manera.az
manera.az

Adamları işə salmışdım... - Aslan Quliyev yazır | MANERA.AZ

6-08-2015, 09:13

Adamları işə salmışdım... - Aslan Quliyev yazır | MANERA.AZ
Aslan Quliyev

Damar katarsisi
(hekayə)

Yaddaşsızlıqdan əziyyət çəkirdim, aşsüzənə dönmüşdü. Heç nəyi saxlamırdı, daima qatıb qarışdırırdım. Anna Axmataova haqdakı yazıları yaddaş diskinə köçürürdüm, amma diski açanda ordan Yesenin haqdakı yazılar çıxırdı. Yəni Axmatova haqqında danışmaq istəyəndə, məlum olurdu ki, bayaqdan Yesenin haqda danışırmışam.

Saytların birindən cavan qız mənə sorğu göndərdi: «Bu il Rusiyada Vasili Şukşin ili kimi qeyd olunacaq. Sizin Şukşinə olan münasibətinizi bilmək istəyərdik».
Dərhal da cavab yazdım: «Şukşin dahi rəssamdır. «Sığırçınlar uçub gəldilər» onun şah əsəridir. Böyük rəssam və böyük insan olub. Rəssamlıq akademiyasının üzvləri Levitana diplom vermək istəməyəndə təkcə o, Levitanın «Ot tayası» rəsminin arxasına yazıb: «Böyük qızıl medal. Yəhudi balasına yol verin». Beləliklə də Levitanın qarşısında yaşıl işıq yandırıb».

Qız da yubatmadan cavab yazdı: «Siz qarışdırırsınız. Şukşin heç şübhəsiz böyük insan olub, amma rəssam olmayıb, nə böyük, nə də balaca. Yazıçı olub. Biz də sizdən bu böyük yazıçıya münasibət bildirməyinizi xahiş eləmişdik. Yeri gəlmişkən: «Sığırçınlar uçub gəldilər» Savrasovun rəsmidir».
Pərt oldum, daha cavab yazmadım. Münasibət də bildirmədim. Məni yaddaşım pis vəziyyətdə qoysa da, nəyə görəsə, rusların böyük yazıçısına, xüsusi ilə də institut skamyasından yanını təzəcə qaldırmış bu qıza möhkəm hirslənmişdim. Görürsən qarışdırıram, soruşma. Adam ölüb gedib, sümükləri də indiyə çürüyüb, rus torpağına qarışıb, qəbrinin üzərindən də yəqin qırmızı çiçəkli başın ağacı baş qaldırıb. Sənsə indi mənim ona münasibətimi soruşursan. Səncə mənim ona nə münasibətim ola bilər? Bir yerdə gəzib dolaşmışıq, ya araq içmişik? Nədir, indi mənim ona münasibətim yaxşı olanda qəbirdən ayağa qalxıb yenidən yazıçılığa başlayacaq, rus nəsrinin ən gözəl əsərlərini yazacaq? Ya münasibətim pis olarsa, qəbirdə daha dərin yuxuya gedəcək? Heç biri olmayacaq, elə isə niyə soruşursan?
Saata baxdım, on ikiyə qalırdı. Şair dostum səhər saat on ikidə pivə, axşamüstü saat beşdə isə pivəylə araq içirdi və bu saatlarda ona zəng eləmək mənasızdı. İndi isə olardı, hələ vaxta vardı. Zəng elədim, vəziyyətin nə yerdə olduğunu danışıb, ondan məsləhət istədim:
- İndi mən neyləməliyəm?
- Həkimə getməlisən, - qısaca dedi və dəstəyi asdı.
O, pivə içməyə tələsirdi, əlavə nəsə soruşmaq mənasızdı, cavab verməyəcəkdi.
Neyləmək olardı, həkimə getdim. Cavan oğlandı, mənə diqqətlə qulaq asdı və gözünü üzümə zilləyib soruşdu: «Sizcə nədən olar?»
