətoğlu - 60
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas


Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair...

"Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də, onun əsərlərinin poetik ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır” (Belinski V.Q.)

Əbülfət Mədətoğlu bir fikir və qələm əhli kimi əlində qələm, ağ kağızla üzbəsurat qalan vaxtdan insanlığın məsumiyyəti – günahsız olmağı, saflığı, paklığı, mənən təmizliyi uğrunda qələm çalıb, fəaliyyət göstəribdir. Əbülfətin ədəbi yaradıcılığı çoxşaxəlidir – şairdir, jurnalistdir, publisistdir, esseistdir, jurnalist-tədqiqatçıdır... Lakin o bütün parametrlərdə ruhunun dərinliklərinə sığınaraq qələmə əl atıb, sözü müqəddəs hesab edərək meharab qarşısında dayanırmış kimi sözə müqəddəs yanaşıb, "ədəbi-bədii” sözlə dualar pıçıldayıbdır... Onun sözləri oxucunun gözünü qamaşdırmır, mirvari dənələri kimi işım-işım işıldayaraq, cümlələrdən süzülən şəffaflığı ilə duruluğunu qoruyub saxlayır, daxilə, iç dünyaya süzülür...

Əbülfətin poeziyası romantik çalarlarla süslənmiş reallıqdan, həyat həqiqətindən yoğrulmuş poeziyadır. Onu oxuduqca Ulu Şəhriyarın bir ifadəsi yadıma düşür, hadisələr "sinemaya” dönüb gözüm önündə canlanır... Onu oxuyanda sanki film izləyirsən, hər şey gözlərinin qarşısından keçir, elə bil hadisələri, hissləri, duyğuları (bunlar da maddiləşir) ekran qarşısında oturub izləyirsən... Çünki onun poeziyası – şeirləri görümlüdür, duyumludur...

Əbülfətin yaradıcılığı ilə təmasda olanda Qarabağın lacivərd vadilərinə düşürsən, tarixinə toxunur, kültürünə boylanırsan... Araz qırağından, Xudafərindən tutmuş Qırxqıza, Murova, Keytiyə, Salvartıya, Dəlidağa, Gəlin qayasına əlin çatmadığına görə yanıb-yaxılırsan, dodaqların dərddən çatlayıb qanayır, sanki, ayağın Pəri çınqılının daşlarına dəyib əzilir... Dağlarına qalxır, yaylağında gəzir, çayında üzürsən... Onun şeirlərini oxuduqca adama elə gəlir ki, gözünün önündə cərəyan edən bu hadisələrin iştirakçısısan və ya bu obrazlardan biri, yaxud lirik qəhrəman elə özünsən...
Əbülfət özünü yazır, özünü yaza-yaza eləcə də bizim hamımızı yazır... Əbülfət həyatından bəhs edir, gizli dünyasını, duyğularını, uşaqlığının bir hissəsini, gəncliyinin ehtiraslarını, ahıllığının düşüncələrini bizlərlə bölüşür, insan duyğularının ucsuz-bucaqsız çəmənzarlığında gəşt edir, məğrur, məsum, saf, gözəl, özünə güvənən, heç kimdən sözünü əsirgəməyən, güclü, hər işdən baş açmağı bacaran, azərbaycanlı xislətli lirik qəhrəmana şevrilir... Elə bilirəm ki, Əbülfət Mədətoğlunun bir qələm əhli kimi 60 illik ömrünün zəfəri də budur!..

Mənə elə gəlir ki, Əbülfət bir insan kimi də, bir şair kimi də qəlbən ətrafına, mühitinə, elinə-obasına, yurduna-yuvasına vurğun adamdır. Onun məhəbbəti bambaşqadır, böyük məhəbbətdir... Bu sevginin aşkar ünvanını o, şeirlərində gizlədir, amma bu sevginin şeir adlanan ehramında yaşayır... Onun şeirinin istehzası da, avazı da, ağrısı da, əzabı da, sevinci də, qayğısı da, ehtirası da bu sevgiyə bağlıdır... Laqeydlik tamamilə, kökündən ona yaddır... Laqeyd adamın bu cür həssaslıqla yoğrulmuş yaradıcılığı olmazdı...

Ən çətin mənəvi aşırımları aşan, öz müqəddəs, saf, məsum istəklərinin, duyğularının, arzularının arxasınca gedən şair-publisist, 60 yaşının dolaylarından boylanan Əbülfət Mədətoğlunun yaradıcılıq, vətəndaşlıq əzmi oxucusunu qanadlandırır. Onun oxucusu kimin nə xoşbəxt edəcəyini, bağlı qalmış ürəyin açarının harada, kimdə olduğunun səmtini tapır, küt beyinli, düşünmək bacarığını itirmiş , biganəlik girdabındakı insanların kütlə təsəvvüründən uzaqlaşır, yaxşının ardınca qoşur... Ən gözəl mənəviyyat və əxlaq libasını geyinib, yaxşılığın əlindən tutaraq arxasına baxmadan Yaxşılığın iqliminə - qitəsinə doğru gedir. Onun poeziyasında zərrə qədər pafos yoxdur, təlaşdan uzaq həlim, isti, duyğulu lirizm Səkili bulağın şirin, Zəm-zəm suyuna dönüb təşnələrə ruh-can verir...

Əbülfət Mədətoğlunun məsuliyyət ruhlu, vətandaşlıq döyüntülü yaradıcılığı ilə tanış olduqca görürsən ki, onun üçün ən böyük mövzu insandır, parçalanmış Vətəndir, düşmən yesiri olan torpaqlarımızdır!.. Təbii odur ki, Əbülfət insanın düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini, kədərini hər şeydən üstün sayır, insanları suçlamır, yarğılamır. Sosial dünyanın basqısının, misgin mühafizəkarlığın insandan aşağı olduğunu gözlər önünə gətirir! Onun poeziyasının estetikası da, ab-havasınındakı fərqliliyi və fərdiliyi də ilk öncə diqqəti çəkən amillərdəndir.

Bunlar poetik keyfiyyət kimi qarşılıqlı vəhdətdə, nəfəs-nəfəsə yaşayırlar... Onun poeziyası həm estetik zövq verir, həm də yeni duyğu, yeni ovqat, bunlarla bahəm yeni fikir yaradır... Həm gündəlik qayğıları, həm ictimai-sosial bəlaları yada salır, həm də bunlardan qurtulmaq hissini də yaratmağa müvəffəq olur... Ən başlıcası, emosional poeziya ilə rasional poeziyanın sintezində oxucusuna aktiv, eləcə də pozitiv, potensial enerji ötürə bilir, fərqli əhval atmosferi yaradır, az qala yaralara məlhəmə dönür...

***

Əbülfət Mədətoğlu yaradıcılığının məqsəd və ideyasının məğzi, bizcə onun milli, azərbaycançılıqla çuğlaşan türkçülük qayəsinin ardıcıllığında, xalqın mədəni irsinin müxtəlif sahələrini, bütövlükdə həyat tərzini təcəssüm etdirmək istəyindədir və bizə elə gəlir ki, o, bu istəyinə öz yaradıcılıq imkanları siferasında nail ola bilir...

Yaxşı cəhətin mühüm olanı budur ki, Əbülfət Mədətoğlunun poeziyası heyrətləndirir, güc verir, cəsarət yaradır, sosial boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, arzuladığın həyatı yaşamaq üçün heç kimin əngəl yarada bilməyəcəyini, Azərbaycan adlanan məmləkətin bütövləşəcəyinə inamı aksiomaya çevirir!..

Maraqlı cəhətlərdən biridə budur ki, Əbülfət ənənəvi mövzulara yeni gözlə baxa bilir, mühit və onun statik qanunlarına, yaşam qaydalarına rəğmən, müxalif olaraq bunların novator estetik yozumunu tapır, təzə bədii ifadə vasitələri ilə süsləyə bilir ki, bu da onun təkrarsız fərdi üslubunu səciyyələndirir... Başqa sözlə, Əbülfət Mədətoğlu Allahdan gələn qığılcımı sözün-şeirin alovuna çevirmək cəhdində bulunur... Zəngin poetik material, min illik genlərimizi, yaddaşımızı oyatmağa qabil söz qığlcımları ilə idarə olunan ifadə və ibarələr bir qədər də, yandırıcı səviyyədə təsirli olur.
Əslində, Əbülfət Mədətoğlunun illər boyu yaradıcılıq fəaliyyətində sənət fədakarlığının bariz nümunəsini görürük... Belə bir ömrü yaşamaq sadə məsələ deyil, illərlə zəhmət çəkərək, sənətin incəliklərini öyrənərək mümkün olur və bu zəhmətə yalnız əsl sənətsevərlər qatlaşa bilərlər...
Əziz qələm dostumuz, tanınmış şair, tədqiqatçı-jurnalist, publisist Əbülfət Mədətoğluna 60 yaşından da sonra 70-də də, 90-da da yeni-yeni sənət fədakarlığı və uğurları arzulayırıq!!!

Bir də onu bilirəm ki, Əbülfət bəy uzun illərdir ki, fasiləsiz olaraq "Ədalət” qəzetində lazımlı və nəcib bir işlə - jurnalist işi ilə məşğul olur!.. Amma, nə olur-olsun. Əbülfət Mədətoğlu ədəbiyyat məkanının adamıdır... Müasir ədəbi prosesi səciyyələndirən şəxsiyyətdir... Mən onda hədsiz impulsiv və emosional, ədəbi gəncliyimizin əksəriyyətinə xas bir enerji müşahidə edirəm... "Ədalət” qəzetinin elə bir sayı yoxdur ki, imzalı-imzasız onun qələminin təndirindən çıxan sözün bərəkətini görməyəsən... Bu "bərəkət” onun sözə sevgisindən və yüksək səmimiyyətindən, nikbin ovqatından mayalanır... Onun, demək olar ki, hər şeirinin sonunda həyatsevər bir intonasiya səslənir... Əbülfətin əksər şeirləri mahiyyətcə, bu mürəkkəb, anlaşılmaz dünyada əsil insan axtarmağa həsr olunub... O, hər şeydən əvvəl İNSANIN – ÖZÜNÜN ruh halını, hiss və həyəcanlarını əks edir, insanın əzab və sınaq dolu həyat yollarından bəhs edir...

***

Əbülfətin şeirləri həyatın əsasını təşkil edən real məhəbbətin himnidir. Lirik qəhrəmanın dilindən bu himn paradoksal səslənsə də, sən bu paradoksallığın yaratdığı poetik fəlsəfəni daxilən qəbul edir və bütün bunlara öz həyat fəlsəfən kimi şərik olursan...
Bir mühüm cəhəti də qeyd edim, Əbülfət Mədətoğlu öz ədəbi "eqo”su olan ədibdir. O, bir çox hallarda eksiztensial çıxılmazlıqdan, həməsrinin bulunduğu dərin stressli, gərgin emosional və psixoloji durumdan xilas yolu axtarır. Mühitin sıxıntıları, insanın düşdüyü xaotik situasiya və daxili təlatümlər düyünündən xilas yollarını arayır, axtarır... Uğurlu səmt, xilasedici kəmər tapmayanda dərdə, qəmə qərq olur... Bunu, patetikadan kənar, ənənədən bəhrələnən, amma tamamilə yeni lirizmlə ortaya qoyur...

Yeri gəlmişkən, Əbülfətin lirik qəhrəmanı düşdüyü situasiyalarda təkcə kədərlənib ağrımır, özünə əzab vermir, o həm də özünü fövqəlməqamda görməyi, lazımlılıq missiyası daşıdığını dərk məqamında dayanır və hər iki psixoloji halda o, işıqlı və mərhəmətlidir...

Onun təsvir etdiyi, inandığı İNSAN ehkamdan uzaqdır, illuziyalarla yaşamır və onun xarakteri dərin məna və məzmuna, təbiətin bəxş etdiyi sağlam düşüncəyə, doğru mühakimə qabiliyyətinə malikdir... Onun orjinal poetik təhkiyə ilə təsvir etdiyi obraz həzz üçün yaşamır, zövqə daha çox meyllidir... Olsa-olsa onun poetik qəhrəmanı mükəmməlliyin xiffətini çəkir, ətrafında kamillik və mükəmməllik yoxsulluğu onu qəmləndirir...
Poetik yaradıcılığının istər ideya-məzmun, istərsə də bədii forma axtarışları imkan verir ki, Əbülfət Mədətoğlu bir Azərbaycan ziyalısı kimi ədəbi camedəki yerini bilsin və cəmiyyət qarşısında daşıdığı tarixi məsuliyyətini tərəddüdsüz, dərindən-dərin dərk etsin... Və bu cəhətdən onun öz fenomenologiyası var...

Bir şair-ziyalı kimi Əbülfət Mədətoğlu Azərbaycanın müstəqilliyini, bu müstəqilliyin get-gedə daha da möhkəmlənməsini, ölkənin əzmlə addımladığı demokratik inkişaf yolunu tərənnüm etdiyi kimi, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənləri də qınayır... Dünyaya gəldiyi diyarın – Qarabağın qeyri-adi gözəlliyindən, eşq-məhəbbət hisslərinin müqəddəsliyindən, dostluğa sədaqətdən, insanın mənəvi qüdrətindən yazanda da Əbülfət həmişə səmimidir. Və bu səmimiyyət onun şeirlərindəki poetexnoloji mükəməlliklə ehtiva olmasına imkan verir.

Heç şübhəsiz, poeziyada ənənəvi janrların "dil"i ilə həsbi-hal etmək zahirən adama asan gəlir, ancaq mahiyyətə varanda görürsən ki, bunun da öz çətinliyi var. Ənənəvi və ya klassik janra müraciət tələb edir ki, mövcud poetexnoloji imkanlar sadəcə təkrarlanmasın, həm də yeni əhval-ruhiyyə ifadə etsin, yeni söz deyilsin. Əbülfət Mədətoğlunun klassik şeir formalarında qələmə aldığı əsərlər üçün səciyyəvi əlamətdir ki, müəllif ümumən, "köhnə" janrı öz düşüncələrinin, ovqatının "dil"ində danışdıra bilir, orjinal bədii nümunələr yaradır.

***
Əbülfət Mədətoğlu - 60
Faktların dili ilə tanıtım lövhəsi – arayış: Əliyev Əbülfət Mədət oğlu- şair, yazıçı-publisist. 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra bir müddət fəhlə (1976-1980), "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1981). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır (1981-1986). Eyni zamanda jurnalist sənətkarlığı kursunu bitirmişdir (1982-1984).

"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən). Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğlunaAzərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə"Əməkdar Jurnalist”fəxri adı verilmişdir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu şeri "Kəndim" "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən","Yanan məktub”,"Ağacların şarkısını yapraklar okuyor","Hərgörüşbirümiddir", "Sevgipıçıltıları", "Yananməktublar", "Mənimkimisevəbilsən", "Gözləyənimvar", "Ürəyim sənlə danışır" şeir kitablarıvə"Qəhrəmanİbad", "Zəhmlipolkovnik",

"Üfüqdəgörünənadam"sənədlipovestləri və digər kitabları işıq üzü görüb. Türkiyədə - Ankarada, İstanbulda kitabları nəşr olunub... Yazdığı şeirlərə tanınmış bəstəkar Razim Paşayev musiqilər bəstələyib...

Onun poeziyası vaxtaşırı diqqətdə olub. Görkəmli, tanınmış qələm dostları, tənqidçilər, oxucular onu yaradıcılığı haqqında samballı məqalələr yazıblar, qiymətli fikirlər söyləyiblər. Bəxtiyar Vahabzadə, Nizami Cəfərov, Rüstəm Kamal, Nizami Tağısoy, Vaqif Yusiflinin, eləcə də, Aqil Abbas, Ramiz Rövşən, Tofiq Abdin, Seyran Səxavət, Vaqif Bəhmənli, Qərib Mehdi, Barat Vüsal, Bahar Bərdəlin, Flora Xəlilzadənin və digərlərinin fikirlərinə söykənib bu qənaəti dilə gətirirəm və ədəbi camedə onun qayim-qədim bir missiyanın daşıyıcısı kimi xətir-hörməti, dəyər verilən məqamı var...

***

Beləliklə, bu arayışı ümumiləşdirsək, görərik ki, Əbülfət Mədətoğlu keçən əsrin 80-ci illər ədəbi nəslinə mənsubdur.70-ci illərdə ali təhsil alıb, ara-sıra şeirlər yazsa da dövrü mətbuatda ilk şeiri 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. İlk kitabı isə 1989-cu ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Müstəqillik illəri dövründə isə "özünü təstiq” və "özünü dərk” mərhələsini fəth edərək, poeziya məkanında öz ləyaqətli yaradıcılıq imkanları ilə qərarlaşıb, ədəbi camemizdə öz yurd-yuvasını qurubdur...

Bu faktlardan da göründüyü kimi, Əbülfət Mədətoğlu maraqlı bir ömürlüyə və yardıcılıq yoluna malikdir...