Çaşıb qaldım, deyirəm, cavan oğlan, əyər mən bunun nədən olduğunu bilsəydim, daha zəhmət çəkib sizin yanınıza niyə gəlirdim? Demək, nədən olduğunu bilmədiyim üçün bunu sizdən öyrənməyə gəlmişəm. Oğlan qızardı və bu onu xilas elədi. Yoxsa təptəzə, şax iyirmiliyi nədən ötrü onun cibinə qoyduğumu da soruşacaqdım.
Oğlan özünü tez ələ aldı, özünü tərifləyir, mən tibb institunu fərqlənmə ilə bitirmişəm, fəxrlə deyirdi. Sonra da qarşısındakı kitablardan birini götürüb sürətlə vərəqləməyə başladı. Birdən başını kitabdan qaldırıb, yenidən gözlərini mənə zillədi:
- Bəlkə böyrəyinizdəndir?
- Mən böyrəyimlə düşünmürəm, - etiraz elədim.
- Demək, böyrəkdən deyil, - razılaşdı.
Başqa bir kitabı götürüb elə eyni sürətlə vərəqləməyə başladı və təzədən məndən soruşdu, bəlkə ürəyinizdəndir?
- Ürəyimlə də düşünmürəm, - yenə etiraz elədim.
- Demək, ürəyinizdən deyil, -yenə razılaşdı.
Başqa bir kitabı götürüb vərəqlədi və bu dəfə sifəti işıqlandı:
- Tapdım. Beyninizdəndir!
- Beynimdən? Nə olub beynimə?
Kitabı bir daha vərəqlədi, harasınısa oxudu və dedi. Məncə boynunuzdan beyninizə gedən damarlarda tutulma var. Bəlkə sizə aspirin yazım, qanınızı duruldacaq, damarlarınız da açılacaq. Yox, bəlkə atorvastatin yazım, qanınızdan xalestrini təmizləyəcək, damarları tutan xalestrindir. Damarlarınız açılacaq, yaddaşınız da cağbacağ olacaq. Mən dinmir, onun nəhayət nə qərara gələcəyini, mənə hansı dərmanı yazacağını gözləyirdim.
O isə qərar verə bilmir, bir ucdan dərmanların adını sadalayırdı. Sonda qərarını açıqladı, boyun damarlarınızı UZİdən keçirdin, baxaq görək neçə faiz tutulma gedir, ona görə çarəsini tapaq. Yoxsa bir də görəcəksiniz damarlarınız tamam tutuldu, pırtıldayıb dəydiniz yerə. Sonra da sizin üçün bir şad, bir də bəd xəbər olacaq. Hansından başlayım?
- Şad xəbərdən.
- Daha həkimə ehtiyacınız olmayacaq.
- Bu doğrudan da şad xəbərdir. Sevindim. İndi də bədə keçin.
- Üstünüzə molla çağıracaqlar.
- Molla niyə? – çaşıb qaldım. – Molla gəlib damarlarımı açacaq?
- Yox, yasin surəsi oxuyacaq.
- Bəs damarlarım?
- Suallara cavab yerəndə qatıb qarışdırmayasınız deyə, onları da yəqin inkir-minkirlər açacaqlar.
Qəliz söhbətdi. Bir söz deməyib ayağa qalxdım.
- İndi neyləmək istəyirsiniz? – cavan həkim soruşdu.
Mən ona deməliydim: «Cibinizə qoyduğum qəttəzə, şax iyirmi manatı geri tələb eləmək istəyirəm». Lənətə gəlsin içimdəki insanlıq sevgisi! Mənsə dedim:
- Tibb institutuna gedib, sənə fərqlənmə diplomu verən həkimlərin əlini öpmək istəyirəm.
Həkimin dolaşıq söhbətləri qəlbimə şübhə saldı. Getdim o deyən mərkəzə. Burda Yuliya Peresildə oxşayan metis qız boyun damarlarımı uzidən keçirtmək istədiyimi öyrənəndə qırx beş manat verəcəyimi dedi. Yaddaş ciddi məsələdir, qırx beş manatı, iki iyirmi manatlığı, bir dənə də beş manatlığı təəssüf hissiylə sayıb verməli oldum.