İllərin ələyində
Əridi getdi ömür.
Bir ağrı bələyində -
Kiridi, getdi ömür!

Əli ələ yetməmiş,
Üzündən su getməmiş,
Uşaqlığı bitməmiş -
Yeridi, getdi ömür!

Yar dilin öyrənəndə
Özünə öyrədəndə,
Sevgisin göyərdəndə -
Çürüdü getdi ömür!


Haradasa oxumuşdum ki, insanda nələr həyəcan yaradır? Və bu sualın təxminən cavabı belə idi ki, həyəcan anlayışı özündə müxtəlif mənaları ehtiva edə bilər. Məsələn, həyatın mənasını bilməmək həyəcanı, anlaşılmamaq, başa düşülməmək həyəcanı, istedadlı olub-olmadığını müəyyən edə bilməmək həyəcanı, düzgün seçim etmək, doğru qərar vermək həyəcanı, yadlaşma, unudulma, uğur qazana bilməmə həyəcanı, sevincin, kədərin doğurduğu həyəcan və ən dəhşətlisi ölüm həyəcanı... Bütün bu həyəcanlar daim, yaşadığımız, nəfəs aldığımız, düşündüyümüz hər an bizi təqib edir. Biz özümüz öz təqibimizə məruz qalırıq və poeziya bu həyəcanlar silsiləsini izləyərək bizləri ovundurur. Əbülfətin poeziyası, əslində, insan yaşantılarının – həyəcanlarının poetik ifadəsinin silsiləsidir…

Nə kəndim var, nə evim
Hansı qapını döyüm?!
Neçə günlük qonağam-
Nə bilim, necə deyim?!

Dərt içimdə çayırdı
Dörd yanıma yayıldı...
Günlər ömür sayıldı-
Ağ yuyum, qara geyim!..

Dilimdə Vətən şüar
Dar olubdu, dünyam dar!
Bir loxma şor-çörək var-
Durum, zəhəri yeyim...


Əbülfət "Mən çıxıb gedəcəm” (2015) essesində yazır: "Bütün yazı boyu müxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığım fikrin əsas qayəsi insanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsiz deyil. Təbii ki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında, davranışında, həyat tərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətində görüb, anlayıb, dəyərləndirməyə çalışmışam. Mən istəmişəm ki, özüm özümü olduğum kimi təqdim etməklə qarşı tərəfin münasibətini qazana bilim, nəyə layiqəmsə onu alım.”

O, bu istəyinə nail olur və bu istəyinə nail olmaq üçün Əbülfət orjinal obrazlar, ifadələr tapır, folklor motivlərindən bəhrələnir və ona yeni məna çaları verir. Elə misal gətirdiyimiz essesində yaradıcılığının bu mahiyyətini belə etiraf edir: "Mən zaman-zaman yazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə, inanclara, hətta atalar sözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerində istifadəyə məqamında yararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqi bir borc saymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdə nə qədər haqlıyam, amma bildiyim bir məqam var ki, o da yazdıqlarımın hamısını nöqtə-vergülünə qədər ürəyimdən qidalanmasıdı. Yəni mən ürəyimin dediklərini yazmışam. Elə indi də onları yazıram...” Əbülfət sözdən şeir pətəyinə bal, ürəyini kirkirə edib dərd dənindən fikir çəkir:

Gülüb sevinmə, dedin ki,
Arıyam, şirə çəkirəm.
Bilmədin ki, ürəyimdə
Hər gün kirkirə çəkirəm!


Təkcə bircə şeirindəki bir poetik detala diqqət yetirək... Məlum məsələdir ki, yaylığı günə sərərlər, günü isə harasa sərmək olmaz. Amma bu ifadəni Əbülfət Günəş mənasında yox, yaşadığımız gün mənasında işlədir, hər iki mənanın qovuşuğundan "Günü hədər yaşadıq” ifadəsini "Günü sərib hədərə” təkin orjinal ifadə-obraz yaradır, "Qədərə boyun əymək” fikri də inancımızdan gəlir, sonra nağıllrımızda olan "Yeddi qardaşın bir bacısı” olmaq xoşbəxtliyini "kədər”i ipək tülünə bürüyərək "Əbülfəti yaşatmaq əlacı” olan sevginin "yeddi qardaş (yeddi təbəqə) kədərə bir bacı olan sevgisinin bitdiyini – qurtardığını sözün bədii-poetik məqamında belə təqdim edir:

Günü sərib hədərə
Boyun əydi qədərə...
Yeddi qardaş kədərə -
Bir bacı - sevgi bitdi...

Ümumiyyətlə, Əbülfət Mədətoğlunun bu ahıl yaşa qədəm qoyduğu illərdə belə, bir gənclik eşqi, ehtirası ilə, heç bir ərgənin yaşaya bilmədiyi sevgi, məhəbbət hisslərini, duyğularını orjinal, təp-təzə, olduqca təsirli, oxucusunu həyəcanlandıran poetik fakta çevirməsi heyrətlə bərabər, xüsusi rəğbət doğurur. O sanki, XXI əsrdə sevginin, məhəbbətin yeni ladda, yeni müstəvidə məna çələngini yaradır, onun fəlsəfəsini açır, sanki, müasir gənclərə sirayət etdirmək istəyir ki, əsil məhəbbət budur və sevirsənsə belə sev, belə sevin, belə əzab çək, kədərdən cild-cild "Ümid” kitabı yarat, məhəbbətdən yaranan kədəri "qana düşsən də” müqəddəs kədər kimi yaşa:

Sən bütün ümidlərin
Qapısın kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin -
kədərin...

...Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı
Sən onu yıx boynuna -
kədərin...

***

Əbülfəti "Sevgi planetinin şairi” adlandırıblar (Barat Vüsal). Əbülfətin məhəbbət lirikası təsirlidir, yeni ovqatdadır, Füzuli babasının məhəbbət lirikasının XXI əsrdə yeni janrda, yeni təşbeh və bənzətmələrdə yeni təzahürüdür. (Deyəsən, "yeni” sözünü çox işlətdim və bu mənlik olmadı...).

Əbülfətin bu janrda yazdığı şeirlərin heç birindən yan keçmək olmur, hansına göz yetirirsən, hansına əl uzadırsan səni ovsunlayır... İstəyirsən iki misra, bir bənd misal gətirəsən, bu da mümkün olmur, gərək şeiri bütöv gətirəsən, bu da məqaləyə sığmır...

Əbülfətin məhəbbət elçisi ürəyi olduğu kimi ("Halım, günüm ortadadı, Gün verəydin, gün görəydim. ...Ürəyim ki, elçin olub, Özgə kimi göndərəydim?!) mən də onun məhəbbət lirikasının oxuculara elçiliyini edirəm, yaxşısı budur, özünüz oxuyun... Onun poeziyasının pərdəsini qaldırıb, özü dediyi kimi, ruhunun gözünə baxın:

Pərdəsin qaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...


Oxucular, əsasən də gənclər Əbülfətin "Cəzayam sevdiyim qıza” (2017) şeirlər kitabını oxusalar, güman edirəm ki, mənə haqq qazandırarlar... Necə ki, bu kitab barəsində məqalə yazan, tanınmış yazıçı-jurnalist Flora Xəlilzadənin bu fikirlərinə mən haqq qazandırıram və Əbülfətin şeirlərini oxuyanda təxminən, yox, eləcə eyni hissləri mən də keçirirəm: "Həmişəki kimi şair qardaşım məni yenə kövrəldə-kövrəldə heyrətləndirdi. Onsuz da bilirdim ki, Əbülfətin şeirləri yenə ruhumu titrədəcək. Nə gizlədim, Əbülfətin şeirlərini sakit ürəklə oxuduğum yadıma gəlmir. Onun şeirlərində həmişə ruhumun çırpıntısını eşitmişəm.” Bəli, Əbülfətin şeirləri eləcə, öz yazdığı bu bənddəki obraz kimidir, təmiz, məsum və "yaxasını yel belə açmayan” bakirə:

Hələ mürgülüdü bu qız,
Hələ yuxusu qaçmayıb.
Hələ kirpiyi şehlidi,
Meh də yaxasın açmayıb.


Onun bir şox şeirləri, elə məhəbbət mövzulu, təbiət mövzulu şeirləri də, ictimai məzmun kəsb edir, şairin poetik üzüntülərinə çevrilir, yaşadığı acıların, müşahidə etdiyi haqsızlıqların əzabını daşıyır:

Yoruldum ürəyimin
Qarşısında durmaqdan.
And içib sağ əlimi–
Mən üzümə vurmaqdan.