Burda növbə vardı, məndən qabaqda beş-altı adam gözləyirdi. Hər yer səliqəli, tər-təmizdi. Kondisioner çöldən təmiz hava əvəzinə mazut və ayaqyolu qoxusu gətirirdi. Başlarını dik tutub, sinələrini qabağa verərək nizami addımlarla addımlayan tibb işçilərinin də üst-başından tər, ürək bulandıran qoxu gəlirdi. Burda qoxu məsələsi bərbad idi. Havam çatmırdı.
Nəhayət, növbəm çatdı. Uzandım üzərinə ağappaq döşəküzü örtülmüş divana. Uziçi cavan qız idi, saqqız çeynəyirdi.
Bəzi həmkarlarım var, elə düşünürlər milləti pislədilər, alçaltdılar, Azərbaycan qadınını, qızını aşağıladılar ki, Nobeli gətirib evlərində bunlara xonçada verəcəklər. Guya bunlar özləri güldəstəymişlər, bəxtlərinə heç nə bacarmayan, geridə qalmış, dar, dayaz düşüncəli qızlar düşübmüş. Ona görə də bir qayda olaraq üstünlüyü başqa millətlərdən olanlara verirlər. Əslinə qalarsa, belə yazanların çoxu nə rus qızı görüb, nə də başqa millətdən olan qızı. Yəni söhbət Nobel söhbətidir. İndisə özüm etiraf eləməli oluram ki, nə illahdırsa, nə bəladırsa, Azərbaycan qızları saqqız çeynəyə bilmirlər. Yəni bizim qızların saqqız çeynəməsindən daha bayağı nəsə düşünüb tapmaq çətindir.
Bu qız da istedadsızcasına saqqız çeynəyərək UZİ-nin qolunu boynumda gəzdirirdi və bu UZİ zəhrimar da arada pulemyot kimi sürəkli atəş açır, arada da tank kimi nərildəyirdi. Qız məndən soruşdu, damarınıza nə olub? Qanım qaraldı, deyirəm, damarıma nə olduğunu bilsəydim, bura niyə gəlirdim, ən əsası da qırx beş manatımı sizə niyə verirdim? Qırx beş manatımı, iki dənə şax, qəttəzə iyirmi manatımı, bir dənə də şax beş manatımı sizə ona görə verdim ki, damarıma nə olduğunu siz deyəsiniz.
Qız hirsləndi, deyir, siz mənim sənətimi şübhə altına ala bilməzsiniz. Mən Türkiyədə qızıl medal almışam, Amerikada praktika keçmişəm. Sizin dərdiniz elə o qırxbeş manatın dərdidir. Deyirəm, hə, qırxbeş manat mənim üçün ciddi puldur. Həm də söhbət təptəzə, şax pullardan gedir. Yenə köhnə, işlənmiş olsaydılar, bəlkə də bunca yandırmazdı. Sən bu qədər pulunu boş yerə küləyə versən, həm də təptəzə pullarını, səni ağrıtmazmı?
Qız isə dodaqlarını büzdü. Boynumu bir xeyli də əlləşdirdi, sonra əllərini silib ayağa qalxdı, mənə də bir xeyli kağız dəsmal verdi ki, boynumu silim. Kağız dəsmalla boynumdakı iyrənc mayeni silib ayağa qalxdım. Qız şəkilləri və nəsə yazdığı kağızı mənə uzatdı. Deyir, məncə damar katarsisi olmalıdır. Damar həkimi ilə görüşməyin məsləhətdir. Sonra da soruşdu, indi neyləmək istəyirsiniz?
Mən əslində deməliydim: «Gedib Yuliya Peresildin ögey bacısından qırx beş manatımı geri almaq istəyirəm». Mənsə həmişə olduğu kimi içimdəki insanlıq sevgisinə qalib gələ bilməyib dedim: «İlk macalda Türkiyəyə uçub, sizə qızıl medal verən müəllimlərin əlini öpmək istəyirəm».
Sonra da əlavə elədim: «Gərək bağışlayasınız, çox istəsəm də, Amerikaya uçub, orda sizə praktika keçən müəllimlərin əlini öpməyi isə bəzi səbəblərdən təxirə salmalı olacağam».