Yoruldum bağışlanıb
Güzəştlərdən sınmaqdan...
Yoruldum sevilməyib–
İçimdə qırılmaqdan!

Yoruldum arzuları
Özümlə daşımaqdan...
Puç olan xəyal yüklü–
Həyatı yaşamaqdan.


Əbülfət həyata, dünyaya, insanlara, mühitə, ətrafına, ürəyindəki "ismi pünhana” sevgi şairidir, məhəbbət şairidir. Düşündürən saf duyğular şairidir. Mərhum xalq şairi Zəlimxan Yaqub onun şeirlərinin bu cəhətini belə mənalandırmışdı: "Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmağı, öz gəlişiylə dünyanı gözəlləşdirməyi bacarsın. "Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin.” Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün də insana-xüsusən də şairə böyük sevgi gərəkdi.”

Əbülfət Mədətoğlu böyük sevginin qədrini bilən, onu yaşayan, onu müqəddəsləşdirən real, həyatdan nəşvü-nüma tapan sevginin, məhəbbətin poetik tərcümanıdır. Əbülfət müasir dövrün məhəbbətinin Məcnun qəhrəmanıdır – Məcnunudur və bunu onun məhəbbət lirikası da, özü də təsdiq edir:

Özümü Məcnun bildim, –
Bitməyən dərdə dözümdə…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..


Birdən də Şeyx Sənan tipinə dönür:

Batıb aha, günaha,
Əlin açıb Allaha…
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.


Əbülfət "Ürəyim sevgi kitabı”dır - deyir… Həqiqətən də bu belədir!! Məhəbbət, istək, vurğunluq, səmimiyyət onun şəxsiyyətinin və poeziyasının canıdır, qanıdır, "içindəki səsdir”, "aldığı nəfəsdir”, "sabaha həvəsi”dir:

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…


Əbülfət Mədətoğlu "Zaman yükü”(2018) – esse-məqaləsində yazır: "Hər zamanın öz yükü var. Bu yük zamanın boynunda olmur... ovcunda olmur.. Heç onun harda yerləşdiyini, harda əyləşdiyini də bilmək mümkün deyil. Bircə o bəllidir ki, zaman öz yükünü bizlərə yükləyir. Və biz də bu zamanın içərisində olduğumuzdan o yükü daşıyıb aparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər...” Əbülfət də, zamanın – poeziyanın yükünü bir Sizif inadkarlığı ilə çiynində, yəni ki, qələmində daşıyan, ələm üstünə cəsarətlə gedən şairdir:

Mən çırpıb tökürəm fikir yükümü
Kağız üzərinə, qələm üstünə...
Hər gün də gedirəm gözüyümülü -
Fərqinə varmadan ələm üstünə!..


***

Əbülfətin şeirləri, dediyimiz kimi, assosiativ lirikadır, yəni hər bir oxucusunda uyğun ruh, əhval, yozum oyadan lirikadır… Oxucuya da, tənqidçiyə də fikri-hissi improvizə imkanları açan lirikadır… O SÖZƏ səcdə edir, SÖZÜ Tanrı məqamında görür:

Gedim sözün dalınca
Nökər kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!

Və yaxud, SÖZün əbədiyyət funksiyasını İmadəddin Nəsimi babası sayağı, o ritmdə, o avazda belə dərk edir:

... İçimdə söz, sözdə mənəm,
"OL", oldan əvvəlki sözdənəm,
Söz ölməsə mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.


Elə bu keyfiyyətinə görə Əbülfət Mədətoğlunun son mərhələ poeziyası həmişə oxucu diqqətində olur və Əbülfət bir çox qeyriləri kimi, düşünürəm ki, oxucu qıtlığı çəkmir, oxucuların kumirinə çevrilən sənət adamıdır…

Dan yeri ləng sökülür
Mən necə görüm səni...
Günəş yatanda Ay ol -
Mən gecə görüm səni...


Məsələn, bu bəndin (təkcə bu bənddəmi?!) min-bir oxucusunda min bir yozum, min bir çözüm, duyğu, hiss yarana bilər… Və yəqin ki, yaxşı şeirin magik yükü, enerjisi də buradadır… Poetik sözün sonsuz, sərhədsiz yozumunun, çözümünün sirri də buradadır… Əbülfət üçün poeziya, şeir Tanrı pıçıltılarıdır:

O qədər dərddən danışdım
Dərd hopdu canıma, Allah...
Mən bir günahkar aşiqəm
Göndərmə yanıma, Allah
heç kimi!

…Deyəcəm düşüb tinimə
Ömür yaraşmır sinimə
Mənim eşq adlı dinimə
Öyrədib qınama, Allah
heç kimi!

Hər görüntü ülfət deyil
Hər çəkilən xiffət deyil
Heç kəs də Əbülfət deyil
Tay bir də sınama, Allah
heç kimi!


Şeir niyə Tanrı pıçıltısıdır? Bu elə belə sual deyil, olduqca siri-xudadır, bəlkə də cavabı ən böyük kitabxanaya belə sığmaz. Amma ağlıma sığan budur ki, ŞEİR Allaha məxsus olan RUHun ifadəsidir, İNSAN RUHunun ifadəsidir. Deməli, Şeir təkcə şairin deyil həm də MƏNim (oxucunun) halının ifadəsinə çevrilir, mənim durumumun yazılı forması olur. Onda qənşərimə ilk çıxan məhz yenə Tanrı pıçıltısı, yenə şeir olur və sevgi Tanrı sehri ilə ibadətə çevrilir və deyəsən, əsrlərin klassik dərinliyindən bəri SEVGİ eləcə ibadətdir:

Diz çökmüşəm önündə mən -
dinə ibadət edirəm...
Adəmin cənnət günahı -
dənə ibadət edirəm...

Yazdığım məktub oxunmur
təzə ümiddə doğulmur...
Əlim buluda toxunmur -
çənə ibadət edirəm...

Ötsə də o gün və o çağ
üstümə yeriyir otaq...
Ürəyim közərən ocaq -
mənə ibadət edirəm...

Bilirəm , sənə əsəbəm
bəlkə də, hətta əzabam...
Sənsən iç dünyam - əsabam -
sənə , ibadət edirəm!..


Və yaxud, başqa bir məqamda:

Atdığın daşlar dəyir
bir başa ürəyimə...
Daşlama, bu evi sən -
gir yaşa ürəyimə...

Daşın ... oxun, ya güllən ...
Atdın, susma, sən dillən...
Həm ömürlük, həm illən -
Gir yaşa ürəyimə...

Ahdan asma, qovurma
xəlbirləmə, sovurma ...
Sən sevməkdən yorulma -
köç yaşa ürəyimə...

Bu əzabı, bu qəmi
Verdin, seçdim qibləmi!
Köçürtdüm sən Kəbəmi -
birbaşa ürəyimə!..


Əbülfətin hansı şeirini, hansı misralarını misal gətirəsən, hansından yan keçəsən?! Onda gərək bütün külliyyatın bura köçürəsən... Həm poetik mənada mükəmməldir, həm məna və məzmununa görə. (Misal gətirdiyimiz şeirlərdəki poetik ibarələrə, təşbehlərə, obrazlı ifadələrə, yeni qafiyələrə diqət kəsilin...) Çünki Əbülfət Tanrı pıçıltısına dönən şeirlərində, həm də dünyanın dərdini yazır, elə "Dünyanın dərdi” adlandırdığı essesində olduğu kimi...

Əbülfətin bu sırdan, diqqətimi cəlb edən "Özümü sizdə tapmışam” (2018) bir essesi də var. Orada yazır: "Hə, bu duyğuların... bu kökləndiyim notun havasında məni ən çox ilgiləndirən... düşündürən biganəlikdi... etinasızlıqdı... laqeydlikdi... özünü bilə-bilə görməməzliyə vurmaqdı... anlaya-anlaya özünü anlaqsız göstərməkdi. Bax, bu hər mənada, özü də hər məqamda məni sancır, məni kəsir, məni doğrayır.”

Əbülfəti bu cür cəhətlər onu Naxçıvan duzu təki kirkirədən keçirir, daxiliən, mənən, elə fiziksal olaraqda əzaba düçar edir, həyat da sönükləşir, süstləşir, bozarıb bir səhra çöllüyünə çevrilir… Ümidlər vaxtsız-vədəsiz qarıyır:

Bu sozalan ümidlərim
Vaxtsız, vədəsiz qarıdı...
Ümidsiz, ümidli yerim -
Güldü, həsrətim yarıdı!..

Gözümdə hər gün ucalan
Ucaldıqca da qocalan...
Sevgim zamanla puç olan –
Bardı, həm də ki, barıdı!..

Ruhum bükülən ərəndi
O mənim bəndim, bərəmdi...
Güllərim pərən-pərəndi -
Sanki dağılmış darıdı...

Hay vermir məscid, kilsə
Gələn də deyil ta kimsə?!
Sən demə səndə, kim isə -
Deyə, Əbülfət varıdı!..


Əbülfət həqiqəti deyir və həqiqəti yazır: "Lakin neyləyim ki, düşündüklərimi demək, yazmaq mənim ən böyük günahlarımdan biri olubdu: xoş gəlsə də, gəlməsə də, qınansam da qınanmasam da! Həmin ovqatın içində yazdığım şeirlərdə də mən içimdəkini ifadə etməyə çalışıram. Yəni içimi misralara köçürürəm... İstəklərimi şeirin diliylə deyirəm.” Və deyir:

Yorulmuş dəvə kimiyəm
Titrəyən dizim qatlanır...
Düz də yeriyə bilmirəm -
Əyilir, izim qatlanır!

Görünür zamanın həddi
Çətindi keçmək bu səddi...
Bilmirəm yaşdandı, nədi -
Qırışır, üzüm qatlanır...

Ruhum xəfif kölgə salır
Xəyal məni məndən alır...
Vərəqlərin üstdə qalır -
Oxunmur, sözüm qatlanır!..


Əbülfət insanın insana münasibətini, insanın insana sığınmağını, insanın öz içində başqalarının sevincini, kədərini yaşatmaq, ona dəstək olmağını ifadə etmək istəyir, və buna nail olur... O, salışır ki, soyuğun da, istinin də, necə deyərlər, od-alovun da, şaxta-boranın da insanın varlığında, iç dünyasında, yəni ürəyində ən pik dərəcədə olduğunu xatırlatsın və buna da nail olur... Dərdi öz içində göyərdir, dərd dilin öyrənə-öyrənə dərdlərələ dil taparaq, dərdlərə pasiban olur:

Kədər lövbər salıbdı
Ağlaşmadı içimdə...
Elə bil oturmuşam -
Mən özüm öz üçümdə!..

Hamı təbəssümünü ,
Büküb, qoyub cibinə...
Görən necə düşmüşəm -
Mən bu dərdin dibinə?!

Sual özü də dərddi -
Cavab , sükutsa əgər...
Dərd yerisə yəqin ki -
Üstümüzdə turp əkər!..

... Şükür duası edib -
Qələmə söykənirəm...
Günümə bax , bu yaşda -
Dərd dili öyrənirəm!..


Tanınmış tənqiçi Rüstəm Kamalın mətbuatda bir ifadəsinə rast gəldim: "Dərdin çiçəkləmə dövrü” – ifadəsinə. Deyəsən, Ramiz Qudyalçaylı haqqında demişdi. Xoşuma gəldi... Onun bu ifadəsini perifraz edib Əbülfət Mədətoğlunun poeziyasına şamil edirəm: " Dərdin bar-bəhər dövrü!..” Əbülfətin poeziyasında dərd bar-bəhərdir, yığıb-yığışdırmaq olmur...

***

Əbülfətin öz şair taleyi və özünəməxsus şairlik statusu var!! Onun dərdi fərdi dərd kimi təqdim olunsa da, yaşıdığı mühitin, cəmiyyətin dərdidir, sətraltı ictimai məzmunlu dərdin poetik və publisistik monoloqudur!! Onun ehtiras dolu sırf məhəbbət lirikasında belə, sosial məzmunlu bir ehtiras duyulmaqdadır – başqasını bilmirəm, mənə belə gəlir... Hər şairin öz zaman yükü olur, Əbülfətin də, şəxsi yaşantıları zamanın onun qələminə yüklədiyi yaşantılardan doğur, mistikadan, göylərdən gəlmir... Elə buna görə də ictimai urvatdadır... Onun dərd barı yetişdirən məhəbbəti mühitin öz diqtəsidir, mühitinin bətnindən doğulur... Nədənsə bizim fərdi duyğularımız, yaşam tərzimiz sosiallaşıb, ictimai nəzarətdədir və bu "sosial senzura”, uydurduğumuz "el qınağı” bizləri çox vədə real sevgimizə qovuşmağa imkan vermir... Əsrlər boyu halal-hümmət sevgimizi dərdə büküb pünhan çəkirik...

Əbülfətin məhəbbət lirikasının dərd motivasiysı, əslində mühitə etirazdır... Bu məzmunda olan dərd onun fərdi stixiyasıdır... Onu poeziyası da, publisistikası da bu stixiyaya (bağlı yox!!) qaynaxdır...

***

Mənə elə gəlir ki, Əbülfətin şeirlərinin poetik modeli, struktru bütövlükdə metaforik modeldir. Mən burada bədii ifadənin metaforikasını, epitetlər sırasını (əlbəttə, Əbülfətin əksər şeirlərində bunlar da sıxdır) nəzərdə tumuram, şeirin məzmununun metaforik olmasını görürəm. Bu xüsusiyyət oxucuya aşılanan əhvalın, ruhun, hissin, duyğunun fikir, düşüncə koduna çevrilir... Hisslə, duyğu ilə fikir, düşüncə bir-birini çuğlayır, bir-birinə sarmaşır vahid poetik emosiya forpostu olur, qəm, kədər, dərd, giley ruzigarları yenilənmiş, olduqca zərif fikir və duyğu effekti yaradır...

Onun yaradıcılığında milli mənəviyyatla yoğrulmuş bir vətəndaş əxlaqı cəmlənibdir. Çünki o, bir vətəndaş şair kimi şərəf və ləyaqətin dəyərini dürüst müəyyənləşdiribdir. Çünki onun estetikasında vətən, Nazim Hikmət demiş, məmləkət timsalındadır... Yoxsa, Qarabağ boyda məmləkəti açar edib cibində "oynatmazdı”... Bədii ironiyanın gücünə bax, insanın bədbəxt taleyini necə də, bir bəndə sığışdıra bilir... Millətimizin, vətənimizin, torpağımızın başına gələn müsibətlər, soydaşlarımızın üzləşdiyi dəhşətlər, keçirdiyi vahimə, həyəcan, pəjmürdəlik, pərişanlıq, didərginlik, qaçqınlıq, köçkünlük sitəmləri bircə "açar” obrazına sığışıb:

Bir ev qoyub gəlmişəm, -
açarları cibimdə.
Açarla oynayıram -
çadırların dibində.


Əbülfət Mədətoğlu esselerindən birində özü də etiraf edir ki, "Bütün hallarda və bütün məqamlarda gerçək olan bir şey var: o da dünyanı öz oxu ətrafında fırladan, dünyanın ağırlıq mərkəzi olan, dayaq nöqtəsi sayılan SEVGİdir. O sevgidən kənarda hər şey artıq mənəviyyatdan çıxmağa başlayır. Mən isə həmin vurğuladığım sevgini ürəyimin özü sayıram… " Bu sevginin orta dirəyi Qarabağ sevgisidir...

Yeri gəlmişkən, onu da deyim ki, bu janrın – esse janrının formatına, məzmununa da Əbülfət yenilik gətirib. Həyat,mənəviyyat,daxili aləmi barəsində düşüncələrdən

ibarət bu esselerində o, şeirlərini də verir, şeirlər esseni, esse isə şeirləri şərh edir. Bir-birini tamamlayır. Belə bir formadan vaxtilə Mirzə Cəlil "Molla Nəsrəddin”də istifadə etmişdi, amma başqa məzmunda. O, həm özünün, həm də M.Ə.Sabirin satiralarının əksəriyyətinin məzmun və ideyasına uyğun felyeton yazmış və M.Ə.Sabirin satiralarını həmin felyetonlarının ya mətnində, ya da sonluğunda vermişdi.