Qızın gözlərindən alov saçılır, sanki buna söyüş söymüşəm: «Mən bilirəm, sənin dərdin qırxbeş manatın dərdidir! İki dənə qəttəzə iyirmi manatlığın, bir dənə də qəttəzə, şax beş manatın! Qırx beş manat veribsən deyə gərək səni dalımızda da gəzdirək! Gərək…». Nə isə, bu qəbildən olan bir çox sözlər dedi. Heç nə başa düşə bilmirdim, mənim bunlara qırx beş manatı verməyim, məndən çox bunları yandırmışdı.
Demək, yaddaşımın korlanmasının səbəbi boyun damarlarım imiş. Dost- tanışlarıma zəng eləyib tibb institutunu fərqlənmə ilə bitirməyən, Türkiyədə qızıl medal almayan bir həkim axtarmaq lazım gələcəkdi. Bizim köhnə sovetin köhnə məktəblərini qurtaran həkimlərdən. Yoxsa bunlar diaqnozu da özümə qoyduracaqdılar, hələ bir resepti də özümə yazdıracaqdılar.
Elə bu vaxt dostumun arvadı zəng elədi, ərinin indi harda ola biləcəyini soruşurdu. Saata baxdım, beş idi, deyirəm, indi arağı pivə ilə qarışdırıb içir. Sağollaşmadan əlaqəni kəsdi.
Gecə də əri, yəni şair dostum zəng elədi.
- Sən bu arvada nə deyibsən, triseniye verir.
- Heç nə.
- Yalan demə, heç nəyə triseniye verməz.
- Hə, harda olduğunu soruşdu, mən də indi pivəylə araq içdiyini dedim.
Ay sağ ol, dostum hirsləndi, deməyə başqə söz tapa bilmirdin? Bu triseniye verməyə başladımı, düz bir həftə triseniyə verəcək. «Nə cür yəni? – inamsızlıqla səsləndim. – İndi bir həftə titrəyəcək?» «Sən yazıçı olsan da dili bilmirsən. Burda titrəmək mənzərəni heç on faiz də vermir. Yenə triseniye münasibdir. Buna əsim-əsim əsir, evi də titrədir, demək olar. Bunlarda triseniye vermək irsəndir, yəni nəsillikcədir. Bir anası vardı, triseniye verməyə başladımı, düz bir ay əsəcəkdi. Sənin ucbatından bir həftə titrəyən evdə yaşayası olacağam!»
Nəhayət sözünə ara verib soruşdu:
- Həkim nə dedi sənə?
- Bilmirəm, deyəsən damarlarım tutulur.
- Onda şorun suyunu iç. Gündə üç dəfə. Qoy xalestrinlərini qırsın. Damarların da açılsın.
Ətraflı soruşmaq istəyirdim, o isə artıq dəstəyi asmışdı.
Düzü, nə vaxtsa şor suyunun karıma gələcəyi ağlıma da gəlməzdi. Bizimsə adətən ağlımaza gəlməyənlər başımıza gəlir. Kənddə olan qardaşıma zəng elədim, sabah Bakıya gələn sürücülərlə mənə iki litr şor suyu göndərməsini xahiş elədim. Biz qardaşlarda təxəyyül hüdudsuzdur, sözlə adamın yaralı yerlərini qurdalamaqda ustayıq. Qardaşım da bir xeyli qurdaladı. Yaxşı ki, yenə şor suyu lazımın olub, yoxsa qardaşın olduğu yadına düşməzdi. Gərək ölən günə kimi şora borclu olduğumuzu yaddan çıxartmayaq. Yoxsa gəndin yolunu da unudacaqdın. Sonra isə sanki birdən yuxudan ayıldı:
- Şor suyu?
- Hə, - təsdiqlədim.
- İki litr?
- Hə, - yenə də təsdiqlədim.
- Bir şey də soruşa bilərəm? – səsimdən artıq səbirsizləşdiyimi hiss eləyib.
- Soruş.
- Şor suyu sənin nəyinə lazımdır?
- Xolestrinlərimi qırmaq istəyirəm.
- Şor suyu ilə?