Əbülfət Mədətoğlu da qələmə aldığı fəlsəfi-estetik esselərində öz poeziyasını, şeirini şərh edir, yaxud essedəki fikirlərini, mülahizələrini şeirləri ilə qüvvətləndirir…

Onun "Anama məktub”,”Doymuş məhlul (Baxış bucağı)”, "Zaman yükü” , "Özümü sizdə tamışam”, "Tanrı pıçıltısını dinləmək”, "Həyatın və hadisənin payızı”, "Ürək yaman seydi”, "Söz haqqında şeir - həyatımın ifadəsi olan şeirlər haqqında”, "Şuşanın gözləri”, "Kədərlə ortağam, qəmlə şərikəm”, "Tanrı pıçıltısını dinləmək”, "Özümü sizdə tapmışam”, "Zaman yükü” və s. qəbildən yazdığı onlarla publicist məqalələr (məqalələrin başlıqlarına diqqət yetirin, bu adlarda da gizlənib müəllifin estetikası), yox, deyəsən janrı düzgün müəyyənlədirmədim, məncə, fəlsəf-estetik esselərin hərəsi mövzularına məxsus zamana, dövrə, insan yaşantılarına, duyğu və düşüncələrinə, həməsirlərinə şeirlərlə süslənmiş monoloq-elegiyadır… Özü demiş: "Yəni şeirdə səslənə biləcək fikir bəzən publisistikanın "yem"inə çevrilir. İndiki zamanda bundan qurtulmağın yolunu görmürəm...”

Əbülfətin qələm dostlarından, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Nizami Tağısoy onu məqalələrinin birində: "Yorulmuş ürəyi ilə söz "yoğuran” şair” adlandırır, onun poetik dünyasını belə səciyyələndirir: "Əbülfət getdikcə sözü "yoğurmağı”, "kündələməyi”, "yapmağı” yaxşı bacaran şair kimi gözümüz önündə dayanır.Əbülfətin son dövrlər poeziyası "həyata sarılan”, onu rəngləyən, amalını oxucu içində dirildən, təbiətin, insanın, sevənin ruhunu oxşayan, romantik duyğularla ruhaniyyat yaradan, bəzən cəmiyyət və həyatla antaqonizmdə olan kəsərli "silah” təsiri bağışlayır.Əbülfət söz qarşısında boyun əymir. Onun eynindən keçməyən, ağıla gəlməyən invariantlarını yaradır.”

Bu invariantlardan bir nümunə:
Mən sənin gözündə, ömründə heç kim,
Qurduğum xəyalla mən ovunmuşam.
Qurbanlığı olub, bu dəli eşqin -
Adəməm, cənnətdən mən qovulmuşam!..


Nobel mükafatı laureatı, türk dünyasının fəxr etdyi şəxsiyytlərdən biri, yaradıcılığa şeirlə başlayan yazıçı Orxan Pamuk yazır: "Şeir Allahın özəl qullarına pıçıldadığı kəlmələrdir. Mənə pıçıldamadı.” Əbülfətin lirikası həm pıçıltıdır, hay-küy, süni pafos, yaxa cırmaq onda yoxdur, estradaçılıq, tirbunçuluq onun şeirinin üslubuna yaddır, içəridən gələn səmimi pıçıltılardır…

Azman şair Musa Yaqub da, Əbülfətin "Sevgi pıçıltıları" kitabına ön sözündə bildirir ki: "Əbülfət şeiri demir, sadəcə pıçıldayır, eşidənlər üçün..."
Əbülfətin şeirlərinin bir qismi ürək ağrısı ilə yazılıb, ürəyinin dərdini pıçıldayıb və bu ağrılar onun ürəyini fizioloji xəstəliyə düçar edib… Allahdan gələn şəfa onu qorusun və bu xəstəliklər müalicəyə yatımlıdır, amma "ürəklərimizi” infarkt edən səbəblər müalicəyə, dərmana yatımlıdırmı? Bunu bütün xəstəliklərin səbəbini görə bilən həkiminə xitabən belə ifadə edir və düşündürür:

…amma
ürəyimizi
unudanları –
onu hardan,
necə gəldi vuranları
seçib görə
bilməyəcək...
ürəyimizin
dilindən
xəbərsiz həkim
ürəyimizdəkilərin
yanından
sakitcə ötüb gedəcək

Əbülfətin şeirlərinin əksəriyyəti poetik etiraflarla halələnir… Bu etiraflar, sevgi qarşısında və Allahın verdiyi Eşq qarşısında etiraflardır. Özü də şair etirafıdır... Başqa sözlə, bəlkə də, Allah qaranlığa gün işığı saldığı kimi, hərdən onun da ürəyinə, düşüncələrinə bir işıq tutur, etiraf çırağından şölələnən bir işıq...

Özümü Məcnun bilirdim
Bitməyən dərdə dözümdə..
Bir şair gözümdə öldü -
Bir sevən isə özümdə!..

Qətliam oldu içimdə
Nə dodaq bildi, nə də dil...
Gələ bilmədin üçümdə -
Onu da bağışladım, bil!..

Sadəcə yaddaşı yandır
Tüstüsünə fatihə ver...
Gətirmədi bəxtim andır -
Tikanlıdı yatdığım yer!..


Bu təkcə müəllifin – Əbülfətin etirafı deyildir. Həyatın bütün məqamları hər kəs üçün bir bucaq altında görünür. Necə deyərlər, onu mənalı görən, onu özünə yaxın buraxan, hətta özününküləşdirən Allah bəndələri də var, onu öz istəklərilə mənalandırırlar, öz istəklərinə uyğunlaşdırırlar. Bu mənada, şairin sözü, eləcə də etirafı hamınındır, əzan cümlə, onu oxuyub dərk edənindir...

Sönür içimdəki şam
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...

Çeşidləmək istəyim
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır, yaş olur...

Acıların dadını
Dil-damağım hiss edir...
Nəmdi deyə günahlar -
Ürək yaman his edir...


Bu şeirində olduğu kimi, Əbülfət sözə poetik don biçməyi bacarır, maraqlı, cazibədar, rəngarəng bədii-estetik assosiasiyalar yaradır… Obrazın, təşbehin qeyri-adiliyinə diqqət yetirin. Ocağa yaş çır-çırpı atanda his edər... Ürək ocağında da nəm günahlar yandıqca beləcə his edir, tüstüsü ərşə bülənd olur və hamı bunu görür... Və bəlkə də görünən bu duyğular sevginin göy üzündən gəldiyinə bir işarədir və tüstüyə, aha dönüb ruh təkin yenə göy üzünə qayıdır... Yəni dünyanın o biri üzündən Tanrı mələklərinin qoparıb gətirdiyi sevgidi bu - özümüzə, bir-birimizə, doğmalarımıza və nəhayət, dünyanın bu üzünə!.. Bəlkə elə buna görə də, Əbülfətin də haqqı var, bu cürə misralar pıçıldamağa:

Dərə çəkən dumanam
Ümid sızan gümanam...
Çətin qallam, yubanam -
Dünyanın bu üzündə...

Haqqa açıq əlimlə
Ürək adlı dəlimlə...
Çökdüm "gedim gəlimlə" -
Dünyanın bu üzündə...

Gün günü qatarlayıb
Gör neçə qat tarlayıb...
Həsrətim cadarlayıb -
Qalmayıb su üzündə!..

Ruhum əlləşir göylə
Dinlə məni bir öynə...
Şeirimi suya söylə -
Həm də ki, yu, üzündə...


Təkcə bu şeirdəki poetik detallara – bədii ifadələrə, bənzətmə və təşbehlərə, qafiyələrə yenə də, nəzər yetirəsi olsaq Əbülfətin bədahətən, Tanrıdan gəlmə sənət ustalığının şahidi olarıq. "Dərə çəkən dumanam” – təbiəti müşahidə edənlər şahidi olarlar ki, duman dərə boyu – zirvəyə doğru çəkilər... Şair dərdini dumana, dərəni isə ömrə, zamana bənzədir və bu detalla həm gözəl bir təbiət lövhəsini canlandırır, həm də poetik fikrini obrazlı şəkildə, dəqiq ifadə edir. "Ümid sızan gümanam” – ifadəsində gümanı bulağa, ümidi sızan bulaq suyuna bənzədərək görümlü-duyumlu məna lövhəsi yaradır... "Çökdüm "gedim-gəlimlə”, dünyanın bu üzündə”- misralarında ənənəvi "gəlimli-gedimli dünya” deyimində ömürlərin çöküşünə işarə edir, Səməd Vurğunun "Bir yandan boşalır, bir yandan dolur” misrasının sehrini yada salır...

"Gün günü qatarlayıb,
Gör neçə qat tarlayıb...
Həsrətim cadarlayıb -
Qalmayıb su üzündə!.”
– misralarındakı obrazlar da yozumludur, duyumludur, yenidir... Adətən, "Günü günə calayıb” deyiminə köklənmişik. Amma burada, Əbülfət "Günü günə qatarlayıb” deyir, mənanın yozumunu çoxçalarlı edir. "Qatarlamaq” sözünün mənalarına "Azərbaycan dilinin izahlı lüğəti”ndəki mənlarına nəzər salaq : qatarlamaq[qatarramax]feil. Adamları, heyvanları, yaxud şeyləri bir-birinin ardınca düzüb qatar düzəltmək. Qatar düzülmək, qatar bağlamaq.