Necə qışqırdımsa, daha heç nə soruşmadı. Sabah isə zəng eləyib iki litr şor suyu göndərdiyini və sürücünün cib telefonunu da nömrəsini dedi. Saat yeddidə avtovağzala gedib şor suyunu sürücüdən almalıydım. Hiss elədim başqa nəsə də demək istəyir.
- Bir şey də soruşa bilərəm?
- Soruş, - dilxor halda dedim.
- Sən onları niyə öldürmək istəyirsən?
- Məni öldürməsinlər deyə, - qısaca deyib, dərhal da əlaqəni kəsdim.
Yaddaşsızlıq yenə də öz sözünü dedi. Saat yeddidə avtovağzala getməyi unutdum. Yalnız sabah günortaçağı qardaşımın zəngi yadıma düşdü. Dərhal da sürücüyə zəng elədim, sürücü isə qışqıra-qışqıra danışırdı. Elə bil havası çatmır, boğulurdu: «Evimi yıxıbsız! Sən gəlmədin, mən də o zəhrimara qalmış şüşələri geri apardım. Qalmışdı maşında. Bu gün adam da götürüb Bakıya gələndə maşından baş çatladan iy gəlməyə başladı. Şüşələri çölə vıyıldatdım, yenə də xeyri olmadı, elə bil maşın ayaqyolunun içinə girib çıxmışdı. Adamları öyümə tutdu, qusub maşını batırdılar. Neyləsəm də, daha mənim maşınıma minmədilər. İndi heç özüm də minə bilmirəm. Nə qədər yuyuramsa, ətirləyib duxulayıramsa da, xeyri yoxdur!»
Qardaşıma zəng eləyib soruşdum, sən o sürücüyə şüşələrdə nə veribsən? «Şor suyu, - qardaşım da incik halda səslənir. – Başqa nə verə bilərdim?» «Elə mən də səndən onu soruşmaq istəyirəm. Bu nə cür şor suyudur ki, adamın maşınını heç nə eləyib? Sən onun şor suyu olduğuna əminsən?»
Qardaşım təxəyyülünü işə salıb xırdalamağa başlamışdı, dayandırmasaydım hələ çox xırdalayacaqdı, amma imkan vermədim. Tapşırdım sabah gətirib başqa maşına iki litr şor suyu versin. Bu dəfə mütləq vaxtında maşının qabağına çıxacağam.
Səhər yenə də qardaşım danışıb, şor suyunu göndərdiyini dedi və sürücünün telefon nömrəsini də verdi. Saat beşdə avtovağzalda olmağımı tapşırdı. Yenə nəsə soruşmaq istəyirdi, amma tələsdiyimi deyib, telefonu söndürdüm.
Bu dəfə vaxtında avtovağzala getdim. Düz saat beşdə artıq ordaydım. Amma qardaşımın dediyi maşın gəlməmişdi. Sürücüyə zəng eləmək istəyirdim ki, iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Vəsiqələrini göstərib, nəzakətlə onlarla getməyimi xahiş elədilər. Dedim, tələsməyin, qoy sürücü gəlsin, şor suyunu ondan alım, sonra hara istəsəniz gedərik.
Bunlarsa nəyə görəsə istehza ilə qımışdılar. Dedilər, gedək, sənin üçün göndərilən şor suyu bizdədir. Bir az söhbət eləyək, sonra şor suyunu verək apar.
Çaşıb qalmışdım. Bu adamlar mənə şor suyu göndərildiyini hardan bilirdilər? Nəyə görə mənim üçün göndərilən şor suyu onlarda olmalıydı?
Getdim adamlarla. Onlar mühüm bir idarədə işləyirmişlər. Ölkənin təhlükəsizliyi üçün məsuliyyət daşıyırmışlar. Heç nə başa düşə bilmirdim, məni bura niyə gətirmişdilər və ən əsası da şor suyu ölkənin təhlükəsizliyinə nə xələl gətirə bilərdi? Mənim üçün çay gətirdilər və sonra da soruşdular. Şor suyu mənim nəyimə lazımdır?
Mən də çox uzaqdan başladım, deyəsən yuxarıda biz qardaşların təxəyyülünün hüdudsuzluğu haqda yazmışam. Axmatovadan, Yesenindən, Şukşindən, Savrasovdan, onun «Sığırçınlar uçub getdilər» rəsm əsərindən (Doğrudur, bu zaman mənimlə üzbəüz oturan cavan oğlan sifətini turşudub astadan dedi: «Uçub getdilər» yox, «Uçub gəldilər». Məntiq hanı? Uçub getmişdilərsə, Savrasov onları qarlı çöldə, kilsənin həyətindəki çılpıq ağaca necə qondura bilərdi?» Mən də ona: «Necə qondurduğunu Savrasovun özündən soruşmaq lazımdır», demək istəyirdim, yaxşı ki, sualımın mənasızlığını vaxtında başa düşüb, könülsüz halda adamla razılaşmalı oldum) danışdım. Adamlar səbrlə qulaq asdılar, yalnız axıra yaxın hövsələsizləşdilər. Dedilər: «Nəsə dolaşıq söhbətdir. Sənin şor suyu dediyin o qatı mayeni analizə vermişik. Təmiz çıxarsa, buraxacağıq gedəcəksiniz. Çıxmasa, onda bu danışdıqlarınızın sizə zərrəcə də köməyi dəyməyəcəyini nəzərinizə çatdırırıq».
Mən də oturmuşdum. Ürəyim əsirdi. Birdən olmadı elə, oldu belə. Sürücü də şikayətlənmişdi, hələ bir and da içirdi. Vallahi də bu şor suyu deyil, billahi də, tərtəmiz heroindir! Ya da kimyəvi silah! Qardaşımda tərtəmiz heroin, ya da kimyəvi silah nə gəzirdi? Amma yenə də şübhə içimi gəmirirdi.
Nəhayət bizimlə gələn mülki geyimlinin o birisi də içəri gəldi, əlindəki sellafon torbada iki şüşə var idi. «Təmiz çıxdı, - nəyə görəsə dilxor halda dedi. – Gedə bilərsiniz». Hələ bir vaxtımı aldıqlarına, mənə narahatçılıq verdiklərinə görə üzr də istədilər. Mənsə çölə çıxanda özümü saxlaya bilmədim, geri qayıdıb məni sorğu-suala tutan mülki geyimliyə dedim: “Məncə sığırçınların uçub gəlmələri, ya da uçub getmələri, mahiyyət etibari ilə eyni şeydir. Bu heç nəyi dəyişmir”. “Bəlkə də dəyişmir, - adam mənə kosmosdan indicə enmiş adama baxırmış kimi baxaraq dedi, - amma sizə də heç kim dahi rəssama çəkmədiyi rəsmi sırımaq haqqını verməyib”. “Elədir”, - pərt halda mızıldandım.
Həyətdə o biri qapıdan rayondan gələn sürücünün və onunla Bakıya gələnlərin də çıxdıqlarını görəndə, əməlli başlı xəcalət çəkdim. Məni görməsinlər deyə, sütunun arxasında gizləndim. Adamları işə salmışdım.
Həyətdən qardaşıma zəng elədim. Deyirəm, doğrudan da şor suyu imiş. Əmin ola bilərsən, ölkənin ən mühüm labaratoriyasında analizdən tərtəmiz çıxdı. Bu isə yenə də xırdalayır: «Sən onu niyə analizə verirdin? Nədi, mənə inanmadın? Tərtəmiz çıxmayıb başqa nə çıxacaqdı?» «Başqa nə çıxacağını bilmirəm, - onun sözünü kəsdim, - bildiyim bircə odur ki, başqa nəsə çıxsaydı, təkcə mən, sən yox, rayonun yarısı əlli-ayaqlı gedəcəkdi».
Hər gün səhər şor suyundan yarım stəkan içirdim. Sonra xaricdə müayinə zamanı xolestrinlərimin azaldığını, damarlarımın bir qədər açıldığını təstiqlədilər. Yəni şor suyu içməyə davam eləməliydim, amma eləmədim. Kənddən gətirilməsi təhlükəliydi. Hər dəfə analizdən tərtəmiz çıxacağına heç kim zəmanət verə bilməzdi.


Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30