– Qatarlaşıb nə diyardan gəlirsiz?Birxəbərversəniz bizə, durnalar! (M.P.Vaqif). Burada isə gün – günü qatarlayıb, sıra, səf bağlayıb. Lakin bu il, gün mənasında deyil, ömür mənasındadır. Əbülfət burada "Qatarlamaq” sözü ilə "qat bağlayıb” sözünü cinas qafiyə kimi işlədib və sözün mənasına yeni çalar verib. Burada "Dərdim qat-qatdır” əvəzinə "qat tarlayıb” yeni ifadə kəsb edən söz birləşməsi düzəldib. "Tarlamaq” üst-üstə qalaqlanmaq deməkdir, əsasən dağ zirvələrində neçə illərin qarının üst-üstə tar bağlamasına – qalaqlanmasına deyilir... Burada Əbülfət fikri assosiasiya yaradır və "Gör neçə qat tarlayıb” deyərək vəziyyəti həm şiddətləndirib (qiperbula yaradıb), həm də dərdin qar kimi illərdir ki üst-üstə tar bağlamasını bildirib, həm də dərdin büz bağlamış qar kimi soyuq olduğu məcazını üzə çıxarıb... Sonuncu misrada isə "yurd həsrətini sussuzluqdan cadar bağlamış səhraya bənzədir, ironik nəticə çıxardır – bu həsrət o qədər uzanıb ki, həm cadar bağlayıb, həm də "üzünün suyu qalmayıb”, tamam sırtıqlaşıb, həyasızlaşıb və s... Hələ buradakı qafiyə sistemindəki təzəliyi demirəm...

"Mən özümü asacam, Kirpiyindən, qaşından...” ; "Sevgi tumurcuğu, sevgi çiçəyi” ; "Qurbanlığı olub, bu dəli eşqin -Adəməm, cənnətdən mən qovulmuşam!..” ; " Dünən dağ yarırdı eşqdən Şirinə, Bu gün dillənməyə yoxdu həvəsi -Ürəyimin!” ; "Dərdi də pullu edin,Bacaran alıb çəksin.”; Çaşıb gələn zənglərə, Əbülfət - deyəcəksən!..” İncidin ki, soruşmadan izinsiz,Tellərinə toxunmuşam meh kimi... Bilmədin ki, tərs baxışın odunda - Qurumuşam, yox olmuşam şeh kimi!..” və s., və s. ifadələr, bənzətmələr, oxşatmalar, ibarələr yeniliyi, təzəliyi, orjinal fikir tərzi, psixologizmi ilə seçilmirmi!?

Ümumiyyətlə, Əbülfətin şeirlərindəki ahəng, musiqililik, harmoniya, səs-söz avazı, qafiyə sistemindəki əsillik həmişə öndədir və bu cəhətdən məzmunla həmahəngdir, formal cəhət daşımır...

Əbülfət Mədətoğlunun təkcə bir şeirinin bir bəndinin bədii detallarını hələ üzdən izah edəndə onun bir şair kimi sənətkarlığının nəyə qadi olduğu barəsində müəyyən təsəvvür hasil olur...

Məqamdır, "Özümə silsiləsi”ndən psixoloji ab-havalı "Xatırladır” şeirini də oxuyaq və duyğulanaq:

Ürəyim billur camdı...
çat-çat oldu, cam damdı...
Bu qandakı nə tamdı -
torpağı xatırladır?!.

Canım yandı, közərdi
yandığım dərd gözəldi...
Dilim sanki xəzəldi -
Yarpağı xatırladır...

Ruhum şamdı - keçəndi
Gündüzümdü , gecəmdi...
Pərvanəsi gec gəldi -
ortağı xatırladır!

İçimdəki ələmim -
sözdü , bir də qələmim!
Öz dünyama ələnim -
Gorgahı xatırladır...


***

Belə ki, sözə və qələmə sığınan Əbülfət Mədətoğlu poeziyamızın axarında çoxdan yerini tapıb, məkanını müəyyənləşdirib və onun poeziya qayığının yelkənlərinin özünün həmişə əsməkdə olan səmt küləyi mövcuddur və özünün səmtində üzməkdədir... Doğrudur, onun şeirinin birindən belə bir misra keçir: "susqun qalmaq məncə daha gözəldir...” misrası keçir. Amma bu, sevgi qarşısında Füzuli babamızın "Lal ol!” deyimindən bəhrələnən deyimdir və Əbülfətin poezyasının mahiyyətinə heç bir dəxli yoxdur, o bütün parametrlərdə susqun deyil, Kür çayı kimi "lal” görsənir, amma dərinində bir Araz çağlayır...

Çəkirəm başıma dərdi dərman tək,
Elə bil acıma bal qatıram, bal...
Kirpiyin ucuna yapışıb qalan -
Damladan könlümə xal salıram, xal...

Anıram bir anlıq köhnə düzəni
Məstliyin içində Qu tək üzəni...
Hər şeyə, hər kəsə gülüb gəzəni -
Xatirə üstünə şal salıram, şal...

İllər arxasında nimdaşlaşan mən...
Qırılan simlərlə simdaşlaşan mən...
Gəlib dərdlərilə sirdaşlaşan mən -
Budaqdan ümidi kal salıram, kal!..

Duman tək dünənim çəkilib gedir
Qırovlar saçıma əkilib gedir...
Bir şair dünyasın lək edib gedir -
Mən isə yadına qal salıram, qal!.


***

Əbülfət "Səməni nəğməsi” (1988), "Nilufər çiçəyi” (1995), "Dərdini danışan adam” (1999), "Ürəyimdəki sənsən”(2010) və digər "Mənim kimi sevə bilsən”(2012), "Ürəyim sənlə danışır” (2015), "Cəzayam sevdiyim qıza” (2017) təkin kitablarında toplanan şeirlərdə, ümumiyyətlə onun müstəqillik dövründə qələmə aldığı bütün əsərlərində Qarabağ işğalının yaratdığı dərd, kədər, ələm ürək sızıltısına çevrilir, ağrıdıcı bir lirizmlə Qarabağlı günlər xatırlanır, işğal altında erməni vandalizminə düçar olmuş torpaqlarımızın həsrəti canı yandıran, düyməsi sehrlənərək açılmayan can göynəyinə çevrilir, amma azadlığın lacivərd üfüqləri də şeirlə, sözlə Qarabağ xalısı kimi "Qarabağım, Qarabağ” qəbildən onlarla şeirində ilmələnir, Qarabağ onun yaradıcılığının közərən könül ocağının nəqaratına çevrilir:

Əlim daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa közərim -
Qarabağım, Qarabağ?!
Qarabağım, Qarabağ!..

Bu məqamda ədəbi mühitdə "Dərd şairi" kimi qəbul olunmuş, şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun essesindən bir parçanı da yada salmaq istərdim: "...Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz- üzə gəldim. Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim - dünya səsimə səs vermədi. Qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı. Dostların yarpaq tökümü başladı dünyanın tükü tərpənmədi..."

Bu gəlişi gözəl söz deyil, onun içindən gələn estetik-idealını ifadə edən, dərdlə yüklənmiş şair taleinin poetik konsepsiyasıdır…Onun estetik konsepsiyasını poetik mətnin bütün qatlarında oturmuş mükəmməl bir bədii sistemə çevrilmiş Vətən, Vətənçilik, Azərbaycançılıq təşkil edir, əlbəttə Azərbaycanın ürəyi olan Qarabağ olmaq şərti ilə… Qarabağda yandırılan yurdların, kəndlərin, evlərin alovundan, istisindən üşüyən lirik qəhrəman isinmək üçün yandırıcı, qövr edən göz yaşına qısılır:

Yandı evim-eşiyim,
Yandı divarım, daşım...
İsit, qoyma üşüyüm,
İsit məni, göz yaşım...

Xalq şairi Bəxtiyar Vahabzadə onun yradıcılığının bu cəhətini belə şərh etmişdi: "Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur, sənətin qüdrəti.”
Əlbəttə belədir:

Ürəyim bir kövrək layla istəyir,
Gözlərim yumulu, qulağım səsdə.
Sifətin qırışıb, əlin titrəyir,
Sən nə həvəsdəsən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.

Əbülfətin bir silsilə "Üşüyür", "Nişanə", "Dağlar", "Ümid yeri", "Çadırda keçən ömür", "Ağırdı", "Mənim dərdim", "Nağıl", "Qəbir daşı", "Müqəddəs dava" "Kəndim”, "Saman çöpü”, "Dəyirmanın dəni yoxdur” kimi onlarla şeirləri Qarabağ qaçqın-köcgünlərinin uzun illər "Çadır şəhərciyi” (bəxtəvər başımıza, işğal olunmuş kəndlərimizdən, şəhərlərimizdən məcburu köçükün düşüb şəhərcik adlanan çadır "Şəhər”də yaşayırdıq və bu ad da talein ironiyası idi…) adlanan ikrahedici məkandakı yaşantılarını, açı həyatlarını, göz dağlayan gördüklərini, qəlbinə hopan, sinəsində medalyona dönüb asılan (obrazın, bənzətmənin sehrinə bax!!) yanğını, ağrını, nisgili qövrlənə-qövrlənə bir ağı yanğısı ilə əks etdirir…

Hər çadırda bir ürəyin işığı,
Hər ürəkdə qaralan qor üşüyür.
Gözümüzü ovub tökür tüstüsü,
Xiffət çəkib, çatlayan gor üşüyür.

Yağış yağır, od-ocaqsız nəm çadır,
Medalyondur sinəmdəki qəm-andır...
Tanrım, özün bircə çınqı tap, yandır,
Deməsinlər, qaçqın "nə zor" üşüyür...


Poeziya tariximizdə dağlara müraciətən çox poetik, çox dəyərli, bərcəstə onlarla şeirlər yazılıb. Əbülfət də dağlara müraciətən şeir yazıb, amma bu dağlar sinə dağlayan, qolları qara kösöv, bizi qurbanlıq edən, dərddən qara bağlayan dağlardır. Şeirin emosional yozum yükü o qədər ağırdır ki, o qədər ağrılıdır ki, bu ağırlığa, bu ağrıya qara nər də dözməz, yalnız misra dözər, söz dözüş gətirər:

Çoxmu boynu bükük duraq,
Baxaq ağlayan dağlara?
Əlimizlə sığal vuraq
Sinə dağlayan dağlara.

Udaq dəli hönkürtünü
Çıxaq yağı söndürdüyü-
Ocaqdakı son kötüyü
Girov saxlayan dağlara

Gəzək, tapaq izimizi
Vuraq yerə dizimizi
Qurban deyək özümüzü
Qara bağlayan dağlara.

Alovlanaq, oda dönək
Kola, kosa, ota dönək
Ölək, amma ora dönək-
Bizi haylayan dağlara.


Biz şairin poetikasında onun fərqli və fərdi intonasiyasının, orjinal poetik obrazlarının və şeir formlarına sərbəst münasibəti, forma biçimlərinin ardıcıl şəkildə, fərdi üslub səviyyəsində, öz poetik stemində aşkarlandığını görürük və bunları ara-sıra izlədik… Əbülfətin şeirlərinin mayası tamamilə özününküdür, gəlmə və yad deyil… Belə demək mümkünsə, Əbülfər müasir şeirimizə fərqli bir poetik üslub gətirmişdir…

Onun yaradıcılığının bu cəhətini filosofsayağı düşüncə sahibi olan tənqidçi Rüstəm Kamal belə ifadə edir: "Poetik sistem poetik jestlərin sabit sistemidir. Poetik sistem insanın tikib yaşadığı ev kimidir – öz evinə elə öyrəşir ki, başqa yerdə qala bilmir, darıxır. Poetik sistem də belədir – öyrəşirsən – dəbdə olan, tez-tez dəyişən cərəyanlara, üslublara fikir versən də, yenə də öz "evinə” – öz sisteminə qayıdırsan. Bu, şair şəxsiyyətinin bütövlüyünü göstərir. Ə.Mədətoğlu öz sistemini qurmuş və mənimsəmiş şairlərimizdəndir. Ə.Mədətoğlunun "Məni” o qədər zərifdir və güclüdür ki, süni, psevopatriotik "biz” yoxdur. Hər yerdə yalnız özüdür, yalnız "mən” – dir. Şairin təbiəti elədir ki, sözləri qətiyyən incitmir. Sanki hər söz, hər qafiyə şeirdə öz yerini tanıyır, bilir Əbülfət sözlərlə çox incə davranır. … Onun poetik yaddaşı emosional portret yaratmaq gücündədir. Jest-mimika detalları duyğulu, səmimi təqdim olunur.”

Olduqca dürüst və mükəmməl tənqidçi müşahidəsidir…

Bu yaxınlarda "Tərəqqi” medalına layiq görülmüş, aramsız məhsuldar tənqidçi Vaqif Yusifli(fürsətdən istifadə edərək onu medal alması münasibətilə
təbrik edirəm) "Bu Əbülfət Mədətoğludur” (2014) məqaləsində yazır: "Əbülfətin şair kimliyi onun özünəməxsusluğundan bilinir. Kimsəyə bənzəmir o və elə bilirəm ki, ona bənzəmək də çətindir. Onun şeirlərində hansısa ustadın poeziyasından süzülüb gələn sel-suya rast gəlməzsən. Düşünməzsən ki, bu şeirlər kiminsə səsinin səsidir. Kimsə onun şeirlərinə irad tuta bilər, bu şeirlərdəki ovqata, səsə, rəngə alışmaya da bilər. Amma nə yazırsa, özünü yazır.”

Bu da doğru-düzgün müşahidədir. O da, hamı müraciət etdiyi mövzulara müraciət edir – məhəbbət, nifrət, vəfa, xəyanət, etibar, satqınlıq, mərdlik, yaltaqlıq, haqq, şər - bir sözlə, insan həyatının ağlı-qaralı günləri, gerçəyin təzadları onun da şeir aləminin mövzu parametrləridir, amma bu parametrləri o özü cızır, özü təyin edir, özü yozur, özünü yazır...

Məqaləmi onun ürək dostu, məslək dostu, həmişə Azərbaycanın xalq yazıçısı hesab etdiyim (Mənim də, könlümün öz fərmnı var!!) Aqil Abbasın sözləri ilə yekunlaşdırmaq istəyirəm: "Dünyada nə varsa hamısı hər gün qocalır. Təbiət də, Ay da, Günəş də, planetimizin özü də, insanlar da. …Bəli, dünyada hər şey qocalır, hətta sonra yox olub da gedir. Təkcə Sözdən savayı. Söz nəinki qocalmır, hətta hər gün gəncləşir, cavanlaşır. Homerdən tutmuş üzü bəri. Nizamidən, Firdovsidən, Nəsimidən, Füzulidən tutmuş üzü bəri. Şah İsmayıldan, Vaqifdən, Mövlanadan, Yunus Əmrədən, Nazim Hikmətdən tutmuş üzü bəri.” Sözü qocalmağa qoymayan çoxlarının adını sadalayır Aqil Abbas, onlardan birinin də adını çəkir: "Əbülfət Mədətoğlu qoymur qocala Söz!.”

Ona görə də, onun ürəyindən, qələmindən həmişə "SÖZ” göyərir və göyərəcək də:

Zaman atdan salsa belə,
Sarı simdə çalsa belə,
Kül altında qalsa belə,
Qorumdan söz göyərəcək!

Unutmayın təki məni,
Ortalığa çəkin məni,
Bu torpağa əkin məni,
Gorumdan söz göyərəcək!

Lap təzə şeirlərinin birində Əbülfət inadkarlıqla və özünə, sözünə inamla deyir:

Ürək dindikcə - hər gün
Sənə şeir yazacam...
Özü də sənlə bağlı -
hər nə deyir - yazacam!..

…And yerim olan gülüm,
Küsmə , başına dönüm!
İçimdən hər gün ölüm -
məni yeyir, yazacam!..


Bu, Əbülfətin mənə rast olan axarıncı " Bir qadına ... və hamıya" silsiləsindən olan ”Yazacam” şeiridir ( 21.11.2018. saat 08:14-da yayımlanıb), yəni istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun təbirincə "Təndirdən təzə çıxıb”, adamın könlün, əlin-dilin yandırır… Əbülfət "And yeri olan” sevgilisinə müraciətən yazır: "İçimdən hər gün ölüm məni yeyir , yazacam!..” Bu misralar ölümə meydan oxumaqdır! Məhəbbəti, eşqi olan kəs ölməz! Bu hissləri şeirə çevirən şair isə ölməzliyə qovuşar!! Ölməzliyin və 60 yaşın mübarək, Əbülfət Mədətoğlu!!

21.11.2018 – 21.12.2018

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30